Zəngəzurlu mücahidin evində
"Gördüyünüz
bu qarşıdakı divanda əyləşmişdi əmim.
Azərbaycan mövzusu açıldı. Gözlərinin
yaşı dayanmırdı. Göz yaşlarını mən
sildim... Ölərkən yanında idim. Nəşinin
üzündən öpdüm".
Mart
ayının 7-də müəllifi olduğum
"Türkiye'de Bir Millet ve Hak Yolcusu. Mehmet Emin Resulzade"
adlı kitabımın təqdimatı üçün
Ankaraya getmişdim. Azaflı Sosial Yardım və
Kültür Dərnəyində keçirilən Azərbaycan
Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin
Türkiyə həyatını ehtiva edən kitabın
tanıtım mərasiminə Ankarada yaşayan
soydaşlarımız və mövzuya marağı olan
insanlar toplanmışdı. Səfərin ikinci günü
yenə eyni dərnəkdə Azərbaycan Türkiyə Tələbələr
Birliyinin təşkilatçılığı ilə 8 Mart
Günü münasibətilə Ankarada yaşayan həmyerlimiz
Ali Asker xoca ilə birgə Azərbaycan qadınının
keçdiyi tarixi yola nəzər saldıq. Növbəti
gün isə - martın 9-da həmkarım Elməddin Behbudun
istəyi üzərinə Ankaradakı bir mənzilə
doğru yola düşdüm. Həmin evdə zəngəzurlu
mücahid Tağı Aranın qızı Ceylan xanım
yaşayırdı.
Haşiyə:
Bu ilin
yanvar ayının 11-də Sosial Tədqiqatlar Mərkəzinin
təşkilatçılığı ilə Elməddin
Behbudun hazırladığı "Mücahid ömrü: Məhəmmədsadıq
Aran" kitabının təqdimatı olmuşdu.
Tanınmış alimlərin iştirak etdiyi mərasimə
Aran ailəsinin Azərbaycandakı qohumları da
qatılmışdılar. Kitabda M.Aranın geniş həyat
hekayəsi verilib, bir sıra məqalələri dilimizə
uyğunlaşdırılıb. Uzun müddətdir bu
kitabı hazırlayan Elməddin bəyin fədakarlığını
gördüyüm üçün bu işdə əlimdən
gəldiyi qədər dəstək olmuşdum. Nəticədə,
Azərbaycan Cümhuriyyəti Parlamentinin Zəngəzurdan olan
üzvü Məhəmmədsadıq Aran haqqında ilk kitab
işıq üzü görmüşdü. Bu kitabın
yazılış prosesində ən önəmli cəhət
o idi ki, M. Aranın qardaşı Tağı Aranın iki
övladı ilə əlaqə qurulmuşdu; həm ABŞ-da
yaşayan İlhan bəylə, həm də Ankarada yaşayan
Ceylan xanımla.
Türkiyəyə
qayıdarkən Elməddin bəy Ceylan xanıma
çatdırmaq üçün mənə həmin kitabdan
vermişdi. İndi isə əmanəti çatdırmaq
zamanı idi...
Aran
ailəsi
Mühacirətdə
Sadıq Aran, Sənan Azər imzası ilə tanınan Azərbaycan
Cümhuriyyəti Parlamentinin üzvlərindən Məhəmmədsadıq
Axundzadə 11 fevral 1892-ci ildə Zəngəzurun Urud kəndində
doğulub. O, ilk təhsilini ailəsindən alıb,
Quranı, fars dilini öyrənib. Naxçıvan
rüşdiyyəsini bitirdikdən sonra Bakı Ali Pedaqoji
İnstitutuna daxil olub. Bir müddət Güney Azərbaycanda
yaşayan Axundzadə Marağada ibtidai məktəb
açıb. 1917-ci ildə çar Rusiyasının
çökməsi ərəfəsində Zəngəzurun mərkəzi
Gorusa dönüb, burada da məktəb təsis edib. 1918-ci
ilin 7 dekabrında Azərbaycan Cümhuriyyətinin parlamenti
qurulduğu zaman Zəngəzur nümayəndəsi olaraq
parlamentə qatılıb. "Azərbaycan" qəzetində
Zəngəzurla bağlı məqalələr yazıb. Azərbaycan
Cümhuriyyətinin işğalından sonra Aran Mirzəbala Məhəmmədzadənin
rəhbəri olduğu gizli Azərbaycan İstiqlal Komitəsinə
qatılıb, daha sonra mühacirətə gedib. 1923-cü
ilin sonunda Güney Azərbaycana, növbəti il Türkiyəyə
yollanıb. İstanbulda Müsavat Partiyası Xarici
Bürosunun Mədəniyyət Komitəsinin nəzdində Azəri-Türk
Gənclər Birliyini təsis edərək bu qurumun rəhbəri
olub. 1927-ci ildə Aran İstanbul Darülfünunun Ədəbiyyat
fakültəsində təhsil almağa başlayıb. Nihal
Atsızın yazdığına görə, təhsilini sona
qədər davam etdirməyib. Bu ərəfədə o,
"Azəri-Türk" jurnalına rəhbərlik edib.
1930-cu illərin əvvəlində Finlandiyaya gedib, orada da məktəb
açıb. Bu məktəbdə İdil-Ural bölgəsindən
köçən türklərə dərs keçib,
"Turan Ocağı" dərnəyini yaradıb. 1932-ci ildə
Finlandiyada "Yeni Turan" adlı qəzet təsis edib. 1936-cı ildə yenidən
İstanbula dönən Aran 1939-1941-ci illər arasında
"Ulus" və "Cümhuriyyət" qəzetlərinin
İrandakı müxbiri kimi çalışıb. II
Dünya müharibəsindən sonra Azəri Qardaşlar
Yardımlaşma Dərnəyi, Türk Kültür
Çalışmaları Dərnəyi kimi qurumlar
yaradıb. Aran Cümhuriyyətin
ildönümündə, 28 May 1971-ci ildə İstanbulda
pnevmoniyadan vəfat edib. O, mühacirətdə Rəsulzadə
və Mirzəbala Məhəmmədzadədən sonra ən
çox yazıları nəşr edilən mühacirlərdən
olub. Türkiyədə "Yeni Kafkasya", "Azəri-Türk",
"Gök Börü", "Davran", "Yaşıl
yarpaq", "Qızıl alma", "Özləyiş",
"Çınaraltı", "Torpaq", "Orhun",
"Türk kültürü", "Ötükən",
"Aras", "Mücahid", "Cığır"
kimi jurnallarda, "Cümhuriyyət", "Yeni
İstanbul", "Şərq yolu", "Yeni Turan"
kimi qəzetlərdə şeirləri, məqalələri
işıq üzü görüb. Yazılarını
"Mehmet Sadık Aran", "M.S.Sanan", "Sanan
Azer", "M.Sisyanlı" imzaları ilə yazıb. Aran 1935-ci ildə İstanbulda
"Ergenekon yolları" adlı şeirlər məcmuəsi
çap etdirib. Ona Türkiyədə şöhrət
qazandıran əsəri isə 1942-ci ildə İstanbulda
"Cümhuriyyət" mətbəəsində
yayımlanan "İran türkləri" əsəridir. 44
səhifədən ibarət olan bu kitabda Aranın illərdir
məşğul olduğu Güney Azərbaycanın
ictimai-siyasi və ədəbi mühiti öz əksini
tapıb. 1944-cü ildə M.Aranın İstanbulda "Milli məcmuə"
mətbəəsində "Türkün qızıl
kitabı. "Qutadqu bilik"" adlı əsəri nəşr
olunub. 32 səhifədən ibarət olan bu kitabçada XI əsrdə
Yusif Uluq Xas Hacibin yazdığı məşhur
"Qutadqu-bilik" əsərindən nümunələr təqdim
edilib.
Məhəmmədsadıq
Arandan sonra əmisi oğlu Tağı bəy də Türkiyəyə
köç edib. Tağı bəy 1905-ci ildə Zəngəzurun
Gorus şəhərində Fətullah əfəndi ilə
Bilqeyis xanımın ailəsində dünyaya gəlib.
İlk və orta təhsilini burada alıb. Zəngəzurun bir
hissəsinin Ermənistana verilməsindən sonra Türkiyəyə
mühacirətə gedib. Ali təhsilini Türkiyədə
alan Tağı bəy Nüsrət xanımla evlənib,
İlhan adlı oğlu, Ceylan adlı qızı olub.
Türkiyədə müxtəlif nazirliklərdə işləyən
Tağı bəy ən son Türkiyə Xarici İşlər
Nazirliyinin Ümumi Mühasibat Müdirliyində
çalışıb, buradan təqaüdə
çıxıb. Tağı bəy 9 dekabr 1992-ci ildə
Ankarada vəfat edib, Cəbəci Əsri məzarlığında
dəfn olunub.
Tağı
bəy və həyat yoldaşı 15 mart 1965-ci ildə
Ankarada qurulan Azərbaycanı Tanıtma Dərnəyinin təsisçilərindən
olublar...
Tağı
bəyin evində
AŞTİ
metrostansiyasında enib Ceylan xanımın evinə doğru
gedirəm. Bir gün öncə Əsri məzarlığında
M. Rəsulzadə ilə birgə Tağı Aranın da məzarını
ziyarət etmişdim. Məzar daşında bu sözlər
yazılıb: "M. Taki Aran. Ruhuna Fatiha. 1905-9.12.1992.
Azerbaycan hasreti ile yanan, gözü gönlü tok yüce
insan. Heran seni rahmetle anıyoruz. Cennette nur içinde yat
diyoruz".
Hər
dəfə mühacirlərin varisləri ilə
görüşə gedərkən çox həyəcanlanıram:
"Görəsən, məni necə qarşılayacaq? Azərbaycan
sevgisi varmı? Evdəki arxivdən nəsə göstərəcəkmi?"
Bu kimi düşüncələrlə 5-ci mərtəbəyə
qalxıram. Liftin qapısı açılınca "bu tərəfə
gəlin" sözünü eşidirəm. Kübar bir
xanım gülümsəyərək evinə dəvət
edir. Qapıdan girdiyimdə divarda Türkiyə və Azərbaycan
bayraqlarını görüncə rahat nəfəs alıram.
Ceylan
xanım qəhvə hazırlamağa gedincə maraqla
masaların üstündəki və divardan asılan şəkillərə
baxıram. Divardan olduqca qiymətli orijinal bir fotoşəkil
asılmışdı. Mustafa Kamal Atatürkün ətrafında
50-dən çox insanın olduğu bir rəsm. Yusuf
Akçura və dövrün digər alim və siyasətçiləri
paşanın sağında və solunda dayanıblar. Fotoşəklə
maraqla baxdığımı görən Ceylan xanım
"atam da oradadır, arxa sırada. Tarix qurultaylarından biri
olmalıdır" deyir və təsvirdə atasını
göstərir.
Telefonla
danışarkən evdə şəkil, sənəd və
sair qiymətli materiallar varsa, hazırlamasını xahiş
etmişdim. Daha öncə Elməddin bəyə göndərdiyi
iki fotoşəkli gətirir. Birində Məhəmmədsadıq
Aran həyat yoldaşı Nəriman xanımla birlikdədir.
Aran Nəriman adını sevmədiyi üçün
xanımını Leyla olaraq çağırıb. Şəklin
arxasında yazılıb: "Cici Ceylan. Yeni
yılınız kutlu, mutlu, sevinç ve başarılarla
dolu olsun! Sevgilerimizle. Leyla - M.S. Aran. 29-12-1962. İstanbul".
Digər
fotoşəkil isə atasına aid idi. "Atam Azərbaycan dərnəyindəki
tədbirdə çıxış edərkən çəkilib",
- deyir. Şəklin arxasına baxıram, orada bir tarix
yazılıb: 27.4.1963. Azərbaycanın işğal edildiyi
günün ildönümü...
Nəhayət,
Ceylan xanım məni ən çox maraqlandıran məsələdən
- ailəsindən və Məhəmmədsadıq bəydən
danışır: "Qardaşım İlhan bir az
yaşlaşıb. 86 yaşı oldu, bir az naxoşdur. Mütəmadi
danışırıq, həyatda ikimiz qalmışıq.
Allah övladlarımıza uzun ömür versin. Əmimin (M.
Aranı nəzərdə tutur) övladı heç
olmadı. Nəriman xanım Türkiyə vətəndaşı,
istanbullu bir müəllimdi. Dostlar vasitəsilə
tanış olmuşdular. Əmim vəfat edəndə
universitetin son illərində idim. Ölərkən yanında
idim. Nəşinin üzündən öpdüm. Onu o qədər
çox sevirdim ki, atamdan ayırmırdım. Onları
hamı qardaş bilirdi, amma əslində əmioğlu idilər.
Əmim çox mülayim insandı. Heç vaxt əsəbi
halını görmədim. Amma konfranslarda, başqaları ilə
münasibətdə necə olduğunu bilmirdim. Mənimlə
həmişə zarafatlaşırdı, kiçik qız
hesab edirdi. Mən onun yaşlılıq dövrünü
xatırlayıram. Mənimlə ciddi məsələləri
danışmazdı. Bir il bizdə qalmışdı. Həyat
yoldaşı çox yaxşı qadındı, xəstəliyi
dövründə ona çox yaxşı baxdı. Çox
ağrılar çəkmişdi. Heç unutmuram, bu
qarşıdakı divanda oturmuşdu bir gün. Evdə ikimiz
idik. Bir səbəblə Ankaraya gəlmişdi. O gün Azərbaycan
mövzusu açıldı. Ruslardan necə işgəncə
gördüyünü, ailəsini buraxıb necə
çıxıb getdiyini danışdı. Birdən o qocaman
adam başladı ağlamağa. Mən də çox həssas
idim, o ağlayır, mən ağlayıram. Necə sakitləşdirəcəyimi
bilmirdim. Bunun xaricində həmişə gülərüz
gördüm..."
Ceylan
xanım M.Aranla birgə fotoşəklinin olduğunu da
söyləyir. Onu ailə albomundan tapıb göndərəcəyini
vəd edir. Sonda masasının üzərindəki atası
ilə anasının şəkillərini göstərib
deyir: "Atam məni Azərbaycan gecələrinə
aparırdı. Şükür ki, müstəqilliyi
gördü. Qardaşım Bakıya bir neçə dəfə
getdi..."
Elməddin
bəyin kitabını və öz kitablarımı təqdim
edirəm. Kitabın qapağında əmisinin fotoşəklini
görüb duyğulanır: "Canım əmim"...
Vidalaşırıq.
Zəngəzurda başlayıb Ankarada bitən iki ömrü
düşünürəm. İnanıram ki, gün gələcək,
Aran ailəsinin doğulduğu torpaqlarda yenidən biz
yaşayacağıq...
İstanbul,
13 mart 2025
Dilqəm
ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.40-41.