NYU
Hekayə
Dekoru butalı çayxana, İçərişəhərin Murad qapısının qarşısında
yerləşirdi. Şişpapaq
bəyə oxşar görkəmi qala divarlarının dibinə
kölgə kimi düşmüşdü. Deyirdin,
çayxananın kölgəsi
indicə şəkillənib
aram-aram üzüyuxarı,
buludlara tərəf qalxacaq.
Vədələşdiyim görüşə
tez gəlmişdim.
Hava hələ tam qaralmamışdı.
Çayxanada adam az idi. Bir-iki
çinli öskürə-öskürə
qəlyandan çox, əzab çəkirdi. Onların ciyərlərindən
çıxan qıyıq
tüstü bir əlçim bulud kimi başımın üstündə burum-burum
halqalanırdı. Hərdənbir
ağ tüstü qoca kişi kimi xırıltıyla öskürüb, burnunu çəkirdi.
Qarşımda başısarıqlı, kök ərəb oturmuşdu. Animasiya filmlərinin qəhrəmanı
kimi "pafosluydu".
Ağ əbalı, daralı bığlı,
saçları yağlı
ərəb nədənsə
ətrafa bədən
diliylə "mən
erkəyəm" deyə
bağırırdı. Çox
güman ki, ərəb
indicə tanış
olduğu qızla pozuq ingilis dilində
"erkək" mövzusunda
mübahisə edirdi. Qız gözəl bədənli, sapsağlam
kənd qızıydı.
Nədənsə ucuz
makiyajla şəhərlənmişdi.
Əlində soluxmuş
dırnaqlarının rənginə
çalan qızılgül
tutmuşdu. Ərəblə
mübahisə edə-edə
gülü qoxulayırdı.
Qızın gözlərində
bədəninə uyuşmayan
ilıq uşaq təbəssümü vardı.
Yanaqları da allanmışdı.
Titrək səsindən,
ərəbin əsəbi
əl hərəkətlərindən
və aramsız danışığının sinirindən söhbətin
nədən getdiyini uzaqdan belə təxmin etmək olurdu. Ərəb qızın ondan tələb etdiyi pulu, çox güman ki, vermək istəmirdi. Qız isə sözünün üstündə möhkəm
durmuşdu. Fikrini ərəbə sərbəst
izah edirdi və qərarında qətiydi. Hiss olunurdu ki, belə işlərdə artıq təcrübəsi
var.
Hardansa eşitmişdim ki, ən qədim peşə sahibləri "qadın aşiqi" turistlərlə
görüşə tək
gəlmirlər. Onların
yanında mütləq
bir kişi də olur. Nədənsə
bu dəfə qız tək idi. Bununla belə
geyimindən bir o qədər də varlı olmadığı
sezilən, uzaqbaşı
ölkəsində kiçik
əsnaf dükanı
olan başısarıqlı
ərəblə əməlli-başlı
"alver" edirdi.
Çayxanada Almaniyadan gəlmiş
rejissorla görüşməliydim.
Onu bilərəkdən
araxçınlı, butalı,
folk-çayxanaya dəvət
etmişdim. Onlar nədənsə bizim nağıl süstlü yerlərimizi, insanımızın
real dərdi olan yalxı məkanlarından
daha çox görmək istəyirlər.
Nəhayət ki, ərəb qızın
təklifi ilə razılaşdı. Onlar birlikdə ayağa qalxıb yeyin addımlarla qarşıdakı
otelə doğru getdilər. Qız tələsdiyindən əlindəki
qızılgülü masanın
üstündə unutdu.
Ərəbdən sonra
masanın üstünü
silən ofisiant şüşə qəfədanı,
armudu stəkanları,
mürəbbə qabını
siniyə düzdükdən
sonra uca səslə çayxananın
müdirini səslədi.
Müdir giriş qapısının ağzına
könhə palaz kimi atılmışdı.
Kök, bəstəboy,
tozlu kişiydi. Böyük pul kimiydi. İstədiyin
zaman sənin üçün
qəpiyinə qədər
xırdalanardı. Bu dəfə
də bədəninə
uyuşmayan cəldliklə
səsə doğru axdı. Ofisiant əlində tutduğu qızılgülü müdirinə
göstərib pıçıltı
ilə qulağına
nəsə dedi. Deyilmiş sözə hər ikisi ucadan güldülər.
Elə bu vaxt qonağım
araxçınlı çayxananın
gün əritmiş qapılarında göründü.
Çayxananın havası,
çox keçməmiş
onu da bizdən biri etdi. Qonağın
rəngi də elə bil Abşeronlaşdı,
sarı əncir tonunda oldu. Gözləri
daha axıcı və daha suallı
oldu. Bir saatın içində alman nağıllaşdı.
Onunla ay
göydə yatana qədər, ədəbiyyatdan,
kinodan danışdıq.
Ssenarimi çox bəyəndi və sonda anlaşdıq. Alman qonaq yazdığım mətndən film çəkəcəyinə
söz verdi. Amma bir şərtlə, mən dialoqları onun üçün yenidən nağıl dilində yazmalıydım.
Süjet də ancaq "folk" olmalıydı,
reallıqdan uzaq bir şey...
Ayağa
qalxanda ərəblə
"bazarlıq" edən
qızın təngnəfəs
çayxanaya qayıtdığını
gördüm. O, uca səslə ofisiantdan gülünü tələb
edirdi.
Ofisiant qıza əlləri kimi kobud cavab
verdi. Sonda qızı pis söyüşlərlə söyüb
çayxanadan qovmaq istəyəndə dözmədim.
Ofisianta qızın gülü masanın üstündə unutduğunu
öz gözlərimlə
gördüyümü söylədim.
Ancaq bundan sonra ofisiant qızın gülünü
gətirməkdən ötrü
müdirin otağına
doğru getdi.
Qız ilə birlikdə dayanıb gülün qayıtmasını gözləyirdik.
O, hərdən-hərdən gözlərindən-gözlərimə utana-utana kiçik ehtiras oxcuqları atırdı. Onun ehtiraslı baxışları
eyni zamanda o qədər saf idi ki, ilk baxışdan ciddi çağırışlar
belə mənə əyləncəli görünürdü.
Qız satdığı
sevgisinin əvəzi olaraq ərəbdən aldığı pulu unudub, sevdiyindən hədiyyə gözləyən
gəlin kimi "öz gülünü"
gözləyirdi. Və
ona bu işdə
yardım etdiyim üçün mənə
ürəkdən minnətdar
idi.
Bəlkə də ona ilk dəfəydi gül bağışlamışdılar.
Bəlkə gülləri uşaqlıqdan
sevirdi, bilmirəm. Hər nədirsə, gül onun üçün
çox əhəmiyyətliydi.
Nəhayət, ofisiant qızın
qızılgülünü gətirdi. Sellofanı əzilsə də, gül təzə-tər idi.
Qız gülü ofisiantın əlindən alıb, sevinə-sevinə İçərişəhərin
qaranlığında şam
kimi əridi. Üzündəki sevincin işığı qaranlıq
küçələri bir
müddət özündən
sonra da fanar kimi işıqlandırdı.
Çayxanadan çıxanda alman dostum
məndən qızın
kim olduğunu soruşdu. Mən Xəzri kimi dənizə əsmiş qızın arxasınca baxıb: - "O, qıza bu gün ilk dəfə sevgi etirafı ediblərmiş!"
- pıçıldadım.
Alman: -
"Bu cür sevdalı
qızları qoruyun. Onlar sizin üçün
yeni "insan nəsli"
doğacaqlar!" - dedi.
Alman qonağın bu səhv qənaətindən
duyğulanıb başımı
aşağı saldım.
Hər ikimiz otelə qədər susduq.
Ondan ayrılanda isə qərara gəldim ki, almanla birgə film çəkməyim. Çünki
o mənim dərdimi nədənsə nağıl
kimi görmək istəyir.
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.7.