Cənnət çiçəyi
Roman-pritçadan parça
"Cənnət çiçəyi"
romanındakı hadisələr
real və irreal zamanların
çarpazlaşdığı məkanda baş verir. Çoxqatlı və gərgin süjetə malik əsərin
qəhrəmanı Cavad
Əmirxanlı vicdanlı
bir insan və istedadlı bir alim kimi ətrafında
baş verən haqsızlıqlarla razılaşa
bilmir, ağır psixi sarsıntılar keçirir və nəticədə, üzləşdiyi
real situasiyadan baş çıxara bilməyərək
"virtual aləmə" çəkilməyi qərara
alır. Amma real həyatda
olduğu kimi, öz fantaziya və təsəvvüründə
yaratdığı dünyada
da onu itkilər və faciələr gözləyib, təqib etməkdədir.
İlk dəfə Cavad Əmirxanlı gözləmədiyi
qonağı soyuq bir qış gecəsi özünün
şəhərdəki mənzilində
"qarşılamışdı". Yaxşı xatırlayır,
həmin gün mətbəxdə çay-çörək
hazırlayırdı. Arvadı
xəstəxanada olduğu
üçün o, özü-özünə
qulluq etmək məcburiyyətində qalmışdı.
Göydə Ay doğsa
da, pəncərənin o üzünə
qışın insan könlünə sirli bir qüssə gətirən tutqun rəngi çökmüşdü.
Bayırda yüngül
külək qalxmışdı.
Təbiətın özü
kimi qüssə notları üstündə
köklənmiş Cavad
Əmirxanlı fincana
qəhvə süzdü,
soyuducudan yağ-pendir
çıxartdı. Elə
bismillah eləyib tikəni
təzəcə ağzına
yaxınlaşdırmaq istəyirdi
ki, eyvandan kiminsə asta səslə onu çağırdığını
eşitdi: "Cavad bəy, Cavad bəy..."
Əvvəlcə elə bildi ki, qulağı səsə düşüb. Sonra onu təzədən səslədilər:
"Cavad bəy..."
Çaşıb qaldı.
Səs həqiqətən
eyvandan gəlirdi. Axı bu, kim
ola bilərdi? Bəlkə
qonşu mənzillərdən
birinin sakinidir. Olsun ki, kiminsə pal-paltarı onların eyvanına düşüb.
Yox, bu, qonşu məsələsinə
oxşamırdı... Lap tutaq
ki, doğrudan da eyvana
paltar düşmüşdü.
Hətta bu cür olan halda
belə, hansısa bir axmağın gecənin bu vədəsində divara dırmaşıb eyvana çıxmaq xülyasına
düşməsi ağlabatan
iş deyildi; məsələ həm də burasında idi ki, onun mənzili
çoxmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşdiyindən,
eyvana yalnız binanın damına qalxıb oradan enmək mümkün ola bilərdi. Bu qarda-soyuqda kiminsə belə bir sevdaya düşməsi
isə... Yox, çox güman ki, bu, ya qarabasma
idi, ya da ola bilsin ki, onun qulağı səsə düşmüşdü.
Adının bir də çəkildiyini eşidəndə
Cavad Əmirxanlının
tikəsi əlindən
düşdü. Ayağa
durub çəkinə-çəkinə
pəncərədən eyvana
sarı boylandı. Gözünə bir ins-cins dəymədi. Geri qayıdıb yan-yörəsini,
dördbiryanını gözdən
keçirdi. Xoflandı.
Bu, hansısa xəstəliyin
ilk əlamətləri də
ola bilərdi. Hansı
xəstəliyin? Cavad
Əmirxanlı uşaq-zad
deyildi ki, bu cür halların hansı xəstəliklə
nəticələnə biləcəyini
hiss etməyəydi.
- Cavad bəy...
O, əsəbi halda eyvana açılan qapının dəstəyindən
yapışıb özünə
sarı dartdı. Qapı taybatay açıldı. Kişiyə
elə gəldi ki, açıq eyvanın ortasına qoyulmuş nəhəng dibçəyin
içindəki boy-buxunlu,
gümüşü gövdəli
iri kol (əslində, bu bitki, koldan daha çox
ağaca bənzəyirdi)
indi, sanki nədənsə çəkinərək
küncə sarı qısılmışdı.
Bu ağacın toxumu bir neçə il əvvəl hansı yollasa uzaq qohumlarından
birinin eyvanındakı
dibçəyə düşübmüş.
Həmin dibçəkdə
böyüyən ləki
həmin uzaq qohum Cavad Əmirxanlının
ad günündə onların evinə gətirmişdi. Sonralar həmin qohumun başına hava gəlmiş, bədbəxt
kişi şəhərdəki
psixiatriya xəstəxanalarından
birində keçinmişdi.
Bu qəribə hədiyyə
o vaxtdan bu eyvanda böyüyüb qol-budaq atmışdı.
İri, gümüşü
yarpaqlar ətrafa xoş bir ətir
yayırdı. O yarpaqlara
baxanda yayın isti havasında belə Cavad Əmirxanlını nədənsə
daxili bir üşütmə tuturdu.
O, qohumunun başına
gələn müsibəti
eşidəndə körpə
bitkini eyvandan götürüb zibilliyə
atmaq istəmişdi.
Amma arvadı o zaman israrla
ərinin istəyinin əksinə çıxmışdı:
"Kiminsə başına
hava gəlirsə, bunun günahını bəyəm cansız daşda-ağacda axtarmaq lazımdır? O kol sənə mane olmur ki... Qoy dursun öz yerində. Sən evdə olmayanda mən onunla dərdləşir, söhbətləşirəm".
Son cümləni deyərkən
qadının çox
ciddi bir görkəm alması Cavad Əmirxanlını
o vaxt bir qədər təəccübləndirmişdi
də. Yay-payız aylarında yarpaqları tutqun rəngə çalan bu ağac, soyuqlar düşəndə gözgörəti
cana gəlirdi; qışda isə gümüşü yarpaqlar
par-par yanan güzgüyə
dönürdü. Cavad
Əmirxanlı indiyəcən
heç yerdə bu ağacın bənzərini görməmişdi.
Arvadı
xəstəxanaya gedərkən
ərinə bu bitkiyə qulluq etməyi, onu vaxtlı-vaxtında sulamağı
tapşırmışdı. O, yalnız indi xatırladı ki, adını
belə bilmədiyi,
"gümüşü ağac"
adlandırdığı bu
qəribə bitkiyə
son günlərdə heç
düz-əməlli bir
qulluq göstərə
bilməyib...
Mənzilin işığı eyvana
düşmüşdü. Ağacın budağından
asılmış və
eləcə də bir neçəsi daş döşəməyə
səpələnmış gümüşü-sarımtıl yarpaqları sazaqqarışıq
yüngül külək
astaca tərpədirdi.
Cavad Əmirxanlı eyməndi,
eyvandan otağa dönmək istədi.
- Salam, Cavad bəy.
Cavad Əmirxanlı diksinsə
də, özünü
ələ aldı.
O, qeyri-ixtiyari:
- Salam, - deyə, dodaqaltı mızıldanıb çəkinə-çəkinə
ətrafa göz gəzdirdi.
Sanki dibçəyin arxasında
nəsə tərpəndi.
Onun bədənini soyuq-titrək ilğım
dalayıb keçdi. Üşürgələndi. Çiyinlərini
çəkdi.
O, diqqət edib gördü ki, ağacın
gövdəsinə ilan
kimi bir cüt qol dolanıb
və bu qollar da elə o ağacın özü kimi gümüşü-bəyaz
rəngdədir.
Cavad Əmirxanlının dizləri
əsdi, qolları heydən düşdü.
Aman Allah,
bu soyuq qış axşamında
bu həngaməni, görəsən, kim idi onun başına
açan? Məsələ
burasında idi ki, qollarını ağaca dolayan adam cavanca
bir qadındı! Heyrətdən ağzı
açıla qalan Cavad Əmirxanlı az qaldı ki, qışqırıb qonşuları
haraylasın. Bu nə
həngamə idi onun başına gəlirdi?Amma özünü ələ
alıb bu anlarda hər necə olur-olsun susmağı üstün
tutdu. Hələ bu harası imiş? O, gözücü
baxıb gördü
ki, qız öz mərmər kimi ağappaq sinəsini bu gümüşü ağacın gövdəsinə
söykəyib və onun buz sırsırası
içində par-par yanan
uzun hörükləri
də arxasında gizləndiyi ağacın gövdəsi kimi bəmbəyazdır. Sanki Ayın
bir parçası qopub göydən birbaşa eyvana düşmüşdü. Qız
Həvva geyimində, yəni lüt-üryan idi, bu, bəlkə
də belə deyildi, amma ona
elə gəldi ki, qızın əynində
heç alt paltarı
da yoxdur və görünür, elə bu səbəbdən də Cavad Əmirxanlı
qeyri-ixtiyari gözlərini
yumdu. Axı o, heç ömründə
öz halalca arvadının belə, çılpaq bədənini
indiyəcən bir düz-əməlli görməmişdi,
o ki olaydı kimliyi-nəçiliyi
bilinməyən, haradansa
zühur edib göyərçin kimi eyvana qonan təsadüfi
bir qadının kol arxasından görünən "gümüşü"
əndamı.
O, nə edəcəyini, nə deyəcəyini belə kəsdirə bilmirdi. Elə bil kişinin dilinə-ağzına kilid
vurulmuşdu.
Qayıdıb içəri keçməyə
isə onun heyi qalmamışdı.
- Cavad bəy...
- Eşidirəm... Nə lazımdır?
Öz səsi özünə də yad və soyuq gəldi. Elə bil qışın
sazağı onun səsini də üşütmüşdü.
Cavad Əmirxanlı gözlərini
açıb istər-istəməz
qıza ötəri nəzər saldı. İstədi elə-belə,
etika xatirinə qızdan üşüyüb-üşümədiyini
soruşsun. Amma tezcə
sual vermək arzusundan daşındı;
birdən bunun düşər-düşməzi ola bilərdi.
Allah bilir, bu, nə
oyundu belə?.. Bəlkə paraşütlə göydən
atıblar bu zalım qızını bu eyvana... İndiki
zəmanədə nə
desən, ola bilər.
Lap elə təyyarə
göydə qəzaya
düşə bilər,
bu qız isə göydən yerə... Cavad Əmirxanlı bir yerə, bir də göyə baxdı. Göyün üzü tutqun idi. Ayın rəngi bozarmışdı.
Yox, heç bu gözəlçə göydən tullanana oxşamırdı. Yaxınlıqda,
eyvanın həndəvərində
də paraşüt-filan
gözə dəymirdi.
Az sonra o, başına
gələn bu sadəlövh düşüncəyə
görə özü-özünü
qınadı; bu, paraşüt-təyyarə məsələsi
haradan gəlmişdi onun ağlına?
"Bəlkə kimsə mənimlə zarafat etmək fikrinə düşüb? Yox, bu zarafata da oxşamır. Bir də
ki, gecənin bu vədəsi nə zarafatbazlıqdır?"
Üzbəüz dayandığı qıza
diqqət yetirmək, onun kimliyini müəyyən etmək
nədənsə indi
kişiyə əlçatmaz
bir iş kimi görünürdü.
Əslində, bu anlarda onun heç
belə bir arzusu da yox idi.
Cavad Əmirxanlı sadəcə olaraq, bütün bu baş verənləri özlüyündə götür-qoy
edib vəziyyətdən
necə çıxmaq
barədə qəti bir qərar vermək istəyində idi. Bəlkə təcili polisə zəng etsin? Bəlkə "təcili
yardım"a zəng
etmək daha doğru olardı? "Təcili yardım"a nə üçün?
Ona görə ki, bizim
ikimizdən biri xəstədir? Yox, bu xəstəlik məsələsinə də
oxşamır". Amma gümanı
çox yerə getsə də, hansısa bir hiss onu daxilən buxovlayır, artıq-əskik
hərəkətlərə yol verməməyə, təmkinli olmağa təhrik edirdi.
- Qorxma, Cavad bəy...
Mən adamyeyən-zad
deyiləm. Mən də sənin kimi adicə birisiyəm.
"Hmm...
Adamyeyən deyil, adicə birisidir. Amma gecənin gird yarısı
hoppanıb başqasının
eyvanına düşüb..."
- Həyəcanlanmaq da lazım
deyil, Cavad bəy...
Bu sözləri də qız dedi.
Cavad Əmirxanlı azacıq
da olsa toxtadı.
"Həyəcanlanmaq lazım
deyil... Üstəlik,
mənə ürək-dirək
də verir. Gəl indi sən
bunun həngaməsindən
baş çıxart.
Bəs görəsən,
adımı haradan bilir bu əcinnə?"
Nədənsə ona elə gəldi ki, qız onunla yad, əcnəbi bir dildə danışır, amma ən qəribəsi bu idi ki, o, qızın
özgə dildə dediklərini aydın başa düşürdü.
Deyəsən, elə
qız da onun dediklərini olduğu kimi anlayırdı.
- Sən... Soruşmaq ayıb olmasın, siz burada nə
axtarırsınız?
Qız onun sözlərinə, yəqin ki, həm də mənasız sözlərinə, yumşaq-yumşaq
gülməklə cavab
verdi və sonra bir qədər
duruxub:
- Mən heç nə axtarmıram, - dedi və əlavə
etdi: - Mən sənin yanına gəlmişəm. Deyəsən,
qonaq gözləmirdin,
hə, Cavad bəy?
- Doğrusu, bu, mənim üçün gözlənilməzdir bir
az...
"Hələ bunun atası, babası yaşda bir adama "sən" deyə müraciət etməsinə bax. "...Sənin yanına gəlmişəm..." Mən
buna nə deyim indi? Deyim ki, xoş gəlmisən? Axı xoş gəlməyib, necə deyim..."
Firuz MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.24.