Xəyal Rzanın 45 yaşına  

 

Xəyal Rzanın 45 yaşı oldu, amma mən onu bəlkə yüz ildir tanıyıram, hələ keçən əsrin axırlarında biz eyni qəzetdə işləyirdik. Həmin zamanlar o, gənc bir jurnalist idi, mən həmin qəzetin baş redaktoru idim. Gözəl bir kollektiv formalaşmışdı sonralar bu kollektivin bir sıra üzvləri ölkə mətbuatında ədəbiyyatında dərin izlər qoydular. Xəyal da onlardan biri idi. Zaman gəldi, mən , Xəyal da Azərbaycan ədəbiyyatının ünlü isimlərinə çevrildik. İndi Yazıçılar Birliyində böyük Anarla yan-yana işləyirik, ölgünləşməkdə olan ədəbiyyat üfüqlərirində qığılcım saçmaq istəyirik. Mənim ədəbiyyat dünyasına saçdığım qığılcım qanan insanlara bəlli, amma Xəyal Rzanın qığılcımları da yaşadığımız dövrün mədəniyyət üfüqlərinə öz dərin izlərini qoyub. İlk öncə o, yaşadığımız dövrün ən yaxşı gənc şairlərindən biridir, mən şəxsən bu gün Xəyal Rza kimi poeziya üfüqlərində boy göstərə biləcək çox az gənc şair tanıyıram. Şeir nədir? Biz qəhrəmanlığın, erkəkliyin sevginin ölməkdə olduğu bir zamanda yaşayırıq. Bu üç ünsür Adəm oğlunun var olma səbəblərinin mahiyyətini daşıyan əsas komponentlərdir. Qəhrəmanlıq, erkəklik, sevgi olmayan yerdə Allahın Adəm övladlarına verdiyi qut ilan qıvrıntılarına çevrilər. Tanrı bizə poeziya şərabını bəxş edib ki, biz ondan hər tamsınanda qəhrəmanlığı, erkəkliyi sevgini vəsf etmək bacarığına malik olaq. Şairlər sözlərin duyğuların qanadlı atlarında poeziya dağına yollanmaq üçün doğulurlar ki, öləziyən insan ruhlarını vəcdə gətirsinlər. Xəyal Rza böylə şairlərdən biridir, o, gənc olsa da, ilan qıvrıntıları ilə dolu bir zamanda yaşasa da, qəhrəmanlığın, erkəkliyin sevginin dəyərini bilən bir insandır. Yəni əsl şairdir. İndi poeziyada dəbdə olan o qədər istiqamət var ki, mən bu yazıda onlar barədə danışmaq istəmirəm. Bilirəm ki, onların əksəriyyəti bir ilğımtəki uçub gedəcək, əsl sənət eşqi isə uzun müddət ilham atlarında könüllərin üfüqləri boyu cövlan edəcək.

İstedad əməksevərlik elə bir kateqoriyadır ki, onun daşıyıcıları eləsələr, onu yüksək zövqlə, insan könlünə xoşa gələn bir şəkildə edəcəklər. Mən öncələr yazmışam ki, istedadın janrı yoxdur. İstedadlı zəhmətkeş adam hansı janrda çıxış etsə, uğur qazanması şübhəsizdir. Xəyalın cəmi 45 yaşı var o, bu yaşda ədəbiyyat sahəsində uğur qazanıb, AYB strukturlarında mühüm vəzifələr tutur, dövlət tərəfindən təltiflər alıb. Şair, nasir, ssenarist, rejissor kimi ad qazandı, filmlər çəkdi. Artıq bir neçə ildir Türk Dünyası Ədəbiyyat Kitab Festivalları təşkil edir, fərqlənən adamlara mükafatlar verir bütün bunlar cəmi 45 yaşında. Mən özümün 40 yaşlarımı xatırlayıram, elədiyim işləri xatırlayıram. Ümumən, Xəyal Rza ilə mənim oxşar xüsusiyyətlərimiz çoxdu, hər ikimiz "sən öz yolunla get, qoy adamlar deyirlər desinlər" kriteriyası ilə yaşayan adamlarıq. Allah Xəyala ömür versin, düşünürəm ki, onun yaradıcılığının əsas "qu nəğməsini" biz irəlidəki illərdə eşidəcəyik. Mən 40 yaşlarında Bakının ədəbiyyat üfüqlərini fəth etməyə gəlmişdim, Xəyal bu yaşda artıq bu üfüqlərdə oturub. Ad günün qutlu olsun, qardaşım, dostum, məsləkdaşım. Sözümü sən yaşlarda olanda yazdığım bir şeirlə bitirirəm, düşünürəm ki, bu bəndin sənə aidiyyəti var. "Doğuluşdan sənə qırx bir, dərs verməyə gəldi qırx pir, ilahi sevdadan zahir, olan mən o, olan mən o".

 

Elxan Zal QARAXAN

 

Ədəbiyyat qəzeti.- 2025.- 18 aprel, №13.- S.26.