"Şeir
məni yazır" toplusuna ön söz
Platonovun
"Fro" hekayəsini
çoxunuz oxumusunuz. Bütün
ustalıq, təhkiyə, axıcı dil, zərif və
kobudluğundan asılı olmayaraq insanın içini titrədən
detallara rəğmən, sonuncu abzası olmasaydı, o gözəl
əsərin nə mənası vardı? Bəşəriyyəti
xilas və xoşbəxt etmək, kommunizmi qurmaq
üçün yeni ailə qurduğu arvadını təkrar
tək qoyub təzədən uzaq Sibirə yollanan Fyodr
yadınızdadı. Yenə Frosya tək qalır.
"Yataqxana"nın həyətində dodaq qarmonu
çalan ayaqyalın yetim uşağı görür. Onu
çağırır. Uşaq ürkək-ürkək
qapını döyür, içəri keçir, Frosya bu
balaca adamcığaza zillənir və düşünür
ki, bəlkə bəşəriyyət elə bu
uşaqdır.
Ən çirkli gölməçələr
belə işığı əks edir,
çoxaldır, bolluq, firavanlıq, xoşbəxtlik
illüziyası yarada bilir. Yəni bir çoxlarının
güman etdiyi kimi tv, sosial media və başqa hansı vasitələrin
xəbər axınıyla bizə təklif olunan, nüsxəsi
sonsuza qədər tirajlanan subyektiv reallığın
poeziyanın məqsədi ilə heç bir əlaqəsi
yoxdur. Pol Elüar deyirdi ki, poeziyanın (söhbət
yalnız şeirdən getmir) məqsədi - xeyirli həqiqətdədi.
Bəs o xeyiri necə müəyyənləşdirməlisən?
Ən vacib sözləri söyləmək üçün
hansı "az vacib sözləri" qurban verməlisən?
Təbii, bu "qurban" sözünü şərti qəbul
etməklə. Necə ki, Platonov 6686 sözlük hekayəsində
6654 sözü "qurban verərək" xeyirli həqiqəti
son 32 sözdə ifadə etmişdi. Yaxud İosif Brodski
"Yeni Jül Vern" adlı 1114 sözlük uzun
şeirində bütün əsrarəngiz poetik tablolara, məcaz,
təşbeh, qafiyə və avaza baxmayaraq, xeyirli, gərəkli,
əsas ismarışı "Üfüqün eyni
açılır yenə də. / Ətri var havada duzun və
yodun./ Uzaqda qaralır naməlum, adsız bir əşya -
tutaraq ahəngi/ yellənir suda. Boğunuq sədayla qocaman
Lloydun/mülkündə çalınır kilsənin zəngi"
kimi bəndlə, bir az da dəqiqləşdirsək, bəndin
"Uzaqda qaralır naməlum, adsız bir əşya..."
misrası ilə verir. Attila Balaşın "Park"
şeiri eyni metodla "işləyir". Təsvir, nəqletmə
çox adi təsir bağışlayır, son cümlələrədək:
"Şərik ağaclar onu kölgəsində gizlədir
/ səssiz kolluqda: / məşum ehtiras,/ ürpərmiş
aqoniya, / binalar göyə ucalır / saxta
parıltıyla..." Şimborskanın "Terrorist
müşahidə edir", yaxud "Hitlerin ilk uşaqlıq
fotosu" şeirləri qədər adamı sarsıdır.
Sadəcə, Şimborskanın şeirlərində
başlıqlar oxucunu duyuq salırsa da, Attilanın şeirinin
başlığı, "park" sözü əsla.
Əksinə, o rahatlıq arzumuzu oxşayaraq sərvaxtlığımızı
əlimizdən alır. Laqeydliyimizi həm başlığa
münasibətdə, həm də gerçək həyatda ətrafımıza
münasibətdə sonda sillə kimi üzümüzə
çırpır.
"Sizif mövzu"su XX əsr Avropa ədəbiyyatının,
xüsusən, prozanın başlıca
mövzularındandı, Attila Balaş da "Sizif xaindir"
şeiriylə bu mövzuya baş vurur. Amma həm də
çağın Avropa şairi kimi, bir az da əvvəlki mətnlərin
içindən, lap düzü, o yazılmışlara ironiya
edərək qayıdır; və bu məqamda digər
böyük polyak şairi Zbiqnev Herbertlə, onun "Qoca
Prometey" şeirilə səsləşir. O insanlarla
dünya arasında vasitəçi, mənaları dərk edən
və oxuculara çatdıran tərcüməçi kimi
xidmət edir. Heç bir dildə olmayan mənaların macar
dilinə tərcüməçisi kimi. Onun şeirləri
reallığın fotoşəkli yox, reallıqdankənar dərin
bir reallığın rəsminə çevrilir. Eyni zamanda
alçalanların, məyusların, məzlumların,
qorxudulanların, susdurulanların yanında dayanır.
İman, ilkin səbəb, böhran onun fundamental
mövzularıdır, "Böyük rəssam"
şeirində olduğu kimi. Zaman, yaddaş, yoxluq,
ağrı, fanilik - onun poeziyasının koordinat nöqtələridir.
Attila Balaş dünya dillərinə ən çox tərcümə
olunan çağdaş macar şairlərindəndir. Səyahət
edir, fərqli və nüfuzlu şeir festivallarına
qatılır. Onun poetik dünyası genişdir və
mesajları coğrafi, milli-intellektual sərhədləri
aşıb keçib.
6 il əvvəl Attila Balaşın bir kitabı da
Bakıda nəşr olunub - "Vektor" Nəşrlər
Evi"ndə. Məmməd İsmayıl və Afaq
Şıxlının tərcüməsində, "Avqustda
qar" şeir toplusu. Son bir neçə ildə onun şeirləri
bizim tərcüməmizdə də dəfələrlə
"Ədəbiyyat qəzeti"ndə, "Dünya ədəbiyyatı"
dərgisinin Macarıstan sayında nəşr olunub.
Sağ olsun, 2020-ci ildə
pandemiyanın ilk dövründə Bakıda keçirilən
"Evdə qal!" onlayn poetik festivalına, eləcə də
2022-ci ildə "Şuşaya salam" beynəlxalq virtual
poeziya marafonuna qatılıb, ölkəmiz, Qarabağ, Azərbaycan
haqqında qiymətli, isti sözlər deyib. Şair Attila
Balaş təkcə çağdaş Macarıstanın
deyil, həm də Avropanın, xüsusən, Şərqi
Avropanın bilinən, görkəmli ədəbiyyat xadimidir,
tanınmış naşirdir, onun iştirakı ilə
dünya ədəbiyyatının, xüsusən, yeni
dünya poeziyasının böyük bir irsi macar dilinə
çevrilərək çap olunub, onun təşkilatçılığı
ilə baş tutan beynəlxalq şeir və ədəbiyyat tədbirlərində
müəlliflər, şairlər görüşüblər,
bir-biri ilə tanış olublar; bu mənada, Attila Balaş
dünya ədəbi prosesinin etibarlı körpülərindən
biridir.
Sözü özünün aləti
və materialı hiss edən, bunu
vaxtaşırı dilə gətirən ədiblərin
"acığına" həmin fikrin əksini tez-tez
xatırladıram. Bu dəfə həmin xatırlatmanı
Attila Balaş edir, bir az ironik, bir az əyləncəylə,
bir az da gizlətməyə çalışdığı
qüssəylə: "Şeir məni yazır"
şeiriylə.
Bu gün isə əziz oxucuya Sona Səlimli ilə birgə
(ingilis və rus dillərindən müəlliflə
razılaşdırılmış mətnlər əsasında)
çevirdiyimiz, hazırladığımız kitabda
şeirin Attila Balaşı necə yazdığını az
da olsa, hiss eləmək qalır.
18 fevral
2025
Səlim BABULLAOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.28.