"Suğra
və oğulları"-
II Dünya
müharibəsində
Azərbaycan qadınlarının
mübarizəsi
Azərbaycanda kino niyə inkişaf
etmir? Bu sualı tez-tez eşidirik. Cavablar müxtəlifdir, amma mən bu
suala "Suğra və oğulları" cavabını vermək istəyərdim. Doğrusu,
deyərdim ki, bu sualı verəndən sonra "Suğra və oğulları"na
mütləq baxmaq lazımdır.
1 saat 25 dəqiqə 22 saniyə.
2021-ci ildə çəkilmiş
bu filmi izlədim və bu film haqqında mənfi və müsbət fikirlərimi bölüşmək
istəyirəm.
"Suğra və oğulları" filmi, müharibənin
fiziki cəhətlərindən
daha çox, onun insanlar üzərində
yaratdığı psixoloji
və emosional təsirlərinə diqqət
çəkir.
Film İkinci Dünya müharibəsi dövrünün
Azərbaycanını əks
etdirir. Amma bu filmdə müharibə səhnələri, partlayış
səsləri yoxdur.
Bu filmdə müharibə
yoxdur. Bu filmdə dağ kəndlərindən
birində yaşayan Suğra adlı qadın və onun iki oğlu
- Bəxtiyar və
Musa var. Onun əri müharibədədir. İki
oğlu ilə yaşayır, ərinin öldüsündən, qaldısından
xəbər gözləyir.
Film uşaqların əllərində
taxtadan düzəldilmiş
silahlarla - "Vətən
uğrunda, irəli!
Stalin uğrunda", - deyib
qaçmaları ilə
başlayır. Filmə
bu cür başlamaq, deyərdim ki, çox uğurlu alınıb və izləyicini filmə baxmağa sövq eləyir.
İlqar
Cahangirin canlandırdığı
kolxoz sədri Barat obrazı filmin gedişatında mühüm
rol oynayır. Barat obrazı, müharibə dövründəki sovet idarəçiliyinin və
güc strukturunun simvoludur. Onun davranışları və
münasibətləri, həm
cəmiyyətdəki sosial
və siyasi təzyiqləri, həm də şəxsi sferadakı əxlaqi dejenarasiyanı açığa
çıxarır. Baratın
həm kişilik, həm də sosial təzyiq altında necə bir əclafa çevrildiyi çox yaxşı göstərilib.
Baratın mənfi obraz olması kolxozun anbarında Suğra ilə dialoqunda açılır. O, Suğraya
ərinin müharibədə
olmasını, qadınlıq
qüruruna toxunaraq ərinin müharibədə
sanitarkalarla kef çəkməsini
deyir və təklif edir ki, onu saxlaya bilər.
Suğra isə namusunun keşiyində necə durmaq lazımdırsa, elə də edir, Baratı
təhqir eləyib rədd edir.
Haşiyə çıxıb filmi uzadan, bir az
sıxıcı eləyən
məqamları qeyd etmək istəyirəm. Birinci məqam budur ki, filmboyu musiqidən az istifadə olunur, üslubu sevirəm, amma filmdə bəzi epizodlar çox uzadılır. Məsələn, Musanın
eşşəklə qaçdığı
səhnə, Suğranın
oğullarıyla yemək
yediyi səhnə və s. İkinci məqam isə, film insana çox soyuq təsir bağışlayır. Bütün
hadisələr emosional
baxımdan zirvəyə
çatmamış qırılır.
Saranın zorlanması
səhnəsi istisna olmaqla.
Suğranın oğluna müharibəyə
çağırış məktubu gəlir. Özü də görün, bu məktubu kim gətirir - Barat! Barat sanki
Suğranın böyük
oğlunun müharibəyə
getməsinə və
onun daha da müdafiəsiz qalacağına
sevinir və məktubu şəxsən
özü gətirir.
Bəs
Musa hara qaçır? Axı
o uşaqdır. Musa meşənin
içində bir balaca tunelə sığınmış Əhədgilin
yanına gedir. Əhədin babası ilə Suğranın babası qardaş olub və birgə
sürgündə olublar.
Yəni əminəvəsidirlər.
Əhəd də babası kimi Sovet hökuməti üçün döyüşməkdən
boyun qaçırıb
və öz əqidəsində olan adamlarla bu tunelə,
mağaraya sığınıb.
"Yeddi oğul"un
tam əksi. Suğranın
Əhəddən başqa
çıxış yolu
yoxdur. Bunu filmin irəliləyən dəqiqələrində də
görmək olur.
Birinci epizodda Suğraya yiyə durmaq istəyən Baratın niyyətində az da olsa, yaxşı bir şey tapmaq,
onun bu niyyətinə
sevgi və sahiblənmək donu geyindirmək mümkün
idisə, ikinci epizodda Barat təkcə pis adam yox,
həm də əclaf çıxır.
O, kəndin sakinlərindən,
kolxozun işçilərindən
biri olan Saraya ilişir. Tək qaldıqları məqamda Saraya məktub uzadır. Məlum olur ki, onun da qardaşı müharibədən qaçıb.
Barat əlindəki bu
faktdan Saraya qarşı istifadə edir və Saraya
da seksual maraqla yanaşmağa başlayır.
Baratın əclaflığı
bununla bitmir.
Amma bu dəmdə diqqətinizi Rasim Cəfərin canlandırdığı
kəndin gəlmələrindən
olan müəllim obrazına yönəltmək
istəyirəm.
Bu müəllim uşaqlara
Sovet ideologiyalarını
öyrədir. Ancaq əslində o, başa düşür ki, öyrətdiyi
şeylər o qədər
də faydalı deyil, puç ideologiyadır, sadəcə,
nəsə etmək qüvvəsində deyil. Bilmirəm, fikir vermisinizsə, Rasim Cəfərin müəllim
obrazı mahiyyət etibarilə də, simaca da sanki Cəbiş müəllimə
çox oxşayır.
Daha bir məqam bu filmin ağ-qara
çəkilməsidir. Dövrü
çatdırmaq etibarilə
müsbət olsa da, məncə, bu filmi rəngli versiyada çəksəydilər, daha
yaxşı olardı;
sovet dövrünün
ağ-qaralığından çıxardıq. Amma bunun
da rejissorun sovet ideologiyasını təbliğ
edən ağ-qara filmlərə əks mövqedə dayanması ilə yozmaq olar. Çünki bu filmdə sovet ideologiyasının ziyanlı olması mesajı var.
Bizim bu Baratın oğraşlığı üçüncü
epizodda zirvəsinə
çatır. Baratla
Sara anbarda tək qalırlar. Barat dəm bu dəm deyib,
Saranın ağzını
tutur və elə anbardaca...
Beləcə, Barat bir müddətlik
də olsa, şəhvani hisslərini
kiritmiş olur. Filmin əvvəlində Baratın dananı kəsib kəndə paylayan zaman Saraya "siz yetim uşaqlarsız"
deyib, daha çox pay verməsinə
baxıb ürəyim
dağa dönmüşdü.
Sən demə, bunun öz dərdi
də ət imiş.
Qayıdaq Musanın balaca
qardaşı Bəxtiyara.
Filmin lap əvvəlindən
Bəxtiyar ön plandadır. Filmdə baş verən hadisələr Bəxtiyarla
başlayır, əksəriyyətində
Bəxtiyar Bəxtiyarla
da bitir. Qardaşı
Musanın qaçmağında
da, məktəbin şüşəsinin
qırılmasında da, Baratın...
Bəxtiyarın Baratla
nə əlaqəsi
var, bir az səbir edin, deyəcəm. Hə, Bəxtiyar rejissorun bu filmdə gizlətdiyi kameradır. Hadisələrə həm
də Bəxtiyarın
gözüylə baxırıq.
O, hər yerinə girəndə bir məktub oxuyur və atasına "gecən xeyirə" deməmiş yatmır.
Filmdə
ən ağır səhnələrdən birinin
şahidi yenə Bəxtiyar olur. Anasının verdiyi yeməyi Saraya gətirən Bəxtiyar onun bəkarəti zorla pozulmuş cəsədinin asıldığını
görür.
Filmin ən ağır səhnələrindən biri
də elə Saranın basdırılması
anıdır. Burada Suğra ilə Barat üzləşir və onların baxışları
danışsa da, bir-birlərinə
bir kəlmə də demirlər.
Təbii
ki, Barat Musanın qaçdığından,
Suğranın oğluna
kömək etdiyindən
xəbərdardır. Və
hökumətin adamları
Musanı axtarmaq üçün Suğranın
evinə gəlirlər.
Suğranı həm oğlu ilə bağlı sorğu-sual edirlər, həm də Baratın ölümü ilə bağlı. Bu məqamda
da Bəxtiyar Baratın
ölümünü görsə
də, hökumətin
adamlarına yalan danışır və onu sonuncu dəfə
Saranın dəfnində
gördüyünü deyir.
Bəxtiyarın Soveti təmsil etməsi məhz burada onun "mən həmişə hazıram" deməsiylə
üzə çıxır.
Bəlkə də o uşaq ağlı ilə həm də atasına qovuşmaq üçün
davaya getmək istəyirdi.
Maraqlı məqamlardan biri
budur ki, Suğra filmboyu uşaqlarını
bircə dəfə də olsun qucaqlamır,
öpmür, sanki bunu etmək istəyir, ancaq nədənsə geri çəkilir. Bəxtiyarla
Musa onun nəvazişini
yedikləri yeməkdən,
əyin-başlarından hiss edirlər. Amma Bəxtiyar anasının ən çətin anlarında onun yanında olur, onu ayağa
qaldırmağı bacarır.
Bu filmi ona görə bəyəndim ki, müharibənin
arxa cəbhəsini göstərir. Mən məhz belə filmlərin çəkilməli
olduğunu düşünürəm.
Müharibəin ön
cəbhəsi statistikadır,
arxa cəbhəsi isə tale. Məhz Suğra və oğullarının taleyi
kimi.
Filmdə
müharibə səhnələrinin
olmaması, lakin onun təsirlərinin və insanların müharibə ilə əlaqəli həyatlarının
təsvir edilməsi diqqətəlayiqdir.
Baratın axırı necə
olur? Onu kim öldürür? Bunu da filmi izləyib öyrənin, hamısını
yazsam, filmin dadı qaçar.
Eminquey AKİF
Ədəbiyyat
qəzeti.- 2025.- 11 aprel, №12.- S.31.