Günahların arındığı
gecə...
Hekayə
Neçə il idi ki, doğma
kəndini görməmişdi.
Qaraş hər daşından, kəsəyindən
uşaqlığının, erkən gəncliyinin acılı-şirinli, daha
çox küskün
xatirələri boylanan
yurd yerinə axşamçağı, qaş
qaralanda gəlib çatmışdı. Kənddə
çox şey dəyişmişdi: kərpicdən
tikilmiş dükanı
indi dəbdəbəli
"Supermarket" əvəz edirdi. Ətrafdakı boş yerlər hasarlanmış, həyətlərdə
damları kirəmitli,
ikimərtəbəli evlər
ucaldılmışdı. Asfalt
yolun kənarında sıra ilə əkilmiş cavan çinarlar bayaqdan güclənmiş yağışın
səsinə öz həzin pıçıltısını
qatan şaxlı-budaqlı
ağaclar olmuşdu.
Həsənlə
dalaşdığı, onu
bıçaqladığı gün düşdü yadına. Elə burda, köhnə dükanın yanında vurmuşdu onu - bacısı Əsmərə
görə. Əsmər
isə Qaraş tutulandan sonra Həsənə qoşulub
qaçmışdı. Bu xəbəri eşidəndə
Qaraş bərk sarsılmış, özünə
söz vermişdi ki,
"burdan çıxım,
onların ikisini də öldürüb yenə türməyə qayıdacam." Bu, Qaraşın
qəti fikri idi və o, beynində bu qara fikirlə təskinlik tapırdı.
Qaraş
yatsaydı, yuxusuna da gəlməzdi ki, o, adam bıçaqlayar. Düzdü,
yumruq davasına düşmüşdü, döymüşdü
də, döyülmüşdü
də. Amma adam bıçaqlamaq... Yox, bu, Qaraşın işi deyildi. O, Həsənə xəbər
göndərmişdi ki, bacısının
adını çəkməsin.
Əsmər onun tayı deyil, gedib axtarsın, tayını tapsın. Həsən Qaraşın
bu "nota"sını
qulaqardına vurmuşdu.
Sözarası demişdi
ki, "qoy Qaraş sevinsin ki, Həsən kimi yeznəsi olacaq." "Heç eybi yox, mən
sənə göstərərəm
sevinmək necə olur", deyə Qaraş o gündən Həsənlə danışmağa
fürsət axtarırdı.
Qaraş bunu heç gizlətmirdi də. Onun bu
niyyətini kənddə
uşaqdan-böyüyə, hamı bilirdi. Və bu fürsət
elə bir gündə, elə bir vaxtda yarandı
ki, onun dava eləməyə nə həvəsi vardı, nə də taqəti. O, iş gününü təzəcə
başa vurmuşdu, yorğun idi. Sürdüyü yük maşınını dükandan
bir az aralıda
saxlayıb siqaret çəkir, ucadan danışan tay-tuşlarına
qulaq asırdı. Birdən qarşı tərəfdən Həsənin
səsi gəldi. Elə bil qurbağa
gölünə daş
atdılar. Onun səsini eşidəndə
Qaraşın sanki ürəyinin sapı qırıldı. Fikirləşdi
ki, heyf, şər qarışan vaxta düşdü... Hamı
bilir ki, Qaraş Həsənlə hesablaşmalıdır.
Bəlkə saxlasın
başqa vaxta?!.
Azca əvvəl bir-birlərinə
danışmağa macal
verməyən yoldaşları
Həsənin səsini
eşidib, bayaqdan aralarında varlığı
hiss olunmayan, susqun Qaraşa baxdılar.
Həsənin dəstəsi onların
yanından sakitcə,
dinməz-söyləməz keçib bir qədər aralıda cəm oldu. Səsləri gəlmirdi. Ətrafdakı gözlər
hələ də Qaraşa zillənmişdi
- əriyirdi, məhv olub gedirdi bu
baxışların altında
Qaraş. Fikirləşdi
ki, bircə an da vaxt itirsə, gecikəcək.
Həsənin dəstəsi
qarşıdakı tini
burulandan sonra gec olacaq və
o, başını qaldırıb
bayaqdan baxışlarıyla
onu izləyənlərin
gözünün içinə
heç vaxt baxa bilməyəcək. Daha tab gətirmədi, nəhayət:
- Ey, bir mənə
bax, - deyə uca səslə Həsəni çağırdı
və Qaraş az qala özü
öz səsini tanımadı. Elə bil boğulurdu Həsəni çağıranda.
Sol qıçı titrəyirdi.
Özünü ələ
almaq istədi, bacarmadı, bu onu bir az
da əsəbiləşdirdi. Yoldaşları görsəydi,
fikirləşərdilər ki, qorxaqdı Qaraş. Doğrudan da, Qaraşın
qorxudanmı, əsəbdənmi
qıçları titrəyirdi
- bu vəziyyətdə
heç özü də nə istədiyini ayırd edə bilmirdi.
Həsənin dəstəsi dövrəsində
səf çəkib dayanmışdı... Dönüb
Qaraşa baxırdılar,
matdım-matdım, səssizcə.
Qaraşın ürəyi
yerinə gəldi, deməli, gecikməyib.
- Mənnənsən? - Həsənin
səsi eşidildi.
- Həə, sənnənəm,
adını yaxşı
bilirsən, - dedi Qaraş.
Həsənin curlarından biri:
- Gedək, baş qoşma ona, - dedi.
Həsən donub qalmışdı
yerində, nə irəliyə gedə bilirdi, nə də geriyə. Qaraş Həsənə tərəf ağır addımlarla yeriyərək:
- Nədi, nə dayanmısan, yaxın gəl, işim var sənnən... İkilikdə
söhbət eliyəcəyik...
Həsən:
- Duelə çağırırsan
məni? - deyərək
candərdi Qaraşa sarı addımladı.
Mübahisə etmək yeri deyildi. Qaraş fikirləşdi ki, çatan
kimi Həsənə bir yumruq vursun,
amma əksinə oldu. Rəqibinin qəfil zərbəsi alnının ortasından
dəyəndə Qaraşın
gözü qaraldı.
Tez özünü ələ
alıb, Həsənin
çənəsinin altından
elə ilişdirdi ki,
o, özünü saxlaya
bilməyib yerə yıxıldı... Toparlanıb
ayağa qalxanda Həsən Qaraşın
əlində parıldayan
bıçaq gördü.
Boğazı qurudu Həsənin, udqundu, geriyə çəkilə-çəkilə
yavaşcadan:
- Axmaq olma, Qaraş,
at bıçağı, - dedi:
Həsənin bu halı Qaraşı bir az da qızışdırdı.
O, əlində bıçaq
bir az da irəlilədi:
- Sənin əlindən çoxdan yığmışdım,
qızın adını...
- Mən Əsməri çox istəyirəm, Qaraş... Doğrudan istəyirəm. Əsmər
də razıdır...
Ailə quracağıq,
- deyə Həsən
Qaraşın sözünü
ağzında qoydu.
Qaraş
Həsənin üstünə
yeridikcə o, geri çəkilirdi. Həsən
dükanın yanında
üst-üstə yığılmış
boş yeşiklərdən
birini qaldırıb əlində tutdu. Əlləri titrəyirdi,
az qalırdı ki, yeşiyi yerə salsın. Həsən yalvarmağa başladı:
- Anama yazığın gəlsin... Bilirsən ki, məndən başqa heç kəsi yoxdu, tək yetimiyəm, - dedi.
- Mən də tək yetiməm... Amma sən eləyən qələtləri eləmirəm..
- Vallah, Əsmər də razıdı... Evlənəcəyik...
- Mumla, alçaq! - deyə Qaraş bağırdı.
Həsən hər şeydən
əli üzüldüyünü
görüb, tutduğu
yeşiyi ona yaxınlaşan Qaraşın
sifətinə çırpdı.
Onun üzü al qana büründü. Qaraşın Həsənin
üstünə şığıması
ilə bıçağı
işə salması bir oldu. Həsən
xəstəxanaya, Qaraş
isə türməyə
düşdü.
...Qaraş mağazadan aralandı, tini burulub dar
küçə ilə
Həsəngilin evinə
gedən yola çıxdı. Sol əlini
pencəyinin yan cibinə saldı. Bilirdi ki, bıçaq cibindədir, amma qeyri-ixtiyari bir də yoxladı.
Yağış güclənirdi. Küçədə
kimsə görünmürdü.
Addımlarını yeyinlətdi,
sol əli hələ
də pencəyinin cibindəydi. Bıçağı
bərk-bərk sıxırdı,
elə bil cibindən düşüb
itəcəkdi.
Artıq
Həsəngilin darvazasının
ağzında idi. Əlini cibindən çıxartdı. Qapı
bağlı olduğundan
hasarın üstündən
cəld aşıb həyətə düşdü.
İslanmış budaqlarından
damcılar süzülən
ağacların arasıyla
evə yaxınlaşdı.
İşığı zəif
pəncərələrə yarımpərdələr vurulmuşdu.
Səs-küy salmadan, ayaqlarının
ucunda pəncərəyə
yaxınlaşdı. Uşaq
səsi gəlirdi:
"Həə... yeri,
yeri..." İçərini
dinşədi. Gülüş
səsləri ətrafa
yayılırdı. Sonra oğlan
uşağının səsi
gəldi, qız uşağı da ağlamsınıb,
"Mən də, mən də istəyirəm," - dedi.
Daha sonra Həsənin səsi eşidildi: "Yaxşı,
sən də gəl." Qaraşı sövq-təbii maraq bürüdü. O, başını
qaldırıb pəncərənin
açıq hissəsindən
içəri boylandı.
Gördü ki, Həsən
əllərini və dizlərini yerə qoyub uşaqları belində gəzdirir. Uşaqlar atasının boynundan tutub, ayaqlarını qarnına
döyəcləyir, onu
at kimi çapırdılar.
Bu vaxt qonşu otaqdan Əsmərin səsi eşidildi. Qaraş həyəcanlanıb
geri çəkilərək
kürəyini divara söykədi. Ürəyinin
döyüntüsünü açıqca eşidirdi...
Yağış
səngimək bilmirdi.
Qaraş islanmışdı,
bədəni büsbütün
suyun içində idi. Bir tərəfdən də onu öskürək
yaxalamışdı, boğazı
qovuşurdu. Özü
ilə bacarmırdı,
udquna-udquna qalmışdı.
Əllərini ağzına
tutub ustufca öskürdü, sonra çevrilib başını
qaldırdı, pəncərənin
lap qırağından otağa
yenidən göz gəzdirdi. Əsmər uşaqları bir-bir Həsənin belindən götürüb yataq otağına aparırdı...
Əsmər dəyişmişdi, sanki boyu bir
az da ucalmışdı.
Əynindəki güllü,
uzun xalat onu daha qədd-qamətli
göstərirdi. Uşaqların
ətrafa yayılan cingiltili gülüşü
Qaraşı ovsunlamışdı.
O donub qalmış və anlaşılmaz hisslər yaşayırdı.
Əsmərlə balalarının
səsi qulaqlarından
getmirdi.
Birdən
gözü divardan asılmış şəkillərə
sataşdı. Əsmərlə
Həsənin qoşa
şəklinin yanında
Qaraşın portreti vurulmuşdu. Qaraşın
içi sızladı.
Bu sızıltı onun
ürəyini, beynini ovxarlayıb tökürdü.
- İşə bir bax, adımı əziz tutublar, ömrümə qılınc
çalsalar da, əziz-xələf
biliblər məni...
Bir müddət keçəcək,
Qaraş tamam unudulacaq, bu şəkil də gərəksiz bir şey kimi atılacaq
zibilliyə... - hər
halda belə düşünürdü Qaraş.
Payız
yağışı daha
da güclənmişdi. Qonşu
həyətdən həzin
kaman səsi gəlirdi. Deyəsən,
radio verılişiydi, "Segah" muğamını
çalırdılar. Qaraş
üçün üzüntülü
olan bu gecəni
kamanın ah-naləsi
bir az da ağırlaşdırır, yağışın
şırıltısı isə elə bil o həzin musiqiyə züy tuturdu. Qaraş kövrəlmişdi... fikrini
yayındırmaq istəyir,
ancaq bacarmırdı...
İsti göz yaşları yanaqları boyunca axırdı. Elə bil yuxuda
idi, ayıldı, hər iki əlini
yumruqlayıb var qüvvəsi
ilə alnına vurdu. Özü ilə bacarmır, qəhər onu boğurdu...
Bacısıgil işıqları söndürdü,
ətraf zil qaranlıq oldu. Kaman da nalə çəkməkdən
usanmışdı, səsi
gəlmirdi daha. Güclü yağış
isə hələ də ara vermir,
sanki hirsini-hikkəsini
sonacan boşaltmaq istəyirdi. Qaraşın
bədəni keyimişdi,
bircə onu anlayırdı ki, kaman indi onun içində
odlanıb nalə çəkir. Bir də uşaqların - bacısının
günahsız balalarının
məsum çöhrəsi
gözü qarşısından
çəkilmir, onların
şaqraq gülüşlərini
eşidirdi. Nə qədər çalışsa
da, canını bu səslərdən qurtara bilmirdi. Peşmançılıq,
utanc hissi onu üzürdü.
...Qaraş tiyəsində adı yazılmış zəhmli bıçağı
- həbsxana yadigarını
cibindən çıxarıb
zərblə pəncərənin
taxta çərçivəsinə
sancdı və gəldiyi yolla da geri qayıtdı. Bayaq üstündən bir göz qırpımında
aşdığı hasarı
indi çox çətinliklə adlaya
bildi. Yerişini itirmişdi, gah ayağı
sürüşür, yıxılır,
gah da xırda gölməçələrə
girirdi. İçinə
su dolmuş ayaqqabıları ona ağırlıq edirdi.
Mağazanın yanından - vaxtilə
Həsənlə haqq-hesab
çəkdiyi yerdən
keçib magistral yola
çıxdı. Addımlarını
yeyinlətdi və birdən var gücüylə
qaçmağa başladı.
Yolboyu qaça-qaça
yağmurdan islanmış
pencəyini, sonra köynəyini çıxarıb
atdı. O qaçdıqca
qaçır, uzaqlaşdıqca
sürətini artırırdı.
Sanki suçundan, yanlışlarından,
mənhus yaşantılarından
qaçıb qurtulmaq
istəyirdi. Gecənin
sükutunu pozan güclü yağış
Qaraşın qurşaqdan
yuxarı çılpaq
bədəninə çiləndikcə
canında bir rahatlıq duyur, suyun aydınlığından
sanki arınıb-durulurdu...
Zemfira Məhərrəmli
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.22.