HOMO
G13F2 yuxudan oyananda həmişəki kimi
BKİ-in (BKİ - Beyin-Kompüter İnterfeysi son əsrdə
ən çox istifadə olunan ünsiyyət vasitəsi və məlumat depolama sistemidir) işə salınma əmrini verdi. Günlük qrafiki, təqvim üzrə planlarını nəzərdən
keçirib son 24 saatın
xəbərləri ilə
tanış oldu. Dəniz səviyyəsi dünəndən bu günə 2.64 mm qalxıb
- bu artıq insanlar üçün təhlükə kimi görünmür, üzən
şəhərlər dünya
əhalisinin 40%-inə
ev sahibliyi edir; oksigen balonlarının
satış qiyməti
düşüb, kağız
pullardan təkrar istifadəyə qayıtmaqla
bağlı müzakirələr
aparılır və
s.
Xəbərlərdən sıxılıb
mesajlara keçdi. Adətən aldığı
mesajlar işi ilə bağlı olurdu, monotonluq davam edirdi. O, şirkətin günlük
hesabatları, xəbərlərə
baxış sayı, müəllifi olduğu yazılara gələn geridönüşlərlə tanış
oldu. G13F2 üçün
ən vacibi müəllifi olduğu yazılarla bağlı
SADAFEH reytinqi idi.
SADAFEH - reytinqi insanların
oxuduqları yazı, izlədikləri film, hadisə
haqqında duyğusal
təsir şkalasıdır.
Burada Kədər (S),
Qəzəb (A), Şübhə
(D), Təəccüb (A), Qorxu
(F), Empatiya (E) və Xoşbəxtlik (H) duyğularının
aktivliyi üzərindən
orta bal çıxarılır, məlumatla
tanış olduqca xəbər linki avtomatik şəkildə məlumatları yaddaşda
saxlayır və müəllifə ötürür.
G13F2 dünən də
yaxşı yazmışdı:
8,4 bal.
G13F2-in diqqətini yeni çatdan
gələn mesaj cəlb etdi. Adətən, yad insanların
mesajlarını oxumazdı,
amma girişdəki
786 ədədi o qədər
doğma idi ki, yazı ilə tanış olmamaq mümkün deyildi. 786 təsadüf ola bilməzdi,
hələ əvvəldə
yazılıbsa, heç
ola bilməzdi. Amma G13F2 düşündü
ki, dini ritualları yaşadan insanların bu qədər aşağılandığı, lağ edildiyi bir dövrdə kim hələ də mesajına "Bismillahir-Rəhmanir-Rəhim"lə başlayar ki?! Görünür,
mesaj göndərən
ondan daha cəsarətli idi: illərdir, inancını
o qədər gizlətmişdi
ki, axtarsa, heç özü də tapa bilməzdi. Yaxşı xatırlamır, amma bilir ki, onlar da yeməyə 786 ilə başlayar, 66 ədədini
dillərindən düşürməzdilər.
Əvvəl iş mühiti, sonra isə aktiv sosial insana çevrilməsi
onun dilindən
66-ı da təmizlədi, qəlbindəki
inancı da ört-basdır
etdi.
Yeni "dostu" isə 786 ilə başlayacaq qədər, ya cəsur idi, ya da asosial. O yazırdı:
"786.
Sizi salamlamaqdan çox məmnunam. İşinizə olan məsuliyyətinizə, dürüstlüyünüzə
və yazılarınızın
emosional gücünə
bələdəm.
Mən Homoferm-in keçmiş işçisiyəm. Keçmiş
dediyim o qədər də keçmiş deyil, bu gün
ərizə yazmışam
və sabah işə getməyəcəyəm.
Homoferm haqqında, yəqin ki, məlumatınız
var. Dünyanın ən
böyük ət fabriki, hər kəsin gündəlik qida rasionunda ən az bir
dəfə məcburi
istifadə etməli olduğu məhsul çeşidlərinin istehsalçısı.
Bu ferma 300 ildən çoxdur ki, işləyir.
Fermanın qurulma səbəbi heyvan haqlarının müdafiəsi
olub. O vaxtlar aktivləşən etiraz aksiyaları zamanı hakimiyyət fərqli layihə üzərində
işləməyi tapşırıb.
Yeni canlı növü
yaradılmalı, sürətli
çoxalma və yüksək proteinə
malik olmalı, bu yolla heyvanların hüquqları qorunmalı
idi. Yeni canlının
yaradılması üçün
həm insan genindən, həm də nəhəng bitki və sürətli çoxalan digər canlı genlərindən istifadə olunub. Bu şüursuz varlıqların
ilk nəsilləri ardıcıl
şəkildə laboratoriyalarda
hazırlanıb, sonradan
Homoferm qurulub və çoxalma orada davam edib.
İlk başda mənə
də maraqlı idi, yəqin ki, siz də bunu
düşünürsünüz ki, aktivistlər, heyvan haqlarının müdafiəçiləri
bununla necə razılaşıblar, amma
necəsə inanıblar.
Yeni canlının tamamilə
laboratoriya şəraitində
yaradılmasımı, şüura,
yaddaşa malik olmamasımı,
ya da başqa bir səbəb onları inandırıb.
Bilmirəm, bu məlumatları
bilirdiniz, ya yox. Yəqin ki, siz də heç
vaxt bu haqda
düşünməmisiniz. Axı insanlığın
dərdi göylərlədir,
Yerdə olanlar indi heç kimi maraqlandırmır. Tənqidim sizə deyil, amma əksər
jurnalistlər real problemlərdən
yazmır, tələb
olunan hər şeydən yazırlar, amma problem haqqında heç kim əlinə, beyninə əziyyət vermək istəmir.
Qısa
deyim, mən dünən Homofermin kəsim şöbəsində
idim. Bu yarıyuxulu, yalnız yeyən və yatan 6 aylıq canlılardan biri dəzgahın üstündə gözlərini
açdı. Düz gözümün içinə
baxdı, göz bəbəkləri böyüdü,
o qorxurdu, həm də sanki yalvarırdı,
dodaqları tərpənirdi,
heç nə danışası deyildi, sadəcə...
Mənim
istefa verməyimin də səbəbi budur. Mən orada daha çox
qala bilməzdim. Gündəlik üç
yüz min canlını
bu fermalarda kəsirlər - kəsirik.
İçimdə bir
sual var: bəlkə?"
Bəlkə nə? G13F2 öz-özünə
sual verdi. Bəlkə nə? Sonra doğma-yad insandan gələn mesajda yazılanlar haqqında bir az da düşündü,
araşdırmağa başladı.
Homofermin
yaranması, onun yaranmasına duyulan ehtiyac, şərtlər və s. haqqında məlumat əldə etdi. Adını ona görə Homo - seçiblər ki, bu ferma insanlığa xidmət edəcək ən böyük qida mənbəyi olacaq, həm də ona görə
ki, insan genindən istifadə olunacaq. İlk illərdə bu fakt ciddi etirazlara
səbəb olub, amma getdikcə hər kəs sakitləşib. Hətta təbliğat əksinə
dəyişib, hər
kəs Homofermi insanlıq üçün
xilas kimi görməyə başlayıb.
Sonralar və günümüzdə hər
kəs bu mövzu haqqında susmağa başlayıb, unudulub gedib.
Bu gün marketlərdə satılan ət məhsullarının hamısı
Homofermdə və ya ona bağlı
alt marka fabriklərində
istehsal olunur, hər kəs də istehlak edir.
Mesajı
göndərənin kimliyi
dəqiq bilinmirdi. İmza yerində 914 yazılmışdı. Bu kod
da nə adlandırma üçün istifadə
olunan Genetik xüsusiyyət və mutasiyalara, nə rəqəmsal informasiya sisteminə, nə də Blokçeyn sisteminə uyğun idi.
Bəlkə, bu ad da Əbcəd
ilə kodlaşdırılmışdı.
Bir neçə variant çıxardı.
Ən sonda Şadi və Carçı adları üzərində qaldı.
Carçı uyğun
gəlirdi, görünür,
doğma-yad insan
G13F2-i heyrətləndirməyi və diqqətini necə cəlb edəcəyini yaxşı
bilirdi.
G13F2 Carçıdan gələn
məlumatdan sonra nə etməli idi? Çox zaman olduğu kimi hərəkətə keçmək,
xəbəri araşdırmaq,
haqqında yazmaq, hadisə yerinə getmək, çəkilişlər
etmək, yoxsa, nadir hallarda etdiyi kimi xəbəri görməzdən gəlmək...
Ertəsi
gün G13F2 yaxasında
kartı Homofermin əsas binasının qarşısında dayandı.
Terminaldan vəsiqəsi
ilə keçdi, xəbər almaq istəyən hər kəs maneəsiz bir şəkildə istədiyi informasiya ilə təmin olunmalıdır, bu qayda da keçərliliyini
Homofermdə qoruyur.
Yarım
saat sonra xoş və qızğın müzakirə
var idi. Menecerlərdən
biri jurnalisti gülərüzlə qarşılamışdı,
fəaliyyətləri barədə
videoçarxlar izlənilir,
əlavə sənədlər:
tarix, bu gün, hədəflər
və s. haqqında danışılırdı. Menecerin
də dediklərinin cəmi bu idi:
İnsanlıq tarixində
ən çox fayda vermiş beş kəşf varsa, biri də
Homofermdir.
G13F2 uzatmadan soruşdu:
- Homolar şüurlu varlıqdırmı?
- Bu sualı verirsinizsə, ya məni dinləməmisiz,
- deyib gülümsədi,
- ya da ümumiyyətlə
Homoferm haqqında bu gün eşitmisiniz.
- Yox, bilirəm, haqqınızda da həm eşitmişəm, həm
də araşdırmışam.
Amma bu sual şəxsən məni narahat edir: Homo şüurludurmu, yaddaşa
malikdirmi, ağrı
hiss edə bilirmi?
- İcazənizlə sizin
45 dəqiqə vaxtınızı
oğurlayacağam. Homonun
həyata gətirilməsi,
inkişaf prosesi barədə hər şeyi izləyək. Burada siz bütün
suallarınıza cavab
tapacaqsınız.
- Əmin deyiləm, amma baxaq.
Filmi izlədikcə menecerin üzündə rahatlıq,
G13F2 üzündə isə
gərginlik yaranırdı.
Menecer bütün suallara cavab verdiyini düşünür,
G13F2 isə bu filmin həqiqətlə nə qədər üst-üstə düşüb-düşmədiyini
beynində sorğu-sual
edirdi. Əlbəttə,
günümüzdə insanlara
belə çiy informasiya kifayət idi, manipulyasiya maşınları o qədər
sürətli işləyirdi
ki, hansı məlumatı
istəsən, topluma həzm etdirmək olurdu.
- Aydındır, siz mənə konkret cavab verməyəcəksiniz.
- Konkret cavab? Nə barədə?
- Dedim axı, yaddaş, şüur, duyğular barədə.
- Bəyəm, bu kadrlar qane etmədi?
Xüsusi laboratoriyalarda
heç bir hiss və emosiyaların ötürülmədiyi bir
canlı haqqında danışırıq. Canlı
olmanın əsas şərtləri nədir?
- Böyümə, qidalanma,
çoxalma. Bəzi canlılar əlavə olaraq şüura malikdir, bəziləri instinktə, bəziləri
üstün yaddaşa
malikdir. Amma homo bütün
bunlardan ayrıdır.
O yalnız yeyir və böyüyür. Heç çoxalma funksiyası belə bütün homolara aid deyil. Homo maddələr mübadiləsini
sürətli aparan, bir maddəni başqa maddəyə çevirən bir qurğudur. Mexanizmdir.
- Bəs onların gözləri? Deyirlər,
gözlərində ağrını
duymaq olur, hətta nəsə danışmaq istəyirlər.
- Bunu kim deyir?
Birinci dəfədir sizdən eşidirəm. Sizcə, biz insanlıq o qədər qəddarıq?
Biz - Homoferm qurucuları
heyvanların haqqını
müdafiə edənlər,
adi qarışqanı
belə öldürməyə
qıymayanlar, indi insan satırıq? Əgər bu boş danışığınız
davam etsə, sizin haqqınızda şikayət edəcəyəm.
Bu nə absurd yanaşmadır,
bu nə təhqirdir?
- Yaxşı, yəqin ki, düz deyirsiniz.
- Yəqin ki? Hələ də "yəqin ki"
deyirsiniz. Sizi elə indicə homoların yanına apara bilərəm, özünüz tanış
olun. Görün, onlardan hansında şüur var, onlar sadəcə böyüyən
ətlərdir.
G13F2 söhbəti uzatmağa ehtiyac duymadı. Evə qayıtdı. Hazır yazılarından
birini sayta göndərdi. BKİ onun
mesajını yollayarkən,
bir mesajı da G13F2-ə
çatdırdı:
"786. Təşəkkür edirəm.
Sizə güvənməkdə
düz etmişəm.
Sizi Homofermin qarşısında gördükdə
elə sevindim ki, əminəm ki, siz sona qədər davam edəcəksiniz."
G13F2 bu işə könülsüz başlamışdı,
həm də düşünürdü ki, çox
mənasız bir işə girişib. Əgər, həqiqətən
də, belə bir hal varsa,
bu vaxta kimi necə gizli qala bilər?
Necə heç kim bu barədə
araşdırma etməz?
Ona görə də cavab yazmaq qərarına
gəldi.
"Mən bu məsələ
ilə maraqlandım, yazacaq və ya araşdıracaq bir şey yoxdur.
Xahiş edirəm, daha mənə bu barədə yazmayın".
Bu mesajlaşmadan üç
gün keçmişdi.
Həyat G13F2 üçün
əvvəlki monotonluğu
ilə davam edirdi. Qapı döyüləndə "açıl"
əmri verdi. Qapı açıldı,
həmişəki kuryer
idi. Gündəlik sifarişləri gətirmişdi.
Qapının bağlanması
əmrini verəndə
kuryer "bir dəqiqə gözləyin,
- dedi. - Bunu da sizə göndəriblər,
ehsandır, dedilər."
Kuryer "ehsandır"
sözünü deyərkən
istehzalı şəkildə
güldü. G13F2 bu istehzanı yaxşı başa düşürdü,
amma özünü o
yerə qoymadı,
"ehsan nədir? - dedi, qabdakı yeməyi görüb, - yeməyin adıdır?"
soruşdu.
Kuryer cavab vermədi, getdi.
G13F2 ehsanın nə olduğunu yaxşı bilirdi və onu da yaxşı təxmin edirdi ki, bunu kim göndərib.
Boşqabda suda qaynadılmış
ət, iki kartof, bir ovuc
noxud var idi. İştahla yedi. Uşaqlığını xatırladı,
ata-anasını, tez-tez
qohumları ilə olan gediş-gəlişlərini
yadına saldı.
Bu xatirələrdən onu ancaq BKİ-dəki mesaj ayıra bilərdi, elə də oldu. Səhər
xəbər lentində
oxumuşdu ki, kənar
yolda bir nəfəri maşın vurub, sürücü qaçıb, təcili yardım gələnə
kimi adam canını tapşırıb,
polis isə həm sürücünü axtarır,
həm də başqa birini. O adamı ki, vurulan piyadaya yaxınlaşıb,
diri ikən, yoxsa, canını tapşırdıqdan sonra
olduğunu bilmədiyimiz
adamın qolunu kəsib aparıb.
Mesajda həmin adamın şəkli var idi, ikinci şəkildə isə kəsilmiş qol. Təxmin etmək olardı ki, qol həmin piyadaya məxsusdur.
Mesaj mətni isə 786 ilə başlayırdı.
"Mən qatil deyiləm, onu mən öldürməmişəm,
amma bu fürsəti
dəyərləndirməyə bilməzdim.
Nuş olsun, ümid edirəm, sənə qoldan hazırladığım
sousu yemisən.
Fasilə
verirəm, ürəyin
bulanırsa, get, qaytar
və davam edək. - G13F2 bu cümləni oxumazdan əvvəl artıq yediyini qaytarmağa başlamışdı, bir
saatdan sonra mesaja qayıtdı. - Yox, sən hannibal
deyilsən. Daha doğrusu, hannibal təkcə sən deyilsən, hamımız hannibalıq. Yediyin yeməyin dadı çoxmu fərqlidir, başqa dad idimi? Axı bu elə
həmişə yediyin
ətin dadıdır.
Sən davam etməlisən, onların
sənə ehtiyacı
var".
G13F2 bu dəfə menecerlə görüşməyin
mənasız olduğunu
bilirdi. Odur ki, BKİ-dən ünvanını Carçıya göndərdi.
Söhbətə ilk andaca başlamışdılar.
Carçı çox
nadir hallarda fasilə verir, bəzən G13F2 anlaması üçün
susurdu.
- Sənə verəcəyim
ünvanları gəzməlisən.
Ən azı bir dəfə kombinatda olmalısan. Bəzi yerlərdən jurnalist kimi keçəcəksən, bəzi
yerlərdən səni
heç kim buraxmayacaq. Onda mən sənə kömək
edəcəyəm. İşçi kartımı da sənə
verəcəyəm, istefadan sonra yalnız yeddi gün aktiv
olur, odur ki, sənin cəmi 2 gün vaxtın qalıb. Hər
şeyi çəkməlisən, yazmalısan.
Növbəti gün G13F2 Homofermin
ət doğranma yerinə getdi. İnformasiya
azadlığı - heç kim ona "olmaz" demədi. Qəribə
məxluqları ilk dəfə idi ki, görürdü. Amma kəsimə
gedən bu canlılarda heç bir şüur
işartısı yox idi. Çox gözlədi, ancaq əlinə
bir şey keçmədi. Çıxmaq istəyərkən
uşaq ağlamağını xatırladan səs gəldi. Səsin
doğrama dəzgahı tərəfdə olduğunu
görüb qaçmağa başladı, dəzgahda artıq
hissələrə parçalanmış canlının az
öncə "ağlayan uşaq" olduğunu
gördü. "Dayanın, söndürün" dedi, əhəmiyyət
verən olmadı. Həyəcanlı şəkildə o tərəf-bu
tərəfə qaçmağa başladı, yenə
heç kim onu ciddiyə almadı.
Etiraz etdikcə içəridəkilərin
heç bir reaksiya verməməsi, öz
işlərinə fokuslanması onu daha da təəccübləndirirdi.
"Axı bu insanlar necə belə daşlaşa bilər,
necə ürəksiz ola bilərlər?" - deyə
düşündü.
G13F2 heç kimin ona məhəl qoymadığını
görüb kombinatın başqa
çıxışını axtarmağa başladı. Gəldiyi
qapının yerini yaxşı bilirdi, amma o başqa yol
axtarırdı. Axtardığı qapını tapıb
Carçının vəsiqəsi ilə içəri
keçdi. Buradan başqa otağa, oradan başqa otaqlara yollar
var idi. Xeyli irəlilədikdən sonra həyəcan
siqnalı işə düşdü, indi G13F2-i axtarırdılar.
Mühafizə əməkdaşları G13F2-ə çatanda
üzündə qara maska olan işçi onun cibinə nəsə
atdı, ardınca əli ilə onun əlinin
üstünü tutdu, sanki "yoxlama, qoy orda qalsın"
deyirdi.
İşdən aldığı cərimə,
töhmət çox gecikmədi. Şəxsi
məkana zorla soxulmaq, jurnalist peşəkarlığını
pozmaq ittihamları ilə cinayət işi də
açıldı.
Evə gəldikdə özünü
çox yorğun hiss edirdi, üstəlik,
haqqında cinayət işi açılmışdı,
gördüyü mənzərələr də ayrı bir
travma yaratmışdı.
Cibinə
qoyulan əşyanı
xatırladı. Əlini cibində gəzdirdi,
bu kiçik əşya yaddaş cihazı idi. BKİ-ə
taxmaq istədi, birdən dayandı.
Köhnə əşyalarını qarışdırıb portativ kompüterini
tapdı, yandırma düyməsini basdı, yaddaş
cihazını salmaqdan öncə internet
bağlantısını kəsdi, faylları açdı.
Burada sənədlər, məlumatlar,
video-materiallar var idi. Bir-bir tanış
oldu. Birinci sənəddə Homoferm-in qurucusu N3-S10-L ilə o
dövrün qida təminatı və
davamlılığı naziri HNDX-42N7 arasındakı
danışıqlarının mətni yer almışdı.
N3-S10-L: -
Bunlar sürətlə
böyüyürlər, gözlədiyimizdən də
yaxşı nəticə veriblər.
HNDX-42N7:
- Axı demişdik,
sizə güvənməkdə doğru etmişik. Bizi
yanıltmadığınız üçün sağ olun.
Terra Unita (Birləşmiş Dünya) dövləti sizi
mükafatlandıracaq. Mütləq mükafatlandıracaq.
N3-S10-L: -
Amma deyəsən bir problemimiz var. Onlar...
HNDX-42N7:
- Necə bir problem?
N3-S10-L: -
Onlar, 2-ci nəsildən etibarən təkamül
keçirməyə başlayıblar. Əvvəl diqqətə
almırdıq. Amma indi nitq qururlar, ünsiyyət tapırlar,
bir-birləri ilə dalaşırlar, sevirlər.
HNDX-42N7:
- Dalaşsınlar, siz
sevməyə qoymayın (gülür).
N3-S10-L: -
Cənab nazir, bu ciddi problemdir, onlar insan
kimi...
HNDX-42N7:
- Yaxşı görək,
insan kimi. Mən əvvəl də göndərdiyiniz
bütün sənədlərlə tanışam. Burada
qorxulu heç nə yoxdur.
N3-S10-L: -
Bəs nə edək?
Əgər sənədlərlə tanışsınızsa,
yəqin ki, bunu da müzakirə etmisiz.
HNDX-42N7:
- Əlbəttə, müzakirə
olunub. Siz mənə deyin görək, bu canlılarda ən
tez neçə yaşdan şüur əlamətləri hiss
etmisiz?
N3-S10-L: -
Ən tez 6
aylıqlarında başlayırlar. Uşaq kimi reaksiyalar verirlər.
HNDX-42N7:
- Bəs onlar 6
aylıqda neçə kiloqrama çatırlar?
N3-S10-L: -
8-12 kiloqram.
HNDX-42N7:
- Yaxşıdır. Kəsimə 6
aylıqda göndərin.
N3-S10-L: -
Bəs çoxaltmaq
necə mümkün olsun?
HNDX-42N7:
- Onunla ayrı qurumlar
məşğul olacaq. Laboratoriyanı saxlayacaqsınız.
Sizə gündəlik dölləndirilmiş canlılar veriləcək.
İnkubasiya dövrü Homofermdə olacaq. Nümunə
canlılar isə bizdə saxlanılacaq. Bilirsiniz, bu həm təhlükəli,
həm də xüsusi diqqət tələb edən işdir.
Onları nəzarətsiz şəkildə çoxaltmaq olmaz.
N3-S10-L: -
Aydındır, təşəkkür
edirəm.
HNDX-42N7:
- Gecikməyin. Sabah əlinizdəki
bütün homoları gətirin, laboratoriyanı dondurun.
Deməli,
Carçı haqlı
idi, Homolar şüurlu varlıqlardır.
Və İnsanlara 300 ildir ki, insan əti yedirilir. Həm də
körpə əti, 6 aylıq uşaqları yeyirik - G13F2
bunları düşündükcə bir tərəfdən
yazmağa başladı. Təcili bir xəbər
hazırladı. Biz insan əti yeyirik - başlıqlı xəbərinə
sentimental giriş etdi, ardınca faktları yazdı, sonra da
Homoferm-in qurucusu ilə qida təminatı və davamlılığı
nazirinin arasındakı söhbəti yerləşdirdi. O qədər
fokuslanmışdı ki, yaddaş cihazındakı digər
materiallarla tanışlığı da ertələmişdi.
Yazı
yayımlandığı anda
iş yerindən zəng vurdular, təcili
görüş üçün dəvət etdilər. Yol
getdikcə daha aydın başa düşürdü. Media
sahiblərinin də əslində bu həqiqəti bildiklərini,
hətta BKİ şəbəkəsində bu məlumatların
kodlandırıldığını da görürdü.
"Bəs Carçının
mesajı necə
bloklanmamışdı?
786.
Əlbəttə, Bismillahir-Rəhmanir-Rəhimlə
günümüzdə hansı ciddi adam mesaj göndərə
bilər? Dini inancı olan insanlar o qədər ciddiyə
alınmırdı ki, hətta süni intellekt onların
mesajlaşmasına məhəl qoymurdu. 786 ilə başlayan
mesajlar oxunmurmuş, amma məlumatın yükü çox
olsa, bloklana bilərdi. Deməli, Carçı əvvəlcədən
planını qurmuşdu. Mənə yaddaş qurğusunu verən
də Carçı imiş. Görünür, işdən
çıxmayıb, məni işin içinə salmaq
üçün qurub planlarını".
- Nədir bu boşboğazlıq?
- içəri girən kimi müdiri qışqırdı, -
media azadlığı ağzına gələni yazmaq deyil.
Bilirsən, cəzası nədir? Bilirsən, mən səni
müdafiə etmək üçün hansı hoqqalardan
çıxmışam?
- Məncə,
bunlar boş deyil.
- Ay G13F2,
səncə, belə bir fakt var və bunu
heç kim bilmir? Və belə bir faktı
araşdırmağa da ehtiyac duymurlar? Çox yaxşı
oyuna gəlmisən. Konsprioloji ustası, şəhər əfsanəçisi,
bravo sənə.
G13F2 heç nə demədi, müdir bir az da
qışqırdı, bağırdı, öyüd-nəsihət
verdi. Sonra da xəbərə gələn reaksiyalara birlikdə
baxdılar. G13F2 ən aşağı reytinqini
almışdı - 2,0 bal. Və yazını oxuyan milyonlarla
insan heç bir geridönüş etməmişdi. Sıradan
bir xəbər, adi bir məlumat kimi oxumuşdular.
Ofisdən çıxarkən qapıçının
yanındakı monitorda gündəlik xəbərlərə
gözü sataşdı. Öz xəbərinin ilk cümləsi
dəyişdirilmişdi. O, yaxşı bilirdi ki, süni
intellekt xəbərlərə müdaxilə edir, onların
yazı üslubuna, məntiq və informasiya xətalarına
düzəliş edir. Amma bu düzəliş tamam fərqli
idi: "5 yaşımda yazdığım hekayə - Biz insan əti
yeyirik".
Deyəsən, barışmaq lazım
idi. G13F2 hələ də anlaya bilmirdi,
insan bu qədər qəddarlaşa bilərmi, insan insan əti
yeyə bilərmi? Yoxsa, o bir konspriologiyanın içinə
düşmüşdü, bəlkə onunla yaxşı oyun
oynamışdılar?!
Carçı bəlkə onu
yaxşı tanıyan uşaqlıq
dostudur, zarafat edir. Əgər bu zarafat deyilsə, niyə
heç kimi maraqlandırmır? Niyə heç kim
araşdırmır?
Özünü birtəhər evə
atdı. Kompüterini açıb
Carçının verdiyi fayllarla tanış olmağa davam
etdi. Əksər fayllarda rəqəmlər var idi,
satış, alış, gündəlik qida rasionu, elektrik sərfiyyatı,
kommunal xərclər, tələf olanlar haqqında məlumat,
tələf olma səbəbləri və s.
Ən sonuncu faylda video-kadr yerləşdirilmişdi. Kadrlarda birinci
görünən şəxs Terra Unitanın baş naziri idi.
O, şüşə panoramalı otaqdan aşağını
seyr edirdi, iki nəfər də izah verirdi:
- Cənab nazir, onlar
çox yaxşı vəziyyətdədirlər. Üzən
şəhərlərin əksəriyyətində işləri
yerinə yetirirlər. Homolar ən azı 20 saat fiziki işə
dözürlər, 4 saatlıq yuxu kifayət edir.
- Bəli, insanlardan elə də fərqlənmədikləri
üçün təhlükə də yaratmırlar.
Yalnız onları fermadan çıxaran kişiyə tabe
olurlar, o adam "öl" desə, düşünmədən
ölürlər.
Nazir qulaq asdıqca qarşısındakı suallar qeyd olunan
elektron lövhəyə baxdı.
- Həkimlər necə?
Narazılıq etmirlər?
- Niyə etsinlər? Orqan
köçürməsi zamanı donor axtarmağa ehtiyac
yoxdur. Ürək lazımdır? Birini kəs, doğra ürəyini
istifadə et. Təcrübə aparmaq lazımdır, uzat
birini, damarına benzin vur, gör necə reaksiya verir.
Otaqdakı iki şəxs həvəslə izahlar verirdilər,
Homoların hər sahədə işləri necə
asanlaşdırdığından danışırdılar.
Nazir suallarını bitirdi.
İki nəfər otaqdan çıxmaq istəyəndə
bir sual da verdi.
- Bəs, - yarımçıq
dayandı, fasilə verdi və davam etdi, - əsas bir şey
demişdim. Bir-ikisi...
- Hə, o məsələ,
- ikisi birdən sözə başladı, - arxayın olun.
Ən gözəlini seçəcəyik, düzəliş
edim, ən ehtiraslısını. Lap əsrlər əvvəldəki
kimi, Terra Unitanın gözəllik müsabiqəsi. Birinci yeri
kim tutsa, o da sizindir.
Video bitəndə G13F2 acizliyini
qəbul etdi. Nə yazacaqdı? Necə yazacaqdı və
yazdıqlarının kimə faydası olacaqdı?! 20 ilə
yaxındır ki, yazır. Gecə-gündüz yazır.
Atası gözünü açandan işləyirdi, anası da elə, qardaşı da, bacısı
da. Hamısının qazancı birlikdə bir qarın yemək
üçün kifayət edirdi. Bir də balaca qutu ev. Nazirə
danışılan həyat həm də G13F2-in həyatı
deyildimi?
G13F2 indi yalnız bir şey haqqında düşünür,
özünə bir sual verirdi:
- Mən homoyammı?
ADƏM
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.4-5.