İlahi bir eşqin
sorağında
Rafiq Ələkbərin "Mənim
fəlsəfəm" şeirlər
kitabı haqqında
Rafiq Ələkbərin sonuncu şeirlər kitabının
adı "Mənim fəlsəfəm"dir. İlk baxışda bu ad etiraz doğurur, axı Azərbaycan şeirlərinin heç biri şeirlərindəki
fəlsəfi fikirlərə
görə belə bir ada ehtiyac
duymayıb. Məlumdur
ki, böyük yunan filosofu Aristotelin fikrincə: "Poeziya fəlsəfədən əvvəl
yaranıb. Poeziya tarixdən daha ciddi və fəlsəfidir"
- əgər fəlsəfə
həyat həqiqətlərini
məntiqi kateqoriyalar vasitəsilə dərk edirsə, poeziyada canlı obrazlar, hisslər, duyğular-estetik
təfəkkür aparıcıdır.
Və əsrlər boyu fəlsəfə və poeziya - bu ictimai şüur
formaları mahiyyətcə
bir-birindən fərqli
nəzərə çarpsalar
da, əslində bir-birinə
təsir imkanlarına
görə diqqəti
cəlb etmişlər.
Bu mənada fəlsəfənin
poeziyaya təsiri danılmazdır, ancaq bu təsir fəlsəfəni
elmi poeziyada canlandırmaq deyil, dünyanı, həyatı,
əkslikləri bədii
obrazlarla ifadə etmək deməkdir. Rafiq Ələkbər də
"Mənim fəlsəfəm"
dedikdə, özünü
filosof elan eləmir və "filosof şair" iddiasına düşmür. O, sufizm fəlsəfəsinin örnəklərinə
üz tutur. Eşq, gözəllik, tanrı obrazlarına müasir poetik düşüncə işığında
yanaşır, özünü
Yunus Əmrənin XXI
əsrdəki şagirdi
hesab edir. XII yüzilliyin yetirdiyi dahi Yunus Əmrə
Türk-İslam sivilizasiyasının
inkişafında misilsiz
rol oynayıb, bu gün XXI əsrin əvvəllərində,
səkkiz əsr keçsə də, bütün türk dünyası üçün
əvəzedilməzdir. Yunus
Əmrə deyirdi ki, həyatın əzəli
mənası eşqdir,
haqqa yetişən kamil insanın yolu eşqin dərkindən keçir:
Miskin Yunus, biçarəyəm,
Başdan
ayağa yarəyəm.
Dost əlindən avarəyəm,
Gəl gör, məni aşk neylədi?
Yunus Əmrə sufizm fəlsəfəsini sadə
xalq dilində - əsasən heca vəznində qoşma, gəraylı, ilahilərdə,
həmçinin əruzun
qəzəl və məsnəvisində ifadə
edirdi. Xalq şairi Zəlimxan Yaqub "Yunus Əmrə dastanı"
poemasında bu böyük sənətkarın
mükəmməl obrazı
ilə qarşılaşırıq.
Zəlimxan Yunus Əmrəni XII əsrdən
XX-XXI əsrlərə gətirir,
onun ölümsüzlüyünün
sirlərini bəyan edir. Yunus Əmrənin
XX-XXI əsrdə yaşayan
müasir şairlərimizə
də böyük təsiri olub və onlardan biri də haqqında
söz açdığımız
Rafiq Ələkbərdir.
Eşqin
sehrinə düşmüşəm,
Mənəm sənə bəyan,
gözəl.
Eşqin
acı-şirini var,
Öz imanı, öz dini var,
Ümmanlar tək dərini
var,
Gərək olsun duyan, gözəl!
Rafiq Ələkbərin eşqə
həsr etdiyi bütün şeirlərində
Yunus Əmrədən
gələn bir meh
var. Eşqi uca tutmaq, onu Tanrının
insana bəxş elədiyi ən müqəddəs, ən ülvi bir duyğu
kimi yaşatmaq Rafiq Ələkbərin də şeirlərində başlıca
motivlərdən biridir.
Amma Rafiq Ələkbər bu
şeirlərə real hisslərini
də qatır. Onun folklordan gələn ənənə
ilə bir təcnisinə diqqət yetirək:
Eşqin
də yazılmış
qanunları var,
Deyirsən əməl et, gülərlər
mənə.
Mən qəbul etmirəm qadağaları,
Təki
qoy toxunsun gül əllər mənə.
Dərdə nə əlac
var, nə də bir çarə,
Bəs onda nə etsin
məntək biçarə?
Ömrü səndən ötrü
kəsib-biçirəm,
Bu yolda dəysə də güllələr mənə.
Rafiq Ələkbər Yunus Əmrə yolunu tutaraq eşq ilə Tanrını bir-birindən təcrid eləmir, eşq təkcə insanın romantik duyğularını
ifadə etmir, həm də insanın eşq yolu ilə Tanrıya
(həqiqət mərhələsində)
qovuşmasına zəmindir.
Tanrı
diləyidir - dağından
tutdum,
Safından, pakından, azıından
tutdum.
Ulu Yaradana sığındım
tutdum,
Mütləqdən, vahiddən təkindən
keçdim.
Haqqında sufizmə meyil edən bir şair
kimi söz açdığım Rafiq Ələkbər
bu günün şairidi və təbii ki, bu günün şeirlərini
yazır. Şair dostum Elçin İskəndərzadə yazır:
"Rafiq Ələkbərin vətən sevgili və sevdalı misralarının əsas motivini türkçülük
və turançılıq
duyğuları süsləyir.
Onun üçün Savalanla üz-üzə həsrətdən qovrulan
Yardımlı torpağından
başlayan Vətən
coğrafiyası türkün
atlarının nallarının
toxunduğu yovşan ətirli bütün torpaqlarından keçərək,
Böyük Turanla hüdudlanır: Mən tanrı yolçusuyam, yolum Turannan keçir".
Tənqidçi həmkarım Rüstəm
Kamala görə: "Onun
bütün poeziyası
doğma yurda, yurddaşlarına sevgilə
aşılanıb". Fəlsəfə
elmləri doktoru Əsədulla Qurbanov isə onu "Fəlsəfi düşüncələr
şairi" adlandırır.
Amma bizim fikrimizcə,
Rafiq Ələkbərli şeirləri
hansı mövqedən
izah edilsə də o, bu günün
ictimai-siyası-mənəvi reallıqları ilə yaşayan və bu yaşantıları şeirlərində özünləşdirən
şairdir. Şeirin bəzəyi, naxışı
poetik imalardır, bədii təsvir üsullarıdır - təşbehlər,
metaforalardır. Sözü
ehya eləməkdir.
Adi daşlardan Əliağa
Kürçaylı "Daşlar"
silsiləsi yaratmışdı,
bu silsiləni poeziyamızın qiymətli
daşlarına çevirmişdi.
Rafiq Ələkbərin "Bətən daşları"
şeirində də özünün daşlar
silsiləsinin başlanğıcını
qoyur:
Bizim tariximiz qələmlərlə
yox,
Bizim tariximiz daşla yazılıb.
Daşlardan tikilən qalalar
nədir,
Tarixi yaşadan söz qalaları.
Yurdun qeyrətinə şahidlik
edir,
Namus heykəlləri - qız qalaları.
Qayalar üstündə daşlaşan
insan,
Qayalar üstündə piramidalar.
Bu yurdun suyu da daş çiçəkləyir.
Rafiq Ələkbərin Şuşanın
erməni işğalçılarından
azad olunması münasibətilə yazdığı
"Gözün aydın,
Şuşa", 8 noyabr
Zəfər gününə
həsr etdiyi "Zəfər günü",
"Azərbaycanlı stüardessa"
xanım - Milli qəhrəmanımız
Hökümə Əliyevaya
ithaf etdiyi "Xilaskar səs" şeirləri adından
da göründüyü kimi,
son illərin unudulmayan
və unudulmayacaq məlum hadisələrindən
söz açır.
Bu şeirlərdə protokol
ahəngi duyulmur.
Mən onun ilk baxışda ənənəvi şeir mövzusuna o qədər də daxil olmayan
şeirlərindən də
söz açmaq istəyirəm. Məsələn,
"Hasar çəpərlər".
Bir adam tapılmaz söhbət edəsən,
Qarşımıza ancaq çəpərlər
çıxır.
İstəsən düz yolla çıxıb gedəsən,
Qarşına nə qədər
çəpər çəkilir.
Hasarlar yaraşmır Vətənimizə,
Vətən hasarlanmaz, Vətən
böyüyər.
Başqa
bir şeir: "Nənənin cəhrəsi".
Deyirlər, dünyanın ipi
uzundu,
Uzundur nənənin ipindən, hətta.
Axirətə gedir dünyanın
ipi,
Nənəni öz ipi bağlar həyata.
Bir neçə kəlmə də Rafiq Ələkbərin
sevgi şeirləri haqqında: Onun "Savalanla üz-üzə"
və "Mənim fəlsəfəm" kitablarından
kəmiyyət etibarilə
birinci sıra sevgi şeirləri gəlir. Öncə onun sufi düşüncəsindən
yaranan şeirlərindən
qısaca söz açdıq. Eşq məfhumu ilə bağlı şeirlərə
yenə rast gəlirik. Ancaq 61 yaşına görə yox, qəlbinin yaşına yazılan şeirlərə nəzər
yetirdikdə, qəlb yaşının cavanlığını
görürük. Məsələn,
bu misralarda:
Başqaydı bizə bu çinar ağacı,
Sanki sevdamızın ölkəsi
idi.
Bizim eşqimizin pərvazlandığı
Çinar ağacının kölgəsi
idi.
Səni
ram eləmək gücümdə
deyil,
Gücüm çatan qədər
səni sevirəm.
Allah deyiləm ki, mən can yaradım,
Mən
can yaratmıram, candan
keçirəm.
Belə
misraların sayını
yenə artıra bilərik. Amma Rafiq Ələkbərin
elə sevgi şeirləri var ki ("Əgər
saqqızını oğurlamasam",
"Elə bil sənin heç yoxdur günahın",
"Gəlirəm ki...", "Bəlkə həyatımdan
çıxıb gedirsən",
"Bəlkə razılaşaq,
olsun heç-heçə?, "Bu gün son qoymuşam məğlubiyyətə" və
s.), bunlara sevgi şeirləri yox, "Sevgi oyunu" deyək.
Rafiq Ələkbərin sonuncu şeir kitablarında onun poetik inkişafının
şahidi oluruq. Axtarışları çox
zaman uğurlu alınır.
Elə bu uğurları daha çox olsun deyə, sözümüzü
bitirək.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.20.