"Dədə
Qorqud"da xristianlıq
və onun coğrafiyası
Mən qorqudşünas deyiləm, şeirşünasam. Məqsədim anadilli şeirimizin keçdiyi poetik inkişaf yolunu vəzn və qafiyə baxımından izləməkdir. Bu məqsədlə də ömrümün illərini sərf edib əruzun, qafiyənin nəzəri əsaslarını öyrənmişəm. Ki, əruzvəznli poeziyaya gəlib çatdıqda, onları bilmədiyimə görə dayanmayım. Dədə Qorqudda da məni əsasən vəzn və qafiyə məsələləri maraqlandırır. Dədə Qorqud şeirlərinin yaranma tarixini dastanın yaranma tarixindən almaq istəyirəm. İndi, Allaha şükür, hələlik geniş şəkildə yazmasam da, amma istər Dədə Qorqud, istərsə də bu yöndə bütövlükdə şeirimizin poetik sirlərini özüm üçün müəyyənləşdirmişəm. Amma dastanın yaranma tarixini öyrənmək məni dastanla bağlı daha başqa mövzulara da gətirib çıxardı ki, bu kiçik yazı da onlardan biridir...
"Kitabi-Dədə Qorqud" dastanını Azərbaycan tarixinin bir parçası olan, Azərbaycan tarixində e.ə. IV-III əsrlərdən başlayaraq təqribən, eramızın VII əsrinə qədər mövcud olmuş Alban dövrünün ensiklopediyası adlandırsaq, bəlkə də yanılmarıq. Çünki bu dastanda hər şey var: dastanda təsvir olunmuş xalqın məişətindən, təfəkküründən, mədəniyyətindən, dövlət quruluşundan, inanclarından, dini əqidəsindən, sərhədlərindən, ərazilərinin təsvirindən tutmuş, hətta düşmənlərinə qədər. Dastanda təsvir olunan dövr, mühit, dini inancların əksi də bizə bu dastanın məhz bu əsrlərdən bəhs etdiyini söyləməyə əsas verir. Bu mənada, bizim düşüncələrimizə görə, dastan təqribən, Alban dövlətinin mövcud olduğu min il ərzində boy-boy yaranmış, sonralar, ərəblərin gəlişləri ilə əlaqədar olaraq, redaktə edilib, bəlkə də qədim Alban əlifbasından ərəb əlifbasına köçürülmüşdür. Cünki bizə görə, dastan, yazıya alınmadan min il ərzində tarixilik, bədiiyyat və dil baxımından bu mükəmməllikdə bizə gəlib çata bilməzdi. Yəqin ki, dastan, dastanın daha qədim zamanlarla səsləşən boyları hələ İslamın Azərbaycana gəlişindən əvvəl ilk dəfə yazıya köçürülmüşdür. Sonralar yəqin ki, bir neçə dəfə də kiçik redaktələrə məruz qalmış və nəhayət, bizə sonuncu redaktə - XV-XVI əsrlər, əlimizdə olan bugünkü variantda gəlib çatmışdır. Bu mənada, dastanın Azərbaycanın məhz Alban dövrü tarixindən bəhs edən bir dastan olduğunu və bu dövrdə düzülüb-qoşularaq yazıya alındığını göstərən sübutlardan biri də dastanda öz əksini tapan xristianlıq məsələsidir. Qeyd edək ki, xristianlıq dastanda yeri gəldikcə kifayət qədər ətraflı təsvir olunmuş, dastan yazıya alındığı dövrdə İslamın böyük təsir gücünə malik olduğunu nəzərə almasaq, öz əksini, bəlkə də heç də ondan zəif şəkildə tapmamışdır. Beləliklə, dastanda xristianlığın əksi də dastanın məhz Alban dövrü ilə bağlı olduğunu bir daha sübut edir.
Xristianlığın tarixi haqqında mövcud olan müasir elmi qənaətə görə, xristianlıq təqribən, 301-ci ildən ermənilərdə, 313-cü ildən etibarən Albaniyada və təqribən, 326-cı ildən isə Gürcüstanda yayılmışdır. Doğrudur, son dövrlər bu elmi qənaət bir qədər dəyişmiş, Albaniyanın xristianlığı ermənilərdən daha əvvəl qəbul etdikləri fikri elmi müstəviyə çıxarılmış və hətta Şəkidəki qədim Kiş məbədinin bu arealda tikilən ilk məbədlərdən biri və yaxud da birincisi olduğu söylənilməkdədir.
Maraqlıdır ki, dastanda ermənilər haqqında heç bir məlumata rast gəlmədiyimiz kimi, ermənilərin iddia etdikləri müasir Ermənistan torpaqlarında da dastanda təsvir olunan dövrdə heç bir kilsəyə, erməni kilsəsinə, ermənilərin xristian olmaları barədə məlumata da təsadüf etmirik. Dastanda isə, dediyimiz kimi, xristianlıq, bu dinin mövcud olduğu ərazilər, onun sərhədləri kifayət qədər geniş şəkildə təsvir edilmişdir.
Dastanda xristianlar, əsasən, "kafər" kimi yad edilir və demək olar ki, bir-iki boyu - "Duxa qoca oğlu Dəli Domrul boyunu bəyan edər", "Basat Dəpəgözi öldürdügi boyu bəyan edər", "İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boyu bəyan edər" boylarını çıxmaq şərti ilə, demək olar ki, qalan bütün boylarda qarşı tərəf düşmən qüvvələr kimi iştirak edirlər. Belə ki, biz bu kafərlərin xristian olduqlarını elə ilk boylardan öyrənirik. Dastanda İslamı yenicə qəbul etmiş, hələ öz qədim türk inanclarından bir o qədər də uzaqlaşmamış Oğuzlar, kafərləri -xristianları "azğun kafər", "sası" - murdar ("Kitabi-Dədə Qorqud"un izahlı lüğəti. Bakı, 1999), "murdar kafər", "din düşməni", "dini yox", "əqilsiz", "ussı yoq", "dərnəksiz", "qara dinli" kafər kimi yad edirlər. Məsələn, "Salur Qazanın evi yağmalandığı boyu"nda Atağuzlu Aruz qoca Qazana belə deyir: "Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?" Bir qədər aşağıda Qazanın evini yağmalamağa gələn kafərlər isə belə təsvir olunur: "Yeddi bin qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü, din düşməni alaca atlu kafər bindi yılğadı, dün burcuğında Qazan bəgin ordısına gəldi". Həmin boyda Qaraca Çoban kafərlərə belə müraciət edir: "Altmış tutam göndərini nə ögərsən, mırdar kafər?", "Mərə, dini yoq, əqilsiz kafər! Ussı yoq, dərnəksiz kafər!". "Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğı boy"da isə kafərlər haqqında belə deyilir: "On altı bin ip üzəngili, keçə börkli, azğun dinli, quzğun dilli kafər çıqa gəldi". Yenə orada "Qara polat uz qılıcın çalayın, azğun dinlü kafərdir, başların kəsəyin". Yenə orada "Oğul, bin kafər öldürsən kimsə səndən qan dəviləməz. Amma azğun dinli kafərdir, xub yerdə tuş oldu...". Qazan bəy bu boyda, hətta "Qara dinlü kafərə göz qarar"dır. Beləliklə, gördüyümüz kimi, dastanda qəhrəmanlar - Oğuzlar düşmənin təkcə özlərini deyil, dinlərini də aşağılayırlar.
Dastanda kafərlər dedikdə, xristianlar, xristian, xristianlığa işarə vurulduqda isə, əsasən, kafərlərin nəzərdə tutulduğunu söyləməyə daha bariz nümunələr vardır. Belə ki, məsələn, "Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğı boy"da Uruz atasından inciyərkən Qazana belə deyir:
"Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Pilon geyən keşişin əlin öpərəm,
Qara gözli kafər qızın mən aluram".
Beləliklə,
bu misralar dastanda kafərlərin, əsasən, məhz
xristianlar olduqlarını sübut edir.
Dastanda kafərlərdən - xristianlardan
söhbət gedərkən, ara-sıra onların
geyim-keçimləri, həyat tərzləri, məişətləri
haqqında da məlumat alırıq. Belə ki,
yuxarıdakı misralardan da məlum olduğu kimi, onların
keşişlərinin əsas rəsmi dini geyimləri
"pilon"dur.
Dini ədəbiyyatın verdiyi
məlumata görə, "Dədə
Qorqud"da "pilon" kimi keçən, amma yunanca və
xristianlıqda "felon" kimi səslənən bu dini geyim
növü, qolsuz, ancaq baş yeri olan, uzun, ayaqlara qədər
uzanan geyimdir, üst örtüyüdür. Qədimlərdə
onu yağışdan və soyuqdan qorunmaq üçün
geyinmiş, sonralar bu geyim din xadimlərinin, əsasən
yepiskopların və onlardan bir dərəcə
aşağı olan iyereylərin dini geyimlərinə
çevrilmişdir. Bu geyim daha çox dini ibadətlər
zamanı geyinilir ki, o da pravoslav din xadimlərinin nöqteyi-nəzərinə
görə, özündə dini nuru, ədaləti və s.
dini baxışları əks etdirir. Beləliklə,
gördüyümüz kimi, Oğuzlar xristianları
yaxşı tanıyır, altun xaça əl
basdıqlarını bilirlər. Və onu da bilirlər ki,
pilon geyən keşiş də adi din xadimi olmayıb, din rəhbərlərindəndir.
Yaşadıqları yerlərə də bələddirlər
və geyim-keçimlərindən də baş
çıxarırlar. Bu mənada, dastanda pilon geyən rəhbər
din xadimi ilə yanaşı, sıravi xristianların, əsasən,
xristian döyüşçülərin də təsviri
verilir. "Yeddi bin qaftanının ardı yırtıxlu,
yarımından qara saçlu, sası dinlü, din
düşməni, alaca atlu kafər bindi yılğadı,
dün burcuğında Qazan bəgin ordısına gəldi".
"On altı bin ip üzəngili, keçə börkli,
azğun dinli, quzğun dilli kafər çıqa gəldi".
"On altı bin qara tonlu kafər ata bindi, Qazanın üzərinə
alğar yetdi". "Dirsə xan oğlı Buğac xan
boyu"nda isə Dirsə xanın xatunu Dirsə xana belə
müraciət edir: "Qara tonlu, azğun dinlü kafərlərə
bir oğul aldırdınsa, degil mana!". Beləliklə,
gördüyümüz kimi, sıravi kafərlər -
xristianlar, qara saçlı olub, əyinlərinə arxası
yırtıqlı qara don geyinir, başlarına isə
keçə papaq qoyurlar. Xristianlıqda bəzi məzhəb
və təriqət sahiblərinin qara paltar geyindikləri məlum
olsa da, dastandakı sadə kafərlərin - xristianların,
tarixən hansı məzhəbə aid olub, dəfələrlə
təkrarlandığı kimi, nə üçün qara don
geydiklərini və bunun dini bir mahiyyət
daşıyıb-daşımadığını dəqiq
bilmirik. Keçə börkü-papaqları isə, adətən
gürcülərin başlarına qoyduqları məlumdur. Bu
mənada, təbii ki, dastanda xristianlar dedikdə, ilk növbədə,
bu gün pravoslav kimi tanıdığımız tarixi
gürcülər nəzərdə tutulur. Bir qədər
aşağıda görəcəyimiz kimi isə, bu fakt daha
başqa müddəalarla əsaslandırılır.
Dastanda bəzən düşmənin
- kafərin amansız olduğu da qeyd edilir:
"Oğul,
oğul, ay oğul!
Mənim
ünüm anla, sözüm dinlə!
Ol kafərin üçin atub birin yarmaz oqçısı olur,
"Hı!" demədin başlar kəsən cəlladı
olur,
Adam ətin yəxni qılan aşbazı olur,
Sən varası kafər deyil".
Dastanda
xristian din xadimlərindən olan keşişlərdən də
bəhs olunur və xristianların ibadət edərək
müqəddəs bildikləri ikonalardan da söhbət
açılır.
Qarıcıq
ananı gətürmişiz, bizimdir,
Sana verməziz, Yayxan keşiş oğlına verəriz,
Yayxan keşiş oğlından
oğlu toğar,
Biz anı sana ğərim
qoruz, - dedilər.
"Dədə
Qorqud"un görkəmli tədqiqatçısı professor
Samət Əlizadə isə aşağıdakı sətirlərdən
danışarkən yazır: "Yonma ağaç
tanrılı" dedikdə, "xaçpərəstlərin
tanrı bildikləri İsanın və anası müqəddəs
Məryəmin şəkli çəkilən ikona, bəlkə
də bütpərəstlərin ağacdan yonduqları
büt təsviri (idol) nəzərdə
tutulur".
İt kibi gu-gu edən
çərkəz xırslı,
Küçicik tonuz şülənli,
Bir torba saman döşəkli,
Yarım
kərpic yasdıqlı,
Yonma ağac tənrili,
Köpəgim kafər.
Bir yerdə
isə kafərin, hətta yetmiş iki bütxanəsi
olduğu da qeyd edilir. Bizə elə gəlir ki, bunu da, bəlkə
yenə ikonalarla əlaqələndirmək olar. Çünki
"Bəkil oğlu Əmranın boyu"nda oğlan
Allah-taaladan yardım istəyərkən kafər ona belə
deyir:
"Kafər aydır: "Oğlan, alındunsa, tənrinəmi
yalvarursan? Sənün bir tənrin varsa, mənüm yetmiş
iki bütxanəm var!" - dedi. Oğlan aydır: "Ya asi məlun,
sən bütlərünə yalvarırsan, mən aləmləri
yoqdan var edən Allahıma sığındım" -
dedi".
Dastanda Oğuzlar xristian din xadimləri
olan keşişlərə də açıq-aşkar lağ
edir və yeri gələndə, hətta onları
öldürürlər də. Məsələn, "Salur
Qazanın evi yağmalandığı boy"da Oğuzlar ova
gedərkən sadalanan igidlər arasında Yegnəg bəy
belə xatırlanır: "Qonur atlu Qazana
"keşiş" deyən bəg Yegnəg Turı
ayğırına bindi." "Qam börənin oğlı
Bamsı Beyrək boyu"nda isə Oğuzlar kafərin
hasarını - qalasını alan zaman belə söylənilir:
"Kafərin kəlisasın yıqdılar, yerinə məscid
yaptılar. Keşişlərdən öldürdilər".
Trabzona yaxın olan Aya Sofyada da keşişlər var: "Yol
üzərində kafərin Aya Sofyası vardı.
Keşişlər bəklərdi. Ğayət sarb kəlisaydı".
Dastanda kafərlərin - xristianların
donuz saxladıqları və donuz əti yedikləri də
xatırlanır. Bildiyimiz kimi, donuz əti yemək və bu
dünyagörüşə görə donuz saxlamaq da
İslamda məqbul sayılmır. Amma bunun əksinə
olaraq, xristianlıq donuz əti yeməyi heç də
günah bilmir. Buna görə də xristianlar sərbəst
şəkildə donuz saxlayır və donuz ətini öz mətbəxlərinə
daxil edirlər. Belə ki, dastanda biz bunun da şahidi oluruq. Məsələn,
"Qam börənin oğlı Bamsı Beyrək boyu"nda
Beyrək kafirlərə belə deyir: "Mərə,
sası dinlü kafər! Mənim ağzıma sögüb
durarsan, duyamadım. Qara tonuz ətindən yəxni yedirdin,
doyamadım".
Dastanda Qazan və oğlu
kafərlərə əsir düşərkən, kafərlər
onları donuz damında saxlayırlar: "Bunun oğlu var,
qardaşı var; bunu öldürmək olmaz - dedilər. Gətürdilər
tonuz tamına həbsə saldılar". Uruz Qazanla
anasına bu xəbəri göndərir: "Qara tonuz
damında yatur degil!" "Uşun qoca oğlı Səgrək
boyu"nda isə Əgrək, qardaşı Səgrəgin
yataraq əsir düşəcəyini bildiyi üçün,
onu aşağıdakı şəkildə qınayır:
"Bənciləyin qarusundan ağ əllərin bağladuban
tonuz tamında yaturmı olur?"
(Davamı
olacaq)
Tərlan QULİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.42.