Ulucay Akifin "Piterə həmişə
qar yağır" hekayəsində
mental savaş və
stereotipin arxetipə dönüşümü
Mədəniyyətin, tarixi şəraitin və müəyyən şərti mühitin təsiri altında formalaşan, şüurumuza nüfuz edərək dünyanı qavrayışımıza təsir göstərən stereotiplər müsbət, yaxud mənfi olmasından asılı olmayaraq dünyaya baxışı məhdudlaşdırır və qəlibləşmiş, şablon düşüncəyə, obrazlara çevrilir. Şüurlu yanaşma və tənqidi düşüncə tələb edən, mürəkkəb və çoxşaxəli proses olan stereotiplərlə mübarizə ümumiləşdirmələrdən xüsusiləşmələrə, qloballıqdan fərdiliyə, statiklikdən dinamikliyə keçiddir. Stereotipin alt şüura keçib gələcəkdə arxetipə çevrilməməsi üçün, mənfi kontekstli stereotiplərin dağıdılması üçün yeni obrazlar, yeni stereotiplər yaranmalıdır. Bədii mətnlərdə əks olunan stereotiplər daha böyük təsirə malik olub, oxucunun dünya haqqında təsəvvürünü formalaşdıran güclü vasitəyə çevrilir. Stereotiplərdən istifadə yazıçıya oxucunu daha mütəhərrik bir şəkildə müəyyən kontekstə, auraya salmaq imkanı verir, artıq qəlibləşmiş obrazın fonundan çıxış edərək tam orijinal süjet yaratmaq, fərqli nüanslara diqqət çəkmə, vurğulama şansı yaranır. Bədii mətndə məhz stereotip obraz və düşüncəyə qarşı meydan yaradılanda müəllif ustalıqla, şablon və yenilik, qəlib və antiqəlib, şüur və altşüur arasında tarazlığı, balansı gözləyərək oxucunun gözləntiləri ilə oynaya, formalaşmış ideyaları dağıdaraq, yaxud təsdiqləyərək məlum kontekst üzərində yeni, daha mürəkkəb və çoxşaxəli obrazlar yarada bilir.
Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsi müasir ədəbi prosesdə ənənəvi nəsrimizin mövqeyinin hələ də möhkəm olduğunu və bu proza xəttinin uğurla davam etdiyini göstərən bariz bir nümunədir. Hekayənin əsas obrazı olan bakılı gənc qonaq müəllifin prototipi kimi qəbul edilsə də, əslində özündə Qafqaz, Şərq kişisinin ümumi obrazını təcəssüm etdirir. Günəşli, qaynar Qafqazın övladı soyuq, yağışlı, Sankt-Peterburqa qədəm basdığı andan öz stereotiplərinin təcəllisini görmək arzusu və reallıq arasında çırpınır. Onun aləmində "Piterə həmişə qar yağır" və qarın yağmamasından pəjmürdə olmasının altında əslində öz mental yaddaşında qoruduğu mənzərənin pozulması qorxusu dayanır. Sevgisinə isindiyi Svetanı da əslində stereotip bir obrazda gördüyü üçün onunla münasibətini ciddi qəbul edə bilmir. Svetanın bacısı İrina da məhz bu stereotipi onun üzünə vurur: "Siz niyə elə bilirsiz ki, rus qızları ancaq əylənmək üçündü? - budəfəki sualında inciklik hiss olundu.
- O nə sözdü? Mən elə fikirləşmirəm.
Hekayənin qəhrəmanı burada əks tərəfin stereotip düşüncəsi ilə üz-üzə gəldiyi üçün dərhal müdafiəyə keçir. Amma əslində bu suala verəcək bir cavabı yoxdur. Çünki hər iki cəmiyyətin uzun illər ərzində formalaşmış, qəlibləşmiş düşüncəsi bu suala cavab yeri qoymur. Çünki hər iki stereotip təfəkkür qarşı cəbhənin xarakterik xüsusiyyətlərini, obrazını teorem kimi yox, hipotetik şəkildə qavrayır. İzaha, mizaha, isbata gərək yoxdur. Qəhrəmanın hekayənin əvvəlində Svetaya verdiyi sual da əslində onun öz içindəki obrazın doğruluğuna bir daha əmin olmaq ehtiyacından doğur: "- Ora İsakiev kilsəsidi. On doqquzuncu əsrdə tikilib... qırx ilə! Həm kilsədi, həm də muzey, - əli ilə ehtişamlı, qızılı günbəzli kilsəni göstərdi.
- Pravoslav kilsəsidi? - ağlıma gələn ilk sualı verdim.
- Əlbəttə! - təəccüblə mənə baxdı. Söhbətimiz kəsildi." Gəncin "ağlına gələn ilk sual" əslində elə təhtəlşüurdan gələn doqmadır. Təhtəlşüur qorxur ki, birdən Piterə həmişə qarın yağması kimi bu doqma da səhv çıxar. Qəhrəmanı təəcübləndirən əsas məqamlardan biri də qonaq qaldığı evdə yeni il ağacının olmamasıdır. Axı bu necə ola bilər?! Çar Rusiyasının, sonra isə Sovet İttifaqının mirası kimi qavradığımız yeni il ağacının ona doğma məkanda olmaması qəhrəman üçün ağlasığmazdır. Hekayənin qəhrəmanı şüurunun, təhtəlşüurunun yaşatdığı obrazın dağılmasına dözə bilmir. Və məhz onun təklifi ilə yeni il ağacı alınır: "- Sizin evdə yolka yoxdu? - soruşdum.
- Deyəsən, yoxdu, - bir az fikirləşib cavab verdi.
- Yolkasız bayram olar?! Gəl, balaca da olsa, birini alaq.
Etiraz eləmədən razılaşdı,
böyük suvenir mağazalarından birinə
girdik. Yolkanı mən, bəzəklərini
və işıqlarını
Sveta seçdi".
Hekayənin qəhrəmanı üçün
Sveta sadəcə, bir
şimal şəfəqidir,
onun saf görünən sevgisinin
xəyanətkar potensiallı
olması da Piterə daim qarın yağması qədər
böyük bir ehtimaldır. Bu ehtimalı
yoxa çıxaracaq yeganə məqam Piterə qarın yağmamasıdır. Və
hekayənin qəhrəmanı
Svetanın otağındakı
naməlum kişi ilə qucaqlaşdığını
əks etdirən şəkli gördüyünü
məhz Piter qarını görənə
qədər görməzdən
gələ bilir, ancaq o məqama qədər susa bilir: "Qarın içində itən baxışlarımı bəyaz
ənginlikdən güclə
yayındırıb Svetaya
zilləndim:
- O şəkildəki kişi
kimdi?"
Beləliklə, Ulucay Akifin
"Piterə həmişə
qar yağır" hekayəsi yalnız mövzu, dil və üslub baxımından ənənəvi,
doğma deyil. Əslində bizə, oxucuya doğma gələn əsas məqam mətnin alt qatı, təhtəlşüurdan
gələn obrazlar, hər iki cəmiyyətin
yaradıb-yaşatdığı stereotiplərdir. Ulucay Akifin yaratdığı qəhrəmanın ən
əsas, ən önəmli, yeni və fərqli cəhəti isə obrazın öz içində ikiləşməsi, ənənəvi
düşüncə ilə
yeni baxış cəhdinin
çarpışmasını göstərə bilməsidir.
Qəhrəmanın altşüuru
ilə şüuru savaşır, sonda yenə də kiçik bir qığılcımla, bir
simvolla - Piterə səfərin əvvəlindən
gözlənilən qarın
yağması ilə altşüur önə keçir, stereotipin arxetipə doğru yolu başlayır.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.25.