Aliment
Hekayə
Onun
yetmiş beş yaşı olsa da, qıvraq, canısulu
görünürdü - heç kəs ona altmış
beşdən yuxarı verməzdi. Gur, uzun, ağappaq
saçlarının fonunda qırxılmış sifətinin
şirinliyi onu çox adamdan, xüsusilə, həmyaşıdlarından
xeyli fərqləndirir, cəlbedici göstərirdi, yeriyəndə
də oxlov udmuş adamlar kimi dik yeriyir, ətrafında
heç nə onun diqqətindən yayınmırdı; ətrafı
da, istəsəydi belə, onu görməməzliyə vura
bilməzdi, çünki gözəgəlimli idi.
Yanında
dayandığı "Milliön" aparatını əli
ilə göstərib dedi:
- Mənə
kömək eliyərsiniz, pul göndərməliyəm.
-
İzvinite ua toroplösğ... - Rus qadını tələsik
keçib getdi, beş-on addım uzaqlaşandan sonra geri
çönüb, üzrxahlıq baxışlarını ani
olaraq ona zilləyib gülümsədi də. Kişi də az
aşın duzu deyildi, rus qadınının bu hərəkətini
elə olduğu kimi də qəbul edib məmnun
göründü.
Bu dəfə
də üzünü iyirmi-iyirmi iki yaşlı, tələbə
görkəmli oğlana tutdu:
- Ay bala,
mənə kömək eliyərsən, pul...
Tələbə
görkəmli oğlan onun sözünü ağzında kəsdi:
- Mən
bacarmıram...
- Nə?
- Dedim ki,
mən bacarmıram, - əli ilə aparata işarə elədi.
Kişi
inanmadı:
-
Bacarmırsan? - soruşdu.
- Yox,
bacarmıram.
-
Yalançının imanına qorxaq tula bağlayım,
kişi acı-acı güldü, - kömək eləmək
istəmirsən, - başını buladı.
-
Yaxşı eləyirəm, - oğlan tələsik
uzaqlaşdı.
"Tutub
verən olsaydı, nə çırpardım, səni..."
- kişi onun arxasınca fikirləşdi.
- Pul
göndərmək istəyirsən? - Özü də, səsi
də yorğun, nahamvar bir kişi onun aparata əlini
sürtdüyünü görüb istehza ilə soruşdu.
Kişi
bu istehzavari adamın sözlərindəki istehzanın
kökünü, səbəbini anlamasa da, cavab verdi:
- Hə...
kömək eliyərsən? - həm də soruşdu.
- Niyə
eləmirəm ki... Nə məsələdi? - Adam çox
diqqət göstərdi və bu, bayaqkı istehzanı sildi.
- Ay rəhmətliyin
oğlu, - onlar yaşıd olardılar, - aparatnan pul göndərmək
istəyirəm dayna, irəli dur, kömək elə...
- Həəəə...
Heylə?
- Heylə
də... bəs, bayaqdan nə deyirəm... - Kişi adamın
üzünə baxdı.
- Hə...
başa düşdüm, - diqqətlə ətrafını nəzərdən
keçirib, - bəri bax, çox pul göndərirsən? -
soruşdu.
-
Çox... - Kişinin hövsələsinin ərazisi Azərbaycan
ərazisi kimi get-gedə daralırdı - qırx dörd
günlük müharibəyə qədər olduğu kimi...
-
Çox deyəndə ki, nə qədər? - Adam Kişidən
yenə soruşdu.
-
Üç yüz manat...
- Yoox... mən
əlli manatdan yuxarı göndərməyi öyrənməmişəm...
ancaq əlli göndərə bilirəm, qonşum var, o deyir
ki, öyrədəcəm, lap min manat da göndərə bilərsən.
Kişi
başa düşdü ki, həmyaş olduğu bu adam onunla
məzələnir, əlini cibinə atıb əlli manat
çıxartdı:
- Neynək...
gəl, əlli göndər, - bir az da elə hərəkətə
gəldi ki, elə bil onun üstünə gedirdi.
Qarşısındakı da bir neçə addım arxaya
çəkildi və birdən yaş odun satmış adam
kimi nə təhər götürüldüsə... kişi
heç vaxt ona çata bilməzdi, ancaq fikirləşə
bilərdi, fikirləşdi də: "Ağıl deyən
şey yoxdu də... Ağlı olmasa da, ancaq mənnən
xeyli məzələndi ha... gərək düzünü deyəsən...
Zayıl oğlu zayıl..." Bir şey də bilinmədi
ki, axırıncı üç kəlməni onunla məzələnən
adama deyirdi, yoxsa özünə... deyəsən,
yarıbayarı - əlli əlliyə...
İstədi
qarşı tərəfdəki parka keçib bir az gəzsin,
sonra qayıtsın. Ancaq onun yanından səs-küylə,
ağır-ağır keçib gedən orta məktəb
uşaqlarının davranışı kişini ilişdirdi:
"bunlar niyə qışqıra-qışqıra
danışırlar... özü də hamısı birdən
danışır eee... qulaq asan yoxdu..." Uşaqların səs-küyü
uzaqlaşıb qulaqdan itənə qədər
gözünü onlardan çəkmədi.
Xahiş
elədiyi adamları yadına saldı - rus qadın, tələbəyə
oxşayan oğlan, bir də onunla açıq-aşkar məzələnən
o "zayıl oğlu zayıl". Onları müqayisə
elədi, üstünlüyü rus qadına verdi -
yaxşı adam idi. Tələbəyə oxşayan oğlan
haqqında da qəti qərarını verdi: "beləsini
basasan əsgərliyə, Qarabağa, özü də elə
eliyəsən ki, Murovun təpəsinə düşə... bəlkə
ondan sonra ağlı başına gələ"
"Zayıl
oğlu zayıl"a da biganə qalmadı: "Yəqin o da
cavanlıqda bu tələbəyə oxşayan oğlan kimi
bir şey olub. Tələbəyə oxşayan oğlan
böyüyüb zayıl-zayıl zayılın yaşına
çatanda yəqin ki, elə onun tayı olacaq... bunun
çırta-pırtı yoxdu".
Birdən-birə
kişiyə o qədər ağır və təəccüblü
gəldi ki, üç nəfərdən biri də ona kömək
eləmədi. Hətta üç nəfərin içində
yaxşı hesab elədiyi rus qadından da "incidi":
"İzvinite ya taraplyus... noolar, taraplyus eliyəndə...
üç dəqiqəlik işdi də..." Sonra
özü istəməsə də, rus qadına haqq
qazandırdı: "Yox, yaxşı arvada
oxşayırdı... tələsiyir də... bəlkə elə
işi var ki, heç deməli deyil... heç
özününkülər səni adam yerinə
qoymadılar, Allahın urusunnan nə gözləyirsən?!."
Kişi
özünü elə aparırdı ki, guya bu boyda şəhərdə
o üç nəfərdən başqa adam yox idi. Əslində
isə ona yer eləyən bu idi ki, adamlar niyə birtəhər
olub - "bizim vaxtımızda belə şeylər yox
idi..." Bir az keçəndən sonra isə öz əleyhinə
getdi: "Bizim vaxtımızda belə şeylər yox idi... Bəs,
indi kimin vaxtıdı? İndi də sizin vaxtınızdı
də... bizim vaxtımızda..." - istehza ilə fikirləşdi.
Sanki
kişinin də tərsliyi tutmuşdu, deyəsən, ürəyindən
keçirdi ki, imanım Allah amanatı, o üç nəfərdən
biri buralarda görüksə, yenə onlardan xahiş eləsin
- ən çox da, rus qadına ümid bağlayırdı.
Kişinin
bu barədə fikirləşdiyi müddətdə onun və
avtomatın yan-yörəsindən o tərəf-bu tərəfə
nə qədər adam keçsə də, heç kəsə
yaxınlaşmadı, heç nə demədi: "Atalar
üçdən deyib... mən də üçündən
xahiş eləmişəm... atalar dörddən deməyib
ki..." Kişi öz-özünü ilişdirmişdi ee, əslində
burda çətin bir şey yox idi.
Kişi
bir az da dərinə getdi və deyəsən,
"çıxış yolu"nu tapdı: "Nə atalar
üçdən deyib eee... O qabaqkı atalar idi, üçdən
deyən... indiki atalar dörddən deyirlər - lap bir azdan
atalar beşdən deyəcək, get-gedə çoxalacaq,
çünki ataların dediyi kar eləmir, onlar da məcbur
olub... hə..."
Başını
qaldırıb əks tərəfə baxanda gördü ki, təxminən,
qırx yaşında gözəl bir qadın gəlir.
Kişi gözünü qadından çəkə bilmirdi -
qadın gəlmirdi ee, qu quşu kimi ona tərəf
üzürdü. Kişi, o qu quşundan başqa heç kəsi
görmürdü. "O üç nəfər eləməyəndən
sonra bu heç eləməz, demə, sözün yerə
düşməsin. Yox, yox.. o heç sənə fikir də
verməz... naz-qəmzəsini görmürsən... elə bil
ki, ərini bu yaxınlarda nazir qoyacaqlar... ya da ki, qoyublar...
bir-iki aydı işləyir... əgər böyrümdən
keçəndə mənə baxsa, deyəcəm, baxmasa, deməli,
məsləhət deyil, çox zınqırovludu ey..."
Qu
quşu yaxınlaşdıqca onun gözəlliyinə
qarışmış şirinliyi, ədaları özünün
özünə elədiyi naz-qəmzəsi kişini daha
yaxından sıxırdı. Burdan keçib gedənlərin
Qu quşuna ayaq saxlayıb necə baxdıqlarını,
baxdıqlarını yox, bu baxmaq deyildi, tamaşa elədiklərini
görmürdü. Qadın gözəlliyinin zəhmi
çox ağır olur - torpaqdan da ağır və hər
kişi onun altında tab gətirə bilməzdi. Qu quşuna
oxşayan bu gözəlin naz-qəmzəsinin altında qalmaq,
fəlakət zamanı dağıntılar altında qalmaq
kimi bir şeydi...
Adamın
adama sataşdığı bir başqa şeydi, gözün
gözə sataşmağı başqa bir aləmdi. Qu
quşu "üzə-üzə" kişinin bərabərinə
çatanda, ani olaraq gözü sataşan kimi kişi əli
ilə "Milliön" aparatını göstərib
soruşdu:
- Gözəl
xanım, mənə kömək eliyərsiniz?
Qu
quşu saatına baxdı, elə bil bunların hamısı
bir inkubatorda dünyaya gəliblər. Ancaq rus qadını
kimi demədi ki, bağışlayın, tələsirəm -
başqa şey dedi:
- Verin,
kömək eliyim də...
Kişi
bu gözlənilməz razılığa qətiyyən
hazır olmadığına görə çaşdı və
tez də, özünə qayıtdı, hətta iki
daşın arasından vaxt tapıb hər kəsin
özünə layiq payın da artıqlamasilə verdi: "Sənin
azarın tökülsün onların ürəyinə... lap
elə o rus arvadının da..." Onların
üçünü də "yerbəyer" eləyib qəribə
bir rahatlığa qovuşhaqovuşda Qu quşunun
dodaqlarının arasından üç-dörd kəlmə
bal süzüldü:
- Zəhmət
olmasa, bir az tez olun.
Kişinin
bütün varlığı tələsdi:
- Hə...
hə... alın... üç yüz manatdı... - Ürəyində
özünün abırını aldı ki, ay rəhmətliyin
oğlu, bunu bayaqdan əlində hazır tutmağa can çəkirsən,
hə?
-
Hansı bankdı? - Qu quşu onun üzünə baxmadan
soruşdu və Qu quşunun onun üzünə
baxmamağı elə bil ki, bir az onun xətrinə dəydi.
- Kapital
bankdı... bu da kartının nömrəsidi, - dörd yerə
bükülmüş qalın kağızın qatını
açıb ona uzatdı.
Qadın
yenə onun üzünə baxmadan soruşdu:
- Bu pulun
təyinatı nədi?
- Nə təyinat?
- Kişi təəccübləndi.
- Təyinat
də... yəni ki, bu nə puludu? Maddi yardımdı? Yoxsa
dostuna göndərirsən?.. - yenə kişinin üzünə
baxmadı, yenə kişi ondan inciyən kimi oldu.
- Yoox, ay
bala, nə maddi yardım, nə...
Qadın
saatına baxıb onun sözünü kəsdi:
- Bəs onda
nə puludu? - Qadının hövsələsi bir tikə
olmuşdu.
-
Aliment...
- Nə?!.
-
Aliment... aliment...
Qadın
elə bil ki, bayaqdan sanki xala xətrin qalmasın,
arxasını kişiyə çevirib onunla
danışırdı, bu sözü eşidəndən sonra
yüz səksən dərəcə çöndü, onun
üzünə baxıb təəccüblə dilinə gətirdi:
- Aliment?!
- Aliment.
Qadının
üz-gözündən mehribanlıq, qayğıkeşlik
şırıltı ilə tökülürdü; imanım
Allah amanı, bəlkə də kişinin könlündən
keçdi ki, ovcunu bu şırıltının altına
tutub doldursun, üzünə çırpsın -
üzünü yusun. Kişi Qu quşunun -
üz-gözündən zəhm tökülən bu gözəl
qadının onun gözlərinin qabağında, belə
sürətlə dəyişməyini heç cür anlaya
bilmədi. Üstəlik, Qu quşu onun üzünə elə
baxırdı ki... "Bu yaşda kişi aliment verirsə...
indi gör bunun canında nələr var ee... ay daaa... Kişi
belə olar ee... off..." İmanım Allah amanatı, Allah
bilir, Qu quşunun ürəyindən nələr keçdi...
- Aliment
göndərmək üçün şəxsiyyət vəsiqəsi
də lazımdır. - Qu quşu kişinin gözünün
içinə elə baxdı ki, canında donmuş qocalıq
əvvəlcə isindi, sonra da əriməyə
başladı və bu ərinti onun bütün
varlığına hopdu.
Qu
quşu şəxsiyyət vəsiqəsini ondan alanda bilərəkdən
kişinin əlinə də toxundu. İmanım Allah
amanatı, deyəsən, Qu quşunun ürəyindən
keçdi ki, kaş bu pulgöndərmə prosesi bir az da
uzanardı... məsələn, "Milliön" aparatı
elə bu dəqiqə xarab olaydı, yaxud göndərdikləri
pulun çekini verməyəydi... Bunlar öz yerində...
Bayaqdan bəri üzünə belə baxmadığı bu
kişi, indi onun gözlərinə tamam başqa cür
görünürdü; bilirsiniz, necə: bu vaxta qədər
hələ heç kəs bu qadının gözünə
elə görünməmişdi, bax, elə...
Pul əməliyyatı
başa çatan kimi Qu quşu kişiyə dedi:
- Mənə
görə başqa qulluğunuz var? - Qadın elə
soruşdu ki, kişi yüz faiz inandı, əmin oldu ki, bu
saat nə desə, başa gələr.
Başı
ilə üç addımlığındakı parka işarə
eləyib dedi:
- Mənnən
parkda gəzərsən?..
- Parkda?
- Hə...
parkda... havamızı dəyişək. - Kişini gülmək
də tutdu ki, durduqları yerlə parkın arası
üç-dörd addım olardı - hansı hava dəyişməkdən
söhbət gedə bilərdi - axı, hava dəyişmək
üçün yeri dəyişmək lazımdır.
"Lap sarsaq təklif elədim..." Onu bu vəziyyətdən
Qu quşu dil atıb çıxartdı:
- Mən
başqa təklif eliyərdim... - bayaqdan bəri o, ilk dəfə
gülüşünə şirin bir biclik də qatdı.
- Nə təklif?..
- Bax... mən
o binada yaşayıram... İstəyirsiniz, qalxaq bizə...
çaydan-zaddan içək... Söhbət eliyək...
Dünyanın orasından-burasından danışaq...
- Bəs ərin
yoxdu? - Kişi qəfil soruşdu, elə o anda da
sualını yersiz hesab elədi, ancaq söz ağzından
çıxmışdı.
- Var...
niyə yoxdu?!.
- Bəs,
birdən gəlsə...
- İstəsə
də, bu gün gəlib çıxa bilməz, - Qu quşu elə
bil kişi ilə yox, güzgü ilə üzbəüz
dayanmışdı - işvələndi.
- Niyə
bu gün gəlib çıxa bilməz ki?
- Xaricdədi,
xaricdə, - sonra da bic-bic gülümsədi, - o gəlib
çıxana qədər biz beş-altı dəfə
söhbət eləyib qurtara bilərik... beş-altı dəfə...
- Həəəə?
- Hə,
- Qu quşu dedi, hətta dayana bilməyib kişinin burnunu
yüngülvari çırtmaladı da... o da heç etiraz
eləmədi.
-
Yaxşı qalmısınız ha, maşallah, - Qu quşu
kişiyə başdan-ayağa nəzər salıb onu təriflədi.
-
Maşallah gününüz olsun, - Kişi razılıq elədi.
Qu
quşunun evinə tərəf getdilər. Qadın kişinin
kürəyinə əlini üç dəfə
yüngülvari şappıldatdı da. Bu həm də ona
üç dəfə "əhsən" demək kimi bir
şey idi - qabaqcadan... axtarsan, içində minnətdarlıq
da tapmaq olardı...
Qu
quşu kişidən soruşdu:
-
Uşağın neçə yaşı var?
-
Hansı uşağın?
- Ən
balacanın... sonbeşiyin.
Kişi
fikirləşmədən cavab verdi:
- Qırx
yaşı...
- Nə???
- Qırx
yaşı... - Kişi başa düşmədi ki, qadın
niyə belə həyəcanlandı, təəccübləndi.
- Bəs
aliment?
- Alimenti
nəvəmə göndərirəm də. Bu yaşda mən
aliment verənəm? - Qu quşunun üzünə baxdı,
onu tanımadı - qadının üzü bayaqkı kimi
yüz səksən dərəcə geri dönüb əvvəlki
görkəmini aldı.
- Bir dəyqə
- bir dəyqə, - əl çantasından telefonunu
çıxarıb düyməsini basdı, - eşidirəm həyatım,
hə... hə... hə... çatırsan... lap yaxşı...
Qadın
çaşqın vəziyyətdən bir balaca
çıxıb kişiyə dedi:
-
Bağışlayın... ərimdi... xaricdən təcili geri
çağırıblar, beş-altı dəyqəyə
çatır... mən qaçdım.
Qu
quşu doğrudan da qaçdı... yox... uçdu...
Şabran.
Oktyabr-2024
Seyran
SƏXAVƏT