Türk sivilizasiyaları tarixinin
təsdiqinə qalxan mübariz
Oljas Süleymenovun "Az və Ya. Xoşniyyətli
oxucunun kitabı"nın
50 illiyinə
1975-ci ildə sovet ədəbiyyatı, sovet elmi, humanitar təfəkkürü, daha
dəqiq desək, artıq o dövrdə bədii ədəbiyyatın
mühüm bir qanadı kimi aktuallıq kəsb edən publisistikada həm oxucu, həm də müxtəlif elm sahə mütəxəssislərinin beyninə
həmlə təsiri
bağışlayan Oljas
Süleymenovun "Az və
Ya. Xoşniyyətli oxucunun kitabı" (Natiq Səfərov öz tərcüməsində
kitabın adını
"Az-Ya..." kimi vermişdir. Nəşr
1993-cü ilə aiddir)
Almatıda "Jazuşı"
nəşriyyatında rus
dilində işıq
üzü gördü.
Haqqında danışdığımız
kitabın dəqiq janrını müəyyən
etmək bir az çətin olsa da, hər halda, elmi, elmi-publisistik
yanaşmanı, bədii
təfəkkürü, poeziya,
fəlsəfə, tarix,
mifologiya, kulturologiya və əlaqəli bir neçə sahəni özündə
ehtiva edən sanballı sinkretik tədqiqat əsəri ortaya qoyulmuşdu. "Az və Ya..." kitabının yazıldığı
vaxtdan təxminən,
bir əsr yarım əvvəl Rusiya İmperiyası tarixində mühüm rol oynamış 1812-ci ilin Vətən müharibəsində Napoleon üzərində
qələbədən sonra,
elə dekabristlər hərəkatı zamanı,
Oktyabr inqilabınadək
bütün sonrakı
onilliklər boyu düşünən başlara
gələn suallar yenidən gündəmdə
idi. Əgər biz Avropanı və dünyanı faşizmdən
xilas etmişiksə, niyə pis yaşayır,
niyə həqiqəti
olduğu kimi danışa və yaza bilmir, orta
və ali məktəblərdə uşaqlara
və gənclərə
qondarma tarix öyrədir, həyat həqiqətlərini əks
etdirməyən bədii
əsərlər yaradırıq?
Niyə saxtalaşdırılmış
mətni Oljas Süleymenovun kitabında təftiş edilən
"İqorun alayı
barədə söyləmə"
(Azərbaycan dilinə
son tərcümənin müəllifi
Rüstəm Kamal ədəbi
abidəni "İqor
yürüşü haqqında
söyləmə" adlandırıb)
kimi ədəbi abidələrin həqiqətini
gizlədib yeni nəsillərə
tam özgə bir tarix təqdim edirik?
XX yüzilliyin 20-30-cu illərini
70-80-ci illərindən yarım
əsr dövr ayırırdı. Bu dövrdə
siyasi-ideoloji sistem əvvəlki kimliyini unutmağa vadar olunmuş insan nəsilləri formalaşdırmışdı.
İnsan nəsilləri
bir yana, dövrümüzə gəlib
çatmış az-çox
tarixi faktlar, ədəbi abidələr
də sənət və ədəbiyyatda,
elm və fəlsəfədə
sosialist realizmi metodunun müəyyən etdiyi ideoloji çərçivələrdə şərh edilib gənc nəsillərin beyninə yeridilirdi. Prosesin acı nəticələrini ən
çox dadanlar isə türk xalqları idi. Rusiya İmperiyası
"Moskva - III Romadır" dini-siyasi nəzəriyyəsinin
formalaşdığı dövrdən
başlayaraq, türk dünyası ilə dərin bir ziddiyyət içərisində
olmuşdu. XVIII-XIX yüzilliklər
ərzində Rusiya və Osmanlı imperiyaları arasında baş vermiş 10-dan çox müharibədən
yalnız birində - Krım müharibəsində
ikinci tərəf İngiltərə və Fransanın dəstəyi ilə üstün ola bilmişdi. Şərqi Avropadan, Balkanlardan sıxışdırılmaq azmış
kimi Rusiya İmperiyasında artıq
türklərə, türk
mədəni irsinə,
sivilizasiyalarına, Osmanlı
dövlətinə nifrət
və sayğısızlıq
ruhunda formalaşmış
ziyalılar nəsli yetişmişdi. Bu isə
tam başqa - Rusiya-Avropa
qarşıdurması ilə
assosiasiya olunan başqa bir siyasi, tarixi-mədəni problemi ortaya qoyurdu. Rusiya öz ərazisində və ətrafında olan bütün türk xalqlarını
"udaraq" ərazisinə
qatdıqdan, Avropadakı
slavyan xalqlarını
Osmanlı İmperiyasının
asılılığından xilas etdikdən sonra rus filosofları
N.Danilevski və N.Straxov, onlara dəstək verən slavyanofillər, türk dünyasının rəğbətlə
oxuduğu məşhur
yazıçı F.Dostoyevski
Qərb (roman-german) dünyasına və tarixi-mədəni tipinə
alternativ Ümumslavyan
İttifaqının və
yunan-slavyan tarixi-mədəni
tipinin yaradılması
niyyətinə düşmüşdü.
Bu da indiki Türkiyə
torpaqlarını tamamilə
Rusiyaya qatmaqla keçmiş Konstantinopolu
həmin o İttifaqın
mərkəzinə çevirmək
ideyasının gerçəkləşməsi
demək idi.
Ən təhlükəlisi isə
o idi ki, bu tarixi konteksdə, geniş Avrasiya tarixi-mədəni məkanında
əsrlər boyu mövcud olmuş türk sivilizasiyaları, mədəniyyətləri "etnoqrafik material" adı
ilə arxivə göndərilmək təhlükəsini
yaşayırdı.
İki hissədən ibarət
"Az və Ya..."
kitabı hansı həqiqəti sübut etməyə çalışırdı?
Onun müəllifinin sələfləri kim idi? O, hansı perspektivi hədəfə
almışdı?
Qısaca
olaraq qeyd edək ki, "Az" (və
ya "Şahinlər
və qazlar") adlanan birinci fəsildə toplanmış
qeydlər, o cümlədən,
"İqor alayı haqqında söyləmə"
mətni üzərində
müşahidələr Qədim
Rusun Böyük Çöllə birgəyaşayışı,
rus tarixinin poloves dövrü barədə həqiqətin
bərpasına, "Ya"
("Şumernamə") kimi
təqdim edilən ikinci fəsil isə bütövlükdə
Avrasiya sivilizasiyalarının
özəyini təşkil
edən türk mədəniyyətlərinin şumerlərlə
bağlılığı (60 söz əsasında şumer və türk leksikasının müqayisə cədvəli,
Günəş kultu,
Tanrıçılıq, Orxon-Yenisey
abidələri, Gil kitab və
s.), antik və qədim dövr sivilizasiyaları ilə təması və mədəni mübadiləsi
izlənilir, Hind-Avropa,
fin-uqor, türk və s. dil ailələri timsalında
qohum və yaxın mədəni-tarixi
areallar müəyyən
olunur. Zaman sübut elədi ki, "Az və Ya..." kitabı yuxarıda sadaladığımız
elm sahələrinin inkişaf
perspektivləri üçün
zəngin mənbədir.
Xüsusən də, sivilizasiyaların və mədəniyyətlərin formalaşması,
bir-birindən qidalanması,
türk dillərinin digər qohum və qonşu dil ailələri ilə müqayisəli təhlili, Ortaçağ
qəhrəmanlıq eposu
poetikasına baxış,
bu gün böyük aktuallıq kəsb edən kulturologiya aspektlərində
bu əsər ciddi tədqiqat obyekti və predmetidir. Ən əsası, O.Süleymenovun,
65 illik qırılmaz
yaradıcılıq yolunda
günümüzədək davam edən poetik və elmi axtarışlarının
nüvəsi, Türk
Dövlətləri Təşkilatının
ideoloji platformasının,
türk mədəni-tarixi
tipinin təsdiqi və bu istiqamətdə
rus və Avropa nəzəriyyəçilərinin
türk sivilizasiyalarının
tarixi əhəmiyyəti
barədə yanlış
fikirlərin təkzib
edilməsi üçün
əsas məxəzlərdəndir.
Məqalədə "Az və
Ya..." kitabının
tərəfimizdən şərhi
məhz bu reallıqlara əsaslanır.
O.Süleymenovun "Az və Ya..."ya yolunun isə
1961-cı ildə elə
Almatıda rus dilində nəşr olunmuş şeirlər kitabından başlandığını
görürük. O, qorxmadan
və çəkinmədən
elə ilk həmlədən
yaradıcılıq manifestini
elan edirdi (şair dostu Andrey Voznesenskiyə müraciətlə):
Andrey! Biz
səninlə köçərilərik,
aramızdakı kültür və
dönəm boşluğu
dayanıb üzü göyə,
biz Allah və din sayaq
gəzirik dünyanı belədən-beləyə...
Mən etruskca danışıram
gələcəkdən
pıçıltıyla,
sən şifri aç,
talelərin qıyyasını
runaların divarına sanc,
sonra, yarımçıq alimlərə
ver
sərsəm fikirlərin təfsirini,
onlara müdriklik gətirər
öyrənilən hər ziyanlı
yeni.
Mən gəzirəm bozqır boyu,
şəhadət barmağı tək
əyilmədən,
(şəhadət barmağını
yalnız tətik əyir hərdən.)
Mənə belə gəlir:
Az i Ə - Aziya deyil yalnız,
biz köç eləyirik öz üstümüzə
və başqa cür olur tanınmağımız.
(Elxan Zalın tərcüməsində)
Azərbaycan auditoriyasında, ədəbi-mədəni
mühitində Oljas Süleymenov haqqında
yeni söz eşitmək
çətindi. O, Azərbaycanı
sevdiyi qədər ona bu torpaqda
məhəbbət və
yaradıcılığına maraq var.
Xalq yazıçısı Anar
2011-ci ildə Bakıda
"Kuman nəğməsi" adı altında nəşr olunmuş kitaba "Ön söz"də haqlı olaraq xatırladır ki, Fransada yerli türkoloqlardan biri qazax şairi və tədqiqatçısı
O.Süleymenovun niyə
ana dilində yazmadığına
irad bildirəndə ona çatdırdım
ki, "Az və Ya"
və Oljasın başqa əsərləri
rus dilində yazılıbsa da, türk
xalqlarında milli şüurun
oyanışında ana dilində
yazılan yüzlərlə
kitabdan daha böyük önəm daşıyır" (Süleymenov
O. "Kuman nəğməsi", s.7).
Çöl yolları
Salnamə misralarıdır.
Mən bu cığırları oxuya bilirəm.
Karvanlar
ötür,
Göllərdə təşbehlər qoyub
gedərək (s.8).
O.Süleymenovun tədqiqatlarının dərinliyinə baş vurmaq, onların məntiqi axarını tutmaq çətindi. Onun öz dili
ilə desək, "həqiqətən də,
yalnız linqvistlər,
arxeoloqlar, kulturoloqlar,
paleoqraflar bu izləri axtarıb tapmağa və tədqiq etməyə qadirdirlər" (Süleymenov
O. Türklər tarixdən
əvvəl. Tərcümə
edən: Nizami Zöhrabi. - Bakı: TEAS
Press Nəşriyyat Evi,
2016, s. 79). Onun ən çox istinad etdiyi mənbələrdən
biri də Rusiya Elmlər Akademiyasının müxbir
üzvü E.P.Tenişevin
rəhbərliyi ilə
müəllif kollektivinin
hazırladığı "Türk dillərinin müqayisəli-tarixi qrammatikası"
çoxcildliyidir. O. Süleymenov
"Az və Ya...",
"Yazının dili",
"Türklər tarixdən
əvvəl" və
digər kitablarında
sözün arxeologiyası
ilə bağlı ardıcıl, məqsədli
və yorulmaz fəaliyyətinin mənasını
əsaslandırmaq üçün
yuxarıda göstərilən
nəşrin Ön sözündəki qeydə
diqqəti yönəldir:
"Semantikanın və
formanın bərpası
türklərin təkcə
qədimdə deyil, həm də tarixdən əvvəlki mədəniyyətlərinin formalaşması
və dəyişməsi
prosesinə dair məlumatların alınması
üçün mənbə
olmağa xidmət etməlidir" (Süleymenov
O. Türklər tarixdən
əvvəl, s.77). O, tarixi,
sivilizasiyaların sintezini
sözlərdə, onların
yaddaşında axtarır;
bəzən sözlərin
fonetik, morfoloji və leksik xarakteristikası ilə bağlı yorucu görünən eksperimentlərini
bununla əsaslandırır
ki, "məlumatlar onları
ötürənin - bu
və ya digər dinin tərəfdarlarının dünyagörüşünə
(buraya ideologiya sözünü də əlavə etmək yerinə düşərdi
- T.C.) görə təhrif
olunur və başlıcası, mövzuya
dair biliklərinin təbii natamamlığı
ilə məhdudlaşır.
Söz isə içində bəşəriyyətin
keçmişi kodlaşmış
çipdir... Keçmişi,
demək olar ki, heç sənədləşdirilməmiş
xalqların tarixçiləri
bu leksemlərin arxeoloji oxunuşuna xüsusi ehtiyac duymalıdırlar..." (Süleymenov
O. Türklər tarixdən
əvvəl, s.78).
"İqor alayı barədə söyləmə"
mətnindəki türkizmlər
çoxlu tanınmış
rus və əcnəbi tədqiqatçılar
tərəfindən araşdırılıb
və şərh edilib. Başqalarından fərqli olaraq, O.Süleymenov mətnin həqiqətini dərk etmək üçün onun üzünü köçürənlər tərəfindən
orada görünməz
hala salınmış
və əvvəllər
yanlış traktovkada
verilmiş türk leksemlərinin üzərində,
özünün də
dediyi kimi, aşağıdakı "görünməyən
sözlər"in, eləcə
də kalka yolu ilə tərcümə
olunmuş ifadələrin
"arxeoloji oxunuş"unu
həyata keçirir:
"kohey", "əruqi",
"buytur", "Osmomısl
Əroslav", "rostrena
k ustu", "kura",
"ptiüa qorazda",
"debrğ Kisanö",
"tulı", "bosuvi
vrani", "xodına"
("Az və Ya...",
s.46-77). Tədqiqatçı o qənaətdədir ki, tam etimologiya
üçün "leksik
yuvanın... yaxın qohum dillərdəki və "qonşu" dillərdəki leksik uyğunluqlar sisteminin qurulması vacibdir" (Süleymenov O. Türklər
tarixdən əvvəl,
s.78). Bu planda onun
"osina-osokorğ-əsenğ-osenğ"
sözlər cərgəsi
üzərində apardığı
fonetik, morfoloji, leksik müşahidələr
ilk növbədə, müqayisəli
dilçilik üzrə
mütəxəssislər üçün
maraq və müzakirə doğursa
da, burada paleoqraf kimi onun cəhdlərini
motivləşdirən etirafı
da nəzərdən qaçmır:
"Türk dillərində
ölmüş, başqa
dillərdə yaşayan
sözlər və rus lüğəti bu cür qalıqların
(yəni artıq türk dillərində istifadə edilməyən
leksemlərin - T.C.) anbarıdır"
(Süleymenov O. Türklər
tarixdən əvvəl,
s.18)
Burada haşiyə çıxaraq
məqaləmizin əsas
məğzinə uyğun
o məqamı vurğulayaq
ki, bu gün artıq türk-slavyan tədqiqatları (tyurkoslavistika)
kimi formalaşmış,
əsasının O.Süleymenovun
"Az və Ya..."
kitabı ilə qoyulduğu elmi istiqamət bir neçə mənbədən
qidalanırdı. İlkin
qaynaqlar arasında Krım tatarı "Tərcüman" qəzetinin
naşiri, Rusiyada və Osmanlıda türkçülüyün əsasını
qoyanlardan biri kimi tanınan İsmail Qaspıralının ideya
və görüşləri
xatırlanır. O, Əhməd
Bəy Ağaoğlu kimi, türk mədəniyyətinin üstün
Qərb mədəniyyətindən
və Avropa təhsilindən, maarifçilik
ideyalarından bəhrələnməsinin
tərəfdarı idi.
İnqilabdan sonra, 20-ci illərin
sonu - 30-cu illərdə
rus mühacir mühitində formalaşmış
və Rusiyanın nicatı kimi təqdim olunan avrasiyaçılıq elmi-nəzəri
platforması ilk dəfə
türklərin rus dövlətçilik və
mədəni inkişaf
tarixindəki roluna müsbət qiymət verir. O fikirdəyik ki, O. Süleymenovun irəli sürdüyü "tyurkoslavistika"
istiqamətinin kökləri
həm də N.Trubeskoyun "Avropa və bəşəriyyət",
"Rus mədəniyyətində Turan elementi", P.Savitskinin "Rus tarixinin
Avrasiya konsepsiyası"
məqaləsi, P.Suvçinski,
P.Saviski, Q.Florovskinin həmmüəllifliyi ilə
ərsəyə gəlmiş
"Şərqə çıxış:
gözləntilər və
uğurlar. Avrasiyaçıların
bəyanatı" və
sair əsərlər
nümunəsində avrasiyaçılıq
elmi-nəzəri platformasına
bağlıdır. Sonradan
bu həqiqət klassik avrasiyaçılığın
son nümayəndəsi hesab
etdiyimiz, türk-slavyan
tədqiqatlarına ciddi
töhfələr vermiş
L.N.Qumilyovun ("Qədim
Rus və Böyük
Çöl" kitabından
tutmuş, onun passionarlıq və etnogenez nəzəriyyələrinin,
avrasiyaçılıq görüşlərinin
təsdiqinə xidmət
edən bütün əsərləri) müsahibələrindən
birində səslənəcəkdi:
"Bir şeyi bilirəm
və sirr olaraq sizə bunu deyə bilərəm ki, Rusiya nicat tapacaqsa, o, yalnız Avrasiya dövləti kimi və yalnız avrasiyaçılıq ideyaları
hesabına xilas oluna biləcək."
(http://gumilevica.kulichki.net/articles/Article28.htm) Artıq
XXI əsrin ilk onilliklərində
türkiyəli avrasiyaçı-alim
Ö.G.İşyar da ölkəsinin
və Rusiyanın Avrasiya kontekstində əməkdaşlığının tərəflərin xeyrinə
olduğunu, bu ölkələr "bir-birinə
qarşı deyil, birlikdə hərəkət
etməlidirlər, öz
aralarında siyasi bir çevikliyə nail olmalı, bir-biri ilə üstünlük yarışına və rəqabətə girməməlidirlər"
- [İşyar Ö.G. Avrasya
ve avrasyaçılık.
- Bursa: Dora, 2013, s. 89] deyə vurğulayacaqdı.
Ancaq ortada tam fərqli bir tarixi reallığın
şahidiyik. Beş yüzillikdən artıq müddətdə, yəni
Konstantinopolun türklər
tərəfindən fəthindən
başlayaraq, türklərə
qarşı açıq
və gizli şəkildə aparılan
siyasət nəticəsində
Qədim Rusa məxsus rus-poloves, rus-tatar münasibətlərini
və birgəyaşayışını
əks etdirən bütün dini və dünyəvi ədəbiyyat mətnləri
redaktor-kompilyatorlar tərəfindən
türk keçmişindən
"təmizlənmiş", tərtib olunmuş "Rus
xronoqrafı", "Əhəmiyyətli
kitab", "Çetyi-mineylər" kimi rus dövlətçilik
və din tarixinə
aid ensiklopedik məlumat
nəşrlərində Rusun
Çöllə çoxəsrlik
sıx münasibətlərindəki
neqativ hallar qabardılmış, türk
etnos və xalqlarını təmsil edən obrazlar özgə ünsür kimi "dinsiz", "allahsız", "lənətəgəlmiş"
və bunlara bənzər digər nifrətdoğurucu ifadələrlə
təsvir olunmuşdur.
Qazax şairinin təhlil etdiyi "İqor alayı barədə söyləmə"
kimi Böyük Çöl tarixinə dair onlarla əhəmiyyətli
ədəbi abidə lazımsız kağız
parçası kimi anbarlara atılmış və ya məhv
edilmişdir. XVI əsr
əlyazmaları içərisində
tapılmış mətnin
("İqor alayı
haqqında söyləmə"nin)
"bəxti" onda
gətirmişdi ki, o, Qədim
Rusa aid salnamə və digər yazı mətnlərinin toplayıcısı qraf Musin-Puşkinin əlinə
düşmüş və
vacib ədəbi abidə olduğu zənn edildiyindən mətn üzərində
işlənilərək, II Yekaterinaya təqdim olunmaq üçün hazırlanmışdı. Qeyd
etmək yerinə düşür ki, XVI yüzillik
Rusiyanın avropalaşdırılması
yolunda təkcə Noğay Ordası və Həştərxan xanlığının, Konstantinopolun
fəthinin 100 illiyi ərəfəsində Şərqdə
türk-müsəlman sivilizasiyasının
mərkəzi və dayağı olan Kazan xanlığının süqutu
ilə deyil, həm də türk dövlətçilik
və mədəniyyət
tarixini əks etdirən mənbələrin
məhv edilməsi və saxtalaşdırılmasının
ən qızğın
dövrü kimi xarakterizə olunur. Rus tədqiqatçılarının özləri də etiraf edirlər ki, "Avropada ən pis saxlanılma vəziyyətinə malik olan
mənbələr rus
arxiv və kitab anbarlarıdır". Bu fikrin
müəllifi P.Q.Skrınnikov,
hətta "Çar
kitabı" adı ilə məşhur olan salnamənin "kiminsə hakim əli ilə əlavə və düzəlişlərlə
doldurulduğunu" (Skrınnikov
P.Q. İvan Qroznıy. - M.: Nauka, 1983, s.81) qeyd etməklə yanaşı,
Qroznı dövründənqalma
cəmi beş əhəmiyyətsiz sənədin
siyahısını gətirir.
"Qədim Rus və türklər" mövzusuna
az-çox bələd
olan adam kimi bu haşiyəni
çıxmaqda məqsədimiz
o acınacaqlı faktı
təsdiqləməkdir ki, Böyük
Roma, sonradan həm də Bizans İmperiyası ilə Böyük Çin Səddi arasındakı aralıq Avrasiya çöl-köçəri tarix
və mədəniyyətinin
varisinə çevrilmiş
Moskva Rus dövləti XV-XVI əsrlərdən başlayaraq,
planlı şəkildə
bəşər sivilizasiyasının
qiymətli parçası
olan türk xalqları mədəniyyətinin
məhvinə və saxtalaşdırılmasına çalışmış,
sonrakı dövrlərdə
bu siyasət müxtəlif yollarla davam etdirilmişdir... Uzun yüzilliklərin həqiqətini bölüşməyə,
Şərqi slavyan və türk xalqları arasında ovaxtkı münasibətlər
barədə mənzərəni
bərpaya və etirafa dəvət edən mətnin ("İqor alayı barədə söyləmə"nin)
orijinalının itməsi
də müəmmalı
qalır. "Az və
Ya..." kitabının
müəllifi bu orijinalı bərpa etməyə çalışır,
paleoqraf kimi düzgün şərh olunmayan, mətnin qaranlıq yerləri adlandırılan ifadələri,
strukturu və məntiqi axarı, sonluğu zədələnmiş
süjet, türk motivləri üzərində
dayanır. Eposun ruhu, ideyası, obrazlılığı, peyzajın
funksiyası bərpa olunur, ədəbi abidənin mifik və dini təsəvvürləri,
folklor elementləri canlanır. Bədii mətnin linqvistik analizi, xüsusi hazırlıq və intuisiya ilə canlandırılan söz və obrazlar tədqiqatçını türk
eposlarının tanış
və doğma mühitinə cəlb edir, o, ayrı-ayrı qəhrəmanlıq dastanları
ilə paralellər aparır... Bu eksperiment sonrakı onilliklərdə
"İqor alayı barədə söyləmə"
ilə onlarla türk dastanı arasında ideya-mövzu və tipoloji oxşarlıq axtarışlarına
yol açır. Ən çox müqayisə isə
"Kitabi-Dədə Qorqud"la
aparılır. Bu müqayisələr
Azərbaycan türklərinə
məxsus qəhrəmanlıq
dastanının Ortaçağ
qəhrəmanlıq abidələri
arasında müstəsna
əhəmiyyətini və
digər xalqların
epos yaradıcılığına təsirini sübut edir. O.Süleymenovun müzakirə olunan kitabında və sonrakı tədqiqatlarında
"İqor alayı barədə söyləmə"
mətnində rast gəlinən mifik obrazları, arxetip və simvolları, totemləri türk dastanları (qazax eposları "Er-Tarqın",
"Kara Kıpçak koblandı",
Azərbaycan dastanları
"Kitabi-Dədə Qorqud",
"Koroğlu" və
s.) elementləri ilə
müqayisə edir, təkcə rus knyazlarının yox, əsas süjetdə və lirik ricətlərdə
qarşılaşdığımız poloves xanlarının təsvirlərində də
onlarla bağlılıq
axtarır. "Az və
Ya..." kitabında O.Süleymenovun gəldiyi əsas qənaətlərdən
biri də odur ki, "İqor alayı barədə söyləmə"nin naməlum
müəllifi ikidillidir,
epos isə birmənalı
olaraq rus-poloves ədəbi abidəsidir.
("Az i Ə", s.182) Bu isə sovet dövründə Qədim
Rus ədəbiyyatı abidələrinin
ən tanınmış
və nüfuzlu tədqiqatçısı akademik
D.S.Lixaçovu qane etmir: "Belə çıxır ki, "İqor
alayı barədə
söyləmə" ikidilli,
rus-poloves abidəsidir.
Əsərin müəllifi
poloveslərin əleyhinə
deyilmiş. 1185-ci ilin
poloves-rus düşmənçiliyini
müəllif yaxın
qəbilələr arasında
qarşıdurma hesab edirmiş..." (Lixaçev
D.S. "Slovo o polku İqoreve" i kulğtura eqo vremeni. - L.: Xudoj. lit., 1978,
- 317). Halbuki digər salnamə mətnlərindən,
xüsusilə, "İqor
alayı barədə
söyləmə"nin tarixi
əsasını təşkil
edən İpati və Lavrenti salnamələrindən gətirilən
nümunələr, rus
tarixinin bizə yaxşı məlum olan poloves, tatar
və Moskva Rusu dövrlərinə aid "Ötən
illərin hekayəti",
"Vladimir Monomaxın öyüdnaməsi",
"Qaliç-Volin salnaməsi",
"Zadonşina" və
s. abidə mətnləri
üzərində müşahidələr
də eyni fikirləri söyləməyə
əsas verir. O. Süleymenov bu cür inkar ritorikasını əvvəlcədən
gözləyirdi. O, knyaz
İqorun əsir düşmüş oğlu
Vladimirin Konçak xanın qızına evləndirilməsini güclü
tərəfin zəif
tərəfə qız
verməsi kimi izah edir və
qıpçaq-poloves qızları
ilə onlarla belə nikah nümunələri
gətirir, eyni zamanda "Tarixçilər
və tarix" fəslində istinad etdiyi akademik B.D.Qrekovun 600 səhifəlik
"Kiyev Rusu" kitabında (1945) peçeneqlərlə
əlaqələr barədə
cəmi bir neçə abzas verildiyini, rus knyazlarının alman, fransız,
çex və s. dinastiyalarla qohumluq əlaqələrindən ətraflı
bəhs edildiyi halda, bu mənada
Çöllə münasibətlərin
xatırlanmadığını göstərir. Slavyanşünas-alim
V.A.Parxomenkonun "Salnamələrdə
poloves izləri" məqaləsində "Rusun
poloveslərlə əlaqələrinin
izlərinin diqqətlə
axtarılması" tövsiyəsi
isə O. Süleymenovu
təəccübləndirir. ("Az i Ə", s.181) Tarixə
slavyan-türk birliyi dövrü kimi düşmüş, Şərqi
slavyanların xəzərlər,
bulqarlar, quzlar, poloveslər (qıpçaqlar,
kimaklar, kumanlar), sonra monqol-tatarlarla çoxəsrlik sıx münasibətlərində iz
axtarmaq, təbii ki, təəccüblü görünürdü.
Görün, Şərqi
slavyanlara aid ilk orijinal
salnamə məcmuəsi
"Ötən illərin
hekayəti"nin ("Povestğ
vremennıx let") mətninə
nüfuz edib orada hun, avar,
xəzər, macar (uroqlar) elementləri axtarılsa, hansı həqiqətlər ortaya çıxar?! Yaxşı
ki, "Az və Ya..."
Qədim Rusun ümumən poloves və monqol-tatar tarixini əhatə edir. O, ilkin dövrlərdə mənimsənilmiş
hərbi işə
aid qədim türk sözlərinin (voin, boərin, polk, trud, oxota, oblava,
çuqun, jelezo, bulat, alebarda, topor, molot, suliüa,
ratğ, xoruqvğ, sablə, kmetğ, kolçan, tğma, ura, ayda) rus
mətnlərində artıq
türkizm kimi qeyd olunmadığını,
dilçilərin yalnız
son dövrlərdə rus
dilinə keçən
sözləri (saadak, orda, bunçuk, karaul, esaul, ertaul, ataman, koş, kurenğ, boqatırğ, biröç,
jalav (znamə), snuznik, kolımaqa, alpaut, surnaçğ və s.) gördüklərini
bildirir ("Az i
Ə", s.179). O vaxtlar sözlər,
təbii ki, sıx təmas, iç-içə
yaşayış hesabına
mənimsənilirdi. Poloves
dövründə nə
Kiyev, nə də Novqorod knyazları drujina və qoşun saxlamırdılar. Onları
qoruyan poloveslər, qaraqalpaqlar, torklar idi.
Rus tədqiqatçılarının bir ağızdan inkar etdikləri rus-poloves, rus-tatar birgəyaşayışı ilə
bağlı faktlar O.Süleymenovun bütün
əsərlərində yer
alır. Bu iç-içə
yaşayış təkcə
hərbi sahədə
özünü göstərmirdi.
Tədqiqatçının "Xəzər Albaniyası"
yazısında gətirilən
arqumentlər qohumluq, hərbi, təsərrüfat
münasibətləri ilə
yanaşı, sıx iqtisadi-inzibati və kommunikasiya əlaqələrinin
də mövcudluğunu
göstərir ki, bu
da özünü, ilk növbədə,
rus dilinin lüğət tərkibinə
daxil olmuş sözlərdə (məsələn,
qədim türk dillərindən qədim rus dilinə keçmiş tamojnə və tamojnik kimi leksemlərdən əmələ gəlmiş
çoxlu sözlər
müasir rus dilində işlədilir)
ifadə edir (Süleymenov O. "Kuman nəğməsi",
s.21).
Hesab edirik ki, formalaşmaqda və güclənməkdə
olan Türk Dövlətləri Təşkilatının
ideoloji platforması mədəni dominanta söykəndiyindən qədim
və zəngin tarixə malik türk mədəniyyət və
sivilizasiyalarının dünya
miqyasında təsdiqi,
kulturoloji aspektdə geniş təqdim olunması üçün
O.Süleymenovun zəngin
bədii və elmi yaradıcılığı,
ilk növbədə, türk
aləmində lazımi
şəkildə və
səviyyədə tanıdılmalıdır.
Sonda bir daha o fikir üzərində
dayanırıq ki, türkçülük
ideologiyasının banilərindən
biri İ.Qaspıralını,
rus avrasiyaçı alimlər N.Trubeskoy, P.Saviski və b., passionarlıq və etnogenez nəzəriyyələrinin
müəllifi L.Qumilyovu
tyurkoslavistikanın əsasını
qoyumuş O.Süleymenovun
sələfləri hesab
edirik. Bu gün türk dünyasında, eləcə də Azərbaycanda tyurkoslavistika,
avrasiyaçılıq, türk
dillərinin tarixi inkişafı, qonşu və digər qohum dillərlə müqayisəli linqvistik təhlili ilə bağlı tədqiqatların
O.Süleymenovun yanaşma
və yaradıcılığından
bəhrələndiyini vurğulayırıq.
Telman CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.8-9.