Bildunqsroman nədir,
bizdə belə romanlar varmı?-
Heç
şübhəsiz, "Tərbiyəvi
roman" adı ədəbiyyatşünaslığımıza
yad deyildir. Başqa cür isə belə deməliyik: -
"Bildunqsroman".
Bizdə
ayrı-ayrı romanlarda
və hekayələrdə
bildunqsroman işartıları
var, fəqət daha çox Qərb ədəbiyyatı forması
olan bu roman formasına bütövlükdə
rast gəlinmir.
Bildunqsroman alman sözü olub
"formalaşdırıcı roman" deməkdir. Almaniyada XVIII əsrin ikinci yarısında ortaya çıxıb. XIX əsrdə
isə bu roman forması başqa cür - "Təhsil romanı" adlanıb. Müxtəlif cür xarakterizə olunan bu roman formasına "Maarifləndirici roman" da demək
mümkündür. Əsrin
iyirminci illərində
ədəbiyyat nəzəriyyəsində
bu cür də deyilib. Hərfi mənalardan kənara çıxsaq, sonda deyiləni əvvəldə deməkdə
fayda var:
"Azərbaycanda "bildunqsroman"
yoxdur.
Bəs işartıları olan hansı əsərləri
demək olar?
Məsələn, Əkrəm Əylislinin
"Bağışla"sını. Daha dəqiq, burada qəhrəmanın keçmişi və yaşadığı cəmiyyət
içində yetkinləşməsi,
onun keçirdiyi daxili sarsıntıları.
O cümlədən, Anarın
"Mən, sən, o
və telefon"unu. Hekayədə gənc bir insanın cəmiyyətlə, ailə
və sevgi ilə bağlı düşüncələrinin dəyişiminin
təsviri verilir. İsmayıl Şıxlının
"Dəli Kür"ü
də bu işartılara aiddir. Daha dəqiq, burada da Cahandar ağanın həyat yolu və keçdiyi
inkişaf prosesi. Lakin
adıçəkilən və
çəkilməyən digər
bir çox əsərlər də küll halında bildunqsroman deyildir.
Ümumiyyətlə, özümüzküləşdirəsi
olsaq, "özünüinşa"
romanı kimi də xarakterizə edə bilərik. Yaxud da insanın özünü tapmaq hekayəsi.
Əslində, hər insan şifahi şəkildə
də olsa belə, özü barəsində kim olduğunu, nə olacağını, hara, necə,
niyə getdiyini sorğulayır. Sözsüz,
bütün bunlar süjeti ilə yazı formasındadırsa,
o zaman ortaya bildunqsroman
çıxır. Dəqiq
desək, "Bildunqsroman"
romanda şəxsiyyətin
formalaşmasıdır. Bu cür romanlarda qəhrəman ya uşaqlıq dövründən,
ya da elə gənclik zamanından başlayaraq müxtəlif
hadisələr fonunda
müxtəlif çətinliklərlə
üzləşir, onlardan
çıxmağa yol
axtarır, bütün
bunların fonunda da yetkin bir fərd
kimi formalaşır.
Bildunqsromanda hadisələrin mərkəzində
mütləq şəkildə
qəhrəmanın inkişafı
dayanır. Məsələn,
bir obraz yeniyetməlik dövründən
başlayır, roman boyu
müxtəlif mənəvi
eniş-çöküşlər yaşayır, belə demək olarsa, həqiqətə çatır,
ətraf aləmi, dünyanı dərk etməyə çalışır.
Bütün bu məsələlər isə
obrazında hansısa
sınaqlardan keçməsi
ilə olur. Məsələn, formalaşmaqda
olan obraz cəmiyyətdə müxtəlif
problemlər yaşayır,
uyğunlaşa bilmir,
necəsə seçilir
və seçilmək
də ona problemlər yaşadır.
Əsərin sonunda isə qəhrəman mütləq şəkildə
həqiqətə çatır,
yetişkin bir şəxsiyyətə çevrilir,
əvvəlki obrazından
əsər-əlamət qalmır.
Dünya
ədəbiyyatında bu
cür roman nümunələri
çoxdur.
Məsələn, misal olaraq,
"Verterin iztirabları"
- Höte, "Böyük
ümidlər" - Çarlz
Dikkens və başqa romanları misal çəkmək olar.
"Verterin iztirabları" adı da elə bir növ bildunqsromanın
strukturundan xəbər
verir. Romanda Verterin əvvəlcə inkişaf prosesi yox, daha çox
reallığı, dünyanı
başa düşməsi
göstərilir. Təbiətcə
romantik olan Verter, həyatın, hadisələrin ona verdiyi qaydaları qəbul etməkdə çətinlik çəkir.
Verter də cəmiyyətə uyğunlaşmaqda
çətinlik çəkən
obrazdır. Ələlxüsus
da sevgi məsələlərində.
Amma bu romanın sonluğu da klassik bildunqsromanla uyğun gəlmir. Klassik bildunqsromanda obraz sonda yetkinləşməli
olsa da, Verter intiharla həyatına son qoyur. Bu, daha çox "antibildunqsroman"dır
(yəni, inkişaf yox, geriləmə yolu ilə gedən
roman).
Bildunqsroman olsa da, klassik Bildunqsromana uyğun gəlməyən bir bildunqsroman olaraq, həm də Alber Kamünün
"Yad" əsərini misal
göstərmək olar.
O cümlədən, Frans Kafkanın
"Amerika" əsəri. Bu əsərdə Karl Rossmanın
cəmiyyət içində
böyüməsi və
öz yerini tapmağa çalışması
məsələsi, Harper Lii
"Bülbülü öldürmək"
əsərində Skautun
cəmiyyətin ədalətsizliyini
anlamaq və formalaşmaq yolundakı yaşadıqları, Selincerin
"Çovdarlıqda uçurumdan
qoruyan" əsərindəki
Holden Kolfildin yetkinliyə
keçid dövründə
yaşadığı təlatümlər,
cəmiyyətə qarşı
etirazı, üsyanı,
Herman Hessenin "Siddihartha"
əsərində İnsan
ruhunun dərinliklərini
araşdırmaq, psixoloji
məqamları bu
roman formasına misaldır.
Mark Tvenin "Heklberi Finnin macəraları"
romanında Finnin cəmiyyətin qoyduğu
sərhədləri aşması,
azadlığa can atması,
özünü axtarması
kimi onlarla nüumunələr gətirmək
olar. Yaxud da Cek Londonun "Martin İden"
əsəri. Martin İden
romanın əvvəllərində
savadsız, kobud və fiziki əməkdən başqa
bir şey bilməyən sadə bir dənizçidir. Lakin
o, zamanla intellektual cəhətdən inkişaf
etməyə, yazıçı
olmağa can atır.
Martin öz təbəqəsini
tərk edib intellektual burjuaziya səviyyəsinə qalxmağa
çalışır. Ancaq
burada da yeni cəmiyyətə
uyğunlaşa bilmir və nə doğulduğu sinfə, nə də yüksəlmək istədiyi
sosial təbəqəyə
tam aid ola bilmir. Martin yazıçı
olmaq üçün
böyük çətinliklər
çəkir, yoxsulluq
və cəmiyyətin
etinasızlığı ilə
qarşılaşır. Həyat
ona öyrədir ki, uğur təkcə zəhmət deyil, həm də sosial əlaqələr və təsadüflərlə
bağlıdır. Təhlil
ediriksə, bu, birmənalı şəkildə
bildunqsromandır.
Daha konkret, bir əsərin
bildunqsroman olması üçün gözlənilməli
olan şərtlər
bunlardır:
Qəhrəmanın daxili inkişafı, çətinliklərlə
üzləşmə, axtarış
və çətinlik,
inkişafın mərhələləri,
ədəbi baxımdan
simvolik yol.
Açıq danışmaq lazımdırsa,
Azərbaycanda bu roman növünün hələlik
tam formalaşmamağının səbəbi məlum deyil. Bəlkə bir çox müəlliflərimiz bu strukturdan xəbərdar deyil? Üstəlik, bildunqsroman strukturu elədir ki, onun avtofikşın olmaması
üçün arada
incə bir bağ var. Nəhayət, klassik ədəbiyyatımızda
bildunqsroman izlərindən
danışacayıqsa, burada
ilk növbədə, Cəlil
Məmmədquluzadəni, daha
dəqiq, onun bəzi əsərlərində
obrazların cəmiyyətlə
olan qarşıdurmalarını
da misal gətirmək
olar.
Orxan SAFFARİ
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.15.