Muştuluq
"Bir
məhəllənin adamları"
silsiləsindən
Yenə
yuxusunu qarışdırmışdı,
nəsə alaşıq-dolaşıq
şeylər görürdü.
Gah uşaqlıq dövrünü
xatırladan nələrsə
baş verir, gah cavanlıq illərinə qayıdır, gah da iyirmi iki il qabağın hadisəsi gözləri önündə yenidən
canlanırdı. Dəqiq
kəsdirə bilməsə
də, yan-yörəsində
dolaşanların əksəriyyəti
doğmaları, yaxınları
idi. Ancaq onların arasında nə vaxtsa lap təsadüfən rastlaşdığı
adamlar da vardı. İllərin unutdurduğu
bu adamların çoxunu düz-əməlli
xatırlamırdı. Ancaq
di gəl, indi onların da üzlərini
aydın görür,
danışsalar, yəqin
səslərini də
tanıyardı.
Yuxusunda
kimlər yox idi?! Nənəsindən, atasından tutmuş, ərinə, uşaqlarına,
nəvələrinə, qonum-qonşuya,
tanış-bilişlərə qədər, ən müxtəlif adamlar nizamsız şəkildə
müxtəlif istiqamətlərdən
peyda olur, qəfil gözdən itir, təzədən görünürdülər. Fərqli
zamanlarda yaşayan bu adamlar bir
yerə cəm olmuşdular və bir-biri ilə çoxdanın tanışı
kimi davranırdılar.
Ürəyinə damdı
ki, cavanlı-qocalı bu
adamların hamısı
ona görə toplaşıb.
İyirmi
il əvvəl ölmüş
əri, hərbi xidmətdən sonra Rusiyada yaşayan, cəmi iki dəfə
gördüyü, öldüsü-qaldısı
bilinməyən oğlu,
Qarabağ müharibəsində
itkin düşmüş
nəvəsi qayğılı
baxışlarla sanki ona nələrsə deyir, başa düşülmədiklərini görüb əl-qolla işarə edirdilər. Hərəkətləri və
üzlərinin ifadəsindən
görünürdü ki, rəhmətliklər
öz aralarında yaxşı anlaşırlar.
Həm də budəfəki yuxusunda hər şey o qədər canlı idi, yuxudan daha çox
real həyata oxşayırdı.
Nəvəsi lap aydın
səslə:
- Nənə, yadındadı,
deyirdim axı, harada olsa, dayımı
axtarıb tapacam. Bax, görürsən, axtarıb tapdım. Dayım ölməyibmiş,
əsgərlik keçdiyi
yerə yaxın hərbi şəhərcikdə
yaşayırmış. Sənə
verdiyim sözü tutdum. İndi sən də vədini yerinə yetir, muştuluğumu ver.
Sevincdən ürəyi atlandı.
"Şükür sənin
böyüklüyünə, ilahi. Sənə inanmayan kafirdir. İllərlə çəkdiyim
zülmə, bala həsrətimə son qoydun.
Şükür ki, canımı
tapşırmamış oğlumu,
nəvəmi salamat gördüm.
Daha bu dünyadan
gözüyaşlı, nigaran
getmərəm. Qızlar
da toxtayarlar, ağlayıb-sıtqımaqdan
gözlərində yaş
qalmamışdı. Qardaşları
tapılıb, bundan yaxşı xəbərmi
olar?!"
Üzünü nəvəsinə tutdu:
- Nənən qurban, bir Allah bilir, dayını tapmaq üçün getmədiyin
yer qalmayıb, Urusetin ucu-bucağımı
bilinir, yəqin əldən-dildən düşmüsən.
Saa bir yox
e, yüz muştuluq versəm də, azdır. Nənən boyuna qurban.
Lap yaxına gələn bir cavanı görəndə isə gözlərinə inanmadı:
- Bıy, başıma xeyir. A bala, sən Çimnazın müharibədə bizim uşaqtək itkin düşən oğlu deyilsən?
Oğlan
eşitdiklərini təsdiq
edirmiş kimi başını tərpətdi.
- Şükür, a bala, nə yaxşı ki, sağsan.
Gərək Çimnaza da gözaydınlığı
verəm, həsrətindən
əriyib çöpə
döndüyü oğlu
gəlib çıxıb.
Yazığın qəddi
düzələr. Qoy
hələ bir görüm, qızlardan
da, Çimnazdan da muştuluğumu
alacam. Gözləri aydın, qardaşları,
kiçik qızımın
gözünün ağı-qarası,
tək oğlu, Çimnazınkı da sağıymış.
Sənə min şükür,
ilahi. Daha gözlərimiz yollardan yığılar.
Və qəflətən elə bil tamam başqa
bir məkana düşdü. İndi iyirmi
iki il əvvəlin hadisəsini görürdü.
Yuxusuna yüz, bəlkə min yol girən o günü heç vaxt unuda bilməmişdi. Hər dəfə görəndə də ürəyi parçalanmış,
elə yuxudaca dərdli göz yaşları tökmüşdü,
"can ay bala, gözüdolusu üzünə
baxa, boyunu oxşaya bilmədim. Gəldiyinlə getdiyin bir oldu. O üç
gündə o qədər
susub durdun ki, yazıq dədəni də dərdə saldın. Səndən sonra heç bir il yaşamadı. Yox e, dilim qurusun,
belə demək istəmirdim, sənin nə günahın, onsuz xəstə idi. Keçən il mal-qaranı bir az herağacdan yaylağa qaldırmışdı
deyə, gecə ayaza düşüb möhkəm soyuxlamışdı.
Elə o soyuxluyan, bu soyuxluyan, nə illah elədik,
azar kişinin canından
çıxmadı ki, çıxmadı.
Günü-gündən dala
getdi, hamının dağ bildiyi dədən əriyib yumağa döndü. Allahın qismətiydi, neyliyə bilərdik. Amma olmur, necə yanıramsa, hərdən nə danışdığımı,
sözümün irəlisin-gerisin
bilmirəm. Görünür,
qocalıqdandı başımı
itirmişəm.
Yuxularının çoxunu alayarımçıq
xatırlasa da, neçə
dəfə gördüyü
həmin yuxu ən xırda detalına qədər yadında qalmışdı.
Qızlarına, yaxın
qonşuları dediyinə
görə, illər keçsə də, o yuxuda baş verənlər dəyişmədən,
saniyəsinə qədər
təkrarlanırdı. Yer,
şərait, ərinin,
oğlunun üz-gözünün
ifadəsi, baxışı,
duruşu da tam eyni olurdu. Ən qəribəsi də elə bu idi.
- Ay arvad, bu gədəyə
nə olub belə, günün çoxunu maddım-maddım
baxıb bir şey danışmır.
Anasan, bir soruş, gör qarnının dərdi nədir, bəlkə deyəcəyi bir söz var? 22 ildən sonra gəlib çıxıb, oturub düz-əməlli danışmır
da ki, bilək nə
var, nə yox?
Qərib
kişinin yadına on
il qabaq Zakirin bacısına yazdığı
məktubda onlara nəvələrinin olduğunu
müjdələməsi düşdi.
İstədi soruşsun
ki, bəs nəvəmizi,
arvadını niyə
gətirməyib? Ancaq
demədi, fikirləşdi
bunu özündən
soruşması daha düzgün olar.
Gülsüm arvad ərinin ürəyindən keçənləri
hiss etmişdi deyə,
sözünün sonrasını
gətirməsinə imkan
vermədi:
- Elə mənim də matım-qutum quruyub, başa düşmürəm, anası
ölmüşün nə
dərdi var? Obaşdan
oyanmışdı, dedim
təzə süd, qaymaq gətirim, keçən ildən qalma balımız da var, bir loxma tut. Dedi: "Ac deyiləm, sonra yeyərəm".
Bir stəkan çay içdi, dalınca da bacısı ilə kallayı otaqda nə danışdılar,
nə dərdləşdilər,
daha bilmədim. Sən gələnə qədər eşitdiyim o üç-dörd kəlmə
oldu. İstəyirdim soruşum ki, niyə nəvəmizi gətirməyib,
elə arvadı da iyirmi ildə bir yol buralara
üzükməyib. Demir ki, gedim görüm, ər dediyim, iyirmi il bir yastığa
baş qoyduğum bu talesizin nəyi,
kimi var, necə insanlardı? Bəlkə kimsəsizdi, iy deyəni qalmıyıb, bizi də aparıf
tanış edə.
- Arvadının nə günahı, oğlun nə vaxt gətirmək
istədi ki, gəlmədi?
Görünür, özü
istəmir gəlib buraları görsün, kasıb adamıq, kimə lazımıq?!
Sonuncu fikir ağlına qəfil gəlmişdi. Dedi və o dəqiqə də peşman oldu. Çünki nə oğlu, nə də qızları ailənin kasıb yaşadığı uşaq
çağlarında ehtiyac
görsələr belə,
heç vaxt şikayət etməmiş,
gözü-könlü tox böyümüşdülər. Hamısı da ayağı
yer tutan kimi iş-gücdən yapışmış, onlara
kömək etmişdilər.
Elə sonralar da nə özləri, nə övladları belə söhbətlər
etməmiş, Allahın
verdiyi ruziyə
"min şükür", demişdilər.
- Qonşuda onlar kimi iki ailə
var, yaxşı da yola
gedirlər, oğul-uşaq
sahibidirlər. Bizimki əyal-uşağını gətirsə,
kim nə deyəsidi? Hərənin öz dərd-səri özünə bəsdi. Neçə yol bacıları da yalvarıb,
düzdür, dediyinə
görə, pis keçinmirlər, ev-eşik
sahibidilər. Di bir yol, ailəni də gətir, bu qoca yaşımızda
nəvəmizin üzünü
görək, gəlinlə
bir kəlmə kəsək. Dünyadır,
nə bilmək olur, bu gün
varıq, sabah yoxuq.
- Deyəsən, gəlinin dilini öyrənmisən,
yoxsa, nə danışassan?
- Sənin işin də ancaq lağ
olsun. Ode, Şaxanımın
gedəsi, o da bunun kimi evlənib, hər il yayda arvad-uşağı götürüb
gəlir, bir ay, elə olur lap çox qalırlar. Arvadı da o qədər mehribandı, Şaxanıma
"ana" deyir, dilimizi
də öyrənib, xəncərinin daşı
düşməyib ki?!
- Onu oğluna de. Bir də gətirdi, nə dəyişəcək,
gətirmədi nə?
Ancaq axırıncı sözləri
Gülsüm arvad ürəyinə salmasın
deyə ağızucu
söylədi. Əslində
oğlunun hərəkətləri
onu da ağrıdırdı.
Son vaxtlar üzünü
görmədiyi nəvəsi
ilə gecələr yuxuda danışması
da bir yandan qəlbini sıxırdı...
Həmin
gün olub-bitənləri
yenə ən kiçik təfərrüatına
qədər xatırladı.
Hər şey elə bil indi
baş vermişdi. Hələ sağ olan əri ilə
evin kandarında dayanıb iyirmi iki il görmədikləri
oğullarını gözləyirdilər.
Onun gəldiyini qonşu uşaq xəbərləmişdi. Demişdi
ki, Zakir iki saatdır əlində çanta bazarda dolaşır, nə bir şey
alır, nə də kimsə ilə danışır. Səhəri gün oğlunun bazar gəzintisi
ilə bağlı ürəksıxan əhvalatı
bir az da bəzədilmiş şəkildə
neçə adamdan eşidəcəkdilər. Çətini
camaatın ağzına
bir söz düşənəcəndi. Deyirdilər
ki, onu tanıyan bir-iki tay-tuşu ilə dilucu salamdan savayı, kimsənin sözünə
məhəl qoymayıb.
Qərib kişinin oğlunu mərifətli, ifallı cavan kimi tanıyanlar da çaşıb qalıbmışlar
ki, bu gedə niyə bu qədər
dəyişib. Uşaqlığında,
elə əsgərliyə
getməzdən əvvəl
özündən böyükləri
görəndə ayağa
duran, yol-yolağa biləndi, görəsən,
nə olub ki, 20 ildir gəlib-getmədiyi bir yana, adama
salam da vermir. Ağsaqqal, qarasaqqal demədən, yanından elə ötüb keçir, hal-əhval tutmağa macal da tapmırsan. Balam, Qərib kişinin oğlu nə yaman böyüyüb? Hamıda nöqsan axtaran bu tip insanlara məxsus bənzər fikirlər, yəqin sizlərə də tanışdır. Bu
giley-güzarlar, umu-küsülər
Gülsüm arvaddan çox Qərib kişiyə yer eləsə də, büruzə verməmiş,
səbəbini hər
kəsə açıqlamağa
hövsələsi çatmasa
da, "görünür, tanımayıb,
zarafat deyil, burdan getdiyi iyirmi iki ildir",
deməklə öz aləmində məsələnin
nöqtəsini qoymuşdu.
Əslində əhvalat nə
onun, nə də umu-küsü edənlərin dediyi kimi olmamışdı.
Zakir rayon mərkəzinə çatıb onu gətirən sürücüyə
səhər yola çıxandan danışdıqları
rus dilində, "əgər tanıyırsansa,
bazara sür", demişdi. Bakıda yaşasa da, əslən qonşu rayondan olan sürücü bazarı tanıyırdı,
ancaq qırx yaşlarında olan bu cavanın niyə birbaşa evinə deyil, bazara getmək istəməsinin səbəbini
başa düşməmişdi.
İstəmişdi soruşsun
ki, nəsə alacaqsan?
Ancaq yoldakı söhbətlərdən sonra,
o qədər də xoşlanmadığı bu
adama heç nə deməmişdi. Əsgərliyi qurtarıb
ev-eşiyinə qayıtmayan
bu tip cavanları az da olsa, tanıyırdı.
Ancaq onlar istədikləri yerə gedib yaşasalar da, ara-sıra valideynlərinə
baş çəkmişdilər.
"Nə çoxdur
Rusiyada, Ukraynada, canım sənə desin, Moldovada, hətta Baltik respublikalarında qalanlar. Əksəriyyəti də
oralarda ailə qurublar. Kimə nə demək olar ki, hərənin öz işidir, təki ürəkləri
istədikləri kimi yaşasınlar, amma el-obalarını, əcdadlarının
torpağını da unutmasınlar.
Böyütdükləri uşaqlara
Azərbaycan adlı yer-yurdu az da olsa, tanıtsınlar. Yoxsa, bunun kimi,
deyir iyirmi iki ildir Rusiyada
yaşayır, öz dilini də unudub, bir kərə
doğulduğu ölkə,
rayon, kənd bir yana, heç anasına baş çəkməyib. İndi də
gəlib evin kandarına çatıb,
deyir sür bazara. Görən, bu gedişlə axırımız necə
olacaq?"
Ancaq sürücü sonuncu iradında haqlı deyildi. O, bir dəfə, əsgərliyi
başa vuran ili rayona, valideynlərinə
baş çəkib,
ay yarım qalmış,
münasib iş tapmadığına görə
əvvəl Bakıya,
oradan əli üzüləndə də
Rusiyaya getmişdi. İnanırdı ki, həm
babat iş tapıb normal dolanacaq, həm ailəsinə kömək edəcək,
həm də ali təhsil alacaqdı.
Bu incəlikdən xəbərsiz
sürücü fikrində
müştərisini qınaya-qınaya
bazara nə vaxt çatdıqlarını
bilmədi. Maşından
tələsik düşən
Zakir əlində çanta
bazarı dolanmağa başladı. Tərsliyə
bax, birinci sıranı yarı etməmişdi ki, orta məktəb yoldaşı
ilə qarşılaşdı.
O da Zakiri tanımışdı
deyə, gülə-gülə
yaxınlaşıb əl
uzatdı:
- Necəsən, ay Zakir, nə
yaxşı gəlib çıxdın, az qala iyirmi beş
ildir səsin-sorağın
yoxuydu.
Nə illah eləsə də, bu suyuşirin
həmyaşıdının adını xatırlaya bilmədi, quruca "Sağ ol", deyib yoluna davam
etmək istədi. Ancaq məktəb yoldaşının onu buraxmaq fikri yox idi.
- Dayan bir, hara tələsirsən?
Birdəfəlik gəlmisən,
ya bir neçə
günlüyə?
Eşitdiklərini tam başa düşsə
də, cavab verməyə lazımi sözləri tapa bilmədiyindən,
onun işlətdiyi
"tələsmək" sözünün qarşısına
bir "hə" əlavə edib, "hə, tələsirəm",
dedi və tez uzaqlaşmağa çalışdı. Ancaq
məktəb yoldaşı
əl çəkənə
oxşamırdı.
- Burda xeyir ola, nəsə alacaqsan? İstiyirsən uşaqlara
tapşırım, alacağın
şeyləri mağazama
gətirsinlər, biz də
ona qədər bir stəkan xoruzquyruğu çay içək.
Zakir yenə ondan eşitdiyi eyni sözü təkrarladı,
"tələsirəm". Ağlı bir şey kəsməyən məktəb yoldaşı
daha heç nə demədən səmtini dəyişdi. Canını bu qəfil görüşün
gətirə biləcəyi
utancdan qurtarsa da, elə bil yayın
ortasında başına
qar yağmışdı.
İyirmi iki ildə iki-üç dəfədən artıq
danışmadığı üçün yadırğadığı
ana dilində sözləri
yada salmaq üçün
gəldiyi bazarda yenə hansısa tanışa, ya qohuma rast gələ
biləcəyi qorxusu onu yaman narahat
etdi. Ancaq başqa əlacı yox idi. Unutduğu,
ancaq tezliklə yada salacağına əmin olduğu ana dilində danışıq eşitmək
üçün bazardan
daha münasib yer ola bilməzdi. Əslində yanılmırdı,
şüurunun dərin
qatlarında yatan sözləri üzə çıxarmaq üçün
bazar, doğrudan da, ən
yaxşı yer idi. Çünki burada hər şeydən, özü də uca səslə
danışılır və
adama elə gəlir, əksəriyyət
heç düz-əməlli
qulaq asmadan qarşı tərəfin
havada uçuşan suallarına necə gəldi cavab verir. Müxtəlif adamlar, hər mövzuda söhbətlər,
daha çoxu məişət səviyyəsində
olsa da, işlədilməyən
söz qalmır. Ona
da elə bu lazım idi ki, danışmağı yadırğadığı
dili az da olsa, yada salsın ki, ata-anasını peşman
etməsin.
Dünəndən, gəldiyi qatar
Azərbaycan ərazisinə
keçəndən beynini
ancaq bu məsələ məşğul
edirdi, ana dilinin bir vaxtlar yaxşı
bildiyi sözlərini
yada salmaq. Bunun üçün
qatardakı tanımadığı
azərbaycanlı sərnişinlərlə
ünsiyyət qurmaq istəmiş, ancaq xeyli əziyyət çəksə də, bir şey alınmamışdı.
Əvvəl ona elə gəlirdi ki, şüuraltında yatıb
qalan bu sözlər danışmağa
başlayan kimi yadına düşəcək.
Ancaq nəinki birinci, heç beşinci, altıncı cəhdi də alınmayanda içində
sanki bir boşluq hiss etdi. Bildiyini, xatırlayacağını
zənn etdiyi sözlərin əksəriyyəti
sanki qeybə çəkilmişdi. Bəs
rayonda doğmaları,
tay-tuş, tanış-bilişlə
necə danışacaqdı?
Çoxu rus dilini yaxşı bilməyən bu adamlar deməzlər ki, Qərib kişinin oğlu iyirmi, lap olsun iyirmi iki
ilə dilini unudub? Ha illah eləsə də, beynini gəmirən bu fikirlərdən qurtula bilmirdi.
Bakıdan rayonlara sərnişin
daşınan dayanacaqda
sürücülərə yaxınlaşıb gedəcəyi
yerə tezliklə maşın çıxıb-çıxmayacağını
öyrənmək istəyəndə
yenə eyni çətin vəziyyətə
düşmüşdü. Nə illah eləsə
də, deyəcəyi
kəlmələr dilinə
gəlməmiş, iki-üç
sözdən artıq
heç nə yadına düşməmişdi.
Yad və bir az da israrlı baxışlar da bir yandan fikrini qarışdırırdı deyə,
sanki bildiyi sözlər də boğazında tıxanıb
qalmışdı. Nə
istədiyini anlatmağa
lazımi sözlər
tapa bilməyəcəyini başa
düşəndə qəfil
ildırım vurmuş
adam kimi gözlərinə qaranlıq
çökdü. Ancaq
çətinliklə də
olsa, özünü ələ aldı. Azacıq nəfəsini dərib sürücülərə
doğru daha bir-iki addım da atdı.
"Yevlaxa iki nəfər",
"Ağdama bir nəfər"... qışqıraraq
müştəri axtaran
sürücülərdən birinə yaxınlaşmaq
istəsə də, nəsə fikirləşib
dayandı. Ancaq çox gözləməyə
vaxtı yoxuydu, bir xeyli yol
getməliydi. Günortaya
qədər Yevlaxa çatmasa, şər qarışana ancaq mənzil başına yetişə bilərdi. Məcbur qalıb nisbətən səliqə
ilə geyinmiş sürücülərdən birinə
yaxınlaşdı. Onun
qəribə vəziyyətindən
duyuq düşmüş
sürücü cəld
tərpəndi, yaxınlaşıb,
tanıyırmış kimi
ərklə və çoxdan eşitmədiyi
şirin ləhcə ilə:
- Eloğlu hara gedəcəksən?
Bu sualdan bir az
da ayılan kimi oldu.
- Rayona.
- Hansı rayona, qardaş. Burdan otuz rayona adam
daşıyırıq.
Güc-bəla gedəcəyi yerin
adını dedi. Müştərinin qəribə
tələffüzünə qımışan sürücü
əli ilə bir az aralıda
dayanmış həmkarını
göstərib:
- Sizin qonşu rayondandır, get əyləş,
bir nəfəri qalmışdı, Allah yetirdi,
indi yola çıxar. Sonra da daha gur səslə, "a dağlar oğlu, yenə bəxtin gətirdi, bir müştərini də mən tapdım, sür get, axşama qalma", dedi. Ucadan deyilən bu sözlərə qonşu rayondan olan sürücü əlini yelləməklə
cavab verdi və başı ilə Zakirə maşına minməsi üçün işarə
etdi. O da heç nə demədən maşına doğru getdi. Artıq oxucuya məlum olan yol söhbəti
isə o biri sərnişinlər düşəndən
sonra başlamış,
ta qonşu rayonu keçənə qədər
davam etmişdi. Əslində buna söhbət
də demək olmazdı. Çünki sürücü soruşduqlarının
əksəriyyətinə əsasən
rus dilində cavab almış, müştərisinin ana dilində
sözləri bərbad
tələffüz etməsindən
dilxor olmuşdu. Bu yerlərin kənarda yaşayan adamlarını
az görməmişdi,
ancaq ilk dəfə idi ki, beləsinə, öz dilini az qala, tam yadırğayan
birisinə rast gəlmişdi. Ona görə
də yolun sonuna yaxın heç nə soruşmadı, müştərisi
kimi o da ağzına su alıb durdu.
...Deyəsən, məktəb
yoldaşı ilə söhbətini eşidən
on bir on iki yaşlarında iki uşaq da səhərdən
bəri ona göz qoymuşdular. Bayaq birinci sırada
idilər, indi arxasınca düşüb
ikinci sıraya gəlmişdilər. "Yəqin
qonum-qonşu uşaqlarıdır,
üzümü görməslər
də, adımı eşidiblər. Ona görə
belə maraq göstərirlər. Bəlkə
sinif yoldaşlarımdan,
ya dostlardan birinin uşağıdılar",
fikirləşdi. Ancaq
əhəmiyyət verməyib
yoluna davam etdi. Bazarı satmağa gətirdikləri
malları tərifləyib,
gur səslə müştəri çağıran
alverçilərin haray-həşiri
başına götürmüşdü. "Təzə
yağ-şor, baldan şirin bəhməz burda, gəl apar",
"Faraş şanı
var, ye, diril", "Şirəsindən
bal daman əncir, tez gəl, qurtardı".
Eşitdikləri ona neçə
il əvvəl atası
ilə bazarlığa
gəldiyi vaxtları xatırlatdı. Sıraları
səbirlə dolaşan
atası, meyvələrin
dadına baxır, təzə, şirəli olanlarını seçir,
hərdən də ona uzadır "al, sən də yoxla", deyirdi. Zakir utandığından, çox
vaxt da yuyulmadığına
görə "ürəyim
istəmir", deyib meyvəni götürmürdü.
Ona elə gəldi,
bazar da, satıcılar da az
qala eynidir. Səs-küy, çığır-bağır,
bu yerlərin havası, suyu, dağı-meşəsi də
onun kimi. Yəqin adamları da uşaqlığında necə
görmüşdü, elə
qalıblar. Dəyişən
təkcə özüdür.
Əslində "yadlaşan",
fikirləşdi.
Artıq
xeyli sözü xatırlamış, həm
də xəyalında
bu sözlərlə müxtəlif cümlələr
qurmağa başlamışdı.
Yəqin bir-iki saat da gəzsə, danışığı lap qaydasına
düşəcəkdi.
Kaş üçüncü sıraya
keçməyə tələsməzdi.
Burada bazardan çıxmaqda olan qonşu Məzahirlə qarşılaşdı. Onu
görəndə elə
bil Məzahirin gözünə işıq
gəldi.
- Ay
qonşu, xoş gəlmisən, səfa gətirmisən. Nə vaxtdan rayondasan, bəs niyə xəbər eləməmisən. İnan,
səninlə görüşüb
dərdləşmək üçün
vurub Urusetə gəlmək fikrim vardı. Yaman darıxmışam, gör
neçə il keçib.
- Sağ ol. İndi.
- Ə, nə indi, yəni
indi gəlmisən?
- Hə.
- Onda bazarda nə
işin var, evdə bilirlər?
- Yox.
- Ə, onda durma, tez
düş qabağıma,
neçə vaxtdı
Gülsüm xalanın
gözü yol çəkirdi, gəldiyini
eşidibsə, çətin
dözə, yazıq arvadın gözləməkdən
ürəyi üzülüb.
Bir az da ləngisən,
özü qalxıb dalınca gələcək.
Bu da doğru idi. Zəhmi özündən
ağır ərinin qorxusu olmasa, Gülsüm arvad çoxdan oğlunun boynuna sarılmışdı.
Yazığın gözləməyə
səbrimi qalmışdı?
Belə baxsan, evləri də bazardan elə aralı deyildi. Kişinin bir batman balla da yeyilməyəcək
tənəli sözləri
qabağını kəsməsə,
heç nəyə baxmaz, ayaqyalın, başıaçıq qaçıb
gələrdi.
- Elə bizimkilər də görsə, çiçəkləri çırtdıyacaq,
- Məzahir dedi.
- Yox, mən hələ
getmir.
- Ə, bu nə dildir
danışırsan, yoxsa,
öz ana dilini unutmusan, nədir?
Zakirə
bıçaq vursan qanı çıxmazdı.
Nə ağ, nə qara dindi,
eləcə başını
aşağı salıb
dərindən bir köks ötürdü. Məzahir hər şeyi anladı, qonşusunun, əslində
dost da demək olardı,
bu vəziyyətindən
onun da ürəyi sıxıldı. Amma yenə
də özünü
ələ alıb:
- Ə, onda gəl söhbət
edə-edə bazarı
bir yerdə dolanaq, bəlkə nəsə yadına düşər, - dedi.
Ancaq
Zakir başı ilə
tək gəzmək istədiyinə işarə
edəndə, nə fikirləşdisə, həmişəki
kimi tərs damarına salmayıb razılaşdı və onun xətrinə dəyməmək üçün
tez oradan uzaqlaşdı.
Bir saata qədər də gəzdikdən sonra Zakirdə ata-anası ilə birtəhər danışa
biləcəyinə əminlik
yarandığı üçün
bazardan çıxıb
toz-torpaq, palçıq
içində qoyub getdiyi, təzəlikdə
qum-çınqıl tökülmüş
yolla şəhərin
yuxarısında yerləşən
evlərinə sarı
buruldu.
Evin qənşərində görünəndə
"gəldi" xəbərini
eşitdikləri oğullarını
ürək çırpıntısı
ilə gözləyən
valideynlərinə sanki
qanad verildi. Birinci, ayaqları yerdən üzülən
ana oğluna tərəf
uçdu və qollarını onun boynuna dolayıb üz-gözündən o ki var öpdü.
- Canım, ürəyim, gəldiyin yollara qurban olum. Allahıma
şükür ki, bizi
görüşdürdü. Elə bil ürəyimə
dammışdı, deyirdim,
bu gün gələr, sabah gələr. Yaxşı
ki, həftəsi tamam
olmamış arzuma çatdım. Ananı bu illər ərzində
gözü yolda qoysan da, axır ki, insafa gəldin. Yoxsa, daha gözləməyə
tabım qalmamışdı.
Dedi və ixtiyarsız göz yaşı yanağı boyu süzülüb oğlunun
da üzünü islatdı.
Bu mənzərənin təsirindən
kövrələn ata
vəziyyətin ağlaşma
həddinə çatmasını
önləmək üçün:
- Ay arvad, qoy biz də görüşək,
nə bərk-bərk
yapışmısan, burax
bir nəfəs alsın, keçsin içəri. Uzaq yoldan gəlib yəqin ac-susuzdur.
Ana heç nə demədi, oğlunun üzündən bir də öpüb, ustupca yana çəkildi.
Ata-bala da eyni hərarətlə qucaqlaşdılar,
ancaq onların görüşü qısa
çəkdi. Qərib
kişi özünəməxsus
təmkinini bu dəfə də pozmadı. İçəri
keçdilər, stolun
üstündə anasının
dəmlədiyi pürrəngi
çay və bacısının 2 gün
əvvəl bişirdiyi
şirniyyatlar Zakiri gözləyirdi. Gülsüm
arvad:
- Başına dönüm,
siz çayınızı
için, mən bir üstə qoyduğum yeməyə baxım, - dedi və yaşına uymayan cəldliklə daş pilləkənlərlə
eyvandan mətbəx kimi istifadə etdikləri otağa endi.
- Tələsmə, ay ana, indi
gəldim, otur, bir az söhbət
elə.
"Söhbət edək" əvəzinə belə dedi. Ancaq illərlə
həsrət çəkmiş
ata-ana oğullarının
işlətdiyi ifadənin
dürüst, ya yanlış olduğunu fərq edəcək halda deyildilər.
Nahar zamanı elə bir ucdan sual
verir, birinin cavabını almadan, o birinə keçir, oğulları ilə bağlı hər şeydən, evdən uzaqlarda keçən həyatının hər
dəqiqəsindən xəbərdar
olmaq istəyirdilər.
Cavablar çoxaldıqca,
Zakirin danışığındakı
qəribəliklər, xüsusilə,
sözləri alayarımçıq,
baş-ayaq işlətməsi
ikisinin də diqqətini çəkdi.
Növbəti suala bir xeyli fikirləşərək,
həm də çətinliklə cavab
verməsi isə Qərib kişini daha da şübhələndirdi.
- Ay oğul, elə bil öz dilini
unutmusan, bayaqdan fikir verirəm, danışanda çətinlik
çəkirsən. Yadından
çıxan sözləri
rusca de, başa düşdüyümüzün cavabını verərik. Özünü elə aparırsan, görən deyər, doğma evinə yox, yad yerə gəlib, - dedi.
Ata haqlıydı. Zakir heç
nə deməsə də, susqun vəziyyəti atasının
şübhəsində yanılmadığını
təsdiq edirdi. Bir az sonra bunabənzər
sualı anası da verəndə daha susmağın yeri olmadığını başa
düşdü və
niyə belə olduğunu bacardığı
qədər qısa şəkildə anlatmağa
çalışdı.
- Bu iyirmi iki ildə
iki-üç dəfə
öz dilimizdə danışdım. Bizdə
orda özümüzkülər
yaşamır. Çox
sözləri unutdum. Bazara getdim, adamların danışmasını
eşidib xeylisin yada saldım. Gərək elə yerlərdə çox olam, hər şey yadıma düşə.
- Bazarı neynirsən, a pir olmuş, onsuz gəldiyini eşidən-bilən o qədər
qohum-əqrəba, dost-tanış
bura töküləcək
ki, elə onlarla danışıb hər şeyi yadına salarsan. Uşaq bazara dönməyin xəbərini gətirəndə
ananla fikirləşdik,
bəlkə nəsə
almaq istəmisən, sən demə...
Atanın
ardını gətirmədiyi
bu sözlərdən
sonra ortalığa dərin bir sükut çökdü.
Başını aşağı
salıb susan Zakirin indi yadına
düşdü ki, onlara
və bacısına gətirdiyi hədiyyələri
də hələ verməyib. Ancaq indi bunun yeri
deyildi, sonra bacısına verər, düşündü.
O gərgin dəqiqələrdəmi,
bir saat, bir gün sonramı
Gülsüm arvadın
beynindən qəribə
bir fikir keçmişdi. Ancaq bunu heç vaxt dilinə gətirmədi, heç ərinə də demədi ki, oğlundan bədgüman qalmasın.
Sonralar çox şeyləri unutmağa çalışdığı kimi, bu sözlərin
də kim tərəfindən, nə
vaxt deyildiyini yaddan çıxarmaq istədi. Həqiqətdə,
özünü bu sözlərin onun, ya özgəsinin fikri olduğunu kəsdirməyən kimi göstərsə də, heç vaxt unuda bilmədi. Və hər dəfə beyninə gəldikcə də,
"Anan ölsün, ay bala",
- deyib ixtiyarsız göz yaşı tökdü. Gülsüm
arvadı dəhşətə
salan fikir belə idi: "Ananı unudanda adama onun dili
də yad olur". Ağır söz olsa da, haqsız sayılmaz.
Oğlu
gedəli bir il çəkmədi ki, ərini
itirdi. O bir ildə oğlundan cəmi iki məktub
aldılar və sonra qəfildən məktubların da arası
kəsildi. Ərinin ili çıxdı, Gülsüm arvadın daha bir neçə
nəvəsi oldu, böyük qızının
əri maşın qəzasında öldü.
Və sonra Qarabağ müharibəsi
başladı. Yenə
ermənilər torpaqlarımıza
göz dikmişdilər,
yenə kənd-kəsəkdə
neçə yaşlı,
cavan, hətta qadın, uşaq kimsənin gözləmədiyi
həmin müharibədə
öldü. Gülsüm
arvadın nəvəsi
isə itkin düşdü. Ancaq hələ müharibə
başlanmamış nənəsinə
dayısını axtarıb-tapacağına,
onun yol çəkən gözünü
güldürəcəyinə söz vermişdi. "Nənə, sən muştuluğumu hazırla,
Uruseti ayaqdan salıb, var-yoxumuzu bu yolda qoysam
da, axtarıb dayımı
tapacam", - demişdi.
- Allah ağzından eşitsin,
a bala. Umudum sənədir, yoxsa, çoxdan bağrım çatlamışdı. Nənən
saa elə muştuluq verəcək
ki, heç ağlına
gəlməz. Təki
sən dayını axtarıb tapginən.
Sonra yenə də dərdi tərpənmiş:
- Bu anası ölmüşə
nə oldu ki, atasının yasına da
gəlmədi. Axı,
biz xeyirsiz, yanğısız
övlad böyütməmişdik.
Niyə bizə bu qədər soyuq oldu? Allah ömrümün bu ahıl çağında
mənə belə zülmü niyə qıydı? Dilim qurusun, əgər ölübsə də, bir bilərdik, - demişdi.
Yaxşı ki, həmişəki kimi "son günlərimdir",
- deyib qızlarını
dilxor etməmişdi.
Çünki dəqiq
zaman ölçüsü olan günə baxanda vaxtın ölçüsü naməlumdur.
Necə deyərlər,
buna da şükür.
...Qəflətən elə bil nəfəsi təntidi, ha illah eləsə də, gözlərini aça bilmədi. Elə bil sinəsinə rəmətlik Həsən
kişinin illər əvvəl ev tikdikləri vaxt qayalardan qoparıb gətirdiyi o ağır daşlardan birini qoyub var gücləri ilə sıxdılar. Nəfəsi daralıb boğulmaq həddinə çatdığından qışqıra
bilmədi. Bir az keçmiş ciyərlərinə
azca hava gəlsə də, boğazından xırıltı
ilə çıxan sözləri yenə ayırd etmək mümkün deyildi. Yarıaçıq gözləri
hədəqəsindən çıxmış,
bərəli qalmışdı.
Ancaq bu qədər əzabın içində üzündəki
nur, həmişəki
güləş ifadə
hələ yerindəydi.
Ağyanız yanaqlarından
ixtiyarsız gilələnən
göz yaşları sifətindəki qırışlardan
süzülüb üzü
aşağı axırdı.
Düşdüyü bu
vəziyyət gördüyü
yuxunun, yoxsa, çəkdiyi əzabların
təsiri idi, bilmək olmurdu.
Erkən
oyanıb yastığının
dibini kəsdirdiyi anasının can çəkişməsinə
baxan böyük qızı çaşqın
halda idi. Anasının gördüyü
yuxudan, yuxuda yaşadığı dünya
boyda sevincdən bixəbər qızın
ağlamaqdan şişmiş
sifətində qəribə
bir anlaşılmazlıq
vardı. Buna səbəb
dəhşətli əzabların
içərisində nəfəsi
tıncıxan, ürəyi
az qala, sinəsini yarıb çıxmaq istəyən
anasının bərəlmiş
gözlərində qəribə
bir sevinc işartısı görməsi
idi. İlahi, bu qədər iztirabın içində
insan necə sevinə bilər? Ən qəribəsi də bu idi
ki, bu sevinc işartısı nəinki
öləzimir, əksinə,
getdikcə artırdı.
Bəlkə anası
son nəfəsində bütün
gücünü toplayıb
çoxdan əlini üzdüyü, min dərd
içində yaşadığı
bu dünyanı acı gülüşlə
tərk edirdi?! Ancaq bu, acı
gülüşdən çox,
ömrü boyu həsrətində olduğu
bir şeyə qovuşan adamın sevincinə oxşayırdı.
Bir anlıq beynindən keçdi: "bəlkə
ölümünü illərlə
toy-bayram kimi gözləyən və doğmalarını hər
vasitə ilə buna hazırlayan gözlərindəki
bu anlaşılmaz sevinc işığı artıq arzusuna çatması, həyatından
çox istədiyi, yaşadığına inanmağa
çalışdığı oğlu, itkin nəvəsi barədə
nə isə öyrənməsi ilə
bağlı idi".
Çünki anası onların sağ olduğundan bir xəbər bilmək, əgər sağ deyillərsə, ciyərparalarına qovuşmaq
üçün çoxdan
ölməyə hazır
idi. Bunu dilinə gətirəndə
qızları, nəvələri
onu qınasalar da, özü ilə bacara bilmirdi. Hər dəfə fikrindəkini dilinə gətirirdi.
Gülsüm nənənin bütün
sinəsini gərən,
kəsik-kəsik aldığı
nəfəsini boğazına
tıxıyan xırıltısı
demək istədiklərini
eşidilməz etmişdi.
Qızı qulağını
anasının ağzına
dayamışdı ki,
güclə eşidilən
səs tamam kəsilənə qədər
heç olmasa, nəsə bir şey ayırd edə bilsin. Rabitəsiz söz yığınına bənzəyən
bu səslər boğazının lap dərinliyində ilişib
qalır, təkrar gərilmələrdən, çırpıntılardan
sonra güclə eşidilirdi. Nəhayət,
gözlərini aça
bildi. Elə bil ətrafında baş verənləri, hansı vəziyyətdə
olduğunu anlayan kimi oldu. Sinəsi
sonuncu dəfə qabardı, boğazının
lap dərinliklərində
ilişib qalmış
bir kəlmə söz fışıltı
ilə bayıra çıxdı. Bütün
gücünü verdiyi
üçün bu bir kəlməni eşitmək mümkün
oldu: "Muştuluq".
Bu sözü
deyəndən sonra gərilmiş yaya dönmüş sinəsi
təbii halına qayıtdı, bayaqkı qabarmadan əsər-əlamət
qalmamışdı. Qolları
cansız bir şey kimi yanına
düşmüşdü. Baxışları isə
bayaqdan dikilib qaldığı məchul
bir nöqtədə donmuşdu.
Deyəsən, nə baş verdiyi aydın idi. Artıq son nəfəsini almış Gülsüm nənə bu dünya ilə vidalaşmışdı. Çaşqın
vəziyyətdə, gözlərini
anasının saralmaqda
olan sifətindən bir xeyli ayıra
bilməyən qızı
dodağının altında
onun son kəlməsini pıçıldadı.
"Muştuluq?"
Artıq vəziyyətdən
xəbərdar olub yanını kəsdirmiş
başqa doğmaları
da bu qəribə
sözdən heç
nə anlamadılar. Onlar da canını
tapşırmış Gülsüm
nənəyə baxıb
eyni vaxtda "az, nə muştuluq?!",
dedilər. Ancaq kimi və nə
üçün muştuluqlamaq
lazım olduğu isə heç birinin ağlına gəlmədi.
Lətif
ŞÜKÜROĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.26-27.