Milli düşüncə
və ədəbiyyat
tarixçiliyi
Bədirxan
Əhmədli-70
Məndən bir ay qabaq dünyaya göz açan Bədirxan Əhmədli ilə Ədəbiyyat İnstitutunun aspiranturasına eyni vaxtda gəlmişik - 1980-ci ilin yazında. O yaz günlərinin xoş xatirələrindən biri Elmlər Akademiyasının o vaxtkı prezidenti Həsən Abdullayevin məlum və məşhur "imtahan"ından keçməyimizlə bağlıdır. "İmtahan", aspiranturaya yenicə qəbul olmuş gənclərlə görüşüb onları (həm də onların aspiranturaya qəbulunda məsuliyyət daşıyan institut rəhbərlərini!) bərkə-boşa salmaqdan ibarət idi. Neçə-neçə gənc tədqiqatçının, onlarla institut rəhbəri və akademikin iştirak etdiyi görüşdə Həsən Abdullayev "imtahan"ı onun verdiyi gözlənilməz suallar üstündə qurulurdu. Bədirxana verilən sual heç də çətin sual deyildi: "Bir şeir deyə bilərsən?" Sual verilən kimi Bədirxan özünəməxsus gur səslə Məmməd Arazın "Yaşayır" rədifli şeirini deməyə başladı:
...Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar
dumansa.
Gözünü sıx,
Hansı
daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Şeir
bitən kimi Həsən Abdullayev: "Cavan
oğlansan, niyə belə qəmli şeir seçmisən?"
- dedi və Bədirxanın cavabını
gözləmədən üzünü
zalın birinci sırasında əyləşmiş
akademik Məmmədcəfər
Cəfərova tutdu:
"Məmmədcəfər müəllim, bu cavan oğlan niyə bu qədər
bədbin əhvaldadır?"
İlk baxışda yersiz
təsir bağışlayan
bu sualın arxasında, çox güman ki, Həsən Abdullayevin xoş niyyəti dururdu: bəlkə, bu cavan oğlan aspiranturaya qəbulda kimdənsə, nədənsə
narazı qalıb?!
Həsən Abdullayevi tanıyanlar
yaxşı bilirlər
ki, o, yuxarıdakılara yarına-yarına,
onu-bunu sata-sata vəzifə tutan, vəzifə başına
keçəndən sonra
isə ləyaqətlilərin
başından basıb
yaltaq-yultağı ətrafına
yığan adamlardan deyildi; imkan daxilində sərt mövqe tutmağa, elmimiz (və millətimiz) üçün
gərəkli olanları
Akademiya nadanları və cibgirlərindən qoruyub irəli çəkməyə çalışırdı.
Qəmli şeir deyən Bədirxanın halına yanması da, yəqin ki, Həsən Abdullayevin, Akademiya prezidenti kimi, istedadlının qayğısına
qalmaq xasiyyətindən
irəli gəlirdi. O,
Məmmədcəfər müəllimə
üz tutmaqla Ədəbiyyat İnstitutunda
Bədirxanın hansısa
bir sıxıntısının
olub-olmamasını bilmək
istəyirdi. Aspiranturaya
qəbul imtahanlarını
bir yerdə verdiyimizə görə bilirdim ki, Bədirxanın
elə bir sıxıntısı-zadı yoxdur.
Ədəbiyyat
İnstitutunda Nəzəriyyə
şöbəsinin müdiri
olan Məmmədcəfər
müəllim bizim ixtisas imtahanımızda iştirak etməklə qanımızın arasına
girmişdi -
tapşırılan, amma
suallara zəif cavab verən "konkurent"lərimizə Məmmədcəfər
müəllimin yanında
yuxarı qiymət yazmağa komissiya üzvlərindən bir kimsənin cəsarəti çatmamışdı. İxtisas
imtahanı götürərkən
savadına bələd
olduğu Bədirxan Əhmədli barədə
söz demək, fikir söyləmək Məmmədcəfər müəllimdən
ötrü çətin
deyildi. Məmmədcəfər
müəllimin Bədirxan
haqda danışdığı
o an indi də gözümün qabağındadır.
O, pencəyinin yaxasını
düymələyə-düymələyə,
ağır-ağır yerindən
qalxdı və Bədirxanın qəm-qüssəsinə
münasibətini zarafatyana
şəkildə bildirdi:
"Həsən müəllim,
biz bu cavan oğlana Sabit Rəhmanın satirasından dissertasiya mövzusu vermişik ki, eyni açılsın".
Zarafatla deyilmiş bu sözlərdə əsas mətləb qəm-qüssəli görünən
cavan oğlanın istedadını, məhz istedad müqabilində ona satira kimi
çətin bir mövzunun həvalə olunmasını diqqətə
çatdırmaqdan ibarət
idi; "eynin açılması" ifadəsini
verilən mövzunun
aspirant üçün elmi
imkan və perspektiv açması mənasında da başa düşmək mümkün
idi.
Satira mövzusu, doğrudan da, Bədirxan Əhmədlinin
qarşısında perspektiv
açdı, onun elmi taleyində mühüm rol oynadı O, "Sabit Rəhmanın satirası"ndan
namizədlik (fəlsəfə
doktorluğu) dissertasiyası
müdafiə etməklə
kifayətlənmədi, mövzunun
dərinliklərinə varıb
doktorluq dissertasiyasını
Azərbaycan satirasının
1920-1980-ci illərdə keçdiyi
inkişaf yoluna və bu yolda
satiranın qarşılaşdığı
problemlərə həsr
etdi.
Problemlərdən biri "Satira nədir?" sualına cavab vermək və sovet ədəbiyyatı
sistemində onun yerini dəqiqləşdirməklə
bağlı idi. Satira janrdırmı? Əgər janr deyilsə, niyə Seyid Əzim Şirvani, Qasım bəy Zakir və Mirzə Ələkbər
Sabirin komik məzmunlu şeirlərini
satira adlandırırıq?
Satira əksetdirmə
üsulu kimi lirik növə daxildirmi? Əgər daxildirsə, onda lirik növ üçün səciyyəvi
olan tərənnüm
prinsipi satirada özünü niyə göstərmir? Bəzi ədəbiyyatşünaslar bu
cür suallara cavab verməyin yolunu satiranı ayrıca ədəbi növ kimi götürməkdə
görürlər. Amma bununla
problemi həll etmək heç cür mümkün olmur və ortaya
yeni-yeni suallar çıxır.
Məsələn, belə
bir sual: Satira ayrıca ədəbi növdürsə,
niyə həm lirik, həm epik, həm də dramatik növdə satirik əksetdirmə prinsipi ilə qabarıq şəkildə qarşılaşırıq?
Avropa, rus və Azərbaycan ədəbiyyatşünaslığındakı
mötəbər nəzəri
fikirlərə söykənən
Bədirxan Əhmədli
satiranı bədii gülüşün bir forması sayır və bu formanın
sosrealizmə qədərki
ədəbiyyatda klassik
örnəklərini diqqət
mərkəzinə çəkir.
Sosrealizm ədəbiyyatına
gəldikdə isə,
Bədirxan Əhmədli
bu mərhələdə
satira ilə bağlı mübahisələrin
fərqli istiqamətlər
aldığını xüsusi
olaraq xatırladır.
Sosrealizmin ideoloji mahiyyətindən doğan
"fərqli" mübahisələrdən
biri öldürücü
gülüş sayılan
satiranın "qalib"
sovet cəmiyyəti üçün gərəkli
olub-olmaması ətrafındadır.
Proletariatın "istismarçılar"
üzərində qələbəsindən
sonra cəmiyyətdə
ciddi bir münaqişənin olmadığını
düşünüb konfliktsizlik
nəzəriyyəsini ortaya
atan sovet ideoloqları, heç şübhəsiz, öldürücü
gülüşə elə
bir ehtiyac görmürdülər, belə
hesab edirdilər ki, sovet cəmiyyətində
məhv ediləsi hansısa qüvvə qalmayıb, yazıçıların
satirik yolla tənqid edəcəyi bir hədəf varsa, o da başqa bir şey yox,
yalnız keçmişin
tör-töküntüsü ola bilər. Bu cür ideoloji yanaşma kəskin tənqidi ruhda yazılmış əsərlərin qarşısını
alır, satiranın yumorla qaynayıb-qarışaraq
öldürücülük keyfiyyətindən uzaqlaşmasına
səbəb olurdu. Təsadüfi deyil ki, 70 illik bir zaman kəsiyində kəskin satirik qələmlə yazılmış yeganə
ədəbi nümunəmiz
Cəlil Məmmədquluzadənin
"Dəli yığıncağı"
tragikomediyasıdır. Cəlil
Məmmədquluzadə gülüşü
ilə müqayisə
Bədirxan Əhmədliyə
imkan verir ki, sovet satirasının zəif yerlərini görə və göstərə bilsin:
"Yeni dövrdə nəyə
gülmək, necə
gülmək məsələsində
sovet marksistlərinin,
tənqidçi və
satira nəzəriyyəçilərinin
qoyduğu prinsiplərlə
Mirzə Cəlilin özü və jurnalı ("Molla Nəsrəddin" - M.K.) üçün
müəyyənləşdirdiyi yaradıcılıq yolu uyğun gəlmirdi". Mirzə Cəlil yoluna heç cür uyğun gəlməyən ən başlıca cəhət
nəyə gülmək
məsələsində siyasi
rejimin toxunulmaz elan olunması idi. Bu isə, öz növbəsində, necə
gülmək məsələsinin
sovet ideologiyasından
irəli gələn tələblərini ortaya
qoyurdu. Tələblərdən
biri belə idi: tragikomikliyi bir kənara atıb "lirik-optimist satira" yoluna üstünlük vermək
lazımdır. Satirik
əsərlərdə lirik
elementlərin olması,
əlbəttə, dünya
ədəbiyyatının klassik
xətlərindəndir. Amma bu xəttin bədii əsərlərdə
satiranın tənqidetmə
kəsərinin zəifləməsinə
və öldürücülük
keyfiyyətinin aradan qaldırılmasına yönəldilməsi
xüsusi bir sosrealizm əməliyyatı
idi. 1920-30-cu illərdə
"sovet ədəbiyyatında
vəziyyət heç
də satiranın xeyrinə deyildi. 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində
isə komediya bütünlüklə satirik
pafosdan əl çəkir, mənfiliklərin,
eybəcərliklərin tənqidi
tədricən arxa
plana keçir. Komediyadakı
ikihakimiyyətlilik (satirik-lirik
xətt) lirikanın qələbəsi, satiranın
sıxışdırılması ilə nəticələnir".
Bədirxan Əhmədlinin
sovet satirasında müşahidə etdiyi bu cəhət, yəni bədii gülüşü müxtəlif
ədəbi üsullarla
kəskin tənqiddən
yayındırma xətti
yalnız dramaturgiyada yox, nəsr və şeirdə də özünü göstərirdi. Odur ki, Bədirxan Əhmədli
"Azərbaycan satirasının
inkişaf problemləri"
monoqrafiyasında dramaturgiya
ilə yanaşı, nəsr və poeziyanın da satira qayğılarını diqqət
mərkəzinə çəkir,
öldürücü gülüşün
sovet ədəbiyyatında
ümumi bir problem olduğunu çoxsaylı
ədəbi faktlar və elmi dəlillərlə
əsaslandırmağa çalışır.
Satira kimi ideoloji baxımdan
həssas, nəzəri-estetik
cəhətdən çətin
bir mövzuda namizədlik və doktorluq dissertasiyaları yazmaq, dissertasiyalarda bütövlükdə sovet
epoxasını əhatə
etmək, həmçinin
orta və ali məktəblərdə
dərs demək Bədirxan Əhmədlini
ədəbiyyat tarixçiliyi
kimi mürəkkəb
və məsuliyyətli
bir sahəyə gətirib çıxardı.
Son vaxtlar Bədirxan Əhmədli ədəbiyyat
tarixi ilə bağlı "XX yüzil
Azərbaycan ədəbiyyatı:
mərhələlər, istiqamətlər,
problemlər", "Azərbaycan
mühacirət ədəbiyyatı:
təşəkkülü, problemləri, şəxsiyyətləri",
"Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri" kimi kitablar çap
etdirib. Bədirxan Əhmədli barədə
bu məqaləni yazmamışdan bir neçə gün qabaq onun üç
cilddən ibarət
"XX əsr Azərbaycan
ədəbiyyatı tarixi:
icmallar, təhlillər,
portretlər" kitabını
əldə etdim. Bu kitabın başlıca üstünlüklərindən biri naməlum ədəbi faktlara üz tutulması, az öyrənilmiş məsələlərin milli düşüncə
müstəvisində təhlilə
cəlb edilməsidir.
Mən bilən, Bədirxan Əhmədlinin
bu istiqamətdəki elmi fəaliyyətində
onun Əmin Abidlə bağlı tədqiqatları mühün
rol oynadı.
2003-cü ildə Əmin
Abid haqqında "Bir istiqlal
yolçusu" adlı
kitab çap etdirən
Bədirxan Əhmədli
1920-30-cu illər Azərbaycan
ədəbiyyatşünaslığının
bir çox qaranlıq məsələlərinə
aydınlıq gətirdi.
O qədər də asan olmayan bu
iş arxiv axtarışlarından başladı.
Bədirxan Əhmədli
məsləkdaşı Əli
Şamillə birlikdə
Əmin Abidin itib-batmış
əsərlərinin sorağına
düşdü və
o əsərlərdən ikisini
("Azərbaycan türklərinin
ədəbiyyatı tarixi"
və "Azəri ədəbiyyatı tarixi"ni)
tapıb ortaya çıxardı. AMEA Folklor
İnstitutunda direktor olduğum vaxt o kitabları nəşr planına salıb institut xətti ilə çap etdirdik. Əli Şamillə birlikdə Bədirxan Əhmədlinin tərtib etdiyi və Ön söz yazdığı həmin
kitablardan birincisi folklorla bağlı olduğuna görə mənim diqqətimi daha çox cəlb etdi. Məlum oldu ki, "Dədə Qorqud" dastanının Drezden nüsxəsinin surətini
Azərbaycana gətirən
və bu dastan haqda bizdə ilk məlumat verib elmi fikir söyləyən
məhz Əmin Abiddir. Əmin Abidə məxsus bir çox fikirlər bu gün qorqudşünaslıqda
dövriyyədədir, amma
təəssüf ki, bu
adamın adını
çəkən, onun
xidmətlərini qeyd
edən yoxdur. Məsələn, ona məxsus olan fikirlərdən biri "Dədə Qorqud"un yazıya alınması tarixi ilə bağlıdır. Dəvadariyə
əsaslanıb "Dədə
Qorqud" oğuznaməsinin
fars dilindən ərəb dilinə IX əsrdə tərcümə
edilməsini, həmin
abidənin türkcədən
farscaya tərcüməsinin
isə daha əvvəlki tarixə gedib çıxmasını
nəzərə alan Əmin Abid Drezden nüsxəsinin hansısa
daha qədim əlyazmadan köçürülməsi
qənaətinə gəlir.
Həmin qənaət
bu gün də qüvvədə qalmaqdadır. Əmin
Abidin bu qənaətləri
sırasına "Dədə
Qorqud"un ilk dəfə
şifahi ifadan yazıya alınması, dastandakı nəsr hissəsində nəzm, nəzm hissəsində isə nəsr elementlərinin olması və s. barədəki fikirlərini də daxil etmək olar.
Bədirxan Əhmədlinin Əli
Şamillə birlikdə
tərtib edib Ön söz yazdığı "Azəri
ədəbiyyatı tarixi"
kitabı da repressiya qurbanı olan, folklorşünaslıq və
ədəbiyyatşünaslığımız
tarixindəki xidmətləri
layiqincə qiymətləndirilməyən
Əmin Abidi daha yaxından tanımaq, onun timsalında ədəbiyyatımızın
bir çox qaranlıq səhifələrinə
işıq tutmaq baxımından xüsusi maraq doğurur. XX əsr Azərbaycan ədəbiyyatından bəhs
edən və Türkiyədə Fuad Köprülünün
elmi rəhbərliyi ilə yazılan həmin əsərdə səciyyəvi cəhətlərdən
biri budur ki, müəllif XX əsr Azərbaycan romantizminin həm dil-üslub, həm də məzmun-mündəricə etibarilə
Türkiyə
romantik ədəbiyyatı
ilə yaxından səsləşməsinə geniş
yer verir, ədəbi örnəklər
əsasında milli istiqlal
düşüncəsini izləyir,
antikommunist bir mövqe ortaya qoyur. Belə bir mövqe əsərin sonundakı
"Kommunizm dövründə
fikri cərəyanlar"
bölməsində daha
qabarıq şəkildə
özünü göstərir.
"Kontr bolşevizm cərəyanları", "İstiqlal
və mücadilə ədəbiyyatı" başlıqları
altında Əmin Abid
bolşevizmə qarşı
ədəbi mübarizə
aparan və milli istiqlal ideyalarını irəli sürməkdən
çəkinməyən yazarlar
sırasında Gültəkinin
də adını çəkir və onun Türkiyə mətbuatında çap etdirdiyi "Qılıncım
və başım",
"Buzlu cəhənnəm"
kimi antisovet ruhlu şeirlərindən
böyük parçalar
nümunə gətirir.
Gültəkin təxəllüsünün
Əmin Abidə məxsus olduğunu düşündükcə bir
məsələ bizlərə
bir daha aydın olur: Əmin Abid və onun kimi neçə-neçə
tədqiqatçımız öz əsərlərində
kommunist rejiminin şəninə söz demək məcburiyyətində
qalsalar da, qəlbən
bu rejimlə barışmayıblar, onların
şifahi və yazılı ədəbiyyatımız
haqda söylədiyi bir çox fikirlər milli istiqlalla bağlı düşüncələrin
ifadə vasitəsinə
çevrilib. Belə tədqiqatçılarımız arasında Əmin Abidin xüsusi yeri var. Əmin Abidin ədəbiyyatşünaslığımız
tarixindəki layiqli yerini doğru-düzgün
görüb qiymətləndirməyin
başlıca yolu isə onun əsərlərini
üzə çıxarıb
çap etmək, çap edib dəyərləndirməkdir.
Əmin
Abid kimi milli düşüncə
adamlarını bugünkü
oxucuya tanıtmaq nümunəsini Bədirxan
Əhmədli "Azərbaycan
mühacirət ədəbiyyatı"
və "Türkçülüyün
üçlü formulu"
kitablarında İsmayıl
bəy Qaspıralı,
Əli Süvai, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu,
Ziya Göyalp, Yusif Akçura və b. ədəbi-tarixi
şəxsiyyətlərə həsr etdiyi oçerklərdə də
göstərə bilir.
Bu şəxsiyyətlərin tarixi fəaliyyətində
türkçülük Bədirxan
Əhmədlinin izlədiyi
əsas məsələlərdəndir.
Türk xalqlarının
birləşməyə can atdığı indiki şəraitdə son dərəcə
aktual olan həmin məsələnin
düzgün istiqamətdə
çözülməsində Bədirxan Əhmədlinin
üz tutduğu sələflərin təlimi
mühüm əhəmiyyət
daşıyır. "Dildə,
fikirdə, işdə
birlik!" formulunu irəli sürən sələflərimiz türk
birliyinin ən başlıca yolunu dil ortaqlığında görüblərsə, bu
yöndə ciddi düşünməyə, vaxt
itirmədən əməli
işlər görməyə
zəruri ehtiyac var. Ehtiyac var ki, ortaq əlifba söz olaraq qalmasın, yüz illər boyu arzusunda olduğumuz bu məsələ, axır
ki, real həllini tapa bilsin;
türk dillərinin ortaq milli korpusu, ortaq terminlər sistemi yaradılsın və s. Görürsünüzmü,
Bədirxan Əhmədlinin
yaxın keçmişdən,
o keçmişin milli düşüncəli
tarixi şəxsiyyətlərindən
ardıcıl olaraq danışması ideya və məfkurəcə bu günə yönəlir, bugünkü
ictimai-siyasi və mədəni proseslərdə
gərəyimiz olur, düşünüb-daşınmaq, doğru-düzgün nəticəyə
gəlmək üçün
mötəbər istinad
nöqtəsinə çevrilir.
Bütövlükdə bir əsrin ədəbiyyatına
üç cilddən
ibarət kitab həsr
etmək o deməkdir
ki, sən hər tarixi mərhələdəki
ictimai-siyasi və mədəni proseslərə
bu günün çağırışları kontekstində qiymət verməli, bir-birindən fərqlənən ədəbi
istiqamətləri müəyyənləşdirməli
və ədəbi
proses daxilində hər
yazıçının öz
yerini və rolunu dəqiqləşdirməlisən.
"XX əsr Azərbaycan
ədəbiyyatı tarixi"ni
yazarkən Bədirxan
Əhmədli bu çətin işin öhdəsindən gələ
bilir. Belə ki, o, füyuzatçılardan və
mollanəsrəddinçilərdən; Mikayıl Müşviq, Səməd Vurğun və Rəsul Rzadan; Süleyman Rəhimov, Mir Cəlal və Mirzə İbrahimovdan; İlyas Əfəndiyev,
İsa Hüseynov və
Sabir Əhmədlidən; Bəxtiyar
Vahabzadə, Məmməd
Araz və Əli Kərimdən hansı səriştə
ilə yazırsa, həmin səriştə
ilə bugünkü ədəbi prosesdən, onun yaşlı və orta yaşlı
nümayəndələrindən də yazır. Yazıçı Nəriman
Əbdülrəhmanlıya ayrıca monoqrafiya həsr etməsi Bədirxan Əhmədlinin
bugünkü ədəbi
prosesə nə dərəcədə bağlı
olmasının mühüm
bir göstəricisidir.
Bu gün Bədirxan Əhmədli bir vaxt birlikdə aspirantura təhsili aldığımız Nizami
adına Ədəbiyyat
İnstitutunda Azərbaycan
- Asiya ədəbi əlaqələri şöbəsinə
başçılıq edir
və şöbənin
profilinə uyğun araşdırmalar aparır.
Son vaxtlar çap etdirdiyi "Rabindranat Taqor. Yeni Hindistanın manifesti" monoqrafiyası
həmin araşdırmaların
məhsuludur.
Yaşı yetmişi haqlayan
qələm dostuma bircə onu arzulamaq qalır ki, yazı masasının arxasına keçəndə
1980-ci ilin yazındakı
iyirmi beş yaşlı cavan oğlana dönsün,
yeni kitablarını cavan
doktorant həvəsi və şövqü ilə yazsın.
Muxtar KAZIMOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, ¹13.- S.20-21.