Bəxtiyar Vahabzadə:
Elə bil ona milli
şüur dərsini
beşikdə olanda keçiblər...
Yazıçı, dramaturq Hidayətlə
müsahibə
- Hiyadət müəllim, ayın-günün o vədəsidi ki, bahar yurdumuza yenicə qədəm qoyub. Bütün əziz bildiklərimizin
ruhu, xatirəsi unudulmaz Abdulla Şaiqin təbirincə "Vəqta
ki, gülər bahar-amal, hər yanda yaşıllanır
çəmənlər... Yad et, məni şairanə yad
et!" - istəklisidir. Yeridir ki, belə bir məqamda
yaşamağın mənasını yanmaqda görən -
Xalq şairi Bəxtiyar Vahabzadəni eyni şairanəliklə
yad edək.
Deməli,
Universitet tələbəsiydiniz. Günlərin birində o
zaman hələ gənc olan müəlliminiz Təhsin Mütəllimov
auditoriyanıza daxil oldu və dedi ki, Bəxtiyar Vahabzadə
onun evinə savadlı, xətti yaxşı olan bir tələbə
göndərməyimizi istəyir... O bəxtli, seçkin tələbə
isə bir başqası yox, məhz siz oldunuz...
- Mən
hələ orta məktəbdə oxuyanda onun poeziyasını
çağdaşlarından fərqləndirirdim və
çox sevirdim. Universitet illərinin ilk aylarında məndən
bir kurs yuxarının tələbəsinin elə Universitetin
qabağından (indiki İqtisadiyyat Universitetinin) sürətlə
addımlayan bir nəfəri mənə göstərib "Bəxtiyar
Vahabzadədir!" deməyini və gözdən itənəcən
onu izləməyimi bu gün də xoş təəssüratla
xatırlayıram. İlk görüşümüz isə
ondan üç-dörd ay sonra - şairin mənzilində
oldu. Nə üçün mənzildə? Yerli-yataqlı
danışmaq istəyirəm: Nikita Xruşşovun məntiqsiz,
ağıla batmayan qərarlarından biri bu idi: orta məktəbi
bitirən ili ali məktəbə qəbul olanların dərsləri
bir il axşam saat 7-də başlayırdı, gündüz isə
"istehsalat təcrübəsində" olmalıydılar.
Məni Sabir Rüstəmxanlı, Qara Tağızadə ilə
birlikdə Sabir adına kitabxanaya salmışdılar. Biz hər
gün kitabxanaya gəlir, təzə qəzetlərə
baxır, ehtiyac varsa - dərslərimizi hazırlayır,
iki-üç saat sonra çıxıb gedirdik. Doqquz ayda bir
dəfə də olsun kitabxanada bizə iş
tapşırılmadı. Əslində buna ehtiyac yox idi. Bu da
oldu bizim Xruşşovsayağı "istehsalat təcrübəmiz".
1964-cü
ilin bir qış axşamıydı. İlk dərsimiz
gedirdi. O vaxtlar gənc dosent, doktorluq dissertasiyasının
müdafiəsinə hazırlaşan, kifayət qədər
nüfuzlu, cavan Təhsin Mütəllimov auditoriyamıza daxil
oldu, diqqətlə tələbələrə baxa-baxa sakitcə
dedi:
- Bəxtiyar
müəllim deyir ki, evinə bir savadlı və yaxşı
xətti olan tələbə göndərək.
O da, dərsi
aparan müəllim də auditoriyaya diqqətlə nəzər
saldılar və... mənim üstümdə dayandılar. Təhsin
müəllim Bəxtiyar müəllimin ünvanını
verdi və mən şairin indiki Azərbaycan prospektindəki
evinə gəldim.
Demə,
Bəxtiyar müəllimin Səməd Vurğun
yaradıcılığı mövzusunda doktorluq işi
müdafiə ərəfəsindədir. Dissertasiyada
iki-üç gün qabaq vəzifədən azad olunan Nikita Xruşşovdan
sitatlar var, onları əvəzləmək lazım imiş.
Bir məqamı da heç unutmuram: dissertasiyanı varaqlayanda
- Xruşşov sitatlarını axtaranda gözümüzə
Füzulinin sözləri dəydi. Bəxtiyar müəllim
onu mənalandırdı: "Sitatı Füzulidən ver ki,
heç bir qərar onu poza bilməsin!"
Biz
lazımlı düzəlişləri, əlavələri iki
saata edib qurtardıq. Sonra Bəxtiyar müəllimlə bir
yerdə mənzildən çıxdıq. O, dissertasiyanı
tanış olmaq üçün Mehdi Hüseynə verməli
idi. Biz onun maşınında Mehdi Hüseyngilin həyətinə
gəldik. Ora çatan kimi soruşdu:
- Mehdi
Hüseynlə tanış olmaq istərdin?
- Təşəkkür
edirəm. İndi daha onun üçün gecdir, inşallah, gələn
dəfə - dedim.
Mehdi
Hüseynə dissertasiyanı verib tez qayıtdı, onun evinin
həyətinə gəldik. Sürücüyə: "Hidayəti
hara lazımdır, apar" - dedi. "Bəxtiyar müəllim,
mən özüm gedərəm" - dedim.
- Yox! - Qətiyyətlə
bildirdi: Maşından düşəndə - Qapım
üzünə həmişə açıqdır. Nə
sözün olsa, - məndən gizlətmə, - söylədi.
Mən
onun "Volqa" maşınında (o illərdə belə
maşın tək-tük ziyalıda vardı) Universitetin
dağlıq küçəsindəki yataqxanasına getdim.
Mehriban
müəllim - tələbə, görkəmli şair - gənc
şair münasibətlərimiz Universitet illərində
axıracan davam etdi. Son kurslarda bizimlə Səməd
Vurğunun yaradıcılığı mövzusunda xüsusi
kurs apardı. Mühazirələri ciddi maraq doğururdu, hətta
sosialist realizmə, ədəbiyyat klassiklərinə də tənqidi
yanaşmaqdan çəkinmirdi.
Universitetin
son kursu isə xüsusilə unudulmazdır: mən bu barədə
bir dəfə mətbuata demişəm. Kafedrada diplom işi
mövzularını koordinasiya edən müəllimdən
xahiş etmişdim ki, mənə, ya Füzulidən, ya Nəsimidən,
ya M.F.Axundovdan, ya da Cəlil Məmmədquluzadədən
diplom işi mövzusu versinlər - bu barədə
düşünür, kafedranın qərarını gözləyirdim.
Birdən-birə hər şey dəyişdi, demə - Bəxtiyar
müəllim illik dərs yükünü doldurmayıb və
kafedranın müdiri Mir Cəlal müəllimdən xahiş
edib ki, dərs yükünü doldurmaq üçün ona
bir-iki yaxşı oxuyan tələbənin diplom işi rəhbərliyini
versinlər. Məni Mir Cəlal müəllimin qəbuluna
çağırdılar, o geniş otaqda var-gəl edə-edə
fikirləşirdi, birdən mənə tərəf
döndü:
-
"Ulduz" jurnalı çap olunur, bilirsən də... -
soruşdu.
- Əlbəttə,
Mir Cəlal müəllim.
- Hə.
Sən şairsən... "Ulduz"un 1967-ci ildə çap
etdiyi poeziya olsun sənin mövzun!
"Ulduz"un
nəşrinin ilk ilində çap etdiyi poeziya nümunələri...
Mövzunu işlədim, rəhbərə təqdim etdim,
yalnız o boyda işdə bircə düzəlişi oldu -
qaydaya uyğun olaraq diplom işimin titul səhifəsində
yazmışdım: Elmi rəhbər - filologiya elmləri
doktoru, professor Bəxtiyar Vahabzadə. "Filologiya elmləri
doktoru, professor" sözlərinin üstündən xətt
çəkdi və dedi:
"Mən
şairəm!" Və titul səhifəsində qaldı:
Elmi rəhbər Bəxtiyar Vahabzadə.
Diplom
işi müdafiəmdə rəyçi professor Xalid
Əlimirzəyev, digər çıxış edənlər
işi çox yüksək dəyərləndirdilər. Qərar
qəbul olundu... "Diplom işi Universitetin "Elmi əsərləri"ndə
çap edilsin və diplomçunun aspiranturaya
saxlanılması Universitet rəhbərliyindən xahiş
olunsun".
Yay idi.
İrəvana qayıtdım. İki ay sonra məni
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrına direktor təyin etdilər. Daha o qərarların
icrasının dalınca düşmədim.
Universitet
illərim Bəxtiyar Vahabzadə ilə xatirələrlə
belə zəngindir. İrəvana qayıdandan sonra da bizim
mütəmadi əlaqələrimiz oldu.
- Ali təhsilinizi
başa vurub İrəvanda işə başladığınızdan
sonra da Bəxtiyar müəllimlə sıx əlaqələriniz
olduğunu da bilirik. Səhv etmirəmsə, böyük
şairin əsərlərinin erməni dilinə tərcümə
edilməsinin təşəbbüskarı da siz olubsunuz.
Maraqlıdır, bu təklifiniz erməni naşirləri tərəfindən
necə qarşılandı?
-
Altmışıncı illərin sonlarıydı. Erməni
şairi Alek Xaçuns işdə yanıma gəldi. - Nəşriyyatdan
mənə tapşırıblar ki, çağdaş Azərbaycan
poeziyasından bir şairi ermənicəyə çevirim.
Kimi məsləhət görürsən? - soruşdu. O vaxtlar
poeziyamızda çox şöhrətli adlar, istedadlı qələm
sahibləri, şair dostlarım olsa da, heç nə
düşünmədən birmənalı şəkildə
dedim:
- Bəxtiyar
Vahabzadə!
Kitabını
istədi, ertəsi günü gətirdim, gəlib apardı.
Alek Goranboyda doğulmuşdu, böyümüşdü,
dilimizi dərindən olmasa da, bilirdi. Tərcüməyə
başladı, axşamlar zəng çalıb bəzi
sözlərin mənasını, ayrı-ayrı misraların
alt qatı haqqında suallar verərdi.
Tərcümə
başa çatdı. Alek bir gün başılovlu halda
yanıma gəlib: "Kitabın çapını
saxlayırlar" - dedi. "Nə üçün?" -
soruşdum. "Deyirlər - Bəxtiyar Vahabzadə millətçidir,
ermənilərin düşmənidir".
Aleklə
çox söhbət etdik. Dedim: - Onlara deyərsən ki, Bəxtiyar
Vahabzadənin milli şüur miqyası çox
böyükdür, Ermənistana sığmaz: "Sən də
quzu, mən də quzu, canavardan gəl gözləyək
özümüzü... Biz hamımız həzm oluruq
canavarın mədəsində!" Bu misraları onlara tərcümə
edərsən və sözaltı mənasını
açarsan.
Alek dedi:
- Mən onların atasını yandıracağam. Bəxtiyarın
adından Ermənistana həsr olunmuş bir şeir
yazmışam, sən onu Azərbaycancaya çevir, aparıb
soxum gözlərinə, - deyim - bu da Ermənistana həsr
olunmuş şeir, əlyazması da budur...
Şeiri
oxudum: iki yerdə erməni tarixinə dair ermənisayağı
misralar vardı. Dedim: "Alek, bu misralar Bəxtiyar müəllimin
üslubuna uyğun deyil, bunları dəyişək".
Razılaşdı. Elə birlikdə dəyişdik. Şeir
bütövlükdə Qərbi Azərbaycanın əsrarəngiz
təbiətinə həsr olundu. O axşam şeiri dilimizə
çevirdim. İlk misrası yadımda qalıb:
"Yalçın qayalardan uçan durnalar..." Bir az
qabağa gedib deyim ki, Alek Bəxtiyar müəllimlə
telefonla danışanda o şeiri ona oxuyub: Şair deyib:
"Gözəl şeirdir, göndər, burda kitabıma
salacağam".
Alek
xahiş etdi ki, mən nəşriyyatın rəhbərliyi ilə
də danışım. Getdim, direktorla da, baş redaktorla da
uzun söhbətimiz oldu. Axır ki, kitabı çapa
imzaladılar.
...İki-üç
il sonra Bəxtiyar Vahabzadənin ikinci, bu dəfə daha irihəcmli
kitabı erməni dilində (yenə Alekin tərcüməsində)
dünya işığına çıxdı.
Bəxtiyar
Vahabzadədə ermənilərə pataloji nifrət yox idi.
Amma xalqımıza qarşı erməni təcavüzü
baş qaldıranda heç nəyə baxmadan, kəskin
münasibət bildirirdi. Elə altmışıncı illərin
ortalarında, 1965-ci ildə uydurma soyqırımının 50
illiyinin Ermənistan Respublikasında rəsmi səviyyədə
qeyd olunmasından sonra başlanan əsassız torpaq
iddialarına cavab olaraq qətiyyətlə bildirirdi:
Azərbaycan
oğluyam! -
Adım
yaşımdan qədim.
Heç
kəsin toyuğuna
Ömrümdə
"kiş" demədim.
Kimsənin
torpağında
Gözümüz
yox, bilsin aləm.
Torpağımdan
bir çərək
Kimsəyə
də vermərəm.
Mən qədim
bir mahnıyam,
Xallarım
- əlvan-əlvan,
Musiqim
Qarabağdır,
Sözlərimsə
- Naxçıvan!
Bu yerdə
bəstələnmiş
Koroğlunun
"Cəngisi,
Qıratın
üzəngisi..."
İrəvanda
"Bakı" qəzetinin səhifəsində bu
misraları oxuyanda təsəllim yerə-göyə
sığmırdı. Bu misralar o vaxtdan yadımda qalıb.
Onu dərc edən qəzet isə Bakı Şəhər
Partiya Komitəsinin orqanıydı. Belə misraları o illərdə
çap edən partiya orqanının redaktoru, görkəmli
jurnalist Nəsir İmanquliyevin cəsarəti, qətiyyəti
isə milli qəhrəman göstəricisiydi.
- Siz
İrəvanda işlədiyiniz illərdə Bəxtiyar
müəllim tez-tezmi qonaq gələrdi Qərbi Azərbaycan
ellərinə? Onun gəlişi İrəvanda necə
qarşılanardı? Kimlərlə
görüşürdü?
- Mən
İrəvanda işlədiyim illərdə Bəxtiyar müəllimin
ora bir neçə səfəri olub. İlk səfəri (səhv
etmirəmsə, ümumiyyətlə birinci dəfəydi ora gəlmişdi)
- 1970-ci ilin yaz aylarını dəqiq xatırlayıram.
SSRİ-nin qurulmasının 50 illiyinə həsr edilmiş
"Zaqafqaziya (Cənubi Qafqaz) baharı" tədbirinə gəlmişdi.
Azərbaycan nümayəndə heyətinə onunla birgə
İmran Qasımov, Nəbi Xəzri, Osman Sarıvəlli, Cabir
Novruz... daxil idilər. Ermənistan Yazıçılar
İttifaqı məni - 25 yaşlı gənc şairi də
tədbirlərə dəvət etmişdi. Ancaq mən həmişə
Azərbaycan nümayəndə heyətinin işində
olurdum. Əlbəttə, Gürcüstanın da nümayəndə
heyəti "Bahar" bayramındaydı. Zirvə tədbiri
Dövlət Akademik Dram Teatrında baş tutdu. Sonra müxtəlif
yerlərdə görüşlər keçirildi və bu
görüşlərdən biri Artaşat (Qəmərli)
rayonu mərkəzində keçirildi. O vaxtacan millətçiliklərini
ört-basdır edənlərin iç üzləri həmin
görüşdən dərhal sonra açıldı.
Dövlət Dram Teatrının binasında keçirilən
möhtəşəm poeziya bayramından sonra restorana ziyafətə
gəldik. Üç-dörd qədəh erməni konyakı
vurandan sonra qatı, hətta deyərdim - iyrənc millətçiliyin
simvolu, şair Hovhannes Şiraz masabəyidən - rayon partiya
komitəsinin birinci katibindən söz istədi. Erməni
dilində danışmağa başladı.
Yazıçılar İttifaqının katibi Hraçya
Hovhannesyan onun dediklərini rus dilinə çevirirdi. Şiraz
üç-dörd cümlədən sonra türklərin
ünvanına nalayiq ifadələr işlətməyə
başladı. Hraçya onun dediklərini ciddi "redaktə"
edib - "türk" sözlərini çıxarıb və
ya dəyişib onun danışığından tərcümə
edirdi. Ancaq bizim yazıçılar da hiss edirdi ki, Şiraz əslində
yaxşı şeylər danışmır. Şiraz isə
birdən coşdu, az qala Hraçyanın üstünə
cumacaqdı. "Mən sənə etibar etmirəm, düz tərcümə
eləmirsən!" - dedi. Hamı bir-birinə dəydi.
Birinci katib ayağa qalxdı:
- Mən
sizə şair kimi hörmət edirdim. Belə gözləməzdim
- dedi.
Şiraz
birinci katibi də, Hraçyanı da, Sovet hökumətini də
təhqir edə-edə, hətta söyə-söyə salonu
tərk elədi.
Birinci
katib ziyafət iştirakçılarından üzr istədi.
-
İstedadlı şairdir, təəssüf ki, içəndən
sonra belə hərəkətlər edir - dedi.
Osman
Sarıvəlli uşaqlıq illəri Dilicanda keçdiyindən,
dədəsinin erməni dostlarından danışdı. Ancaq
məclis qızışmadı və... Şiraz
"insidenti" bununla bitmədi.
Biz
restorandan çıxanda onu bir qrup insanın əhatəsində
gördük (İrəvanda da beləydi, o harda dayansaydı,
başına adamlar toplaşacaqdı). Məni görən
kimi düz üstümə gəldi.
- Sən
bu türklərə de ki...
Sözünü
kəsdim, bizimkilər də, gürcülər də
anlasınlar deyə rus dilində danışdım.
- Sən
türk axtarırsan? Birinci türk mənəm. Deyirsən, o
vaxt dava eləmişik? Əslində o da sən deyən kimi
olmayıb. İndi dava yoxdur, gəl bir-birimizi tərcümə
edək.
Hraçya
Hovannesyan məni çəkib maşına saldı. Atam
yaşında kişinin istəyini yerə salmadım.
Hotelə
çatanda Bəxtiyar müəllim də, nümayəndə
heyətimizin bütün üzvləri də mənə təşəkkür
etdilər, "cavabını gözəl verdin" - dedilər.
Bu
"dialoq"dan sonra Şirazla şəhərdə, tədbirlərdə
təsadüfən üz-üzə gələndə
üzümü yana çevirirdim, özü də bunu hiss
etməmiş deyildi. Lakin neçə il sonra
Yazıçılar İttifaqına gedəndə həyətdə
onu yenə başına toplaşanların əhatəsində
gördüm, içlərində İttifaqın katiblərindən
biri, əməkdaşlarından və yoldan keçənlər
də vardı. Ona tərəf baxmadan uzaqdan ümumi salam verib
İttifaqa keçdim. 15-20 dəqiqə sonra ikinci mərtəbədə,
aşağıda gördüyüm katib Aram Qriqoryan gülə-gülə
mənə yaxınlaşdı:
- Sən
niyə bizim "canlı klassikə salam vermirsən? - gülə-gülə
soruşdu.
- Mən
ki, hamıya ümumi salam verdim.
- Deyir:
"istedadlıdır, onu ermənicə oxuyuram. Amma
görürsən türkdü ki, türk! Mənə salam
vermir. - Aram indi lap ucadan güldü.
Aram Qəmərlidəki
"monoloqundan" və mənim cavabımdan xəbərsizdi...
Ömrü
boyu əyyaşlıq həyatı yaşayan Şiraz
atter-skleroza tutulmuşdu, Qəmərlidə olanları, sonra
ona heç vaxt salam verməməyimi tamam unutmuşdu.
Görüşlərimizin birində Bəxtiyar müəllim
yenə Qəmərlini xatırladı və onu soruşdu. Mən
bu epizodu ona söyləyəndə ürəkdən qəh-qəhə
çəkib güldü, "Allah onun cəzasını
verib" - dedi.
Bəxtiyar
müəllimin İrəvana başqa səfərləri də
oldu, amma biri unudulmazdır. Bizim teatrda şairin "İkinci
səs" dramı tamaşaya qoyuldu. İlk tamaşaya dəvət
etdim. Dilarə xanımla, Ağdamda maarif şöbəsinin
müdiri işləyən dostu ilə (səhv etmirəmsə,
adı Zeynal idi) gəldilər. İlk tamaşaya
heyranlıqla baxdılar. Əsər bizim teatrdan öncə
Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdu. Tamaşa
çox xoşlarına gəldi, yüksək fikirlər
söylədilər. Bəxtiyar müəllim:
"Açıgı, mən belə yüksək səviyyədə
gözləmirdim" - dedi. Teatrın kollektivi ilə
ayrıca görüş keçirildi. Şəhərdə
başqa maraqlı görüşlər də baş tutdu.
Mən
İrəvanda yaşayanda Bəxtiyar müəllimlə, demək
olar, hər ay, bəzən daha tez-tez əlaqəmiz olurdu. Mənim
iki kitabıma yazdığı Ön sözləri
böyük ustadımın əbədi xeyir-duası kimi qəbul
edirəm. Bu kitablardan biri ("Bir az gözləyin məni")
1977-ci ildə İrəvanda nəşr olunub, ikincisi - 1991-ci
ildə Bakıda, rus dilində ("Ya tak jivu"). Bir məqamı
da qeyd etməyə bilmərəm: 1990-cı ildə mənim
parlament seçkilərinə namizədliyim vaxtı
özüm qətiyyən gözləmədiyim halda Bəxtiyar
müəllimin mətbuatda məni dəstəkləyən
yazısı dərc olundu. Lakin böyük nüfuz sahibinin təqdimatı
da Ayaz Mütəllibov qaragüruhunu yarıb keçə bilməzdi.
- Bilirik
ki, Bəxtiyar müəllim olduqca kövrək, eyni zamanda da
olduqca qətiyyətli, təlatümlü təbiətə
malik idi. Necə deyərlər, əsl şair təbiəti.
Cəsarət onun başlıca məziyyətiydi. Bu
baxımdan necə xatırlayırsınız Bəxtiyar
müəllimi?
- Mən
İrəvanda yaşadığım illərdə
ustadımla iki görüşümüz də heç
unudulmazdır. Yetmişinci illərin ortalarında
imperiyanın paytaxtında ezamiyyətdəydim. Bir axşam
"Moskva" hotelindəki otağımın telefonu səsləndi.
- Hidayət?
- Bəxtiyar
müəllim?
Sən
demə, hotelin vestibülündə erməni
yazıçılarından kimləsə rastlaşıb və
o deyib ki, Hidayət də buradadır. Hotelin məlumat -
sorğu bürosuna zəng çalıb telefon nömrəmi
öyrənib.
Əlbəttə,
dərhal onun otağına getdim. Ümumiyyətlə, hər
axşam görüşüb, şirin söhbət edirdik.
Ulu Öndər Heydər Əliyevin milli təəssübkeşliyini,
gördüyü böyük işləri çox yüksək
dəyərləndirirdi. Respublika rəhbəri ilə
görüşündə bu epizod indiyədək
yadımdadır: Bəxtiyar müəllim qəbula gedəndə
ona müxtəlif məsələlərlə bağlı
müraciətləri - onlarla məktubu da aparır. "Mən
şairəm, camaat elə bilir - bu məsələləri də
həll edə bilərəm" deyir. Ulu Öndər
üst-üstə yığılmış bir qalaq məktubların
içindən birini çəkir. O məktub da çox ciddi
məsələdən bəhs edir". Demə, dövlət
hansısa kənddə məktəb tikib, lakin təzə
tikinti uşaqların dərs ocağı deyil, kolxoz, sovet sədrlərinin,
ilk partiya təşkilatının katibinin... onların xidmətlərinin
kabinetləri kimi istifadə olunur. Respublika rəhbəri elə
Bəxtiyar müəllimin yanındaca Mərkəzi Komitənin
müvafiq şöbəsinə göstəriş verir:
- Hər
həftə Bəxtiyar Vahabzadəgilə əməkdaş
göndərin, onun ünvanına gələn müraciətləri
götürün. Mərkəzi Komitəyə daxil olmuş məktublar
kimi qeydiyyata alın, uyğun şöbələr
baxsınlar, araşdırsınlar, nəticəsi barədə
həm Bəxtiyar müəllimə, həm də məktubların
müəlliflərinə yazılı, rəsmi cavab verilsin.
O illərdə
müxtəlif görüşlərimizdə Ulu Öndər
barədə çox yüksək fikirlər söyləyərdi.
Respublika rəhbərinin Azərbaycan dilini dərindən bilməsi
ilə qürur duyurdu. Belə şairin, ziyalının Ayaz
Mütəllibov qaragüruhunda "sapı özümüzdən
olan baltalar"ın təxribatları vaxtında Ulu Öndəri
qətiyyətlə, cəsarətlə müdafiə etməsi
təsadüfi deyildi. Onun buna mənəvi haqqı vardı!
Mən
İrəvanda olmayanda belə gözlənilməz bir telefon zəngi
də Gürcüstanın paytaxtındakı
"İveriya" hotelinə gəldi. İrəvan teatrı
orada qastrol səfərindəydi...
- Hidayət?
- Bəxtiyar
müəllim?
Demə -
İrəvana, evimə zəng çalıb, uşaqlarla baba
kimi danışıb, telefon nömrəsini alıb və zəng
edib.
- Bilirəm,
Tiflisdəsən. Mən sabah İrəvana uçuram, birisi
günü Alekin qırxıdır, gələ bilməmişəm.
İrəvanda kimi məsləhət bilirsənsə, de, bizi
qarşılasın, üç nəfərik, mehmanxana
sifarişi versinlər...
-
Özüm qarşılayacağam, ustad!
-
Özün necə çatacaqsan, artıq axam saat 10-dur.
Uyğun vaxtda təyyarə, qatar varmı?
- Narahat
olmayın, tezdən avtomobillə gələcəyəm.
İki-üç
gündə görüləsi işləri müavinə,
baş rejissora tapşırıb, səhər saat 5-də xidməti
avtomobilimdə İrəvana tərəf üz tutdum.
İş başlayanda İrəvandaydım. Birbaşa
"Armeniya" hotelinə getdim, direktorla
görüşdüm. O, gəlişimə təəccübləndi
- belə məsələləri, adətən telefonla həll
edirdik... Demə, - hoteli bütünlüklə xarici turistlər
tutublar. Direktor dedi: "Başqa hansı hoteli istəyirsiniz,
telefon açım, həll edim". Dedim: "O, həmişə
bu hoteldə qalıb". "Armeniya" İrəvanın ən
yaxşı hoteli idi. Direktor bir az fikrə getdi.
"Yaxşı, - dedi, - türistlərin içində bir
erməni ailəsi var, onları iki günlüyə Abovyana
(Ellərə - İrəvanın kənarında rayon)
qohumlarıgilə göndərərəm, maşın da verərəm,
aparıb-gətirər".
Belə də
oldu.
Bəxtiyar
müəllim iki dostu ilə gəlmişdi, biri
hüquqşünas idi, adı səhv etmirəmsə,
Hümbət.
Gəlişinin
ertəsi günü Alekgilə getdik, sonra ordan qəbiristana.
Alekgildə ailə üzvlərindən başqa kimsə yox
idi, məzarlıqda da cəmisi 2-3 nəfər
yazıçı olardı. Qırx mərasiminin belə
yığcam, hissolunmaz şəkildə keçirilməsi həm
də Alekin bizim poeziyamızı ardıcıl tərcümə
etməsi ilə bağlı idi. Bəxtiyar Vahabzadənin erməni
şairinin hüzn mərasiminə gəlişi İrəvanda
hadisə kimi səsləndi.
Müsahibəmizin
əvvəlində də dedim, Bəxtiyar Vahabzadədə ermənilərə
pataloji nifrət yox idi. Ancaq onlar xalqımıza qarşı
yalanlar, böhtanlar uyduranda, təcavüzlərə əl
atanda qarşılarında onu görürdülər!
- Ötən
əsrin səksəninci illərinin sonlarında isə siz
artıq "Gənclik" nəşriyyatında baş
redaktor kimi fəaliyyətə başladınız...
Üstündən az keçməmiş Daşnakların
körüklədiyi ocaq doğma Qarabağımızı
yandırıb-yaxdı. Erməni şovinizminə
qarşı xalqımızın dirənişi fonunda Siz Bəxtiyar
müəllimlə daha çox əlaqədə oldunuz...
-
1984-cü ildə Bakıya köçdüm. 1985-ci ildə
uydurma erməni soyqırımının 70 illiyinin qeyd
olunmasına Mixail Qorbaçovsayağı Siyasi Büroda
müzakirə olunması və keçirilməsinə icazə
verilməsindən sonra bədnam respublikada anti-Azərbaycan hədyanları
daha da artdı. Sonra Qərbi Azərbaycandan 220 mindən
çox soydaşımızın vəhşicəsinə
deportasiyası başladı. Sonra - 20 Yanvar müsibəti...
Bu faşist gerçəklikləri ona çox ağır təsir
edirdi. 20 Yanvarın ertəsi günü Dövlət Televiziya
və Radio Verilişləri Komitəsinin həyətində
rus zabitinə çəkdiyi yağlı şillə də
yaddaşlara əbədi həkk olundu.
Bu yerdə
bir epizodu da xatırlamaya bilmirəm. Mənim təşəbbüsümlə
"Gənclik" nəşriyyatında Qərbi Azərbaycandan,
soydaşlarımızın qərb torpaqlarımızdan
deportasiyalarını (1918-1948, 1952, 1988-ci illər)
bütövlüklə əks etdirən irihəcmli "Didərginlər"
kitabı çapa hazır olanda Bəxtiyar müəllimin
imzasına ciddi ehtiyacım oldu. O illərdə təsdiq
olunmuş tematik plandankənar (tematik plan kitab nəşr
olunandan azı 1 il öncə təsdiq olunurdu və son təsdiq
üçün Sov. İKP MK-yacan gedib
çıxırdı. 500 səhifəlik kitabı
(özü də bu mövzuda!) nəşr etmək
ağılasığmaz anlayış idi. Ona görə də
görkəmli yazıçılara müraciət etmişdim
ki, onlar bu toplu üçün yazı versinlər. Ruhları
şad olsun, İsmayıl Şıxlının, Bəxtiyar
Vahabzadənin, Qabilin, Əzizə Cəfərzadənin və
başqalarının... Təsirli, o dövr üçün
cəsarətli yazılar vermişdilər, ancaq sonda hiss etdim:
kitabın ixtisas redaktoru da görkəmli alim olmalıdır.
Bəxtiyar müəllimə telefon açdım, xahişimi
çatdırdım.
- Yaz, mənim
adımı hansı statusda istəyirsən, yaz, - dedi.
-
Çox sağ olun. İndi əlyazmasını göndərirəm
Sizə, oxuyasınız.
- Sən
oxuyubsan, kifayətdir. Vaxt getməsin. İstəyirsən -
titul vərəqini göndər, imzalayım.
-
Çox sağ olun, ustad, Sizin sözünüz yetərlidir!
O
kitabın titul vərəqinin ikinci səhifəsində
yazıldı. Redaktoru - Azərbaycan SSR Elmlər
Akademiyasının müxbir üzvü Bəxtiyar Vahabzadə.
Toplu 80 min tirajla (!) çap olundu. Amma tiraj hazır olanda elə
mətbəədəcə "həbs" edildi. Mən təcili
olaraq Mərkəzi Komitənin katibi Fazil Muradəliyevlə
görüşdüm. O özünü çox ləyaqətli
apardı. Kitabın siqnal nüsxəsini varaqlayandan sonra
"belə nəsrlər abidədir" dedi və tirajın
"həbsdən" azad olunmasına dərhal göstəriş
verdi. Sonra o irihəcmli toplu rus dilində nəşr olunaraq
("Bejençi" adı ilə) keçmiş imperiyaya
yayıldı.
Bəxtiyar
Vahabzadə harda, hansı məsələdə xalqın
marağı varsa - ön cərgədəydi, son dərəcədə
qətiyyətli, cəsarətli idi!
-
Heç unutmuram, Sizin baş redaktorluğunuz dövründə
"Gənclik" nəşriyyatında mənim ilk
kitabım çapa hazırlanırdı. Buna görə də
ucqar rayonda yaşamağıma baxmayaraq tez-tez nəşriyyata
gəlirdim. Həmin vaxtlar sizin "Gənclik" nəşriyyatındakı
iş otağınıza Bəxtiyar müəllimin gəlişinin
də şahidi olurdum. Və uzaqdan-uzağa böyük
şairə tamaşa etməyimin xoşbəxtliyini
yaşayırdım...
- Erməni
faşizmi Mixail Qorbaçovun himayəsində qol-qanad
açanda - quduzlaşanda Mərkəzi Komitədə tez-tez
"fəallar iclası" keçirirdilər, ancaq bu "fəallar
iclası"na yalnız nazirlər, Bakıdan digər rəsmi
şəxslər və 2-3 ziyalı dəvət olunurdu. Mən
bir dəfə də mətbuatda "Xalq qəzeti"ndə
demişəm. Yan-yana əyləşdiyimiz belə "tədbirlər"dən
biri heç yadımdan çıxmır. Bəxtiyar müəllim
növbəti kəskin çıxışında
üzünü o vaxtkı Dövlət Təhlükəsizlik
Komitəsinin DİK sədrinə tutub hədsiz hiddətlə
soruşdu: "Gözünüzün qabağında bu həngamələr
baş verir, Sizin necə xəbəriniz olmur?! Evdə arvadla
beş kəlmə danışanda xəbəriniz olur, amma ermənilərin
törətdikləri o boyda həngamədən xəbəriniz
olmur?! Bunu necə başa düşək?"
Doğrudur,
ondan bir neçə ay sonra, əsasən də, guya
Sumqayıt hadisələrinə görə DTK-nın sədrini
vəzifədən kənarlaşdırdılar, amma onun yerinə
ümumiyyətlə, Azərbaycana heç bir aidiyyatı
olmayan birini - İvan Qorelovskini gətirib qoydular. Bu təyinat əsla
anlaşılmayan idi, heç şübhəsiz, Moskvadan verilmiş
"xüsusi göstərişdi... Düzdür, Azərbaycanda
cəmi bir il işlədi, amma bu bir ildə bəs elədi
ki, İrəvandan təlimat alan Qorbaçovun
tapşırıqlarını yerinə yetirsin.
Bəxtiyar
müəllimin belə mövzularda çoxsaylı narahat
söhbətlərimiz onun evində, mənim "Gənclik"
nəşriyyatındakı iş otağımda, başqa yerlərdə
görüşlərimizin əsas mövzusu və hədsiz
narahatlığımız idi.
Doxsanıncı
ildə Mütəllibov qaragüruhunun "bariz" nümunəsi
- ölkə Ali Sovetinə saxta seçkilərin təyin
olunmuş deputatlarının əxlaqa, abır-həyaya
sığmayan hədyanlarını televiziya ilə birbaşa
izləyən və bu gün də yaşayan milyonlarla
yurddaşlarımızın yaxşı yadındadır. Ulu
Öndərimizin vəzifədən-vəzifəyə
keçdiyi, çörək verdiyi deputatların
susqunluğu bir yana, kürsüdən eşitdikləri hədyanlara
arınmaz-arınmaz əl çalanda, Ulu Öndər
çıxış edəndə ayaqlarını yerə
döyəndə Bəxtiyar Vahabzadənin məhz haqq cəsarəti,
mən deyərdim - qəhrəmanlığı
çatırdı söyləsin: "Bu binanı da o tikib və
bu kürsüdən necə təriflər söylənib onun
haqqında!" Bu taxtalar (əlini kürsüyə vurdu)
şahiddir! "partokratları, rəsmi adamları qoyuram bir kənara
- o "parlament" deyilən yığımın tərkibində
Mütəllibovdan "vəsiqə almış"
yaradıcı ziyalılar da az deyildi. Və... Ulu Öndərimiz
haqqında baş hədyanlar danışan da
yazıçı idi.
- Hiyadət
müəllim, bilirik ki, Bəxtiyar müəllimin sizə
xüsusi sayğısı vardı. Xətrinizi çox istəyirdi.
Və bu, səbəbsiz də deyildi...
- Bəxtiyar
Vahabzadə demişdi: "Mən Hidayəti ona görə
çox istəyirəm - elə bil ona milli şüur dərsini
beşiyində olanda keçiblər. Bu sözləri özü
mənə deməmişdi (bu da ona
böyüklüyünün göstəricisi idi!),
dünyasını dəyişəndən sonra ailə
üzvləri söylədilər. Əgər özü
söyləsəydi deyərdim: "Ustad, beşiyimdən də
öncə! Zəngəzurdan, Dərələyəzdən,
Vedibasardan, Zəngibasardan, Göyçədən,
Qaraqoyunludan, Hamamlıdan... hələ 1918-ci ildə didərgin
düşən babalarımızın, nənələrimizin
üzləşdikləri daşnak işgəncələri nəsil-nəsillərin
yaddaşından yaddaşlara köçürülüb.
Mirzə Fətəlidən, Mirzə Cəlildən, Mirzə
Sabirdən... Sonra Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar
Vahabzadənin, Nəriman Həsənzadənin, Xəlil
Rzanın... milli ruhu bugünkü nəsillərimizə mənəvi
dayaqdır!
-
"Atüstü olsa da, qısa bir söhbət
"Dönür unudulmaz bir xatirəyə" yazırdı
ustad Səməd Vurğun. O da olmuş ola Bəxtiyar Vahabzadə
ilə olan söhbətlər!.. Duzu, məzəsi, yumoru da
öz yerində... Bir ömür boyunca xatırlamağa dəyər...
- Yumor
müdrikliyin göstəricisidir, - deyirlər. Bəxtiyar
müəllimin maraqlı söhbətlərində bir az da
şirin-şəkər Şəki yumoru vardı. Bir epizod
heç yadımdan çıxmır. Prezident Aparatına
yalnız Ulu Öndər Heydər Əliyevin qəbuluna gələrdi,
bir də mənim yanıma. Ulu Öndərin yanına gələndə
də öncə mənə baş çəkərdi.
Prezidentin köməkçisi Tariyel Ağayevə deyərdi
ki, mən Hidayətin yanında olacağam. Tariyel zəng
çalardı:
- Bəxtiyar
müəllim Sizin yanınızdadır?
- Bəli.
- Cənab
Prezident gözləyir.
Ulu
Öndərin qəbulundan sonra yenə mənim yanıma
qayıdardı. Sözüm onda deyil. Bir dəfə
görüşümüz başlayan kimi yeni çapdan
çıxmış kitabını mənə
bağışladı:
-
Avtoqrafı oxu, - dedi.
- Ustad, mən
həmişə Sizin kitablarınızı son səhifəsinədək
oxuyuram, - dedim. Sonra avtoqrafa baxdım. Yazmışdı:
"Hidayət, sənin bu kitabı oxumağa vaxtın
olacaq?" İkimiz də ürəkdən qəh-qəhə
çəkdik.
- Olar,
ustad, mütləq olar, Sizin kitabınıza həmişə
vaxt tapılar, - dedim.
Respublikanın
Milli Siyasət Məsələləri üzrə Dövlət
müşavirinin iş stolunun üstü həmişə sənədlərlə
dolu olurdu, stolun yan artırmasında 7-8 telefon - hərəsi
bir cür zəng çalırdı... Və... bunlar da
ustadın diqqətindən yan keçməmişdi. Bir dəfə
mənə gileyləndi:
- Şəkiyə
gedirsən, gəlirsən, böyük bölgə
müşavirləri, vacib iclaslar keçirirsən... Amma biz
orda - ata yurdumda görüşmürük...
Mən
Şəkiyə gedəndə həmişə tərs kimi
Siz orda olmursunuz. Soruşuram, - dedim.
- Bilirəm,
soruşursan, hərtərəfli maraqlanırsan, məni icra
başçılarına tapşırırsan, onlar mənə
deyirlər...
- Sizin mənim
tapşırığıma ehtiyacınız yoxdur, ustad! -
dedim.
Bir dəfə
Şəkiyə gedəndə xoşbaxtlıqdan Bəxtiyar
müəllim orda idi. Oğlum Zəfər də mənlə
getmişdi. Görüşdük. Bizi əvvəlcə anadan
olduğu, böyüdüyü ata evinə apardı. Ev
gözəlliklər məskəni Şəkinin
başındaydı. Ordan əsrarəngiz mənzərələrə
göz gəzdirməkdən doymaq olmurdu. Aşağılara
xeyli baxandan sonra Zəfər heyrətini gizləyə bilmədi.
- Baba,
yalnız burda böyüyən gənc böyük şair
ola bilər, - dedi.
Bizlə
olan icra hakimiyyətinin başçısı bildirdi ki, ata evini
uşaq bağçasına hədiyyə edib.
Sonra
şəhərin ətəklərində özü tikdiyi evə
gəldik, doyunca söhbət etdik.
- Hidayət
məllim, ustad Bəxtiyar Vahabzadəyə həsr etdiyiniz
"Padşahlar, şairlər" adlı şeirinizi dönə-dönə
oxumuşam. Əzbər bildiyim bəndlər də var... Amma
şeiri müəllifin öz dilindən eşitmək bir
özgə aləmdi. Fürsət qaçırmaq istəməzdim.
O şeiri söyləsəniz, maraqla dinlərdim.
- Bizim bu
söhbətimizdə mən əsasən epizodlar üzərində
dayandım. Bəlkə də əsil poeziya nədir, Bəxtiyar
Vahabzadə kimdir - anlayışını tam əhatə edə
bilmədim. Buna görə 1989-cu ildə yazdığım,
kitablarıma daxil edilmiş, xarici dillərə
çevrilmiş bir şeirimi xatırlayıram:
Padşahlar,
şairlər
Bəxtiyar
Vahabzadəyə
I
Ana
laylamızın ilki hardadır?
Ata
şeirimizin kökü hardadır?
Bu gün
nəğməmizin sönməz ilhamı
Dədəmiz
Qorquddan min il o yana
Torpaqdan
göyərən misralardadır...
Odun
özünü də nəğmə çətirlər,
Şeir
bu millətə
ilk iman,
ilk din.
Zamana
sığmayan odlu sətirlər
Nə
vaxtsa alova çevrilib yəqin.
Elə
ona görə qalib ordudur,
Bir
ayağı yerdə, biri yəhərdə,
Elə
ona görə Odlar Yurdudur
Adı
pozulsa da xəritələrdə.
II
Üsyankar
şairlər gələr dünyaya -
Onda ki
dünyanı bürüyər ahlar,
Onda ki
milləti salmazlar saya
Cavan
müstəbidlər,
qoca
padşahlar.
Çox
vədə şairi anlamayıblar,
Tərifləməyiblər,
danlamayıblar.
Elə
ki... dünyanın işləri əydi,
Məzlumlar
padşahın
"xətrinə dəydi"
Əsl
şairləri "sınayıbdılar".
Əsl
şairləri qınayıbdılar,
Əsl şairləri
"anlayıbdılar",
Əsl
şairləri danlayıbdılar,
Əsl
şairləri damlayıbdılar,
Fərman
veribdilər ölümlərinə...
Elə
ki, səbrlər kükrədi, daşdı,
Elə
ki, su gəlib başlardan aşdı,
Cavan
müstəbidlər,
qoca
padşahlar
Əsl
şairləri "anlayıbdılar",
Əsl
şairləri yanlayıbdılar.
Cavan
müstəbidlər,
qoca
padşahlar.
Taxtdan
yıxılandan bir saat əvvəl
Pula
satılmayan sənətkarları,
Şana
atılmayan sənətkarları
Tutublar,
asıblar dar ağacından...
Hər
vaxt belə olub şairə dövran.
Şair vurulubdur
- ruhu yaşayıb,
Şair
qovrulubdur - ahı yaşayıb,
Çinarlar
ucalıb - şair yaşayıb,
Dağlar
da qocalıb - şair yaşayıb,
Ürəklər
ovudub misralarını.
Nə
cavan müstəbid, nə qoca padşah
Vura bilməyibdi
söz qatarını.
Gülləsi
açılıb,
özünə
dəyib,
Qəfilcə,
beləcə gəbəribdilər.
Ürəklər
hər gecə, hər təzə səhər
Elin nəğməsini
elə yayıblar,
Şairlər
köksündə
iztirab, qəhər
İllərin
üstüylə addımlayıblar.
- Təşəkkür
edirəm. Doğrudan da, şairanə xatırlamalar etdiniz.
Söhbətləşdi:
S.Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.18-20.