Bildunqsromanın psixoloji,
fəlsəfi, sosioloji tərəfləri
Dünya, xüsusilə də, alman ədəbiyyatına xas bildunqsromanın təhlili kənardan sadə görünsə də, əslində, alt qatında xeyli psixoloji, fəlsəfi, sosioloji və.s məqamlar var.
Təkrarlamaqda fayda vardır: Bildunqsroman nədir?
Vikidepik
olaraq desək, bu cürdür:
"Bildunqsroman" termini Azərbaycan
dilində geniş istifadə edilməsə də, ədəbiyyatda bu janr "Bildungsroman"
(almanca "bildung"
- tərbiyə, inkişaf
və "roman" - roman) formasında tanınır.
Bu janr əsasən, baş qəhrəmanın
şəxsi, mənəvi
və intellektual inkişafını təsvir
edən romanlara aid edilir.
Geniş
istifadə olunmasa da, bizdə bunun adına "Tərbiyəvi
roman" deyilir.
Ancaq bu roman forması bizdəki tərbiyə anlayışı ilə üst-üstə düşürmü?
Bildiyimiz
kimi, Azərbaycanda bu roman formasında konkret bir roman yoxdur, sadəcə, ayrı-ayrı əsərlərdə
işartılar var. Üstəlik,
ənənəvi bildunqsromanla
bizdəki bildunqsroman işartıları arasında
da məhz tərbiyə
məsələsində ayrılıq
müşahidə olunur.
Bildunqsromanın mərkəzində, belə demək olarsa, həmişə bir düşmən dayanır. Bu düşmən
bir şəxs də olur, ancaq
belə olmaya da bilər. Daha dəqiq, bir düşmənin fonunda ümumi olaraq cəmiyyətlə mübarizə,
dəyişim göstərilir.
Çünki bu roman formasında qəhrəmanın
öz qorxuları, inancları, cəmiyyətin
yaratdığı qadağalar
onun böyüməsinin
qarşısında dayanan
əsas maneələrdir.
Dəqiq
deməliyiksə, bildunqsromanın
qəhrəmanı bir
neçə mərhələni
keçməlidir. Həmin
mərhələləri bu
cür təsnifatlaşdıra
bilərik:
1) Qəhrəmanın uşaqlıq
dünyası, o dünyada
yaşadıqları və
onun dağılması.
İstisna olaraq, qəhrəman yaxşı
bir dünyada, reallıqda da yaşaya, lakin sonrakı həyatı gördükdə
sarsıla da bilər
(psixoloji məqamlar xüsusilə bu mərhələdə olur).
2) Bildunqsromanın ən əsas xüsusiyyətlərindən
olan inkar dövrü. Qəhrəman
burada qarşılaşdığı
yeni dünyanı, reallığı
qəbul etmir, qayda-qanunlara qarşı üsyan qaldırır. Bütün bunlar mənəvi olmaqla yanaşı, fiziki də olmalıdır (fəlsəfi məqamlar burada ola bilər. Qəbul etmədiyi dünyadan sonra özündə formalaşan
fikirlərlə özünəxas
yeni bir fəlsəfi dünya düzəni).
3) Qəhrəmanın axtarış
dövrü. Bu məqamda
qəhrəman iki dünya, reallıq arasında özünü
itirir, axtarır, öz aid olduğu
yeri və məqamı tapmaq istəyir. Bu axtarış
zamanı isə o, artıq nisbətən kamilləşməyə doğru
getməlidir (sosioloji tərəfi burada açılır).
4) Nəhayət, sonuncu, yəni yenidən doğulma, başqa obraz. Burada qəhrəman
artıq əvvəlki
həyatı, gördüyü
reallıqlar və dünya ilə vidalaşır, özünəməxsus
bir reallıq formalaşdırır. Bu reallıq
isə yanlış reallıq olmamalıdır.
Olarsa, o zaman buna anti-bildunqsroman
adı vermək daha uyğundur. Çünki klassik bildunqsromanla müasir bildunqsroman sonluqlarında xeyli fərqlər var. Məsələn, anti-bildunqsromanda
bütün mərhələləri
keçən qəhrəman
sonda intihar edərək də öz reallığına
qovuşmuş ola bilər.
Bəs bu məqamlara aid başqa nələr demək olar?
Əksər bildunqsromanlarda qəhrəman
ən birinci atası ilə problem yaşayır, ilk üsyanı
ona olur. Bunu Freud nəzəriyyəsinə,
Carl Junga bağlamaq olar. Romanda qəhrəmanın
içindəki qaranlıq
tərəflə qarşılaşması
Jung arxetiplərinə, ataya
qarşı olan üsyan isə Oidip kompleksinə işarədir. Bunlar hamısı daha çox klassik bildunqsromana aiddir. Müasir dövrdə klassik bildunqsroman strukturu dəyişir. Artıq qəhrəman sonda qələbə qazanmaya da bilər. Onun roman boyu etdiyi üsyan, inkar da hədər ola bilər. Bir şərtlə,
əgər o, sonda yaşamağı öyrənə
bilirsə. Yaxud da, qəhrəman üsyan etdiyi dünyaya və adamların yanına qayıda bilər, ancaq yetişkin insan kimi, daha əvvəlki
olaraq yox.
Roman formaları arasında bu formaya oxşar
formalar da vardır. Məsələn, buna misal
olaraq Küsnstlerromanı
demək olar. Süjet xətləri eyni olsa da, tək
fərq Küsnstlerromanda
olan qəhrəmanın
adi adam olması yox, sənətçi olmasıdır.
Əsərdə isə
həmin qəhrəmanın
sənətkar kimi yetişməsi təsvir olunur.
Yəni,
bunlar əslində, həm də bildunqsromanın formalarıdır.
Başqa
misallar olaraq Erziehungsromanı (Tərbiyə
və təhsil prosesinə xüsusi diqqət yetirilir) Entwicklungsromanı (Ümumilikdə
inkişaf, dəyişmə
və böyümə
proseslərini əhatə
edir) misal demək olar.
Yeganə
Anti-Bildungsromandır ki, burada
qəhrəman böyümür.
Bizdə olmasa da, bizə yaxın Türk ədəbiyyatında
bildunqsromanın ən
yaxşı forması
Orhan Pamukda var. Daha dəqiq, onun "Cevdet Bey ve Oğulları"
romanında. Buradakı
masştab bir daxili zamanda yox, daha genişdir.
Romanda nəsillər boyunca inkişaf, şəxsiyyət və ailə münasibətləri
təsvir olunur.
Bəs müasir ədəbiyyatda
bildungsroman hansı hissələrə
bölünür?
Misal olaraq qadın yazıçıların yazdığı
bildunqsromanlar demək
olar. Burada daha çox patriarxalizmə üsyan
var. Müasir bildunqsromanlarda
"Gender" mövzuları da üstünlük təşkil
edir. O cümlədən,
miqrant və kimlik məsələləri
də. Bu romanların
ümumilikdə psixoloji,
fəlsəfi mənaları
da budur ki, burada qəhrəmanın öz
varlığını axtarması
sadə bir məsələ deyil. Yaxşı işlənilə
bilirsə, qəhrəmanın
öz varlığını
axtarması "Existensializm"dir.
O cümlədən, uşaq
travmaları, ailə ilə münasibətlər
və basdırılmış
arzuların tez-tez gündəmə gəlməsi
də Freyd psixoanalizi. Qəhrəmanın
təkliyi, fərdə
çevrilməsi, özlüyü
isə açıq-aydın
Nitsşe təsiridir.
Orxan SAFFARİ
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.29.