Yaşar Qarayev dərsləri
Hər bir alimin ömürboyu
yazdığı, üzə çıxardığı
yazılar, onun davranışı, yəni belə deyək, həyat
və sənət dəhlizlərində atdığı
addımların səsi zamanla unudulur və yenidən anidən
canlanır - bizdən asılı olmayaraq. Hər dəfə
unudulub canlananda gələcəyə bir parça dəyər
köçür, hər dəfə, hər dəfə...
Amma bir də var, bu dəyər
parçalarının bitişib bir bütöv yaratması, əsas
məsələ budur. Klassiklərin (elə klassik musiqi və
kinonun da) təkrar-təkrar oxunması buna xidmət edir,
yaddaqalan, sənə dəyər qatan bu oxular arasındakı
fərqlər olur. Bunu bilənlər ətrafdan gələn tərif
səslərinə bilmərrə fikir vermir, onu yaxına
buraxmırlar; reaksiya verənləri görmüşük,
bir tərif qırığı, gilizi ucbatından onların
gözündə sanki təzədən dünyaya gəlirsən,
yəni onu təqdir edirsən deyə, varsan. Buna da
şükür.
Bu adamlar meydana həmişə çal-çağır
altında gəlirlər. Bu mənzərəni gördükdə
üşüyürsən: görən, təpənin
başında uzaqdan gözünün güclə sezdiyi tək
vələs necə dözür? Bu görüntü nələr
deyir? Sən ona görə qəfil "dünyaya gəlirsən"
ki, o adam, o yazı-pozu (cızma-qara) yiyəsi özünü
görmür. Beləcə nə qədər insan gəlir
dünyaya. O ağac hələ də üşüyür.
Yaşar
müəllimi niyə
dedim? Yaxşı nələrsə eləyəcək
alimə məncə, vəzifə verməzlər, imkan vetmək
lazım ki, adamlar onu unutsun, tək qalıb ürəyində
nişanladığı hədəflərə
yaxınlaşa bilsin, bizə o dərinləri göstərə
bilsinlər. İndi söz ən ucuz şey olub, bu sözlərdən
hörülən araşdırmanın harasından
yapışsan, yer-yerdən söküləcək, bircə
sap qaçdımı, içində olmayan şeylər
dağılacaq, yer uşaq oyuncaqlarıyla
aşıb-daşacaq, ağır cildli kitablar toza dönəcək.
Kitab oxumaq yerinə kitab yazmaq
önə keçəndə ən gözəl, ən incə
duyumlar, qəfil içinə dolan işıqlanmalar
olmamış kimi sönür, klassik mükəmməl tənqidin
(həm də bu incə sezmə və ani
işıqlanmaların olduğu) astar tərəfi pis və
darıxdırıcı, məna verməyən esse olur, bu
halda söz butaforiyaya, bəzək və dekorasiyaya
çevrilir. Amma klassik essenin bətninə tənqidi gəzişmələr
dolanda dünyanın ən qaranlıq tərəfi belə əl
içində olduğutək görünəcək.
İçində məna və ideya olmayan tənqid də
pisdir, esse də. Bədii mətnin içindəki, ən
müxtəlif laylardakı əsas olan nüanslar üzə
çıxmasa, sənin yazdığın mətnə
qoşulan qoşqudan başqa bir şey olmayacaq. Yaşar
müəllim bunları bilərək getdi və bunlara öz
yazıları ilə müqavimət göstərərək.
Bədii
mətni ciddi ədəbiyyatşünaslıq mətninə
necə çevirməli? Bu, təkcə bədii mətni təkrar-təkrar
oxumaqla bağlı deyil, ədəbiyyat anlayışıyla,
ədəbiyyatın özüylə sıx əlaqəli
problemdir. Sənin yozumun bədii mətnin içində
tapdığın nəsnələri tamamlamalıdır.
Sözün əşyaya çevrildiyi məqamı hiss etmək.
Bütün bunlar olmayanda ortada ancaq problem qalır, hər
gün böyüyür və böyüdükcə səni
yox edir. Sovet dövrü klassikaya baxışların fərqli
olması təbiidir, elə XIX əsri yazaraq yaradan sənətkarlara
da. Ancaq elmi baxış yüksək filoloji hazırlıq tələb
edir, bu olmayanda yersiz müqayisələr, mübaliğə və
kiçiltmələr meydan sulayır. Qoqolun "müfəttiş
gəlir" nidası burda yerinə düşür. İki məsələ
bir-biriylə sıx bağlıdır. Klassikaya o tipli
münasibət müasir dövr ədəbiyyatını dəyərləndirməyə
də sipər çəkir. Səməd Vurğundan vaz
keçmək modern dövr ədəbiyyatını yalın
gözlərlə oxumağı şərtləndirir. Axundzadəni
rədd etmək ondan əvvəlki böyük ədəbiyyatı
anlamamağa səbəb olur. Axundzadəni oxuya bilməyən
adam, nə olur-olsun, heç orta səviyyəli
füzulişünas da ola bilməz. Bir də yenə Qoqol və
onun musiqi haqqında yazdığı şedevr. Onun ürəyinin
və sözünün dərinliyini göstərə bilən
yazı.
XVII əsrin sonu, XVIII əsrin
əvvəllərində poeziyanın üzündəki niqab
düşdü. Dünyanı və gerçəkliyi,
gözəllik və çirkinliyi niqabsız görmək,
rasional təfəkkürün inadı Bakıxanovu, Mirzə
Şəfini, Axundzadəni yetirdi, bu axırıncısı
isə Sanılını, Əhməd Cavadı,
Müşfiqi, Rəsul Rzanı və Səməd Vurğunu
yetirdi. Sonra Əli Kərim (... Qolu sındırılan Babək,
Yurdu yandırılan Babək...) və misilsiz şairlər
pleyadası. Axundov əsrində və ondan sonra niyə hamı
məhz Füzulini tənqid etdi? Bu suala Nizami Cəfərov lap
yaxında "Ədəbiyyat qəzeti"ndə
çıxan yazısında hamıdan fərqli cavab verir:
"Füzuliyə gəldikdə isə, onun estetik sufizmdəki
"xidmətlər"i o qədər böyükdür ki, ədəbiyyatda
realizm (rassionalizm!) ayaq tutan kimi, ilk növbədə, tənqid
hədəfinə məhz o düçar olmuş, Mirzə Fətəlinin
xəfif ironiyası ilə "nazimi-ustad" ünvanına
layiq görülmüşdür.
Füzuli
sufizminin estetikliyində
onun (estetikanın!) harmoniyasına xələl
gətirməyən mütəvaze (və müdrik!) bir elmilik
də var".
Yəni...
Müstəqillik dövrü ədəbiyyatı hələ
yeni-yeni pərvəriş tapır, qarşıda uzun bir yol
var, klassikaya güvənib yeni üslublar, axın və istiqamətlər
yaratmağın yolu çətin və əzablıdır.
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.45.