"Dədə
Qorqud"da xristianlıq
və onun coğrafiyası
(Əvvəli ötən sayımızda)
Dastanda kafərlərin ölülərinə
yemək verdikləri adətlərinin olduğu
da qeyd edilir. Belə ki, "Qazanın dustaq olduğu boy"da Qazanı əsir edib quyuya, ölülərinin
yanına salarkən təkurun arvadı Qazandan orada nə yeyib-içdiyini soruşan zaman Qazan ona belə cavab
verir: "Qazan aydır: "Ölülərinə
aş verdigin vəqt əlləründən
alıram..." Beləliklə,
gördüyümüz kimi,
biz Oğuz dastanından
xristianlar - kafərlər
- düşmənlər haqqında
kifayət qədər
məlumat alır və onların həyatları barədə
maraqlı faktlar öyrənirik. Lakin bizcə,
dastanda öyrənilməsi
vacib olan ən mühim məsələ dastanda təsvir edilən kafərlərin, xristianların
kimlər olması və onların hansı ərazilərdə,
hansı coğrafiyalarda
yaşamalarıdır.
Dastanı diqqətlə oxuduqda
məlum olur ki, dastanda kafərlər dedikdə, xristianlar yada düşəndə, əsasən,
gürcülər nəzərdə
tutulur. Çünki Oğuzlar, Atağuzlu Aruz demişkən, Gürcüstan ağızında
otururlar: "...At ağuzlu
Uruz qoca iki dizinin üstinə
çökdi. Aydır:
"Ağam Qazan, sası dinlü Gürcüstan ağzında
oturarsan, ordun üstinə kimi qorsan?" Bəkil də Oğuzdan çıxarkən Gürcüstan
ağızına gedir:
"Oğuzdan köç
elədi. Bərdəyə,
Gəncəyə varub
vətən tutdı.
Toquz tümən Gürcüstan ağzına
varub qondı".
Sonra Oğuzdan inciyərkən
də "Eli-güni
köçürün. Toquz
tümən Gürcüstana
gedəlim! Oğuza asi oldum, bəllü
bilin!" - deyir.
"Beyrək boyu"unda
bəzirganlar da mallarının
Gürcüstanda yağmalandıqlarını
bildirirlər: "İmdi
incimə, xanım, əvvəl onun əlin öpdigimüzə.
Əgər sənin oğlın olmasaydı, bizim malımuz Gürcüstanda getmişdi.
Həpümiz tutsaq olmuşdı". Eyni zamanda dastanda təsvir edilən vaxt Gürcüstanın Oğuzun hakimiyyəti altında olduğu da söylənilir. Gürcüstandan
xərac gəlir, gürcülər Oğuza
illik xərac verirlər: "Toquz tümən Gürcüstanın
xəracı gəldi;
bir at, bir qılıc, bir çomaq gətürdilər".
Beləliklə, gördüyümüz kimi, dastanda təsvir olunan, Oğuzların döyüşdükləri
əsas qarşı tərəf gürcülər,
ərazilər isə
Gürcüstan və
ona bitişik olan yerlərdir: Parasar, Bayburd, Başıaçıq, Evnik,
Abxaz, Aqsəqa, Qara Dərvənd, Trabzon, Düzmürd, Tatyan qalası və s. Bu yerlərin, coğrafi məkanların adları dastanda açıq-aşkar
çəkilir və
bu ərazilər xristianların yaşadıqları
yer, məkanlar kimi xatırlanır. Eyni zamanda dastandan
xristianlığın coğrafiyası
da məlum olur: "Parasarın Bayburd hasarından parlayıb uçan...", " Bazırganlar
yaraq gördilər. Gecə-gündüz deməyüb
yüridilər. Nagah Parasarın Bayburt hasarına
gəldilər", "Yarımasun-yarçımasun
kafərin casusı bunları casusladı. Varıb Bayburt hasarı bəginə xəbər verdi", "Dan-danısux
kafər malın oğuz bəglərinə
gətürür idik.
Pasnik qara Dərvənd ağzına
düş vermiş idik. Evnik qalasının
beş yüz kafəri üzərimizə
qoyıldı", "Beyrəgi
Qara Dərvənddə
öldürmüşlər...", "Kafərin izin izlədi. Qanlu qara Dərvənddə kafər dəxi qonmuş idi", "Məgər Başı açuq Tatyan qələsindən, Aqsəqa
qələsindən kafərin
casusı vardı",
"Tolandı Trabuzana
gəldi. Məgər
Trabuzan təkurının
bir əzim - görklü məhbub qızı vardı",
"Qazılıq qoca
iş görmüş,
iş yarar adam idi. Yarar
qocaların yanına cəm elədi. Yadığı-yarağilə yola girdi. Çoq
tağlar dərə-dəpə
keçdi. Günlərdə
bir gün Düzmürd qələsinə
gəldi. Qara dəniz kənarında idi. Ana irübən qondılar. Ol qələnin bir təkuru var idi. Adına Arşun oğlı Dirək təkur derlərdi",
"Gözlədilər şahin
Tumanın qələsinə
endi." Bir qədər
yuxarıda gördüyümüz
kimi isə, atasından inciyən Uruz da, onu hədələyərkən
Qan Abqaz elinə gedəcəyini söyləyir.
Kafərlərin kilsələri də
var. Dastanda Oğuzlar
din düşməni kimi
üç-dörd yerdə,
bəzən aldıqları,
fəth etdikləri qalalarda kafərlərin kilsələrini söküb,
yerinə məscid də tikirlər: "Beyrək, Yegnək, Qazan bəg, Qarabudaq, Dəli Tondaz, Qazan oğlu
Uruz bəg - bunlar hasara (Bayburd qalasına - Tərlan Quliyev) yürüş etdilər.
Beyrək otuz dokuz yigidin üzərinə
gəldi. Anları sağ və əsən gördi, Allaha şükür eylədi. Kafərin kəlisasın yıqdılar,
yerinə məscid yapdılar. Keşişlərdən
öldürdilər. Ban banlatdılar.
Əziz tənri adına qüdbə oqıtdılar", "Babasilə
Yegnək gizlü yaqa tutuban yiləşdilər.
Eki həsrət bir-birinə bulışdılar.
İssüz yerin qurdı kibi ulaşdılar. Tənriyə
şükürlər qıldılar.
Qələnin kəlisasın
yıqub yerinə məscid yapdılar".
"Ağca qala Sürməlidə at oynatdım.
Atla Qarun elinə çapqun yetdim. Aq hisar
qələsinin bürci
yıqdım... Kəlisasın
yıqdım, məscid
yapdım". Yenə
də bir qədər yuxarıda gördüyümüz kimi,
kafərlərin Trabzon yaxınlığında,
hətta balaca Aya Sofyaları da vardır:
"Yol üzərində
kafərin Aya Sofyası
vardı. Keşişlər
bəklərdi. Ğayət
sarb kəlisaydı".
"Məgər bir sığırtmacları vardı.
Gördi kim qələyi aldılar. Qaçdı təkura vardı. Aya Sofya alunduğın xəbər
verdi".
Beləliklə, dastanda bu ərazilər - Parasar, Bayburd, Başıaçıq,
Evnik, Abxaz, Aqsəqa, Qara Dərvənd, Trabzon, Düzmürd,
Tatyan qalası və s. yerlər kafərlərin əraziləri
kimi qeyd olunur. Və burada da - sərhəddən
o tərəfə kafərlərin
- xristianların yaşadıqları
aydınlaşır. Belə
ki, Qanturalı Trabzona
gedərkən aşağıdakı
məlumatla tanış
oluruq: "Atasının-anasının
əllərin öpdi.
Qırq yigidin yanına bıraqdı. Yeddi gün, yeddi gecə yortdılar. Kafərin sərhəddinə irdilər".
Qazan da oğlunu kafər sərhədinə
aparır: "Ox atduğım
yerləri, qılıc
çalub, baş kəsdügim yerləri göstərəyim. Kafər
sərhəddinə Çızığlara,
Ağlağana, Gögcə
tağa aluban çıqayın".
Qeyd edək ki, Qorqudşünaslıqda
bu yerlərin, ərazilərin coğrafi
koordinatları, mövqeləri
Türkiyədə görkəmli
türk alimi Orxan Şaiq Gökyay və başqaları, bizdə isə "Dədə Qorqud"un böyük tədqiqatçısı professor Samət Əlizadə tərəfindən artıq
öyrənilmiş və
demək olar ki, müəyyənləşmişdir. Bu mənada, biz bu məlumatlarda Orxan Şaiq Gökyayın
"Dedem Korkudun kitabı" və Samət Əlizadənin şərh yazdığı,
professor Fərhad Zeynalovla
birgə çapa hazırlayıb 1988-ci ildə
nəşr etdirdiyi
"Kitabi-Dədə Qorqud"
kitabına əsaslanırıq.
Belə ki, Orxan Şaiq Gökyaya görə Aqsəqa (Axiska), Gürcüstanın
içində balaca bir gürcü qalası olub, Tbilisidən 159 km., Qarsdan
115, Ərdəhandan 60 km məsafədə
yerləşir. Samət
Əlizadə isə yazır ki, "Aqsaqa qalası Gürcüstanda
Axalsıx şəhəri"dir.
Başıaçıq haqqında Orxan Şaik Gökyay yazır: "Başı-açuk. Gürcüstanın
qərbində mərkəzi
Kutaisi olan bölgənin
adı. Kutais, Riyon Suyu üzərində
Batumun 104 km. quzey-doğusunda,
bol yağmurlu və qışları xəfif keçən bağlı-bağçalı bir yerdir". Başıaçıq haqqında
Samət Əlizadə
isə bunu qeyd edir : "Başıaçıq.
Burada bütün Gürcüstan deyil, İmereti nəzərdə
tutulur. Övliya Çələbi, Abbasqulu
Ağa Bakıxanov, Mirzə Adıgözəl
bəy öz əsərlərində həmin
adı məhz bu mənada işlətmişlər. İmereti
döyüşçü və aznavurlarının başlarında araxçınsayağı
kiçicik dəyirmi
keçə papaq gəzdirməsi ilə bağlı olmalıdır.
Boyun mətnində
"keçə börk"adlandırılan
bu baş geyimi hər hansı bir kəskin hərəkət
zamanı döyüşçünün
başından uçub
düşür - o, "başıaçıq"
qalırdı".
Bayburt hasarı barədə Orxan Şaik Gökyay yazır: "...Anadolunun qüzey doğusunda Çoruh suyu kənarında, dəniz səviyyəsindən
1550 metr yüksəklikdə
bir qəsəbə olub, Gümüşxanə
vilayətinə bağlı
bir qəza mərkəzidir".
Yenə
Orxan Şaik Gökyay yazır: "Düzmürt qalası, Qara dənizin güney-doğu sahillərində
bir qaladır".
"Evnik qalası, qədimlərdən Yuxarı-Pasin
bölgəsinin mərkəzi
olub, möhkəmliyi ilə ad çıxartmış,
Araz çayına sağdan qarışan Əmrə-Kom suyunun başında olan bir qaladır." Orxan Şaik Gökyaya görə, bu qalaya türkcə
Cavan qala da deyirlər. Samət Əlizadə isə F.Qırzıoğluya əsaslanaraq yazır:
"Evnik (Avnik) qalası. Ərzurum səmtində Abnik - Avnik qalası ehtimal olunur".
Qara Dərvənd, Orxan Şaiqə görə,
Elbrus dağlarının Dəmir
Qapı Dərbənddən
sonra ikinci və alınması çətin olan, daşlı-uçurumlu keçidli
Tiflisin şimalındakı
Dar-yal (dar-boğaz) qapısıdır. Samət
Əlizadə isə Qara Dərvənd haqqında yazır: "Pasinük Qara Dərvənd. Ərzurumun
güney səmtində,
qədim tarixçilərin
Fasiana adlandırdığı
yer Basian dərəsi adlanır.
(İndi Türkiyədə Pasinler adlanan kənd vardır)".
Pasin, Orxan Şaik Gökyaya görə, Bingöllərdə Arazın
qaynaqlarından, Qars
Ala dağının güneyində
Arazın keçdiyi və tarixlərdə
"Kağızman Dərbəndi"
deyə bildirilən,
"Kağızman dəmirqapısı"na
dəyən suların
Arazda toplanılan yerləri olub, bu gün xalq
arasında anılan tarixi yer adı
da "Pasin"lərdir.
Tatyan qalası, Orxan Şaik Gökyaya görə, Batı Gücüstanda Kutaisi şəhərinin
quzeyində və batısında bulunan bir ölkədir. İngur suyu ilə Riyom irmağı arasındakı
Megrel ilə bunun yuxarısında dağlıq
bir yer olan
Suvan bölgəsindən
ibarətdir. Samət Əlizadə isə Tatyan qalası haqqında belə deyir: "Tatuan qalası. Başıaçıqda
(İmeretidə), Kutaisi yaxınlığında
qədim yer. Tomanın qalası, Kürün sağ qollarından Hiram suyu qarışan Maşaver çayı boyunda çox güclülüklə
keçilə bilən
bir boğaz ağzında qurulmuş bir qala və
qəsəbədir. Burada
"əski Tumanis"
və ya "Viran Tomanis" deyilən yıxıq qalalı yer".
Trabzon isə doğu Qara dəniz bölgəsində vilayət,
dəniz sahilində tarixi limandır.
Qan Abxaz. Samət Əlizadə Qan Abqaz haqqında belə yazır: "Qan Abqaza eli.
Bu ifadə indiki etno-siyasi məzmunda Abxaziyanı deyil, IX-XI yüzilliklərdəki Gürcüstanı
nəzərdə tutur.
Kutaisi mərkəz olmaqla
yaranan Qərbi Gürcüstan knyazlığı
"Abxaz çarlığı",
Şərqi Gürcüstan
isə "Kartli çarlığı" adlanmışdır".
(Beləliklə, burada məqaləni bitirmək də olardı... Lakin biz məqaləni bitirmir, dastandan tapıb göstərdiyimiz bu faktlara kiçik bir sözardı da yazmaq istəyirik. Eyni zamanda burada
mövzudan kənara çıxsaq da, bir məqamı da qeyd etmək ürəyimizdən
keçir. Belə ki,
yuxarıda dastandan gətirdiyimiz faktlara görə, biz, əsasən,
Oğuzlarla gürcülərin,
kafərlərin daha çox döyüşdüklərini,
vuruşduqlarını görürük.
Lakin bu, elə dastana görə həmişə belə olmamış, bu xalqlar arasında dostluq əlaqələri,
mehriban münasibətlər
də mövcud olmuşdur. Belə ki, məsələn, Qanturalı
Trabzona səfər edərkən Trabzon təkuru
əvvəlcə onu çox hörmətlə
qarşılamış, hətta
sərhəddə onun
qarşısına çıxmış,
onu hörmət-izzətlə
qəbul etmişdir. Digər bir boyda isə, Trabzon təkuru, hətta Qazana hədiyyə olaraq bir şahin
də göndərmişdi...).
***
Beləliklə, yuxarıda dastandan
aldığımız bilgilərə
yekun vurmalı olsaq, dastanda xristianlığın geniş
şəkildə təsvir
olunduğunu, xristianlığın
coğrafiyasını, təsvir
olunan xristianların əsasən gürcülər
və bölgənin ermənilərdən başqa
digər xalqlarının
olduqlarını, onların
kilsələrinin, keşişlərinin,
sadə dindarlarının
geyim tərzlərini,
mətbəxlərini, məişətlərini
və sairəni aydın şəkildə
görürük. Bu, həqiqətən
də, dastanın, nə qədər özündə dastan, bədii
əsər kefiyyəti
daşısa da, abidənin
- "Kitabi Dədə
Qorqudu"un, eyni zamanda tarixi bir mənbə, heç olmasa, ən azından dövrün, zamanın, mühitin geniş təsvirini verən abidə də olduğunun göstəricisidir.
Bu mənada, dastan əgər,
eyni zamanda bir tarix kitabı
rolunu da oynayırsa və burada İslamı yenicə qəbul etmiş Oğuzlar - Albanlar, xristian gürcülər və başqa xalqlar varsa, onda Zaqafqaziyada guya xristianlığı hamıdan əvvəl qəbul edən ermənilər, onların
bir kilsəsi, bir keşişi, bir şəhəri, bir kəndi niyə yoxdur?
Dastana nəzər saldıqda onun məzmununda, mətnində (eyni zamanda yazıya alınma və redaktə edilmə baxımından) ən azından dörd dövrün, epoxanın əlamətlərini görürük:
1. Ən qədim
zamanların, e.ə.
IV-III yüzilliklərin, İç
Oğuzla Daş Oğuzun birləşməsindən
ibarət olan Qalın Oğuz elinin dağılıb yeni dövlətin - Alban dövlətinin ilk təşəkkül dövrünün əlamətlərini
ki, dastanda "Alpanlar başı",
"Alplar başı",
"Alplar" ifadələri
dövlət başçısı,
etnos, döyüşçü
məzmunlarını ifadə
edir. Eyni zamanda qədim türk inanclarının da əksi bu
abidənin ən azı xristianlıqdan da əvvəl mövcud olduğundan xəbər verir. 2. Xristianlıq dövrü ki, dastanda bu
dövrün geniş
təsvirini görürük.
Əslində dastanda xristianlığın o qədər
geniş təsvirini görürük ki, bəlkə də dastanda təsvir olunan İslam heç bu qədər
əhatəli təsvir
ediməmişdir. Bu mənada, tədqiqatçıların
dediklərində həqiqət
vardır: İslam əlamətləri dastana
sonradan katiblər tərəfindən əlavə
edilmişdir. Çünki
mətndə İslamın
əlamətləri o qədər
quru və şablon xarakter daşıyır ki, buna başqa ad vermək olmur. Və eyni zamanda yenə
də deyildiyi kimi, bu əlavələr
də ən geci VIII əsrdən sonra, İslamın daha bərqərar olduğu vaxtlar da ola bilməzdi.
Cünki Azərbaycanda
artıq 734-cü ildə
Dərbənddə, 743-cü ildə isə Şamaxıda məscidlər
tiksələr və dastanda da Oğuzlar
fəth etdikləri qalalarda kilsələri yıxıb yerinə
"məscidlər yapsalar
da", hələ də azan verilməsinə
"saqqalı uzun tat əri banladı"
deyirlər. Dastan İslamın daha bərqərar olduğu dövrlərdə yazıya
alınsa idi, yəqin ki, İslam dini öz əksini daha geniş şəkildə tapmış
olardı. Bu mənada, təbii ki, müxtəlif dövrlərdə dastanın
üzünü köçürən
və onu redaktə edən katiblərə eşq olsun ki, onlar
özlərindən əvvəlki
mətnlərə əl
vurmamış, ora sadəcə öz əlavələrini etmişlər.
3. Xristianlıq. 4. XV-XVI əsrlər
dövrü və ən azından "İstambul" kəlməsi.
Beləliklə, dastanın mətninə nəzər saldıqda, onun ən çox
xristianlıq dövrünü
və bu dövrün IV-VIII əsrlərini
əhatə etdiyini görürük. Dastanda isə bizə elə gəlir ki, bu əsrlərin
son dövrləri - daha çox VI-VIII əsrlər öz əksini tapmışdır.
Bu isə artıq xristianlığın
Albaniyada, Gürcüstan
və ermənilərdə
daha bərqərar olduğu dövrlərdir.
Yəni bu faktı müxtəlif yazılı mənbələr
və bu üç ölkədə
olan kilsələr də sübut edir. Bəs onda, yenə də əvvəlki suala qayıdırıq, niyə dastanda ermənilər və ermənilərin xristianlığı
qeyd olunmayıb? Bu suala cavab
vermək nə qədər çətin
olsa da, hər halda biz də öz
fikrimizi bildirmək istəyirik. Belə ki, bu sualın
bir neçə cavabı var. 1. Birinci və ümumi cavab ondan ibarət ola bilər ki, bu, dastandır
və dastandan bir o qədər də tarixilik və dəqiqlik ummaq olmaz. Onda
da başqa bir sual ortaya
çıxır: bəs
onda niyə gürcülər bu qədər geniş və əhatəli təsvir olunublar? Bu suala cavab
vermək olar. Çünki gürcülər
bu dövrdə, sadəcə olaraq, ermənilərdən daha böyük etnos, siyası-mədəni qüvvə
və döyüşkən
olduqlarından tarixdən
və ədəbiyyatdan
silinməmiş və
bizim qəhrəmanlıq
dastanımızın səhifələrinə
düşə bilmişlər.
2. İkinci cavab isə ondan ibarət ola bilər ki, qeyd etdiyimiz tarixdə yalan yazılan erməni tarixi mənbələrinin
əksinə olaraq, qeyd olunan coğrafiyada,
müasir Ermənistan
coğrafiyasında, ümumiyyətlə
erməni yaşamamış,
o dövrlərdə təqribən,
Van gölü hövzəsində
yaşamışlar. Və
o ərazilərdə yaşayan
əhali haylar olmamış, qədim erməni dövrünün
görkəmli tədqiqatçısı,
filologiya elmləri doktoru Əziz Ələkbərlinin dediyi
kimi, ərmən tayfaları olmuş, Dədə Qorqud Oğuzları da onları özlərindən
fərqləndirmədikləri üçün, onları
xüsusiləşdirməmişlər. Və əslində onlar eyni xalqın
nümayəndələri olub,
o torpaqların da sahibləri olmuşlar. Çünki dastanda təsvir olunan dövrdə o torpaqlarda heç bir yad qüvvə, başqa xalq olmadığından, Oğuzlar
onlarla mübarizə aparmamış, ancaq o coğrafiyadan kənara, Parasaran, Bayburt, Evnik, Trabzon və s. yerlərə səfərlər etmişlər.
3. Müasir Ermənistan
ərazisində olan kilsələrin varlığına
gəldikdə isə,
yenə də Əziz Ələkbərlinin
tədqiqlərinə görə
(Əziz Ələkbərli.
Qərbi Azərbaycan abidələri. Bakı,
2006.), onların əksəriyyəti
Alban kilsələri olmuşlar. Ya da dastana görə
başqa yerlərdə
kilsələri sökən
Oğuzlar bu kilsələri də sökmüş, indi gördüyümüz kilsələr
isə sonrakı əsrlərdə tikilmişdir.
Və yaxud da elmi ədəbiyyatın
verdiyi məlumata görə, İslamın
ilk əsrlərində
bu kilsələrin böyük əksəriyyəti
məscidlərə çevrilmişdir.
Ona görə də biz, dastanda
bu ərazilərdə
kilsəyə rast gəlmir, onlara təsadüf etmirik.
Beləliklə, dastandan aldığımız
elmi nəticəyə
görə, tariximizin
bir parçası, qəhrəmanlıq dastanımız
olan "Dədə Qorqud dastanı"nda müasir erməni coğrafiyasında heç
bir erməni və erməni kilsəsi yoxdur. O torpaqlar Azərbaycan xalqının ulu əcdadları olan Oğuzların və kilsələri də Alban dövrünün kilsələridir. Bu mənada, bu torpaqlar bütövlükdə
qədim Azərbaycan torpaqlarıdır. Və biz də - qədim
Oğuzların varisləri
olan azərbaycanlılar
da cənab prezidentimiz İlham Əliyevin dediyi kimi, o torpaqlara, tarixi Vətənimizə mütləq qayıdacağıq.
Bu, bizim haqqımızdır...
Tərlan QULİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.18; 32.