Üzeyir Hacıbəylinin missiyası...
Antik dövrün böyük alimi Arximed deyirdi ki, mənə bir dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım... Azərbaycan ədəbiyyatı və mədəniyyəti dünyası əsl həqiqətdə ən azı iki dəfə yerindən oynayıb; birinci dəfə 1850-ci illərdə M.F.Axundzadə milli ədəbiyyata yeni ədəbi növ və janrlar gətirəndə, ikinci dəfə 1908-ci ildə Üzeyir Hacıbəyli "Leyli və Məcnun" operasını yazanda. İlk dəfə məhz M.F.Axundzadə əlində olan "dayaq nöqtə"si ilə yol üstündəki bütün müqavimət qüvvələrini qıraraq ənənəvi başıdumanlı fərdi əhval-ruhiyyənin ifadəçisi olan ədəbiyyatın diqqətini ictimai dirilik məsələsinə yönəldə bildi. Və hər şey də elə buradan başlandı. Böyük yazıçı-filosofun səpdiyi toxumlar səmərəsiz qalmadı, ədəbi ardıcılları yetişdi, sələf-xələf xətti özünü doğrultdu, M.F.Axundzadədən başlanan ictimai fikir yolu H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b. tərəfindən davam və inkişaf etdirildi, ədəbi-mədəni düşüncə onların sayəsində çox əsrlərdən sonra ilk dəfə öz həqiqi missiyasını yerinə yetirməyə başladı və Azərbaycan milli hərəkatını dünyaya gətirdi. Azərbaycan milli hərəkatı da Azərbaycan Xalq Cümhuriyyətini doğurdu. Siyasi istiqlalçıların böyük mücadilələrinə dərin minnətdarlıq hissini ifadə etməklə onu vurğulayaq ki, millətin milli azadlıq mübarizəsinə hazırlığında ədəbiyyat adamlarının müstəsna rolu oldu. Müxtəlif ədəbi cərəyanları təmsil edən, hətta ayrı-ayrı dünyagörüşlərin daşıyıcıları olan yazıçılar millətin öz müqəddəratını təyin etməsi məsələsinə bu və ya digər şəkildə töhfələrini verdilər. Ədəbiyyat cəmiyyəti azadlığa hazırlamaq missiyasını uğurla yerinə yetirməyi bacardı. Azərbaycan yazıçıları bu baxımdan Şekspir, Milton, Volter, Russo, Monteskyö və onlarca başqa yazıçı və filosofların vaxtı ilə Qərbi Avropa cəmiyyətində oynadıqları rolu təkrarladılar. Təsadüfi deyildir ki, Əhməd Ağaoğlu ədəbiyyat və ictimai fikrin cəmiyyətin həyatındakı rolundan bəhs edərkən, ümumən Şərqdə milli hərəkatın məhz ədəbiyyat və ictimai fikrin bu yola düşdüyü gündən başladığını vurğulayaraq yazırdı ki, Volter və Jan Jak Russo yetişməsəydilər, "Bəşər Hüququ Bəyannaməsi" işıq üzü görərdimi? Zamanın yetişdirdiyi ədəbi proses Azərbaycanda məhz zamanın tələb etdiyi missiyanı gerçəkləşdirməyi bacardı. Mühacir alim Hüseyn Baykara özünün məşhur "Azərbaycanda yeniləşmə hərəkatı XIX əsr" əsərində yazırdı: "... Azərbaycan xalqının öz milli şüurunu dərk edərək müstəqil millət kimi bir dövlət halında yaşamağa başlamasının kökündə tarixin dərinliklərində sağlam təməllərinin olması dayanır. 28 may 1918-ci ildə elan edilən Azərbaycan İstiqlal Bəyannaməsi heç də təsadüfi bir əsər deyil və ya hər hansı bir şəxsin əsəri də deyil... Azərbaycan tarixinin çox önəmli hadisələrinə əsaslanır..." H.Baykaranın vurğuladığı sağlam təməlləri, önəmli hadisələri, əlbəttə, yaxın-uzaq tarixlə yanaşı, XX əsrin əvvəlləri Azərbaycanda cərəyan edən hadisələr kontekstində də qavramaq lazım gəlir.
Azərbaycan milli hərəkatının formalaşmasında, millətin öz taleyini müəyyənləşdirməyə hazırlanmasında M.F.Axundzadədən üzübəriyə böyük fikir adamları içərisində, heç şübhəsiz ki, Üzeyir Hacıbəylinin müstəsna xidmətləri vardır. Yazıçı, musiqişünas, publisist, pedaqoq, jurnalist kimi çoxcəhətli fəaliyyəti ilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mənəviyyatı tarixində xüsusi yeri olan Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin müstəqillik illərində yenidən və hərtərəfli araşdırılması günün aktual vəzifələrindəndir.
Üzeyir Hacıbəylinin XX əsrin əvvəllərində fəaliyyət göstərən dövri mətbuat orqanlarında açıq və gizli imzalarla dərc olunan yüzlərlə müxtəlif səpkili yazısı onun publisistikasının möhtəşəmliyindən xəbər verməkdədir. Müxtəlif illərdə "Həyat", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni İqbal" qəzetlərinin səhifələrində müntəzəm çıxış edən Ü.Hacıbəyli 1905-1909-cu illərdə daha çox Əhməd Ağaoğlu ilə əməkdaşlıq etmiş, onun təsis etdiyi qəzetlərdə aparıcı yazar olmuşdur. Onu dövrünün əsl söz sahibi kimi təsdiqləyən və məşhurlaşdıran "Filankəs" imzası ilə "Ordan-burdan" başlıqlı yazılarını Ə.Ağaoğlunun "İrşad" və "Tərəqqi" qəzetlərində dərc etdirmişdir. Ü.Hacıbəyli Ə.Ağaoğlunun qəzetlərinin qapadılması və onun İstanbula köçüb getməsindən sonra - 1912 və 1915-ci illərdə "İqbal" və "Yeni İqbal" qəzetlərində də "Filankəs" imzası ilə "Ordan-burdan" silsilə yazılarını davam etdirmişdir. Bütövlükdə Ü.Hacıbəylinin publisistikası mövzu və mündəricə baxımından kifayət qədər rəngarəngdir; onun publisist kimi düşüncələrini bir rəsmdə ifadə etmək mümkün olsaydı, XX əsrin əvvəllərindəki narahatlıqlarla dolu Azərbaycanın gerçək tablosu alınardı. Ü.Hacıbəylinin ən müxtəlif janrlı əsərlərini - məqalələrini, felyetonlarını, hekayələrini, komediyalarını birləşdirən bir xətt mövcuddur; onun bütün yazılarının leytmotivini Azərbaycan məsələsi təşkil edir.
Ü.Hacıbəylinin zəngin
irsində resenziyalar mühüm yer tutur. Ədibin həyat və yaradıcılığının mahir tədqiqatçısı
Mirabbas Aslanov 1985-ci ildə Ü.Hacıbəylinin
seçilmiş əsərlərini
çapa hazırlayarkən
müəllifin "İkinci
il", "Zənbur" jurnalı",
"Yeni məktəb", "Vətən dili" və "Tənqid əvəzinə" resenziyalarını
təqdim etmişdir və biz həmin mənbəyə istinad edirik. Burada ədibin ancaq ""Zənbur" jurnalı"
resenziyası üzərində
dayanacağıq. Resenziya
"Tərəqqi" qəzetinin
24 avqust 1909-cu il tarixli
190-cı sayında dərc
edilmişdir.
""Zənbur" jurnalı"
resenziyası adıçəkilən
jurnalın nömrələrindən
birinin üz qabığında Əhməd
Ağaoğlunun karikaturasının
verilməsinə Ü.Hacıbəylinin kəskin
etirazı fonunda hazırlansa da, yazıda həm də ədibin XX əsrin əvvəllərində Azərbaycanda
bəzi pərdələnmiş
şəxslərin milli tərəqqi
əleyhinə yönəlmiş
məqsədyönlü fəaliyyətinə
münasibəti ifadə
olunmuşdur. Ü.Hacıbəyli həmin
məsələ kontekstində
satirik mətbuat orqanları və onların vəzifələri,
şəxsi toxunulmazlıq
hüququ, şərəf
və ləyaqətin
qorunması və s. ilə bağlı düşüncələrini də
qələmə almışdır.
Ü.Hacıbəyli bu qənaətdə idi ki,
milli-mədəni tərəqqi
ilə bağlı bütün təşəbbüslərin
elə beşiyindəcə
boğulmasının səbəblərindən
biri bəzilərinin mübarizə meydanına
millətpərəstlik maskası
altında daxil olub, özlərinin mənafelərini güdmələri
ilə bağlıdır.
Belələri öz əməlləri ilə çarizmin müasirləşmə
əleyhinə yeritdiyi
məqsədyönlü siyasətə,
eləcə də hər cür yeniliyin ağzına daş basan konservativ düşüncə
tərzinə malik qüvvələrə
dəstək verirdilər.
Bu qüvvələr daha
qorxulu idilər; onlar millətpərəstlik
maskası altında əllərində olan resurslardan, konkret halda mətbuat orqanlarından istifadə edərək dövrün
qabaqcıl şəxslərini,
fikir adamlarını qaralamaq, onları cəmiyyətin gözündən
salmaq yolunu tutmuşdular. Üzeyir Hacıbəyli belələrini
saf niyyətləri və ibadəti pozan müfsidlərlə eyniləşdirirdi: "Bizim
hər bir xeyir işimizi, hər bir nəfli
və tərəqqimizə
xidmət edəcək
təşəbbüslərimizi ibtidadan boğub puç etməklə, bir qədəm irəli, iki qədəm geri qoymağımıza başlıca
səbəb aramızda
olan bəzi müfsidlərin meydani-mücahidəyə
millətpərəstlik maskası
altında qərəzi-şəxsi
və mənfəəti-xüsusilərini
yeritmələridir".
Ü.Hacıbəyli "Zənbur"
satirik jurnalı yarananda ona bəslənilən
ümidlərin bir qədər sonra puça çıxdığını
yazır və bunun səbəblərini söyləyir. Jurnalın
başında "intelligent və ürəfa qismindən hesab olunan" doktor Əbdülxalıq Axundov
dayansa da, "Zənbur"un
məqsədi heç
də xalqa xidmət etmək olmamışdır, "...bəlkə
bu ünvan altında gizlənib də öz qərəzi-şəxsisini yeritməklə,
müqəddəs qələmi
ehtiramdan salmaq və mətbuatı xalq nəzərində palçıqlamaq imiş".
Ü.Hacıbəyli
"qələmi ehtiramdan
salmaq və mətbuatı xalq nəzərində palçıqlamaq"
deyəndə, əslində
dünya jurnalistikasında
bu gün də dönmədən əməl olunan beynəlxalq doktrinaların
"Zənbur" tərəfindən
pozulmasından bəhs
edirdi. "Zənbur"da
Ə.Ağaoğlunun karikaturasının verilməsinə
Ü.Hacıbəylinin kəskin
etirazı yalnız öz əqidə dostunu müdafiə etməklə bitmirdi. O,
"Zənbur"u mətbuatın
funksiya və prinsiplərini açıq-aşkar
pozmaqda, insan ləyaqətini alçaltmaqda
ittiham edirdi: "Haman
jurnal qərəzi-şəxsi
oxunu bizim qəzetin müdiri Əhməd bəy Ağayev cənablarına
dəxi tuş edib, bu axırkı
nömrəsində jurnalın
üz səhifəsində
müdirimizi nalayiq surətlərdə çəkibdir".
Ü.Hacıbəyli
"Zənbur"u fikir
azadlığından öz
çirkin məqsədləri
üçün sui-istifadə
etdiyinə görə
qınayırdı: "Məzhəkənəvis
jurnallar, zatən, hər bir kəsi
hər bir tövrdə çəkməyə
muxtardırlar. Buna bir
sözümüz yox,
lakin bir şəxsi özgə jurnallarda çəkməyə
mənafeyi-ümumi nöqteyi-nəzərincə
bir bəhanə, bir səbəb lazımdır". Ü.Hacıbəylinin fikrincə,
jurnalda o adamın şəklini çəkərlər
ki, onun gördüyü
işlər, tutduğu
yol və məslək ümumi camaatın mənafeyinə,
hüququna, tərəqqisinə
zidd və müxalifdir: "Əcaba,
Əhməd bəy nə iş görübdür və nə iş görür ki, ondan camaata zərər gəlsin? Əhməd bəyin qəbahəti nədir?" Ü.Hacıbəyli
yaxşı bilirdi ki,
Ə.Ağaoğlu məhz
xalqın mənafeyinə,
tərəqqisinə, hüquqlarına
zidd olanlara müxalifdir. Ə.Ağaoğlunun
"qəbahəti" əslində
onun əqidəsinə
bağlı bir məsələ idi. Ə.Ağaoğlunun "günah"i "irşad"çı
- "doğru yol göstərən" olması,
"Tərəqqi"də milləti tərəqqi yoluna çəkməsində
idi. Onun əqidəsi "yuxarı"ların
siyasəti ilə daban-dabana zidd olduğu kimi, saxta millətpərəstlərin
də işinə yaramırdı. Əqidəsinə
zidd olan qüvvələrin hər
biri ona qarşı öz çəkisinə, öz
miqyasına uyğun mübarizə aparırdı;
siyasi rejimin total təzyiqləri
ilə "Zənbur"dakı
kimi, bəzi "milli
məxluq"ların cılız
qaralama və ləkələmə kampaniyası
eyni məqsədə
xidmət edir, biri digərini tamamlayırdı.
Əgər sələfi M.F.Axundzadə müasirləşməyə
gedən yola bütöv Şərqin modernləşməsi prosesinin
tərkib hissəsi kimi baxırdısa, Ə.Ağaoğlu millətlə
bağlı bütün
məsələlərə ümumtürk kontekstində
yanaşırdı və
bu, onu XX yüzilliyin əvvəllərində
Azərbaycanda ən müxtəlif zümrələrdə
arzuolunmaz personaya çevirirdi. Ü.Hacıbəyli
Ə.Ağaoğlunu fəaliyyətinin
bütün spektrləri
boyunca müdafiə edirdi. Bu müdafiə şəxsi simpatiyadan deyil, siyasi-tarixi proseslərə ədəbi-nəzəri
düşüncənin yanaşmasından,
ədəbi fikrin ampluasından qaynaqlanırdı.
Bir az da dəqiqləşdirsək,
Ü.Hacıbəyli ilə Ə.Ağaoğlunu
bir araya gətirən, onları birləşdirən əslində
biri digərini tamamlayan azərbaycançılıq
və türkçülük
ideyaları idi. Təxminən, bir əsr sonranın, indiki günlərimizin gerçəklikləri prizmasından
baxanda XX əsrin əvvəllərindəki azərbaycançılıq
və türkçülük
hərəkatlarının millətin tarixi taleyi və diriliyində eyni dərəcədə oynadığı
müstəsna əhəmiyyətli
rolu tamamilə aydın qavramaq olur. Ü.Hacıbəyli
bir tənqidçi-realist
olaraq azərbaycançılıq
ideyasının daşıyıcısı
idi. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, tənqidçi-realist
yazıçıların mübarizəsinin
əsaslarını məhz
"azərbaycançılıq idealını ədəbi
fikrin gündəminə
daxil etmək, cümhuriyyətçilik ideyalarını
diqqət mərkəzinə
çəkmək, demokratik
dəyərlər və
respublika tipli dövlət quruluşu uğrunda mübarizə aparmaq" təşkil edirdi. Ə.Ağaoğlu
isə nicatı türkçülükdə, türk
birliyində görürdü,
türkə həqarətlə
baxanları, onu qəhr etməyə çalışanları ittiham
edərək gələcəyin
proqnozunu verirdi: "Fəqət sabah bu yeni iman daşıyan
Türk uşaqları
meydana atılacaqlar və İstanbuldan yüksələn bir səsə Bakıda, Səmərqənddə, Kaşğarda
eyni dil və eyni vicdanla
cavab veriləcəkdir".
Ə.Ağaoğlunun nəzərində türk
birliyinin ən mükəmməl düsturu
belə idi: "Türklük bölünmə
qəbul etməyən
bir bütündür".
Ü.Hacıbəyli "Zənbur"un
satirik mətbuatın
təməl prinsiplərini
pozmasını yolverilməz
sayır, məzhəkə və rişxəndin söyüş
söymək, tərbiyəsiz
sözlər işlətmək
demək olmadığını
vurğulayaraq, məzhəkənəvisin
heç vaxt ədəb və tərbiyə dairəsindən
çıxmamalı olduğunu
yazır. Ü.Hacıbəyli
sağlam gülüş
tərəfdarı kimi
çıxış edir
və bu mənada sələfi M.F.Axundzadənin təlimini
davam etdirir. M.F.Axundzadənin mövqeyinə görə,
məsələn, pyesin
məzmununda qətiyyən
ədəbsiz sayılan
keyfiyyətlər, sözlər
və hərəkətlər
olmamalıdır. Ü.Hacıbəyli diqqəti
"Zənbur"un səhifələrinə
yönəldir: "Halbuki
"Zənbur" jurnalında
bir məqalə çıxmayıbdır ki, ondan
insan bir ləzzət anlasın, zövqü artsın. Məqalələrin hamısı
dadsız, şit, insan oxuduqca əti tökülür..."
Ü.Hacıbəyli tənqidçi-realist kimi
cəmiyyətin mənəvi
cəhətdən sağlamlaşdırılmasında
tənqidin mühüm
rolunu dərindən dərk edir. Onun zəngin bədii və publisistik irsinin leytmotivini sağlam tənqid təşkil edir, onun üçün
satirik gülüş
və sağlam tənqidin kriteriyası
"Molla Nəsrəddin"
jurnalıdır: "Möhtərəm
"Molla Nəsrəddin"
jurnalı tərəqqi
və təalimizə
mane olan bütün qəbahətləri ən
gözəl ədibanə
və ləzzətli,
dadlı, duzlu sözləri ilə yazmaqla bütün xalqın, hətta ondan incik olanların
dəxi məhbubəlqəlbi
olubdur; çünki bu jurnal bir
dənə olsun tərbiyəsiz və ədəbsiz sözü özünə rəva görmədi". Ü.Hacıbəyli "Zənbur"un
"Molla Nəsrəddin"i
üzdə təqlid yolu ilə mollalara
sataşmağı özünə
qalxan edib, şəxsi qərəzi olanların ünvanına
ədəbsiz sözlər
yazmasını qətiyyən
qəbul edə bilmir. "Bütün Quba camaatının cəhalət və zillətinə səbəb
olan" Hacı Babanı kənarda qoyub Bakının tərəqqipərvər mollalarının
ünvanına nalayiq ifadələr işlətməyi
yolverilməz sayır
və belə hesab edir ki, "bütün qələm sahiblərinin borcu millətin tərəqqisinə
mane olan mollaları - zəmm və qədh etməklə, ədalət və mənafeyi-millət naminə
olmaq üzrə; tərəqqiyə çalışan
mollaları dəxi müraat və müdafiə etməkdir, onların arzusunu gözləməkdir".
Resenziyanın sonluğundakı emosional
çalar - "Yazıq
qələm, yazıq
oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər
əlinə düşübdür!
Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəxsi
aləti edənlərə,
nifrət" - əslində
iyirmi dörd yaşlı Ü.Hacıbəylinin
zamanın bulanıq tərəfinə kəskin
ironiyası ilə bağlıdır.
""Zənbur" jurnalı"
Ü.Hacıbəylinin
yaradıcılıq irsinin
dəyərli nümunələrindəndir.
Ü.Hacıbəyli Ə.Ağaoğlunun timsalında
millətin tərəqqisi
uğrunda mübarizə
aparan Azərbaycan ziyalılarının, eləcə
də ədəbi məktəb yaratmış
"Molla Nəsrəddin"in
sağlam gülüş
və tənqidlə bağlı mövqeyini müdafiə edir. Yazı XX əsrin əvvəlləri Azərbaycanda
mədəni-mənəvi məsələlərə
münasibət baxımından
dəyərlidir.
Şahbaz ŞAMIOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.26-27.