Maskaların yataq otaqlarına
hücumu
"Brejnevin maskaları" romanına ön söz
Roman ingilis dilində "novel"dir. Mənası
yeni deməkdir. İstənilən
sənət əsəri
və janrı yeni olmalıdır. Yeninin gözəlliyini göstərməlidir.
Bəzən romanın
adı belə onun yeni söz deyib-demədiyini ifadə edə bilir. Rumın ədəbiyyatının
görkəmli nümayəndəsi
Nikolae Spetarunun "Brejnevin maskaları" romanı yenidir. Bəs bu yenilik
romanın hansı keyfiyyətlərində üzə
çıxır? Dinamikdir.
Dünya ədəbiyyatı
mütəxəssisi kimi
deyə bilərəm
ki, hələ bu qədər dinamik tezliyi olan roman oxumamışdım. Yaşadığımız
zəmanə də dinamikdir. Hətta işlərimizi günlərə
və aylara sığışdıra bilmirik.
"Brejnevin maskaları"nda
kadrlar o qədər tez-tez dəyişir ki, oxucunun sıxılma ehtimalı belə yaranmır. Bəli, kadrlar. Roman vizual sənətlərlə müştərək
estetik platformaları bölüşür. Kinematoqrafik
təhkiyə və üslubu var Spetarunun. Çağdaş dövrdə
hər şey vizuallaşdığı üçün
ədəbiyyat bu cür sənətlər ilə uzlaşmalıdır.
Və bir çox yazıçılar
bunun üçün
yeni yollar, metodlar və yazı texnikaları axtarırlar.
Çünki oxucu dinamik, çaparaq və vizual mətnlər istəyir. Təəssüf ki, belə
mətnlərin çoxu
"fəstfud" mədəniyyətinin
nümunələridir. Həmin
əsərlər estetikanın
və ədəbiyyatın
kəşflər silsiləsinin
xaricində qalırlar.
Fəqət, Nikolae Spetaru estetik dəyəri olan bir mətn yaradır
və 2020-ci ildə
1980-ci illərdə baş
verən bir hadisəni ekranlaşdırır.
Çünki hər bir səhnə bütöv ekrandan izlənilir. Roman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Leonid İliç Brejnevin ölümü ilə başlayır. Bu qəfil
ölüm bütün
sovet xalqını
"sarsıdır". Rumıniyanın
Sinixeu kəndini isə vəlvələyə
salır. Kənd soveti katibi Marku
Filipesku həyəcan
təbili çalır
və kəndə əleyhqazlar gətizdirir.
Çünki Amerika hər
an SSRİ-yə hücum
edə bilər. O
zaman gözəl Sinixeu
kəndi və sakinləri çarəsiz
vəziyyətdə qalmalı
deyil. Günlər keçir, Amerika hücum etmir, lakin əleyhqazlar
kəndin qadınlarına
seksual zorakılıqlar
etməyə başlayırlar.
Əleyhqazlar Brejnevin amansız və rəhmsiz maskalarına çevrilirlər. Bəs
qalanı? Qalanına isə hər an mövzudan-mövzuya keçən
canlı və interaktiv bir romanı - əlinizdə tutduğunuz bu kitabı oxumaqla şahid olacaqsınız,
əziz oxucular. Romanın girişində Merfinin bu fikirlərinə
yer verilib. "Pis başlayan şey daha da pis qurtarır. Əgər səhv etmək üçün hər hansı bir imkan varsa,
onda o, mütləq reallaşacaq". Rejimin dağılması belə
bir sarkastik fikirlə ifadə edilir. Bu an Andrey Platonovun
"Çala" hekayəsinin
kölgəsi Spetarunun
"Brejnevin maskaları"nın
üzünə düşür.
"Çala" hekayəsində
SSRİ yeni yaranıb. Və
yepyeni binalar tikilir, quruculuq işləri aparılır.
Binaların təməli
qoyulanda bir qızcığaz ora düşüb ölür.
Rejim xalqlar həbsxanasının quyularından
birini qazır. Platonov demək istəyir ki, bu "işıqlı" sovet
ölkəsini qan və şiddətlə yaratmısız. Günahsız
insanların qanı
var əllərinizdə və
təməllərinizdə. "Brejnevin maskaları" romanı "Çala"
hekayəsi ilə eyni estetik ərazini
bölüşür. "Çala"dan daha qatı və qara yumorla dərinliklərə
varır Spetarunun oxucuları. Yerin qaranlığı və havasızlığına qarşı
əleyhqazlar köməyə
çatır. "Brejnevin
maskaları"nda üslub
müxtəlifliyi var. Eyni
mətnin estetik çətiri altına rəngarəng üslub və formaları yığmaq olduqca çətindir. Roman bəzən
intellektual, bəzən
də intellektual-psixoloji
prozaya aid xüsusiyyətləri
daşıyır. Spetaru
sovet rejiminin atmosferini yaradır. Bu
zaman yalnız XXI əsrdən
sovet dövrünə
baxmır, sovet dövründən bu günə mədəni körpü salır. O dövrün ağlını,
zəkasını və
insanların rejimə
xidmətlərini alternativ,
canlı və qanlı tarix olaraq təqdim edir. "Brejnevin maskaları"nda Çeslav
Miloşun "Kölə
edilmiş ağıl"
intellektual romanının
da ab-havası var. Miloşdan
fərqli olaraq, Spetaru göstərir və dinamikanı romanın mərkəzinə
yerləşdirir. Oxucunun
başına ağıl
qoymağa çalışmır.
Şərhlər vermir.
"Kölə edilmiş
ağıl"da şərhlər
və qatı prozaiklik aparıcıdır.
"Brejnevin maskaları"nda
kompozisiyanın mükəmməl
tərtibat və repertuarı oxucu ilə ünsiyyət qurur.
Şərti olaraq, romanın
süjet və kompozisiyasının planını
belə tərtib etmək olar: 1.Brejnevin ölümü.
2. Əleyhqazların paylanması.
3. Kənd soveti katibinin arvadıyla küsüb-barışması. 4. İnəyin çuxur qazması və südlə dolması. 5. Uşaqların gilas davası. 6. Xaralambiya Pinqiryakın ölümü,
qəbri su və ilanın basması.
7. Əleyhqazlar və ya yadplanetlilərin qadınlara təcavüzü.
8. Kənd soveti katibinin istefa verib maskaların tərəfinə keçməyinin
dinamik tarixçəsi...
Romanda təhkiyəyə üstünlük
verilən səhnələrdə
təhkiyə təsviri
də əvəz edir. Təsvirin çox olduğu hissələrdə isə
təsvir təhkiyənin
funksiyasını yerinə
yetirir. Təhkiyənin
temperamenti yüksək
olan səhnələrdə
isə romanın interaktivliyini təmin edən dialoqlar mətnin estetik bütövlüyünü tamamlayır:
- Varvara xala, nə üçün radionu söndürmüsən? - Mən
nə bilim? Bəlkə xarab olub, ya da özüm söndürmüşəm?!
- Varvara xala yuxulu halda cavab vermişdi.
- Necə yəni söndürmüşəm? Bunu
nə üçün
etmisən? - Hə, söndürmüşəm. Söndürmüşəm,
qurtarıb gedib. Başım ağrıyırdı,
bir az yatıb
dincəlmək istədim.
Burda pis nə var ki? Kimisə öldürmüşəm? - Birdən
radionu söndürdüyün
vaxt amerikanlar bizə hücum etsəydi və sənin xəbərin olmasaydı, onda necə? - Bəyəm, onlar günortalar yatmır? - Sən bilmirsən ki, düşmən
heç vaxt yatmır? - İşə
bax ha! - Bəs sən nə bilirdin? - Yaxşı, bundan sonra bilərəm.
- Özü də necə biləcəksən!
Romanda maskalar metaforu dünya ədəbiyyatında
bir çox mətnlə əlaqə yaradır. Corc Oruelin "Heyvanıstan"
əsərinin finalında
donuzların sifəti
insan simasına çevrilir. Donuzlar çevrilməyə ən
çox qorxduqları
varlığa - insana transformasiya olunurlar. Brejnevin maskaları da Sovet rejiminə alternativ bir hökumət yaratdıqlarını
düşünürlər. Lakin öz ideallarının əksinə hərəkət
edirlər. Spetarunun yumor mühərriki məhz bu zaman işləməyə başlayır.
"Brejnevin maskaları" həm məzmunca, həm də formaca "kokteyl romandır". Marina Makkey
"Roman nədir?" kitabında
romanları onların
strukturuna görə təsnifatlandırır. Niyə?
Çünki düşüncə
və məzmun formanı yaradır. Struktur düşüncənin
quruluşudur. Spetarunun
üslubu "Brejnevin
maskaları" kimi çevik, dəyişkən,
hərəkətdə olan
interaktiv bir roman yaradıb. "Brejnevin maskaları" ən adi vaxtlarda belə
komik situasiyalarla dolub-daşır. Çünki
olduqca ciddi mövzusu var romanın. Ən qatı ciddilik isə yumorla mümkündür.
Yumor hissi olmayan bir müəllif
və mətn oxucuyla kontakt qurmaqda çətinlik çəkir. Marku Filipeskunun kökəni
("Hələ kökələrdən
birini yeyə bilmişdim. O birisini kağıza büküb gödəkçəmin cibinə
qoydum. Münasib vaxt düşən kimi onun da axırına
çıxaram".) cibində
gizlətməsindən, maskalar
tərəfindən zorlanan
qadının öz yançağına şillə
vurub hadisəni əyani şəkildə
göstərməsinə qədər,
hər bir səhnədə yumor adamı düşündürür.
Nəhəng bir imperiyanın çöküşü
və Brejnevin bu dünyadan köçməsi ölümün
yeganə həqiqət
olduğunu ifadə edir. Spetaru bütün
diktatorları, tiranları
və distopik mühitləri ölüm,
maska və yumorun bədii variasiyaları ilə ilğımlaşdırır. Distopik
mühitlərdə diktatorlar
ailələrin yataq otaqlarına belə soxulurlar. Kənd soveti katibi Filipeskudan
sıravi vətəndaşlara
qədər, hər kəsin üzündə Brejnevin maskaları yataq macəraları yaşayırlar. Hətta Feliçiya adlı qızın məmədanına
belə əl atır maskalar. Həmin vaxt məmədan geyinməyən
qızın məmələri
lap "çaş-baş" qalır. Fenika Botlunqun isə başına daha böyük müsibət
gəlir. Qadını
maskanı əri bilib onunla sevişir.
Bu maskalar hər kəsin və hər yerin eyni bozluğu yaşamağa məhkum edilməsinə rekviyemdir.
Spetaru ağını,
faciəni belə gülüşlə mənalandırır.
"Çernobıl" serialında
Mixail Qorbaçov hadisədən sonra iclas keçirir. İclasda iştirak edən fizik və kimyaçılar dövlət adamlarına deyirlər ki, atomun nüvəsini təhlükəsizləşdirmək
üçün özünü
fəda edən 30 nəfər lazımdır.
Qorbaçov və digər hökumət adamları təəccüblə
bir-birlərinə baxırlar.
Yəni biz 30 milyon günahsızı belə
qurban vermiş ölkəyik. "Brejnevin
maskaları"nın hər
səhifəsində "dinamika
və yumor" təhqiqat aparır. Bu bədii tədqiqat və təhqiqatlara sahə müvəkkili Aurel Zmeurenin araşdırmaları və
hesabatları əlavə
olunur. Detektiv xətt romanın sonunu daha da sürətləndirir. Roman bitir,
ancaq hər bir hekayənin sonu yenisini başladır.
Spetaru maskaların yataq otaqlarına hücumunun bu gün də
davam etdiyini göstərir. Yeni başlayan
hekayələrin maskalarsız
və xətərsiz olması isə ədəbiyyat və gözəllik duyumunun arzusudur. O arzunun hərəkət edən,
silkələyən və
düşündürən bir nümunəsi artıq ana dilimizdədir.
Romanı şair, tərcüməçi Həmid
Piriyev Azərbaycan dilində səsləndirə
bilib. Məsələn:
"İstənilən təsdiq
şüurun bəhəridir,
ya da altşüurun: axı, o da haçansa,
lap çoxdan şüur
olub". "Şüurun
bəhəri" ifadəsi
olduqca uğurlu və bərəkətlidir.
Və ya: "Ümumiyyətlə, Sinixeu
kəndində xüsusi
nəsə var. Sözlə
ifadə oluna bilməyəcək nəsə.
Onu Mioritsin balladasının birinci misrasına calaq etməyə çalışsan:
"Bir balaca guşədə,
cənnətin bir bucağında...", "Onda
hər şeyi korlayacaqsan. Ya da az qala hər
şeyi".
Burada təkcə
"calaq" sözü
kontekstində semiotik təhlillər və mənalandırmalar aparmaq
mümkündür.
Deməli,
"Brejnevin maskaları"
hazırlıqlı oxucuya
sonsuz sayda mütaliə versiyaları
bəxş edir və edəcək.
17 fevral 2025
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2025.- 4 aprel,
№11.- S.29.