Dünyadakı ən pis
adam, avokado
israfı və xəyanətin
anatomiyası
Yoakim Trierin
"Oslo"
trilogiyasının sonuncu
"Dünyadakı
ən pis adam" filmi haqqında
Yoakim Trierin "Oslo" trilogiyasının
sonuncu "Dünyadakı
ən pis adam" (2021) bədii
filmi skandinav melanxoliyasını,
ekzistensialist sıxıntını
da üstünə gəlsək,
demək olar, postmodern
dünyada özünü
axtaran Y nəsli haqqındadır. Bir proloq,
on iki hissə və bir epiloqdan
ibarət olan film, otuz yaşlı feminist Culidən bəhs edir.
Proloq
Tibb fakültəsinin ən yaxşı tələbələrindən
biri olan Culinin əhvalı zamanla korlanır: smartfonlar, saytlar, xəbərlər və intəhasız beton cəngəllik... Beton cəngəllikdə yaşlanan
canlılara fiziki-bioloji,
psixoloji-mənəvi - hər
cür təsir edən bəşəri qarğaşanın, qadınlarla
kişilərin arasında
yaranan yeni intriqaların,
eko-aktivistlərin şouya
çevirdiyi ekoloji problemlərin - yəni, əvvəlki çatışmazlıqların
üstünə gələn
yeni söhbətlərin ağırlığı.
Culi, ümidsiz günlərin birində bütün bu ağırlığı,
sıxıntını, yəni
texniki-ədədi böhranını
rəqəmsal müstəvidə
həll etməyə qərar verir. Bir gün sanki aydınlanır, özünün
fərqinə varır,
qərara gəlir ki,
o öz ruhunu yad qəfəsin içində
sıxılmağa məhkum
edib və tezliklə bu qəfəsdən qurtulmalıdır.
Bir növ, təzə
gülüstan tələb
etməlidir. Beləcə,
o, kitab mağazasına satıcı
kimi işə düzəlir, fotoqraflıq
kursuna yazılır.
Yeni dostlar, fərqli məkanlar... Anatomik kimliyindən uzaqlaşdıqca
fərqli yaşam tərzlərinə, fərqli
insanlara yaxınlaşır
və axtarış yolunun başında tanınmış karikaturaçı,
komikslər yazan Aksellə tanış olur və onlar
birgə yaşamağa
qərar verirlər. Beləcə, Culi özündən on yaş
böyük olan yazıçının evinə
köçür və
birinci hissə başlayır.
I hissə - başqaları
Aksel, Culinin dostları ilə tanış olur. Başqası həmişə hökm verir, qınayır və istəyir ki, hamı özünə oxşasın. Məsələn,
Akselin dostu tanışlıqdan beş
dəqiqə keçər-keçməz
Culini sual atəşinə tutur. Keçmişlə indinin
- özü ilə qızının timsalında
müxtəlif müqayisələr
edir. Və elə həmin axşam sevgililər arasında söz-söhbət
başlayır. Aksel sevgilisindən xahiş edir ki, dostunun uşaqları ilə oynasın, uşaqla rəftar etməyi öyrənsin, yəni özünü analığa
hazırlasın, yəni,
Aksel sözü dolandırır, ata olmaq istədiyini deyir. Əlbəttə, Culi onunla razılaşmır,
çünki onun travması var. O, sözün
əsl mənasında
kişi çatışmazlığı
sindromundan əziyyət
çəkir.
II hissə - xəyanətə
cəhd
İkinci
hissə Akselin kitab təqdimatı ilə başlayır. İlk dəfə
gerçək ailə,
uşağının bu
günü və sabahı ilə maraqlanan valideynləri görən narahat Culi, sevgilisinin kitab təqdimatında sıxılmağa
başlayır və tədbiri tərk edir. Təsadüfən, yolüstü evlərdən
birində təşkil
edilmiş toy mərasimi
onun diqqətini çəkir və rahatca evə girir. Heç kimi tanımır, heç kim də onu tanımır...
Di gəl, o çox rahat davranır, üstəlik, qonaqlara, uşaqlara qayğı haqqında oxuduğu məqalələrdən məsləhətlər
verir.
Və...
elə oradaca bir nəfərlə tanış olur... Məlum olur ki, o oğlanın da sevdiyi var və qərar verirlər ki, sevgililərini
aldatmayacaqlar, yəni,
xəyanət etməyəcəklər,
fəqət bir-birlərinə
intim etiraflar edəcəklər, bir-birlərinə
toxunacaqlar... onlar düşünür ki, cinsi
akta qədər olan mərhələ xəyanət hesab olunmur.
Beləliklə, təkcə filmin
ikinci hissəsi yox, həm də
Culinin axtarış yolundakı növbəti yoxuşun başlanğıcı
həmin yad evdən, kiminsə toy günündən
başlayır... Bir-birinin
adını səhər
açılanda öyrənən
təsadüfi tanışlar
səhərəcən, demək
olar, hər şeydən danışırlar...
mən deyərdim, təmassız sevişirlər
də...
Yəni,
bir növ, Culi Akseli çözdü:
o, uşaq istəyir, deməli, Culi ilə birgə sabaha ümidlidir... Amma Culidən ötrü o, məqsəd və hədəf yox, yoldur... O yola çıxdı... az getdi, üz getdi, dərə-təpə
düz getdi və o yol, beləcə, bitdi... Yeni yol başlayır: Eivind...
III hissə -
"mee too" çağında birgəlik
Bu hissə, əslində, Culinin essesinin adından götürülüb.
Culi sual verir: "Feminist qadın bir kişiylə sərhədsiz sevişə
bilərmi? Feminist qadın
partnyorun istəklərini
necə qarşılamalıdır?"
- və elə özü də cavab verir. Fəqət
onun cavabını burada yazmaq etik
deyil.
Aksel də onun essesini
bəyənir. Nəhayət,
esse dərc olunur, sosial şəbəkədə müzakirələrə
səbəb olur və sairə...
Üçüncü hissə bitir. Yaxşı, bu altı-yeddi cümləlik dialoqu vizuallaşdıran rejissorun
məqsədi nədir?
Əlbəttə, sözügedən esse
Culinin Eivində etirafıdır. Toy mərasimində,
tanımadığı evdə
tanış olduğu
adama... Culi hisslərini rəqəmsal
müstəviyə tökür,
yazının əvvəlində
qeyd etdiyim kimi... Yəni hisslərini, xəyanət
cəhdini dolayı yolla karikaturaçı-yazar
sevgilisinə etiraf edir, rahatlayır... Sevgilisi, essesini tərifləyəndə o lap özündən
çıxır... Ölüb
azalmır adam, azalıb ölür... Hə, Culi, içindəki, yanındakı,
xəyalındakı Akseli,
beləcə, - özündən
azalda-azalda öldürür.
İntellektual inyeksiya
ilə.
IV hissə - bizim ailəmiz...
Culinin 30 yaşı tamam olur. Qohumlarının evində məclis təşkil olunub. Tort bişirilib. Fəqət atası gəlmir. Belinin ağrısını
bəhanə edir. Gedişatdan məlum olur ki, ata hər
dəfə nəsə
bəhanə tapır,
elə bil qızı ilə görüşmək istəmir.
Üstəlik, o da məlum
olur ki, Culinin anası Eva 28 yaşında
boşanıb, qızı
dünyaya gələndən
iki il sonra - 30 yaşında vəfat edib... Hə, Culi anasız böyüyüb. Atası
ilə... Atası ilə böyüyüb deyəndə ki... Daha doğrusu, onun atası eləcə fiziki-bioloji varlıqdır...
Qohumu xatırlayır,
öyrənirik ki, Culinin
nənəsi də, nənəsinin anası
da, ulu nənəsi də,
ulu nənəsinin anası
da sevgisizliyin qurbanı
olub və hamısı ya otuz yaşında dul qalıb, ya da boşanıb... Yəni, öyənirik ki,
Culinin travması qədimdir...
Elə
o ümidsiz günlərin
birində Culi özü atasını ziyarət edir. Aksellə birgə... "Nə əcəb, qızını, onun yaşadığı evi ziyarət etmirsən",
- kürəkənliyə namizədin
sualından sonra sevgilisinin atası müxtəlif arqumentlər
gətirir. Əvvəlcə
xəstəliyini bəhanə
edir... sonra da deyir ki, Osloda maşın saxlamaq üçün yer yoxdur. Üstəlik, məlum olur ki, Culi essesini oxumaq
üçün göndərsə
də, o, qızının
məktubunu heç açmayıb... Növbəti
üzülmüş bağ
da, beləcə, qırılır...
Yeni yol: O, atasını
tamamilə unudur. Hətta atasının xatirəsini də beynindəki qələbəliyin
arasına gömür.
V hissə - uğursuz qarşılaşma
Culi
kitab mağazasında işləyir.
Aksel daha onu həyəcanlandırmır.
Vərdiş halında
yaşayırlar. Vərdiş
halında sevişirlər...
Bir qərib ikindi çağı o, təsadüfən,
gözlənilmədən həyəcanlanır,
dodaqları titrəyir,
ayaqları üzülür,
özünü itirir...
Bəlkə də, təzədən tapır...
Budur: Eivind həyat yoldaşı ilə onun işlədiyi
mağazadadır... Yoqa
haqqında kitab axtarırlar...
Eivind əvvəlcə
Culini "görmür",
ancaq eynəyini bəhanə edib təzədən mağazaya
qayıdır və etiraf edir... Etiraf edir ki, hər gün onu düşünür...
İşlədiyi ünvanı
deyir, deyir: "səninlə görüşmək,
söhbət etmək
istəyirəm"... Culinin
"çiçəyi çırtlayır".
Axı özü də eyni vəziyyətdədir.
Bir gün keçir...
Culi, ağlındakı,
şəhərdəki - hər
kəsi, hər şeyi dondurur, evin içindən, sevgilisinin yanından Eivindin yanına uçur... Ona görə
"uçur" yazıram
ki, bu görüş
tamamilə fəhmi rabitə ilə baş verir. Onlar ilk dəfə öpüşürlər və
elə həmin səhər o, Akselə daha onu sevmədiyini,
ayrılmaq istədiyini
deyir. Əslində, diqqətli tamaşaçı,
Culinin öz həyatının içində
özünü oynayan
obraz yox, sanki özünün köməkçi obrazını
oynayan biri olduğunu görür.
VI hissə - Finnmark yaylası
Eivind, sevgilisi Sunniva ilə Finnmark yaylasında... Sunniva çadırın ətrafında
bir sısqa maral görür... onu sığallayır, kədərlənir, ağlayır...
ağlayır, təmizlənir...
axır ki, bu günündən qopur, keçmişinə - Samilərə
dönür. Daha doğrusu, ani toxunuşla özünü kəşf
edir. Qanını yoxlatdırır və öyrənir ki, onun qohum-əqrəbası, həqiqətən,
sami imiş. Samilərin yaşam tərzini imitasiya edən müxtəlif dərnəklərə üzv
olur. Buzlaqlar əriyir, yeni növ xəstəliklər yaranır,
suitilərin nəsli kəsilir, eskimoslar aclıqdan əziyyət çəkir, marallar kütləvi surətdə
qırılır, iqlim
dəyişikliyi ucbatından
qəbilələr dəri
xərçənginə yoluxur...
Beləcə, Sunniva eko-fəala çevrilir. Yoqaya başlayır, qida rasionunu dəyişir. Əlbəttə,
onun təzə kimliyi Eivində də təsir edir: yoqa məşqlərinə
gedir, marketdən aldığı hər şeyin tərkibini, istifadə etdiyi məhsulların təbiətə
ziyanını öyrənir.
Məsələn, hər
səhər qaçmağa,
plastik hər şeyə nifrət etməyə başlayır.
Fəqət bu maska onu narahat
edir. Sunnivanın prinsipləri onun əsl kimliyi ilə ziddiyyət təşkil edir. Özünü günahlandırır.
Hətta elə hiss edir ki, Qərbin günahı onun bədəninə təsir
edib: istilaçı dövlətlər, böyük
güclər - yəni,
Şər Eivind cildinə girib, Sunniva ilə birgə yaşayır, sevişir... Özünü
dünyadakı ən
pis adam hesab edir...
VII hissə - yeni yol
Di gəl, bacarmır... Beyninin yarıdan çoxunu Culinin xəyalı məşğul
edir... O hissdən heç cür qurtula bilmir. Ancaq, Culini düşünəndə
texnikilikdən, imitativlikdən,
insan fitrətinə
yad olan imtinaların psixoloji-fiziki ağırlığından
xilas olur, bir sözlə, özünü insan kimi hiss edir. Elə bu texnikiliyin,
sıxıntının ortasında
təsadüfən Culi
ilə rastlaşır
kitab mağazasında... Rejissorun
fəndi orijinal deyil, əlbəttə, ancaq bu fənddən
yerində, yüksək
peşəkarlıqla istifadə
edilib. Məzmunun tələb etdiyi üslubdur; müəllif üslub xətrinə, qol gücü göstərmək xətrinə
beşinci hissəyə
qaytarmır bizi. Eivind həmin gün - Culi ilə rastlaşandan sonra Sunnivaya yalan danışır. Eynəyi kassada unutduğunu deyir və mağazaya qayıdır. Qayıdır,
Culiyə etiraf edir, onunla görüşmək
arzusunu dilə gətirir, işlədiyi yerin ünvanını verir. Sunnivanın "avokadolar çox su içir deyə, Çili xalqı susuzluqdan ölür..." tipli
"dır-dırından" qaçıb Culinin dipdiri, həyəcanverici dünyasına sığınır...
Yeni yol: Eivindlə Culi, nəhayət, birgə yaşamağa başlayırlar.
VIII hissə - Culinin
narsistik
riski
Eivindingildə qonaqlıqdır. Dostu...
dostunun sevgilisi... Yeyib-içirlər, rəqs
edirlər, deyib-gülürlər...
xüsusi növ göbələk udurlar və başlayır hallüsinasiya. Culi həm sonradan qazandığı kimliyi,
həm də paltarını soyunur, özünün uydurduğu
aləmə düşür.
Hamı ona gülür: hətta Aksel, onun karikaturaları...
Culi görür ki, onun üzü qırışmasa
da, bədəni tamamilə
pis gündədir. Və hamı onu əlləyir, ona söz atır...
Yəqin, bu qrafik-vizual keçid rejissorun "Heç nə dəyişmir, günlər keçir, illər ötür, Culi sevişir: Təfəkkür dəyişmədikcə
nəticə dəyişmir..."
mesajıdır, ancaq,
özünü axtaran
qızın pərdənin
arxasındakı aləmdə,
utopik fəzada qanlı əsgisini atasının üzünə
çırpmağının dəqiq səbəbi var və mən o səbəbi yuxarıda yazmışdım. Təəssüf
ki, çox vaxt belə olur. Biz həqiqəti lazımi sifətlərə sözlə
- xəyalən çırpırıq
və bu üzəqayıtmaların faydalı
iş əmsalı olmur. Culi sirli-sehrli
aləmdən Eivindin yanına, yatağına bir başqa cür qayıdır. Yeni yol: O, içindəki atanı - bir növ, atalı uşaqlığını xəyalən
düşdüyü dünyada
atasına qaytarır,
başqa bir uşaqla təzə cığır açır.
IX hissə - vaşaq
Miladı
məhv edir
Milad ərəfəsidir. Culi idman zalındakı monitorda təsadüfən
Akseli görür. O, məşhur telekanalın
məşhur verilişindədir.
Ona yeni vaşaq obrazı
ilə bağlı sual verən feminist jurnalisti aşağılayır.
Deyir ki, mən çəkəndə, feministləri,
eko-fəalları düşünmürəm.
Sırf sənət naminə çəkirəm.
Vermək istədiyim mesaj sizin idrak
etdiyiniz qədərdir.
Jurnalist deyir ki, sən qadınları zəif, cahil göstərirsən, işlərində
şiddətə təhrik
elementləri var. Oxucuları
düşünmürsən. Bəlkə, oxucu insestin qurbanıdır? Bəlkə, zorakılığa
məruz qalıb? Empatiya qurmursan... Culi, öldürdüyü
Aksellə uzun müddətdən sonra iki dəfə - səkkizinci hissədə
düşdüyü xəyali
aləmin səhnəsində,
bu dəfə isə idman zalının monitorunda qarşılaşır. Demək
olar, "yuxusu" gerçəkləşir. Bu hissəni
Aksel obrazının kulminasiyası da adlandırmaq
olar.
X hissə - birinci şəxs
Culi
kitab mağazasında Akselin
dostu ilə rastlaşır. Öyrənir
ki, Aksel xərçəng
xəstəsidir və
ölümünə az
qalıb. Əlbəttə,
qanı qaralır. Və o gün ilk dəfə Eidvindin üstünə qışqırır,
danlayır. Daha çox şey istədiyini deyir. Məsələn, onu mütaliəsizlikdə günahlandırır.
Bu gərginliyin içində
növbəti yolun başlanğıcı görünür...
Culi o gün Eidvində əsəbiləşir,
özünü saxlaya
bilmir, qəzəblənir,
fəqət növbəti
hissədə başqa
səbəblə...
XI hissə - pozitiv
Culi hamilədir... bu barədə xəstəxanada
- yoluxmağa getdiyi Akselə deyir. Aksel ölmək istəmir. Ancaq, əcəl ona şah damarından da yaxındır. Razvyazka... Aksel indiki prosesə
yadlığını, böyüdüyü
dövrə bağlayır.
Özgələşmədən əziyyət çəkir.
Mədəniyyətlərin fərqindən söz açır. Texniki münasibətlər, əsası
olmayan "izm"lər,
sintetik əlaqələr...
Nəsillərarası problemlərin
kökündə həm
də mədəni uçurumun olduğunu vurğulayır.
Əslində, mən Akseli başa düşürəm.
Həm də onun nostalgiya sevdasının, keçmişə
bağlılığının başqa bir səbəbini də bilirəm. Məndən ötrü böyük faciədir: onun indisi yoxdur, gələcəyi - gəlməyəcək...
olanı-qalanı bircə
keçmişdir... Və
o keçmişin içində
Culi də var... Üstəlik, Culi hələ onunla birlikdə olanda Eidvindlə tanış olduğunu etiraf edir... Yəni, Akselin keçmişindəki
özünü öldürür...
XII hissə - hər şeyin
sonu
var... Epiloq
Aksel ölür...
Culinin uşağı tələf
olur, Eidvindlə ayrılırlar və o, hamıdan, hər kəsdən uzaqlaşır,
özünə qayıdır.
Eidvind başqa qadınla evlənir, dövrə qapanır...
Axtarış mümkündür, fəqət
taleyin hüdudları
daxilində...
Ömər XƏYYAM
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.34-35.