Qadınları sağ ikən dinləyin...
Ki, bir
daha belə əsər yazılmasın
Tamaşanın əvvəlində belə
bir mövzuda qadın müəllifin, dramaturq və rejissor Birgül Yaşıloğlu Gülərin
qələmə aldığı
sosial drama məhz kişi rejissorun, Gəncə Dövlət
Milli Dram Teatrının baş
rejissoru Elşad Əhmədlinin səhnə
quruluşu verməsi qeydi əhəmiyyətli məqam kimi fikrimdən keçdi (pyesi Azərbaycan dilinə çevirən də kişidir - Şəki Dövlət
Dram Teatrının rejissoru
Elvin Nuri) və süjetin
və ya əsərin məzmunu dörd qadının həyat hekayətindən
ibarət olduğu üçün süjetlərin
kamera səhnəsində
canlanması boyunca şərtilikdən, pafosdan,
şüarçılıqdan uzaq olması səbəbindən özünü
doğrultdu. Birgül
Yaşıloğlu Gülərin
"Qadınlar danışsalar"
sosial dramı son 4-5 ilin ədəbi-mədəni
hadisəsi kimi Türkiyədə özünün
layiqli, yüksək qiymətini alıb və teatr səhnəsinə
də gətirilib; orada da, hər dəfə də kişi rejissorlar tərəfindən. Tamaşanın
sonunda isə düşündüm ki, pyesin
müəlllifi əsərinin
adını "Qadınlar
danışanda" format və
fabulasında da qoya bilərdi - qadınlar sağ ikən sözlü danışanda,
yaxud sözsüz, davranışı, vəziyyəti
dilinin əvəzinə
"dilə gələndə",
"dillənəndə" müstəqim və ya məcazi mənada onların ağzından vurmayın, etinasız yanaşmayın, niyə danışdığının, nə danışdığının
fərqinə varın,
məzmun-mənası ədəbi
materialın qayəsi,
"qırmızı xətti"
olduğuna görə.
Gəncə Dövlət Milli Dram Teatrının "Qadınlar
danışsalar" sosial
dramının məhz
kamera tamaşası tərzində qurulması
da labüddür - dörd
qadının acı həyat hekayəsi böyük səhnədə
tamaşaya qoyulub oynanılarsa, bu bir az kənar
seyrçi nəzəri
ilə izlənilə
bilər. Kamera tamaşası isə həm rejissordan, həm də aktyordan müstəsna və eyni zamanda
qədərində olan
səmimiyyət tələb
edən teatr yaradıcılığı növüdür.
Və bu cəhət belə bir pyes üçün
son dərəcə vacibdir.
"Qadınlar danışsalar"
xəbərdarlıqmı, ehtimalmı, gözləntimi
nidası süjetə
görə kimsəsiz
ölülər məkanında
səslənir. Birhissəli
sosial dram tamaşası
insan həyatının
bitdiyini bəyan edən tibbi lövhədəki dalğavari
xəttin düz xəttə çevrilməsi,
səciyyəvi siqnal səslərinin kəsilməsi
ilə başlayır.
Tamaşanın quruluşçu
rəssamı Mirzə
Mehdinin bacarıqlı
yanaşması qeyd edilməlidir. Səhnənin
ortasında bir qadın görünür.
Məlum olur ki, yuyucudur, mürdəşirliyi
özünə peşə
seçib. Daha doğrusu, həyatında
olan kişilər - əvvəl atası, sonra isə əri ona başqa
seçim imkanı qoymayıblar. Halbuki kifayət qədər açıqgözlü, həyatsevər
bir yeniyetmə, daha sonra gənc
qız və nəhayət, qadın olduğu dərhal sezilir. Lakin onun uşaqlıq xatirələri
çoxlu bacı-qardaşının
qayğısına qalmaqdan
və atasının yanında mürdəşirliyin
sirlərini öyrənməkdən
ibarətdir. Bacı-qardaşının
yükünü çəkmək
ucbatından məktəb
üzünə də
həsrət qalıb.
Hələ üstəlik,
anasının günüsünün
də uşağını
böyütməyi onun
boynuna qoyublar. Xalq artisti Pərvanə
Qurbanovanın təqdimatında
Yuyucu qadın obrazı o qədər inandırıcı elementlərlə
oynanıldı ki, biz Birgül
Yaşıloğlu Gülərin
qəhrəmanının səsini
də eşitdik, nəfəsini də duyduq, özünəməxsus
danışıq tərzinin
fərqinə də vardıq.
Lap gənc yaşlarında "mənə birinci kim elçi düşsə, ona ərə gedəcəm ki, canım atam evindəki yüklərdən qurtarsın", deyən gələcək yuyucu qadınla evlənmək istəyən ilk şəxs ondan iyirmi yaş böyük axund olur... və...atası qızının yalvarışlarına məhəl qoymayaraq bu izdivaca razılıq verir. Amma bir az əvvəl qeyd etdiyim kimi, Pərvanə Qurbanovanın qəhrəmanı zərif cinsin aşıqgözlü nümayəndələrindəndir - din adamı, axund olmağı başqalarının haqqını tanımamaq hüququ kimi anlayan üzdəniraq ərindən boşanıb qızını təkbaşına böyüdür. İnsanlardan küskündür müəyyən qədər. Meylini, mehrini ölülərə, yuyub-təmizləyib axirət dünyasına hazırladığı meyitlərə salıb, onlarla söhbətləşir, dərdləşir... Hətta kişilərin idarə etdiyi dünyanın onu əxlaqsız qadına çevirdiyi Gözəlçə qadının (Sevinc Hüseynova) meyitinin yanında tapdığı zınqırovlu rəqqasə qavalçasını tapanda sevinib, ölüxananın ortasına düşüb rəqs də edir. Meyitlərlə danışdığına, cansız cəsədlərin ruhunu dilləndirdiyinə görə onu dəli yerinə qoyurlar - cəmiyyət güzgüdə özünü görəndə hürkür axı. Məsələn, Gözəlçə qadının ömrü boyu əks cinsin istehlakçı münasibətinin tuşundan qurtula bilməməsi, hətta erkən ərə verildiyi kişilərdən birindən oğlan uşağı dünyaya gətirməsinin, ailəsi dağılandan sonra bir başqasını sevməsinin də xeyri, nicat keyfiyyəti olmur ki, olmur - onu insan və qadın yerinə qoymurlar, yalvarışlarını eşitmirlər, göz yaşlarını görmürlər. İntihara sövq edirlər.
İmkanlı, nüfuzlu, amma xoşbəxtliyin nə olduğunu bilməyən bir ailənin qızı olan, ilk gənclik yaşında gözəllik müsabiqəsində iştirak etdiyi üçün atası tərəfindən övladlıqdan çıxarılan, evdən qovulan, kinoaktrisa fəaliyyətinə başlayan Aktrisa qadın obrazı (Zəminə Cəfərova) təkbaşına yeni və normal həyat qurmağa çalışır. Lakin ata sarıdan bəxti gətirmədiyi kimi, ər sarıdan da yarımır - içki düşkününə ürcah olur, onun bu məhvedici asılılıqdan qurtulmasını gözləyə-gözləyə illərini bir qadın olaraq heçə döndərir. Yeganə sevinci ana olmaq müjdəsi idi, amma burda da fərəhi yarıda qırılır - içki düşkünü olan ərindən doğulan qızı daun xəstəsi kimi dünyaya gəlir. Qadın yenə ruhdan düşmür, alkoqol şüşəsinin dibinə düşüb ordan çıxmaq istəməyən ərindən ayrılıb qızını normal şəraitdə böyütmək üçün atası evinə üz tutur. Anasının vəfatından sonra qızı yaşında qadınla ikinci dəfə evlənən atası (əgər ona ata demək mümkündürsə) bu dəfə də onu qovur. Qadın yaşam uğrunda çabalamağa başlayır. Şəhər bələdiyyəsi onun qayğılarını ödəməyi öz üzərinə götürməyə söz verir, lakin rəhbər işçinin dəyişməsi ilə bu qərar da dəyişir, reallaşmır - idarəetmə sisteminin dayanıqsızlığına, güvənsizliyinə işarə. Sonda kifayət qədər tanınmış kinoaktrisa fəaliyyətini geridə qoymuş qadını kimsəsiz böyüklər, qızını isə kimsəsiz uşaqlar evinə aparırlar. Əvvəl qızı Allahın dərgahına yollanır, sonra özü...
"Qadınlar danışsalar" sosial dramında həyat hekayəsini danışan kimsəsiz meyitlərdən daha biri Qaçqın qadın (əməkdar artist Kəmalə Məmmədova) obrazıdır. Digər üç qadından fərqli olaraq onun sağlığındakı, cismani həyatla vidalaşana qədərki həyatı uğurlu, ürəkaçan olub. Təhsil alıb, ixtisas, peşə qazanıb, iş yerində özünü ifadə etmək imkanı olub, ürəyincə olan ailə həyatı qurub, ana olub... İkinci hamiləliyi zamanı müharibə başlayıb. Əri ilə oğlu qətlə yetirilib. Bu boyda zərbə azmış kimi tale ona qaçqın həyatını da çox görüb, qaçqın həyatının astanasında əri ilə ilk övladının yanına göndərib...
Qadınların dördü də anadır. Övladlarını sadəcə dünyaya gətirməyiblər, sonadək onların ayaqda qalması üçün çarpışıblar, kimsəsiz ölülər məntəqəsinə Yuyucu, Gözəlçə, Aktrisa kimi düşəndən əvvəl həyatları nə qədər acınacaqlı olsa da, övladlarından imtina etməyiblər.
Beləliklə, qadın müəllifin real hadisələrə əsaslanaraq qələmə aldığı "Qadınlar danışsalar" sosial dramı kişi rejissor tərəfindən qadın dünyasını anlayış və həssaslıqla (bu, çox vacib məqamdır) açaraq sosial problemlə teatr sənətini ustalıqla uzlaşdırıb. Personajların ölüxana sakinləri olması qətiyyən triller təəssüratı doğurmur. Eynilə onların bir-bir öz həyatlarını nəql etməsi də bayağı mənada sosial "SOS", ictimai həyəcan təbili təsiri də yaratmır. Tamaşaçı bu qadınları bir-bir dinləyir. Amma psixoterapevt kimi yox, müşahidələrinin, qənaətlərinin kamera teatr tamaşası səhnəsində əksi kimi qəbul edir onları.
Samirə BEHBUDQIZI
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.30.