İki nəfər üçün bir azadlıq
Hekayə
Kiokora əlindəki dəyənəklə qarşısına çıxan tikanlı
kolları,
nazik ağac budaqlarını, enli fikus yarpaqları və nion saçaqlarını qıraraq
meşə boyu irəliləyirdi.
Bəzi yerlərdə
yerə aşmış
ağacların gövdəsi
boyunca yeriyir, sonra hoppanıb cığıra düşür,
bəzən də sallanan budaqlarla yellənir, ağacların
arası ilə uçur, quş kimi qarşı ağaca qonurdu. Son vaxtlar çəkisi çox artdığı
üçün ayaqları
altında cavan budaqlar davam gətirmirdi. Rastına çıxan meyvələrdən
dərib həvəslə
yeyir, puşunu meymunlara tullayırdı. Meşədə banandan, abakadadan tutmuş, kokosa qədər, hər cür meyvə vardı. Anasının qaynatdığı
düyüdən yeməyə
heç də həmişə ehtiyac qalmırdı. Çox vaxt səhər evdən çıxır,
bütün gününü
meşədə keçirir,
bir də hava qaraldıqdan sonra özlərinin bambukdan, qamışdan,
baobab taxtalarından, quru
otlar və iri yarpaqlardan hazırlanmış daxmasına
qayıdırdı. Təkcə
leysan yağış
yağanda daxmanı tərk etmirdi. Uzanıb yağan yağışa tamaşa
etmək ona ləzzət verirdi. Anası isə bu zaman onun atası
Toranı xatırlayıb
ağlayırdı. Atası
üç il əvvəl
itmişdi. Əvvəlcə
onu yaquar parçaladığını və ya anakonda
ilanın udduğunu zənn etmişdilər.
Sonra qonşu Basunun atası tapıldı və o, Toranın da onun kimi ağdərililər
tərəfindən tutulub
zorla gəmiyə mindirildiyi xəbərini verdi. Basunun atası ilk fürsətdəcə
dənizə atılıb,
xilas olmuşdu. Kim bilir, onun atası
indi harada idi?! Afrikanın hər hansı bir ölkəsinə, qəbiləsinə, guşəsinə
aparılmış olsaydı,
indiyə çoxdan qaçıb gələrdi.
Deməli, gəmi ilə çox uzaqlara aparılmışdı.
Yadellilər bu ətrafda çox gəzib-dolaşır, deyilənə
görə qızıl
axtarırdılar. Lakin Kiokora
onların uzun, odlu silahlarla qəbilələrə hücum
etdiklərini, atəş
açdıqlarını da görmüşdü. Sakit
və dinc həyat sürən qəbilələrə qəflətən
hücum edir, gənc və orta yaşlıları əsir tutur, müqavimət göstərəni
atəş açıb
öldürürdülər. Meşədə tor tələsi
qurub tutduqları adamlar da az olmurdu.
Onların Qamsavar adlı qəbiləsindən
çox kişilər,
qadınlar itmişdi.
Qaçıb gələnlər
çox dəhşətli
sözlər danışırdılar.
Heç demə, o ağ dərililər bu meşələrdən
tutduqları adamları
gəmi ilə uzaq ellərə aparır, başqalarına
satır, döyür,
ağır işlər
gördürürdülər. Kiokoranın atası Tora çox güclü idi. Dərisinin altından qol və baldır əzələləri şişir,
oynayır, parıldayırdı.
Görəsən, indi
uzaq ellərdə nə işlə məşğul idi?! Sağ idimi? Meşədə yumruğu
ilə vəhşi
it, qorilla, primat öldürmüş, hətta
ayını vurmuşdu.
İndi Kiokoro özü
də atası kimi əzələlərini
oynadır, hər gün ağır ağac gövdələrini
qaldırır, bir dəyənək zərbəsi
ilə yoğun budaqları qırır, anasının tapşırdığı
bütün ağır
işləri görür,
sonra da meşəyə
girib uzaq məsafələr qət
edirdi. Bu məsafənin
sonunda Tuba qəbiləsinin
Çolo yaşayış
məskəni yerləşirdi.
Bu qəbilə çayın
yuxarı sahilində yerləşirdi. Orada çoxlu daxma vardı. Kiokora çayın üstünə
aşmış böyük
ağacın gövdəsi
boyu gedib daha bir neçə
ağac adlayır, nəhayət, onlardan birinin üst budaqları arasında gizlənib, aşağıdakı
qəbilənin adamlarına
tamaşa edirdi. Buradan hər şey çox maraqlı görünürdü.
Adamlar qarışqa kimi bütün günü hərəkət
edir, bir yerdə durmurdular. Məşğul olmağa
hər cür iş tapırdılar: kokos, banan, manqo,
ananas, pepino, kivano, qyava,
marula, tamarind meyvələrini təmizləyir, çubuqlar
və otlarla hörülmüş yeşiklərə
yığırdılar. Özünün
Qamsavar qəbiləsində
də belə idi. Bu meyvələri qayıqlarla, çay və dəniz yolu ilə uzaq
qəbilələrə aparır,
düyü, parça,
dəri, boyaq və dəmir alətlərə dəyişirdilər.
Tuba qəbiləsinin Çolo
məskənində bir
gözəl qız vardı. Adını da eşidib öyrənmişdi:
Zuzio.
Bu qəbilədə Kiokoranın
özünü görmüş
bircə nəfər vardısa, o da elə Zuzio idi.
Zuzionun hündür boyu, iri gözləri, ağappaq dişləri, ətli dodaqları, dimdik döşləri, incə beli, enli baldırları vardı. Sinəsindən dəniz mərcanları asılmışdı. Yaraşıqlı
ayaqlarının sonunu
tiftikli, quru yarpaqlardan və otlardan toxunmuş örtüklər və göy parçalar qapatmışdı. Son vaxtlar
Zuzio sinəsini də göy rəngli parça ilə örtürdü.
Amma yaraşıqlı baldırları
bayırda qalmışdı.
Yoxsa o, elə yeyin addımlaya, yüngül qaça, tullana, sanki quştək uca bilməzdi. Çox vaxt ayaqları yalın olur, çiynindən həsir torba asırdı. Dəniz Çolo-tuba qəbiləsinin bir elə uzaqlığında
deyildi. Amma Zuzio dənizə deyil, daha yaxınlıqdakı çaya gedir, əlindəki nazik qamışla çayda balıq vurur, bəzən də çimirdi. O çimərkən
daha cazibədar idi. Su dənələri
onun qara dərisinin üstündə
puçurlanır, Günəş
şüaları düşdükdə
parıldayırdı. Kiokora
bu zaman daha yaxın budaqlara enirdi. Bir neçə dəfə ağac budağından birbaşa
çayın içərisinə
tullanmaq, düz onun qarşısına düşmək istəmişdi.
Əmin idi ki Zuzio onu qovmayacaq.
Ancaq nədənsə
çəkinir, əlləri,
ayaqları donub onun sözünə baxmırdı. Çolo-tuba
qəbiləsindən kiminsə
gələcəyindən, qəflətən
kimləsə qarşılaşacağından
və onunla vuruşacağından çəkinmirdi.
Qarşısına çıxan
hər hansı bir kəsi bir
yumruqla vurub yıxa bilərdi. Amma o bu qəbilədən kimisə vurmaq istəmirdi. Zuzionun yaxınları, ailə üzvləri ola bilərdi.
Kiokoranın həmişə
əlində dəyənəyi
olurdu. Bu dəyənəklə
ilan da vurmuşdu, qara timsah da, vəhşi it, pişik, hətta meymun da. O da nə vaxtsa ayı ilə rastlaşacaqdı. Atası
kimi yumruqla və ya dəyənəklə
vurub ayını öldürəcəyinə əmin
idi. Atasının sol
çiynində ayı
pəncəsindən yadigar
qalan iri çapıq vardı. Bir
də atasının
sol qulağının üst
hissəsi azacıq qopmuşdu. Atasından yadında qalan başqa nəsə xatırlamırdı. Dediyinə
görə, anası atası ilə ilk dəfə bir-birlərini
yağış altında
görmüşdülər. Sonra daha bir dəfə
leysan yağış
altında qaçışarkən
birdən üz-üzə
gəlmiş və bu zaman güclü yağış hər ikisinin əynindəki örtükləri qopartmışdı.
Sonra onlar əl-ələ
tutub o yağışdan
daldalanmağa qaçmışdılar.
Həmin yağışdan
çox-çox sonra
isə onlar enli ağac koxasından çıxmış
və özləri üçün daxma qurmağı qərara almışdılar. İndi Kiokora
ağac budaqları arasından aşağıda
gəzib dolaşan və hərdən də gözucu bu ağaca sarı
boylanan Zuzioya tamaşa edir, indicə göy guruldamasını, leysan yağış yağmasını
arzulayırdı. Zuzio
hərdən aşağıda
bir balaca və tamam lüt
oğlan uşağı
ilə də oynayırdı. Bu onun qardaşı Sanu idi. Əgər indicə yağış yağardısa,
Sanu qaçıb daxmada
gizlənəcək, Zuzio
isə durub ona tamaşa edəcəkdi. Bu zaman onun
bədəni büsbütün
bərq vuracaqdı. Kiokora əmin idi ki, onda hökmən
aşağı hoppanacaq
və düz Zuzionun qarşısına
düşəcəkdi. O yağışın
hər ikisini isladıb həsir örtüklərini qopartmasını,
sonra da qaçıb bir ağac koxasına
girmələrini istəyirdi.
Daha sonra Zuzionu götürüb Qamsavara aparar, orada ağac budaqlarından, bambuk,
baobab, qamış və
otlardan bir geniş koma düzəldərdi.
Kiokara öz xəyallarına dalar, havanın nə vaxt qaraldığından
və Zuzionun çıxıb getməsindən
xəbər tutmazdı.
Birdən
həqiqətən də,
göy guruldadı, şimşək çaxdı.
Bu elə güclü
səs oldu ki, Kiokora diksindi; az qala ağacdan
yıxılacaqdı. Amma sonra
bu gurultuların heç də yuxarıdan deyil, aşağıdan və müxtəlif yerlərdən
səsləndiyinin fərqində
oldu. Bu zaman o aşağıda
hər tərəfdən
ağ dərililərin
uzun silahdan atəş açaraq, Çolo-tuba qəbiləsinə
sarı irəlilədiklərini
gördü. Heç
qızılaxtaranlara oxşamırdılar.
Həyatı boyu üçüncü dəfə
idi ki, ağdərili insan görürdü. Birinci dəfə gördüyü ağdərililər
onların qəbiləsinə
soxulmuşdu. O vaxt qabaqcadan xəbər gəlmiş, hamı qaçıb gizlənmişdi.
Onlar qəbiləyə
soxulub hər yanı axtardılar, kimsə və nəsə tapmadıqda qəbilə komalarına od vurub yandırdılar.
İkinci dəfə görduyu ağdərili ölmüşdü. Onu yəqin ki ilan çalmış, bədəni
şişib qaralmışdı.
Kiokora üfunət qoxulamasın deyə onu sürüyüb çay kənarına gətirdi, altına, üstünə qurumuş
ağac budaqları yığdı, çaxmaq
çalıb, ölünü
öz qəbiləsinin
qaydaları ilə yandırdı. Bir dəfə
dənizdə ağ yelkənli böyük gəmilər də görmüşdü. Onda
atası Tora ilə birlikdə idilər. Atası bunun ağdərililərə məxsus
olduğunu dedi və dənizə girmədən tez kiçik qayıqlarını
çiyinlərinə götürdülər
və tələsik meşəyə doğru qaçdılar. İndi aşağıda
gördüyü ağdərililərin
əllərində nizə,
xəncər və od püskürüb, gurultu qoparan bir ağac parçası
da vardı. Onlar hər tərəfdən qəbilə adamlarını
mühasirəyə almağa
çalışırdılar. Aşağıda artıq
qışqırıq səsləri
eşidilir, Çolo-tuba
qəbiləsinin adamları
ətrafa qaçışırdılar.
Amma heç də hamısı qaçıb
qurtula bilmir, ələ keçirdi. Zuzio və balaca
qardaşı Sanu sürətlə
meşənin dərinliyinə
doğru qaçırdı.
Birdən ağdərililərdən
birinin əlindəki ağac parçasından
alov çıxdı
və daha bir gurultu qopdu.
Elə o andaca Sanu qışqırıb ağzı
üstə yerə yıxıldı. Zuzio çevrilib bunu gördü və heyrət içərisində
ayaq saxladı. O, Sanuya sarı geriyə qayıtdı və ona doğru
əyildi. Sanunun kürəyi qana bulaşmış, o heysiz
düşüb qalmışdı.
Zuzio "Öldürdülər!"
deyə dəhşət
içərisində qışqırdı.
Elə bu zaman üç nəfər ağdərili Zuzionu əhatəyə aldı.
Onların əllərindəki
silahlar Zuzioya tuşlanmışdı. Onlar
Zuziodan yapışıb,
onu zorla ayağa qaldırmağa və qollarını bağlamağa çalışdılar.
Zuzio bu zaman ağlayır, qışqırır,
əl-qol atıb onların paltarını cırır, müqavimət
göstərirdi. Kiokora
daha ağacda dura bilmədi, budaqlarla aşağı sürüşdü,
budaqdan-budağa, sallanqac
budaqlarla digər ağaclara hoppandı və onların yaxınlığına çatdı.
Amma bu zaman öz əlindəki dəyənəyini
yerə saldı. Dayanmağa, axtarıb tapmağa vaxt itirmək istəmədi. Orada - irəlidə Zuzio darda idi.
Sürətlə qaçıb
ağdərililərə yetişdi.
Ağdərili birisi ona sarı çevrilən
kimi Kiokora onun çənəsinə
möhkəm bir yumruq ilişdirdi. Vurduğu növbəti yumruq digər ağdərilini də yerə yıxdı. Üçüncü ağdərilinin
ayaqlarının arasına
təpiklə vurub aşırtdı. O tez Zuzionun qolundan tutub, onu dikəltdi.
Zuzio qarşısında
onu görməsindən
çaşqın vəziyyətə
düşmüşdü. Kiokora da çaşıb
qalmış, nə edəcəyini unutmuşdu.
Birdən ondan arxada nə gördüsə, Zuzio qışqırdı. Kiokora
cəld geriyə çevrildi və bu zaman arxadan daha dörd nəfər ağdərilinin
onları əhatəyə
aldığını gördü.
Digərləri yerdə
inildəyir, hamısının
üzündən nifrət
və qəzəb yağırdı. Aralarındakı
bir kürən saqqallı o birilərə
nə dedisə, onlar tüfəng, xəncər və nizələri kənara qoydular. "Boks…boks" deyə kürən saqqallı əli ilə onu yaxına
çağırdı. Kiokora
onların yumruq davasına çıxmaq istədiklərini başa
düşdü. Uzun qollarını uzadıb, əvvəl bu kürən saqqallının,
sonra o birilərin çənəsinə, gicgahına,
alnına sürətli
və ağır yumruqlar ilişdirdi. Zərbələri onları
yıxır, al qana bürüyürdü. Birdən
arxadan başına nəsə dəydi və Kiokora huşunu itirib yıxıldı.
Kiokora özünə gələrkən
əvvəlcə ləpələrin
həzin səsini eşitdi, sonra gözlərini açıb
ağ, böyük yelkənlər gördü.
Dikəlmək istədikdə
başından ağrı
qopdu. Qolları arxadan bağlanmış və o yerə uzadılmışdı. Döşəmənin
taxta örtüyünə
diqqət verdikdə özünün bir böyük, yelkənli gəmidə olduğunu başa düşdü. Azacıq dikəldi və ətrafına nəzər saldı. Ətrafda sıra ilə çoxlu adam oturmuş, hamısının qolları
arxadan bağlanmışdı.
Xatırladı: Çolo-tuba
qəbiləsinin adamları
idi. Bu adamları öz baxışları ilə aradı, axtardı və birdən lap yaxınlıqda
Zuzionun da qolları arxadan bağlı halda oturduğunu gördü. Zuzio narahat nəzərlərlə
ona baxırdı. Kiokora onu gördüyünə
sevindi, amma elə o andaca qanı qaraldı. Deməli, onu da, Zuzionu da ağdərililər
tutmuşdular. Agdərililərdən
yaxınlıqda kimsə
yox idi. Qəbilənin qocaları
və uşaqlar da görünmürdü. Yəqin
onları, ya öldürmüş, ya
da gərəksiz sanıb
qovmuşdular. Sanunun öldürülməsini xatırladı.
Axı bu ağdərililərə onların
nə ədavəti keçmişdi? Zavallı
anası indi onu da itirmiş olurdu. O özü isə artıq hər şeyini itirmişdi. Onun təkcə Zuziosu vardı.
Zuzioya baxıb güclə gülümsəməyə çalışdı.
Zuzio da dərdli təbəssümlə gülümsədi.
Onu buradan xilas etmək lazım idi. Oturduğu yerdən astaca Zuzioya sarı süründü.
- Zuzi, mən indi sənin qollarını açaram,
sən də qalxıb suya tullanarsan. Üzməyi bilirsənmi?
- Əlbəttə.- Zuzio ona
sarı qayğılı
nəzərlərlə baxdı.-
Bəs sən?
- Sən də mənim əllərimi açarsan, birlikdə üzüb çıxarıq.
- Sənin adın nədir?
- Kio.
Kiokora Zuzio ilə arxa-arxaya qaldı və onun əllərini
açmağa çalışdı.
Zuzionun əlinə toxunan kimi içindən
gizilti axıb keçdi və boğazı qurudu. Sonra çətinliklə özünü
ələ aldı və onun əllərini
bağlamış kəndiri
açmağa başladı.
Elə bu zaman anlamadığı bir dildə bağırtı
səsləri eşitdi.
Bunlar ağdərililər
idi və qəzəblə düz onlara sarı gəlirdilər. Zuzionun əllərini daha tələsik açmağa
çalışdı. Amma çatışmadı. İrəlidə
gələn kürən
saqqalı onlara yaxınlaşıb, onun böyrünə qüvvətli
təpik zərbəsi
vurdu və onu sol böyrü üstünə aşırdı.
Sonra Kiokora daha bir neçə təpik zərbəsinin ağrılarını duydu.
Onu vuranlar bir neçə nəfər idi. Onlar ucadan gülür
və nəsə deyirdilər. Bu yad sözlərin
arasında təkcə
"boksçu" sözünü
ayırd edə bildi. Sonra bu ağdərililər Zuzionu
da təpiklə vurmaq
istədilər. Kiokora
özünü onların
təpiyinin qarşısına
tulladı və ona dəyəcək zərbələri də özünə qəbul etdi. Bu isə ağdərililəri qəzəbləndirdi.
Ancaq onlar nəsə deyib, Zuzionu vurmaqdan ayaq saxladılar. Birdən onlar yapışıb Zuzionu yerdən qaldırdılar
və irəli sürüdülər. Kiokora
onlara sarı nifrətlə "boks…boks" deyə bağırdı və bununla sanki özünün
döyülməsini təklif
elədi. Onlar Zuzionu aparıb bir hündür və iri taxta
parçasının üstünə
uzatdılar. Zuzio müqavimət göstərdikdə
onun üzünə zərbələr vurdular.
Kiokora bu zaman güclə dikələ bildi, amma bir
neçə mühafizəçi
yetişib onu yenidən vurmağa başladı. Onların yumruq və təpik zərbələrini
vecinə almırdı.
Orada Zuzionun əllərini arxadan açıb yanlara, eləcə də ayaqlarını aralayaraq bağlayırdılar. Sonra kürən
saqqallı adam onun ayaqlarının örtüyünü qoparıb
bir kənara tulladı. Daha sonra o, ayaqlarının arasına girib, Zuzionu zorlamağa başladı. Zuzio çırpınaraq qışqırır,
Kiokora isə bağırır və uzandığı yerdə
ağdərililərə ayaqları
ilə zərbələr
endirərək müqavimət
göstərirdi. Çolo-tuba
qəbiləsinin adamları
bir kənarda sızıldayır, kimsə
köməyə gəlmirdi.
Ağdərililər Kiokoranın
ayaqlarını da iplə
bağladılar. Daha sonra dünyanın ən dəhşətli hadisəsi baş verdi: Kiokoranın gözləri önündə
ağ dərililər
bir-bir Zuzionu zorladılar. Kiokora bu mənzərəyə gözlərini qapadı, üzünü çevirdi,
əlacsız halda başını aşağı
saldı. Amma qulaqlarını
qapaya bilmir, Zuzionun qışqırıqlarını
və hönkürtü
səsini eşidirdi.
Keşkə ona uzun silahdan atəş açıb, öldürəydilər
və o bütün bunları görməyəydi.
Gəmi
isə yellənərək
onları sürətlə
uzaqlara aparırdı.
Səhər ağdərililərdən biri
göyərtəyə çıxdı
və şalvarının
qabağını açıb
dənizə işəməyə
başladı. Eyni zamanda göyərtədə
uzanıb qalmış
adamlara sarı da gözucu baxdı. Birdən o, baş tərəfdə qoyulmuş
iri taxta parçasını və
çılpaq Zuzionu gördü. Baxışlarını
yayındırmadan bir
qədər baxdı,
sonra tələsik və həvəslə ona yaxınlaşdı. Zuzio orada tamam
çılpaq vəziyyətdə
uzadılmış, ayaqları
və qolları kənara bağlanmışdı.
Kiokora bütün gecəni ona sarı baxmadan, daha onu eşitmədən,
öz içində ağlamışdı. Bircə
kəlmə də danışa, Zuzioya nəsə deyə bilməmişdi. Boğazına
sanki bir iri daş basılmışdı.
Gələn ağdərili
burada oturmuş yüzlərcə qaradərili
adamı vecinə almadan şalvarının
qabağını tamam
açdı və o
da Zuzionu zorlamaq istədi. Amma birdən nə duydusa, kənara çəkildi və onu tərpətməyə
çalışdı. Zuzio
heysiz, taqətsiz halda düşüb qalmışdı. Ağdərili
tələsik gedib, gəminin ortasındakı
qapalı kahaya girdi. Sonra oradan beş-altı nəfərlə
birlikdə çıxdılar.
Kürən saqqallı
öndə gəlirdi.
O da Zuzionu əvvəlcə
ayağı, sonra əyilib, əli ilə tərpətdi, biləngini tutdu, sinəsinə qulaq asdı, sonra isə sifətində təəssüf ifadəsi
ilə başını
buladı. Bundan sonra ağdərililər Zuzionun qollarının və ayaqlarının ipini kəsdilər, əllərindən və
ayaqlarından yapışıb,
onu göyərtənin
kənarına gətirdilər.
Zuzio qupquru olmuşdu. Burada onlar ölmüş Zuzionun əllərindən
və ayaqlarından yapışıb, bir neçə dəfə yellətdilər, daha sonra onu göyərtədən
dənizə tulladılar.
Kio bu gördüklərinin
qarşısında sızıldayır,
yenə için-için
ağlayırdı. Kürən
saqqallı onun yanından keçərkən
ayaq saxladı, nəsə deyib, ona nifrətlə bir təpik vurdu. Kio onu söydü və vurmaq üçün çabaladı. Amma onun əlləri və ayaqları iplə möhkəm bağlanmışdı.
Kürən saqqallı
ona sarı yumruqlarını istehza ilə oynatdı,
"Boks… boks" dedi
və sonra da üzünə tüpürüb
getdi.
Gəmi
yellənir buludsuz səmadan günəş
insafsızcasına göyərtədəkiləri
qızdırırdı. Çox-çox
günlər sonra dor ağaclarının üstü ilə qağayılar uçuşmağa
başladı.
Sahildə hündür evlər
görünürdü.
***
...Böyük salonda minlərcə tamaşaçı
toplaşmış, ortada
boks rinqi qurulmuşdu. Rinqin ortasında ağ geyimli referi, ağdərili bir boksçu, digər tərəfdə isə əyninə boksçu tumanı və iri əlcəklər geyinmiş bir qaradərili boksçu durmuşdu.
Bu, Kiokora idi.
Kiokora indi daha çox
böyümüş, kökəlmişdi.
Referi hər iki boksçunu
rinqin ortasına dəvət etdi və burada əlini onların arasına uzadıb
"Boks!" işarəsini verdi. Ağdərili boksçu sağa-sola tullanmağa və ona doğru yumruqlar atmağa başladı. Kiokora bu zərbələrdən
məharətlə yayındı,
bu ağ dərili boksçuya nifrət etsə də, onunla bir azca əylənmək
istəyirdi. Bununla özünə pul qoyuluşunu artırırdı.
Bir qədərdən sonra
ağdərili boksçu
bircə zərbə də vura bilməməsindən
əsəbiləşdi və
"İyrənc zənci!"
deyərək, ona öz nifrətini bildirdi. Bu sözlər bir andaca Kiokoranı
qəzəbləndirdi. Sözə
tutarlı cavab əvəzinə Kiokora irəli şığıdı
və onun çənəsinə möhkəm
bir yumruq zərbəsi ilişdirdi.
Zərbə ağdərili
boksçunun ayaqlarını
yerdən üzdü və onu arxası
üstə yerə çırpdı. Salona toplaşmış
tamaşaçıların gurultulu alqış və qışqırıq
səsləri qopdu.
Sonra referinin doqquza kimi sayması da kömək etmədi. Məşqçilər, daha
sonra həkimlər rinqə daxil oldular və ağdərili boksçunu
ayıltmağa çalışdılar.
Soyunub-geyinmə otağında məşqçiləri
və sahibi Kiokoranın kürəyini
şappıldadır, onu
növbəti dəfə
tərifləyirdi.
- Bizim rinqdə hələ kimsə ardıcıl qırx qələbə qazanmayıb!
Hamısı da ağdərili
boksçular üzərində
və nokautla!
- Bu gün doxsan beşin beşə nisbət faizində sənin qələbənə
pul qoyulmuşdu!
- Hə, Kio, sənə çəkilən zəhmətə
dəyir! Mən səni dünya boksçusu edəcəyəm!
- Kio, daha Çikaqoda ağdərili boksçu qalmadı, gərək Nyu-Yorka gedək. Bu nə pis adətdir
səndə? Məgər
qaradərililər boksçu
deyil?! Zənci Teteroka dünyanın ən güclü boksçusu sayılır!
O heç kəsə
belə irqi nifrət bəsləmir, kim gəldi kötəkləyir! Bəs
sənə nə olub? Teteroka da keçirtdiyi doxsan doqquz döyüşün
hamısında qalib gəlib! Yetmişi nokautla!
Bayaqdan heç bir sözə münasibət
bildirməyən Kiokora
özünün ağdərili,
uzun nazik bığlı sahibi Con Consondan eşitdiyi son sözlərə sarı çevrildi və qətiyyətlə:
- Coni, əl çək, mən afrikalıya yumruq vurmayacağam!- dedi.
Sahibi bu sözlərdən əsəbiləşdi.
- Mən nə edim ki, bütün güclü boksçular Afrikadandır? Başa düş, bura Amerikadır, bura azad ölkədir!
- Tüpürüm sizin ölkənizə! Mən
ki, azad deyiləm! - Kiokora ona sarı
saymazyana dedi. - Bir qula hər şeyi
məcbur edə bilərsən, özü
istəməsə, bircə
qələbə qazanmaqdan
savayı! Buralarda boksçu yoxdursa, onda gedək Nyu-Yorka!
Kionun baxışları məchul
nöqtələrdə dolaşdı,
bu nöqtələrdən
birində ilişib qaldı. O nöqtədə
yelkənli gəminin göyərtəsindən ağdərililər
ölmüş Zuzionu
dənizə atırdılar.
***
...Üzərində "At nights of New York" yazılmış pivəxananın
içərisində qələbəlik
idi. Stollardan birinin arxasında oturmuş dörd nəfərdən üçü
ağdərili, biri isə Kiokora idi. Onun əynindəki
köynəyinin qollarını
əzələləri qabartmışdı.
Onlar iri bakallarda pivə içir və söhbət edirdilər. Bunlardan biri Kiokoranın nazik, uzun bığlı sahibi Con Conson, o birilər isə boks yarışlarının
menecerləri idi.
- Kio, sonra mən səni bir də
heç bir zənci boksçu ilə rinqə çıxartmaram! Nyu-Yorkda
sənin qarşına
çıxartmağa Teterokadan
daha ləyaqətli boksçu tapılmadı.
O isə Nyu-Yorkun fəxridir. Bütün qoyuluşlar ona olur. Sən döyüşə razı
olsan, qoyuluş haqqı qalxacaq, biz sənin qələbənə
pul qoyub böyük məbləğ
qazanacağıq. Ən
azı bir milyon dollar!
- Bundan mənə nə? Pulu siz
qazanacaqsınız, bəs
mən nə qazanacağam? Heç nə! Üstəlik də, Coni, mən sənə demişəm axı, qaradəriliyə əl qaldırmayacağam!
Digər
oturanlar da onu dilə tutmağa çalışdılar.
- Nyu-Yorka gəlmək, döyüşmədən geriyə
qayıtmaq səni hörmətdən salar.
- Biz nə edək ki, heç bir ağdərili boksçu sənin qarşına çıxmağa razılıq
vermir. Bəlkə heç Teteroka da razılıq verməzdi.
Amma biz ona qələbə
müqabilində azadlıq
vəd etmişik. Bir qul üçün bunun dəyərini anlayırsanmı?
Kiokora eşitdiyi son sözlərin
cavabını verməsi
üçün öz
sahibi Con Consona baxdı. Amma Conson dillənmək fikrində
deyildi.
- Teteroka azadlıq qazanacaq! Bəs mən də sənin qulun deyiləmmi, Coni? Lənətə
gələsən səni,
bəs sən nə vaxt məni
azad edəcəksən?!
Con Conson bu sözlərdən
dilxor oldu və ona sarı
qeyzlə:
- Sənin öz sahibinlə belə danışmağa haqqın
çatmır, Kio! - dedi.
- Unutma ki, məni acıqlandırsan, dövlət
səni cəzalandıra
bilər! Mənim əmrimdən çıxmağa
ixtiyarın yoxdur!
Kiokora əlini yellədi.
- Tüpürüm sənin
quldar dövlətinə!
Bu yeddi il ərzində
bu sözləri mənə hər gün deyirsən! Qoy sənin dövlətin cəzalandırsın
məni. Amma unutma ki, bu səni çox
ziyana salar.
Con Conson nifrətlə bir kənara tüpürdü.
- Bircə səni rinqdə vurub öldürsəydilər, canım
sənin bu zəhərli sözlərindən
qurtarardı.
- Əzizim Coni, bundansa sən də əvəzində onun azadlığını təklif
et! - Qarşı tərəfin
meneceri dilləndi. - Bizim Teteroka da bizi belə bezdirmişdi. Biz də qələbə müqabilində
buna razılıq verdik.
Onsuz da sonra döyüş üçün
bizə yalvaracaq!
Con Conson nə düşündüsə, Kiokoraya
acıqla baxdı.
- Yaxşı, mən də sənə azadlığını təklif
edirəm, amma mən də yalnız qələbə
müqabilində! Razısanmı?
Kiokora bu qəfil eşitdiyinə
inanmayıbmış kimi
ona sarı sadəlövh təəccüblə
baxdı.
- Deməli, mən istəsəm Afrikaya, Qamsavara da gedə bilərəm - eləmi?
- İstəsən, gedə
bilərsən, amma yenə əsir tutub qul kimi
satacaqlar! Hələ
o məlum deyil ki, yenidən bizim kimi nəcib insanlar səni alacaq, ya yox.
Kiokoranın üz ifadəsi
nifrətlə büzüşdü.
- Sabah azadlığım barədə
rəsmi sənədləri
gətirərsən, mən
də o Teteroka ilə döyüşə
hazırlaşaram. Əmin
olun, sonra sizə yalvarmayacağam!
Digər
oturanlar pivə bakallarını götürüb
sevinclə bir-birinə
vurdular.
***
...Çox böyük bir tamaşa salonunda bir neçə
min tamaşaçı toplaşmışdı.
Hamısı ağdərililər
idi. Xüsusi adamlar tamaşaçıların
arası ilə gəzir, boksçulara əlavə pul qoyuluşu davam edirdi. Yalnız döyüşün başlanmasına
bir neçə dəqiqə qalmış
pul qoyuluşunun hamılıqla Teterokaya
aid olduğu məlum oldu. Burada hələ
belə bir hal baş verməmiş,
Kiokora kimi burada qətiyyən tanınmayan bir boksçuya kimsə etimad göstərmək istəməmişdi. Təkcə
Con Conson onun qələbəsinə böyük
məbləğ yatırmışdı.
Bunu eşitdikdə Kiokora acıqlandı.
- Qaradərili olmasaydı, mən onu elə
birinci raunddaca əzişdirərdim!
Con Conson xüsusi surquclu kağızı ona verdi və
təəssüflə köks
ötürdü.
Bu, onların azadlıqla bağlı rəsmi sövdələşməsi idi.
Döyüş keçirilən salon səs-küy əlindən
dağılırdı. Aparıcı
rinqin ortasında ağzına rupor dayayıb Kiokoranın adını "Afrikalı
Kio!" kimi ucadan elan
etdi. Buna bənd imiş kimi salonu fit və qışqırıq səsləri
bürüdü. Kio isə
heç kəsi vecinə almadan, yolboyu sağa-sola ustufca tüpürərək
gəlib rinqə çıxdı. Burada o nə tamaşaçılara,
nə də yan tərəf hakimlərinə baş əymədi. Ağdərili
tamaşaçılar onu
ələ salır, gülür, "Zənci!",
"Qul!", "Afrikalı!"
deyə bağıraraq
cırnatmaq istəyirdilər.
O isə buna əhəmiyyət
vermədən, heç
məşqçinin sözlərinə
də qulaq asmadan özünü döyüşə hazırlamağa
başladı. İlk dəfə
idi ki, bir qaradərili həmvətəni
ilə qarşılaşacaqdı.
Zuzionun ruhuna and içmiş və həmişə yalnız
ağdərililəri döyəcəyinə
qərar vermişdi.
Amma indi azadlıq naminə bu döyüşə gedirdi.
Azadlığı barədə
sənədlər döyüşdən
və qələbədən
sonra qüvvəyə
minəcəkdi. Müqaviləyə
əsasən, ona Afrikaya kimi gəmi
ilə yol xərci ödəniləcək,
cibxərcliyi veriləcəkdi.
Sonra isə... Sonra isə
Kiokora Afrikada öz xalqının azadlığı uğrunda
mücadilə aparacağına
and içmişdi. Bu ağdərililərə
öz azadlığının
nə demək olduğunu göstərəcəkdi!
Nəhayət, rəqibi Teterokanın
da adı elan olundu:
"Qara bəbir Teteroka!"
Bu zaman bütün tamaşaçılar
sürəkli əl çaldılar və ayağa qalxaraq Teterokanı alqışlamağa
başladılar. Kiokora
ona sarı bir elə əhəmiyyət
vermədi. Yalnız referi onu rinqin
ortasına dəvət
edərkən çevrilib
ortaya gəldi və gözucu rəqibinə baxdı.
Bu, çox iri bədənli, zil qaradərili bir boksçu idi. İlk baxışdan sanki tanış siması vardı. İngilislərin
"Bütün zəncilər
bir-birlərinə oxşayır"
fikrini xatırladı.
Onda özünə oxşar nəsə görmək istədi. Hakimin qarşısında
onlar bir dəqiqəlik göz-gözə
qalmalı idilər. Göz-gözə qaldıqları
andaca Kiokoronun içində sanki nəsə qırıldı.
Bu kim idi belə?! Teteroka da ona qəzəblə deyil, sanki onu
tanıyırmış kimi
baxdı və qollarını yana salaraq, duruxub qaldı.
- Oğlan, sən haradansan?
Teterokanın bu qəfil sualına da Kiokora ingilissayağı:
- Bütün zəncilər
Afrikadan olur! - dedi.
- Afrikada Qamsavar qəbiləsi varmı?
Bu sualı eşidən kimi Kionun bütün
varlığı təlatümə
gəldi. Elə bu zaman baxışları
qeyri-ixtiyari olaraq Teterokanın sol çiyninə
yönəldi. Onun sol
çiynində enli çapıq vardı. Sol
qulağının üst
hissəsi isə qoparılmışdı.
- Tora?!
Ata!? Bu sənsən?!
- Oğlum, Kio, sən nə yaman böyümüsən?!
Onlar bir-birlərinə sarıldılar
və bərk-bərk
qucaqlaşdılar. Bu mənzərə
qarşısında birdən
salonun uğultusu kəsdi, hamı təəccüblə bu mənzərəyə baxıb
qaldı. Bu nə demək idi?! Rinqdəki boksçular vuruşmaq əvəzinə
bir-birini qucaqlayıb ağlayırdılar. Sonra salondan
kimsə "Qara heyvanlar!" deyə bağırdı. Buna bənd
imiş kimi yenidən içərini qışqırıq və
fit səsləri bürüdü.
Referinin də təəccüblə dodaqları
büzülmüşdü. Qonq səsi eşidilən kimi o tez yaxınlaşıb,
"Breq... breq" deyə qışqıraraq
əlləri ilə onları aralamağa çalışdı. Daha
sonra referi əlini ortaya uzadaraq "Boks!" deyə
qışqırdı. Əvvəlcə
hər ikisi rinqin ortasında karıxıb qaldı.
Amma Teteroka (Kora) özünü
tez ələ aldı və öz dillərində Kiokoraya "Biz hökmən
döyüşməliyik, oğul"
dedi. Bu sözlərdən
sonra Kiokora rinqin ortasında hərəkət etməyə,
guya ki, zərbə vurmaq üçün fürsət axtarmağa çalışdı. Amma eyni
zamanda söhbətdən
qalmadılar.
- Ata, sən öz adını nə üçün dəyişmisən?
- Bunlar belə istədilər, Kio. Mən
sənin adını eşitdiyim üçün
ürəyimdən bu
adda boksçunu görmək
istəyi keçirdi.
Heç güman etməzdim ki, bu sənsən! Anan sağdırmı,
Kio?
- Yeddi il əvvəl sağ idi. Bunlar
sənə azadlıq
barədə akt verəcəklərmi, ata?
- Bundan ötrü mən qalib gəlməliyəm, Kio.
- Elə mənə də qələbə müqabilində azadlıq
veriləcək.
- İki nəfər üçün bir azadlıq!
- Bu azadlığı sən götürərsən, Kio!
-Yox, ata, sən
ona daha çox layiqsən!
- Kio, sən Qamsavara azadlıq aparacaqsan!
- Mən bütün Afrikaya azadlıq qazandıracağam, ata!
- Ona görə də sən qalib gəlməlisən!
Bu zaman qonq çalındı və birinci raund başa çatdı. Heç biri bircə zərbə də vurmamış, hesab açılmamışdı. Məşqçilər
hər iki tərəfi danlayır, durmadan və qeyzlə öz tapşırıqlarını verirdilər.
İkinci raundda da əvvəlcə rinqin ortasında bir qədər hərəkət
etdilər. Sonra hakim oyunu
saxlayıb, passiv döyüşə görə
hər iki tərəfə xəbərdarlıq
etdi. Bundan sonra Teteroka oğluna:
- Qollarımızı yumruqlaya
bilərik, Kio. - dedi.
Onlar bir-birlərinin qoluna hərdən asta yumruqlar vurmağa, hərdən də qucaqlaşıb rinqin ortasında durmağa çalışdılar. Bunu
adi oyun gedişi zənn edən referi onları bir-birindən güclə ayırır və ortaya "Boks!" deyə qışqıraraq,
fəal döyüşə
dəvət edirdi. Üçüncü raund
başlanarkən salon qışqırıq-bağırtı
altında dağılırdı.
- Bunların bütün pul qoyuluşu mənədir! - Teteroka dedi. - Sən qalib gələrsənsə,
bu alçaqların hamısı uduzmuş olacaq. Mənə bir yumruq vur,
oyunu bitir!
- Yox, ata, əlim
gəlmir! İndi sən
azadlıq qazan, mən sonra da qazana bilərəm!
- Belə fürsət bir də ələ
düşməz, Kio! Məni
öz xoşumla təslim olmağa məcbur etmə! Mən görüşün
ləğv ediləcəyindən
çəkinirəm, yoxsa,
indiyə çoxdan...
- Ata əlim gəlmir!!!
- Axı boksda hökmən kimsə qalib gəlməlidir! Yoxsa, bu azadlıq
ikimizin də əlindən çıxar.
Tez ol, yubatma!
- Bacarmıram, ata!!!
Kionun öz dilində səslənən bu bağırtısını tamaşaçılar
onun əks tərəfi söyməsi
kimi başa düşüb, yenidən
qəzəblə qışqırıq
və fit səslərinə
başladılar. Bundan
sonra ata boksçu oğul boksçuya bir neçə zərbə vurdu. Kionun qüvvətli
zərbələri isə
onun qollarına və əlcəklərinə
sarı idi. Tədricən döyüş
qızışırdı. Amma Kiokora yalnız
atasının qollarını
hədəfə almışdı.
Növbəti belə
zərbələrdən biri
zamanı birdən Teteroka qollarını yana açdı və özünü yumruq zərbəsinin qarşısına verdi. Zərbə qəflətən
onun çənəsinə
dəydi və onu yerə yıxdı.
Bu elə qəfil alındı ki, Kiokora donub
qaldı, sonra qeyzlə kənara bağırdı. Referi isə aramla sayır və sanki Teterokanın ayağa durmasına vaxt qazandırırdı.
Teteroka güclə ayağa durmağa çalışdı, hərlənib,
yenidən rinqin ortasına sərildi.
Kiokora rinqin
ortasında nokauta düşmüş atasına
baxaraq ağlayırdı.
Sevimli boksçularının
bu qəfil məğlubiyyətindən çaşmış
tamaşaçılar əks
tərəfin bu göz yaşlarını
sevinc yaşları hesab edir, ona
nifrətlə baxır
və söyürdülər.
Sonra referi
Kiokoranın, Kiokora isə onun tərəfə
keçib, atasının
əlini yuxarı qaldırdı.
Bu salonda
və bu rinqdə əsil qalib tərəf yox idi.
Lənkəran
Hafiz MİRZƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.38-40.