Unutmağa kimsə var
Əvvəli ötən saylarımızda
Vaqif əvəzedilməz idi...
Vaqif İbrahimoğlu ilə tanışlığımızın birinci
günündən (bu mənim Moskvadan geri döndüyüm
aylara, təxminən, 1979-cu ilin sonlarına təsadüf edir)
dostluğumuzun sonuncu gününədək, yəni onun vəfatınadək
bizim münasibətlərimiz qarşılıqlı hörmət
və sevgi üzərində quruldu. Vaqif ən azından bir
insan kimi çox maraqlı, nəcib və mərd biri idi.
Bilmirəm, o buna necə nail olurdu, amma onunla təmasda olan hər
kəs bu təmasın müddətini mümkün qədər
uzatmağa cəhd edirdi. Onunla ünsiyyət bütün
tanıyanlar üçün yavaş-yavaş daxili ehtiyaca
dönürdü. Bu ünsiyyət zamanı hiss edirdin ki, səndə
əməlli-başlı saflaşma prosesi gedir. Sənin ətrafa,
insanlara münasibətin dəyişirdi, sən hamını,
ilk növbədə, həyatı sevməyə hazır bir vəziyyətə
gəlirdin. Dünya gözəlləşirdi. Aleksandr Blok yazan
kimi dünyadan təsadüfi cizgilər silinirdi. Səndəki
yaşamaq eşqi güclənir, ən əlçatmaz arzular
reallaşmağa yaxınlaşırdı. Sən yazmağa və
yaratmağa daha həvəslə köklənirdin. Bəlkə
də əsl katarsis elə bu idi.
Mən həyatım boyu az adama rast gəlmişəm ki, mürəkkəb
mətləbləri asanlıqla sadə məxrəclərə
gətirə bilsin. Məncə, bu, xüsusi və nadir bir
istedaddır. Həyatımın müəllimləri olmuş
yeznələrim Yəhya müəllim, Ağamusa müəllim
belə şəxslər idi. Ünsiyyəti ilə fəxr
etdiyim Azad Mirzəcanzadə belə şəxs idi. Unudulmaz Həsənağa
Turabov belə şəxs idi. Vaqif də, heç şübhəsiz,
onların sırasında yer alır. Bu adamlarla nə barədə
istəyirsən, söhbət edib istədiyin sualı verə
bilərdin. Qorxmaq lazım gəlməyəcəkdi ki, sən
öz sualına normal cavab ala bilməyəcəksən. Bu
çox vacib məqamdır. Bəzən adam kiməsə sual
verməyə qorxur ki, qarşısındakı o sualın
cavabını birdən bilməz və pis vəziyyətə
düşər. Bundan isə ən çox sən
özün utanmalı olarsan. Əgər utanmırsansa, mənə
elə gəlir ki, bu hal, ilk növbədə, sənin
özündəki tərbiyə dərəcəsinin əskikliyini
göstərir.
Amma dediyim adamlarla ünsiyyət zamanı sən son dərəcə
sərbəst olursan. Onlarla ünsiyyət səni əməlli-başlı
zənginləşdirir. Çünki onlar öyrənməyə
həmişə hazırdırlar. Hətta yaşda özlərindən
qat-qat kiçik olanlardan da. Mən bunu həyat müəllimim,
yeznəm və əslində böyük qardaşım,
görkəmli riyaziyyatçı alim Yəhya Məmmədovun
timsalında görmüşəm.
Ricət.
Mən orta məktəbin, deyəsən, 8-ci sinfində
oxuyurdum. Yəhya müəllim mənimlə Nizami ilə
Füzulinin "Leyli və Məcnun" poemalarının
müqayisəsi ilə bağlı söhbətlər
aparırdı. Özü də çox ciddi şəkildə.
Riyaziyyat professoru, kafedra müdiri, Dövlət universitetinin
prorektoru ədəbiyyatla maraqlanırdı. Bu mənim o zaman
qəribəmə gəlirdi. Böyüdükcə və Yəhya
müəllimi yaxından tanıdıqca daha buna təəccüb
etmədim. Yəhya müəllimin öyrənmə diapozonu
hüdudsuz idi.
Yəhya
müəllim məndən,
bir məktəblidən incə suallar
vasitəsilə bu poemaların fərqli cəhətlərini
aydınlaşdırmağa çalışırdı. Mən
məktəbdə ədəbiyyat müəllimim Zərbəli
müəllimin mənə öyrətdiklərindən - bu
poemalar arasındakı fərqli cəhətlərdən
(indiki kimi yadımdadır: - Füzulinin Leyli və Məcnununun
həyata, reallığa daha yaxın olduğundan, Nizamidə
onların daha abstrakt, daha ruhani olduğundan)
danışırdım və Yəhya müəllim, yaşda
da, başda da məndən çox-çox böyük olan
bir şəxs - tanınmış riyaziyyatçı-alim mənə
- 8-ci sinif şagirdinə böyük maraq və diqqətlə
qulaq asırdı.
Bir də belə bir məqam heç yadımdan
çıxmır: Universitet müəllimlərimdən biri
"Xarici ölkələr ədəbiyyatı"
kafedrasının müdiri, professor Əkbər Ağayev idi.
O bizə xarici ölkələr ədəbiyyatından dərs
deyirdi və özünün ilk mühazirəsini belə
başlamışdı:
- Baxın, uşaqlar, mühazirə zamanı, elə ondan sonra da qətiyyən
çəkinmədən mənə dərsə aid, dərsdənkənar
istədiyiniz sualı verə bilərsiniz. Əgər
cavabını bilirəmsə, elə o saat sizə cavab verəcəyəm.
Yox, əgər cavabı bilməsəm, gedib evdə kitablardan
axtarıb, tapıb öyrənib, sonra gəlib deyəcəyəm.
Bu tərz, bu yanaşma
"bilmirəm" deyə bilənlərin təntənə
marşı idi. "Bilmirəm" deyə bilənlərin
isə öz mənəvi səlahiyyəti olur. Və bu
sözü hər adam deyə bilməz. Cəsarəti
çatmaz onu deməyə.
Çox
sual verdiyim üçün məni dərsdən
çıxaran başqa bir müəllimimi xatırlayıram.
Belələri də var idi. Ola bilər ki, onlarda təqsir-filan
yox idi. Bəlkə də çox sual verərkən biz
onların diqqətini yayındırırdıq. Əlbəttə
ki, hər adamın özəl psixoloji durumunu nəzərə
almaq lazımdır. Biz isə o zaman məsələnin bu tərəfinə
heç fikir vermirdik. Məsələnin bu tərəfinin bizə
dəxli yox idi. Biz maksimalistlərdik. Bizim üçün iki
qütb var idi. Necə deyirdi formal məntiqin atası
Aristotel?! "Bu adam, ya ölüdür, ya diridir.
Üçüncü hal istisna edilir". Biz Aristotelin ən
sədaqətli ardıcılları idik. Amma onda biz hələ
bilmirdik ki, görkəmli Azərbaycan-Amerikan alimi L.Zadə
qeyri-səlis məntiqin təməlini artıq qoyub və
sübut edib ki, iki əks qütbün arasında sonsuz sayda
hallar (məqamlar) mövcuddur. Belə bir halın
mümkünlüyünə sonralar böyük alimimiz,
dostluğu ilə fəxr etdiyim Rafiq Əliyev mənə səbirlə
qeyri-səlis məntiqin əsaslarını anladanda inandım.
O zaman isə mənim hələ qeyri-səlis məntiqdən
xəbərim yox dərəcəsində idi və müəllimlərimiz
bizim üçün iki rəngdə (qütbdə) zühur
edirdilər, onlar, ya ağ idilər, ya da qara. Nazımızla
oynayanların rəngi ağ idi, bizi dərsdən
çıxaranların rəngi qara idi. Biz çox amansız
idik. Əslinə qalanda, Aristotel amansız idi. L.Zadə isə
sonralar bu amansızlığı yumşaltmağa
çalışdı və buna nail oldu.
İndi, bu günün zirvəsindən o müəllimlərimi
xatırlayıb deyirəm: olsun. Bunun özü də bir məktəb
idi. Dərsin özünü demirəm. Müəllimlərimizin
dərsə və bizə münasibətini deyirəm. Bu, həqiqətən,
bir məktəb idi. Özü də artıq fənlərin,
ixtisasların məktəbi yox, həyat məktəbi idi. Biz
də ona alışmalı idik.
Universitetdəki günlər 190 saylı
şanlı məktəbdə olan kimi yavaş-yavaş ötmürdü.
Günlər get-gedə sürətini artırırdı.
Auditoriyadakı universitet həyatı, təxminən, bu
"ağ-qara" qütblərinin arasından
sıldırım qayaların, dağların arasından
keçən təlatümlü və həyəcanlı
çay kimi axıb keçirdi. Ricətin sonu.
Vaqifin Əkbər Ağayev kimi, gedib öyrənib sonra gəlib verəcəyi
hər hansı cavab sanki yox idi. Hər cür söhbətə
o, əvvəlcədən hazır idi. O danışanda
söz sözü, cümlə cümləni ahəngdar, məntiqli
və sistemli şəkildə çəkib gətirirdi. Adam
mat qalırdı ki, heç bir elmi adı, yazdığı
qalın, lap elə nazik kitabı olmayan bu cavan oğlan necə
ola bilir ki, belə fəlsəfi, kulturoloji, psixoloji, filoloji dərinliklərə
baş vura bilir?! Sənin mühasirəsinə
düşdüyün və torunda çabaladığın
mürəkkəblikləri necə ola bilir ki, o bu cür sadə
məxrəclərə gətirə bilir?!
Bizi mənim tələbəlik
dostum Niyazi Mehdi tanış etdi. Niyazi kimi
mən də aspiranturanı bitirib müdafiə etdikdən
sonra Moskvadan qayıtmışdıq və Niyazi o zamankı
Teatr İnstitutunda müəllim olaraq işə düzəlmişdi.
Vaqif o institutda fəaliyyət göstərən Tədris
teatrının direktoru idi. Artıq ölkənin teatr dairələrində
onu xüsusi istedada malik bir rejissor kimi tanımağa
başlamışdılar. Onun sənətinə hörmət
bəsləyənlər çox idi. Amma dalıyca
danışanlar da var idi. Biz belə başa
düşürdük ki, bu adamlar Vaqifin
paxıllığını çəkirlər. Ağız
büzənlər və Vaqifə heyran olmayanlar onun
heyranları tərəfindən anındaca
"paxıllar" qrupuna daxil edilirdi. Hərtərəfli
istedad sahibi olması, heç şübhəsiz ki, kimlərinsə
gözünə ox kimi girirdi.
Vaqif hərdən aktyorluq da
edirdi. Hətta Anarın "Dantenin yubileyi" filmində Kəbirlinskinin
oğlu rolunda da çəkilmişdi. Niyazinin dediyinə
görə indi də, "Kitabi-Dədə Qorqud" üzərində
haman Tədris teatrında sirli və qəribə eksperimentlər
aparırdı. Niyazi də, Zeynal da, Rəhman da, başqa
intellektual dostlarımız da onun gördüyü işlərə
heyran idilər.
Biz - Niyazi, Zeynal, mən, dediyim
kimi, Moskvada təhsilimizi başa vurub Bakıya təzəcə
qayıtmışdıq. 1970-ci illərin axırı idi. Mən
Moskvada "Kitabi-Dədə Qorqud"un dili ilə
bağlı "Kitabi-Dədə Qorqud"un dilində
sintaktik paralelizm" adlı namizədlik dissertasiyası
müdafiə etmişdim və bir müddət bunun
qürurunu yaşayırdım. Çox adam məndəki bu
qürur hissini tonqaldakı od kimi daha da
havalandırırdı. "Moskva - eləmi??? Dədə
Qorqud - eləmi??? Sübut etdin onlara - eləmi???" Nəyi,
kimə sübut edəcəkdim, bunu anlamasam da, mən
özüm də yaxınlarımın bu ümumi
eyforiyasının içinə heç düşmədim,
deyə bilmərəm. Bu adamlara demək artıq idi ki, mən
özüm bizim abidəmizin incəliklərini
"onlardan" öyrənməyə getmişdim. Bunu izah
etməyə girişsəydim, əlbəttə ki, bu, sonu
olmayan mübahisələrə gətirib
çıxaracaqdı. Hələ bir görün, bu
adamların gözündə mənim nəyisə sübut
etdiyim "onlar" kimlər idi?! "Onlar"a daxil idi:
Hacıyeva, Serebrennikov, Tenişev, Yuldaşev, Musayev, Baskakov,
Makayev, Yartseva, Şerbak... Sovet türkologiyasının və
nəzəri dilçiliyinin dünya miqyasında əjdahaları!
Mənimlə ünsiyyət qurduqları üçün bu
günə qədər qəlbimdə minnətdarlıq hissi
yaşatdığım nəhəng simalar. Nə isə...
Bu, tamam başqa bir söhbətin mövzusudur. Və biz bu
söhbətə növbəti fəsillərdə hökmən
qayıdacağıq.
Vaqif, əlbəttə ki, belə
diletant münasibətdən xeyli uzaq idi. Vaqif "onlar"a
aid deyildi. Vaqiflə mənim Dədə Qorqudumuz xeyli
mülayim, dünya xalqlarına və alimlərinə
açıq, hələ də bizlərə nəyisə
öyrətməyə çalışan bir müdrik idi.
Bizi bu "Dədə Qorqud" birləşdirirdi. Amma bu birləşmə,
biz elə güman edirdik ki, iki bir-birini tam anlayan adam
arasında baş verir. Həqiqət isə bundan ibarət idi
ki, bu, tam şəkildə belə deyildi. Mən Vaqifi ilk
zamanlar heç də adekvat anlamırdım. Bizim baxış
bucaqlarımız bir-birindən fərqlənirdi. Mən
"Dədə Qorqud"a o zamanın dilçilik rakursundan
baxırdım, Vaqif isə müasir strukturalizmin, fəlsəfənin,
müasir kulturoloji metodların rakursundan. Mən o zaman
anlamırdım ki, o, özünün "Dədə
Qorqud" tamaşalarında sözü niyə hərəkətlə
əvəz eləməyə çalışır?!
Anlamırdım ki, "Dədə Qorqud" qəhrəmanları
bu balaca tədris teatrının balaca səhnəsində niyə
bədənlərini əsdirə-əsdirə gəzirlər?!
Niyə onlar bir-birinə sözlə müraciət etmək əvəzinə,
yəni dastanın mətnindən real olaraq istifadə etmək
əvəzinə, tamaşaçıya müxtəlif hərəkətlər
göstərirlər?! Bədəni bu cür
"danışdırmaq"da məqsəd nə idi?! Niyə
tamaşaya baxan dostlarımız bundan vəcdə gəlir?!
(O da var idi ki, bəziləri özlərini elə göstərirdilər
ki, guya vəcdə gəlirlər). Onların da bəziləri
mənim qədər mahiyyəti anlamırdılar. Vaqif isə
bundan qətiyyən rəncidə olmurdu. Vaqif səbirli idi. Hər
dəfə tamaşadan sonra tamaşa ətrafında
maraqlı müzakirələr, söhbətlər düzənləyirdi.
Biz onun balaca otağına yığışıb, "Dədə
Qorqud"la söhbətə başlayıb, tamam başqa bir
mövzu ilə, məsələn, Nitsşenin Zərdüştü
ilə bitirirdik. Haman tamaşasonrası söhbətlərin
dadı-duzu, estafeti sonralar onun tərəfindən
yaradılmış "YUĞ" teatrına da keçdi.
Bu da təbii idi. Vaqif harda idisə o dad, o duz orda olurdu.
Unudulmaz insanlar, unudulmaz əhval-ruhiyyə... Bu gün mən o
söhbətlər və oradakı ünsiyyət
üçün çox qəribsəmişəm. Onların
hər biri bir bitkin dərs idi -Vaqifin bığlarını
tumarlaya-tumarlaya təqdim elədiyi dərs.
Onu da demək lazımdır ki,
Vaqifin dərsləri, məktəbi dedikdə, bunu Vaqifin dərs
dediyi və onun dostlarının oturub şəyird kimi qulaq
asdıqları məkan kimi qəbul etmək doğru
olmazdı. O məktəbin üzvləri həm müəllim
idilər, həm şəyird, həm dərs deyirdilər, həm
də öyrənirdilər. Biz bir-birimizə qulaq asmaq
üçün, ağıllı söz eşitmək
üçün yadırğamışdıq desəm, səhv
etmərəm.
Mən Vaqifin "Dədə Qorqud"la bağlı böyük təşəbbüsünü
sonralar, özü də yavaş-yavaş anladım və qəbul
etdim. Amma bu o zaman baş verdi ki, Vaqif artıq bu təşəbbüsü
irəli sürməkdən uzaqlaşmışdı, onun
"Dədə Qorqud" dərsləri bitmiş kimi idi. Və
bu zaman artıq mən onu öz "cazibəmə"
salmışdım. Mən artıq "Dədə
Qorqud"a yalnız məhdud dilçilik rakursundan
baxmırdım. Semantik dərinlik, strukruralist yanaşma,
psixoloji nüanslar, məntiq və alogizmin sərhədlərinin
müəyyənləşdirilməsi məni get-gedə daha
çox maraqlandırırdı. Vaqif "Gizli Dədə
Qorqud" adlı mənim bir neçə kitabda üzə
çıxan yeni elmi istiqamətimi, bu istiqamətdən
doğan mətləbləri yüksək dəyərləndirmişdi,
bu barədə müxtəlif qəzetlərə məqalələr
yazmışdı. Öz teatrında bu yazıların
müzakirələrini təşkil etmişdi. Vaqif "Gizli
Dədə Qorqud"dan sonra ləngiməyib "Casus"
adlı pyesimin peşinə düşmüşdü. O,
çox dəyər verdiyi "Yarımçıq əlyazma"nı
rus dilinə tərcümə edirdi. Özü də görkəmli
rus filosofu, münəqqidi Lev Anninskinin dediyi kimi, o bu işi
virtouzcasına görürdü. Vaqif "Dəvə
yağışı"nı ayrı-ayrı variantlarda
artıq özünün yaratdığı "YUĞ"
teatrında səhnəyə qoyurdu. Gənc
tamaşaçılar teatrında isə "Unutmağa kimsə
yox..."a rejissorluq edirdi. "Bir-iki, bizimki..." adlı
pyesimə "Azdrama"da yerləşən YUĞ
teatrında unudulmaz quruluş verirdi. Tbilisidə "Bir-iki,
bizimki"ni Azərbaycan dram teatrında tamaşaya qoyan məşhur
gürcü rejissoru Kapanadze ilə dəfələrlə bu
pyesi müzakirə edirdi. Estoniyada "Kim dedi ki, Simürğ
quşu var imiş?!" pyesimin quruluşuna rəhbərlik
edirdi. Bütün bunlar azmış kimi, dilçiliyin
populyarizasiyasına həsr olunmuş "Dilçiliyə səyahət"
(dilçi olmayanlar üçün dilçilik) əsərimi
YUĞ-da hamıya oxutmuş, bütün
tanıdıqlarına bu kitabın təbliğatını
aparmış, sonra da öz teatrında aktyorlar və dostlar
üçün müzakirəsini təşkil etmişdi.
Estoniyadakı tamaşa üçün
mən birbaşa Vaqifə borcluyam. O
öz eston dostlarına mənim "Kim dedi ki, Simürğ
quşu var imiş?!" pyesimi verib onlara öz vətənlərində
məhz bu pyesi səhnələşdirməyi məsləhət
etmişdi. Rejissorluğuna da gənc Gümrahı uyğun
görmüşdü. Özü isə tamaşanın bədii
rəhbəri olmuşdu. Tamaşa hazır olandan sonra Azərpaşa
Nemətov, Vaqif və mən Estoniyaya, Vilyandi şəhərinə
premyeraya getdik. Dili bilməsək də, tamaşanın sehrinə
düşməmək mümkün deyildi. İctimai
baxışa Estoniyanın müxtəlif şəhərlərindən,
- Tallindən, Tartudan mütəxəssislər və teatr həvəskarları
gəlmişdilər. Hər kəs Vaqifin və
Gümrahın işinə yüksək qiymət verdi. Bu
pyesimi, ümumiyyətlə teatr səhnələrində bəxti
gətirmiş saya bilərəm. Onu daha sonra Tbilisinin Rustaveli
teatrında Suxumi teatrının aktyorlarının ifasında
Gürcüstanın məşhur teatr rejissoru Kapanadze səhnəyə
qoydu. Pyesi Suxumi teatrına Həsənağa Turabov və Vaqif
məsləhət görmüşdülər. Suxumi
teatrının direktoru və bədii rəhbəri
Gürcüstanın xalq artisti, sonralar
dostlaşdığım Dato Caiani idi. O eyni zamanda
Gürcüstan üçün ağır savaş illərində
cəbhə xəttində göstərdiyi igidliyə görə
Gürcüstanın Milli qəhrəmanı adına layiq
görülmüşdü. Bir qədər sonra bu teatr haman
tamaşanı Mədəniyyət naziri Polad
Bülbüloğlunun və Həsənağa Turabovun köməyilə
Bakıya da gətirdi. Gənc Tamaşaçılar
Teatrında tamaşa öz anşlaqını yaşadı.
(Davamı
var)
Kamal
ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.4-5.