Həyatı və
peşəsi səmimiyyətdən yoğrulan insan
"Öləndən sonra məni torpaqda yox,
insanların qəlbində
axtarın"
Cəlaləddin Rumi
...Fevral
ayının 22-sində yayılan məşum bir xəbər
məni çox sarsıtdı. Bu, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində, Xoreoqrafiya
Akademiyasında Tədris və Tərbiyə işləri
üzrə prorektor işləmiş, professor, Əməkdar
incəsənət xadimi, "Sənətkar" medallı,
tanınmış pedaqoq, cəfakeş teatrşünas Rafiq Kərim
oğlu Sadıqovun vəfatı xəbəri idi. Qəfil
eşitdiyim xəbər məni nə qədər
sarsıtmışdısa, vaxtilə onun tələbəsi
olmuş yüzlərlə aktyoru, rejissoru, rəssamı,
operatoru, kulturoloqu, balet ustasını, Rafiq müəllimlə
çiyin-çiyinə çalışmış müəllimləri
də eyni dərəcədə məyus etmişdi.
Etiraf edim
ki, bu acı xəbəri eşidən andan, Rafiq müəllimlə
bağlı xatirələrimi yazmaq fikrində olsam da, bir qədər
tərəddüd edirdim. Düşünürdüm ki, belə
yazını Rafiq müəllimlə illərdir
çiyin-çiyinə çalışan həmkarları,
saysız tələbələri, mədəniyyət və
incəsənət xadimləri yazsalar (təbii ki,
yazmamış deyillər), daha təsirli və qüvvətli
alınar. Lakin əziz dostum, bəstəkar-oranjimançı
Namiq Zeynalovun mənə zəng edərək, söylədiyi
təklifi fikrimi tam qətiyyətləşdirdi: "Anar,
İncəsənət Universitetində əziz müəllimim
olmuş, ailə üzvləri, xüsusən, kürəkəni
ilə yaxın dostluq münasibətində olduğum əziz
Rafiq müəllimlə bağlı bir kiçikhəcmli
film, xatirə roliki yığmağı
düşünürəm və istəyirəm ki, ssenarisini
sən yazasan. Yaxşı olardı ki, 40 mərasiminə
(martın 31-nə) çatdıraq".
Texniki
işlərin xeyli vaxt aparacağını bildiyimdən, elə
o andan bu təklifin üzərində işləməyə
başladım. İlk yaranan isə onun xatirəsinə
ünvanlanan şeir oldu.
Lakin xatirələrimi
dəyərli oxucularla bölüşməzdən əvvəl,
istərdim bu ziyalı insanın tərcümeyi-halına
qısa da olsa nəzər salaq.
Rafiq
Sadıqov 1948-ci ilin iyul ayının 4-də Bakının
Xırdalan qəsəbəsində anadan olub. 1965-1970-ci illərdə
Mirzəağa Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun Teatrşünaslıq
fakültəsində, paralel olaraq Asəf Zeynallı adına
orta ixtisas musiqi məktəbinin tar sinfində təhsil
alıb (1967-1971). 1975-1978-ci illərdə Moskvada Ümumittifaq
Teatr Sənəti İnstitutunun aspiranturasında oxumuş və
uğurla dissertasiya müdafiə edərək sənətşünaslıq
elmləri namizədi olmuşdur.
Bakıya
qayıtdıqdan sonra bütün şüurlu
ömrünü pedaqoji fəaliyyətə bağlayaraq Mədəniyyət
və İncəsənət Universitetində, son illər
Xoreoqrafiya Akademiyasında müəllim, baş müəllim,
dosent, professor olmuş, dekan, tədris və tərbiyə
işləri üzrə prorektor işləmişdir. Professor
kimi müxtəlif illərdə dünyanın bir sıra
ölkələrində keçirilən beynəlxalq elmi
konfranslarda, nəzəri-təcrübi incəsənət tədbirlərində
iştirak etmişdir. Onun rəhbərliyi ilə universitetdə
keçirilən elmi konfransların iştirakçısı
və bölmə rəhbəri olaraq, elmi-nəzəri,
konseptual səciyyəli məruzələrlə
çıxış etmişdir.
O, hələ
tələbə vaxtlarından, "Kommunist" (indiki
"Xalq qəzeti"), "Bakı" və "Baku",
"Azərbaycan gəncləri", "Molodyoj
Azerbaydjana", "Ədəbiyyat və incəsənət"
qəzetlərində məqalə və resenziyalarla
çıxış edib. Universitet tələbələrinin
başqa respublikalardakı uğurları barədə silsilə
məqalələr yazıb. 1983-cü ildə Moskvada nəşr
olunan ali məktəblərarası elmi məqalələr
toplusunda onun "İdeya vospitatelnaya rabota so studentami v
Azerbaydjanskom Qosudarstvennom İnstitute İskusstv imeni
M.A.Alieva" adlı elmi məqaləsi çap edilib. Onun
kütləvi informasiya vasitələrində ümummilli lider
Heydər Əliyevin və Respublika Prezidenti İlham
Əliyevin incəsənətə göstərdiyi
qayğı ilə bağlı məqalələri və
çıxışları da yaddaqalandır.
Professor
Rafiq Sadıqov gənc elmi kadrların hazırlanmasında səmərəli
işlər görüb. O, Respublika Təhsil Nazirliyinin
keçirdiyi beynəlxalq tədbirlərdə, xüsusilə,
Boloniya təhsil sistemi ilə bağlı elmi-nəzəri
konfranslarda fəal iştirak edib, təklif və tövsiyələr
irəli sürüb.
O,
müxtəlif televiziya kanalları ilə yayımlanan
"Amfiteatr", "Tərəf müqabili", "Zamanla
üz-üzə", "Sarı sim", "Şöhrətə
gedən yol", "İncilər" və digər
müxtəlif səciyyə, məzmun və formatlı
verilişlərin peşəkar və maraqlı qonağı
olub. Azərbaycanın xalq artistləri: Həsən Turabov,
Mikayıl Mirzə, Əliabbas Qədirov, Lütfi Məmmədbəyov,
Amaliya Pənahova, Cənnət Səlimova, Azər Paşa Nemətov,
Ağakişi Kazımov, Ağaxan Abdullayev, Mələkxanım
Əyyubova, əməkdar incəsənət xadimlərindən:
rejissor Vaqif İbrahimoğlu, bəstəkar Vaqif Gərayzadə,
xalq rəssamlarından: xalçaçı Kamil Əliyev və
boyakar Hüseyn Əliyev, məşhur müğənnilər:
Qulu Əsgərov, Rəhilə Cabbarova haqqında məzmunlu
və orijinal üslublu portret-oşerklərin müəllifidir.
Rafiq
Sadıqov səmərəli pedaqoji və
yaradıcılıq fəaliyyətinə görə
2013-cü ildə "Əməkdar incəsənət
xadimi" fəxri adına layiq görülüb, 2018-ci ildə
isə üzvü olduğu Azərbaycan Teatr Xadimləri
İttifaqının "Sənətkar" medalı ilə
təltif edilib...
Mən,
Rafiq müəllimi şəxsən tanımadığım
vaxtlarda belə, onun haqqında xoş fikirlər eşidirdim.
Tanıdığım, əhatəmdə olan insanlar, onun dərs
dediyi tələbələri, Azərbaycan Televiziyasında
çalışdığım həmkarlarım, xüsusən,
görkəmli teatrşünas-tənqidçi, jurnalist, sənətşünaslıq
doktoru, professor İlham Rəhimli və digərləri onun
haqqında yalnız xoş, ürəkdolusu səmimi sözlər
söyləyirdilər. Hər kəs də onun sadəliyindən,
xeyirxahlığından, sənət ehtirasından, coşqun
yaradıcılıq ruhundan danışırdı. Beləliklə,
məndə bu insan haqqında yetərincə müsbət bir
insan obrazı formalaşmışdı.
Rafiq
müəllimlə şəxsi tanışlığım təxminən,
2000-ci illərin əvvəllərindən başlayıb. Ailələri
yaşadığımız həyətdə yeni mənzil
almışdılar. Qonşu kimi həyətdə ara-sıra
rastlaşaraq, salam-kəlamımız yaranmışdı. O,
hər dəfə həyətdə görüşdükdə
mehribanlıqla, səmimiyyətlə hal-əhval tutar, işlərimlə
və yaradıcılığımla maraqlanardı. Beləliklə,
qısa zamanda çox səmimi və isti ünsiyyətimiz
yarandı.
Tale elə
gətirdi ki, 2006-cı ildə anam, uzun illər Abşeron və
Respublika Komsomolunda, Nazirlər Kabinetində yüksək vəzifələrdə
çalışmış Şövkət xanım
Abdullayeva dünyasını dəyişdi. O vaxtlar təziyə
məclisləri əsasən, həyətdə,
çadırda verilirdi. Rafiq müəllim hər dəfə
anamın təziyə məclislərində iştirak edir, təsəllisini
əsirgəmirdi (bu münasibət elə ağrılı
günlərimdə qəlbimə xüsusi toxtaxlıq bəxş
edirdi). Amma söhbətlərimizin birində mənim
üçün də çox maraqlı bir məqam ortaya
çıxdı. O, özünəməxsus mehribanlıqla mənə
bunları söylədi:
"Anar,
mənim tələbəlik dövrüm, ananızın
1960-ci illərdə Abşeron rayon pioner və məktəblilər
evində metodist, pioner baş dəstə rəhbəri,
müəllim və rayon komsomol komitəsinin katibi işlədiyi
dövrlərə təsadüf edir. Mənim musiqi təhsilim
var idi, pioner və məktəblilər evində xalq
çalğı alətləri ansamblında
çıxış edirdim. Şövkət xanımın
pioner və məktəblilər evində
çalışması bizim kollektivin və həmçinin
onun təşəbbüsü ilə yaradılan digər
kollektivlərin işində bir canlanma yaradırdı. Mən
və mənim yaşıdlarım, hamımız Şövkət
xanımı özümüzə doğma bilirdik. Onun gəncliyi,
alicənablığı, yüksək mədəniyyəti
bizi valeh etmişdi. Hər birimizə xeyirxahlıqla
yanaşmağı bacaran, hər birimizin "dilini" bilən,
saatlarla məşqimizə baxan və sonda isə öz zarafat
və incə yumoru ilə yorğunluğumuzu alan Şövkət
xanım bizim dayağımıza və idealımıza
çevrilirdi. Mən bəzən gərginliyimi də,
sevincimi də onunla bölüşürdüm. Həmişə
səbirli və təmkinli idi, hərdən baxış
müsabiqələrinə, yaxud müəssisələrə,
məktəblərə konsertlərə gedəndə
özü aparıcılıq edir, Azərbaycan ədəbiyyatı,
folkloru və poeziyalarından gözəl nümunələr
söyləyir, incəsənətin vurğunu olduğunu
nümayiş etdirirdi".
Rafiq
müəllimdən soruşdum:
- Anam
haqqında xatirə kitabı hazırlamaq istəyirəm.
Xatirələrinizi yaza bilərsizmi?"
O,
coşqun çılğınlıqla dedi:
- "Əlbəttə yazaram".
Bu
söhbətimizin üstündən iki-üç gün
keçdi və çox səmimi, kövrək və həzin,
qürur doğuran bir xatirə yazıb mənə təqdim
etdi. Etiraf edim ki, bu hadisə, Rafiq müəllimi mənə
daha da doğmalaşdırdı.
Ümumiyyətlə,
Rafiq müəllimlə hər görüşümüzdə,
o həmişəki kimi gülərüz, mehriban, sadə,
pozitiv görünürdü. Heç vaxt heç nədən
şikayət etməzdi, əksinə, onunla həmsöhbət
olanda bir rahatlıq hasil olardı adamın qəlbində.
Sonuncu dəfə
də elə evimizin həyətində
görüşdük. Yenə də həmişəki kimi
bir-birimizdən mehribancasına hal-əhval tutduq,
uşaqları soruşdu, yaradıcılığımla
maraqlandı, uğur dilədi. Təəssüf ki, bu mənim
onunla sonuncu görüşüm oldu...
...Ziyalılığı,
sadəliyi, xeyirxahlığı, pozitivliyi, gülərüzlüyü,
səmimiyyəti və mehribançılığı ilə
heç vaxt yaddaşlardan silinməyən əziz dostumuz və
əziz qonşumuz Rafiq Sadıqov haqqında çox xoş
söz deyə bilərdim. Lakin düşünürəm ki,
bu kiçik yazımı onun ruhuna ehtiram olaraq qələmə
aldığım bir şeirlə bitirsəm, daha yaxşı
olar:
Amansız
ölümdür hər ömrün sonu,
İnsan
var, unuda bilmirsən onu.
Tanıyanlar
üçün unudulmazdır,
Ağsaqqal
yaşında, soyuq qış günü
Ömrü
qəfil solan Rafiq Sadıqov.
Teatr sənəti,
kino sənəti,
Əzəldən
qazanıb uğur, şöhrəti.
Səhnə
sənətinə bağladı ömrün,
Öz
yolu, cığırı, öz dəsti-xətti,
Öz
üslübü olan Rafiq Sadıqov.
Bəzən
görməsək də doğma üzünü,
Efirdən
dinlərdik şirin səsini.
Neçə
sənətkardan, neçə ulduzdan
Söyləyərdi
kövrək xatirəsini,
Sənətdən
güc alan Rafiq Sadıqov.
Söhbəti
olardı sənətdən, sözdən,
Müxtəlif
rollardan, ifadan, səsdən.
Onu çox
sevirdi tələbələri,
Razıydı
tədrisdə qoyduğu izdən,
Tədrisdə
ucalan Rafiq Sadıqov.
Kökdə
saxlayardı doğma tarını,
Ailədə
görərdi dövlət-varını.
Özüylə
apardı ən təmiz, şirin
Yetmədiyi
ülvi arzularını,
Xəyallarda
qalan Rafiq Sadıqov.
Ruhu
şad olsun!
Anar
MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2025.- 4 aprel, №11.- S.46.