Aida İmanquliyevanın elmi irsi
Vilayət Cəfərovun tədqiqatlarında
Azərbaycan elmi Aida xanımın
simasında əsl bir elm fədaisini, Azərbaycan xalqı, sözün tam mənasında,
Tomris ləyaqətli, Nüşabə və Həcər qeyrətli, bütün məqamlarda onun
mənafeyini ləyaqətlə
qoruyan fədakar bir
qızını itirdi. Aida xanım istər
daxildə, istərsə
də xaricdə ən
böyük mövqelərdə işləməyə layiq,
necə
deyərlər, çox
diplomatları susdura
biləcək qüdrətə
malik bir xanım idi. Onun
elmi biliyi
ilə diplomatiyası
bir harmoniya təşkil
edirdi.
Vilayət Cəfərov
Elmdə
iz qoymuş, lakin amansız əcəlin həyatdan vaxtsız
apardığı alimlərin yarımçıq
qalmış tədqiqatlarını və elmi irslərini
qorumaq, hər dövrün vicdanlı ziyalılarının
üzərinə düşən mühüm bir vəzifədir.Vaxtsız vəfat edən alimlərin
elmi irsi çox zaman səssiz qovluqlarda itib yox olur. Onların
fikirləri yalnız çap olunmuş kitab və məqalələrdə
deyil, həm də yazılmamış mətnlərdə -
qeydlərdə, planlarda, natamam əlyazmalarda yaşayır. Bu
irsi toplayıb sistemləşdirmək, sonrakı nəsillərə
ötürmək isə təkcə elmi fəaliyyət deyil,
həm də mənəvi borcdur.
Azərbaycanın görkəmli şərqşünası,
parlaq simalardan biri, professor Aida
İmanquliyeva (1939-1992) həyatdan erkən ayrıldı.
Ömrünün ən məhsuldar çağında
dünyasını dəyişən bu istedadlı şərqşünasın
arxasında zəngin, lakin yarımçıq qalmış
bir elmi irs, davam edən araşdırmalar qaldı. Onun
yazdığı, lakin hələ çap olunmayan məqalələri,
başlanmış, lakin son nöqtəsi qoyulmamış
araşdırmaları öz sahibini gözləyən
düşüncələr kimi elmi aləmin səssiz arxivlərinə
çəkilmişdi.
Bu səssizliyi pozan ilk səs
isə Aida xanım ilə uzun illərlə birlikdə
çalışmış həmkarı, professor Vilayət Cəfərov
oldu. O, təkcə Aida İmanquliyevanın vəfatından dərhal
sonra (23 sentyabr 1992) yazdığı ilk nekroloqla onun elmi və
mənəvi simasını cəmiyyətə
çatdırmadı; həm də onun unudulmaması
üçün yorulmadan çalışan, irsini toplayıb
nəşrə hazırlayan, sistemləşdirən, gələcək
nəsillərə təqdim edən bir yaddaş qoruyucusuna
çevrildi. İlk nekroloqundan tutmuş, geniş elmi
portretinin bərpasına qədər Aida İmanquliyevanın
akademik şəxsiyyətini yaşatmaq üçün dəyərli
addımlar atdı. Onun nəşrə
hazırladığı elmi məqalələr, toplular,
portret-oçerklər, Aida xanımın səsini bu günə
çatdıran əsas vasitələrə
çevrilmişdir. V. Cəfərovun Aida İmanquliyevanın
elmi fəaliyyətindən bəhs edən tədqiqatları dərin
bir mənəvi bağın ifadəsidir.
Vilayət Cəfərov ilk olaraq
Aida İmanquliyevanın "Cübran Xəlil Cübran" sərlövhəli
monoqrafiyası haqqında 1975-ci ilin dekabr ayında "Ədəbiyyat
və incəsənət" qəzetində "Yeni sahə,
ilk qaranquş" resenziya dərc edir. Bu yazı, elmi tənqid və publisistik
üslubun vəhdətində ərsəyə gəlmiş
bir mətndir. Cəfərov bu məqalədə Aida
İmanquliyevanın yeni çap olunmuş "Cübran Xəlil
Cübran" monoqrafiyasını geniş şəkildə təhlil
edir və onun Azərbaycan şərqşünaslıq elminə
gətirdiyi yenilikləri vurğulayır. Məqalədə
Aida xanımın ərəb ədəbiyyatına, xüsusilə
də, Livan mənşəli yazıçı Cübran Xəlilə
verdiyi qiymət diqqət çəkir. Cəfərov qeyd edir
ki, bu monoqrafiya Azərbaycan elmi mühitində ərəb ədəbiyyatının
müasir istiqamətlərinə dair aparılan ilk sistemli
araşdırmalardan biridir. O, İmanquliyevanın yalnız mənbələrə
əsaslanan deyil, həm də ədəbi-estetik təhlilə
söykənən tədqiqat üslubunu yüksək qiymətləndirir.
Bu ilk məqalə, sonrakı
onilliklərdə davam edəcək bir elmi və mənəvi
bağlılığın təməlini qoydu. Vilayət Cəfərov
bu yazısı ilə Aida İmanquliyeva haqqında ilk yazan,
onun tədqiqatlarına mətbuatda ictimai diqqət çəkən
alimlərdən biri oldu. Elə bu səbəbdəndir ki,
"Yeni sahə, ilk qaranquş" yalnız bir məqalə
deyil, həm də iki görkəmli şərqşünas
arasında mənəvi və elmi körpünün ilk
daşlarından biri kimi tarixə düşür.
1992-ci ilin sentyabr ayında
professor Aida İmanquliyevanın vəfatı yalnız Azərbaycan
elmi və şərqşünaslığı
üçün ağır bir itki kimi qarşılandı.
Vilayət Cəfərovun Aida xanımın vəfatına həsr
etdiyi "Ölüm sevinməsin qoy" adlı nekroloq-esse
xarakterli yazısı, həm emosional dərinliyi ilə
seçilir. 1992-ci il 23 sentyabr tarixində "Ədəbiyyat
və incəsənət" qəzetində dərc olunan bu
yazı V.Cəfərovun Aida xanımın şəxsiyyətinə
və elmi irsinə nə qədər dəyər verdiyini
nümayiş etdirir. O, yazısında Aida xanımın təkcə
alim kimi deyil, həm də insani keyfiyyətləri ilə necə
örnək bir şəxsiyyət olduğunu
vurğulayır. "Ölüm sevinməsin qoy" ifadəsi
Cəfərovun hiss və düşüncə
dünyasını, onun əqidəli bir məsləkdaşı,
elmi fikrə sadiq qalan bir ziyalı olduğunu göstərən
poetik və simvolik bir şüar kimi səslənir.
2000-ci illərin əvvəllərində,
Aida İmanquliyeva haqqında xatirə və bioqrafik
yazıların toplanıb nəşr olunmağa
başladığı dövrdə də Vilayət Cəfərov
bu missiyanın önündə dayanır. Onun "Ədəbiyyat
qəzeti"ndə nəşr olunan "Əsl elm xadimi"
(2002) və "Respublika" qəzetindəki "Yeri
görünən alim" (2003) yazıları bu kontekstdə
xüsusi önəm daşıyır. Bu yazılarda müəllif
Aida xanımın elmi irsini, idarəçilik
bacarığını təhlil edir.
"Əsl elm xadimi" yazısında V.Cəfərov,
Aida İmanquliyevanın elmi məsuliyyət və ciddiyyət
anlayışını Azərbaycan şərqşünaslıq
ənənələri fonunda təhlil edərək, onun tədqiqatlarının
milli elmin inkişafında rolu barədə dərin
müşahidələr irəli sürür. "Yeri
görünən alim" məqaləsində isə müəllif
Aida xanımın fiziki yoxluğunun elmi və mənəvi
mühitdə yaratdığı boşluğa diqqət
çəkir - lakin bu boşluğun onun qoyduğu irs və
yaratdığı məktəblə doldurduğunu
vurğulayır. Bu yazılar yalnız nekroloji mətnlər
deyil, Aida İmanquliyevanın simasında Azərbaycan elminin mənəvi
dayaq sütunlarını tanıdan, onun irsinin
davamlılığını göstərən təhlil
materiallarıdır.
2000-ci illərin əvvəllərində
Aida İmanquliyevanın həyat və fəaliyyətinə
dair nəşr olunan xatirə kitabları, onun şəxsiyyəti
və elmi irsi barədə məlumatları daha geniş
auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət
daşıyır. Bu nəşrlər içərisində
professor Nərgiz Paşayevanın tərtib etdiyi "Dünya
deyilən sənmişsən... Aida İmanquliyeva" adlı
xatirə toplusu xüsusi yer tutur. Bu kitabda Aida xanımı
tanımış və onunla birgə işləmiş
ziyalıların xatirələri toplanıb və bu xatirələr
içərisində Vilayət Cəfərovun yazıları
seçilən məqamlarla yadda qalır.
Cəfərov bu kitabda iki məqalə ilə təmsil olunmuşdur:
"Aida xanım haqqında xatirələrim" və
"Aida xanımı xatırlarkən". Hər iki yazı
həm fərdi hisslərin, həm də ictimai yaddaşın
daşıyıcısı kimi çıxış edir.
"Aida xanım haqqında xatirələrim" adlı məqaləsində
müəllif, onunla uzun illər birgə
çalışdığı dövrdə formalaşan təəssüratlarını,
sadəliyi və zəhmətkeşliyi ilə seçilən
Aida xanım obrazını təqdim edir. Bu yazıda Aida
xanımın bir alim və rəhbər kimi yanaşması ilə
yanaşı, insanlara münasibətdə nə qədər
zərif, anlayışlı bir şəxsiyyət olduğu
vurğulanır.
"Ədəbiyyat qəzeti"ndə
dərc olunan
"Xatirələr kitabı" (2002) və "Aida
xanımı xatırlarkən" (2002) adlı məqalələr
də bu mənbələrlə birbaşa bağlıdır.
Cəfərov bu yazılarda xatirə janrının
imkanlarından istifadə edərək Aida xanımın şəxsiyyətini
həm kollektiv yaddaş, həm də milli elm kontekstində təqdim
etməyə çalışır. Onun xatirə
yazıları yalnız keçmişin nostaljisi deyil, eyni
zamanda gələcək nəsillər üçün
örnək portretlərin yaradılmasına xidmət edir. Bu
yazılarda Cəfərovun təhkiyə tərzi,
yazının emosional yükü ilə analitik
baxışın vəhdəti Aida xanımın şəxsiyyətini
oxucuya səmimi və inandırıcı şəkildə təqdim
edir. Bu yanaşma Cəfərovun yazılarında bədii
publisistikanın güclü elementləri ilə elmi
bioqrafiyanın bir araya gəldiyini göstərir.
Xatirə
ədəbiyyatı çərçivəsində
yazılmış bu yazılar Vilayət
Cəfərovun yalnız tədqiqatçı deyil, eyni zamanda
zamanın ictimai-mədəni mənzərəsini ifadə edən
ədəbiyyatşünas kimi də öz sözünü
deməsi baxımından dəyərlidir. Onun bu
yazıları Aida İmanquliyevanın həyatını
anlamaq istəyən hər bir oxucu üçün həm səmimi,
həm də etibarlı bir qaynaqdır.
Vilayət Cəfərovun Aida İmanquliyeva
ilə bağlı fəaliyyətinin ən mühüm
istiqamətlərindən biri onun zəngin elmi irsinin sistemli
şəkildə araşdırılması və gələcək
nəsillərə çatdırılmasıdır. Bu məqsədlə
yazdığı "Aida İmanquliyevanın məqalə
yaradıcılığı barədə" (2009) və
"Aida İmanquliyevanın məqalələri" (2009)
adlı yazılarında Cəfərov, alimin 1960-90-cı illər
ərzində ərsəyə gətirdiyi elmi məqalələri
ideya və məzmun baxımından təhlil etmiş,
onların elmi yenilik dəyərini, tədqiqat üsul və
metodlarını sistemləşdirmişdir. O, bu yazılarda
Aida xanımın ədəbiyyatşünaslıqda tətbiq
etdiyi analitik metodları, Şərq və Qərb ədəbi-fəlsəfi
kontekstində qurduğu paralelləri və ərəb ədəbiyyatına
verdiyi qiymətləri yüksək peşəkarlıqla araşdırır.
Vilayət Cəfərovun Aida İmanquliyeva
irsinin yaşadılması və elmi dövriyyəyə daxil
edilməsi istiqamətində fəaliyyətinin mühüm
sahələrindən biri də onun tərtibçilik və nəşr
işlərindəki fəallığıdır. Bu fəaliyyət,
təkcə İmanquliyevanın yazılı mirasının
qorunması deyil, həm də yeni nəslin bu irslə
tanış olmasına xidmət edir.
Bu baxımdan, 2010-cu ildə
Cəfərovun tərtibçi, Ön söz müəllifi və
şərhçi kimi iştirak etdiyi "Məqalələr
və Tərcümələr" toplusu xüsusi əhəmiyyət
daşıyır. Kitabda Aida İmanquliyevanın
1960-1990-cı illərdə ərəb ədəbiyyatına
dair yazdığı elmi məqalələr və ərəb
dilindən etdiyi hekayə tərcümələri
toplanmışdır. Vilayət Cəfərov bu nəşrdə
yalnız tərtibçi kimi çıxış etməmiş,
həm də geniş Ön söz və elmi şərhlərlə
Aida xanımın tədqiqat üsulunu və tərcüməçilik
metodunu oxucuya təqdim etmişdir. Kitabda yer alan elmi-praktik
şərhlər, tərcümələrin
kontekstuallığı və elmi aparatın dəqiqliyi Aida
İmanquliyevanın tədqiqatçılıq üslubunu və
elmi dərinliyini daha da aydın şəkildə üzə
çıxarır. Cəfərov Aida xanımın əsərlərini
nəşrə hazırlayarkən yalnız müəllifin
yazdıqlarını deyil, onun elmi mövqeyinin arxa
planındakı nəzəri-metodoloji konsepsiyaları da
açmağa çalışır. Bu isə Aida
xanımın təkcə ərəb ədəbiyyatının
yox, həm də Azərbaycan ədəbiyyatşünaslığının
müasir istiqamətlərində rolunu göstərmək
baxımından mühüm əhəmiyyət kəsb edir.
V.Cəfərovun bu istiqamətdəki
digər bir yazısı olan "Professor
Aida İmanquliyevanın tərcüməçilik fəaliyyəti
haqqında" (2014) məqaləsində isə o, Aida
xanımın tərcümə etdiyi ədəbiyyat nümunələrinin
milli təfəkkürə təsirini, ərəb nəsrinin
və poeziyasının Azərbaycan mühitində
tanıdılmasındakı rolunu təhlil edir. Bu yazı, həm
də onun İraq ədəbiyyatına xüsusi diqqət
ayırdığını göstərir.
2015-ci ildə "525-ci qəzet"də
dərc olunan "Mixail Nüaymə poeziyası Azərbaycan
dilində" adlı yazısında Vilayət Cəfərov,
Aida xanımın görkəmli Livan şairinin
yaradıcılığına göstərdiyi marağı və
onun əsərlərini Azərbaycan dilinə tərcüməsini
qiymətləndirir. O, bu tərcümələrin yalnız
linqvistik deyil, həm də estetik tərcümə olduğunu
göstərir.
Nəticə etibarilə, Vilayət
Cəfərovun elmi-publisistik fəaliyyəti
çərçivəsində Aida İmanquliyeva irsinə
verdiyi dəyər, bu mirasın yeni nəslə
ötürülməsi və Azərbaycan elmi
yaddaşında qorunub-saxlanması baxımından əvəzsizdir.
Onun bu işləri Aida xanımın yalnız elmi deyil, həm
də mənəvi varlığını yaşatmaq
missiyasının tərkib hissəsidir.
Vüsalə
MUSALI
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.14-15.