Hattilər, etrusklar və
türklər
Bu yazını yazmaq ilhamı mənə professor "Kamran İmanovun Qafqaz Albaniyası və Kiçik Asiya Hattiləri" kitabını oxuduqdan sonra gəldi. Kamran müəllimin bu əsərində mənim düşüncələrim və araşdırmalarımla uzlaşan tarixi faktların varlığı artıq bitirməkdə olduğum "Romanın Turan tarixi" kitabıma hatti mövzusunda bir fəsil də əlavə eləmək zərurəti yaratdı və mən elmi-bədii üslubda daha bir yazı yazdım.
Hattilər (e.ə. III-II minilliyin əvvəli) Kiçik Asiyanın, Anadolunun şimal-şərqində, Qızıl İrmaq çayı hövzəsində dövlət qurmuş qədim xalqdır. Müəyyən zamanlarda, hattilər Anadolunun böyük hissəsinə və Mesapotamiyanın müəyyən ərazilərinə də nəzarət etmişlər. Qədim dünyanın sakinləri hattilər və hettitlər XX əsrin əvvəllərində (1906-12) Boğazköydə (Ankaradan 150 km aralı) arxeoloq Hüqo Vinklerin apardığı qazıntılar zamanı heroqlifik və mixi yazılardan ibarət, e.ə. XVII-XII əsrlərə aid edilən çoxlu sayda gil lövhələrin tapılmasından sonra elmi dairələrin gündəminə gəldilər. Hettit dövlətinin paytaxtı Xattuşdakı kral sarayının xarabalıqlarından tapılan 13000-ə yaxın sınıq və sağlam gil tablet, deşifrə edildikdən sonra bilinən qədim mədəniyyətlər sırasına daha bir mədəniyyət də əlavə edildi (İ.Fridrix. Kratkaə qrammatika xettskoqo əzıka. M.1952. s.5). Gil lövhələrdəki yazıları ilk dəfə deşifrələyən, hettit dilinin ilk qrammatikasını yazan çex assuriyaşünası Friedrich Hrozny buradakı yazıların hettit, luvi, palay, hatti, hurri, kaska kimi adlandırdığı dillərdə olduğunu bildirdi və elm aləmi bunu belə də qəbul etdi. F.Hrozny və ondan sonra digər alimlər hettit, luvi, palay adlandırdıqları xalqların dillərinin hind-ari qrupuna, hatti\kaski və hurriləri isə Qafqaz dilləri qrupuna aid etdilər (İvanov V.V. Xettskiy əzık. M. 2001. s.9). Araşdırmalar davam etdikcə məlum oldu ki, bu xalqlar arasında ən qədim Anadolu sakinləri, özlərini hatti, dillərini "hattili" adlandıran və şimaldan gələn ari tayfaları tərəfindən fəth olunaraq mədəniyyəti mənimsənən xalqdır. Onların dilində ayrıca olaraq yazılı abidələrə hələ rast gəlinməsə də, hettit yazılarında olan hatti dilinə aid toponimlər, şəxsi adlar, tanrı adları, kiçik dini mətnlər dilçi-alimlərə bu xalq və onun dili barədə mülahizə yürütməyə imkan verdi. Hettit dilində olan mətnlərdə "hattili"yə (hattilərin dili) aid nümunələr əsasən dini mətnlərdən ibarətdir, bu da işğalçıların fəth olunan xalqın dinini qəbul etməsindən xəbər verir (İ.Fridrix. Kratkaə qrammatika xettskoqo əzıka. M. 1952; Qiorqadze Q.Q. K voprosu o lokalizaüii v əzıkovoy strukture kaskskix gtniçeskix i qeoqrafiçeskix nazvaniy. - Peredneaziatskiy sbornik. M., 1961). Hesab olunur ki, hittit dilində işlənən dövlət idarəetməsinə, dini ayinlərə, kənd təsərrüfatı və istehsala aid çoxlu sayda söz və termin hattilidən götürülüb (Goedegebuure P.M. Hattic language. 2008. 146).
Mən öncə də V.Brandenşteynin
(1937) hatti dili ilə
etrusk
dili arasında paralellər apardığını, onlarda türkizmlərin olması barədə mülahizə irəli sürdüyünü qeyd eləmişəm. Yəqin ki, V.Brandenşteyndə bu fikri yaradan Fridrix Hroznynın 1917-ci ildə Leypsikdə nəşr etdirdiyi "Hetit dili" (Die Spracher der Hethither) kitabı olub. V.Brandenşteynin kimi təcrübəli şərqşünasın Hroznynın kitabının dərin qatlarında gizlənən türkizmləri və etruskarla hattilər arasında olan ilişkiləri görməsi heç də təəccüblü deyildi. Bu əsərində B.Hrozny ilk dəfə
olaraq
hatti və
hettit
dillərini bir-birindən ayırır, hatti tanrısı
Kulseslə etrusk tanrısı Kulsans arasında əlaqə barədə mülahizə yürüdür və etruskların Apenninə Kiçik Asiyadan köçmələri ehtimalını bir daha təsdiqləyir (Qroznıy B. Xettskie narodı i əzıki. /VDİ, №2, 1938.). Amma bu iki böyük alimin, türkoloq Brandenşteynin və assiroloq Qroznının fikirləri başqa alimlər, o cümlədən, Türkiyə
alimləri tərəfindən dəstəklənmədi, bütün diqqətlər Hatti dövlətini süquta uğratmış və onların dövlətindən başqa adına, dininə və
mədəniyyətinə sahiblənmiş köçəri ariya tayfalarına yönəldi. Hroznynın dillərini nişilili, luuili, palamnili adlandırdığı bu ari tayfalarını, tamam ayrı xalq olduğu təsbit edilən hattilərdən fərqləndirilmək üçün onlar xettlər (hittitlər)
adlandırıldılar, burada yəqin ki,
"Bibliya"da bir neçə yerdə xett (Hittim) adının keçməsi (Varlıq.
XV. 19-21, XXIII, XXVI. 34) öz rolunu oynayıb. Tapılan mətnlərin aridilli olduqları güman edilən xettlərə aid olması, Avropa və Türkiyə alimləri arasında hattilərə olan marağı tamamilə olmasa da, xeyli azaltdı. Adilə Ayda bu barədə ürək ağrısı ilə yazırdı: "Bilindiği gibi M.Ö. 2000 yılında Anadoluya gelmiş olan Hittitler Hint-Avrupalı bir millettir. Onlardan önce, Orta Anadoluda Hattiler
vardı. HittitIer Hattilerin medeniyetine konmuşlardır. Georgiev
Hittit Hattı ayırımını yapmıyor, bizim
hittitologlarımız da varsa yoksa, Hithitlerle ilgileniyor ve
uğraşıyorlar, Hattilerle uğraşmağa gerek
görmüyorlar. Hattiler hanki soydandı? Dilleri ne idi? Bu
problemler onlar için önemli değildir. (A.Ayda. Türklerin
ilk ataları. An. 1986). Gerçəkdə nişilili, luuili,
palamnili dillərinin hind-avropa dillərinə aid edilməsinin
özü də şərti idi, onlar qrammatik cəhətdən
hind-iran-avropa dillərinə bənzəsələr də,
leksikalarına görə hattiliyə və hurrit dillərinə
daha yaxın idilər. (Carl Darling Buck. The Language Situation in and
about Greece in the Second Millennium, B.C., CP 21 1926)
Amma hattilərin,
hurrilərin və kaskaların Qafqaz dilləri qrupuna aid edilməsi
Sovet elminin diqqətini çəkdi və bu yöndə
çoxsaylı araşdırmalar aparıldı. Bu
teoriyanın yaranmasında əsas səbəblərdən
biri, agglünativ dillər qrupuna aid edilməsinə baxmayaraq,
Hatti və hurrit dillərində bir çox Şimali Qafqaz
dillərində olduğu kimi söz önləri - prefikslərin
önəmli rol oynamasıydı.
İ.Dyakonov,
V.Q.Arzimba, Melikişvili, Q.Q.Qiorqadze, V.V.İvanov, Dunayevskaya və
s. kimi alimlər dövrün ideologiyasına uyğun olaraq
maraqlı tədqiqat işləri ortaya qoydular, amma bu
araşdırmalarda da əsas məqsəd hettit dövlətinə
daxil olan tayfaların Hind-Avropa dillərində
danışdıqlarını isbat etmək idi. Hind-Avropa
kriteriyasına uyğun gəlməyən xalqların (hattilər,
hurrilər, kaskalar - ga-as-ga) mənşələri isə ən
yaxşı halda Şimali Qafqaz xalqları arasında
axtarılırdı.
Məsələn,
müəlliflərdən biri dissertasiyasına yekun olaraq
yazırdı: "Qafqaz dilləri qrupundan olan protohurrilərin
ən yaxın qohumları pelasklar, lulubeyler, qədim
elamlılar, qədim babillilər, hattilər, həmçinin
kutilər və şumerlər idi" (Djamirzaev S.M.
Problemı drevney gtniçeskoy istorii Qruzii i Kavkaza: K drevney
istorii naxskix plemen III-I tısəçeletiə do naşey
grı. 1998).
Bu
yazıda mən daha çox hatti\kaska, etrusk, iskitlər və
türklər arasında olan mümkün ilişkilərdən
qısa da olsa bəhs etmək istəyirəm. Bu ilişkilərdən
birincisini etruskoloqlara ipucu olaraq hettit heroqliflərini və mixi
yazılarını ilk dəfə oxumuş F.Hrozny özü
verib - o etruskşünaslara hatti tanrısı Kulseslə
etrusk tanrısı Kulsans arasında əlaqənin
araşdırılmasını tövsiyə edir və bu əlaqə
şübhəsiz ki, var. Bu tanrıların ad
oxşarlığını bir təsadüf də saymaq
olardı, amma bu mövzuda yazılmış elmi kitablara nəzər
yetirəndə anlamaq çətin deyil ki, bu məsələdə
təsadüf ehtimalı çox azdır, çünki
hörmətli alimlərin görməzdən gəldiyi belə
təsadüflər lazım olduğundan da çoxdur. Bununla
bağlı mən gil lövhələrə
cızılmış müxtəlif mətnlərdə rast gəlinən
bəzi oxşar məqamları oxucuların nəzərinə
çatdırmaq istəyirəm, çünki bu hələ
də elmdə qaranlıq labirintin koridorlarını
xatırladan bir mövzunun gələcək tədqiqatçıları
üçün də "Ariadna ipi" ola bilər.
Başlayaq
etrusklarda müqəddəs sayılan, az qala totem rolunu oynayan
"12" rəqəmindən. Bildiyimiz kimi, etrusklarda bir
"12" rəqəmi heyranlığı var, etrusk birliyi
12 şəhərdən ibarət olur, başçı
likumonların 12 müşaviri olur, tanrılar şurası 12
nəfərdən ibarətdir və s. 12 rəqəminə
eyni heyranlığı biz hattilərdə və onların mədəniyyətini
qəbul etmiş hettilərdə də müşahidə
edirik. V.Q.Arzimba "Qədim Anadolunun ritualları və mifləri"
əsərində H.Güterbocka istinad edərək
(Güterbock. H.G. An initiation Rife for a Hittite Prince...1969. P.
99-103) hettitlərin "Hassumas" adlı dini
bayramını təsvir edir, bu bayramda tanrılara xidmət
göstərən əsas sima hettit krallığının vəliəhdidir.
O bu bayrama 12 kahinin müşayiəti ilə gəlir və məclisdə
onlar vəliəhdin qarşısında otururlar (s. 40), vəliəhd
tanrıları yedizdirən zaman onu 12 saban (xış)
adamı müşayiət edir (s. 40), o 12 dəfə 12
tanrı ilə kasadan şərab içir (s. 41), məbəd
kahinləri ona 12 cariyə gətirirlər (s. 42), mərasim
boyu vəliəhdin yanında 12 qoruyucu olur (Ardzimba V.Q.
Ritualı i mifı drevney Anatolii. M. 1982). Hatti mədəniyyətinin
məşhur araşdırmaçısı A.Kammenhuber bu
bayramın hatti bayramı olduğunu göstərir, yəni bu
bayram gəlmə hittitlər tərəfindən mənimsənmişdir
(Kammenhuber A. Hattisch. 1969, s.435). Bu bayramda tanrıların
yedizdirilməsi mərasimi zamanı, ritualda vəliəhdlə
bir yerdə 12 saban adamın iştirakı diqqət cəlb
edir, demək, xışla işləyən adamlar Hatti, ondan
sonra isə Hettit cəmiyyətinin elitasına daxil idilər.
Bunların sadə əkinçilər olması heç də
ağlabatan deyil, çünki quldar bir cəmiyyətdə əkinçilərin
vəliəhdi dövlət törənində müşayiət
etməsi sadəcə absurddur. Biz Etrusk cəmiyyətində
xışla əkmənin oynadığı rol barədə
başqa fəsillərdə danışmışıq, orada
da xışla əkməni cəmiyyətin ən yüksək
təbəqəsi - likumonlar həyata keçirirlər və
bu mərasimlə sərhədləri
sakrallaşdırırlar. Eyni qayda ilə, iskitlərdə də
xış dörd hakimiyyət atributundan biri kimi hakim ailə
üçün səmadan endirilir, yəni hattilərdə də,
etrusklarda da, iskitlərdə də xış bir hakimiyyət
atributu olaraq ciddi sakral məna daşıyır. Bu bayramda həmçinin
12 qurd adam da iştirak edir. Ümumən hittit mətnlərində
qurd və qurd sürüsü terminlərinə bir çox
yerlərdə rast gəlinir və onlar əsasən, tayfalar və
tayfa strukturları təsvir olunarkən işlədilir. Hettit
hökmdarı I Xattusilisin vəsiyyətində pankusa - nəsillər
şurasına müraciət edən hökmdar "nəsliniz
qurd nəsli kimi bütov olsun" ifadəsini işlədir, yəni
qurd bu cəmiyyətdə bütövlük rəmzi simvolu
kimi xatırlanır. Digər mətnlərdə də xalq
birliyindən söhbət düşəndə "qurd",
"qurd sürüsü" ifadələri geniş işlədilir
(A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.287).
Gördüyümüz kimi, qurd obrazı ilə bağlı
mifik düşüncə etrusk və göytürk cəmiyyətlərində
olduğu kimi, hattilərdə, onlardan sonra hittitlərdə də
böyük önəm kəsb edib.
Hittit mətnlərini
araşdırarkən belə bir nəticəyə gəlmək
olar ki, hatti-hittit təsəvvürlərinə görə
dünya qadın tanrı tərəfindən yaradılıb,
bu cür mifologiya qədim pelask təsəvvürləri ilə
üst-üstə düşür (Robert Qreyvs. Mifı Drevney
Qreüii. - M.: Proqress Tradiüiə. - s.37-38. A.E.Naqoviüin,
"Maqiə xettov" M. 2004. s.35). Hattilərin ali
tanrıları, ildırım tanrısı Tarkunta və
"Ha-an-na-ha-an-na" - analar anası, Günəş ilahəsi
Vurusema hesab olunur (KUB XXXIII, 59, 111). Tarkunta hattilərin və
hettitlərin paytaxtı Hattişanın, Vurusema isə hattilərin
qədim paytaxtı Arinnanın baş tanrısı idi.
İstər hatti dövləti, istərsə də hittit
dövləti etrusklarda olduğu kimi bir ali hökmdara tabe olan
şəhər - dövlətlərdən ibarət idi, hər
şəhərin isə öz hökmdarı, tanrı panteonu
və əsas hami tanrısı olurdu, buna görə
onların tanrı panteonunu müəyyən etmək
böyük çətinliklərlə bağlıdır. Məsələn,
bir hittit tabletində oxuyuruq: "Günəş
tanrısı Sipparda qərar tutub, Ay tanrısı Kusunda,
Şimşək tanrısı Kummidə, İştar
Nineviyada, Nanaya Kiesində, Marduk isə Babildə"
(A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.9).
Tapılan
sənədlərin böyük hissəsi Babil mixi
yazıları ilə yazılıb, hittit dili isə kar və
cingiltili samitləri bir-birindən ayırmağa imkan vermir,
buna görə tanrı adlarının oxunuşu böyük
çətinliklər törədir. Bundan əlavə, mətnləri
yazan xəttatlar eyni zamanda hatti\kaska, hittit, luvi və palay dillərindən
istifadə etmişlər, burada adların və müxtəlif
terminlərin yazılışında çoxlu səhvlərin
buraxılması da istisna deyil (A.E. Naqoviüin, "Maqiə xettov"
M. 2004.). Boğazköy mətnlərinin
yazıldığı dövrdə dini mərasimlərdə
istifadə olunan hatti dili artıq ölü dilə
çevrilmişdi, buna görə xəttatların adların
yazılışında səhv etmələri təbii idi.
Bunlarla yanaşı hittit mətnlərində şumer - babil
terminləri, tanrı və tanrıçalarının
adları da geniş təmsil olunur, burada hansı
tanrının hansı xalqa aid edilməsi böyük çətinliklər
törədir, buna görə də mixi yazıların
müxtəlif alimlər tərəfindən bir-birindən fərqlənən
oxunuşları mövcuddur. Yuxarıda qeyd etdiyimiz məqamları
nəzərə alaraq, qarışıqlıq yaranmasın
deyə, biz yalnız elmi camiyə tərəfindən hatti
tanrıları kimi təsbit edilmiş tanrıları nəzərdən
keçiririk.
"Hassumas"
törənlərindən bildiyimiz kimi etrusklarda olduğu kimi,
hattilərin panteonunda da 12 əsas tanrı olub. Panteonun
başında Tar\Tarkunta adlanan Şimşək tanrısı
və Vurusenna adlı Günəş və Səma
tanrısı dayanır, ümumən bu iki tanrı müxtəlif
adlar və ya epitetlər altında bütün şəhərlərin
baş tanrılarıdır. Onlar ölkənin və
hökmdarların hamiləridir, hökmdarlar onların
hökmü ilə taxtda oturur, başqa dövlətlərlə
sazişlər bağlayırlar. Tabletlərdə deyilir:
"Mənə dövləti və əraziləri Günəş
və Şimşək tanrıları verdi" (KUB
XXIX,1,I,17-19; A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004
s.426).
Etruskların
ali tanrıları Tin və Uni adlanır, sonralar onların
sırasına Menerva da əlavə olunub, amma hattilərdə
hələ belə triumfirat yoxdur, amma Hattilərin Şimşək
tanrısı Tarkuntanın adı etruskların əcdadı
hesab olunan Tarkona çox bənzəyir. Hatti\kaska mətnləri
hələlik tam öyrənilməyib, ola bilsin ki,
Tarkların Tarkunta ilə bağlılığı barədə
hər hansı bir mif də var və gil lövhələr
labirintində öz tədqiqatçısını gözləyir.
Hatti mifik
təfəkküründə Şimşək tanrısı
ilə yanaşı Günəş tanrısı Vurusenna da
mühüm yer tutur, mətnlərdə o həm də
"Haannahaanna" ("Ha-an-na-ha-an-na")
adlandırılır. "Haannahaanna"nın tərcüməsi
elmdə "analar anası", "böyük ana" kimi
qəbul edilib. Hatti dilində "anna" məfhumu türk
dilində - ana, "atta" - ata mənasını verir, bəzən
attaş, annaş ifadələrinə də rast gəlinir
(İvanov V.V. Xettskiy əzık. M. 2001. s.48). Etrusk mətnlərində
bu terminlər "api" və "ati" kimi qeyd olunub.
Hatti panteonunda olan ilahə Vurusennanı pelask
Aylitiyası\İlifiyası, iskit Tabitisi, etrusk Unisi ilə
müqayisə etmək olar. Uninin daha qədimdə etrusk dilində
ana mənasını verdiyini, onun mənşəyinin hatti
"anna"sından gəldiyini də güman etməyə
ciddi əsaslar var.
Hattilərdə,
etrusklarda və türklərdə olduğu kimi, hökmdarlar
həm də kahin funksiyası daşıyırdı. Mətnlərdə
tabarni-lugalli ifadəsinə rast gəlinir, şumer-akkad mənşəli
luqal kəlməsi etruskların lukumon kəlməsi ilə
eyni prinsip üzrə qurulub. Hatti dilində hökmdar tabarna,
onun qadını (katun) tabananna adlanırdı, şumerdə
isə hökmdar kahinlərə en-luqal deyilirdi (A.S.Kasğən.
LEKSİÇESKİE KONTAKTI XATTSKOQO ƏZIKA. S-Peterburq. Nauka.
2010).
Hittit mətnlərində
Apuluna adlı tanrı adı da keçir (KUB XXIX 1), onu etrusk
Aplusu, ellin Apollonu ilə müqayisə etmək olar. Hattilər,
etrusk və göytürklərdə olduğu kimi, kainatı
üç şaquli dünya kimi təsəvvür edirdilər.
Tabletlərin birində deyilir: "Yuxarıdakı tanrılar
özlərinə səmanı götürdülər,
aşağıdakı tanrılar Yeri və alt ölkəni
götürdülər" (Otten H. \ Siegelova J, "Die
hethitischen Gul-Gottheit ... 1970, c. 32). Hettit mətnlərində
verilən ovsunların birində isə Üçpilləli
dünya ağacı təsvir olunur. Onun yuxarısında
qartal, ortasında arı, aşağısında ilan qərar
tutur (Arzinba 1977, s.119-120).
Hattilər
Orta dünyanı "arılarla" ilişkiləndirirdilər,
ilahə Vurusennanın epitetlərindən biri də Kamrusepa (Kam
ru se pa) idi və bunu "arı pətəyinin ruhu" kimi tərcümə
edirlər, yəni burada "kam" - ruh,
"ru"\"uru"- arı mənasını bildirir
(A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.35). Bu İlahənin
digər bir epiteti də "Katah sipuri"dir, bu da quş
kraliça, uçan kraliça, yəni ilahə kraliça
kimi tərcümə olunur. Hattilərdə tabarna, tabannana məfhumları
ilə yanaşı, kral mənasını verən
"kat" məfhumunun işləndiyini də
görürük. Bildiyimiz kimi, prototürklərdə kat\kay
həm də hökmdar mənasını verirdi, kraliça
isə katun adlanırdı. Hattilərdə Vurunkati\Vuruskati
adlı savaş tanrısı da olub, bunu da "vuruş
kralı", savaş kralı kimi anlamaq olar. Mətnlərdə
Papa aya, İstusta aya, (KUB XXIX 1) kimi Aşağı dünya
tanrılarının adları da keçir. Tanrı Papa
ayanı etrusk "papayoy"u ilə müqayisə etmək
olar. E.ə. VII-IV əsrlərdə Anadoluda insanların Aya
adlanan Ay tanrısına tapındıqları ilə
bağlı məlumatlar var (Stepanyan A.O. 2005). AY\AYS məfhumu
etrusklarda tanrı mənasında işlənir, hittit
yazılarında şumer və akkadda olduğu kimi tanrı mənasında
dingir işarəsindən istifadə olunur.
Pelasklar
baş ilahələrini Ayilitiya adlandırırdılar,
uzmanların rəyinə görə etrusk tanrısı Ayta
da, yunan tanrısı Aid də pelask mənşəlidir. Paul
Kreçmer pelaskların yunanlardan öncə Balkanlara
Anadoludan getdiklərini və linqvistik izlər
qoyduqlarını bildirir [Kretschmer P. Enleiting in die Geschihte der
griechichen Sprache. Gottingen, 1896]. Jeyms Mellartın və Frits
Şahenmayerin Çatal-Huyukda apardığı arxeoloji tədqiqatlar
Kreçmerin mülahizəsini təsdiqlədi və onlar pelaskların
e.ə. IV minillikdə Kiçik Asiyadan Egey dənizi hövzəsi
vasitəsilə adalara və Balkanlara köçdüklərini
bildirdilər [Schachermeyr 1976; Mellaart 1965-1966; Mellaart 1975.
"Southeastern Europe: The Aegean and the Southern Balkans]. Buradan
çıxış edərək hattilərin və
pelaskların etnik yaxınlığı barədə də
mülahizə yürütmək olar, çünki bir
sıra tədqiqatçılar tərəfindən
pelaskların bir müddət Anadolunun şimalında
yaşadıqları, Kulses, Aplu, Yanus kimi tanrılar barədə
təsəvvürləri Etruriyaya apardıqları güman
olunur. Həmçinin etruskların İtaliyaya köç
etdikləri qədim Lidiya əraziləri də pelaskların
yaşadıqları ərazi ilə bağlı ola bilərdi
və onların hər ikisini etruskların əcdadı saymaq
olar (A.E.Naqoviüin, "Maqiə xettov" M. 2004. s.128).
Pelasklardan
başqa kaşka adlanan xalq da hattilərə yaxın hesab
olunur. V.Melikişvilinin, Q.Qiorqadzenin və İ.Dyakonovun tədqiqatları
hattların və kaşkaların\kaşqayların dillərinin
yaxın olduğunu göstərir. E.fon Şuler
kaşkayların Kiçik Asiyaya m.ö. II minilin ortasında
gəldiyini qeyd edir. Q.Qiorqadze isə kaşkaları Kiçik
Asiyanın ən qədim yerli sakinləri hesab edir və
onları həmin ərazidə m.ö. III minillikdə
yaşamış hattilərlə qohum xalq sayır. Bu gün
İranın cənubunda yaşayan türkdilli kaşqay
xalqını kaşkaların varisləri hesab edənlər də
az deyil. Həmçinin qədim kaspiy xalqını da hatti və
kaşkalarla bağlayanlar var.
Mənim
bu yazımda hattilərin dil xüsusiyyətlərini,
mifologiyasını və inanc sistemini geniş şərh etməyə
imkan yoxdur, bunun üçün geniş tədqiqat işləri
aparılmalıdır. Bu məqalə də daha çox
informativ xarakter daşıyır, düşünürəm,
burada verilən məlumatlar tariximizlə məşğul olan
tədqiqatçılar üçün faydalı olacaq və
onlar tariximizin bir səhifəsi olan hatti mədəniyyəti
ilə daha dərindən maraqlanacaqlar. Ümumtürk və qədim
Azərbaycan tarixi ilə bağlı daha elmi dəlillərə
söykənən araşdırmalar aparacaqlar, Hatti, Hurrit,
Urartu kimi dövlətlərin xalqımızın tarixində
və etnogenezində oynadıqları rolu gələcək nəsillərə
çatdıracaqlar. Türk və Azərbaycan tarixi o qədər
qədim və zəngindir ki, başqalarının onu mənimsəməyə
çalışmalarına həmişə barmaqarası
baxmışıq. Azərbaycan alimi Kamran İmanov hattilərin
Qafqaz Albaniyasının etnogenezində ciddi rol oynamaları barədə
çox maraqlı mülahizələr irəli sürür və
Azərbaycan və Türkiyənin elmi dairələri nəhayət,
bu məsələyə daha məsuliyyətli yanaşacaqlar.
Elxan
Zal QARAXAN
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.30-31.