Muxtar Kazımoğlu – tanınmış
folklorçu, nüfuzlu ədəbiyyatşünas
Muxtar Kazım oğlu İmanov 28 may 1955-ci ildə
Naxçıvan MR Şərur
rayonunun Axura kəndində müəllim
ailəsində dünyaya
gəlmiş, 1977-ci ildə
Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən
sonra bir neçə il orta məktəbdə müəllim
işləmişdir. 1980-1983-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat
nəzəriyyəsi" ixtisası
üzrə əyani aspiranturasında təhsilini
davam etdirən Muxtar Kazımoğlu
1984-cü ildə "Müasir
Azərbaycan nəsrində
psixologizm" mövzusunda
namizədlik dissertasiyasını
uğurla müdafiə
edərək qarşısıalınmaz
yaradıcılıq eşqilə
böyük elmə qədəm qoymuşdur.
Həmin
illərdə Azərbaycanda
ədəbi tənqidin
(və ümumən ədəbiyyatşünaslığın) ən aktual problemi 60-cı, 70-ci illərdə
meydana çıxmış
keyfiyyətcə yeni ədəbiyyatın
özünəməxsusluqlarını müəyyənləşdirməkdən ibarət idi ki, burada qəhrəmanların psixoloji
yaşantılarının araşdırılmasına maraq xüsusi əhəmiyyət daşıyırdı.
Sosializm realizminin hər cür fərdi düşüncə,
əhval- ruhiyyədən
məhrum sxematik "sovet insanı" obrazlarının yerinə
Azərbaycan ədəbiyyatı
artıq İ.Hüseynov,
İ.Şıxlı, S.Əhmədov,
Y.Səmədoğlu, F.Kərimzadə,
Anar, Elçin, İ.Məlikzadə, M.Süleymanlı
kimi yazıçıların qələmi
ilə həm milli, həm də təbii, həyati qəhrəmanlar yetirmişdi.
Və nə qədər paradoksal olsa da, bu yeni qəhrəmanların təmsil
etdiyi yeni mənəvi
aləmi ədəbi prosesdən geri qalan ənənəvi
ədəbi tənqid
həzm edə bilmirdi. Elmi rəhbəri akademik Məmməd Cəfərin,
eləcə də Y.Qarayev, A.Hüseynov, A.Hacıyev, A.Məmmədov,
K.Vəliyev, K.Abdullayev
kimi müasir dünyagörüşlü ədəbiyyat
tənqidçilərinin sırasına
qoşulan Muxtar Kazımoğlu "Psixologizm"
araşdırması ilə
"yeni ədəbiyyat"ın (və ədəbiyyatşünaslığın)
mövqelərinin möhkəmlənməsinə
özünəməxsus xidmət
göstərmiş oldu
ki, 1991-ci ildə nəşr
edilən bu əsər yalnız dövrü üçün deyil, bu gün də
bir çox baxımlardan təravətini
itirməmişdir.
...Muxtar Kazımoğlunun
"Müasir Azərbaycan
nəsrində psixologizm"
monoqrafiyası barədə
geniş şərhə
ehtiyac görməyib bir vacib məqamı
xatırlatmaq istəyirəm:
bu monoqrafiya ədəbiyyatşünaslığımız
tarixində psixologizmə
həsr edilmiş ilk sistemli tədqiqat əsəridir. Bu tədqiqatdan
sonra bizdə yalnız nəsr üzrə yox, həm də poeziya və dramaturgiya üzrə neçə-neçə yeni tədqiqat
əsərləri ortaya
çıxdı və
həmin tədqiqatlarda,
təbii ki, Muxtar Kazımoğlunun nəzəri
mülahizələri istiqamətverici
rol oynadı.
Muxtar Kazımoğlunun ilk ciddi elmi-tədqiqat işində
folklora xüsusi yer ayırması, yeni nəsrdə "xalq təfəkkürü ilə bağlı"
məqamlar aşkarlaması
və "xalq yaradıcılığında müsbətlə mənfini,
təsdiqlə inkarı,
həyatla ölümü
özündə qovuşduran
obrazlar müasir hekayə, povest və romanlarda mürəkkəb təbiətli
xarakterlərin qələmə
alınması üçün
bir örnəyə çevrilir" qənaətinə
gəlməsi, bir tərəfdən, müasir
ədəbi prosesin hərtərəfli ədəbi-tənqidi
interpretasiyasına cəhd kimi maraq doğurursa, digər tərəfdən,
müəllifin yaradıcılıq
tərcümeyi-halında yeni (və kifayət qədər strateji) bir dövrün
əsasını qoymuş
olur.
Muxtar Kazımoğlu aspiranturanı bitirdikdən sonra on il (1983-1992-ci illər)
Nizami adına Ədəbiyyat
İnstitutunda yeni yaranmış
Mifologiya şöbəsində
kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmış,
1992-ci ildən 2000- ci ilə
qədər isə
"Yazıçı" nəşriyyatının baş
redaktoru olmuşdur. Bu
isə o deməkdir
ki, həyat gənc tədqiqatçı qarşısında
özünü ədəbiyyatın
müxtəlif cəbhələrində
sınamaq üçün
yollar açırdı.
***
Muxtar Kazımoğlu yeni əsrin
və yeni minilliyin ilk
illərində apardığı
ardıcıl
araşdırmalarının yekunu olaraq 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün
genezisi və poetikası" mövzusunda
doktorluq dissertasiyası
müdafiə etmişdir.
Əgər namizədlik
dissertasiyasında ədəbiyyat
nəzəriyyəsi əsas, folklorşünaslıq isə
yardımçı idisə,
doktorluq işində mif, folklor materialı
önə çıxır, ancaq nəzəriyyə də öz yeni kontekstində geri qalmır. Və ümumiyyətlə, ədəbiyyat
haqqındakı elmin hansı sahəsinə müraciət edirsə-etsin,
Muxtar Kazımoğlunun
əsərlərində elmi-
nəzəri (və metodoloji) aspekt həmişə
qabarıq görünür.
Azərbaycan folklorunda gülüşü
hansı səviyyədə
araşdırdığını Muxtar Kazımoğlunun ən azı üç monoqrafiyası bütün
təfərrüatı ilə
nümayiş etdirir
ki, onlardan birincisi, "Gülüşün
arxaik kökləri"
(2005), ikincisi, "Xalq
gülüşünün poetikası" (2006), üçüncüsü
isə, "Folklorda obrazın ikiləşməsi"
(2011)dir.
"Gülüşün arxaik
kökləri" ilk baxışda
eyni mövzunun müxtəlif tərəflərini
ehtiva edən məqalələr və ya oçerklər toplusunu xatırlatsa da, müəllifin həmin mövzuya münasibətdəki
nəzər nöqtəsinin
və ya baxış bucağının
strateji fundamentallığı
kitaba monoqrafik məzmun-mündərəcə verir.
"Terminlərdən irəli
gələn çətinliklər"
adlı giriş oçerkində ədəbi-estetik
kateqoriya kimi gülüşün bir sıra növlərinin xalq yaradıcılığında
ciddi terminoloji əsaslarla fərqləndirilməsi
problemlərinə toxunulur.
Yazılı ədəbiyyatdakı
"satirik (öldürücü)
gülüş" və
"yumoristik (mərhəmət
doğurucu) gülüş"
anlayışlarının kəskin qarşıdurmasının
folklor üçün
səciyyəvi olmadığına
(və folklorşünaslıqda
həmin terminlərdən
bu mənada gen-bol istifadənin elmi prinsiplərlə bir araya sığmadığına)
diqqət çəkən
araşdırıcı onu
da qeyd edir ki, "əgər bədii gülüş əsasında
yaranan folklor nümunəsinin ictimai məzmun daşıdığını
qəbul ediriksə, onda həmin nümunənin komik nümunə adlandırılmasına
da təbii baxmalıyıq".
Zəngin
xalq yaradıcılığı
mətnlərinə, eləcə
də V.Y.Propp, M.M.Baxtin, A.Y.Quryeviç, B.Ögəl, M.Seyidov kimi mifoloq, folklorşünas
və kulturoloqların
mülahizələrinə dayanan müəllifin
"Gülüşün magik
mahiyyəti" oçerkində
bir sıra konkret suallar qoyub onlara arqumentli
cavablar verməsi, əlbəttə, onun ilk növbədə, intellektual
erudisiyasının, ikinci
növbədə isə,
mətnə həssaslığının
nəticəsidir. Gülüşün
günəş, işıq,
od, xeyirxahlıq "mənşəyi"nə
diqqət çəkdikdən
sonra məqalə belə bir doğru
qənaətlə yekunlaşır
ki, "şərə məxsus
gülüş folklorda
aparıcı yer tuta bilmir, gülüşün
demonik varlıqlar əlində magik təsir vasitəsinə çevrilməsini folklor üçün səciyyəvi
cəhət hesab etmək olmur". Heç şübhəsiz,
"Folklorda gülüşün
bəzi ümumi məsələləri" oçerki
də metodoloji mahiyyət daşıyır.
...Kitaba daxil olan
"Nağıllarda komik
qarşıdurma", "Dərvişlər:
sehrkarlıq və oyunbazlıq", "Qorqud,
Burkut və bəktaşi", "Qızıl
saçlı qəhrəman
və keçəl",
"Dədə Qorqud
kitabı"nda dəli
obrazı", "Koroğlu"
eposunda dəli obrazı", "Koroğlu
və Keçəl Həmzə" məqalə-oçerklərində
gülüşün bu
və ya digər janrla bağlı təzahür
texnologiyaları təhlildən
keçirilir.
"Gülüşün arxaik
kökləri"nin hər
bir məqalə-oçerkində
sözügedən ideya-estetik
"köklər" Azərbaycan
folklorunun verdiyi zəngin (və tarixin sınağından
keçmiş mükəmməl)
materialın, faktların
həm görünən,
zahiri (ekzoterik), həm də daxili, batini (ezoterik) tərəflərilə
öyrənilir. Və
kitabın müxtəsər
Ön sözünün müəllifi
professor Kamran Əliyevin belə
bir fikri ilə razılaşmamaq mümkün deyil ki, "M.Kazımoğlu istər gülüşün mənbəyindən
(arxaik köklərindən!),
istər gülüşün strukturundan (poetikasından!), istərsə
də gülüşün mahiyyətindən
(fəlsəfəsindən!) yazanda gülüşün
həyatvericilik funksiyasını
əsas müddəa kimi götürür. Bu cəhət onun tədqiqatlarının özünə
də həyatvericilik
gücü bəxş
edir və bu tədqiqatlar yeni,
orijinal araşdırmaların
yaranmasına təkan
verir"...
"Xalq gülüşünün
poetikası" müəllifi
Azərbaycan folklorunun
gülüş qəhrəmanlarının
xarakterlərini təhlil
edərkən bu xarakterlərin "ziddiyyətli
bütövlüyü"nə xüsusə diqqət yetirir. "Kosa erotik gücünü tüksüzlük (xədimlik),
təkə erkəkliyini
axtalıq maskası arxasında gizlətdiyi kimi, keçəl də bahadırlığını
məhrumiyyət, gözəlliyini
çirkinlik maskası
arxasında gizlədir"
kimi ümumi bir qanunauyğunluq müəyyən etdikdən
sonra həmin qanunauyğunluğun sosial-estetik
hüdudları aşıb
sosial-inzibati iddialara düşdüyünü də
qeyd edir:
"Dar mənada təlxək saray xidmətçilərindən
birinin adıdır.
Bu xidmətçinin üzdə
görünən əsas
işi hökmdarı
əyləndirməkdən, qanının qara vaxtlarında hökmdarın
eynini açmaqdan ibarətdir. Təlxəyin alt qatdakı
funksiyası isə hökmdar donuna girib bədxah ruhların diqqətini özünə cəlb etmək və hökmdara gələcək
bəlanı bu yolla sovuşdurmaqdır.
Bu funksiyasına görə
təlxək obrazı
müxtəlif xalqların
qədim mərasimlərində özünü
göstərən müvəqqəti
(uydurma) hökmdar obrazı ilə səsləşir".
..."Dədə Qorqud" və "Koroğlu" eposları, eləcə də folklorumuzun bir çox başqa nümunələri
üzərindəki müşahidələrdən
aydın olur ki, komizm mətnin məzmununa və qəhrəmanın strukturuna
əsaslı təsir
göstərir. Gülüş
folklor mətnində təsvir edilən ən qeyri-adi predmeti, obrazlı desək, göylərdən
yerə endirib insana yaxınlaşdırır,
ifrat ideallaşdırmanın qarşısını
almaqla mətnə məna əlvanlığı gətirir".
"Folklorda obrazın ikiləşməsi" monoqrafiyası,
əgər belə demək mümkünsə,
Muxtar Kazımoğlunun
Azərbaycan xalq gülüşünə həsr
olunmuş trilogiyasının
üçüncü kitabıdır
ki, əvvəl əsərlərində
ara-sıra toxunduğu
mövzunu burada daha əsaslı, hətta demək olar ki, fundamental şəkildə
işləmişdir.
"Folklor nümunəsində
hər hansı bir obrazın xeyir və şər
qütblərini birləşdirməsi,
özündə həm
müsbət, həm də mənfi cəhətləri ehtiva etməsi" faktından çıxış edən
tədqiqatçı göstərir
ki, "məsələ xeyir-şər
yerdəyişməsi ilə
də bitmir. Xeyiri, yaxud şəri
təmsil etməsindən,
mənfi, yaxud müsbətliyindən asılı
olmayaraq, müxtəlif
obrazların folklorda tez-tez paralellik yaratmasının şahidi
oluruq".
İkiləşmənin genatipologiyasına
nüfuz edilməsi də tamamilə təbii olub tədqiqatçının istənilən
məsələni məhz
təfsilatı ilə
həll etmək marağından (və üslubundan!) irəli gəlir:
"Bir-birini tamamlayan müsbət obrazlarda və bir-birini tamamlayan mənfi obrazlarda ikiləşmə
axtarmaq, bir obrazı ona yaxın olan başqa obrazın "ikinci nüsxəsi" hesab etmək, yəqin ki, mübahisə
doğurmaz. Amma əks
qütblərdə dayanan
obrazlardan birini o birinin "ikinci nüsxəsi" hesab etmək ilk baxışda şübhə doğura bilər. Şübhəni
dağıtmağın yolu
arxaik qatlara enmək, ilkin mənbəni nəzərə
almaqdır. "Arxaik
qatlara enməyin nəticəsidir ki, Muxtar Kazımoğlu ikiləşmənin
mif və folklorda bir sistem
yaratması qənaətini
irəli sürür.
Qəhrəman və onun əvəzedicisi, qəhrəman və yalançı qəhrəman,
hökmdar və təlxək, doğru və yalan, ağıllı və axmaq, taraz və
nataraz və s. kimi nümunələrdə
öz təsdiqini tapan poetik sistemi
ardıcıl şəkildə
araşdırmaqla Muxtar
Kazımoğlu Azərbaycan
folklorşünaslığında yeni Söz demiş olur, yeni tədqiqatlara yol açır.
Muxtar Kazımoğlunun elmi üslubu, təhkiyəsi
(və texnikası) üçün səciyyəvi
olan çox mühüm bir cəhət ikiləşmə
problemi ilə bağlı mühakimələrdə
özünü
göstərir. Ən
dərin mətləbləri
belə, mümkün
qədər ən sadə anlayışlarla,
hökmlərlə, əqli
nəticələrlə şərh
etmək, əslində
bizim Firidun bəy Köçərlidən
başlayıb, Məmməd
Cəfər, Məmməd
Arif, Mir Cəlal, Məmməd Hüseyn Təhmasib, Əli Sultanlı, Həmid Araslı... kimi mütəfəkkir
araşdırıcılarda kamilləşən milli ədəbiyyatşünaslıq
məktəbimizdən gəlir
və Muxtar Kazımoğlu bu gün həmin məktəbin ən sədaqətli (və nüfuzlu) nümayəndələrindən
biridir.
Muxtar Kazımoğlunun yazılı
ədəbiyyata baş
vurub bu ədəbiyyatın folklordan
gələn strateji ideya-estetik motivlərini aşkarlaması və nəticə etibarilə, ənənəvi qarşıdurmada
(şifahi ədəbiyyat-yazılı
ədəbiyyat) yeni bir
"paralellik" kəşf
etməsi ilə əlamətdardır. Hüseyn
Cavidin İblis və Mələyi, Cəlil Məmmədquluzadənin ölüləri
və diriləri, ağıllıları və
dəliləri yazılı
ədəbiyyat mövqeyindən
hər nə qədər geniş təhlil olunsa da, Muxtar Kazımoğlu göstərdi ki, xüsusilə,
məsələnin mənşəyini
doğru-düzgün təsəvvür
etmək üçün
folklorşünaslığın mövqeyi ilə də hesablaşmaq lazımdır.
Heç
bir tərəddüd
etmədən demək
mümkündür ki, ümumi
şəkildə toxunduğumuz
hər üç monoqrafiya (trilogiya) Azərbaycan xalq yaradıcılığının genezisinin, strukturunun və funksional imkanlarının tədqiqi
sahəsində XXI əsrin əvvəllərində
görülmüş elə
işlərdəndir ki, bir
tərəfdən, özünəqədərki
araşdırmaların ən
mühüm uğurlarını
ehtiva edirsə, digər tərəfdən,
gələcək araşdırmaların
perspektivlərinə gur
işıq salır.
***
Muxtar Kazımoğlu 2000-ci illərin
əvvəllərindən - AMEA "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzində
böyük elmi işçi, Mərkəz
2003-cü ildə Folklor
İnstitutuna çevrildikdən
sonra isə Türk xalqları folkloru şöbəsinin
aparıcı elmi işçisi vəzifələrində çalışmaqla
araşdırmalarını davam etdirmiş, 2011-ci ildə isə Folklor İnstitutunun direktoru seçilmişdir.
Əlbəttə, hər bir həqiqi elm adamı üçün çox böyük nailiyyət olan bu vəzifə
kifayət qədər
enerjili tədqiqatçının qarşısında
yeni fəaliyyət imkanları
açmışdır. Xüsusilə,
folklorun toplanması, tərtibi və nəşri ilə ardıcıl məşğul olan alim
"Bu yurd bayquşa qalmaz" (1995), "Zəngəzur
folkloru"ndan (2005) sonra
"Şərur folklor
örnəkləri" (2016), "Gədəbəy folklor örnəkləri" (2016), 10 cildlik "Qarabağ: folklor da bir tarixdir" (2012-2017),
16 cildlik "Güney
Azərbaycan folkloru"
(2013-2024) və 4 cildlik
"Qərbi Azərbaycan
folkloru" (2023-2024) toplularının
həm layihə rəhbəri, həm də tərtibçilərindən
biri kimi tarixi işlərə imza atmışdır. Müasir texniki vasitələrlə,
dünya standartlarına
uyğun şəkildə
toplanan və çap olunan materiallar Azərbaycan folklorunun yeni əsaslarla öyrənilməsində əvəzsiz
qaynaq rolu oynamışdır ki, son illərdə
müdafiə olunan onlarla dissertasiya işləri, monoqrafiya və məqalələr bunu təsdiq edir. Və Qarabağdan toplanmış 30-a yaxın
nağıl süjetinin
beynəlxalq Aarne-Tompson
nağıl kataloqunda
qarşılılığının olmaması göstərir ki, 2011-ci ildən
başlayaraq Folklor İnstitutunun gördüyü
işlər yalnız
ölkə yox, həm də dünya əhəmiyyətlidir.
Muxtar Kazımoğlu 2011-2019-cu illərdə
Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasında (indiki
Dövlət İmtahan
Mərkəzində) Ədəbiyyat
fənni üzrə Elmi- metodiki seminarın rəhbəri və Ekspert şurasının sədri
olmuşdur. 2012-ci ildən
2017-ci ilə qədər
İctimai Televiziya və Radio Yayımları
Şirkəti Yayım
Şurasının üzvü,
2017-2023-cü illərdə isə eyni zamanda
həmin şuranın
sədri kimi fəaliyyət göstərmişdir.
Və bu məsuliyyətli işlərin
hər birində o yüksək elmi-intellektual
imkanlarını, idarəçilik
istedadını və
mədəni səviyyəsini
nümayiş etdirmişdir.
Azərbaycan şifahi xalq ədəbiyyatı ilə
yazılı ədəbiyyatın
"paralel" tədqiqi
Muxtar Kazımoğlunun
monoqrafik tutumlu iki kitabının birbaşa mövzusudur ki, onlardan birincisi, "Epos. Nəsr. Problemlər"
(2012), ikincisi,
"Sənət qayğıları"dır.
(2015)
Birinci kitabın birinci bölməsi eposa, ikinci bölməsi nəsrə həsr olunmuşdur.
Birinci bölmədə, əsasən,
"Dədə Qorqud"
və "Koroğlu"
eposlarından söhbət
gedir. "Dədə
Qorqud"da gülüş
kultu və obrazın ikiləşməsi məsələsindən
danışan müəllif
eposda müqəddəs
adam kimi qəbul edilən Dədə Qorqudun özünə münasibətdə
belə, gülüş
amilindən imtina edilməməsini
misal çəkir.
Və yazır:
"Dədə Qorqud və Dəli Qarcar əhvalatı məhz ağıllı ilə dəli qarşılaşmasıdır. Bu qarşılaşmanın "Dədə
Qorqud" eposu üçün nə qədər səciyyəvi
olduğunu məşhur
Əzrayıl və Dəli Domrul əhvalatından da görürük".
Özünün tamamilə
doğru olan tezisini daha dərindən
əsaslandırmaq məqsədi
(artıq qeyd etdiyimiz kimi, bu, Muxtar Kazımoğlunun
elmi təhkiyəsini keyfiyyətcə səciyyələndirən
cəhdlərdəndir) ilə
məhsuldar müqayisələr
aparır:
"Dəli Domruldan fərqli olaraq, Dəli Qarcarı dünyadan bixəbər adam saymaq çətindir.
Dəli Domrul Əzrayılı tanımadığı
halda, Dəli Qarcar Oğuzda yaşayan bir adam kimi,
çox güman
ki, Dədə
Qorqudu tanıyır və onun bir
övliya olduğunu çox yaxşı bilir".
Mümkün (və mühüm)
müqayisələrin meydanı
genişləndirilir:
"Dədə Qorqud - Dəli Qarcar əhvalatı eposda ağıllı və dəli münasibəti üzərində qurulan bir oyundur. Bu oyun yalnız dəli Qarcarın "anormallıq" etməsi
hesabına yox, həm də Dədə Qorqudun yaratdığı imkan və şərait hesabına baş tutur... Dədə Qorqud Dəli Qarcarın normadan kənara çıxan və gülüş doğuran
hərəkətlərinə rəvac verirsə, demək, bu barədə ciddi düşünmək, Dədə Qorqudun oyundaşlığına xüsusi
diqqət yetirmək lazımdır".
Sözügedən oyundaşlığa xüsusi diqqət yetirən və bu barədə ciddi düşünən
tədqiqatçı epos yaradıcılığı
(ümumən folklor) üçün son dərəcə
səciyyəvi olan, ancaq özünəqədərki
araşdırmalarda heç
də bu qədər dərin təhlilə cəlb edilməyən məsələlərə aydınlıq
gətirir:
"...Gücün bir göstəricisi vuran qoldursa, bir göstəricisi
də ağıldır,
kələkdir. "Dədə
Qorqud" eposunda ağılın ən böyük təmsilçisi
Qorqud Ata olduğuna görə yumoristik kələkbazlığı bu
obrazda da axtarmalı oluruq... Məsələn, başlıq yerinə başqa şeylərlə bərabər,
min birə də istəyib işi düyünə salmaq fikrində olan Dəli Qarcara kələk gəlmək Dədə Qorquddan ötrü asan bir işdir... amma Dədə Qorqud bu addımı
atmaq əvəzinə,
Dəli Domrulla, necə deyərlər, qovdu-qaçdı oyunu oynamağı qabaqcadan planlaşdırır... Qovdu-qaçdı
oyununun ən gərgin anı belə, növbəti məzəli
sərgüzəştlərə təkan verir... Ozanın inamına görə, Dədə Qorqudun öyüd-nəsihəti
nə qədər vacibdirsə, Dədə Qorqudun məzəli sərgüzəştləri
də bir o qədər vacib və əhəmiyyətlidir".
Eposda Qorqud Atanın "yalnız müdrik ağsaqqal yox, həm də bir trikster (oyunbaz,
kələkbaz - N.C.) şəklində"
təcəssümünü xalq yaradıcılığı
obrazının həm
məzmun, həm də strukturca bütövlüyü kimi
dəyərləndirən müəllif, məsələyə,
son zamanlar dəbdə
olan semiotik planda yanaşsaq, sadəcə, semantik interpretasiya verməklə
kifayətlənmir, Qorqud
Atanın ikiləşməsinin
Beyrək-Banuçiçək, eləcə də Qanturalı-Selcan xatun süjetləri
ilə sintaktik əlaqəsini də kəşf edir.
Əkizlər mifinə əsaslanan
tədqiqatçı Basat
- Təpəgöz, Bamsı
Beyrək - Yalançı
oğlu Yalıncıq,
Qazan xan - Alp Aruz və nəhayət,
daha geniş miqyasda İç Oğuz - Dış Oğuz "ekizliyi"nin
genetik təfərrüatlarına
varanda da, "Dədə
Qorqud" eposunun struktur-semantik analizinə ciddi töhfələr vermiş olur. Və eyni mövzunun
fərqli tərəfləri
ilə Azərbaycan nağıllarının zəngin
materialları zəminində
araşdırılmasına (söhbət "Yalançı
qəhrəman" oçerkindən
gedir) gəldikdə isə, bu, bir
tərəfdən, xalq
yaradıcılığının ideya-məzmun etibarilə bütövlüyünü, digər
tərəfdən, obrazyaratma
texnologiyalarının müəyyən
bir sxem-model əsasında qurulduğunu
təsdiq etmək baxımından çox əhəmiyyətlidir.
"Epos.
Nəsr. Problemlər"
kitabında Muxtar Kazımoğlunun xüsusi
diqqət yetirdiyi məsələlər sırasında
"Koroğlu" dastanının
tərtibi məsələsi
də var. İnsaf naminə etiraf etmək lazımdır ki,
M.H.Təhmasib "Koroğlu"
eposunun müxtəlif
variantları əsasında nümunəvi bir mətnin tərtibində təqdirəlayiq
işlər görmüşdür.
Bununla belə, hər kəsə məlumdur ki, Vəli Xuluflu və Hümmət Əlizadə
kimi M.H.Təhmasib də həm obyektiv, həm də subyektiv səbəblərdən "Koroğlu"nu
tələb olunan səviyyədə yazıya
ala bilməmişdir. Son orta əsrlərdə
(bəzi gümanlara görə, hətta daha əvvəllər) yazıya köçürülmüş
"Dədə Qorqud"la
müqayisədə, "Koroğlu"nun
bu baxımdan geri qaldığını
da iddia etmək olar. Bu cür mülahizələri nəzərə
alan Muxtar Kazımoğlu yeni "Koroğlu"
nəşrlərinə ehtiyac
duyulduğunu xatırladır,
ancaq dərhal da bu cür cəhdlərin
nə ilə nəticələnəcəyi barədə
bəri başdan fikir söyləməyin mümkün olmayacağını
bildirir:
"...Yeni
tərtib arzusunda olan folklorşünasın
başlıca işi əsl söyləyiciləri
- koroğluxanları arayıb
tapmaq, eposun qollarını ayrı-ayrılıqda
canlı ifadan necə var, o şəkildə
qələmə almaq,
qələmə alınanı
xüsusi əlaqələndirmə
qayğısına qalmadan
bütün təbiiliyi
ilə nəşr edib oxucuya çatdırmaqdır.
Amma qarşıya bir sual da çıxır: bütün bu şərtlər əsasında
ortaya çıxan "Koroğlu"
oxucu üçün
M.H.Təhmasib "Koroğlu"sundan
daha maraqlı olacaqmı? Allah bilir..."
Əlbəttə, canlı ifaları
lentə köçürmək,
folklor mətnlərinin
nəşrinin müasir
prinsiplərinə əməl
etməklə yazıya
almaq (eyni zamanda görülmüş
işlərin tarixi təcrübəsindən
də imtina etməmək) hər halda öz səmərəsini
verməlidir. Çünki
"Koroğlu" Azərbaycanın
həm şimalında,
həm cənubunda, həm də qərbində
(Şərqi Anadolu da daxil
olmaqla) hələ öz yaradıcılıq
potensialını, canlı
ifa maneralarını heç də tamamilə itirməmişdir.
Bunu da xüsusi qeyd etməliyik ki, Azərbaycan "Koroğlu"su
Türkiyə və Türkmənistan "Koroğlu"larından
müqayisə edilməyəcək
qədər mükəmməl
əsərdir. Və həmin mükəmməlliyin
əsas göstəricisi
Azərbaycan eposunun mənsub olduğu xalqın milli İntibah ideallarının
bilavasitə ifadəsi
olaraq meydana çıxmasıdır. Odur
ki, Azərbaycan "Koroğlu"su
"Dədə Qorqud"
qədər dərindən öyrənilmədikcə
azərbaycanşünaslığın bir sıra ciddi
məsələləri cavabsız
suallar doğuracaqdır.
"Epos.
Nəsr. Problemlər"in
ikinci bölməsi çağdaş Azərbaycan
nəsrində
daxili monoloq mövzusundan başlayıb
elmi-texniki tərəqqinin
nəsrə təsirinə
keçir, sonda isə çağdaş nəsrin folklordan nələri əxz etdiyi nəzərdən keçirilir ki, həmin mövzular, əsas etibarilə, müəllifin
"Müasir Azərbaycan
nəsrində psixologizm"
tədqiqatlarını apardığı
illərdən gəlir.
"Sənət qayğıları"
kitabının şifahi
söz sənəti ilə bağlı bölməsində
"Oyunlar və
ayinlər" araşdırması
xüsusi olaraq diqqəti cəlb edir. "Şifahi ənənəyə əsaslanan
xalq oyunları və meydan tamaşalarını təsnif
edərkən folklorşünaslar
nə qədər fərqli mövqelərdə
dayansalar da, bir məsələdə onların
fikirləri üst-üstə düşür.
Bu məsələ xalq
oyunları və meydan tamaşalarının
ayin və mərasimlərlə
bağlılığı məsələsidir" tezisindən
çıxış edən
müəllif toplanması,
sistemləşdirilməsi və
araşdırılması işinə
bilavasitə rəhbərlik
etdiyi Qarabağ folklorunun materialları (buraya "Kaftar", "Qazlar-qazlar", "Ana, məni
Qurda vermə",
"Qızqaçırma", "Cəhribəyim", "Padşahbəzəmə"
və s. oyunlar, eləcə də Məhərrəmliklə bağlı
bir sıra ayinlər, rituallar daxildir) əsasında belə bir qənaətə gəlir ki,
"xaosdan kosmosa keçid prosesində mühüm yer tutan oyunların...
başlıca funksiyası
cəmiyyətin yenidən
doğulmasına mifoloji
zəmin yaratmaqdan ibarətdir". Və Azərbaycanın müxtəlif regionlarında,
o cümlədən də,
Qarabağda ictimai həyata bu cür fəal
etnoqrafik münasibəti
şərtləndirənsə odur ki, islam dini hər nə
qədər hökm-fərma
olsa da, daha qədim dövrlərə
aid mifoloji təsəvvürlər
öz müqavimət
(və rəsmi inam texnologiyalarına şərik çıxmaq)
enerjisini hələ itirməmişdir.
***
Muxtar Kazımoğlunun
böyük qələm
adamı olaraq istedadının çox maraqlı məhsullarından
biri də ədəbi portretlərdir
ki, onların əksəriyyəti
"Portretlər" (2013) kitabında toplanmışdır.
Klassiklərdən M.V.Vidadi
ilə M.P.Vaqif, H.Cavid, C.Məmmədquluzadə,
müasirlərdən Məmməd
Cəfər, İsa Həbibbəyli,
Qəzənfər Paşayev,
Kamran Əliyev, Nizami Cəfərov haqqındakı yazılar
müəllifin təkcə
geniş elmi erudisiyasını
əks etdirməklə
qalmır, xüsusilə
həmkarlarına münasibətdə
onun eyni dərəcədə geniş
ürəyi barədə
təsəvvür yaradır.
Və elmi erudisiya ilə yanaşı, həmin səmimi münasibətin nəticəsidir ki, alimin 60 illiyi günlərində ona həsr olunmuş "Yol və söz"
kitabı işıq üzü görmüşdür.
Bəkir Nəbiyev,
İsa Həbibbəyli, Azad Nəbiyev, Qəzənfər
Paşayev, Paşa Əfəndiyev, Yavuz Axundlu, Kamran Əliyev,
Valeh Hacılar, Ramazan
Qafarlı, Seyfəddin
Rzasoy, Arif Əmrahoğlu, Paşa Əlioğlu, Xanəli Kərimli, Nail Tan, Oruc Əliyev, Ağaverdi Xəlil və Əziz Ələkbərlinin
görkəmli ədəbiyyatşünasın
ayrı-ayrı əsərləri,
elmi ümumiləşdirmələri,
kəşfləri barədə
söylədikləri
dəyərli mülahizələr
ilə yanaşı, bu kitabda Muxtar
Kazımoğlunun ədəbi
portretləri də canlandırılır.
Muxtar Kazımoğlu həmişə
ilk növbədə, tədqiqatçı
- elm adamı olmuş,
digər missiyaları
isə bundan sonra gəlmişdir. Bununla belə o heç bir missiyasına laqeyd münasibət göstərməmiş,
hər birini ləyaqətlə
yerinə yetirməyə
çalışmışdır. Və "Söz haqqında söz"
(2020) kitabı bu baxımdan bir "hesabat", yaxud "manifest" dəyərindədir.
"Dövlətçilik düşüncəsini tarix,
fəlsəfə, sosiologiya,
politologiya kimi elm sahələri
üzrə öyrənmək
nə qədər vacibdirsə, folklorşünaslıq
üzrə öyrənmək
də bir o qədər vacibdir", deyən müəllif əmindir ki, "hökmdar
kultu ilə, hakimiyyət simvolları ilə, dövlətçiliyə
daxil olan digər amillərlə bağlı motivlərin mif, əfsanə, rəvayət, nağıl,
dastan, lətifə, atalar
sözü, məsəl,
bayatı... kimi folklor janrlarında necə əks olunması başqa mütəxəssisləri az
maraqlandırdığı halda, folklor və dövlətçilikdən
bəhs edən folklorşünasın diqqət
mərkəzində dayanır".
"Dədə Qorqud"dakı
Oğuz eli barədə təsəvvür
yaradıldıqdan sonra
xalq təfəkküründəki "vətən" anlayışının
təkamülü izlənilir,
"Koroğlu"dakı Çənlibelin
"həm də bir dövlət rəmzi" olduğu qeyd edilir. Türklərdəki
hökmdar kultu, ordunun məhz könüllülük əsasında
yaradılması kimi mətləblərə toxunulur.
Kitabın
"Dövlətçilik düşüncəsi və
folklor" adlı oçerk-uvertürası belə
bir nəticə ilə başa çatır ki, folklor dövlətçiliyi
ideallaşdırır. "Milli mədəniyyət mücadiləsinin
ibrət dərsləri"
mövzusuna həsr olunmuş ikinci oçerk ideya-məzmunca birincinin davamı olub, XIX əsrin əvvəllərindən XX əsrin 30-cu illərinə
qədərki
etnik özünüdərk
(və milli özünütəsdiq) dövrlərində
folklorşünaslıq araşdırmalarının
ictimai şüura təsirinin hüdudlarını
müəyyən edir.
Əmin Abiddən bəhs edən "Unudulmaz ədəbiyyatşünasın
unudulması", eləcə
də "Məmmədhüseyn
Təhmasib və folklorumuzun ağrılı
nöqtələri" də, prinsip etibarilə həmin mövzunu davam etdirir ki, bu yazılarda müəllifin
ölkədə folklorşünas
araşdırmalarına rəhbərlik
missiyasından irəli
gələn alim-vətəndaş
məsuliyyəti (və
cavabdehliyi!)
dərindən əks
olunur.
"Şifahi və yazılı ədəbiyyatımızda
demonizm", "Dədə
Qorqud" boylarında
bəzi qaranlıq məqamlar" və
"Nizami qəhrəmanlarının
dialoji mahiyyəti"
oçerkləri müəllifin
elmi-akademik marağının
yeni səviyyələrə yüksəldiyini, yeni axtarış
üfüqlərinə çıxdığını
sübut edirsə,
"Dilimiz, nitqimiz və qayğılarımız"
məqaləsi ədəbi
dillə bağlı ziyalı rahatsızlığının
ifadəsidir.
Kamal
Abdulla ilə Rafiq Əliyevin
2022-ci ildə "Kitabi-Dədə
Qorqud" və qeyri-səlis məntiq"
mövzusunda birgə dialoq-yazıları, doğrudan
da, L.Zadə məntiqinin
bir sıra digər elm sahələri
kimi, ədəbiyyatşünaslığa
da tətbiqini stimullaşdırdı.
Və həmin yazıların müzakirələrində
fəal iştirak edən Muxtar Kazımoğlu öz tədqiqatlarına L.Zadə məntiqinin gözü ilə baxmağa ehtiyac duyaraq "Epos qəhrəmanlarında
qeyri-səlislik" (2023) monoqrafiyasını
ərsəyə gətirdi.
Kamal Abdulla ilə Rafiq Əliyevin
"Kitabi-Dədə Qorqud"
və qeyri-səlis məntiq" (2023) kitabından sonra bu əsər, heç şübhəsiz,
L.Zadə məntiqinin
Azərbaycan
eposundakı təzahürünü
adekvat (və zəngin) nümunələrlə
ortaya çıxaran ikinci ən uğurlu araşdırmadır.
Əlbəttə, Muxtar Kazımoğlunun
görkəmli ədəbiyyatşünas
olaraq elmi-nəzəri düşüncələrinə
geniş miqyas verən bir də odur ki, şifahi ədəbiyyatla
yazılı ədəbiyyatı
bütün yaradıcılığı
boyu vəhdətdə
almış, milli ədəbiyyatımızın
hər iki qolunu qarşılıqlı əlaqədə
tədqiq etmiş, bu əlaqələrin (və vəhdətin) tarixi təkamüldə həm şifahi, həm də yazılı ədəbiyyatın məhz
özünəməxsusluqları zəminində təzahürü
prinsipindən çıxış
etmişdir.
"Özünəməxsusluq" prinsipindən çıxış
etmək Muxtar Kazımoğlunun bu il çap olunan "Şifahi sənət və yazılı ədəbiyyat" kitabında
da aparıcı xətt
və ideya istiqamətidir.
Yeni kitabı ilə Muxtar Kazımoğlu folklor və yazılı ədəbiyyatın
ən mürəkkəb
məsələlərinin öyrənilməsi
sahəsində xüsusi
Söz sahibi olduğuna öz oxucularını bir daha inandıra bilir.
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.8-9.