Oljasın “Az i Ya”sı
Yarım əsr
bundan əvvəl - 1975-ci ildə ilk dəfə Alma-Atıda nəşr
olunduqdan sonra "Az i Ya" kitabı ildırım sürətilə
bütün Sovetlər Birliyində, xüsusilə, türk
respublikalarında yayıldıqca o zamana qədər
istedadlı, milli ruhlu (və dissident əhvali-ruhiyyəli)
şair kimi tanınan müəllif artıq yalnız ədəbi
aləmdə yox, sovet cəmiyyətinin, demək olar ki,
bütün intellektual-mədəni sferalarında məşhurlaşdı.
Bu qeyri-adi məşhurlaşma hələ kifayət qədər
gənc olan qələm (və fikir) adamının ən
yüksək səviyyədə tənbeh edilməsilə nəticələnsə
də, artıq zaman öz hökmünü vermişdi... Oljas
"Az i Ya"da, hər şeydən əvvəl, rus-sovet
tarixşünaslığında özünə geniş yer
eləmiş imperialist-müstəmləkəçi kanonlara
qarşı çıxıb dialoq-müzakirə
azadlığı tələb edirdi. Və sovet elmi-ideoloji administrasiyası
özündə təpər tapıb (əslində, geriyə
yol da yox idi) "Az i Ya"nın müəllifinə belə
bir "dialoq-müzakirə" imkanı yaradanda ən
irticaçı "təəssübkeşlər" də,
görünür, əmin idilər ki, iynəni çuvalda
gizlətmək daha mümkün deyil.
Kitabın
şöhrəti o baxımdan müəllifin şöhrətini
"üstələdi" ki, artıq "Az i Ya"
öz-özlüyündə şair-mütəfəkkirin
yaradıcılıq tərcümeyi-halının (və
şəxsiyyətinin!) sözün geniş mənasında
interpretatoruna çevrildi. Və çox keçmədi ki,
Əbu Nəsr əl- Fərabiyə, sadəcə, "Fərabi",
Nizami Gəncəviyə - "Nizami", Əlişir Nəvaiyə
- "Nəvai", Abay Kunanbayevə - "Abay" deyildiyi
kimi, Oljas Süleymenovu da mənsub olduğu xalq (etnokulturoloji
sistem!) "Oljas" adlandırmaqla ona heç zaman tükənməyəcək
tarixi ehtiramını izhar etdi.
***
"Az i
Ya" iki hissədən ibarətdir ki, onun birinci hissəsi
rusların qədim "İqor polku dastanı"nın əlyazmasının
tapılması, üzünün köçürülməsi
və nəşri barədəki bu və ya digər dərəcədə
mübahisəli tarixçə ilə başlayır.
Məsələni
hər kəsin anlayacağı obrazlı - teatral bir "dil"də
şərh etmək qənaətinə gələn müəllif
"Dastan" dramına başlayır. Və həcmcə
kiçik olduğu qədər də dahiyanə dramın
ideya-məzmununu lazımı dəqiqliklə vermək imkan
xaricindədir... Təxmini təsəvvür yaratmağa cəhd
eləsək, bunları deyə bilərik:
Dörd pərdədən
birincisi buraxılır...
İkinci
pərdədəki hadisələr 1240-cı ildə Cənubi
Rusiyada cərəyan edir...
"İqor
polku dastanı"nın XIII əsrə aid bir neçə
nüsxəsi var ki, orijinala xeyli yaxındır... Salamat
qalmış əlyazmaları şimal-şərq
monastrlarına daşınır... "Qədim rus bədii ədəbiyyatına
Batının yanğınlarından heç də az ziyan
vurmamış" kilsə bütün dünyəvi ədəbiyyatı
məhv edir... Odur ki, XIV əsrdə monastrlarda dastanın
iki-üç nüsxəsi ancaq qala bilərdi.
Üçüncü
pərdədəki hadisələr 1380-ci ildən az sonra Moskva
monastrlarından birində baş verir... Salnamələrin
üzünü köçürən Sofoni-rezonets adlı
rahib dastanın əlyazmasını tapır. Xüsusi
yaradıcılıq qabiliyyəti olmasa da, öz sahəsinin
peşəkarı olan rahib anlayır ki, ondan heç kimin xəbəri
yoxdur, "olsaydı, çoxdan üzü silinmişdi"
(o zaman perqament qıtlığı olduğundan qeyri-dini
kitabların yazısı silinib yenidən istifadə
edilirdi)... "Əlyazmanı oxuduqdan sonra Sofoninin
ağlına gəlir ki, müasir məzmunda belə bir
şey yazsın. Kulikov hadisəsi hələ də onun xəyalına
qol-qanad verirdi"... Odur ki, vətənpərvər rahib-katib
dastanın ideya- məzmununu əks istiqamətdə dəyişir,
onu ruslar üçün məğlubiyyət dastanından qələbə
dastanına çevirir... "Başqa iş üçün
nəzərdə tutulmuş ehtiyat perqament üzərində
o, "Dmitri Donskoyun dastanı"nı ("Zadonşina"nı)
yazmağa başlayır. Yanındakı qüdrətli
nümunə əsasında. Sofoni-rezonets
qorxu-hürküsüz onun "dərisini" soymağa, məhvə
məhkum edilmiş nəhəngin canlı toxumalarını və
üzvlərini öz əsərinə köçürməyə
başlayır"... "Lakin Sofoni bir daha əsər
yazmadı. Görünür, müvafiq nümunə
olmadığına görə"...
(Halbuki
rus ədəbiyyatşünaslığında,
tarixşünaslığında "Zadonşina"nın
"İqor polku dastanı"ndan ilhamlanaraq yazılması
barədə "toy sağlığına oxşayan" təntənəli
sözlər də az deyilməmişdi).
Dördüncü
pərdədə hadisələr XV-XVI əsrlərdə Pskov
monastrlarından birində gerçəkləşir...
Perqament yenə qiymətlidir, lakin artıq kağızdan daha
geniş istifadə olunur. Dünyəvi ədəbiyyat silinməzdən
əvvəl perqamentdən kağıza
köçürülür... Bütpərəstlik
xristianlıqla rəqabətə girə bilmədiyinə
görə kilsə ona qarşı xüsusi mübarizə
aparmır... Belə bir tarixi şəraitdə "Dastan"
dramının axırıncı səhnələri
canlanır:
"...Və
rahib "İqor polku dastanının son nüsxəsi"ni
tapıb öz masası üstünə qoyur.
Üzünü kağıza köçürüb, bir
neçə nüsxə də hazırlayır. Bu nüsxələrdən
birini XVIII əsrdə Musin-Puşkin əldə edir. O biri
nüsxə XX əsrdə Peçorada görünüb yox
olur. Üçüncünü isə Həştərxan
bazarından naməlum bir qazax alıb harasa aparır..."
Bütün
dramatizmi ilə yanaşı, son dərəcə aydın səhnələrdir,
elə deyilmi?..
"Az i
Ya"nın "İqor polku dastanı"na həsr
olunmuş bütün fəsillərində müəllifin
milli (türkçülük) hissləri, duyğuları ilə
elmi (intellektual) araşdırıcılıq məharəti vəhdətdə
çıxış edir, ancaq bizə elə gəlir ki, bu vəhdət
(və harmoniya!) özünü ən parlaq (və məhsuldar!)
şəkildə məhz "Gözəgörünməz
türkizmlər" fəslində göstərir. Oljas burada,
əgər belə demək mümkünsə, arxeoloq işi
görür. Və epizoddan-epizoda keçdikcə Dastan mətni
oxucunun gözləri qarşısında arxeoloji
araşdırma meydanı kimi açılır.
Fəslin
əvvəlində verilmiş vədə uyğun olaraq
Dastandakı bütün türkizmlər yox, yalnız
"gözəgörünməzlər" barədə
söhbət gedir. Və türkizmlərin mətndə bu
cür ört-basdır edilməsinin səbəbi isə belə
izah olunur:
"Rast
gəlib tanıdığı hər türk
sözünü tərcümə etmək meyli Nasixi öz tərcüməsini
qrammatik cəhətdən mətndə yerləşdirmək
zərurətinə gətirib çıxarır. Bəzi
hallarda o, buna nail olur. Lakin bunu mətnin təhrifi hesabına
edir. Əsasən isə, belə cəhdlər uğursuzluqla
nəticələnir. Hiss olunur ki, Nasix türk dilini zəif
bilir... Buna görə o, dastan müəllifinin rusca nitqinin gur
yerlərində işlətdiyi bəzi türk terminlərini
tanıya bilməmişdir. O yalnız topa halında olan
türkizmləri görür".
Nasix
haqqında yeri gəldikcə deyilən fikirlər onun birinci
hissənin girişindəki teatral səhnədə
yaradılmış obrazını daha da mükəmməlləşdirir.
Həmin obraza vurulmuş çalarlardan ən
mühümü isə, görünür, odur ki, bu
zavallı dastanın XII əsr müəllif mətnindəki
türkizmləri "təmizləyərkən"
ağlına da gətirmirdi ki, əsərin qədimlik əlamətlərindən
birini məhv edir:
"İqor
polku dastanı" - nadir abidədir, burada bir çox türk
sözləri öz ilkin mənasında qalmışdır.
Gözəgörünməz türkizm - XII əsr slavyan
dialekti əsasında yaradılmış "İqor polku
dastanı"nın həqiqətən, qədim
olmasını sübut edən çox kəsərli bir dəlildir".
Nasixin
türkizmlərə "yaradıcı" yanaşması
üzündən buraxdığı bəzi səhvlər isə
slavistikada əməlli-başlı ajiotaj yaratmış,
problemin hüdudlarından tamamilə kənara çıxan
gülməli mübahisələrə rəvac vermişdir. Məsələn,
Nasix mətndə ona naməlum "bosovranme" sözünə
rast gəlir, onu "bosovi vrani" (boz qarğalar) kimi yozub,
sonrakı sözü də "qarıldamaq" hesab edir.
Svyatoslavın yuxusu epizodunda isə başqa bir mənzərə
ilə qarşılaşır... "Yenidən
"bosovranme" sözünə rast gələn Nasix
özünü büsbütün itirir: bayaq bu qarğalar
yalnız qarıldayırdılarsa, indi cuşa gəlib
bülbül kimi cəh-cəh vururlar. Qarğa da oxuyarmı?
Özü də açıq-aşkar bildirilir ki, bu
"bosovran" sözü gözəl qızlara aiddir. Təfəkkürcə
"çevik" Nasix naməlum sözü bu dəfə
"bosuvi vremya" kimi "təfsir" edib əlyazmaya
"vremya busovo" olaraq köçürür. Və
müasir ədəbiyyatşünaslar, tarixçilər
"bos" sözünü tədricən "Boj"
adlı ant mənşəli tarixi şəxsiyyətə
çevirirlər... "Beləcə, XVI əsr nasixinin bir səhvi
tarix elmində bütöv bir məktəb
yaratmışdır"... "Az i Ya" müəllifi isə
tutarlı dəlillərlə aydınlaşdırır ki, həmin
bu "bosovran" sözü "müsəlman"dan
başqa bir şey deyil, mətndə isə söhbət nəğmə
oxuyan müsəlman (poloves) qızlarından gedir.
"Az i
Ya" müəllifi əsərin birinci -
"Qızılquşlar və qazlar" hissəsinin
"Namuslu "söz" fəslinə əvvəlki fəsillərdən
fərqli olaraq linqvist yox, bilavasitə ədəbiyyatşünas
kimi daxil olur. Və sübut edir ki, "müəllif və tədqiqatçının
dünyagörüşlərindəki fərq tədqiqatçıya
poemanın ideya məzmununu düzgün anlamağa mane
olmuş"dur. Dastanın "ideya süjeti"ni sxemləşdirən
araşdırıcı tədqiqatçıları
qınayır ki, onlar "bu sxemdəki aşkar ziddiyyətləri
görmək istəmirlər". Həmin ziddiyyətlərin
ən mühümü isə poloveslərlə
döyüşdə şərəfsizcəsinə məğlub
olub, güclə canını qurtaran İqorun təntənə
ilə qarşılanmasıdır. "Bu məntiqsizlik, bu təəccüb
tədqiqatçıda mütləq belə bir sual
doğurmalı idi: dastanın mətni düzgün yozulub
oxunubmu?"
Mahiyyətcə
ədəbiyyatşünaslıq mövzusu olan məsələnin
bütün təfsilatı ilə həlli üçün
Oljas özünəməxsus bir təmkinlə qədim rus
tarixinin dərinliklərinə enir. O dərinliklərə ki,
orada Böyük Çölün həqiqi sahibləri olan
türklərin danılmaz tarixləri var. Və bu tarixi
görməməzlikdən gələn hər hansı tədqiqatçı
"İqor polku dastanı"nın ideya-məzmununu
heç zaman doğru-düzgün formulə edə bilməz.
Tarix isə
bütün faktları, məntiqi və
prinsipiallığı ilə təkid edir ki, İqorun poloveslər
üzərinə yürüşü "ümumrus
torpaqlarını, hətta öz knyazlığının sərhədlərini
qorumaq deyil, tamahkarlıq, poloves yurtlarını çapıb
talamaq idi" (araşdırıcı bu sitatı, bir qayda
olaraq, polemika apardığı rus tarixçisi, akademik
B.A.Rıbakovdan verir). Ancaq tədqiqatçıların əksəriyyəti
məlum səbəblərə görə (necə ola bilər
ki, qədim rus dastanının qəhrəmanı belə
şərəfsiz olsun?) həqiqəti etiraf etməkdən
yayınmış, ən dözülməzi isə bu şərəfsizliyi
ört-basdır eləməkdən ötrü hər cür
saxtakarlığa əl atmışlar.
"İqor
polku dastanı"na münasibətdə Oljasın yalnız
dilçi, ədəbiyyatşünas deyil, həm də (və
daha çox!) şair-mütəfəkkir (humanist!) qüdrətinin
nəticəsidir ki, Dastanı dünyaya ürəkbulandırıcı
süni "bər-bəzəklə" yox, əsrlərlə
məhz həmin sünilik altında gizlədilməyə cəhd
göstərilmiş təbii gözəlliyilə
tanıdır:
"Təkcə
elə bu bidət, ağıllara çaşqınlıq gətirən
"dolaşalar" abidənin həqiqi qədimliyini layiqincə
təmsil edə bilər, çünki XVIII əsr Rusiya
yazıçılarının heç biri öz qəhrəman
əcdadlarının ünvanına bu cür "hədyan"
söyləməyi özlərinə rəva görməzdilər.
Müəllif bu qeyri- tipik qədim rus materialı nümunəsində
ümumbəşəri əhəmiyyəti olan mənəvi
problemə toxunmaq istəmişdir -
"özümünkü haqlı deyil".
Mövzu
ilə bağlı bir sıra anlayış-obrazlara
aydınlıq gətirən Oljas "Namuslu söz" fəslində
əsərin birinci hissəsinin başlığına
çıxardığı qızılquşlar - qazlar poetik
qarşıdurması üzərində ayrıca dayanaraq
göstərir ki, ümumən qədim rus poeziyası
rusları "qızılquş" (şahin), türkləri
isə "qaz" (qu quşu) adlandırmağa meyillidir. Və
"X-XI əsrlərin dastan ustaları
çölçüləri bu rəmz (qaz, yaxud qu quşu -
N.C.) altında dərk etmək sayəsində öz pəhləvanları
üçün xoşagələn poetik obraz tapa bilmişlər.
Təbiətdə qazların və qu quşlarının
sürətli və yırtıcı quş - Şahindən
qorxunc düşməni yoxdur. Çox güman, Şahin
öz poetik yaranışı üçün Qaz - Qu
quşuna borcludur".
Yenə də
Oljasyana zərif bir ironiya... Yəni Qaz və ya Qu quşu
obrazı olmasaydı, Şahin də yaranmazdı.
Güman
olunur ki, Dastan "Knyazlara - şöhrət, drujinaya - zəhmət"
misrası ilə qurtarırmış. Lakin redaktorlar "dahi əsər
ciddi və ardıcıl olmalıdır" prinsipini rəhbər
tutaraq, "dünya poeziyasının ən dahiyanə
misralarından birini məhv edirlər".
Dastanın
məlum ideya-məzmun sxemi, hadisələrin gedişi -
süjet və "qəhrəmanın" ədəbi-tarixi
funksiyası araşdırıcını belə bir məntiqi
qənaətə gətirir ki, sonda - İqorun tövbə-monoloqunda,
"yəqin ki, bu sözlər də var idi: "keçin
günahımdan, qardaşlar..."
Əslində,
bu, bütün dinlərin (tanrıçılıqdan
xristianlığa qədər!) məntiqinə uyğun
olardı.
Mövzu
ilə bu və ya digər dərəcədə bağlı əlavə
məlumatlardan ibarət "Qərəzli şahid ifadələri"
fəslində birinci minilliyin sonu, ikinci minilliyin əvvəlləri
Böyük Çöl - Şərqi slavyan nikah əlaqələri
tarixinə nəzər salınır, Rus knyazlarının
arvad qohumları - torkinlər haqqında bəhs olunur.
Araşdırıcı qərəzli (eləcə də qərəzsiz)
"şahid ifadələri"nə, əsasən, salnamələrə"
istinadən yazır ki, knyazlar üçün Çöllə
qohumluq "sülh və arxa-dayaq" deməkdi.
XI-XII əsrlərdə
poloveslər öz "qudalar"ını müdafiə etmək
məqsədilə müttəfiq kimi, Kiyev Rusu sisteminə
daxil olan ayrı-ayrı knyazlara qarşı
vuruşurdular".
Bu
danılmaz fakta, doğru olaraq, o da əlavə edilir ki, burada
poloveslərin - Çölün günahı yox idi,
çünki rus knyazları arasında bitib-tükənməyən
nifaqlar türklərə başqa cür hərəkət etməyə
imkan vermirdi. Araşdırıcının belə bir qənaəti
ilə də razılaşmaq lazım gəlir ki,
Çöllə nikahlar "Rusun birləşməsi prosesini
sürətləndirirdi". Və get-gedə "qohumluq
münasibətləri mürəkkəbləşmişdi,
Çöllə nikah öz əsas mənasını tədricən
itirirdi. Çünki bütün knyazların Böyük
Çöldə nüfuzlu qohum-qudası var idi".
"Brak"
(nikah) sözünün etimologiyası şərh edilərkən
belə bir nəticəyə gəlinir ki, türkcə
"bir", "birləşdirmə"dən
("ittifaq" anlayışından) gələn bu söz
Çöl - Rus münasibətlərində nikahın əhəmiyyətini
rəmzləşdirir. Nəhayət, ona da diqqət yetirilir
ki, bir qayda olaraq, Böyük Çöl öz
qızlarını Rusa ərə verirdi - bunun bir səbəbi
türklərdəki matriarxat qalıqları idisə, digəri
knyazları idarə etmək marağından irəli gəlirdi,
çünki poloves qızları getdikləri yerdə hakimiyyəti
müəyyən mənada ələ almağa qadir idilər.
Böyük
Oljas Böyük Çölün "təmsilçisi"
olaraq Rusa "güzəştə" gedir, rus- sovet alimlərinin
Çölə aşağılayıcı münasibətində
olduğu kimi Rusu gözdən salmaq "metodlar"ına
müraciət etmir. Ancaq istəsəydi, belə
"metodlar" tapılardı.
"Az i
Ya"nın birinci hissəsi "Tarix və tarixçilər"
fəsli ilə sona çatır. Və bu fəslin məqsədi
Tarixin həqiqətləri səviyyəsindən bəzi
tarixçiləri ittiham etməkdir... Hər şeydən əvvəl
ona görə ki, XVI əsrin Nasixi, XVIII əsrin
A.İ.Musin-Puşkini kimi XX əsrin akademik B.D.Qrekovu da mənbələrə
obyektiv yanaşmaq əvəzinə, "keçmişin
faktlarından müasir ideyanı sübut
üçün" sui-istifadə etməklə məşğuldurlar.
Əgər bir V.V.Qriqoryev çıxıb Xəzər
xaqanlığının həqiqi obrazını yaradırsa,
ardınca dərhal bir P.İ.İvanov peyda olub, "Bir
yanlış konsepsiya haqqında" yazısı ilə həqiqətin
ağzına daş basır.
Ciddi
filologiya kimi ciddi tarixşünaslıq da mənbələrə
tənqidi yanaşmağı tələb edir. Və Oljas
"tarix elmini saxtalığa aparıb çıxaran səbəblərdən
biri də yazılı mənbələrə kor-koranə
inamdır" - deyir, - "Biz qədim salnaməçilərin
hər bir sözünü, təsvirini "Quran" ayəsi
kimi şəksiz qəbul etməklə keçmiş
dövrlər haqqında yanlış təsəvvürə
gəlmiş oluruq".
Doğrudan
da, əgər XVI əsrin Nasixinin tərtib etdiyi nüsxəyə,
yaxud A.İ.Musin-Puşkinin 1800-cü il nəşrinə hərfi-hərfinə
inansaq, Dastan barədəki biliyimizin nə qədər əsassız
olacağını təsəvvür etmək elə də
çətin olmazdı.
İmperialist
düşüncə ənənəsinin nəticəsidir ki,
"üzü keçmişə siyasət" Rusun
inkişafına Çölün təsirini
büsbütün inkar edir. Halbuki "İqor polku
dastanı"nın müəllifi "əsərini XII
yüzilliyin ikidilli oxucusuna hesablamışdı".
Tarix
haqqındakı elmi, bir tərəfdən, tarixçinin tarixə
konyuktur münasibəti "rüsvay edirsə", digər
tərəfdən, həm Şərqdə, həm də Qərbdə
salnamələrdən, xronikalardan başlamış zəmanəmizin
akademik tarixşünaslığına qədər Sülhə
yox, məhz Hərbə maraq ona etimadı azaldır.
"Az i
Ya" müəllifi təklif edir ki, belə böhranlı
şəraitdən diqqəti dilə yönəltməklə
çıxmaq olar:
"Dilin
göstəriciləri... sübut edir ki, xristianlıqdan
qabaqkı dövrlərdə slavyanlar və türklər
dinc, yanaşı yaşamışlar. Birgə mal-qara
otarmış, birlikdə yer şumlamış,
xalça-palaz toxumuş, qarşılıqlı ticarət əlaqəsində
bulunmuş, ümumi düşmənə qarşı
çiyin-çiyinə vuruşmuş, eyni əlifbadan istifadə
etmişlər. Eyni alətlərdə
çalıb-çağırmış, bir Yaradana etiqad bəsləmişlər".
Çoxlu
sayda bu cür etnolinqvistik məzmunlu mülahizələrə
əsaslanıb qətiyyətlə deyirik ki, "Az i
Ya"nın (və onun mütəfəkkir müəllifinin)
məntiqi aydın, səmimi olduğu qədər də dərin,
iliyə-qana işləyən - müfəssəl olduğu
kimi də mükəmməldir. Və bu mükəmməllik
ondan irəli gəlir ki, Oljas yalnız dilçi, ədəbiyyatşünas,
tarixçi kimi yox, həm də bu elmlərin fövqünə
yüksələn bir insanşünas, cəmiyyətşünas
kimi düşünür.
***
"Az i
Ya"nın ikinci hissəsi elə bir mövzuya həsr
edilmişdir ki, onun predmeti və ya materialı olan dil, ədəbiyyat
və mədəniyyət neçə illərdir müasir
xalqlardan heç birinə aid olunmur, ancaq az qala hər bir xalq
israrla onda özünün tarixi kök və ya izlərini
axtarır - bu, elm aləminə gec məlum olduğu qədər
də, tez məşhurlaşan Şumerdir. Və əsərin
"Şumernamə" adlanan həmin hissəsində, əsasən,
Şumer-türk dil əlaqələrindən söhbət
getsə də, müəllif mətləbə, əgər
belə demək mümkünsə, uzaqdan gəlir. Hər
şeydən əvvəl, onu cəlb edən mövzunu işləməklə
bağlı ortaya çıxan maneələr nəzərə
çatdırılır ki, onlardan ən "keçilməz"i
V.V.-nin kifayət qədər möhkəm ənənələrə
dayanan metodoloji mülahizə-məsləhətləridir:
Əlbəttə,
XIX əsrin əvvəllərində müqayisəli-tarixi
metodun meydana çıxması dilçilikdə, doğrudan
da, inqilab idi. Və həmin inqilab nəticəsində dillərin
bir-biri ilə əsrlər ərzində aparılmış
çoxsaylı müqayisə təcrübələri o
baxımdan tarixi əhəmiyyət kəsb etməyə
başladı ki, "dil ailələri"
anlayışı yarandı. Bununla belə müqayisəli-tarixi
metoda (dilçiliyə) öndərlik edən
hindavropaçıların danılmaz elmi qənaətləri
çox keçmədən başqa dil ailələrinə də
mexaniki olaraq tətbiq edildi.
"Şumernamə"
müəllifi göstərir ki, "Altay dilləri ailəsi
də hind-Avropa dil "icma"sının nümunəsi əsasında
yaradıldı. Mövcud nəzəriyyəyə görə,
müasir hind-Avropa və türk dilləri İsanın
zühurundan az əvvəl yaranmışdır! Başqa
sözlə desək, bu dillər bizim günlərə qədər
təxminən, eyni bir zaman məsafəsi keçmişdir.
Deməli, bu halda hind-Avropa dilləri kimi türk dilləri də
əsrlər ötdükcə bir-birindən kəskin fərqlənməli
idi. Lakin türk dillərində əsas söz fondunu
lüğət tərkibindən fərqləndirmək olduqca
çətindir".
Müqayisəli-tarixi
metodun hind-Avropa texnologiyalarının türk dillərinə
eynilə tətbiqinin fəsadlarını aradan qaldırmaq
üçün yollar axtaran tədqiqatçı istər-istəməz
"çılğın Marr"ın eksperimentlərilə
qarşılaşmalı olur. Ancaq nəzərə almamaq
mümkün deyil ki, bütövlükdə müqayisəli-tarixi
dilçiliyə meydan oxuyan həmin
"çılğınlıq" dil haqqındakı elmə,
demək olar ki, heç bir yenilik gətirmədi... Müqayisəli-tarixi
dilçiliyin klassikləri isə nəzəriyyəçi
deyildilər, onlar ancaq öz metodlarının kəsərinə
güvənirdilər. Və bu metodun türkologiyaya, yaxud
ümumən altayşünaslığa necə tətbiq
olunduğu üçün məsuliyyəti də onların
boynuna qoymaq, əlbəttə, insafsızlıq olardı.
Türkologiyanın
hind-Avropa dilçiliyindən (qeyd edək ki, hər iki sahə
müqayisəli-tarixi dilçiliyə daxildir) geri qalmasına
gəldikdə, "Az i Ya" müəllifinin dediyi kimi,
bunun bir səbəbi mütəxəssis kasadlığı,
ikinci səbəbi imperialist maraqları ilə bağlı
idisə, onun (müəllifin) üzərində çox da
dayanmadığı üçüncü səbəb də
vardı: qədim yazılı abidələrin meydanda
olmaması. Və Oljasın Şumer dilinə üz
tutması, əslində, türkologiya üçün qədim
yazılı abidə (mənbə!) axtarışının
nəticəsi idi.
Və
yeri gəlmişkən, "Şumernamə" müəllifi
müqayisəli-tarixi metodun daha effektli işləməsi
üçün bir çox təkliflər verir ki, fikrimizcə,
onlardan ikisini xüsusi qeyd etmədən keçinmək olmaz:
birincisi odur ki, müqayisəli-tarixi araşdırmalarda
miqyası, nəzəri olaraq, bütün dünya dillərini
əhatə edəcək qədər geniş təsəvvür
etmək lazımdır; ikincisi isə odur ki, dilin tarixi mənsub
olduğu xalqın iqtisadi, siyasi və mədəni-mənəvi
tarixindən təcrid edilməməlidir (bu təklifi
özünəməxsus şəkildə vaxtilə N.Y.Marr da
vermişdi).
Müəllif,
nəhayət, mətləbə - Şumer və türk leksik
paralelləri məsələsinə keçərək
bir-birinin ideya-məzmunca davamı olan iki cədvəl təqdim
edir. Altmış sözdən ibarət birinci cədvəldə
müqayisə olunan Şumer və türk sözləri
1)İnsan, 2)Təbiət və 3)Tanrı olmaqla üç
qrupda (yuvada) verilir. Həmin cədvələ (müqayisələrə!)
əsaslanan tədqiqatçı "Şumer və türk
dilləri qohumdurlarmı?" sualını belə
cavablandırır:
"Bəli,
qohumdurlar, lakin genetik cəhətdən yox.
...Belə
qohumluğu mədəni qohumluq da adlandırmaq olar. Bunlar bir
dinlə şərtləndirilmiş eyni bir mədəni
federasiya - ittifaqın dilləridir".
Əlbəttə,
müqayisəli-tarixi metodda qohumluğun, ya genetik, ya da tipoloji
olduğunu nəzərə alsaq, bu tezis xeyli dərəcədə
özünəməxsusdur. Və nə qədər keçərli
olub-olmamasını yoxlamaq məsələsinə gəldikdə
isə, bu, heç şübhəsiz, sözügedən
metodun səlahiyyətlərindən uzaqdır.
Oljasın
birinci cədvəlindən
Nizami
CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.6-7.