İşığa inanmaq: yazıçının
çıxış yolu, yoxsa
üslub planı
Zemfira Məhərrəmli nəsrimizdə
daha çox Qarabağ ağrılarına
və qadın talelərinə həssaslığı
ilə seçilən
yazıçı obrazı
ilə xarakterizə olunur. Əslində, yazıçının mətnləri
müxtəlif mövzuları,
zaman və məkan hüdudlarını çevrələsə
də hədəfdəki
təsvir predmeti dəyişməzdir: mühitin,
məişətin, müharibənin
şırım açdığı
insan taleləri, insan həyatları, ən çətin situasiyada, çıxılmazlıqda
belə şəxsiyyət
və xarakterin dönməzliyi məsələləri!
Zemfira Məhərrəmlinin hekayələrini
iki sözlə xarakterizə etməli olsaq, belə demək olar: işıqlı və qanadlı hekayələr!
Əsərləri işıqla
doludur, həyata, dünyaya, insanlara, hər cür çətinliklərə qarşı.
Bir də kolorit! Dilin rəvanlığı,
axıcılığı var hekayələrində. Son çap
olunan "Çox kiçikdir bu dünya" hekayələr
toplusu ümumən, Zemfira Məhərrəmlinin
yazıçı kimi
fəaliyyətini, mövzu
və ideya axtarışlarını uğurla
simvolizə eləyən
kitabdır. Burada müəllifin ailə-məişət
problemlərindən zəmin
alan hekayələri də yer alıb,
yaradıcı tərcümeyi-halının
əsas hissəsini təşkil edən Qarabağ hekayətləri
də, eyni zamanda uşaqlar üçün yazdığı
hekayələr də!
Yeri gəlmişkən,
Zemfira Məhərrəmlinin
böyüklər üçün
yazdığı hekayələri
oxuyarkən, onun uşaq hekayələrində
artıq uğurlu olacağı qənaəti
əvvəlcədən oxucuya
bəlli olur. Çünki uşaqlar üçün yazmaq işıqlı, sevgi dolu bir ürək
istəyir. Zemfira Məhərrəmlinin hekayələri
isə qeyd etdiyim kimi, isti
və işıqlı
dünyanın mozaikası
kimidirlər.
Yazıçının hekayələrində
diqqət çəkən
əsas məqam adi hadisələr, kiçik konfliktlər içrə psixoloji vəziyyətləri göstərmək
imkanlarıdır. Məsələn,
onun "Günahlardan
arındığı gecə"
hekayəsində qüvvətli
bir psixologizm var. Bacısı Əsməri
istəyən Həsəni
bıçaqlayıb məhbəsə
düşən Qaraş
özünə söz
verir ki, çıxandan
sonra Həsəni də, sonradan ona qoşulub qaçan bacısını
da öldürüb yenidən
türməyə qayıtsın.
Hekayənin fabulası şəxsi
ədavətin, kişilik
kultunun, qisas yanğısının insana
təsiri məsələsini
önə çəkir.
Bəs bu iç təbəddülatlarına,
şər başlanğıcına
üstün gəlmək
mümkün deyilmi? Xeyirin funksionnalığını
irəli çəkmək
olmazmı? Hekayə bunun həlli üzərində qurulub. Mətnin mündəricəsi
cinayətdən başlanan
mənəvi-psixoloji çabalamalarda
davam tapır. Zemfira Məhərrəmli
qəhrəmanını daha
bir günahın bir addımlığına
gətirib həyat və "mən" müstəvisində yozumlar
arayır.
Qaraşın məqsədinə çevrilən
bu amalın, "öldürmək!" qərarının
qarşısını yazıçı
uşaq səsləri,
onların şən,
şaqraq gülüşləri,
xoşbəxt ailə
tablosu ilə kəsir. Bacısının
evinə gələn Qaraş pəncərədən
gördüyü mənzərəni
izlədikcə istəyini
reallaşdıra bilməyəcəyini
anlayır. "Günahlardan
arındığı gecə"
hekayəsində kompozisiyanın
önünə çəkilən
Qaraş obrazı ilə yazıçı kişilik, qürur, qisas məsələlərinin
dərin, psixoloji-dramatik
məqamları üzərində
düşündürür. Uşaq səsləri işığın və
xilas motivinin, Segah muğamı durulmanın, yağış
katarsis prosesinin bədii aktı kimi mənalanır. İnsan bir yerdən başlamaq, keçmişindən silkinib
ayrılmaq, yeni həyata
adlamaq istəyir. Uşaq qəhqəhələrini
eşidən Qaraş
anlayır ki, onun bu sevinci pozmağa
haqqı yoxdur. Müəllif Qaraşın
bacısının evindən
uzaqlaşmağın həyəcanını
bütün çalarları
ilə ifadə eləyir, onun ruhsal-mənəvi ağrılarını,
əzablı müqavimətini
hekayə boyu davam etdirir.: "...Qaraş tiyəsində adı yazılmış zəhmli bıçağı ? həbsxana yadigarını cibindən
çıxarıb zərblə
pəncərənin taxta
çərçivəsinə sancdı və gəldiyi yolla da geri qayıtdı. Bayaq üstündən bir göz qırpımında
aşdığı hasarı
indi çox çətinliklə adlaya
bildi. Yerişini itirmişdi, gah ayağı
sürüşür, yıxılır,
gah da xırda gölməçələrə
girirdi. İçinə
su dolmuş ayaqqabıları ona ağırlıq edirdi. Mağazanın yanından ? vaxtilə Həsənlə haqq-hesab
çəkdiyi yerdən
keçib magistral yola
çıxdı. Addımlarını
yeyinlətdi və birdən var gücüylə
qaçmağa başladı.
Yol boyu qaça-qaça yağmurdan
islanmış pencəyini,
sonra köynəyini çıxarıb atdı.
O qaçdıqca qaçır,
uzaqlaşdıqca sürətini
artırırdı. Sanki suçundan,
yanlışlarından, mənhus
yaşantılarından qaçıb
qurtulmaq istəyirdi. Gecənin sükutunu pozan güclü yağış Qaraşın
qurşaqdan yuxarı çılpaq bədəninə
çiləndikcə canında
bir rahatlıq duyur, suyun aydınlığından
sanki arınıb-durulurdu"...
Zemfira Məhərrəmli Qarabağ
hekayətlərində son otuz
ilin müharibə ağrılarını yaşamış
insanların həyatının
dramatik situasiyalarını
nəsrə gətirir,
qəhrəmanların ömür
yolunu 90-cı illər
gerçəkliyinin - dövrün
paradoksları və xaotik məzmunu ilə iç-içə
təsvir etməyə
çalışır. Bu təsvirlərin
özü də müxtəlif rakurslu mövzuları içinə
almaqla bir neçə istiqamətə
şaxələnir. Xalqın
yüz illərdir qoruyub saxladığı dəyərlər, iffət
məsələləri, mərd,
qürurlu kimlikləri!
Məsələn, "Qırxqızın
qırxbirincisi" povestində
süjet trayektoriyası
qəhrəmanın olduğu
bütün yollarda məhz, bu dəyərlərin
istiqamətini cızır.
Ümumiyyətlə, povestin
ümumi ruhu, ritmi, düşüncə
sırası qürur
simvolikasına tabedir:
qəhrəmanlar ən
çətin sınaq
məqamlarında, erməni
məkri, təcavüzü
ilə göz-gözə
qaldıqda belə yurdun namusunu diri saxlamağı bacarırlar. Povestdə ümummilli eyforiya dövrü olan 1990-cı
illər prosesləri,
həmin dövrə xas səciyyəvi görüntülər - arxa
və ön cəbhədə yaşanan
gərginliklər, həm
siyasi-ictimai, həm də psixoloji çalarları ilə təsvirini tapmışdır.
Müəllif mətndə
bir-birini əvəz edən tarixi məqamların insan talelərinin yaşantısında
doğurduğu gərgin
emosiyaları hiss edərək
bədii təcəssümün
predmetinə çevirir.
Laçın dağlarında
döyüşlər, qız-gəlinlərinin
ölümü belə
gözə alaraq atıldıqları savaş
ruhu, müəllim adını uca tutub öz peşələrinin
fədailərinə çevrilmək
hünəri, müharibə
zülmlərinin balacaların
dünyasında ömürlük
öz qoyduğu yaralar, həmçinin
90-cı illər Bakısının
həqiqətinə açılan
sərt mənzərələr,
hər yaşanılan,
baş verən məqamların öz boyasında təsbiti və s., və i. Yazıçı bir kəndin, ailənin, fərdin aqibətinə əsaslanıb,
həmin yaşantıları
öz təhkiyəsində
ipə-sapa düzüb
süjet xətti yaradır. Həm də bu suala
cavab tapmağa çalışaraq: "axı,
bizim günahımız
nəydi?!"
Bu suallar Qarabağ hekayətlərinin hər
birində qoyulur və əslində, otuz il haqsız yerə zülmə, vəhşətə məruz
qalmış xalqın
iç səsi kimi modelləşir: "Sevgimi neylədin, Daşaltı dərəsi?",
"Salatın haqqında
ballada", "Məzarda
qovuşanlar", "Əbədiyyət
nəğməsi", "Sonuncu savaş", "Oğul dağı" və s. Əksər mətnlərində müəllifin
mürəkkəb və
fəci hadisələrin
səbəblərini, köklərini
göstərməyə cəhd
var, hansısa amal və mübarizə əzmi uğrunda insanların savaş ruhunun şəkli var və bir də
sozalmayan ümid işığı! "Şuşanı
aldıq, Şuşa azaddır!" - bu silsilədən yer alan sonuncu hekayəyə
qədər müəllif
ümid işığını
ölməyə qoymur.
Zemfira Məhərrəmli günümüzün
mətnlərini yazmağa
çalışır. Diqqət
eləsək, görmək
çətin olmur, kitabda otuz illik
bir dönəmin yaşantılarından tutmuş
qələbə reallığına,
pandemiya çətinliklərindən
tutmuş ailə-məişət
zəminində problem ola biləcək
ən kişik nüansa belə həssaslıqla vurğu salmaq meyli var. Müəllif baş verən hadisələri demək olar ki, ardıcıllıqla çatdırmağa
çalışır. Bu, müstəqillik dövrünün
Azərbaycan modelidir! İtkiləri və qazancları, faciələri
və zəfərləri
ilə birlikdə! Hər şey onun obrazına müvafiqdir. 90-cı illərin
xaotik proseslərindən
yol alan hər şey bu obrazın - Azərbaycan obrazının
mürəkkəbliyində qapanır, qatılaşır,
nəhayət, zəfərlə
çıxdığımız reallıqda yeni məcraya qovuşur, dirilik və nüfuz tapır.
Zemfira Məhərrəmlinin qələminin
təmkinli üslubu sayəsində böyük
epoxal dəyişiklərlə
müşayiət olunan
dönəmin proseslərini
addımbaddım izləmək
oxucuda nostalji hisslər doğurur. Düzdür, etiraf edək ki, bəzən açıq publisistik qabartmalar hekayələrdə
dominantlıq təşkil
edir, müəllifin təhkiyəsində toxtaqlıq
emosionallıqla əvəzlənir,
prozaik dillə edilən təsvirlər zəifləyir. Bu, bəlkə
də yazıçının
özünün hadisələrə
qadınca yanaşmasından
doğan amildir ki, daha hissi, daha
ruhsal yanaşmanı qaçılmaz edir. Bu mənada, bütün hekayələrin içində
dolaşan müəllif
obrazını da sezməmək
mümkün deyil.
Sanki müəllif kitabdakı
əksər hekayələri
əvvəldən sonadək
baş qəhrəmanın
- özünün düşüncələrindən,
yaşantılarından, xatirə
və gerçəkliyindən
qurur. Uşaq hekayələrində belə
bu belədir. Yazıçı müşahidə
etdiyi maraqlı hadisələri, daha çox ideya-tərbiyəvi
əhəmiyyəti olan
məsələləri balacalar
üçün yazıb
prozanın predmetinə
çevirməyə çalışır.
Ümumiyyətlə, Zemfira
Məhərrəmlinin nəsrində
canlılıq, təəssürata
əsaslanaraq yazmaq yaxşı alınır.
Onda həyat yaşantılarını prozaik
detallara keçirə
bilən, adicə nüansı canlı əhvalatlar şəbəkəsinə
qoşmağı bacaran
nasir səriştəsi
var. Hekayə boyu koloritli dil, sərrast müşahidələr,
incə mənalandırmalar,
canlı detallar onları daha oxunaqlı edir. Sözlər ifadə tərzinin yatımlılığı
baxımından diqqət
çəkir. Eyni zamanda, təbiət amili bu hekayələrdə
hadisələrin şəbəkəsinə
uğurla bağlanır,
insan ömrünün
metafizikasında məna
çevrəsi yaradan
əsas obraz səciyyəsi daşıyır,
qəhrəmanın ovqatına
uyğun işarə olaraq semantikləşir:
"Qadın pəncərədən
küçəyə boylandı.
Alatoran çəkilir,
qaranlıq düşür,
gecənin zülmət
pərdəsi şəhərin
başı üstünü
alırdı. Cövlan
edən payız öz hökmünü verməkdə, sözünü
deməkdəydi. Saralıb
yerə tökülən
xəzəllər küçədəki
işıq dirəklərindən
asılmış lampaların
şöləsində cazibədar
görünür, kəhrəba
butalı, qızılı
xalçanı xatırladırdı.
Dumanlı, çiskinli
hava qadının tutqun əhvalı, pərişan halətiylə
həmahəng idi. İstədi bu şərqovuşan vaxtda
hara gedəcəyini soruşsun.
Amma fikrindən vaz keçdi. "Onsuz da, geri qayıdan deyil," - deyə düşündü" ("Sənə yanan varsa" hekayəsi)".
Zemfira Məhərrəmlinin hekayələrində
maraqlı olan digər məqam müəllifin etnoqrafik üsluba meyilliyidir. Yazıçı təsvir
etdiyi bir çox məkanların etnoqrafik təsvirini verməyə çalşır.
Məkanların obrazını,
adət-ənənəsini, mental özəlliklərini hekayələrin
içinə məharətlə
köçürür. Bəzən
keçmiş bu mətnlərdə tarixləşir,
Qarabağdakı yurd yerlərimiz ecaz daşıyıcısına çevrilir,
Bakı etno mədəniyət kultu kimi təsvir olunur.
Əlbəttə, "Çox kiçikdir
bu dünya..." kitabındakı mətnlərdə
çatışmazlıqlar da yox deyil. Bəzi
məqamlarda, janr materialının müəyyən
fraqmentlərində bədiilik
çatışmır, çılpaq
təsvir mövqeyi qabarıqlaşır. Bəzi
hallarda prozaik qələmin yazdıqları
danışır, bəzi
hallarda isə nəsr mexanizmi yetərincə işləmir,
sanki prozaik ifadənin gücü azalır, publisistik münasibət daha önə keçir. O fikirlər ki, onlar obrazın dilində səslənsə, daha koloritli və məzmunlu olardı, əksinə olur, bu halda yazıçının
üslubunda nəql ahəngi əsərdəki
təsvir çalarını
üstələyir. Məsələn,
yazıçı Allahdan,
Tanrıdan danışanda
daim "bütün mövcudatı, varlıqları
yaradan", "yeri-göyü
xəlq eləyən",
"dünyanın ən
böyük həqiqəti"
ifadələrindən mütləq
hansısa birini işlədir. Əslində
bunu özünün təhkiyəsində deyil,
obrazın dilindən versəydi hadisələrin
psixoloji məna siqlətini artırmış
olardı.
Yaxud obrazın təhkiyəsi bəzən inandırmır,
süni və sxematik təsir bağışlayır. Məsələn,
"Yuxunu suya danış" hekayəsində
nəvəsini itirən
ağbirçək Gülnisə
ananın dilindən verilən "Heç gör ağlımız kəsir öz çarhovuzumuza baxaq? Axı, Rəhilə həmişə qızcığaza
qırmızı balıqları
göstərir, uşaq
dili ilə nağıllar danışırdı",
- fikrində "uşaq
dili" ifadəsi yerinə düşmür.
Çünki təşviş
içində, dar macalda olan bir
insan belə ütülü, ibarəli
cümlələr qurmur.
Eləcə də, yazıçının hekayələri
nəql edərkən,
"balaca qəhrəmanımız",
"kiçik qəhrəmanımız"
kimi ifadələrdən
istifadə etməsi doğru deyil. Uşaqlar üçün
hekayələrədə bu
başqa, amma böyüklər üçün
yazılan hekayədə
belə bir "doğmalığa" ehtiyac
yoxdur. Bu sıradan yenə eyni problem, müəllif bəzən
oxucuların yerinə
mühakimə edir, qərar verir, ittihama köklənir. Məsələn, "Səsə
toplaşanlardan kimsə
təcili tibib yardım çağırmaq
istəyirdi. Başqa birisi tez polisə
xəbər vermək
üçün təkid
edirdi. İçəridə
isə üzüqara,
vicdanı ləkəli
bir kişi səsini içinə çəkib bir küncə qısılaraq
arvadının səsini
eşitmişdi. Bu namərd
kişinin adam arasına çıxmağa
üzü yox idi..." ("Qiyamətə
qalmayan qisas"). Nəsrin dili, tələb və ölçüləri başqadır.
Yazıçı nəql
etməkdən çox
təsvirə əsaslanmalıdır.
Qənaəti oxucu özü bu təsvirlərdən hasil
edəcək.
Zemfira Məhərrəmlinin hekayələrindəki
işıqdan nahaqdan bəhs eləmirəm. Çünki əksər
hekayələrində müəllif
underqraunda yönəlir,
həyatın dibində
olan insanların ağır həyatlarına
fokuslanır, sosial-etnoqrafiq
mənzərənin dəqiq
və analitik təsvirini verir: məhbəs həyatı,
kriminal yaşam, içkiyə aludəçilik,
kimsəsizlik, xəyanət,
aldanış və
s. Bəzən isə,
sözün həqiqi
mənasında həyatın
dibində olan insanlar, zəlzələnin
yaratdığı uçqunun
altında qalıb
"nöqtə boyda
həyat işığı"
arayanlar, iki dünya arasında çarpışanlar! Amma bütün
bu psixoloji gərginliklərin içində
çıxılmaz olan
heç nə yoxdur, hansısa gizli bir əl,
gizli bir istək, yaşam ruhu hekayələrdəki
ağırlığın içində işıqlı
fonu təşkil edir: "...vaxt, zaman məfhumunu itirmişdi. İtirilməyən isə
təkcə Ümid idi. Axıradək çarpışan, sonadək
duruş gətirən
Ümid"!
Bütün obrazlar təsvir
olunan gərgin hadisələr, situasiyalar
içində nikbin bir xətti simvolizə eləyir, heç bir situasiyada müvazinətini
itirmirlər. Çeşidli
hadisələr daxilində
nə ahəngini dəyişirlər, nə
də həyata olan ümid işığını. Ziddiyyətli
olan da elə budur! Baxırsan ki, bəhs olunan əksər hekayələrin
məzmun qatında gülüşə, təbəssümə
yer yoxdur, nədən ki, toxunulan mövzulardan Cəlil Məmmədquluzadə demiş
"qan iyi gəlir", yaşadığı
həyat gerçəkləri
ciddi rakursu labüdləşdirir. Bəs
nikbinlik, ümid, işıq bu mətnlərdə necə
təzahür edir?! Müəllifin üslub planında, yazıçı
platformasında! Bu mövqe
yəqin ki, elə yazıçının özünün
çıxış yoludur.
Bütün şəxsi
və milli gərginlikləri,
psixoloji travmaları bu ümidin və işığın
gücü ilə həll etməyə çalışır. Dərdin
kədərini yaşamın
sevinci ilə yenirmişcəsinə! Ədəbiyyatın
qayəsi də elə bu deyilmi?!.
Elnarə AKİMOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.10-11.