Unutmağa kimsə var...
Vaqif əvəzedilməz
idi... (2)
(Əvvəli
ötən saylarımızda)
...Bütün bunlarla yanaşı, onu demək lazımdır ki, Vaqiflə məni bir-birimizə tərəf "kəşfiyyatsız" itələyən qüvvə məhz "Kitabi-dədə Qorqud" idi. Biz, Moskvadan qayıdanlar - Niyazi, Zeynal, mən Bakıda yeni ab-hava, yeni intellektual mühit həvəsində idik. O zaman mən işlədiyim Akademiyanın Dilçilik İnstitutunda görə bilmədiyim belə intellektual mühiti Bakı çayxanalarında tapırdım. Çayxanalara məhəbbət hələ orta məktəbdən başlamışdı. Bunun obyektiv səbəbi vardı. Dərsdən sonra bir-birimizlə görüşmək həvəsini biz əsas etibarilə çayxanalarda yaşayırdıq. Bura çox əlverişli yer idi. Evdən müxtəlif vaxtlarda çıxan bizlər gəlib burada oturub çay içə-içə bir-birimizi gözlərdik. Yasaq söhbətlər də bu zaman yavaş-yavaş çayxana mizlərinə hopur və bizi ahənrubə kimi özünə cəlb edirdi. Bəzən biz orta məktəb dostlarının görüşü çayxanada başlayıb elə çayxanada da bitirdi. Evə saat 11-də, 12-də ancaq gedib çıxırdıq. Əsas görüş yerimiz Bulvara keçidin bulvar tərəfdəki çayxanası idi. Bu çayxanada məktəblər, hətta siniflər, adətən ayrı-ayrı oturar, amma hərdən stollar birləşər, biz birlikdə oturub söhbət edərdik. Əlbəttə ki, o dövrün çayxana söhbətləri ilə sonrakı çayxana söhbətləri eyni deyildi. Əvvəlki çayxana söhbətləri "kim kimi sevir"dən "kim kimi sevmir"ə qədər yol gəlib yorulardı. Bu biri müstəvilərə zorla çıxa bilərdi. Sonrakı çayxana söhbətləri isə andeqraund söhbətləri idi. Qəbuledilməzlərin - bunlar yazıçı ola bilərdi, şair ola bilərdi, siyasətçi ola bilərdi, müstəqillik fədailəri ola bilərdi, qarşısına əngəllər çəkilən alim ola bilərdi - bir sözlə, rəsmi mühitdə qəbuledilməzlərin müzakirəsindən ibarət idi. Arabir də elmi və ictimai motivlər əsas mövzulara çevrilirdi.
Çayxanalarda belə bir intellektual mühitin havasını mən universitetdə artıq müəllim işləyən, müxtəlif qəzet redaksiyalarında çalışan, Yazıçılar Birliyində və onun redaksiyalarında ədəbiyyatla "yatıb-duran" köhnə və yeni dostlarım olan elm, mədəniyyət, müstəqillik fədailərindən alırdım. Heç bir kəsə gizli deyildi ki, o dövrün Bakısında intellektual həyat məhz çayxanalarda yaşanırdı. Siyasi-ictimai, mədəni-filoloji ixtisasları həvəslə yayan və verən bir məktəb. Çayxana öz-özlüyündə bir qaynayan, coşan məktəb idi - hamının əsəbini tarıma çəkən bir məktəb... Amma bizim - bu məktəbin iştirakçıları olan Aydın Məmmədovun, İsmayıl Məmmədovun, Firudin Cəlilovun, Cəlil Nağıyevin... bundan xəbərimiz yox idi. Biz, sadəcə, öz həyatımızı yaşayırdıq. Birindən o birinə keçərdik. Lap əvvəl getdiyimiz çayxana Bakı soveti metrosunun arxasındakı bağda olan çayxana idi. Bir qədər sonra nə oldu, nə olmadısa, qubernat bağının ortasında qala divarlarının az qala içində balaca bir çayxanaya köçdük. Bir müddət sonra bir qədər də aşağı, "Azneft" meydanında çayxana vardı - məskənimiz ora oldu. Sonra Əl oyunları stadionunun arxası, daha sonra "Sahil" restoranının arxa tərəfi... Bizim çayxana Odisseyamız bitirdimi, bitmirdi. Çayxanalar barədə bir qədər irəlidə daha geniş bəhs etməyi nəzərdə tutduğumdan burada bu qədər bəs edər, deyə düşünürəm.
Qərəz, açıq demək lazımdır ki, Vaqif İbrahimoğlu o zaman bizim üçün intellektual neft fontanı kimi idi. Çayxanalardakı bir çox tanınmış o zamankı gənc xadimləri yada salsaq, deməliyəm ki, çayxanalar məktəb idisə, ondan kənarda da belə "Auditoriya +" məktəbləri var idi. Səmimiyyətlə deyim ki, Vaqif öz-özlüyündə böyük bir "çayxana" funksiyasını yerinə yetirirdi. Biz daim Vaqifə tərəf, ona doğru can atırdıq. O özünə lazım olan, daha doğrusu, özünün lazım bildiyi adamları bir yerə yığa bilirdi. Əslində, açıq demək lazımdır. Vaqif öz-özlüyündə böyük və ciddi bir kulturoloji məktəb idi. Bu məktəbin daimi və sədaqətli üzvləri hələ o zamanlar geniş ictimaiyyət tərəfindən tanınmış simalar olan Rəhman Bədəlov, Niyazi Mehdi, Zeynal Məmmədli, Əli Abbasov, Toğrul Cuvarlı, Məryəm Əlizadə, Gündüz Sarıyev, Aydın Talıbzadə... bir də sizin sadiq bəndəniz idi. Bunlardan başqa bir sıra tanınmış jurnalistlər, alimlər, yazıçılar, rejissorlar, tələbələr də bizim məktəbə vaxtaşırı baş çəkirdilər. Həsənağa Turabovun, Ədalət Vəliyevin, Azərpaşa Nemətovun, Ramiz Rövşənin, Aydın Məmmədovun, Rasim Ocaqovun, Eldar Quliyevin Məryəm Əlizadənin, İlham Rəhimlinin hər dəfə YUĞ-a gəlişi unudulmaz olurdu.
Mən Vaqifin quruluş verdiyi və hamı tərəfindən eksperiment adlandırılan səhnələri izlədikcə, onun şərhlərini, passajlarını dinlədikcə, sözün əsl mənasında, yeni bir teatr aləminə, yeni bir teatr estetikasının içinə düşdüyümü hiss edirdim. Hiss edirdim və anlayırdım ki, ümumiyyətlə, tamaşa adlı fenomen təkcə aktyorların səhnədə bir-birinə dedikləri mətndən ibarət deyil. Tamaşa mətnin özü boyda, bəlkə də ondan da böyük mətnaltıdan ibarətdir. Teatr artıq yavaş-yavaş mənim üçün gözəl qadınların və yaraşıqlı, gözəl kostyum geymiş, rəngbərəng qalstuklu kişilərin toplaşdığı yerdən gözəl duyğuların, incə hisslərin bir-birini tamamladığı və bəzən bir-birilə toqquşduğu məkana çevrilirdi. Vaqifin "eksperimentlər"i məni digər tamaşalara da bu cür yanaşmağa, onları anlamaqla yanaşı, həm də hiss etməyə sövq edirdi.
Vaqiflə ardıcıl təmas məndə qəribə bir önduyumun baş qaldırmasına səbəb olmuşdu. Mən qəflətən inanmışdım ki, öz balaca otağında qarşımda oturub tünd "Maxorka"nı bir-birinə calayan, sözlə yox, gözlərilə sənə "səni anlayıram" deyən bu arıq və cılız, gənc mədəniyyət fədaisi bizim çoxumuzun intuitiv olaraq gəlişini hiss etdiyimiz təntənəni bizə nə vaxtsa yaşadacaq. Bu eksperimentlər boşuna getməyəcək və biz "Dədə Qorqud"un layiqli səhnə təcəssümünü, nəhayət, görəcəyik. Vaqif böyük bir sıçrayışla artıq özünü öz gördüyü yüksəklikdən atmışdı. Bizə - onu sevənlərə isə bu sıçrayışı ancaq gözlərimizlə müşayiət etmək qaldı. Yüksəklikdən bu möhtəşəm atılış nəhayətsiz mədəni ənginliklə təmasa çevrildi. Vaqif bir çox realist əsərlərə imza qoysa da, bəlkə də özündən xəbərsiz həyatda lirik idi. Çünki A.Fetin bu sözləri ən çox ona yaraşırdı: "Kim ki, səmada pərvaz edəcəyinə inanaraq özünü 7-ci mərtəbədən üzüaşağı atmırsa, o, lirik deyil".
Yalançı təvazökarlığı bir kənara qoyub deməliyəm ki, Vaqif də mənim simamda öz layiqli pərəstişkarını tapmamış deyildi. Onun teatrında müzakirələr zamanı, əsas etibarilə, bir-birimizi dəstəkləməyimiz, teatrdan kənarda - çayxanalarda, yeməkxanalarda söhbətlərimiz, eyni istiqamətə baxa bilməyimiz bizi bir-birimizə çox yaxınlaşdırmışdı. Ümumiyyətlə, onu qeyd eləmək vacibdir ki, Vaqif istənilən mövzuda aparılan söhbətdə əvəzsiz tərəf-müqabil idi. Söhbətin şirinliyini təmin etməyin ustası idi. Məncə, o buna özünün klassik üsulu ilə nail olurdu. Vaqif sən nə söyləyirdinsə, onunla qeyd-şərtsiz razı olurdu. Hətta bəzən razı olandan sonra, o da ola bilirdi ki, Vaqif sənin dediklərinə əks bir fikir irəli sürsün və sənə etiraz etsin. Bu, çox maraqlı və hardasa "hiyləgər" bir üsul idi, söhbəti ələ almaq üçün gözəl bir fənd idi. Söhbətin "ayrı-ayrı operalardan" olan calaqları (söhbət isə Dədə Qorquddan Stanislavskiyə, oradan antik mədəniyyətə, oradan rus ədəbiyyatına, oradan Nəsimiyə, Füzuliyə, Xətaiyə, oradan Üzeyir Hacıbəyova keçə bilirdi) bu şəkildə bir-birinə üzvi şəkildə bağlanır, bütün kəskin və qaranlıq bucaqlar bir də görürdün ki, aydın şəkildə cilalanırdı. Amma onu da demək olmaz ki, hər hansı bir söhbət Vaqif üçün ancaq və ancaq öz rahat axarı ilə maraqlı idi. Onun da sonadək razılaşmadığı məqamlar az olmurdu. Bu zaman o, bığlarını adəti üzrə əlləşdirib sakitcə çoxmənalı bir "hm..." eləyirdi və söhbətin istiqamətini qarşıdakı maneədən yan keçirirdi. Onun intellekt baqajını daşıyan bu nəhəng gəmi riflərlə, aysberqlərlə heç zaman toqquşmurdu.
Bir dəfə, belə bir məsələ ortaya çıxmışdı. Bu, yanılmıramsa, Tədris
teatrında baş verdi. "Dədə Qorqud"la
bağlı hansısa növbəti eksperiment-səhnədən
sonra mən tamaşanın gedişində
"tapdığım" simmetrik uyuşmazlığı
tamaşasonrası müzakirə zamanı sevinə-sevinə
ona bildirdim. Ümid edirdim ki, o mənimlə razılaşacaq.
Nə baş vermişdi? Sadəcə, projektordan gələn
işıq səhnənin hər iki tərəfinə
simmetrik şəkildə düşmürdü. Bu isə mənim
fikrimcə, səhnənin bütövlüyü naminə
onun simmetriyasını təmin etmək üçün vacib
idi. İşığın səhnəyə indiki halında
simmetrik şəkildə düşməməsi səhnədə
aşkar asimmetriya yaradırdı.
Vaqif mənə
heç bir cavab vermədi, şakəri üzrə nazik
bığını əlləşdirə-əlləşdirə
"hm..." elədi. Amma mənə xüsusi bir diqqət və
maraqla baxdı. Görəndə ki, mən təkid eləməyə
başlayıram, başını yırğalayıb qəti
şəkildə "yox" işarəsini verdi. Mənimlə
razılaşmadı.
Mən o
zaman heç nə anlamadım. Mənə elə gəlirdi
ki, mən dediyim şəkildə simmetriya bərpa olunarsa, səhnənin
bədii effekti qat-qat artar. Nə isə, mənim simmetriyaya
böyük inamım və məhəbbətim var idi. Nahaqdan
Moskvada "Dədə Qorqud"dakı sintaktik paralelizmdən
yazmamışdım ki... Sintaktik paralelizm elə
simmetriyanın özü idi, başqa şey deyildi. İndi
anlayıram ki, mənim simmetriya ilə bərabər
asimmetriyaya da vurğunluğum dissertasiyanı
yazdığım o zamandan etibarən implisit şəkildə
canımda yaşayırmış. Mən bilirdim ki, asimmetriya
heç də simmetriyadan az əhəmiyyətli deyil. Vaqif isə
bunu təkcə bilmək yox, o bunu əxz eləmişdi.
İndi mən o uzaq illərin mübahisəsini xatırlarkən
inanıram ki, Vaqif haman səhnəni bilərəkdən
asimmetrik biçimə salmışdı. O asimmetrik şəkildə
səhnəyə düşən işıq səhv-zad
deyildi. Vaqif öz seçimini eləmişdi. Vaqif
üçün asimmetriya simmetriyadan daha maraqlı idi, daha dərin
idi; daha perspektivli və daha informativ idi. Mən
düşünürəm ki, bəlkə də mənim
sonralar böyük məkanlarda (bu məkan mətn də ola
bilər, bir otağın dizaynı da) simmetriyadan qaçma
ehtirasımın və asimmetriyaya meylimin əsasında Vaqifin
o gün mənə elə maraqla (bəlkə də təəccüblə)
baxmağı durur.
Ricət.
Mənim nazımla xüsusi olaraq oynayan dörd dostum olub.
Onların heç biri indi həyatda deyil. Onlar unudulmaz
dostlardır. Qəribə və ağlagəlməz bir
qabiliyyətə sahib idilər. Onlar öz dərdlərini,
başlarına gələni, demək istədiklərini
ürəklərində saxlayıb saatlarla mənim dediklərimə
qulaq asa bilirdilər. O dörd dostdan biri mənim
uşaqlıq və gənclik illərimin dostu, on il bir sinifdə
oxuduğumuz Aslan idi. O cavan yaşında dünyasını dəyişmişdi.
Rəhmətə gedəndə, təxminən, qırx
yaşı vardı. İki dəfə ürəyindən əməliyyat
olmuşdu. Aslan həyatı boyu üç bədii kitab oxumamışdı.
Amma onun qədər müdrik adama mən çox nadir hallarda
rast gəldim. Yüzlərlə kitabın insana verə biləcəyi
informasiya onda fitrətən var idi. Ləyaqəti,
insanlığı, özünü sevdirməyi, hiyləgərliyi,
çoxbilmişliyi, həyat təcrübəsi, münasibətləri
tənzimetmə qabiliyyəti hardan gəlmişdi ona?! Qəti
deyə bilərəm ki, Aslanın da əsl müəllimi
küçə və məhəllə, başqa sözlə,
Bakı şəhəri olmuşdu.
Yuxarıda
dediyim kimi, Aslan mənim məktəb yoldaşım idi. 10 il
bir sinifdə oxumuşduq. Nizamidən-Nizamiyə Nizami
küçəsi ilə! Bu marşrutu biz onunla və digər
dostlarla bir yerdə eninə, uzununa dəfələrlə
ölçmüşdük. Məktəbdən daha çox
bizim həyatımız küçələrdə
keçirdi, çayxanalardan, kino-teatrlardan
çıxmırdıq. Məktəbdəki dərslərdən
sonra bizim öz "məktəbimiz" həmişə
davam etmişdi. Bu "məktəb", adətən Sabir
bağından başlardı. Bizim sinif uşaqlarının
qala divarlarının bir uçuq yerində gizli
"daxılımız" var idi. Mən, Məlik, Aslan,
Muxtar, Natiq, Əbülfəz, Etibar, Zakir burada siqaret gizlədərdik.
Yığışıb o bağda siqaret çəkərdik.
Bu, bir ritual idi. Özü də o "daxıla"
dükanda satılan siqaret yığmazdıq. Axşamlar
Moskva qatarının qabağına çıxar, vaqon-restoran
işçilərindən baha qiymətə "defisit"
siqaretlər alardıq. Aylarla bunun üçün pul
yığardıq. O zaman ləzzətindən bihuş
olduğumuz "Kim", "Vizant" belə siqaretlərdən
idi. Çox ətirli idilər. Bunlar Kuba siqaretləri idi.
Mağazada onlara rast gəlmək mümkün deyildi. Sonralar
bunların sirasına "Malboro", "Kent",
"Danhil", "BT",... əlavə olundu. Daha sonra isə
siqaret almaq üçün qatar qabağına çıxmağa
ehtiyac qalmadı. Biz yaşa dolurduq və "Kubinka" deyilən
yerdən nə istəsən ala bilirdik.
Biz - məktəb
illərindən bir-birimizin yanında olmağa
alışmış dostlar bir-birimizin yanında olmadan az qala
yaşaya bilmirdik. Mənim Moskvadan tez-tez Bakıya gəlməyim
də ən çox onlara görə idi. Aslanın mənim
üçün bir əvəzedilməz xasiyyəti vardı
ki, bu xüsusiyyət o birilərində yox idi. O qulaq asa
bilirdi. Mənə ağıllı məsləhətlər
vermək, narahatlığımı azaltmaq, məni əzən
nə vardısa, onun bir hissəsini öz çiyinlərinə
götürmək bəlkə onun heç ağlına da gəlmirdi.
O, sadəcə, qulaq asırdı. Nəsə soruşurdu, nəsə
deyirdi, söhbətin məcrasını, bəlkə
heç özü də bilmədən dəyişirdi və
mən bir azdan görürdüm ki, içimə
yığdıqlarımdan azad olmuşam, artıq rahat nəfəs
ala bilirəm. Aslan heç özü də hiss etmirdi ki, nə
edir. Mən də bunu bilmirdim. O ancaq qulaq asırdı. Amma nəsə
baş verirdi və mən rahatlaşırdım. Çiynimdə
yığışanları onun çiyninə
keçirirdim.
Mənim
rahatlığımı ciddi-cəhdlə, səliqə ilə
bərpa edən, qoruyan ikinci dostum Natiq Səfərov idi. O,
gözəl ziyalı, hərtərəfli filoloji
hazırlığa malik filoloq, mahir tərcüməçi
idi. Rus dilini incəliklərinə qədər gözəl
bilirdi. Rus dilindən Azərbaycan dilinə ondan daha kamil tərcüməçi
tanımadım. Ədəbi mühitin andeqraund və orta
qatlarında nüfuzlu söz sahibi idi, say-seçmə ədəbiyyat
adamı idi. Güclü ədəbi duyuma malik olan Natiq mənim
yazdıqlarımı daim oxuyur və xüsusi təkidlə məni
həmişə yazmağa, ruhdan düşməməyə,
yenə də, yenə də yazmağa təşviq edirdi.
Xüsusilə, pyes yazmağa. Əlində qələm tutan
bir adamı həvəsləndirmək üçün daha nə
lazım idi?! Əlbəttə ki, tərifləməkdən
başlamaq! Bunu Natiq qədər ustalıqla həyata
keçirən olmurdu. Sonra onun "milli dramaturgiyaya xidmət"
xəttini mənim əziz dostum Həsənağa Turabov və
əlbəttə ki, artıq digər əziz dostuma
çevrilmiş Vaqif İbrahimoğlu davam etdirdilər. Onlar
olmasa idi, mənim pyes yaradıcılığım bir
addım da irəli gedə bilməzdi.
Natiqin tərcüməçi
kimi xüsusi məharəti o zaman bütün ölkə
filoloji və mədəni həyatında bomba kimi partlayan
Oljas Süleymenovun "Az i Ya" əsərini Azərbaycan
dilinə tərcümə etdiyi zaman özünü göstərdi.
Natiq mükəmməl bir tərcümə ortaya qoymuşdu.
Bu əsəri tərcümə etmək sadəcə, dili
bilməyi yox, elmi də bilməyi şərt kimi
qarşıya qoyurdu. Özü də təkcə müasir
dil elmini yox, tarixi dilçiliyin də gərək bilicisi
olaydın. Natiq bu əzablı çətinliyin öhdəsindən
məharətlə gəldi. Onun sayəsində Oljas
Süleymenovun bu möhtəşəm əsəri Azərbaycan
dil məkanında ikimüəllifli bir əsərə
çevrildi, desəm, səhv etmərəm.
Natiq
çayxanaların ürəyi idi. Məzəli əhvalatları,
bu əhvalatların özünəxas məzəli
"ifası", əsərə və adama dəqiq qiymətvermə
bacarığı var idi. Bir sözlə, sözü-söhbəti
çayxanadan-çayxanaya gəzirdi. Onunla məni birləşdirən
də elə çayxana olmuşdu.
Tanışlığımız mən Moskvadan Bakıya
qayıtdıqdan sonra, 70-ci illərin axırında baş
verdi. Mən Akademiyanın Dilçilik İnstitutunda işləməyə
başlamışdım, Natiq isə Radionun stajlı əməkdaşı
idi. Məndən gərək ki, 15 yaş böyük idi. Bəlkə
də mənimlə dayə kimi davranmağı özünə
borc bilirdi?! Evdə anam da onun xətrini çox istəyirdi. Hər
dəfə biləndə ki, Natiq bizə gələcək,
naxçıvansayağı yemək bişirərdi. Natiqin də
naxçıvanlı olmağı, atasının vaxtilə
Naxçıvanda yüksək vəzifə
daşımağı, anamın onun qohumlarından kimlərisə
tanımağı Natiqin bizim evə gəlişini xüsusi bir
hadisəyə çevirirdi. Anamla Naxçıvandan,
ağsaqqallardan, ağbirçəklərdən saatla
danışmaqdan yorulmazdı və bu zaman əsl ensiklopedik
bilik nümayiş etdirərdi. Mən də dəfələrlə
eşitdiyim bu söhbətlərə dözərək
onları dinlər və öz növbəmi gözlərdim.
Nəhayət,
anamla söhbət bitəndə və anam mətbəxə
çəkiləndə mənim növbəm
çatırdı. O zaman mənim qəlbimin yolları ilə
addımlayan və ya addımlamaq istəyən qızlar,
xanımlar az deyildi. Natiq də özünü bu işlərdə
"professional" sayırdı. Yaxşı məsləhətlər
verirdi. Amma özünün də mənim məsləhətlərimə
ehtiyacı var idi. Biz onunla şərtləşirdik. Əvvəl
mən, sonra o. Bir-birimizə nə varsa, danışıb
bir-birimizdən məsləhətlərimizi əsirgəməyəcək
idik. Mən başlayırdım. Və... qurtarmaq bilmirdim.
Görürdüm ki, Natiq qıvrılır, az qala oturduğu
yerdəcə çabalayır, o da danışmaq istəyir,
amma mən ağızucu "bunu da deyim, sonra sən
başlarsan..." deyərək coşqunluqla davam edirdim. Mən
qızışırdım, ona aman vermirdim. Bir az da
keçir, Natiq səbirlə öz danışmaq
vaxtını gözləyə-gözləyə artıq
öz dərdini unudur, müticəsinə ancaq qulaq asır,
danışıb yüngülləşən isə mən
olurdum. Natiqə növbə çox nadir halda gəlib
çatırdı. İndi düşünürəm ki,
Natiq boynuna götürdüyü o böyük qardaş
rolunu incə həssaslıq və qayğıkeşliklə
yerinə yetirirdi. Mənim kəmhövsələliyim onu qətiyyən
özündən çıxarmırdı, əsəbiləşdirmirdi.
Sonunda o, özünəməxsus şux bir yamsılama, incə
yumorla mənim ona danışmağa imkan verməməyimi elə
bəzəyib mənə qaytarırdı ki, mən
özüm-özümə kənardan güzgüdəki kimi
baxırdım və qarnımı gülməkdən tutub uğunub
gedirdim. Bizim söhbətimizi axırda şux bir zarafata
döndərəndən sonra mənimlə bərabər onun
özü də rahatlıq tapırdı. Amma ədalət
naminə demək lazımdır ki, əlbəttə, mən
Natiqin mənə bu cür qoruyucu münasibətindən əməlli-başlı
sui-istifadə edirdim. Bunu boynuma alıram.
Amma ən
ağrılı olan nə idi, bilirsinizmi?! Natiq anamın məxsusi
onun üçün bişirdiyi məzrəli küftədən
bir-iki qaşıq yeyib, mənalı-mənalı mənə
baxır, mən də çarəsiz halda yerimdən
qalxıb onun "dərmanını" gətirirdim. Araq
içəndə o yemək yeməyi sanki unudurdu. Onu zorla da
olsa, yedizdirmək əməlli-başlı müsibətə
dönürdü. Balaca uşaq kimi olurdu. Arağı da ki,
Natiq o çəlimsiz cüssəsi, o balaca boyu ilə 3 nəfərin
əvəzinə içirdi... Anamın bişirdiyi o gözəl,
dadlı yeməklər, demək olar ki, diqqətdən kənarda
qalırdı.
Natiqi
ancaq Vidadi ilə müayisə eləmək mümkün idi. Mənim
xüsusi olaraq nazımla oynayan üçüncü dostum
Vidadi idi. Onların hər ikisi (Natiq və Vidadi) canlı molla
Nəsrəddin idilər. Əgər həyat bir sonsuz və
maraqsız tamaşadan ibarət idisə, onlar bu
tamaşanın, bəlkə də haman məkan
üçün azsaylı canlı, maraqlı, şirin, həqiqi
personajları idilər. Çoxları özünü onlara
oxşatmağa çalışırdı, amma bu,
mümkün deyildi. Onlara sanki xüsusi vergi verilmişdi.
Vidadi və Natiq bir-birinin yanında olanda isə o məkanda -
çayxanada, yaxud hansısa məclisdə əsl intellektual,
məzəli karnaval partlayışı baş verirdi. Bu ikisi
20-30 nəfərlik məclisi əllərinə alıb hər
kəsin diqqətinə hakim ola bilirdi. Sənə qalan o olurdu
ki, təkcə iki qulağınla deyil, iki gözünlə də
onların söhbətinə bağlanasan və həqiqi həzz
vulkanının necə püskürdüyünün
şahidi olasan. Nələrdən söhbət getmirdi -
hansısa rayona kiminsə toyuna gedərkən yolda baş verənlərdən,
Ramiz Rövşənin öz şeirlərindən ötəri
Sabir Azəri ilə davaya getməsindən və yarım saat
sonra "Ulduz"un redaksiyasından onunla qol-qola,
qucaqlaşıb çıxmasından, Mirzə İbrahimovun
Yazıçıların Plenumunda gənclərə
qayğı ilə bağlı Anardan, Yusif Səmədoğlundan,
Elçindən, Çingiz Ələkbərzadədən bəhs
etməsindən və bizim gözümüzdə artıq
"ağsaqqallara" dönmüş və Mirzə müəllim
üçün ancaq özünün ədəbi
dostlarının övladı kimi qiymətli olan bu
yazıçıları gənc kimi nəzərdə
tutmasından, əslində həkim olan, amma Vidadinin ədəbiyyata
"yoluxdurduğu" Sabir Sadiqin evindəki həngamələrdən,
Vidadinin adını öz aramızda "Aşıq"
qoyduğu bir gənc alimin xırda hədiyyələr
ustası olmasından, Oqtayın maşın sürmə cəsarətindən...
Söhbətlər bitib-tükənirdimi, bitib tükənmirdi.
Vidadi və Natiq bir-birinə sözlərlə, cümlələrlə,
replikalarla "pas ata-ata" bizim heyran baxışlarımız
altında xumarlanıb daha çox vəcdə gəlirdilər.
Biz də ləzzətdən bayılırdıq. Onlar hadisəni,
sadəcə, danışmırdılar. Onlar hadisəni həm
də oynayırdılar. Danışdıqları zaman əsl
aktyora dönürdülər. Səsləri, mimikaları,
intonasiyaları bu oyunun komponentlərinə çevrilirdi. Bir
sözlə, anadangəlmə fitri istedad dedikdə mənim
yadıma ilk olaraq bu iki ədəbiyyat xadimi düşür.
Andeqraundun da öz xadimləri olur!
Vidadinin
sanki heç kim üçün xüsusi vaxtı yox idi.
Vidadi sanki səhərdən axşama qədər ancaq
özü ilə, öz maraqları ilə məşğul
idi. Bu maraq da ondan ibarət idi ki, hardan beş-on manat tapım,
yaxud necə edim, verim özümü xırda bir məclisə.
Biz əgər çayxanaya söhbət, ünsiyyət
möhtacı olaraq gəlirdiksə, Vidadi çay içmək
istəyəndə gəlirdi. Heç kimin problemi ilə məşğul
olmağa həvəsi olmazdı. Vaqif İbrahimoğlunun
sözü olmasın: amma və lakin! Bir də
görürdün ki, o da keçib mənim cəngimə, iki
saatdır bulvarda o başa, bu başa, mən döşəyirəm,
Vidadi səbirlə qulaq asır, sonra təhlil edir. Mənə
məsləhət verir. Əslində, istəsəydilər,
Vidadi də, Natiq də mənə səbirlə qulaq
asmaqlarını, sadəcə, imitasiya edə bilərdilər.
Buna onların istedadı çatardı. Amma onlar bunu etmədilər.
Onlar qulaq asdılar. Buna görə də mən onlara bu
gün də bu xeyirxahlıqlarına görə minnətdaram.
Vidadi "Ulduz" jurnalında, daha sonralar isə "Ədəbiyyat qəzeti"ndə çalışdı. "Dədəmin goru haqqı" - ən çox bu andı içərdi. Axtardığın ən böyük həqiqəti sənə ancaq təklikdə deyərdi. O, öz həyatı ilə də andeqraundda ilişib qalmışdı. Həyata və onu əhatə edən hər şeyə qəlbinin dərinliyində küskün idi. Amma hər kəs ondan nə isə gözləyirdi. Bütün əli qələm tutanlar üçün onun rəyi son dərəcə vacib idi, hamı Vidadinin fikrini soruşub öyrənmək üçün əlindən gələni edirdi. Balaca qonaqlıqlar bir-birinə calanırdı. İlk hekayəsi çıxan da, romanı romana calayan da Vidadinin fikrinə müştaq olardı və bu qonaqlıqlar, əlbəttə ki, yeni-yeni anekdotların yaranmasına səbəb olurdu. Mənim "Nar çiçəkləri" şeirimi xüsusi bir həvəslə tərifləyirdi. Bu şeirdə deyirdi, sən özün də bilmirsən nə etmisən. Hər kəs şeiri pessimist notlarla bitirərdi. "Nar çiçəkləri soldu, hayıf, təəssüf... Amma sən axırda yazmısan ki, nar çiçəkləri soldu, indi nar yetişəcək. Gözəl olan budur".
Vidadi də Natiq kimi anlamaqdan daha əvvəl və daha çox hiss edirdi. Mən indi-indi başa düşürəm ki, onların hər ikisi Dədə Qorqudun sözü olmasın, "ol zamanlar" böyük bir boşluğu doldururdular. Bunu bəzən yox, elə həmişə, bəlkə də özlərindən xəbərsiz edirdilər. Ədəbi qəzet və jurnallarda çap edilməsi röya qədər əlçatmaz olan yazılara onlar yeni həyat verirdilər. Bu yazılar barədə usanmadan danışırdılar. Ramiz Rövşən, Vaqif Bayatlı, Ələkbər Salahzadə əvvəl-əvvəl məhz onların təqdimatında çayxanadakı andeqraundu fəth elədilər. Natiqlə Vidadinin çayxanada, Vaqif İbrahimoğlunun, Rəhmanın, Niyazinin, Zeynalın, Toğrulun, Əlinin isə Vaqifin balaca kabinetində verdikləri sərrast qiyməti, dəyəri heç bir mətbu orqanında tapa bilməzdin. Sanki iki ədəbi proses var idi. Ədəbi generalların, polkovniklərin ədəbi prosesi və onlardan uzaqda (bəlkə də yaxındakı çayxanada) əsl ədəbi qiymətlər mühiti. Bu mühitin öz dinləyiciləri, öz müəllimləri var idi. Və mən deyərdim ki, bu çayxana mühiti o biri rəsmi mühitdən daha maraqlı olurdu.
Və nəhayət, Aslanın, Natiqin, Vidadinin yanında dayanan Vaqif İbrahimoğlu! Vaqif də bu üç dost kimi qulaq asmağın ustası idi. Onunla görüş yeri əvvəllər Tədris teatrındakı iş otağı, sonralar özünün yaratdığı "YUĞ" teatrındakı bapbalaca kabineti idi. Vaqiflə xüsusi gəzinti "marşrutum"uz yox idi. Onunla marşrutumuz hər yerdən hər yerə aid intellektual marşrut idi.
Aslanla və o biri məktəb yoldaşlarım ilə isə marşrut "Nizamidən Nizamiyə - Nizami küçəsi ilə" sxemi ətrafında qurulurdu. Biz görüş yerimiz olan Petra Montində tapışmayanda bu marşrut boyunca hərəkət edirdik və hökmən bir-birimizi görürdük. Kifayət idi ki, bu marşrutla bir o tərəfə gedək, bir də bu biri tərəfə gələk. Nizami muzeyindən Nizami küçəsi (Torqovı) ilə Nizami kino-teatrına qədər və geriyə. Bu cür axtarışlar heç kimə qəribə gəlməsin. Mən cib telefonlarının xəyal belə edilmədiyi vaxtlardan danışıram.
Vidadi və Natiq, eləcə də bu qəbildən olan dostlarla - universitet müəllimləri, gənc şairlər, yazıçılar, tənqidçilər, jurnalistlərlə görüş yerimiz çayxanalar olurdu. Onların da yeri, bir qədər əvvəldə dediyim kimi, tez-tez dəyişirdi. Əvvəlcə "Baksovet" metrosunun böyründəki çayxanada toplaşırdıq. Vidadi deyirdi ki, bu çayxanaya nə zaman gəlirsən-gəl, arxayın ola bilərsən ki, səni orada Aqil Abbas qarşılayacaq. Özü də elə ürəkdən "xoş gəlmisən" deyir ki, elə bil, bu çayxana onun şəxsi mülküdür.
Sonra nə oldu, nə olmadı, deyə bilmərəm, amma çayxana görüşləri "Goburnat" bağının ortasında qala divarına yapışıq koğuş kimi bir yerə köçdü. Çayxana az qala qala divarına yapışdı. "Aqilin çayxanası" unuduldu. Bir müddət sonra çayxanada görüş yeri bir qədər də aşağı endi - "Azneft" meydanına, "Goburnat" bağının Azneftə çıxdığı yerə. Daha sonra yığışmağımıza başqa bir çayxanada davam etdik. Bu çayxana əvvəlkilərdən xeyli uzaqda idi. Bulvarın o biri başındakı "Sahil" restoranının çayxanası idi. Bu saydıqlarımdan başqa çayxanalara məqsədli toplaşmağımız yadıma gəlmir. Bir dostumuz vardı - Oqtay Məmmədov. Filologiyanın tələbəsi idi. Deyirdi ki, mən hansı çayxanaya gedib otursam, görüş yeri ora olar. Yəni, özünə o qədər inamlı idi. Çayxana kultu kənddən, rayondan şəhərə gələnlər üçün xüsusi əhəmiyyət daşıyırdı. Şəhər məktəbindən çıxıb Universitetdə oxuyanlar üçün çayxana kultu yox idi. Çayxana vardı, amma kultu yox idi. Çünki bizim bir başqa da görüş yerimiz, ünsiyyət məkanımız vardı. Bu, məhlə idi. Mənim kimilər "ya çayxana, ya da məhlə" seçimindən uzaq idilər. Mənim kimilər bir istisna idilər. Mənim kimilər üçün onların hər ikisi - həm məhlə var idi, həm də çayxana.
Çayxanalar dövründən bir qədər keçəndən sonra, 1980-ci illərin axırına doğru Bakı çox sürətlə qocalmağa başladı. Trolleybuslar, tramvaylar yavaş-yavaş şəhər küçələrindən yığışdılar; taksilər, marşrutkalar çoxaldı. Adamların qayğısı artdı. Restoranlarda yemək-içmək həvəsi çoxları üçün öz yerini ərzaq axtarışlarına verdi. Ermənistanla münaqişənin cücərtiləri artıq özünü göstərirdi. 20 Yanvar qapını şiddətlə döyürdü. Artıq Bakıda və Azərbaycanda, eləcə də bütün "şanlı" sovetlər ölkəsində başqa ruzgarlar əsməyə başlamışdı. Bakı çayxanalarının əvvəlki ədəbi, bədii, mədəni təpəri qalmamışdı. Hər şey sürətlə siyasiləşirdi. Daha ciddi söhbətlərin və müzakirələrin vaxtı gəlmişdi. Məkan çayxanalardan gizli evlərə köçmüşdü. Paralel olaraq çayxana öz içindən əzabla Meydan hərəkatını doğurdu. İndi artıq "Dom Sovet"in qarşısındakı böyük meydan ayrı-ayrı qruplar üçün çayxana olmağa başlamışdı. Ricətin sonu.
(Davamı var)
Kamal ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.16-17.