İki ömür
Şair obrazı var, ta qədimlərdən formalaşaraq bu günə adlamış bir obraz, elə bir nəsnə ki, qabaqlar insan bunu açıqca söyləməkdən nəinki
çəkinər,
hətta gizlədərdi.
Gizlətmək məhrəmlik
anlayışıyla bağlıdır,
yəni şairlik elə bir şeydir
ki, dedikcə, səsləndirdikcə
üstündəki "şeh"
dağılır, sehri itir
və ortada fasiləsiz danışan,
söz deyən, sözlə oynayan adam qalır. XX əsrin sonlarından bu günə qədər adamlar daha çox sözlə oynayırlar. Məsələ bu deyil.
Bizim söz açacağımız
məsələ bir şairin öz ömründə, yaradıcılığı
boyu ikinci ömrü yaratması, yaxud güdaza verməsidir. Dünyada çox gənc yaşında həyatdan getmiş şairlər
var. Çox uzun ömür sürmüş,
yorulmuş, sümüyü
sürmə olmuş şairlər də. Şair məhz öz varlığıyla,
gücü, mətanəti
və ürək yanğısıyla ikinci bir ömrü yaratdığı üçün
həqiqi ömrü yarımçıq qala bilir, düz körpünün ortasında
yolu bitmiş şairlər... Məsələn,
Fernando Pessoa. Hardasa modernizmin
və yeni tənqidin banilərindən biri Tomas
Eliotla yaşıd olub, biri Portuqaliyada,
o biri İngiltərədə
modernizmin şah əsərlərini yaradıblar.
Və heç zaman görüşməyiblər. Yalnız
ömrünün sonunda
Pessoanı Avropaya mühazirə oxumağa dəvət ediblər, ancaq ölüm aman verməyib, beləliklə, onların
görüşməsi baş
tutmayıb. Bu görüş
baş tutsaydı, iki nəhəng şair görüşə
bilərdilər (bunu xarici tədqiqatçılar
yazır, özü də təəssüflə:
görəsən nə
olardı?). Ancaq bəlkə də baş tutmamalıydı. Kiminçünsə yolun
tez bitməsi zahirən amansızlıq
kimi görünə bilər, gerçəkdən
bu elə belədir, ancaq bir dəfə yaradılan bədii mətn içinin gücünə dayanaraq bizim oxu imkanlarımıza
uyğun artıb çoxalır da...
Bu amansızlığın qarşısında
başqa bir alternativ yoxdur, bədii mətn ömrü, arzu və duyğuları çoxaltmaq cəhdində
bulunar. Ömrü, həyatı damcı-damcı
yox olan şairin həyatına paralel başqa bir ömür cücərtmək. Gün
gələr, şeirdən
məbədlər ucaldan
şair köç edər, onun mətnləriylə yaranan
ömür davam edər, virtual çeşməyə
malik olduğundan bitib-tükənməz,
hərdən unudular, hərdən, lap qəfildən
yaxandan yapışıb
səni silkələr...
Himmətlə get, çünki ömür
ayaqdan ləngdir...
Hava tozludursa, toz ilə barış,
Dərman
tapılmasa, dərdinlə
barış,
Rüzgarın loğmanı ovsun
satandır...
Nizami Gəncəvi
Gerçək
ömrə paralel qurulan ömür mətni həyat və
varlıq evindəki bütün zəlzələ və
dağıntıları, qasırğa və sakitliyi ovuc
içindəki kimi göstərir, hər şeyə
güzgü tutur. Güzgünün arxa tərəfinin qara rəngə
boyanması başqa bir dünyaya keçidin
qadağasıdır, bu keçid gerçək ömür
bitən kimi açılır, Əli Kərim demişkən,
gah bu yerin üzünə, gah da yerin altına. Ömür mətni
fraqmentlərdən oluşur, hansısa bitişir,
hansılarsa uzun müddət kənarda qalıb qəhərdən
bağrı çatlayır.
Janr məsələsi. Qəzəllə tikilən
ömür mətni üzdən sakit, daxildən tufanlı
olur. Bəzən qədim dövrlərin fraqmentləri əsrlər
sonra öz uyğun parçalarını tapır, məsələn,
Mirzə Şəfi Vazehin, yaxud Nəbatinin
yaradıcılığında. Vazehdə tikilən
ömür qədər tənha model heç harda yoxdur, həm
janr etibarıyla, həm tale baxımından. Bu ömür mətni
heç bir axına qovuşmur, cəlayi-vətən olub
müxtəlif yad dillərdə susur, geri qayıdıb
doğma dilin qapısı ağzında dərd çəkir.
Ömür mətninin materialı,
şübhəsiz ki, dildir, ana dili. Bu mətndə
sirlər biz bilmədiyimiz qədərdir. Şair öləndən
sonra qoyub getdiyi mətnlərdə onun başına gətirilən
hər şeyə cavab var. Mendeleyevin cədvəlindəki
boş yerlər kimi olacaqlara işarələr var. Şeirdə,
poeziyada, ümumən ədəbiyyatda valentlik məsələsi.
Füzulinin qəzəllərinin çevrildiyi ömür
mətnində onlara qarşı deyilən hər fikrə
reaksiya var, nöqtəni yerinə qoyan, ya da irəli
sürülən ideyanı tamamlayan formada. Nəsimi antik
çağdan bu günə qədər hər şeyi izah
edir, həm də sən demə, özünün səs
çatmayan gizlinlərini açır, ikinci ömür mətninin
sürüşən daşlarını,
duyğularını onun qədər gizlədən və
açıq şəkildə ifadə edən ikinci bir
şair yoxdur. Sabirin "Bənzərəm bir qocaman dağa
ki, dəryada durar" mətləsi daha çox gələcəyi
ifadə edir, indi, yəni onun dövründə və gələcəkdə
ona deyilən bütün acı sözlər bu günəşin
altında zay olur, əriyir, çəkilib gedirlər.
"Heydərbabaya salam" ana dilinin ilkin yuxudan silkinmiş
halıyla yazılan, gələcəyin ultra modern mətnlərinin
mənbəyidir. Elə mətnlər var ki, onlara oxşar,
onları təqlid edən mətnlər yazıldıqca
gücünü itirir, amma Şəhriyarın bu təkrarsız
mətni təklik və tənhalığını
saxlayır.
Bədii
mətnin möhtəşəm
tənhalığı...
Şəhriyarın Eynşteynlə
əlaqəli mətni
(gerçək ömrə
paralel mətn):
Eşq açarını ələ
alıb,
Bu müəmmanı həll
et.
Əgər açar düşsə,
elm yolu ilə
Bu köhnə qıfılı
aç!
Eynşteyn, daha yuxarı qalx,
Allahın özünü tap!
İkinci
mətnin, ömür mətnin yaranması
qaçılmazdır, Dino Bussatinin "Tatar
çölü"ndə buna işarələr yox deyil.
"Quşların xoru şəlalənin səsini təkrarlayır".
Ona görə ki, "...hər halda zaman insanların dərdinə
qalmadan yerində dayanmırdı, dünyanın üzərindən
əsərək keçir, nə vaxtsa çox gözəl
olan hər şeyi öldürürdü və heç kim, hətta
adsız olan körpələr də ondan qaçıb gizlənə
bilmirdilər..."
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.28.