Nizami Gəncəvinin "Sirlər xəzinəsi"
əsəri
Türkiyə türkcəsində
XII əsr Azərbaycan şairi Nizami Gəncəvi "Xəmsə"sini
açan ilk əsər
- "Sirlər xəzinəsi"
məsnəvisi Şərq
ədəbiyyatındakı əxlaqi, fəlsəfi-didaktik
poeziyanı mövzu və ideya baxımından
yeni mərhələyə yüksəltməklə yanaşı,
türk dövlətçilik
ənənələrinin, dərin
sosial-siyasi məsələlərin,
məsələn: dövlətin
idarə olunması, hökmdar-xalq, hökmdar-məmurlar-rəiyyət,
ordu və qoşuna diqqət və s. kimi hər zaman aktuallığını
qoruyub saxlayan mətləblərin nəzəri
və illüstrativ şəkildə işləndiyi,
bədii sözün məcaz imkanlarını sərgiləyən ölməz
sənət əsəridir.
Orijinal adı dövrün ədəbi ənənəsinə əsasən
ərəb dilində
"Məxzənül-əsrar" olan məsnəvi şairin milli təfəkkür
və düşüncə
tərzinin, dil və üslub özəlliklərinin öyrənilməsi,
epik şeir şəklinin inkişaf trayektoriyasının izlənilməsi
baxımından da əhəmiyyətlidir.
Nizaminin
Ərzincan hökmdarı
Məlik Fəxrəddin
Bəhram Şah ibn Davuda ithaf etdiyi
ilk epik əsəri yazıldığı dövrdən
elm və sənət
bilicilərinin, söz
xiridarlarının diqqətini
cəlb etmiş, XIII yüzillikdən başlayaraq
ona nəzirə və cavablar, şərh və izahlar yazılmış, əsər zaman-zaman bir çox dillərə tərcümə olunmuş,
nəsr variantları işlənib hazırlanmışdır.
Zamanın ədəbi
zövqünə və
tələblərinə uyğun
olaraq fars dilində qələmə
alınmış "Sirlər
xəzinəsi"ni bu
gün dünyanın
bir çox xalqları öz dillərində oxuya bilirlər. Məsnəvinin
xarici dillərə ən məşhur tərcümələri isə
Qriqori Viktoroviç Ptitsın (parçalar),
Konstantin Lipskerov, Sergey Vasilyeviç
Şervinski, Marqarita Şaginyan, Rüstəm Əliyev (filoloji) tərəfindən rus dilinə, Ales Baçilo və Qriqori Nexay tərəfindən belorus dilinə edilmiş poetik çevirmələrdir. Əsər
ingilis dilində Qulam Hüseyn Darabın tərcüməsində
işıq üzü
görmüşdür.
"Sirlər xəzinəsi"nin
ən çox istinad edilən elmi tənqidi mətnlərini Əbdülkərim
Əlizadə, Vəhid
Dəstgirdi, Bəhruz
Sərvətyan və
Barat Zəncani hazırlamışlar.
Ədalət naminə qeyd etmək lazımdır ki,
əsərin ən uğurlu tərcümələri
məhz türk xalqlarının dillərinə
edimiş çevirmələrdir.
Bu da təbiidir: çünki
türk hansı coğrafiyada
və dövrdə olursa-olsun, prinsip etibarilə eyni cür düşünür
və bir türk mütəfəkkir-şairi
də məhz bir türk düşüncə
insanı incəliklərinə
qədər anlayıb
dərk edə bilər.
"Mənbələr şairin
"Sirlər xəzinəsi"
əsərinin XVI əsrdə
Üskublu Şəm tərəfindən mənsur
şəkildə tərcümə
edilərək şərh
olunduğunu göstərir"
(Araslı Nüşabə.
"Yeddi gözəl"
Əmin Yümni tərcüməsində. // AMEA Məhəmməd Füzuli
ad. Əlyazmalar İnstitutu,
"Elmi əsərlər",
№ 2 (9), 2019, səh. 3.). XX əsrdə
Türkiyə alimi
Mehmet Nuri Gənc Osman da "Sirlər xəzinəsi"ni
orijinal qaynaqlar əsasında Türk dilinə nəsrlə tərcümə etmiş
və həmin tərcümə 1946 (Ankara: Milli Eğitim Bakanlığı),
1960 (Ankara: Ankara Üniversitesi), 1964
(Ankara), 1986 (Ankara), 1990 (Ankara-İstanbul: Milli Eğitim
Bakanlığı) və
2019-cu (İstanbul: Ataç Yayınları) illərdə
nəşr olunmuşdur.
2019-cu ildə Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyinin "Azərbaycan
Kitablarının Dünyada
Tanıdılması Layihəsi"
çərçivəsində Yurtseven Şen Nizami "Xəmsə"sinə
daxil olan digər əsərlərlə
yanaşı, "Sirlər
xəzinəsi"ni də
Xəlil Rza Ulutürkün Azərbaycan
dilinə tərcüməsi
əsasında müasir
Türkiyə türkcəsinə
uyğunlaşdırmışdır
(İstanbul: Zəngin Yayıncılık).
Əsərin Azərbaycan dilinə
filoloji tərcüməsi
professor Rüstəm Əliyevə
məxsusdur. Süleyman
Rüstəm, Abbasəli
Sarovlu, Xəlil Rza Ulutürk, Xəlil Yusifli, Mir Cəlal Zəki kimi dövrünün görkəmli şair və alimləri isə məsnəvini Azərbaycan dilinə poetik tərcümə etmişlər. Mir Cəlal
Paşayev bəzi hekayələrin nəsr variantını işləyib
hazırlamış, dosent
Siracəddin Hacı əsərə on cildlik şərh yazmışdır.
"Sirlər xəzinəsi"nin
türk xalqlarının
dillərinə tərcüməsindən
danışarkən özbək
ədibi Jamol Kamolun da (Toşkent: Kamalak naşriyoti, 2016) çevirisini mütləq
qeyd etmək lazımdır.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki
Azərbaycan Mədəniyyət
Mərkəzi fəaliyyətə
başladığı bir
il ərzində mədəniyyətimiz
və ədəbiyyatımızın,
sənət və söz xadimlərimizin yaradıcılıqlarının təbliği və tanıdılıması, yayılması
və öyrənilməsi
sahəsində çox
dəyərli layihələr
həyata keçirməkdə
davam edir. Xüsusilə, Azərbaycan
şairi Nizami Gəncəvinin əsərlərinin
Türkiyə türkcəsinə
tərcüməsi və
nəşri, onların
qardaş ölkənin
elmi-ictimai mühitində
təqdimat mərasimlərinin
keçirilməsi istiqamətində
Mərkəz bir çox tədbirlər həyata keçirmiş və bu sahədəki
işlər davam etməkdədir. Azərbaycan
Mədəniyyət Mərkəzinin
layihəsi və dəstəyi ilə həyata keçirilən
layihələrdən biri
də Nizami Gəncəvi "Xəmsə"sinin
orijinaldan Türkiyə
türkcəsinə tərcümə
və nəşr edilməsidir. Artıq beşliyə daxil olan "Sirlər xəzinəsi" və
"İskəndərnamə" əsərlərinin tərcümə
və nəşri başa çatmışdır.
Bu il
(2025) Türkiyənin nüfuzlu
nəşriyyatlarından olan
Dərgah Yayınlarında
işıq üzü
görmüş "Sirlər
xəzinəsi"nin (və
digər məsnəvilərin)
tərcüməsini Atatürk Universitetinin professoru, Fars dili və ədəbiyyatı
kafedrasının müdiri
Nimet Yıldırım
həyata keçirmişdir.
Prof. Nimet Yıldırım
klassik Şərq ədəbiyyatı və
onun tərcüməsi
sahəsində çox
dəyərli işlərə
imza atmış və bu sahədə
kifayət qədər
təcrübəsi olan
tanınmış alimlərdəndir.
Nizami Gəncəvi əsərlərinin tərcüməsinin
məhz prof. Nimet Yıldırıma həvalə
edilməsi, fikrimcə,
olduqca doğru bir seçimdir. Qeyd etmək lazımdır ki, işin nəticəsi də bu fikri bir
daha təsdiq edir.
Qədim
ənənələri olan
tərcümə sənəti
ədəbi yaradıcılığın
əhəmiyyətli və
məsuliyyətli sahələrindən
biridir. Məhəmməd
Əmin Rəsulzadə
yazırdı ki, "Tərcümə,
amma həqiqi bir tərcümə təlifdən və təsnifdən daha müşküldür. Çünki
təlifdə fikir və mənalar yazanındır. Onları
istədiyi qəlibə
tökə bilər və zehni ancaq
məqamı ifadə
edə biləcək ləfzləri aramaqla məşğuldur. Halbuki
tərcümədə zehni
iki şeylə məşğul olmaq məcburiyyətindədir. Bir ifadənin
tərkib və tərdifi, bir də tərcümə olunan əsərin mənasının bəkarətini
mühafizə. Ancaq bu iki nöqtədə
müvəffəq olan
mütərcimlərdir ki, gözəl
tərcümə edə
bilərlər" (Məhəmməd
Əmin Rəsulzadə.
"Tənqid və təqriz". / "İqbal" № 497. 5 noyabr 1913). Ayrı-ayrı
kəlmə və sözlərin bütün
semantik imkanlarından
fövqəladə məharətlə
istifadə etmiş Nizami Gəncəvi kimi dili misilsiz
bədiiliyi və obrazlılığı ilə
fərqlənən, məcazlarla,
orijinal söz birləşmələri ilə
süslənmiş, dərin
fəlsəfi fikirlərinin
şərhi üçün
cildlərlə kitablar
yazılmış və
məhz elə bu səbəbdən də başqa dilin leksik fondu ilə ifadə edilməkdə çətinliklər
yaşanan sənətkarların
əsərlərini isə
tərcümə etmək
ikiqat çətin və məsuliyyətli işdir. "Və nəhayət, Nizami poeziyası tərcüməçilərinin
qarşısında dayanan
çətinliklərdən biri də şairin
əsərlərində həddən
ziyadə çox olan obrazlar bolluğunun
hamısının verilməsidir"
(Yelena Teyer. Nizami Gəncəvinin "Xosrov
və Şirin" poemasının rus dilinə ilk poetik tərcümələri. / Nizami
Gəncəvi Almanaxı.
I Kitab. Bakı: "Zərdabi
Nəşr" MMC, 2019. s. 143). Bu çətinliyi Nizaminin əsərlərini tərcümə
və təhlil etməyə çalışmış
akademik Yevgeni Eduardoviç
Bertels, professorlar - Rüstəm Əliyev,
Andrey Yevgenyeviç Bertels,
Yuri Dmitriyeviç Qranin
və digər alimlər də etiraf etmişlər.
Odur ki,
professor Nimet Yıldırımın
üzərinə götürdüyü
Nizami Gəncəvi
"Xəmsə"sinin, xüsusilə
də, şairin ən dərin fəlsəfi əsəri
hesab olunan "Sirlər xəzinəsi"nin
tərcüməsi kifayət
qədər elmi biliklərə sahib olmağı,
dilin leksik fonduna, semantik qatlarına, ayrı-ayrı
sözlərin məna
çalarlarına dərindən
bələd olmağı,
poetika və şeir sənətinin incəliklərinə vaqif
omağı tələb
edən çətin
və məsuliyyətli
bir işdir.
Prof. Nimet Yıldırım tərcüməni nəsrlə
nəzmin növbələşməsi
şəklində həyata
keçirmişdir və
qeyd etmək lazımdır ki, tərcüməçi
burada stabil bir prinsipə riayət etmişdir. Orta əsrlərdə yazılmış digər
əsərlər kimi,
"Sirlər xəzinəsi"
də ənənəvi
başlıqlarla - tovhid,
minacat, nət, kitabın yazılması səbəbi kimi hissələrlə başlayır
və əsərdəki
bu hissələr nəzmlə tərcümə
olunmuşdur. Məsnəvinin
hekayə bölümləri
nəsrlə tərcümə
edilmiş, hər bir hekayədən çıxan tərbiyəvi-didaktik
qənaətlər, şairin
özünə və
müasirlərinə ünvanlanmış
şəkildə qələmə
alınmış öyüd-nəsihət
məzmunlu lirik ricətlər və məqalatlar isə nəzmlə verilmişdir.
Kitab iki bölümdən ibarətdir və bu bölümləri şərti olaraq tədqiqat və tərcümə fəsilləri
adlandırmaq olar.
Prof. Nimet Yıldırım
birinci hissədə Nizami Gəncəvinin sənəti, yaradıcılığı,
"Sirlər xəzinəsi"nin
mövzusu, yazı dili və üslubu,
məzmunu, əsərə
yazılmış nəzirələr
haqqında bəhs etmişdir. Alim Azərbaycan
və Türk dünyasının fəsahət
və bəlağət
ustası Nizami Gəncəvinin şeir və sənətin, hikmətli sözün yüksək zirvəsində
dayandığını və
onun fəth etdiyi yüksəkliyə ulaşa biləcək başqa bir şairin hələ yetişmədiyini həm öz araşdırmaları
və qənaətləri,
həm də digər alimlərin əsərlərindən gətirdiyi
sitatlarla isbatlamışdır.
Kitabın sonunda məsnəvidə
adıçəkilən tarixi
şəxsiyyətlərin adlarından ibarət isimlər sözlüyü
də verilmişdir.
Ağır zəhmət bahasına,
Nizaminin öz sözlərilə desək,
"can bahasına" ərsəyə
gəlmiş, ədəbiyyat
və mədəniyyətimiz
üçün olduqca
dəyərli kitabın
tədqiqat hissəsindəki
bəzi məqamlar üzərində dayanmağa
ehtiyac olduğunu düşünürük:
Prof. Nimet
Yıldırım tərcümə
zamanı istifadə etdiyi mətnləri sadalamışdır. Təəssüf
ki, onların sırasında Azərbaycan
alimi Əbdülkərim
Əlizadənin hazırladığı
elmi-tənqidi mətn
(Redaktor: Yevgeni Eduardoviç Bertels. Bakı: Azərbaycan Respublikası Elmlər Akademiyası, 1960. 263 s.) yer
almamışdır. Adıçəkilən
nəşr Nizami Gəncəvi əsərlərinin
sanballı və etibarlı əlyazmaları
- Paris Milli Kitabxanası,
Oksford Bodleyn Kitabxanası, London Britaniya
Muzeyi, Leninqrad Dövlət Ermitaj Muzeyi, Leninqrad Şərqşünaslıq İnstitutu
və s. kimi nüfuzlu kitabxanalarda qorunub saxlanılan əlyazmaları əsasında
hazırlanmışdır və şairin əsərlərinin ən
mötəbər nəşrlərindən
sayılır.
Hörmətli alim və tərcüməçi
Nimet Yıldırım
"Sirlər xəzinəsi"ndəki
hekayələrin məzmun
özəlliyindən bəhs
edərkən, "Sultan
Səncər və qarı" hekayəsi haqqında yazır: "Sultan Sencer Gence`ye
komşu Abhaz`a hiç gelmemiş olsa da Nizami
hayali bir hikaye ile kocakarının,
Sencer`e itirazlarını
olağanüstü ifadelerle
dillendirmektedir" (Nizami
Gencevi. Sırlar Hazinesi. Çeviren: Nimet Yıldırım. İstanbul: Dergah Yayınları, 2025. s. 37). Alimin
bu izahından elə anlaşılır
ki, sanki hekayədəki hadisələr
Abxazda (Gürcüstanda)
baş vermişdir. Çox güman ki, tədqiqatçının
bu qənaətə gəlməsinə səbəb
hekayədə aşağıdakı
beyt olmuşdur:
Yetimlərin malını qəsb etmək (yaxşı) iş deyil,
Ondan əl
çək, o ki Abxaz qarəti deyil.
Məsələ burasındadır ki, əsərlərində dövrünün
tarixi-siyasi hadisələrini,
hətta təbii fəlakətlərini xatırlayan,
ictimai xadimlərə,
sələfi və müasiri olmuş sənət insanlarına münasibətini bildirən
Nizami Gəncəvi bu beytdə də Azərbaycan tarixi ilə bağlı bir hadisəyə təlmih yolu işarə etmişdir. Belə ki, hekayədə işlədilən "Abxaz
yağması" ifadəsi
ilə şair qarının dili ilə ölkədəki vəziyyəti, şihnələrin,
darğaların özbaşınalığını
1139-cu ildə baş vermiş dəhşətli
Gəncə zəlzələsindən
sonra gürcülərin
şəhərə hücumuna
və onsuz da yerlə-yeksan olan şəhərin amansızcasına yağmalanmasına
bənzətmişdir (məlumdur
ki, hazırda Gürcüstanıın Gelati
monastrında saxlanılan,
1063-cü ildə usta
İbrahim Osmanoğlu
tərəfindən hazırlanmış
məşhur Gəncə
qapıları da həmin yağma zamanı əsirlərin belində aparılmışdır).
Nizami Gəncəvi
əsərlərinin tərcümə
və nəşrindən
bəhs etmişkən,
bir arzunu da qeyd etmək
yerinə düşərdi.
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunda Nizamişünaslıq
şöbəsi fəaliyyət
göstərir. Sovet dövründə mövcud
olmuş, sonra isə ləğv edilmiş şöbə
2014-cü ildə institutun
direktoru akademik İsa Həbibbəylinin sərəncamı ilə
fəaliyyətini bərpa
etmiş və şöbənin elmi-tədqiqat
işləri birbaşa
Nizami irsinin öyrənilməsi ilə
bağlıdır. AMEA-nın
müxbir üzvü Nüşabə Araslının
rəhbərlik etdiyi şöbədə Nizami
Gəncəvi irsinin araşdırıcıları, müasir dövrün nizamişünas alimləri
fəaliyyət göstərir.
Yaxşı olardı
ki, şairin irsi ilə bağlı
nəşrlər yayımlanmadan
öncə şöbəyə
təqdim olunsun, müzakirə olunduqdan və tövsiyələr
verildikdən sonra işıq üzü görsün. Və belə mötəbər nəşrlərin bir Azərbaycan və bir Türkiyə aliminin elmi redaktəsi
ilə yayımlanması
onun nüfuzunu və elmi sanbalını
daha da artırmış
olardı.
Sonda dahi
Azərbaycan şairi Nizami Gəncəvinin
"Xəmsə"sinin orijinaldan
Türkiyə türkcəsinə
tərcüməsi layihəsinin
təşəbbüskarı və dəstəkçisi
Azərbaycanın Türkiyədəki
Səfirliyinin nəzdindəki
Azərbaycan Mədəniyyət
Mərkəzinə şairin
irsini öyrənənlər
adından təşəkkürümü
bildirir, bu çətin və ağır zəhmət tələb edən məsuliyyətli və şərəfli işi öhdəsinə götürmüş
Prof. Nimet Yıldırıma uğurlar
arzılayıram.
Təhminə
BƏDƏLOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.24-25.