Azərbaycan Tibb Tarixçiləri
Birliyinin ilk prezidenti
Fərid Ələkbərli-60
Bu günlərdə Azərbaycan
Milli Elmlər Akademiyası
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu və akademik Z.M.Bünyadov
adına Şərqşünaslıq
İnstitutu tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin
əziz xatirəsini
yad edərək elmi sessiya və alimin həyat və yaradıcılığından
bəhs edən "Yüz il yaşamış
əlliyaşlı alim Fərid
Ələkbərli" ünvanlı
kitabın təqdimat mərasimi keçirilmişdir.
Elmi sessiyada AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru
akademik G.Baxşəliyeva
AMEA Rəyasət Heyətinin
üzvləri, millət
vəkilləri, bir sıra dövlət qurumlarının nümayəndələri,
təhsil və tibb müəssisələrinin
əməkdaşları, tanınmış
ziyalılar, media təmsilçiləri
və Akademiya əməkdaşları iştirak
etmişlər.
Kitabda alimin keçdiyi əmək və həyat yolundan, elmə verdiyi töhfələrdən, onun
qədim və orta əsrlərdə yaşamış dünyaşöhrətli
alimlərin sağlamlıq
və təbabətlə
bağlı əsərlərinin
tədqiqində göstərdiyi
xidmətlərindən bəhs
olunur. Kitabın "Ot kökü üstə bitər" bölümündə Fərid
Ələkbərlinin soykökü
barədə məlumat
verərkən onun əslən İçərişəhərin
tarixi şəxsiyyətlərinin
"ağşalvarlılar"ın davamçısı olduğuna
işarə edilir. Bu mənada, Fərid Ələkbərlinin atası,
nəsilcə daha cavan, dövrümüzə
görə elmimizin ağsaqqalı - ABŞ, Almaniya,
Türkiyə, İsveçrə,
Gürcüstan, İsrail,
Yaponiya, Britaniya, Norveç, Sloveniya, Fransa, Yaponiya, Koreya, İtaliya, Yunanıstanın və dünyanın neçə-neşə
aparıcı universitet
və elmi tədqiqat mərkəzlərində
mühazirələr oxuyan
və seminarlar aparan, 500-dən artıq elmi məqalənin, qırxa qədər monoqrafiya, kitab, orta və ali məktəblər
üçün davamlı
insan inkişafı və ekoloji sivilizasiyanın, eksklüziv
inkişafın idarə
olunmasına dair dünyada ilk dərsliklərin
müəllifi, AMEA-nın
həqiqi üzvü,
Dövlət İdarəçilik
Akademiyasının rektoru,
"Şərəf" ordenli
Urxan müəllim Ələkbərov elmimizin
görkəmli nümayəndəsi
kimi təqdim olunur.
Bir də sosial şəbəkələrdə şəkli kitabın onuncu səhifəsində
yer almış bığlı kişi barədə tez-tez soruşulduğunu nəzərə
alaraq, qeyd edilir ki, bu kişi
Məmmədbağır kişinin
üç oğlundan
biri, Əbdülmanaf Ələkbərovdur. O Məmmədbağır
kişi ki, İçərişəhərdə,
Qoşa Qala Qapısından 100-150 metr
qabaqda yerləşən
birmərtəbəli evini
söküb, hər mərtəbəsi bir oğlunun adına olmaqla, indi də
mövcud olan, gəmiyə bənzər
üçmərtəbəli mülkünü tikdirmişdi.
Həm də tikdirmişdi ki, Azərbaycana
ilk dəfə yelkənli
gəmiləri əvəz
edən, buxar gücü ilə hərəkət edən
"poroxod"u gətirmiş,
gəmi kapitanı Əbdülmanaf Ələkbərov
bu evdən Xəzərdəki gəmiləri
yaxşı müşahidə
edə bilsin. Əbdülmanaf Ələkbərov
Kazım Ələkbərovun
atası, Urxan müəllimin babası, Fərid Ələkbərlinin
ulu babasıdır.
Urxan müəllimin atası Kazım müəllim Ələkbərov 1929-cu ildə
Azərbaycan Politexnik İnstitutunun Kənd Təsərrüfatı fakültəsinə
daxil olmuş, seçdiyi ixtisasa uyğun olaraq təhsilini Tiflisdəki Zaqafqaziya Yeni Lifli Bitkilər İnstitutunda davam etdirmişdir. Hələ tələbə
ikən institutun Torpaqşünaslıq kafedrasında
işləməyə başlamışdır.
Həmin illərdə
professor D.R.Qedenaşvili
və M.N.Sabaşvilinin
rəhbərlik etdikləri
Lənkəran, Masallı
və Xaçmaz ekspedisiyalarında iştirak
etmişdir. Məhz Kazım Ələkbərovun
bilavasitə iştirakı
ilə Şirvan, Qarabağ, Salyan bozqırlarının irimiqyaslı
torpaq-aqrokimyəvi xəritələri
tərtib olunmuşdur.
Torpaqşünaslıq ixtisası
üzrə elmlər doktoru, professor olan Kazım Ələkbərov
bir sıra rəhbər vəzifələrdə
çalışmış, orden və medallarla
təltif olunmuşdur.
Fərid
müəllimi dünyaya
gətirmiş, Urxan müəllimin ömür-gün
yoldaşı Rəna
xanım Ağaxan qızı Ağabəyli
haqqında danışarkən
qeyd edilir ki, Muğanın tanınmış
nəsllərindən biri
olan Ağabəylilər
Əmir Teymur
(1370-1405) sülaləsinin Cığatay
qoluna mənsubdurlar. Ağaxan Ağabəyli kənd təsərrüfatı
elmləri doktoru,
professor, Ümumittifaq Kənd
Təsərrüfatı Elmləri
Akademiyasının müxbir
üzvü, AMEA-nın
müxbir üzvü,
Azərbaycanın elm xadimi,
Azərbaycanda camışçılıq
elminin banisi olmuşdur. Ana tərəfdən
Rəna xanım içərişəhərli Hacı
Zeynəlabidinin nəticəsidir.
İçərişəhərdə üç Zeynəlabidin olub: xeyriyyəçi Zeynəlabidin, Spasibo Zeynəlabidin və tədbirli və diribaş, həm də çox tərs olduğuna görə "Qatır"
ləqəbi ilə tanınan Zeynəlabidin. Rəna xanım Ağabəyli həmin o diribaş Zeynəlabidinin nəticəsidir. Manaf Süleymanovun "Eşitdiklərim,
oxuduqlarım, gördüklərim"
kitabında onunla bağlı bir neçə rəvayət
var. Akademiyanın Rəyasət
heyətinin binası ilə Sabir bağı arasındakı İçərişəhərə
açılan qapını
məhz həmin Zeynəlabidin açdırmışdır.
Zeynəlabidin İçərişəhərdə
adla tanınan Qoçu Hənifənin atası idi. Qoçu Hənifə
1918-ci ildə İçərişəhər
əhalisini səfərbər
edib, ermənilərin
şəhərin bu hisəsinə girməsinə
imkan verməmişdi.
Sovetlər gələn
kimi Hənifəni ələ keçirib güllələdilər.
Azərbaycan Politexnik İnstitutunun
Kənd Təsərrüfatı
fakültəsinə daxil
olan tacir Ağaxan Ağabəyli Zeynəlabidinin nəvəsi,
Tağıyevin Qızlar
Seminariyasının ilk məzunlarından
olan həkim Xədicə xanımla tanış olur və ailə həyatı qururlar. Onlar işləmək üçün Gəncəyə
gedirlər. Bu izdivacdan
1942-ci il yanvar ayının
3-də Rəna xanım
Ağabəyli dünyaya
gəlir. İllər
keçir, tale bu ailənin yolunu yenidən Bakıdan salır. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə
daxil olan Rəna xanım Ağabəyli həmin fakültənin tələbəsi
Urxan Ələkbərovla
rastlaşır və
ailə qururlar. Rəna xanım Ağabəyli biologiya elmləri doktorudur; 200-dən
artıq elmi əsərin, 3 monoqrafiya,
4 kitab və 8 müəlliflik
şəhadətnaməsi və
potentin müəllifidir.
Rəna xanım bir çox Beynəlxalq Elmi Cəmiyyətlərin, beynəlxalq
elmi nəşrlərin
redaksiya heyətlərinin
üzvüdür. Seçdikləri
ixtisasda, işdə, elmdə bir-birlərinə
məsləhətçi, kömək
olan hər iki görkəmli alimimiz -Rəna xanım Ağabəyli və Urxan müəllim
Ələkbərov Azərbaycan
cəmiyyəti üçün
ailə ənənələrinə,
soy köklərinə uyğun
iki övlad tərbiyə etmişlər
ki, bu gün onların soraqları çox-çox uzaqlardan gəlir. Ailənin kiçik oğlu Ramiz Ələkbərov ixtisasca
həkimdir. Sonradan
ABŞ-da diplomatik təhsilə
yiyələnib. Böyük
bir müsabiqənin qalibi olaraq BMT sədrinin müavini seçilmişdir.
Ailənin böyük oğlu
Fərid Ələkbərliyə
gəlincə, təxminən,
onunla eyni vaxtda Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamışıq.
Uğurlarının əksəriyyəti
gözümün önündə
baş verib.
Orta əsrlərdə mövcud
olmuş sağlamlığın
qorunması nəzəriyyəsi,
təkcə tibb və əczaçılıqla
məhdudlaşmır, sanitariya,
memarlıq və məişət mədəniyyəti
kimi məfhumları
da əhatə edir. Əczaçılıq da sağlamlığın
qorunması nəzəriyyəsinin
ayrılmaz qolu olub. Məhz F.Ələkbərlinin apardığı araşdırmalar
nəticəsində orta
əsr Azərbaycan təbabətində istifadə
olunan 724 növ dərman bitkisinin, 150 heyvanın, 115 mineralın
növ mənsubiyyəti
və müasir elmi adları müəyyənləşdirilmiş, onların siyahısı tərtib edilmişdir. Mürəkkəb tərkibli
dərmanlara gəlincə,
866 növü aşkar
edilmişdir. Aşkar
edilmiş bitki və heyvan növləri ilk dəfə olaraq müasir təsnifat sistemi çərçivəsində
təhlil edilmiş, orta əsr mənbələrində
onların müalicəvi
xüsusiyyətləri haqqında
verilmiş məlumatlar
öyrənilmişdir. İlk dəfə olaraq onların dərman formaları və terapevtik qruplar üzrə təsnifatı
aparılmışdır. Tədqiqatlar
nəticəsində o da müəyyən
olunmuşdur ki, həmin
724 növ bitkidən
422-si hal-hazırda Azərbaycan
Respublikası ərazisində
yayılmışdır. Onların
256-sı müasir tibb
elmində istifadə olunmur və unudulmuş dərman bitkiləri sayıla bilər. Onların öyrənilməsi və
yenidən tibb elminin istifadəsinə qaytarılması böyük
əhəmiyyət kəsb
edir. Orta əsr müəlliflərinin
sağlamlığın qorunması
və sağlam həyat tərzinin təşkilinə aid mülahizələri
və tövsiyələri
müvafiq testlər, kliniki və eksperimental tədqiqatlardan
sonra tibb elmində geniş istifadə edilə bilər.
Fərid
Ələkbərlinin ortaçağ
Şərq təbabəti
sahəsindəki araşdırmaları
da uğurlu alınmışdır.
Alimin fikrincə, təxminən, yüz əlli, iki yüz il bundan əvvəl Avropada baş verən texniki tərəqqi bütün elmlərdə
olduğu kimi, tibb elmində də sıçrayış
yaratdı.
2003-cü
ildə Əlyazmalar İnstitutunun "Tərcümə
və informasiya" şöbəsinə müdir
təyin olunan alim elə bu məqsədlə
də ilk növbədə,
fondda mühafizə olunan tibbə dair əlyazmaların tərcümə və tədqiqini ümdə sayıb. Məhz onun məsləhət və rəhbərliyi ilə şöbədə
Əbu Bəkir Məhəmməd ibn Zəkəriyya
ibn Yəhya ər-Razinin
"Ət-tibbül-Mənsuri" ("Mənsur təbabəti"),
İshaq ibn Hüneynin
"Sadə dərmanlar
kitabı", Məhəmməd
ibn Mahmud ibn Hacı Şirvaninin
"Ətriyyat bağçası"
( Hər üç kitabın tərcümə
edəni Hacı Müzafəddin Əzizovdur),
Həsən ibn Rza Şirvaninin "Siracüt-tibb",
Əbülhəsən əl-Narağinin
"Müalicəti-münfəridə"
(hər iki kitabı tərcümə
edən: İradə Qaibova), Mir Məhəmməd
Hüseyni Möminin
"Töhfətül-Möminin" və s. adlı əsərlər ərəb
və fars dillərindən Azərbaycan
dilinə tərcümə
edilmişdir.
Görkəmli alim qədim tibbin
bir çox sirlərini özündə
qoruyub saxlayan orta əsr əlyazmalarının
yalnız tərcüməsi
ilə kifayətlənməmiş,
onlar üzərində
araşdırmalar da aparmışdır.
Bu amalla 1988-1989-cu illərdə
Məhəmməd Yusif
Şirvaninin "Tibbnamə"
(XVIII) və Məhəmməd
Mömininin "Töhfətül-Möminin"
(XVII) əsərlərini tədqiq
edərək, 1992-ci ildə
"Orta əsr
(XII-XVIII) və müasir
Azərbaycan dərman
bitkilərinin müqayisəli
təhlili" mövzusunda
namizədlik (biologiya üzrə fəlsəfə
doktoru) dissertasiyası
müdafiə etmişdir.
Altı il sonra, 1998-ci
ildə isə "Orta əsr (X-XVIII) ərəb yazılı mənbələri Azərbaycanda
sağlamlığın qorunması
haqqında" mövzusunda
dissertasiya müdafiə
edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
Alim Türkiyə, İran, Rusiya,
Fransa, İngiltərə
və neçə-neçə
ölkənin müxtəlif
şəhərlərində təşkil olunmuş beynəlxalq elmi konfrans, konqres və simpoziumlarda bir-birindən maraqlı mövzularda çıxış
edərək Azərbaycan
elmini ləyaqətlə
təmsil etmişdir. Əlyazmalar İnstitutunda
işlədiyi 36 illik
(1986-2021) bir müddət
ərzində İnstitut
elmi Şurasının,
Müdafiə Şurasının,
eləcə də bir neçə elmi müəssisədə
fəaliyyət göstərən
müdafiə şuralarının
üzvü olmuşdur.
Fərid
Ələkbərli bir
sıra beynəlxalq,
o cümlədən, Bolqarıstanda
işıq üzü
görən "Asklepios"
Beynəlxalq Tibb Tarixi jurnalının və ABŞ-da dərc olunan "Azerbaijan İnternational",
"Biomedicine İnternational" və
"İnternational Journal of History and Philosopy
of Medicine" jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur.
F.Ələkbərli 10-a qədər
doktorant və dissertanta elmi rəhbər təyin edilmişdir. Onlardan yalnız bir qismi artıq elmi dərəcə almışlar.
İlk öncə tibb tarixi üzrə görkəmli mütəxəssis
olan professor F.Ələkbərli
mənzil-qərargahı Parisdə
yerləşən Dünya
Tibb Tarixi Cəmiyyətinin İdarə
Heyətinin üzvü,
ilk dəfə olaraq Əlyazmalar İnstitutunun
kolleksiyasından üç
nadir əlyazmanı (Rüstəm
Cürcaninin "Zəxireyi-Nizamşahi",
Əbülqasim Zəhravinin
"Əl-məqələtus-səlasin",
Əbu Əli ibn Sinanın "Əl-Qanun
fit-tibb" əsərləri)
UNESCO-nun Dünya Yaddaşı
Proqramının siyahısına
daxil etməyə nail
olmuş alim, Vatikan
Apostol Kitabxanası və
Vatikan Məxfi Arxivinə daxil olmuş ilk azərbaycanlı
araşdırmaçı, Azərbaycan Tibb Tarixçiləri Birliyinin
ilk yaradıcısı və
seçilmiş prezidenti
olmuşdur. Azərbaycanda
təkcə bu əlyazmalar deyil, digər sənədlər,
fərmanlar, çox qiymətli məlumatlar var
ki, onlar bəşəriyyət
tarixi üçün
həddən artıq
dəyərli sənədlərdir
ki, alim onların da beynəlxalq
ictimaiyyətə tanıdılmasını
lazım bilmişdir. F.Ələkbərli Həsən ibn Rza Şirvaninin "Siracüt-tibb",
Hacı Süleyman İrəvaninin "Fəvaidül-hikmət",
Yusif ibn İsmayıl
Xoyinin "Cameyi-Bağdadi",
Məhəmməd Yusif
Şirvaninin "Tibbnamə"
əsərlərini də
UNESCO-nun Dünya Yaddaşı
Proqramına təqdim
etmiş olduğunu da
bildirmişdir.
Qələmindən çıxan
40-dan artıq kitab və
broşür, 200-dən artıq
müxtəlif dillərdə
çap olunmuş məqalə və tezisdən ibarət elmi sərvəti qoyub getmiş görkəmli alim, Professor Fərid
Urxan oğlu Ələkbərli yalnız
öyrənməkdən doymayırdı
desəm, yanılmaram.
Professor Fərid Ələkbərli
elmi yaradıcılığı
ilə bərabər yüksək bədii təfəkkürə də
malik idi. Onun uşaqlar üçün
dərc etdirdiyi təbiət hadisələrindən
bəhs edən alleqorik nağıllar topluları xüsusi maraq kəsb edir. Alimin bu
qəbildən aşağıdakı
əsərləri dərc
olunmuşdur.
1. "Qoca meşəbəyinin əhvalatları", Bakı,
1986.
2. "Bioloqiçeskie skazki",
Moskva, 1989-1990.
3. "Elmi nağıllar, Bakı, 1996.
4. "Derviş", Moskva, 2010.
5.
"Scientific Tales, Los Angeles, 2011.
6. "Yaşıl Boya", Bakı,
2012.
Təkcə onun "Sehrli boya" (Bakı, "Təhsil", 2012, 32 s.) başlıqlı
elmi nağıllar toplusunu göstərmək
kifayətdir. Buraya müəllifin uşaqlar ücün qələmə
aldığı "Biosfer
qoruğu", "Günəş
və günəbaxan",
"Su və dəvətikanı", "Sehrli
boya", "Göbələk
və yosun" və "Cüllüt və timsah" adlı elmi nağılları daxil edilmişdir.
Nağıllar həcmcə kiçik
olsa da, hər birində dostluq, əmin-amanlıq, yardıma
çağırış vardır.
Ətraf
mühitdəki elmi hadisələri uşaq dili ilə balaca
oxuculara anladan bu kitab BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı
UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının
təşəbbüsü və dəstəyi ilə "İnsan və biosfer" Proqramı çərçivəsində
hazırlanmışdır. Fərid Ələkbərlinin
uşaqlar üçün
bu qəbildən yazdığı digər
elmi-kütləvi hekayələri
və kitabları Azərbaycanda, Rusiyada və ABŞ-da nəşr
olunmuşdur.
Fərid
Ələkbərlinin Azərbaycan
tarixi qarşısında
ən böyük xidmətlərindən biri
onun Vatikan Apostol Kitabxanasından və Məxfi Arxivlərindən
əldə etdiyi materiallardır. 2010-2014-cü illərdə
Fərid Ələkbərli
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə Vatikanda elmi ezamiyyətdə olub. Ezamiyyətin əsas məqsədi oradakı Azərbaycana aid
tarixi sənədlərin
aşkar edilməsi və ilkin araşdırmaya
cəlb olunması idi. Alimin fikrincə,
Avropanın elə bir böyük əlyazma xəzinəsi yoxdur ki, orada Azərbaycana aid sənədlər
olmasın. Bir sıra
şərq əlyazma
toplularında da onlar
var. Lakin Vatikan bu xəzinələrin arasında
özünəməxsus yer
tutur. Çünki Vatikan Apostol Kitabxanası dünyanın ən iri kitabxanalarındandır.
Burada milyonlarca kitab və əlyazma əsəri saxlanılır.
Bu əlyazma toplusunun əsası hələ
Roma imperiyası zamanında
katolik kilsəsi yaradılanda qoyulmuşdur.
Lakin zamanla pərakəndə
düşmüş və
XV əsrdə yenidən
bərpa olunmuşdur.
Sonda iki hissəyə bölünmüşdür
- Apostol Kitabxanası və
Vatikan Məxfi Arxivləri. Professor Vatikan
Apostol Kitabxanasında olarkən
700-dən çox sənəd
araşdırıb. Nəticədə
Azərbaycan tarixinə
dair 85 sənəd aşkarlamışdır. Fərid
Ələkbərli qeyd
etdiyinə görə
daha çox məktubları, yazışmaları,
rəsmi fərmanları,
Vatikan rəhbərliyinin
- Papa, kardinal və missionerlərin Azərbaycanla
bağlı məktublarını,
hesabatlarını və
ortaçağ Azərbaycan
dövlətlərinin, mərkəzi
Azərbaycanda - Təbrizdə,
Şamaxıda, Gəncədə,
Naxçıvanda və
başqa şəhərlərdə
yerləşən qədim
türk imperiyalarının
- Atabəylər, Səfəvilər,
Ağqoyunlular və İlxani rəhbərlərinin
Roma papaları ilə
yazışmaları ilə
bağlı sənədləri
aşkarlayıb və
surətlərini Azərbaycana
gətirmişdir. Həmçinin
azərbaycanlı müəlliflərin
- orta əsrlərdə
bu məkanda yaşamış müəlliflərin
müxtəlif dillərdə
- ərəb, fars və türk dillərində qələmə
aldıqları kitablar,
o cümlədən, tibb,
riyaziyyat, ilahiyyat, dilçilik və b. sahələr üzrə əsərlər, Azərbaycan
klassiklərinin - Nizaminin,
Füzulinin, Nəsiminin,
Şəbüstərinin, Sührəvərdinin
və indiyədək
adı bizə məlum olmayan bir neçə orta əsr müəlliflərinin
(Şirvan və Cənubi Azərbaycandan olan müəlliflərin)
əsərlərini aşkarlamış,
elektron surətlərini
yazdırıb Azərbaycana
gətirmişdir.
Alim Vatikanın Apostol kitabxanasında
da 400-dən artıq əlyazmanı
araşdırmaya cəlb
etmişdir. Burada Azərbaycan müəlliflərinə
məxsus 80 qədim əlyazmanı aşkarlamışdır.
Azərbaycanın Vatikandakı
səfirliyinin ödənişli
təqdimatı ilə
həmin sənədlərin
surətini Azərbaycana
gətirmişdir.
Fərid
Ələkbərlinin Azərbaycanda
tibb tarixi sahəsindəki araşdırmaları
da fakt və xronoloji dəlillərə
söykənən, dolğun
və tamamlanmış
bir işdir. Alimin araşdırmalarına
görə, tarixi e.ə. VI-V əsrə gedib çıxan Azərbaycan tibbi e.ə. III-I minilliklərdə
Şumer, Babilistan və Assuriya təbabətinin təsiri
nəticəsində daha
da inkişaf etmişdir.
Azərbaycan ta qədimdən zəngin
təbiəti ilə yanaşı, bu təbiətin yetirdiyi nemətləri dərindən
tanıyıb insanların
xəstəliklərinin əlacında
tətbiq etməyi bacaran, zəngin biliyə malik təbib və loğmanları ilə də məşhur olmuşdur. Kitabda professor F.Ələkbərlinin
tədqiq etdiyi Azərbaycan təbiblərinin
həyat və yaradıcılığı barədə
də qısa məlumat verilir. Onların sırasında Bəhmənyar əl-Azərbaycani
(v. 1065/1066), İsa ər-Raği Tiflisi (XI) əsr, Əbu Abdullah Məhəmməd
bin Həmvar Təbrizi
(1194-1245), Nəcməddin Əhməd
Naxçıvani v.1253), Fəzlullah
Rəşidəddin (1247-1317), Mahmud ibn
İlyas (XIV), Yusif ibn İsmayıl
Xoyi (XIII-XIV), Mahmud ibn Məhəmməd
Dilşad Şirvani
(XV), Məhəmməd Tağı
Tufarqanlı (v.1982), Murtuza
Qulu Şamlu
(XVII-XVIII), Hacı Süleyman
Qacar İrəvani
(XVIII), Məhəmməd Yusif
Şirvani ((XVII-XVIII) və
s. onlarla azərbaycanlı
təbibin həyat və yaradıcılığı,
əsərləri və
elm əxz etdikləri
mühit barədə
məlumat əldə
etmək mümkündür.
Zəngin
elmi potensiala malik, yorulmaz tədqiqatçı,
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnsitutunun şöbə
müdiri, Biologiya üzrə fəlsəfə
doktoru, tarix elmləri doktoru, profesor Fərid Urxan oğlu Ələkbərli yaradıcılığının
çiçəklənən bir dövründə,
2021-ci il, aprel ayının
7-də uzun sürən
xəstəlikdən sonra
haqq dünyasına qovuşdu. Onun yaradıcılığını yenidən nəzərdən
keçirdikcə, mənə
elə gəlirdi ki, tibbi əlyazmaları araşdıran Fərid Ələkbərli həm
də öz xəstəliyinə çarə
axtarırdı. O bunu
bacarmasa da, ölümə
qalib gəldi. Kirqamış bir dəfə ölümsüzlüyün
çarəsini tapmışdı,
amma həmin məlhəmi ondan oğurladılar. Bizim Fəriddən isə onu heç kəs oğurlaya bilməz. Çünki o maddi deyil, o, qanda, canda olan
qeyrət, yüksək
intellektual səviyyə,
mədəniyyət, sadəlik,
Vətən, xalq təəssübkeşliyi, elm yolunda
fədakarlıq, dostlarına
sədaqət və neçə-neçə xoş
məramlardan yoğrulmuş,
gözlə görülməz
mücərrəd varlıqdır.
Fərid Ələkbərli
onu tanıyanların yaddaşında və Azərbaycan elm tarixində
belə qaldı.
Zəkiyyə ƏBİLOVA
Ədəbiyyat qəzeti.- 2025.- 4 aprel, №11.-
S.44-45.