Payız melanxoliyası
Hekayə
Yuxulu gözlərində yol fənərlərinin işıqları
bulanıb yayılmağa başlayanda maşını kənara
çəkməli olduğunu qətiləşdirdi; Balaxanının
mazut qoxulu çöllərindən şəhərin
girişinə kimi mürgüləyə-mürgüləyə
- Allah umuduna sürüb gəlmişdi. Xırdavat
köşkünü görüb qəfil tormozladı,
xanım müştəridən su almaq adıyla icazə istəyib
düşdü. Ayaqları sözünə baxmırdı;
yorğunluqdan və həyəcandan dizləri
qatlanırdı. Maşının arxasına keçib siqaret
yandırdı. Gecənin ayazı açıq yaxasından
soxulub kürəyinə toxunanda bədəni gizildədi,-islanmış
sərçə kimi büzüşdü. Lakin bu soyuq təmasdan
bayaqdan bəri amanını kəsən yuxusu da sərçə
topası kimi perik düşdü, beyni aydınlandı,
yavaş-yavaş qamətini düzəltdi. Su almağa
lüzum qalmadı. Yeddi gün, yeddi gecə yatıb-durmuş
div kimi gümrah idi. Bayaqkı qarabasmaları
xatırladıqca sağ-salamat gəldiyinə təəccüblənib
qorxu və sevinc qarışıq qəribə hisslər
keçirtdi: qəsəbənin yalın-çılpaq
çöllərində neftvuran mancanaqları dəvəyə,
bu biyabanlığın arasıyla burulub-açılan, ensiz
asfalt yolu quyruğukəsik qara bir ilana, uzaqdan zəhrini yaran bədheybət
maşınları isə ac canavarlara bənzətmişdi, -
gözləri ehtirasla alışıb-yanan bu əcaib
varlıqlar indicə üstünə atılıb
şaqqalayacaqdılar onu, qorxudan az qalmışdı
maşını dərəyə aşırsın. Ancaq hər
dəfə də gözəgörünməz bir əl nəhəng
quş kimi maşını caynağına götürüb
onu bu yırtıcıların ağzından
almışdı.
Siqaretini
çəkib maşına
qayıtdı.
- Qardaş, neçə dəqiqəyə çatarıq?
- Naviqator on yeddi dəqiqə
göstərir, xanım, azca səbrli olun,
çatırıq.
Dediyi vaxtdan da iki dəqiqə
tez çatdı ünvana. Xanım müştərini
Bakının ucqarındakı "Yeni Günəşli"
qəsəbəsinin eyni rəngdə, eyni biçimdə
doqquzmərtəbə binalarla hasarlanmış
işıqlı bir məhəlləsində maşından
düşürüb mühərriki söndürdü,
telefonda sifarişləri tək-tək gözdən
keçirməyə başladı: Bu yox... Bu yox...Bu da yox...
Xaşaxuna bağları, -gedər-gəlməz! -evinin istiqamətinə
uyğun sifariş axtarırdı, sözləşmiş kimi
hamı da köndələn gedirdi; kimi bir az şimaldakı kənd
və qəsəbələrə, kimi dəniz boyu cənuba
doğru. On dəqiqə keçmədi, bu köndələn
sifarişləri də bircə-bircə dənlədilər.
Zaman keçdikcə ümidi sozalır, gecənin bu vədəsi
evlərindən çox-çox uzaq, yad məhəllədə
şimal küləyinin ulartısı da bir yandan əsəblərini
gəmirirdi. Bu idbar səsi eşitməmək
üçün radionu qoşdu. "Gecə saat on ikidir"
- radioda dedilər. Demək, noyabr da belə getdi... Yeni il
qapıdadır... Bir möcüzə baş verməsə,
çox güman, qırx beş ilimin ən ağır
"yeni il"ini qarşılamalı olacam... Heç cür
toparlana bilmirdi; küləyin sovurduğu qum dənəcikləri
kimi müqavimətsiz və aciz idi. Buna qədər
üstünə yerikləyən qayğıları çətinliklə
də olsa, dəf etməkdən həzz alır, önünə
çıxanı dəqiq sağ-sol zərbələriylə
yerə sərən əzmkar boksçu kimi güvənirdi
özünə. Qəfil yorulduğunu,
gücsüzlüyünü anlamış, təslim
olmağa qərar vermişdi. Elə bilmişdi bu əngəllər
heç vaxt bitib-tükənməyəcək.
Qarşısındakı çinarın təklənmiş
iri yarpağı küləyə müqavimət göstərir,
heç cür qopmaq istəmirdi. O da bir az əvvəl bu
sarı-qırmızı yarpaq kimi inadkar idi, birdən-birə
beyninin zəhərli həlməşiyi qanına
qarışıb əzalarını qıc etmişdi.
Əsiri olduğu bu kədərin səbəbini anlamaqda aciz
idi. Borca görədir? Yox...Bundan da çox borcum olub. Həm
də dünyada krediti, borcu olmayan adam yoxdu, hamı da birtəhər
yaşayır. Niyə özümə əl qatmışam
axı... Bitəcək! Geci-tezi var. O kişi necə
deyirdi:"Stress və gərginlik onları necə qəbul
etməyimizdən asılıdır. Beyninizi idarə edin,
yoxsa, o sizi idarə edəcək." Əslində
psixoloqların hamısı aşağı-yuxarı, eyni
şeyi deyir: "Stres və depressiyalar beyninizin məhsuludur.
Bu gününüzlə yaşayın, sabahı fikirləşməyin".
Beyni idarə etmək təyyarə sürmək qədər
çətin işdir, iradə istəyir adamdan, hörmətli
psixoloqlar. Mənim kimi tükənmiş adamlara da bir resept
uydurun, zəhmət olmasa.
Hikkəli külək nəhayət,
istəyinə çatdı; o tək
yarpağı da qoparıb harasa sovurdu...
Evlərin pəncərə gözləri
yumulduqca, daha da tənhalaşırdı.
"Bakı yuxuya gedir", - pıçıldadı. Getdikcə
bu tənhalıq təlaşa çevrilirdi. Oğlunun zənginə
ehtiyac duydu. Yatıb, çox güman. Böyüyüb əclaf...
- gözlərində zəif təbəssüm işardı
- Uşaq olanda qoymazdı bir yerdə oturum; saatdabir zəng
vururdu, evə gəlim deyə ağlayıb özünü
öldürürdü, mənsiz yatmırdı...İndi
Allahın da yadından çıxmışam.
"Facebook"a girdi. Yaxın
dostlarından birinin xətdə olduğunu göstərən
yaşıl işığı yanırdı. Bunu
görüb, az da olsa toxtadı. Arada bir-iki köndələn
sifariş də düşdü, sonra yenə səssizlik.
Quzunu qurda yedirdən o xain yuxu qayıdıb gəlmişdi,
bir neçə dəfə ard-arda əsnədi. İsti
yorğan-döşəyində
mışıl-mışıl yatan adamları təsəvvür
edib bərk paxıllandı. Maşın soyumuş,
ayaqları üşüyürdü. Evlərində olmaq istəyirdi.
Evimizə tərəf sifariş düşməyincə yerimdən
tərpənən deyiləm,-qərarlıydı,-qırx
kilometr yolu boş-boşuna yanacaq yandırmağım
hansı günümə yaraşır? Hələ qaz
kartına da pul yükləməliyəm. Mühərriki
işə salıb sobanı qoşdu. Oğrun-oğrun salona
yayılan istilik yavaş-yavaş beynini xumarlandırır,
göz qapaqları ixtiyarsız yumulurdu. Yarım saat idi
yatdığı, ancaq elə bildi heç beş dəqiqə
çəkməyib, sifarişin hay-həşirinə
oyandı: Xırdalan, Misir parkı, 9 manat. "Lap
yaxşı, yolumun üstüdür". On dəqiqə
sonra ünvanda idi. Blokun ağzında cavan bir ailə
dayanmışdı. Toxunma idman papağını gözünün
üstünə çəkmiş otuz-otuz beş
yaşlı, idmançı görünüşlü
oğlan arxa qapını açıb xanımını və
azyaşlı qızını maşına ötürəndən
sonra sürücünün yanındakı oturacağa təpildi.
- Axşamınız xeyir, yaman soyuqdur, zəhmət olmasa, şüşəni
qaldırın, - cavan oğlan silkinib əlini əlinə
sürtdü. Salonun sönməkdə olan
işığında oğlanın üzünə diqqətlə
baxa bildi: yekə, sivri burnu papağın altından dirsək
kimi çıxmış, çıxıntılı
çənəsi aydın cizgilənmiş, yanaq
sümüyü sərt və qabarıq idi. İtaətkarlıqla
şüşəni qaldırıb maşını yerindən
dəbərtdi.
Oğlanın rusdilli olduğunu
anlamaq çətin olmadı ona; qonaq
olduqları məclisdən təəssüratlarını
xanımıyla bölüşəndə "to estğ"
və "tipa" kimi sözlər işlətmişdi.
"O ağbaş kişi kim idi? Tipa bu hamıdan
ağıllıdır; heç kimə danışmağa
imkan vermədi. Yaşkanın dediyinə görə hörmətli
adamdır, üç universitet bitirib, to est,
inteliqensiyadır. Əşi, bundan mənə nə? Lap elə
Oksfordu bitirsin, - məclisdəki hansısa ağbaş
kişinin qarasınca uzun-uzadı gileyləndi. Kamandara elə
gəlmişdi ki, o ağbaş kişi kim idisə, məclisdə
ən çox ona danışmağa imkan verməmişdi,-adamda
mədəniyyət də yaxşı şeydir".
Xanımı cavab əvəzi susunca qısa bir sükutun
ardından bu dəfə qızına sarı çevrilib
qayğıkeşliklə:
- Hələ papağını
çıxartma, Sofiya, hava soyuqdur, - dedi. Uşaq
da susmuşdu. Hövsələdən çıxıb təkrar
etməli oldu, həm də rus dilində:
- Sofa, şapku ne snimi, slışeş menya? - bu dəfə
səs tonunda qəzəb sezildi.
- Xoroşo - uşaq
könülsüz-könülsüz dilini sürüdü.
Maşının havası getdikcə
ağırlaşırdı, içəri
çox isti idi. Sobanı söndürdü. Az sonra
maşının şüşələri buğlanıb
görməni çətinləşdirdiyindən yenidən
qoşmalı oldu. İçəri dolan quru, isti hava nəfəsini
qarsıyırdı, özü tərəfdən yan
şüşəni azca endirdi. Oğlan gözünün ucu
ilə baxıb sakitcə gödəkçəsinin zəncirbəndini
bir az da yuxarı çəkdi.
Hava küləkli olsa da,
çöldə hərarət on dərəcəni göstərirdi.
Onun vasvasılığı Kamandara qəribə gəlmişdü.
Sümüklü, cavan bir oğlanın
sağlamlığına bu qədər həssas
yanaşması onu, hətta qıcıqlandırırdı.
Oğlan da Kamandarın qəzəbini duymuş kimi dilləndi:
- Dayı, bağışlayın,
yaxınlarda soyuqlayıb həstələnmişdim,
on gün olar sağalmışam. Adama nə olursa, soyuqdan
olur, - "dayı" deməyi xoşuna gəlməsə də,
Nərgizi xatırlayıb gün ərzində ilk dəfə
gülümsünmüşdü Kamandar; keçmiş
iş yoldaşı Nərgizi. O da "xəstəliyə"
"həstəlik", "xəngələ" "həngəl"
deyirdi. Hər iki təhsilini rusca bitirmiş Nərgizin
gülməli azərbaycancasını, solğun, zərif
çöhrəsini, səmimi gülüşünü, - bu
zərif qızcığaz təkcə ağzıyla deyil, həm
də gözləriylə gülməyi bacarırdı, -xəyalına
gətirdikcə beyninin toranlığı əriməyə
başlamış, dodağının ucuna
pişikgülüşü - gizəmli bir təbəssüm
qonmuşdu.
- Rəhmətlik babam yayda da kürkünü əynindən
çıxartmırdı, - oğlanın
görünüşünə uyuşmayan cingiltili səsi
Kamandarın qulağını cırmaqladı, -"hələ
istidən ölən olmayıb"- deyirdi, - "biz cənubluyuq,
qütb ayısı deyilik". Rəhmətlik düz deyirdi də,
elə deyil, dayı? - üzünə baxıb təsdiq etməyini
gözlədi. Hikkəsindən təsdiqləmədi Kamandar, əvəzində
suala sualla cavab verib "dayı" sözünə görə
cəzalandırmaq istədi onu:
- Neçə yaşın
var ki, sənin?
- Otuz altı! - oğlan onun
bu sualı niyə verdiyini anlamamışdı, məlul-məlul
üzünə baxıb əlavə izahat gözlədi.
- Qırx beş də məndədir, vur-tut, doqquz yaş fərqimiz
var, ancaq mənə "dayı" deyirsən, - getdikcə
səsini aldı.
- Doğrudan qırx beşdir? - oğlan da istilənmişdi,
papağını azca yuxarı çəkib məmnunluqla
gülümsədi. Lakin Kamandarın qəzəbli
baxışından tez də özünü
yığışdırmalı oldu - to est, elə bildim əllidən
yuxarıdır yaşınız, vallah.
Kamandara
elə gəldi ki, o,
bunu qəsdən edir. Hirsindən gicgahındakı
damarları qabardı.
- Lap olsun əlli yaş. On
dörd-on beş yaş özündən böyüyə
dayı deməlisən? Adamları sevindirmək də
mümkündür axı. Məsələn, qardaş deyib
özünlə tay-tuş tutmağın kimə nə
ziyanı var axı? Əksinə, könül sevindirmiş
olarsan - yarı qəzəb, yarı kinayəylə dediyi
sözlərdən oğlanın pərt olmağı az da
olsa, onu rahatlandırdı. Hesab bərabərləşmişdi.
Araya xoş olmayan, sanki nəyinsə baş verəcəyindən
xəbər verən qəribə bir sükut
çökdü. Radionun səsini qaldırdı. Verilişin
qonağı yaxınlarda bitmiş COP-29 tədbirindən, o tədbirin
qonaqları olan Tuvalu respublikasının baş nazirindən,
hindistanlı mütəfəkkir Sadxqurudan, Amazon meşələrinin
nümayəndəsindən və başqa ekzotik qonaqlardan
danışırdı. Rusdilli oğlan yenidən arxaya
çevrilib:
- Qızım ata həstələnməsəydi, o da bu tədbirdə
olacaqdı, - dedi. Ancaq bunu elə dedi ki, qızından
çox arvadına və sürücüyə eşitdirmək
istədiyi aydın bilinirdi. Çünki bir gözü
Kamandarın üzündə idi, görsün nə reaksiya
verəcək. Sürücünün ona baxdığını
görən kimi də arxayınlıqla davam etdi:
- Düzdür, yolların bağlanmağı adamlara çətinlik
yaratdı, ancaq çox vacib tədbir idi. Həm də ölkəmizi
bundan sonra hər yerdə tanıyacaqlar.
- Məsələn, harda?
Tuvaluda? Yoxsa, Amazon meşələrində? - Kamandar radionun səsini
aldı - Mən hələ Tuvalu adında dövlət
eşitməmişəm.
- Tuvalu deyib keçməyin,
müəllim. Nə olub ki, Tuvaluya? To est, müstəqil
ölkədir, BMT-nin üzvüdür. İqlim dəyişikliyindən
ən çox əziyyət çəkən də
onlardır. Təsəvvür edin, ölkənin ən
yüksək nöqtəsi dəniz səviyyəsindən cəmi
dörd-beş metr hündürdədir. Dəniz qalxsa, adalar
su altında qalacaq. O cümlədən, Amazon meşələri;
quraqlıqdan sürətlə məhv olur. Türkiyədə
olan meşə yanğınları yadınızdadır? -
birdən-birə sanki meşə yanğınlarının
içinə düşdü, hövüllənib
papağını başından götürdü, - bizə
hələ çatmır ki, ağac tənəffüs deməkdir,
o yoxdursa, oksigen də yoxdur. Bakıda hava çirkliliyi az qala
Çinin şəhərlərinə çatır - rusdilli
oğlanın səlis nitqi, savadlı və rabitəli
cümlələri Kamandarı xeyli təəccübləndirdi.
- Bəs sosial vəziyyətimiz necə? Düzələcək?
- Kamandar işarə barmağını baş
barmağına sürtüb istehza ilə pula işarə
etdi.
- Ağıllı adamlar həmişə pul qazanmağı bacarıb.
Gözlənilməz cavabdan Kamandar bərk tutuldu,
ürəyində "az aşın duzu deyilmiş
qırışmal" - dedi. Növbəti dəqiq zərbəylə
oğlan hesabda yenə önə keçmişdi.
- Mən ali təhsilliyəm,
alverçi kimi böyüməmişəm, - Kamandar hiddətləndi,
- iş tapa bilmirəm, yuxu gözümdən tökülə-tökülə
taksi sürüb hər itə-qurda xidmət göstərim
deyə, təpik döyməmişəm o universitetə.
Kamandarın cavab atəşindən
oğlan özünü itirib əvvəlcə
sağa-sola qurcuxdu, sonra boğazını arıtlayıb nəsə
demək istədi. Ancaq bacarmadı, - susdu. Kamandara elə gəldi
ki, maşında hamı nəfəsini içinə çəkib
dondu, mühərrikin yeknəsək uğultusu da kəsdi.
Sanki Məsih elə indicə həvarilərini başına
yığıb: "Qardaşlar, aramızda xain var" -
demişdi. Ancaq bu öldürücü sükunətin
ömrü də Kamandarın zəfər sevinci kimi çox
çəkmədi; oğlanın üzündəki uşaq məsumluğunu
görüb peşmanladı: "Ailəsinin yanında
heç xoşagələn danışmadım". Bu dəfə
səsini minor tona salıb bayaq dediklərinə əlavə
etməyi vacib bildi: "Hər dəfə sizin kimi
müştərilərlə yol getmək qismət olmur.
Gün ərzində o qədər axmaq adamlarla ünsiyyətə
məcbur oluram ki..." Yumşalmağı həmsöhbətinin
xoşuna gəldi, qalın qara qaşlarının
ortasından buz baltası kimi sallanan iti şümşad burunu
enlənib üzünə yayıldı.
- Hansı universiteti bitirmisiniz?
- Politexniki - Kamandar iş
müsahibəsinə gəlmiş kimi ümidlə cavab verdi,
- "Mexanika" fakültəsi, "Texnoloji maşınlar
və avadanlıqların istismarı" ixtisası.
- Neçə cür armatur var, müəllim, deyə bilərsiniz?
- oğlanın işəgötürən ədasıyla
verdiyi gözlənilməz sualından indi də Kamandar
tutuldu.
- İmtahandayıq? - nümayişkaranə
incikliklə qarşılıq verdi, - yoxsa məni işə
götürməyə hazırlaşırsan?
- Niyə əsəbiləşirsiniz,
elə belə soruşdum, - oğlan sakit
tövrünü pozmadı, heç nə olmamış kimi
qabağa - yola baxmağa davam etdi. Onun təkəbbürü
az qalsın Kamandarı özündən
çıxaracaqdı, birtəhər səbrini basdı.
- Mən mexanikəm, dedim, metallurqam, demədim. Ancaq armaturlardan da
başımız çıxır, - əsəbiliklə
gülümsəyib əlavə elədi: səkkizlik, onluq, on
ikilik, on dördlük, on..
- Aydındır, müəllim,
- oğlan sözünü bitirməyə qoymadı, - bəs
deyə bilərsiniz, bu armaturlar hansı növ armaturlara
aiddir, yəni onlar sənayedə nə məqsədlə
istifadə olunur?
"Əcəb işə düşdük" - Kamandar ürəyində
deyindi. Bu xoşagəlməz tipə uduzacağından yana,
keçirdiyi narahatlıq üzünə yansıdı,
boğulub-qaraldı:
- Necə yəni, nə məqsədlə istifadə olunur? -
sualın elmi-nəzəri izahını bilmədiyi hamıdan
qabaq özünə məlum idi, sualı təkrarlamaqla sadəcə
düşünməyə vaxt qazanırdı. Ancaq nə
olur-olsun, susmamalı, - məntiqinə söykənib nələrsə
quraşdırmalı idi.
- Bunu uşaq da bilir ki, dəmir-beton
konstruksiyaların möhkəmliyi üçün istifadə
olunur armaturlar, yox? - tərəddüdlə verdiyi cavabdan
özü də əmin deyildi.
- Qismən doğrudur. Ancaq
yenə deyirəm, sadəcə, qismən. Ümumilikdə isə
qətiyyən dolğun cavab sayılmır, - oğlanın əzici
sarkastik ədasından Kamandar dərsini bilməyən
uşaq kimi sıxıldı,- icazə verin, niyəsini də
izah edim. Baxın, müəllim, armaturlar əsasən, iki
qrupa bölünür: qoruyucu və tənzimləyici
armaturlar. Düzdür, sizin dediyiniz armaturlar da qoruyucu armatur
sayılır, intəhası, onlar tikinti sektorunda istifadə
olunur. Sizin ixtisasınızın isə "texnoloji
maşınlar və avadanlıqların istismarı"
olduğunu nəzərə alsaq, bu avadanlıqların istismar
olunduğu neft-kimya sənayesində, maşınqayırmada və
digər avtomatlaşdırılmış sənayedə
armaturlar dedikdə, əsasən qoruyucu yaylı klapanlar, əks
klapanlar, zadvişka dediyimiz sürgülü siyirtmələr,
membran klapanlar və s. nəzərdə tutulur. Məsələn,
boruyla nəql olunan mühitin işçi təzyiqi
artdığı halda, əgər yaylı klapanlar yuxarı
qalxıb izafi təzyiqi çölə buraxaraq prosesi normaya
salırsa, əks klapanlar texnoloji prosesin pozulması zamanı
nəql olunan işçi mühitin geri axınının
qarşısını alır, - oğlan əks klapanın
iş prosesini aydın göstərmək üçün əlini
havada şaquli vəziyyətdə sallayaraq
yuxarı-aşağı qaldırıb-endirdi. İnciməyin,
müəllim, indiki şəraitdə, yəni neo-kapitalizm
dövründə iş tapmaq üçün çox
üst səviyyədə biliklərə sahib olmaq
lazımdır, sizin məhdud bilikləriniz təəssüf
ki, kafi sayılmır. Oğlan aşkar üstünlüklə
önə keçmişdi. Kamandar onunla ayaqlaşmağın
mümkünsüzlüyünü anlayıb bu mənasız
döyüşdən geri çəkilməli olduğunu qətiləşdirdi.
Təkəbbürlü biləndə isə elə bu qələbə
ovqatıyla başını yenidən qızına sarı
döndərib:
- Sofoçka, necəsən?
- soruşanda yüngül gəyirdi, nəfəsindən vuran
qıcqırmış sarımsaq qoxusu Kamandarın beyninə
işlədi. "Bayaqdan ağıllı-ağıllı
yaşıl enerjidən, təmiz havadan, tənəffüsdən
danışır, naqqal" - ürəyində
donquldandı. Əslində bayaqkı məğlubiyyətini
unutduracaq əla bir fürsət düşmüşdü əlinə,
ancaq ailəsinin yanında bunu onun üzünə
vurmağı etik saymadı, susmağa üstünlük
verdi.
Qızından yenə səs çıxmırdı. Atası növbəti
dəfə təkrar soruşanda:
- Yuxum gəlir, ata. Çatmırıq bəs? - uşaq
zarıya-zarıya onun sualına sualla cavab verdi.
- Yox hələ, bir az yolumuz qaldı, qızım.
Papağı çıxarda bilərsən başından,
yoxsa, tərləyəcəksən, düşəndə
soyuq olacaq - yenidən üzünü yola tərəf
çevirdi.
Salona yenə sakitlik çökdü. Qızcığazın
yuxusu Kamandara yoluxdu. Başını qatmaq üçün
radionu flash-karta çevirib azca səs verdi.
- Bu nədir belə? -
oğlan məzəmmətlə qarşıda gedən ağ
"Prius"a işarə etdi, - yəni mən
döyüşdə olmuşam, vuruşmuşam?
- Nə? Nəyi deyirsən? -
qarşılarında şütüyən hər üç
maşının ora-burasına baxsa da, qəribə heç
nə görmədi Kamandar.
- Baqajın qırağına
avtomat şəkli
yapışdırıb - oğlan işarə
barmağını sağdakı maşına tuşladı.
Nəhayət, söhbətin nədən
getdiyini anladı.
- Bəlkə də demək istəyir, kriminal oğlanam, məndən
aralı gəzin. Onun yozumuna oğlanın gülməyi tutdu.
Kamandar da tənbəlliklə dodağının bir
küncünü yuxarı qaldırdı.
- Olar? - oğlan maqnitofona işarə edib
mehribanlıqla soruşdu.
- Olar. - Kamandar candərdi dillənib
gözünün ucu ilə onu müşahidə etməyə
başladı; bir neçə mahnını ötürüb
Vladimir Vısotskidə əlini saxladı. Məmnun görkəm
alıb bir az səs verdi mahnıya:Vısotski "Koni
priviredlivıe" - "Dəlisov atlar"
mahnısını oxuyurdu.
- Müəllim, sizə Vısotskinin bir əhvalatını
danışım? - Kamandardan soruşdu.
- Danış.
- Bir axşam paxmel-paxmel
Moskvadakı evindən çıxıb içki almağa
yollanıbmış. Küçədə cavan bir oğlan
onu tanıyıb avtoqraf istəyəndə kobudluq edir:
"Başqa vaxt qardaş, başqa vaxt", - deyib
başından eləyir adamı. "Yəni mən nə
hayda, bu nə hayda?!" Bundan bir neçə gün sonra
birinci arvadı Marina Vladi ilə Fransaya, Kann
kinofestivalının açılışına dəvət
alır. Qaldığı hotelin balkonuna çıxıb
siqaret yandıranda qonşu balkonda kimi görsə,
yaxşıdır?
- Alen Delonu - Kamandar sövq-təbii dedi:
- Xeyr, müəllim, Jan
Qabeni görür - Kamandarın tanımayacağını
bilib izahat verdi - o bir kino var e, siz də baxmış
olarsınız: "Tayna fermı Messe". Ferma sahibinin nəvəsi
narkobaronlara ilişir. Fermaya razborkaya gələnləri
babası güllələyib maşınlarını göldə
batırır. Sonra polislər...
- Hə, baxmışam, -
Kamandar sözünü ağzında qoyub laqeydliklə dilləndi,
-polislər onun günahını sübut edə bilmirlər.
- Dəqiq! - oğlan sevincək dilləndi, -
Bax, o rolda Jan Qaben çəkilib. Bu gün də ona
fransız kinosunun "mükəmməl susa bilən
aktyoru" deyirlər. Səhv etmirəmsə, Fransua Trüfo
demişdi: "Jan Qabenin susqunluğu çox şeyi
danışır".
- Hansı rolda? - Kamandar
soruşdu.
- Baba rolunda - bir az incik səslə deyib əlavə
etdi, - nə isə, Vısotski o aktyoru görüb uşaq
kimi sevinir, özünü saxlaya bilməyib əl edir,
salamlayır, to est, gic-gic hərəkətlər edir. Jan Qaben
isə başını bulayıb içəri keçir.
Deyir: onda başa düşdüm ki, bu dünyada nə edirsənsə,
mütləq qarşına çıxır; necə ki,
Moskvada etdiyim kobudluq qarşıma çıxıb məni cəzalandırdı
- sözünü bitirib həmsöhbətinin üzünə
baxdı yenə. Əhvalat Kamandarın xoşuna gəlmişdi,
öz növbəsində o da razılıqla
başını tərpətdi.
"Dəlisov atlar"ın ardınca Vısotskinin
başqa bir mahnısı - "Vse ne tak, rebəta" -
"Heç də elə deyil, uşaqlar" - səsləndi.
Cavan oğlan yola çıxandan bu yana, yalnız indi
uzunmüddətli susdu. Ancaq musiqinin sonunacan yenə səbri
çatmadı, danışmalı oldu.
- Deyirlər, tipa narkotikdən peredoza düşüb
ölüb, ancaq elə deyil! Onu Özbəkistanda - Buxarada zəhərləmişdilər.
Kamandarın maraqla dinlədiyini
görüb şövqlə
danışmağa başladı:
- Bürokratiyaya, haqsızlığa
aid şeirlərinə, mahnılarına görə KQB zəhərlədi
onu. Buxaradakı konsertindən qabaq morfi axtarmaq
üçün yerli bazara çıxıbmış. Xəbər
şəhər KQB-sinə çatır, Moskvadan göstəriş
alıb cəld hərəkətə keçirlər. Qənimət
adlı verbovka olunmuş narkokuryer ona morfi adıyla zəhər
verir. Düz bir ilin tamamında infarkt miokarddan
dünyasını dəyişdi Vısotski. Zəhər
ürəyini parçalamışdı. Bunu mənə
Moskvada bir özbək aşpaz danışıb. Deyirdi,
Buxarada bu söhbəti bilməyən yoxdur. O Qəniməti
isə Vısotskini sevən yerli kriminallar
öldürtdürür.
- O Qənimət də
yüz faiz azərbaycanlı olub - Kamandar əsnəyib dedi.
- Yox, özbək.
- Bizim addır axı Qənimət.
- Əslində, heç bizim də deyil. To est, Qənimət qədim
yunan mifologiyasında Troya çarı Trosun oğlu Qanimeddir
elə. O qədər gözəl olub ki, - bu yerdə
sağa-sola göz gəzdirib səsini qısdı - lap
qız kimi. Zevsin ondan xoşu gəlir, Hermesin vasitəsi ilə
onu oğurlatdırıb Olimp dağına - öz sarayına
gətirdir. O gündən Qanimed onun şərabçısı,
qulluqçusu olur, rus dilində "vinoçerp" deyirlər.
- Saqi! - Kamandar düzəliş verdi.
- Bəli, bəli! Saqi! - o
da razılaşdı - qənimət sözü, bax ordan gəlir.
Homerin "İliada"sında var bu əhvalat.
Oğlanın çoxbilmişliyi Kamandarın
ona münasibətini yaxşı tərəfə
dəyişmişdi artıq, fenomenal adam kimi baxırdı
ona. Elə bu yerdə yoldaşı əlini oğlanın
çiyninə toxundurub az qala pıçıltıyla:
"Pəncərəni açardın da, ürəyim
sıxılır", - dedi.
- Aça bilmərəm, soyuqdur, - oğlan nəyinsə qisasını
alırmış kimi laqeydliklə cavab verib
papağını yenə başına keçirtdi. Bir
neçə saniyə susub əlavə elədi:
- Sən istəyirsən mən yenə həstələnim? Sənin nə
vecinə?! - kükrədi, - ağrıyan, əziyyət
çəkən mən oluram axı.
Xanımı cavab qaytarmadı.
Yoldaşının xatirinə şüşəni endirəcəyini
gözləyirdi Kamandar. Yuxusunu qovmaq üçün sərin,
təmiz havaya onun da ehtiyacı var idi. Ancaq inadkar ər
şüşəni endirmək əvəzinə yenə
coşdu:
- Axı sənin ürəyin nə istəyir? Nə edirəm,
ürəyin sıxılır... Gül kimi taksiylə gedirik,
deyirsən ürəyim sıxılır. Gərək
avtobusla qayıdaydıq bu soyuqda... - bir neçə saniyə
susub əlavə elədi: niyə başa düşmək istəmirsən?
Belə bir həstəlik yoxdur! Bu, sənin beyninin
uydurmasıdır, vəssalam! - sonuncu cümləni deyəndə
gözünün ucuyla yenə Kamandara baxdı. Növbəti
qısa sükutdan sonra bir də qızışdı:
- Nə qədər pul qoydum müalicənə, yenə deyirsən,
"ürəyim sıxılır". "Ay, panik atak
tutmuşam", "ay psixoloqa apar məni", ay, mən nə
bilim, nə... Ümumiyyətlə, sizdə bu, nəsillikcə
var. Hər şeyi böyüdürsünüz. Elə istəyirsiniz,
məni problemə salasınız.
Nəsil
söhbəti eləyəndə
Kamandar narahat oldu, elə bildi ər-arvad
bu dəqiqə tutaşacaqlar; taksi təcrübəsində
bu hallarla az qarşılaşmamışdı. Ancaq
düşündüyü kimi olmadı, xanımı təmkinlə
susurdu. Oğlan isə əksinə, o, susduqca daha da
qızışırdı:
- Sofiyanı da özünə
oxşatmısan, - bunu deyib qızına tərəf
çöndü və qəfil gözlərini bərəldib
isterik tərzdə çığırdı:
"Sofoçka, sən atanı eşitmirsən? Neçə
dəfə deyim sənə? Hava soyuqdur, papağı
başına qoy! Cəld!"
- Qurban olum, qışqırma,
halım pisləşir, Sofiya da xəstəlik tapacaq. Axı
uşağa özün dedin ki, papağı
çıxartsın, tərləməsin - qadının səsini
bu dəfə aydın eşitdi Kamandar. Bu hüznlü, melodik
səsdə Kamandarın gərgin ruhuna sığal çəkən
mübhəm bir sirr gizlənirdi. Qadına yazığı gəldi.
Oğlanın isə susmaq fikri yox idi. Bu dəfə
üzünü Kamandara tutdu:
- Yox e, qardaş, başa
sala bilmirəm ki, panik atak deyilən həstəlik yoxdur,
"xandra"dır bunun adı - "osennəə
xandra"- vəssalam!
- Halım pisdir, eşidirsən? Heç olmasa, evə kimi sus,
xahiş edirəm - qadın səsini qaldırmadan acizanə
yalvardı ərinə. Kamandarın bütün bədəni
gərildi, ona elə gəldi ki, əri susmasa, qadının
ürəyi partlayacaq. Xoşbəxtlikdən ünvana
yaxınlaşırdılar.
Əri isə bunları eşitmirdi, eşitmək istəmirdi,
heç nə olmamış kimi yenə Kamandardan soruşdu:
- Bilirsiniz, "osennəə
xandra" nədir?
- Bilmirəm! - Kamandar əsəbi-əsəbi
dedi. Artıq ünvana çatmışdılar. Maşın
at kimi yerində mıxlananda qadın arxa qapını
açıb özünü bayıra atdı. Ərinin
heç tükü də tərpənmədi. Gediş
haqqını verib papağı gözünün üstünə
çəkdi, - "payız melanxoliyası", bizim dildə
tərcüməsi belədir, - nəvazişlə
qızını səslədi: "Sofoçka,
çatmışıq, qızım, papağını geyin,
düşürük".
Melanxoliya...
Payız melanxoliyası... Unutmamaq üçün yolboyu bir
neçə dəfə təkrar etdi Kamandar: Melanxoliya... Payız
melanxoliyası... Payız melanxoliyası... Əcəb
sözdür: Melanxoliya...
Babək MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.32-33.