Milli Teatr günündə Nəriman

Həsənzadə ilə mistik söhbət

 

Müasir Azərbaycan poeziyasının ən parlaq siması (mən deyərdim ki, atası!) Nəriman Həsənzadənin şeirləri könülləri elə ilk oxunuşdan ovsunlayır. Oxucunun ruhuna sanki cana yağ kimi yayılırmış şəklində elə həlim hisslər doğuraraq hopur ki, insanın doğmasına çevrilir elə ilk oxunuşundan ya dinlənilməsindən sonraca, yaddaşın elə yerində yuvalanır ki, o yuva insan məhrəmi qədər ülvidir.

Maraqlıdır ki, gözümə yuxu getməyən bu gecənin bu vaxtında, milli teatr günündə içimdə pıçıltılarla monoloqvari səslənən:

 

Oxşa saçlarımı, səpil ruhuma,

Sənə yaxın olum, dünyadan uzaq.

Qaldır dabanını, sarıl boynuma,

Qoy sükut danışsın, ikimiz susaq...

 

- bəndi məni Nəriman müəllimlə mistik ünsiyyətə bağladı...

Bu bənd dodaqlarım arasından pıçıltılarla otağa yayıldıqca bəndin bədii təsvirinin fiziki təzahürü gözlərim önündə öz obrazlı görünüşündə canlandırmağa başladı.

Dördüncü sətir... - "Qoy sükut danışsın, ikimiz susaq..." İnsan əhvalının, ovqatının ən duyğusal anlarının təcəssümü, vəziyyətin ən emosional enerji sehridir. Sanki ruhun tamamilə başqa texnologiyada özünüifadə mexanizmidir. Sükutun hayqırtısı hissləri hər mənada emosionallığa kökləyə biləcək qədər, eləcə duyğuları süst vəziyyətdə uyudacaq qədər təsirlidir, tilsimlidir. Nəriman Həsənzadənin söz dünyası məhz belə təsirlər tilsimlərlə sehrləyir insanın daxili dünyasını qırılmaz söz zəncirləri ilə özünə əbədiyyən kilidləyir.

Bir anlıq təsəvvür edək: "Oxşa saçlarımı, səpil ruhuma"... Allah, amandır!.. "ruha səpilmək"... bu ifadənin energetikasına diqqət yetirək: saçların oxşanılması ardından ruha səpilməyin meydanda - səhnədə mizan-hərəkət ekvivalenti gözlər önünə ondan sonrakı misranın "Sənə yaxın olum, dünyadan uzaq..." seqmentində birləşməsinin, yaxud cilalanmasının daha sonrakı misrada "Qaldır dabanını, sarıl boynuma..." vəziyyətinin epizodunu ... "Qoy sükut danışsın, ikimiz susaq..." fikir fəlsəfəsinə bağlaması ilə bu anda nələrin baş verə biləcəyi, sükutun nələri hayqıracağı, yaxud pıçıldayacağı artıq, hisslərin, duyğuların sənətsal vəziyyətdən aldığı təsirlərə bağlıdır. Bu qədər geniş meydana atılan atlanan insan hisslərinin emosional ecazını yalnız Nəriman ruhunun çırpıntılarından ala bilirik. qədər təmiz, saf, orijinal gerçək; hər kəsə xas olan çoxunun etiraf edə bilməyəcəyi qədər böyük səmimiyyət...

Əlbəttə ki, bu dörd misra haqqında fikirlərimi söyləməklə mən böyük şairin yaradıcılığını təhlil etmək niyyətimi göstərmək istəmirəm. Sadəcə, ta on yeddi yaşımdan bu günə qədər fikir yaddaşıma hopmuş duyğularıma hakim kəsilmiş hər an gözlərim önündə öz emosional təsir qüvvəsi ilə canlanan kiçicik bir epizodun içimə doldurduğu vəziyyət barədə duyğularımın ifadələrini bölüşürəm. Böyük şairin söz tilsimində hələ sehrdən ayrıla bilmədiyimi ifadə edir bununla da görkəmli şairin könül fatehliyini öz təbrimcə açıqlamaq istəyirəm. Nəriman müəllimi isə təhlil etmək üçün heç olmasa, gərək şairin söz zirvəsinin ətəklərinə qədər gedib çata biləsən. Türk dünyasının böyük şairinin ruhumuza hakim kəsilmiş belə misraları saysız-hesabsız qədər boldur!.. 

Nəriman müəllim yazırsa, daxili səmimiyyəti ilə yoğurur. Məhz səmimiyyətlə yazıldığı üçün oxucusunun məhəbbətini ilk kəlmələrindən qazanır. Onun şeirlərindəki səmimiyyət qondarma, qurama deyil, üzvidir. Axı, Nəriman müəllim bir insan, şəxsiyyət kimi həmişə səmimidir!.. Mehribandır!.. Xeyirxahdır!.. Bütün əlahiddə istedadlı insanlara məxsus olan ürəyiaçıqlıq Nəriman müəllimin meyarıdır!.. Həmişə hər şeydə işıq görür!.. Qaranlıqlar isə Nəriman müəllimin nuru qarşısında dərhal əriyir!.. Xoş sözləri ərməğan etməkdə heç vaxt qızırqalanmır Nəriman Həsənzadə!..

Onu da qeyd etməyi unutmamalıyıq ki, Nəriman müəllimin mənzum dramlarının da teatr aləmində özünəməxsus yeri var. Şairin təkcə "Nəriman" "Atabəylər" tarixi mənzum dramları haqqında geniş danışmaq mümkündür. xoş ki, "Atabəylər" tamaşasında vaxtilə mənə rol həvalə edilmişdi öz rolumu sevərək oynayırdım. Bu məqamda, nəhəng şairlə aramızda ümumi razılıq əldə etdiyimiz kiçicik bir sirri açmaq istəyirəm. Nəriman müəllim teatrımızın arzusu xahişi ilə "Nuru paşa" mənzum pyesi üzərində artıq yaradıcılıq işinə başlayıb inanırıq ki, həmin əsəri İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində sevərək öz səhnə taleyinə qovuşduracağıq.

Nəriman Həsənzadə bir insan kimi az-az adamlara məxsus mənəvi zənginliyə malikdir. "Sənə qurban!.." fikir ehtişamı Nəriman müəllimin söz ehtiyatı içərisində ən üzdə olanı ən cəld dilindən sıçrayan səmimiyyət insanlara, insanlığa məhəbbət rəmzidir. Nəriman müəllimin heç kəsə "qurban olmaq" ehtiyacı yoxdur! O, sadəcə olaraq, könlünün hökmü ilə qarşısındakı hər kəsə ürəyinin yağını pay edir!.. Körpədən böyüyə qədər... Dostlarına olduğu kimi, qısqananlarına da... bundan həzz alır! Çünki ürəyi böyükdür, genişdir!.. Çünki Nabat ananın bətnində belə formalaşıb böyük insan, nəhəng söz xiridarı, müdrik şair qəlblər, könüllər fatehi Nəriman Həsənzadə!

Odur ki, içimdən böyük məhəbbətlə, sevgiylə qopan, vaxtilə "Mövqe" qəzetində çap olunmuş ,"Nəriman Həsənzadəni düşünərkən..." remarkası ilə qələmə aldığım bir yarpaq şeir parçası gözlərim önündə öz ehtiram ehtirası ilə həmişə canlanır elə bu anda da özünü göstərdi. Odur ki, Nəriman müəllimə özünün meyarı ilə müraciət edərək: - "Sənə qurban, əziz Nəriman müəllim!" - deyə səslənirəm:

Poyludan Bakıya boylanan                                 

bir cüt

dumduru                                         

gözdür.

Bakıdan dünyaya yayılan

bal kimi

şipşirin

sözdür.

Sözündə

bütövdür,

doğrudur,

hər zaman

düzdür.

Allahdan insana dilənən

səmimi arzudur,

ümiddir,

nur dolu üzdür.

Nabat nənənin noğul oğlu,

Azərbaycanın, Türkün                                

ipək kimi yumşaq xasiyyətli

oğul oğlu.

Xalqın, millətin şair oğlu,

nağıl oğlu.

                                                    

Yanan ürəklərə su,

sönən ocaqlara od salan,

ziyası sönməyən közdür

Nəriman Həsənzadə...

Körpə uşaq ürəkli,

həlim qəlbli,

Süfrəsi daima salılı,

duzlu,

çörəkli.

Alnıaçıq,

üzüağ,

dosta dost,

düşmənə sipər.

Yaxşıya yaxşı,

pisə çəpər.

Yazdıqları,

yaratdıqları ilə

göylərə baş vuran,

Şeirləri könülləri ovsunlayan,

ürəkdən oxunan.

Ədəbi ənginlikdə ismi böyük hərflərlə çəkilən

İnsandır Nəriman Həsənzadə...

Əziz dostum,

böyük qardaşım,

qüdrətli qələmdaşım,

Bax, elə indi,

bu an,

bu dəmdə,

gecikmədən,

bu kiçik şeirə yerləşməyən,

sənin şərəfinə demək istədiyim daha xoş,

daha dolğun mənalı şeir süzülmüş,

əlimdə dopdolu bir badə:

Tanrı səni qorusun!                                

Hər zaman uca ol!

Çox yaşa! - deyirəm,                                

Nəriman Həsənzadə!

 

26.10.2006. Saat 09:46

 

10.03.2025. Saat 03:01

 

İFTİXAR

 

Ədəbiyyat qəzeti.- 2025.- 4 aprel, №11.- S.37.