Alıkul Osmonovun bənzərsiz lirikası
Qırğız
ədəbiyyatı
Ümumtürk poeziyasında - istər yazılı, istərsə də şifahi yaradıcılıqda sevgi-məhəbbət lirikası məxsusi yer alıb. Türk xalqlarının Əhməd Yəsəvi, Yunis Əmrə, Mövlanə Cəlaləddin Rumi, İmaməddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli kimi klassik lirika ustadları olub. Onlar yanan və yandıran eşq atəşini qəzəl, qəsidə şəklində - klassik üslubda oxucuya çatdırmışlar. Zaman keçdikcə əruz vəznindən kənarda yeni bir poetik sistem - heca vəzni yaranmış və bu vəznin ölçüləri işlək formaya düşməklə yeni bir ədəbi mənzərə yaratmışdır. Qırğız poeziyasının görkəmli nümayəndələri - o cümlədən Alıkul Osmonov da heca vəzninin müxtəlif ölçülərindən, çarpaz qafiyə sistemindən və s. istifadə etməklə müasir şeirin dəyərli nümunələrini yaratmışdır. Belə nümunələrdən bəzilərinə diqqət yetirək:
Bir bəyaz, ağappaq göyərçin idin*,
Yuvadan uçanda unutdum səni.
Sevgi ürəkləri yaxan atəşdir,
Sevgiyə tay tutma şirin busəni.
"Gözəlimə"
Şair
haqlıdır ki, "sevgi
ürəkləri yaxan
atəşdir", o, şirin
busə anlamında deyil, məhz bu məqamda klassik şairlərlə müasir şairlərin sevgiyə, məhəbbətə
yanaşma mövqeyi, bu duyğunun sözlə ifadəsi öz fərqini bildirir. Təkcə Füzulinin "Leyli və Məcnun" poeması bu fərqi görməyə
kifayətdir. Demək,
zaman keçdikcə ilahi
eşq, platonik məhəbbət də öz yerini gerçək münasibətlərə,
yaxud, real ünsiyyətə
verir.
Başqa
bir şeirində Alıkul özü də bilmədən sevgisindən üz döndərən aşiqin
mövqeyini poetikləşdirir:
Səndən soyumuşam, sevmirəm
daha,
Bilmirəm səbəbi axı
nədir, nə?
Bir də pəncərəni döyən deyiləm,
Gələsi deyiləm bir də evinə.
"Sevmirəm səni"
Əslində şair bu küskünlüyün içində
ötəri bir sevginin olduğunu xatırladır. Həqiqi
aşiq öz məhəbbəti uğrunda
hər cəfaya dözüm göstərir.
Elə isə, bu dözümsüzlük
həqiqi eşqin mövcudluğunu şübhə
altına alır. Alıkulun bioqrafiyası ilə tanışlıqdan
bəlli olur ki, o, sevgi sarıdan da yarımayıb. İlk məhəbbəti
Ayday adlı xanıma qovuşmayıb.
Zeynəb adlı xanımla ailə qursa da xoşbəxt olmayıb. Bu izdivacdan dünyaya gələn qızının ölümü
(1942) və arvadının
onu tərk etməsi (1943) şairə
dərin iztirablar yaşatmışdır. Təklik,
tənhalıq və ağır xəstəlik
Alıkulun poetik ruhunu öldürə bilməmişdir. O, son nəfəsinə
kimi yazıb-yaratmaqdan
doymamışdır. "Ağrılı
şair" şeiri bu ovqatın real görüntüsünü canlandırır:
Ağrılı şair
Yaratmaq üçün
Ömür istədi.
Dostları qaçdı
Görəndə onu
Belə
xəstədi.
Taleyindən küskün, yetimxanalarda
Allah ümidinə böyüyən
bir gəncin məhəbbət oxu da daşa dəyəndən
sonra o, hansı sevginin ilahi gücünü tərənnüm
etməliydi. Ona görə
də onu sevən qıza qətiyyətlə deyir:
"Sevmə məni,
mənası yox bu eşqin, Xəyallardır indi mənim pənahım".
("Sevdim səni").
Lakin bunlara baxmayaraq şairin lirik "mən"i bu ilahi duyğudan kənarda qalmaq istəmir, hamı kimi o da sevmək və sevilmək istəyir:
Mən cavanam, bir sevdanın
acıyam,
İstəmirəm bu duyğudan ayrılam.
İstəyirəm yanıb eşqin
oduna
Alovundan
vulkan kimi sıyrılam.
"Bir
qadına"
Böyük rus tənqidçi-ədəbiyyatşünası
V.Belinski sanki Alıkulun sevgi "fəsilləri"
barədə bu fikirləri yazıb: "Məhəbbətin də
güllər kimi, insanın həyatı kimi öz inkişaf
qanunları var, öz
yaşı var. Onun da
zinətli baharı, öz isti yayı,
nəhayət, bəziləri
üçün ilıq,
işıqlı və
məhsuldar, başqaları
üçün soyuq,
çürüntülü və barsız payızı vardır".
(V.Belinski "Seçilmiş məqalələr".
Bakı, 1971).
V.Belinskinin məhəbbət haqqındakı
mülahizəsinə haqq
qazandırmaqla belə
qənaətə gəlmək
olar ki, Alıkulun lirik qəhrəmanı üçün bu ali duyğunun "zinətli baharı",
"isti yayı" yox, "soyuq" və "barsız payızı" mövcuddur.
Lakin, onun lirik "məni" həsrətin,
hicranın əlində
çarəsiz qalmadığını
da biruzə verir və bu acı
həsrəti "şirin
sevgi payı" kimi qəbul edir:
Gəldim,
yoxsan... gördüm yoxsan, sevgilim,
Bu dünyada sən günəşim, ayımsan.
Dərd
çəkmirəm acı
həsrət əlində
-
Sən
ki, mənim şirin sevgi payımsan.
"Gəldim, yoxsan"
Başqa
bir şeirimdə isə lirik qəhrəman öz dostuna sevgi, məhəbbət barədə
"xeyirli məsləhətlər"
verir. "Xeyirli söz" adlı şeirdən bəlli olur ki, ürəyi sevgi həyəcanı ilə çırpınan
gənc oğlan yaşadığı duyğuları
sevdiyi qızdan gizlədə bilmir. Əslində bu təbiidir. Lakin, təcrübəli
aşiq (yaxud oğlan) öz dostuna bu hisslərini
büruzə verməməyi
məsləhət görür
və belə deyir:
Ay dostum, qulaq as xeyirli sözə,
Ürəkdən qəbul et mənim
ərkimi.
Bütün gözəllərin adəti
belə -
O qız səni sevməz sevdiyin kimi.
Hissini, duyğunu bildirmə üzdə,
Həmişə qürurlu, hər
an şanlı ol.
Unutma, gözəllər diqqət
umandır,
Alışıb yansan da soyuqqanlı
ol.
"Xeyirli söz"
Əslində, başı dumanlı
bir sevda dəlisinə verilən bu məsləhətdə
də "xeyirli"
nəsə var.
Alıkulun məhəbbət mövzusunda
yazdığı şeirlərdə
bəzən də oxucu incə və xəfif bir yumorla qarşılaşır.
"İpək donlu qız", "Məktubunu
gölə tulladım",
"Birlikdə gəzinti",
"Öpürəm" dediyin
sözünə, "Qız
zəhmi" kimi şeirlərində şair
öz düşüncələrini
yumoristik planda verir. "İpək donlu qız" şeirinin personajı
- ipək donlu qız yağış yağacağını bilmədən
şəhərə gəzməyə
çıxır. Yağış
isə ara vermədən yağır.
Qız kədərlənir
ki, onun ipək donu islanıb deyə anası danlayacaq.
Şairin
"Məktubunu sənin
gölə tulladım"
şeiri belə başlayır:
Məktubunu aldım, amma açmadım,
Düşünmə ki, sənə cavab yolladım.
Oxumadan bilirdim nə yazmısan,
Ona görə onu gölə tulladım.
Şairi
"qəzəbləndirən" odur ki, məktub yazan bu qız
bir vaxt onun oxuduğu şeirə sükutla cavab vermişdir. İndi onun məktubunu oxumağa lüzum qalırmı? Ona görə
də sanki qisas alınırmış
kimi qızın məktubları gölə
atılır, çünki
"oxumadan bilinir
ki" nə yazılıb...
Alıkulun qeyd etdiyim xəfif yumoru "Öpürəm dediyin sözünə" şeirində
də özünü
göstərir. Şair
evdə oturduğu yerdə Büybürə
adlı bir qızdan məktub alır. Qız ona yazır ki, "öpürəm şeirinə
görə". Şair
məktubu oxuyandan sonra xəyala dalır və qıza cavabı belə olur:
Bu sənin meylindir, bu sənin duyğun,
Ürək səninkidir, nə
deyim, Bübüş?
Barı,
sözlərimin yaxşısından
öp,
Layiq deyildirsə özümə
öpüş.
Belə
misalların sayını
artırmaq da olar. Ancaq bir neçə
nümunə şairin
dünyaduyumunu, psixologiyasını
açmağa yetərlidir.
Alıkul
Osmonovun şeirlərini
oxuduqca bir həqiqəti anlayırsan
ki, onun ən böyük sevgisi əslində əlindəki
qələmə, alovuna
alışdığı söz
sənətinədir. "Qələminə"
adlı şeirində
o, əlində tutduğu
qələmi belə vəsf edir:
Sən yoldaşım, sən taleyim, sən baxtım,
Aşiq
oldum, vusalına can atdım.
Hamıdan çox səni
sevən özüməm
-
Mən
ki, səni öz canımdan yaratdım.
Məlumdur ki, müxtəlif dövrlərdə
ədəbiyyatda müxtəlif
bədii metodlar, ədəbi cərəyanlar
mövcud olmuşdur.
"Lakin, ümumən sənət
yarandığı dövrdən
asılı olaraq qalmır, həmin dövr tarixi təkamül sayəsində
ötüb keçdikdən
sonra da sənət o cümlədən söz sənəti yaşayır,
onu yaradan istedadın ilahi qüdrəti sayəsində
əbədi olaraq insanlığın estetik
zövqünə, mənəvi
ehtiyaclarına xidmət
edir". (N.Şəmsizadə
"Ədəbiyyat nəzəriyyəsi".
Bakı, 2012. s.325).
Alıkul
Osmonov sovet dövrünün, daha doğrusu, sovet ədəbiyyatı və
ideologiyası dövrünün
şairlərindəndir. Leninə,
Stalinə, Kommunist Partiyasına vəsfnamələr
yazılan bir dövrdə ideoloji başqıdan uzaq, yeni və cəsarətli fikirlərlə ortaya çıxmaq Alıkul Osmonovun məddahlıqdan yan keçən dupduru poeziyasının dəyərini daha da artırmışdır. Bütün
yaradıcılığı boyu şair həyat həqiqətlərinə
sadiq qalmaqla yalançı romantizmdən
uzaq, realist yazar kimi yadda qalmışdır.
Mən onun poetik dünyasına baş vurandan bəri şairin məhəbbət şeirlərində,
sevgi lirikasında da romantik ovqat görmədim. Həyat həqiqətini bədii həqiqətə çevirmək
onun bədii metodu və ədəbi kredosu kimi diqqəti cəlb edir. Ancaq bu realizm
ədəbiyyatşünasların dövrləşdirmə konsepsiyasındakı
"sovet realizmi" deyil, Alıkulun öz realizmidir... "Qız zəhmi" şeirində biz müəllifin
öncə qeyd etdiyim xəfif yumoru ilə bərabər həm də məxsusi realizmini izləyə bilirik. Romantikadan uzaq realizmini:
Qorxmuram
pələngdən, qorxmuram
şirdən,
Qorxmuram
qorxulu o vəhşilərdən.
Amma ki, zəhmli gözəl görəndə
Duyuram bir qorxu hissi
var məndə.
Özləri bilmədən bu
gözəl qızlar
Adamı
qorxudur zalım, qansızlar...
Lirik qəhrəmanın "pələngdən,
şirdən" yox,
"zəhmli gözəldən"
qorxmağında yumşaq
bir yumor var.
Gözəllərin vəsfinə milyonlarla şeir yazılıb, şəninə
saysız-hesabsız nəğmələr
qoşulub. Bu tərənnümlərin
bəlkə də heç birində gözəlin daxili gözəlliyi vəsf olunmayıb, ancaq zahiri görkəmi sərgilənib. Yəni,
"ağıllı gözəl"
axtarışı sanki
olmayıb. Alıkul isə "zəhmli gözəl" deyəndə
yəqin ki, zahiri gözəlliyi ilə daxili gözəlliyi vəhdət təşkil
edən ciddi və ağıllı qızları nəzərdə
tutur...
Beləliklə, Alıkul Osmonovu
lirik şair, həm də fiziki ömrü qısa yazar kimi rus ədəbiyyatının
Lermontovu, Yesenini, Azərbaycan ədəbiyyatının
Müşfiqi ilə müqayisə etmək olur. Onların da "lirik" məni bütün ictimai situasiyalarda məhz özləridir.
* - Şeirlərin
tərcüməsi Adil Cəmilə
məxsusdur
Adil
CƏMİL
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.21.