İttihamlar
qarşısında Ağaoğlu
"Qospodin Ağayev",
"Agayef", "Ağayev rusdur", "Şiədir..."
Malta
sürgünündən azad olub, Türkiyə Cümhuriyyətinin
quruluşunda iştirak edən Əhməd bəy
Ağaoğlu, demək olar ki, vəfatına qədər bu səpkili
ittihamlara məruz qalıb. Qısqanclıqdan doğan bu
hücumlara qarşı Ağaoğlu bir sıra hallarda sərt
şəkildə cavablar verib, bəzi hallarda isə ona
"ustad" deyən şəxslər sinələrini irəli
verərək müdafiə ediblər. Cəlal Nuri bəyin
"Ağaoğlu adlı şəxs rusdur" ifadəsinə
qarşı Əhməd bəyin "Son Posta" qəzetində
yazdığı məqalə olduqca ibrətamizdir və onun
bu kimi polemikalarda necə cəsur davrandığını
göstərir. Sitat: "Mən Ağaoğlu Əhməd,
anamın və atamın, bütün əcdadımın
damarlarında Türk qanından başqa heç bir
qarışığı olmayan qarabağlı bir türkəm".
Fazil
Əhməd bəylə münaqişə
Türkiyənin
"Vakit" qəzetinin 19 noyabr 1930-cu il tarixli
sayındakı xəbərə görə TBMM dəhlizində
millət vəkili Fazıl Əhməd bəylə
Ağaoğlu arasında münaqişə baş verib, nəticədə
ağır həqarətlər söylənilib.
Ağaoğlunun ifadəsinə görə Fazil Əhməd bəy
ona bu şəkildə ağır ifadə istifadə edib:
"Bu məmləkətdə sənə edilən hörmət
bir sədəqə qabilindəndir. Bunu sui-istimal etməyinə
müsaidə etmərik". Buna qarşılıq olaraq
Əhməd bəy ona belə cavab verib: "Sən kimsən
ki, sənin kimilərin hörmətindən müstəğniyəm
[ehtiyacım yoxdur], çəkil burdan". Həmin gün
çıxan "Milliyet" qəzeti isə
Ağaoğlunun bu ifadələrini də dərc edib: "Mən
burada - Ankarada, çamurlar içərisində məmləkətin
iztirabı ilə qəlbim müəllim olaraq
çalışdığım zaman sən Əli Kamalın
yanında çalışırdın, hər şey
hazırlandıqdan sonra gəlib burada bizlərə hörmət-filan
sözləri söyləyirsən".
Mustafa
Kamal paşanın başlatdığı milli mücadiləyə
qarşı olan Əli Kamalın adamı olmaqda suçlanan
Fazil Əhməd bəy bu cavabdan hirslənərək,
"Milliyet" qəzetinin 25 noyabr 1930-cu il tarixli sayında
Əhməd bəyə sərt şəkildə
açıq məktub ünvanlayıb. O, Əhməd bəyi
iftira atmaqda günahlandırıb və bu ağır cümlələri
istifadə edib: "Siz türk vətəninin yerlisi
olmadığınız üçün bizim milli incəlik
və kübarlığımıza da yad qalmış ola bilərsiniz.
Ancaq içində sığındığınız bu
torpağın haqqınızdakı atıfətinə [şəfqətinə]
hörmət edərək vətəndaşlara yalan və
şənaət [xəbislik] çirkabı atmaq
nankorluğundan çəkinəcək qədər olsun nəzakət
göstərin. Mən ruh və xilqət qardaşınız
Əli Kamal bəylə bir tək dəqiqə belə
çalışmadım. Hətta Əli Kamal bəy maarifdə
təklif etdiyi vəzifələri qəbul etmədiyim, qəzetinə
yazı yazmadığım və özünü həcv
etdiyim üçün mənə küsmüşdü.... Təkrar
edirəm, siz bu torpağın bağrından
çıxmadığınız üçün
atalarımızın yurdumuza bəxş etdiyi milli və
tarixi nəcabət mirasından hissə almamış ola bilərsiniz...
İçində bu qədər il qalmış
olmağınıza rəğmən əsl mahiyyətindən
Türk vətəninin bir xüsusiyyəti daha vardır. Bunu
da sizə yenə bəndəniz öyrətsin: Ən göstərişsiz
və gurultusuz mənşədən dəxi gəlmiş
olsa, Türkiyənin hər öz övladı Ağaoğlu
deyil, əfəndi çocuğudur".
Fazil
Əhməd bəyin Ağaoğlunun mövcud Türkiyə
Cümhuriyyəti torpaqlarına kənardan gəlməsini
yazması, onu yad hesab etməsi bədxahlarının ən
birinci əl atdıqları yol olub. Təəssüf ki,
Ağaoğlu bu "sığıntı" məsələsini
sonradan ən ali rəhbərdən - birbaşa Atatürkün
özündən eşidəcəkdi. Elə o an öyrənəcəkdik
ki, indiyə qədər bu mövzuda edilən ittihamlar onu qəlbən
yaralamamışdı, amma paşa həzrətlərinin
söyləməsi onun üçün ən ağır
hadisə olmuşdu.
Atatürkün
əmri ilə qurulan Sərbəst Cümhuriyyət Firqəsində
onun göstərişi ilə yer alan Ağaoğlunun bu
müxlifət macərasından sonra ittihamların mərkəzinə
gəlməsi təbii idi. Çünki SCF-nin ləğvi ilə
Ağaoğluna qarşı olan qüvvələr səfərbər
olmuş, firqənin sədri Əli Fəthi bəylə birgə
mətbuatda xeyli karikaturası da çəkilmişdi.
Fəqət
siyasət və döyüş meydanında heç vaxt geriyə
çəkilməyən Ağaoğlu qarşısında həm
elmi, həm də siyasi fəaliyyəti yetərsiz qalanlar onun
kənardan - Rusiyadan gəldiyinə dair davamlı işarələr
ediblər. Hətta uzun illər sonra oğlu Səməd bəy
siyasətdə uğur qazandığı dövrdə Falih
Rıfkı Atay kimi şəxslər ona qarşı hücum
edən zaman atası haqqında bu ittihamları yenidən qəzet
səhifələrinə daşımışdılar. Eyni səpkili
hücumlara məruz qalan Əli bəy Hüseynzadə də
bu qədəri yaşamış, istər İstiqlal məhkəməsində,
istərsə də digər dönəmlərdə bu
ittihamlara sinə gərməli olmuşdu.
Malatyadan
ucalan etiraz
Fazil
Əhməd bəyin Ağaoğluna qarşı bu
ittihamları heç də birmənalı
qarşılanmamışdı. Əhməd bəyin
türklük və Türkiyə uğrunda gördüyü
işləri bilən şəxslər kifayət qədər
idi. Digər tərəfdən, Türkiyə Cümhuriyyətinin
qurulmasında və inkişafında Yusuf Akçura, Sədri
Məqsudi Arsal kimi misaqi-milli xəritəsinin kənarından
gələn şəxslər də yer almışdılar. Nəzərə
alaq ki, Ağaoğlu Malta sürgünündən
qayıtdıqdan sonra İrşad Heyətində yer
almış, milli mücadiləni izah etmək
üçün Trabzona qədər getmiş, orada
mühüm konfranslar vermişdi. Atatürk onu mətbuat və
istixbarat müdiri təyin etmiş, güvənmişdi. Digər
tərəfdən, Türk Ocağının qurulmasında
bilavasitə iştirak etdiyi üçün ocaqçılar
onun yazılarına, gördüyü işlərə yetəri
qədər aşina idilər. Buna görədir ki, Fazil
Əhməd bəyin məktubunda yazdıqlarına ucalan etiraz
da elə Türk Ocağından gəlmişdi.
Malatya
Türk Ocağının ümumi katibi H. Hulki bəy
"Akşam" qəzetinə məktub göndərərək
Ağaoğlunu müdafiə edib, Fazil Əhməd bəyi sərt
şəkildə tənqid edib. Qəzetin 7 dekabr 1930-cu il
tarixli sayında dərc olunan məktubunda Hulki bəy
yazırdı:
"...Fazil
Əhməd bəy Ağaoğlu Əhməd bəyi yad bir məmləkətdən
gəlmiş və Türkiyəyə
sığınmış igrəti [müvəqqəti,
sonradan əlavə] bir adam kimi görür. Bu
görüş mənim və mənim kimi düşünən
yüzlərlə, minlərlə ocaqlının qənaətinə
əsla və əsla uymayan bir şeydir. Siyasi hüdudları
bir millətin iki parçasını bir-birindən tamamilə
ayıran bir mahiyyətdə görür... Halbuki eyni tarixdən
gələn, ana dili olan türkcə danışan, tamamilə
özünü türk sayan bir fərdin onun və bizim
ixtiyarımızın xaricində bir qrup səbəblərlə
başqa hökumətlərin idarəçiliyi altında
qalması onu bizə yad göstərməyə kifayət etməz.
Dünyanın harasında olursa-olsun, hər hansı bir
türkü biz türk olaraq tanıyırıq və
onların səadətini, fəlakətini mənimsəməkdən
bizi mən edəcək heç bir qüvvət
tanımırıq. Ağaoğlu Əhməd bəy kimi
Türk dünyasının müxtəlif köşələrindən
ana vətənin azad bayrağı altına gələn hər
hansı bir türk, mənşəyi istər Misir, istər
Qafqaz, istər Çin və ya Əfqanıstan olsun, o, bizim nəzərimizdə
ana vətənə gələn, öz yurduna qayıdan bir
türkdür. Bizim indiyə qədər milliyyət
haqqında bütün mütəfəkkirlərimizdən və
alimlərimizdən aldığımız tərbiyə və
təlqin Fazil Əhməd bəyin qənaətilə tam bir təzad
halındadır. Ağaoğlu Əhməd bəy kimi Qafqazda
çarlıq idarəçiliyində başlayaraq bu günə
gəlincəyə qədər qəzetçi, müəllim,
müdərris, məbus, daima türk milləti və türk
milliyyəti üçün çalışmış bir
adamı Türk torpağı üzərində bir
sığıntı vəziyyətində görmək ciddən
hər kəsdən daha çox elm və sənət
adamlarımıza yaraşmayan yanlış bir
düşüncədir".
Azərbaycan
türkcəsi məsələsi
Əhməd
bəy haqqında yazılan xatirələrdə müzakirələr
zamanı, hətta dərslərində də onun Azərbaycandakı
türkcədə danışdığı yazılır.
Bu fərqlilik daha çox müsbət anlamda işlədilib,
nadir hallarda bu məsələ əleyhinə hal kimi istifadə
edilib. Lakin Fazil Əhməd bəylə münaqişədə
bu məsələ də qabardılıb. Ona görə də
Hulki bəy geniş məktubunda bu mövzuya da toxunub: "Bu
vəsilə ilə ərz edim ki, istər Fazil Əhməd bəyin
qələmində, istərsə də digər bir çox
mühərrirlərimizdə azəri ləhcəsini bir
yadlıq fəriqəsi [ayıran] kimi göstərmək istəyən
mütaliələrə də təsadüf edirik. Halbuki
Anadolunun qos-qoca bir parçası azəri ləhcəsi ilə
danışır. Bağdadın yetişdirdiyi Füzuli azəri
şivəsiylə danışdığı və
yazdığı kimi Ərzurum başda olmaqla Şərq
vilayətlərimizin bir çoxu indi də azəri şivəsiylə
görüşməkdədir. Nə qəribədir ki,
ocaqlının çox məhəbbətlə, çox
zövqlə dinlədiyi azəri ləhcəsi hətta Fazil
Əhməd bəy kimi ustadlarımıza da yad və soyuq gəlir..."
Nəhayət,
Hulki bəy Fazil Əhməd bəyi öz "silahı"
ilə vurur, onun şəcərəsi ilə bağlı
özünün yazdıqlarını xatırladır:
"...Fazil Əhməd bəy bir misrasında deyir ki,
"Atam tatar, anam çərkəz, demək xalis mələzəm..."
Bunu söyləyən zat tatar bir atadan və çərkəz
bir anadan olmaqla son iddiasına görə Ağaoğlu Əhməd
bəyə "sən yadsan" deyəcək vəziyyətdə
olmamalıdır... Bizim nəzərimizdə Ağaoğlu
Əhməd bəy nə qədər öz vətənindədirsə,
Fazil Əhməd bəy də öz vətənindədir".
Ağaoğlu
adı
Fazil
Əhməd bəy məktubunda Əhməd bəyin
soyadına da qəribə fikirlər ifadə etmişdi. Ona
görə də Hulki bəy bu məsələyə də
toxunub, maraqlı izahlar verib: "Bir də Fazil Əhməd bəyin
məktubunun sonunda "Türkiyənin hər öz
övladı Ağa oğlu deyil, əfəndi
çocuğudur" deyir. Bu cümləni oxuduğum vaxt necə
bir heyrət və təəssürə
düşdüyümü ifadə etməyə acizəm.
"Ağa" təbiri Türk dünyasında və bilxassə
Anadoluda bir əsalət ifadəsidir. Türk ailəsində
kiçik qardaş böyüyünə "ağabəy"
deyir. Bütün böyüklərə
"ağamız" deyərlər. Hindistanın - orada
türklüyün uzun müddətdən bəri zavalına
rəğmən - hələ də "Ağa"
adını daşıyan məruf şəxsiyyətləri
vardır. Ağa xan kimi. "Ağa" o ünvandır ki, hətta
"xan"ın başında gəldiyi vaxt ona
böyüklük verir. Anadolunun hər tərəfində, məsələn,
Adanadakı Ağazadələr kimi, Ağa ünvanı
daşıyan əski ailələrə, xanədanlara təsadüf
olunur. Hətta Yeniçəri ocağının ən
böyük adamı Yeniçəri ağasıdır.
Möhtərəm ustadımdan utanmasam, misalları daha da uzada
bilərəm. Fəqət bu qədəri kafidir".
Hulki bəy
məktub məqaləsinin sonunu bu cümlələrlə
bitirib: "Ağaoğlu Əhməd bəyi bu və ya digər
vəsilə ilə sevməyənlərə təsadüf
oluna bilər. Biz onu türk milliyyətçiliyinə ifa
etdiyi xidmətlər dolayısı ilə minnətdarlıq
hissi ilə sevərik və onu bir ağamız, bir rəhbərimiz
sayarıq..."
Hulki bəyin
bu yazısı bir daha onu göstərir ki, quruluşunda
Əhməd bəyin də bilavasitə iştirak etdiyi
Türk Ocağı yetişdirdiyi şəxslərlə birgə
Türk dünyasını özündə birləşdirən
ən sağlam düşüncə mərkəzi rolunu
oynayıb və indi də bu mövqeyini qorumaqdadır.
Dilqəm
ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.12-13.