"Rast"a
doğru...
"Sənət haqqında sənədli hekayələr"
silsiləsindən
İri masanın arxasında oturmuş kişi onlara "oturun" işarəsi verən kimi sürüşüb burnunun ucunda dayanmış eynəyini əli ilə yuxarı qaldırıb qələmlə qarşısındakı
dəftərdə nə
isə qaralmağa başladı və onun əlinin hərəkətinə, üzünün
cizgilərinə göz
yetirən Niyazi başını yüngülcə
sağa döndərib
yanında əyləşmiş
seyrək saçlı,
mavi gözlü dostuna - 26 yaşı bu yaxınlarda tamam olmuş Fikrətə göz vurdu - yəni hərif heç nə yazıb-eləmir, sadəcə vəziyyəti
dramatikləşdirmək üçün
işgüzar adam rolu oynayır.
Təxminən, bir dəqiqə
keçdi...
Şıltaqlığından qalmasa da, Niyazinin içində qəribə bir nigarançılıq vardı.
Dünən zəng edib demişdilər ki, sabah Fikrətlə bir yerdə filan saatda gələrsiniz
Mərkəzi Komitənin
binasına. Filan nömrəli kabinetdə yoldaş Filankəsov sizi gözləyəcək.
Kişi nə isə vacib bir məsələ barədə sizinlə söhbət etmək istəyir.
Nisbətən cavan olsa da - 36 yaşı vardı - üzlər görmüş
Niyazi dərhal barmağını dişləmiş,
küləyin hardan əsdiyini duymuş, amma "Görək axırı nə olur", - deyə düşünərək nigarançılığını
böyük sənətdə
ilk uğurlu addımlarını
atan dostu Fikrətə bildirməmişdi.
İndi, necə deyərlər,
yoldaş Filankəsovun
hüzurunda əyləşmişdilər.
Yoldaş Filankəsov
isə, ya cızmaqarasına necə
bənd olmuşdusa onun cazibəsindən çıxa bilmirdi, ya da qarşıdakı söhbətə ciddi, zəhmli ton vermək üçün vəziyyəti
süni şəkildə
dramatikləşdirməyə çalışırdı.
Nəhayət, sükut pozuldu: kişi əlindəki qələmi
açıq dəftərin
üstünə atıb
kəskin tərzdə
qalxdı, sağ tərəfdəki pəncərəyə
yaxınlaşıb bir
müddət küçəyə
baxdı və elə o andaca ağzından çıxan
sözlər kabinetin divarlarına dəyib əks-səda verdi:
- Atalar belə yerdə deyib ey, vardı hər yarağımız,
çatmırdı saqqal
darağımız. Maşallah,
o darağı da sizin
sayənizdə qazandıq.
İndi qalır olmayan
saqqalımızı daramaq.
Fikrət
ürkək nəzərlərlə
dostuna baxdı - yənu bu kişi
nə deyir, nəyə işarə edir?
Niyazinin
üzünün rəngi
ani olaraq dəyişdi:
elə bil nasosla çöhrəsinə
qan vurdular. Bir neçə an keçdi və bayaq qan
rənginə çalan
sifəti yavaş-yavaş
qaralmağa başladı.
- Yoldaş Filankəsov, elə birbaşa mətləbə keçmək
olmazmı? Biz nə eləmişik ki?
Artıq
yerinə qayıdıb
əyləşmiş kişi
yenə də sürüşüb burnunun
ucunda dayanmış eynəyini yuxarı itələyib dedi:
- Hələ bilmirsiniz nə eləmisiniz? Soruşun ki, nə eləməmisiniz. Siz köhnə bazara təzə nırx qoymağa başlamısınız.
Özü də elə nırx ki, aləm dəyib bir-birinə.
Hiss olunurdu ki, kişi birbaşa mətləbə
keçməyə tələsmir,
tərəddüd edir.
Amma nəyə görə,
nə səbəbə?
Bunları təxmin eləmək o qədər
də asan deyildi. Ya söhbətə
başlamağa sadəcə,
çətinlik çəkirdi,
özünə güvənsiz
idi, ya da nə isə başqa bir səbəb vardı.
- Yaxşı, siz demirsiniz, biz də bilmədik. İndi neyləyək?
Kişi,
deyəsən,
Niyazidən belə
ötkəm, dikbaş
cavab gözləmirdi.
"Bunun barəsində nə
yazıblarsa, elə düz yazıblar" - deyə fikirləşdi, nəzərlərini onun qaynar gözlərinə, sivri çənəsinə
dikdi - "Bu sısqa
bədənlə, bu cılız boy-buxunla əbəs yerə ağırlıqqaldırma üzrə
respublika çempionu olmayıb ki! Bu qətiyyət,
bu cəsarət, bu risk ki bunda var, vallah, xəstələnməsəydi
lap dünya çempionu
olardı".
Kişi
qalxıb bu dəfə Stalinin divara vurulmuş şəklinə tərəf
addımladı və
Niyaziyə elə gəldi ki, hər addımda kişinin vücudu kiçilir və belə getsə, şəklə çatanda sadəcə əriyib yox olacaq.
- Yoldaş Əmirov, - kişi bu dəfə
Fikrətə üz tutdu, - muğamlarımızı
simfonik musiqiyə calaq eləmək ideyasını sizə kim vermişdi?
Fikrət
belə qəfil, ikibaşlı sual gözləmirdi, ona görə də ani olaraq duruxdu. Amma dostunun özünü şax tutması, sərbəst aparması, deyəsən, ona da sirayət etmişdi.
- "Arazbarı"nı, "Aşıqsayağı"nı
yazan, hamımızın
müəllimi Üzeyir
Hacıbəyov, böyük
vokalçımız Bülbül.
Bütün görkəmi, baxışları,
səsinin ahəngi ilə tıxsız balığı yada salan
26 yaşlı gəncin
cavabı bu dəfə yoldaş Filankəsovu çaşdırdı.
Adı çəkilən
sənətkarların hər
ikisi SSRİ xalq artisti idi, yoldaş
Stalin təxminən, 11 il əvvəl
ayaqüstə onların
hər ikisini alqışlamışdı və
söhbətin gəlib
bu məqama çata biləcəyi Filankəsovun "ssenarisində"
nəzərə alınmamışdı.
- Cavan oğlan, sən məni - neçə ilin partiya işçisini provakasiyaya çəkmək
istəyirsən, yoxsa,
bu adların kölgəsində gizlənməyə
ümid edirsən?
Fikrət
cavab verməyə macal tapmamış Niyazi söhbətə müdaxilə etdi:
- Yoldaş Filankəsov, onda hesab edin
və yazın ki, bu ideyanı ona mən vermişəm.
Nə olsun ki? Burda nə qəbahət
var?
Kişi
üzünə ciddi görkəm verib Niyazinin düz gözlərinin içinə
baxaraq dedi:
- Bəstəkarlar İttifaqına
göstəriş vermişəm.
Yaxın günlərdə
böyük bir iclas keçirib qəbahətinizi sizə xırdalayacaqlar. Hələlik
onu deyə bilərəm ki, bu avantüraya son qoyun, ziyanın yarısından
qayıtmaq da gec deyil.
- Hansı ziyanın, yoldaş Filankəsov? - Fikrətin məxmər kimi yumşaq səsi kabinetin və söhbətin soyuqluğuna sanki bir istilik gətirdi.
- Biz hansı ziyanlı
işə qol qoymuşuq ki?
- Nə olar, indi
görəsiniz...
Kişi
bunu deyib masanın sol tərəfdəki
dolabını açdı
və bir dəstə zərfi masanın üstünə
atdı:
- Bax, bunlar bizim
ünvanımıza daxil
olanlardır. Bunlar isə - bu dəfə
sağ dolabı açıb oradan götürdüyü zərfləri
masanın üstünə
səpələdi - lap yuxarı,
birbaşa Moskvaya yazılanlardır. Lazım
idi sizə, bizə bu?
Qəfildən elə bil kimsə Niyazinin nəfəs borusunu tutub sıxmağa başladı. Hətta bir neçə anlığa gözləri
də qaraldı və o qaranlıqda bir neçə ay əvvəl yaşadığı,
beyninə hopmuş fraqmentlər kino lenti kimi gözlərinin qarşısından keçdi...
Fikrətin verdiyi partituraları
vərəqlədikcə elə
bil qarış-qarış
yerdən uzaqlaşıb
hansısa məchul bir ünvana uçurdu. Xətrini qardaş qədər istədiyi dostu heç kimin ağlına gəlməyən
bir kəşf eləmiş, "Şur"
və "Kürd ovşarı" muğamlarını
polifonik musiqi dili ilə interpretasiya
edərək simfonik musiqidə yeni janr yaratmışdı. Partituraları
masanın üstünə
qoyub Fikrəti necə qucaqlamışdısa
sümüklərinin şaqqıltısı
otaqda əks-səda vermişdi. "Oğulsan,
vallah, oğulsan. Məşədi Cəmil kişinin çörəyi
sənə halal olsun.
Sən bu əsərlərlə Avropa
musiqişünaslarının ağzını aparıb
divara dirəmisən.
Lələşin bu əsərləri elə çalacaq ki, bütün
dünyaya səs salacaq, dünyanın ən böyük orkestrlərinin, ən məşhur dirijorlarının
nəzərləri Bakıya
yönələcək".
Sonra şıdırğı məşqlər
və filarmoniyadakı
triumf. Həmin axşam yaşadığı
sevinc, keçirdiyi hisslər heç vaxt yadından çıxmayacaqdı; gurultulu
alqışlar, "Bravo" sədaları, bir də qabaq sıralarda
əyləşib bu mənzərəni paxıllıqla,
iblisanə baxışlarla
süzən şərəfsizlərin
içlərini gəmirən
mənhus duyğuların
təsirindən əyilib
eybəcər şəkil
almış sifətləri...
...Kimlər idi onlar? Şöhrət azarına tutulan, istedadlı adam görəndə başına
bir yox, iki vedrə qaynar su tökülən,
murdar caynaqları ilə bu istedadları
məhv etmək, qanına bələmək
üçün yarışa
girən şeytan xislətlilər, bir də ömrü boyu nə isə
çırpışdırmaq üçün gözləri
onun-bunun, qonşularının
süfrəsində olan,
Bakıda ən yaxşı vəzifələrə
soxulan hay rəsmiləri.
İndi 26 yaşlı "balaca" dahi onların gözləri qarşısında Avropaya,
hətta bütün dünyaya meydan oxuyurdu, onların özəlləşdirməyə macal tapmadıqları muğamlarımızı dünya
simfonik musiqi kəhkəşanına qovuşdururdu...
Gözlərini açanda
beynində qəribə
bir aydınlıq, ürəyində sirli bir xətircəmlik hiss elədi. Axı hər şey gözlənilən idi - istedadın, yenilikçilərin
yoluna daş dığırlatmaq, irəli
getməməsi üçün
bir yox, hətta hər iki ayağından tutub çəkmək indinin fənd-feli deyildi axı! Hərçənd məsələnin
kökünə qədər
gedib o məktublarda nələrin yazıldığını
bilmək də pis olmazdı.
Yoldaş
Filankəsov sanki onun ürəyindən keçənləri oxudu:
- Yazıblar ki, siz böyük ənənələri
olan simfonik musiqini aparıb köhnə muğamların
quyruğuna bağlamaqla
respublikada bu musiqini yanlış yola sürükləyir, mücərrədliyi, formalizmi
təbliğ edir, dinləyicilərin zövqünü
korlayırsınız...
Niyazi hövsələsiz adam olsa da, bayaqdan canını dişinə
tutub dözürdü.
Amma indi eşitdiyi sözlər içində
səhərdən ora-bura
vurnuxan o bir tikə hövsələnin
başına necə daş saldısa, bircə anın içindəcə o dünyalıq
elədi və Niyazi içindən püskürüb boğazına
dirənmiş sözləri
cilovlaya bilmədi:
- Üzr istəyirəm, yoldaş Filankəsov, quyruqlu uzunqulaq o sözləri yazanların
özləridir. Bu, birincisi...
Filankəsov qaşlarını çatıb
yenə də onun gözlərinin içinə baxdı. Bu baxışlarda indi əvvəlki soyuqluq, qəzəb, hirs yox idi, əksinə,
bu baxışlar sanki gizlin bir
mesaj göndərirdi
ki, dayanma, davam elə.
- İkincisi, siz bizim tarımıza, kamançamıza, balabanımıza,
rəqslərimizə, mahnılarımıza
tamah salanlardan, bizdən oğurlaya-oğurlaya
özlərinə qədim
mədəniyyət yaradanlardan
nə gözləyirdiniz
ki?
Açıq-aşkar görünürdü
ki, Niyazinin sözləri
Filankəsovun canına
yağ kimi yayılır, amma nə sirdirsə, bütün varlığı
ilə bu ləzzəti, xoşhallığı
boğur, büruzə
vermək istəmir.
- Bura bax, sən telepatsan,
yoxsa, dirijor? Hardan bu qənaətə
gəldin ki, yazanlar məhz onlardır?
- İnanmıram ki, bizimkilərdən
yediyi qaba tüpürən belə uzunqulaqlar olsun.
"Görüm kökünüz
kəsilsin sizlərin.
Tarakan kimi hər yana yayılıblar" -
Filankəsov bu sözləri yavaşdan, az qala pıçıltı
ilə dedi: bilmək olmurdu öz-özü ilə danışır, yoxsa, müsahibi ilə. Sonra bir müddət susdu, qəfildən yerindən qalxıb yenə də ani olaraq Stalinin portretinə baxdı, eynəyini çıxarıb
şalvarının cibindən
götürdüyü cib
dəsmalı ilə silə-silə boğuq səslə dedi:
- Təəssüf ki, kefinə
soğan doğramağa
məcburam, cavan oğlan. Bu məktubları
yazanların arasında
ələkçinin qıl
verəni rolunu uğurla oynayan özümüzünkülər də var.
Kabinetə üzücü bir
sükut çökdü.
Elə bil hərə öz aləminə dalıb beynində nəyisə götür-qoy edirdi. Nəhayət, Filankəsovun
səsi eşidildi:
- Bura bax, gənc bəstəkar - bu dəfə Fikrətə müraciət edirdi. - O əsərləri yazıb
bombanı partladan sən, amma quzu kimi oturub
dinmirsən. Bir danışsana!
Filankəsov bu sözləri
əvvəlki rəsmi,
qəzəbli tonda yox, tamam başqa
bir ahəngdə dedi, - elə bil Fikrəti maraqlı bir diskussiyaya dəvət edirdi.
- Bəstəkarlar sözlərini
yaratdıqları əsərlərlə
deyirlər, yoldaş Filankəsov. Mən sözümü demişəm,
inşallah, yenə deyəcəm.
- İcazənizlə, bir şey deyim, - Niyazi müdaxilə elədi. - Musiqi əsəri müəllifin
qəlbində, beynində
yaranır, sonra not vərəqlərinə köçürülüb
işarələrə çevrilir.
Və nə qədər ki, ona nəfəs, ruh verilməyib, o, ölü
can kimi bir şeydir. Fikrətin əsərlərinə mən
nəfəs vermişəm.
Deməli, əsas günahkar da mənəm.
- Bəs, bunlara kim cavab verəcək?
- deyə kişi masanın üstündəki
zərfləri göstərdi.
- Əvvəlcə şəxsən
mən özüm.
Sonra da xalqımızın istedadlı, qeyrətli bəstəçi övladları.
O ki qaldı Fikrətin
simfonik muğamlarına,
sizi inandırıram,
tezliklə bu əsərlər bütün
dünyanı gəzəcək,
Azərbaycan ruhunu bütün dünyada tanıdacaq, təkcə burda yox, dünyanın
hər yerində tarakan ömrü sürən bədxahların
qara ürəklərinə
ox kimi sancılacaq...
...Onlar binadan çıxanda
hava qaralmışdı.
Küçəni keçib
filarmoniyanın bağına
tərəf addımladılar.
Elə birinci skamyaya çatmışdılar
ki, Niyazi qəfildən
Fikrətə tərəf
çevrilib dedi:
- Fikrət, hava soyuq, sənin əynin isə nazikdir. Get evə. Mən də siqaret çəkib bir azdan qalxacam evə sarı.
Dostunu yola salandan sonra
bir siqaret yandırıb əyləşdi.
Arxayınçılığına baxmayaraq içində qəribə bir xof da vardı. Başa düşürdü
ki, mərdimazarların bu
fənd-felinə, bu çirkin oyunlarına tutarlı cavab vermək lazımdır, özü də sözlə yox, əməli işlə.
Əmisi
"Leyli və Məcnun"u yazıb tamaşaya qoyanda məruz qaldığı
təhdidləri, təhlükələri,
hədələri xatırladı.
Üzeyir bəy o vaxt muğamlarımızın,
necə deyərlər,
əlindən yapışıb
opera səhnəsinə qaldırmış,
yeni janr yaratmışdı,
əvəzində eşitdiyi
tənələr "sağ
ol"lardan heç də az olmamışdı.
Amma Üzeyir bəy geri çəkilmədi, ardını gətirdi.
İndi tarix təkrar
olunurdu. Bu dəfə
Fikrət muğamlarımızı
musiqinin ən elitar qoluna qovuşdurub
möcüzə yaratmışdı.
Bunu ənənəyə
çevirmək, Fikrətin
açdığı cığırı
genişləndirib böyük
yola çevirmək lazım idi, özü də muğamların ən möhtəşəminin dili
ilə...
Və bir az sonra
həmin soyuq payız axşamında filarmoniyanın bağında
sonralar məntiqindən
heç özünün
də baş açmadığı qəribə
bir hadisə baş verdi.
Əvvəlcə bütün vücuduna
xoş bir yorğunluq yayıldı,
bədəninin bütün
əzaları bircə
anın içindəcə
sustaldı, sonra elə bil hansısa
bir əl beyninin şah damarlarından tutub yüngülcə dartmağa
başladı. Nə qədər cəhd elədi ki, yumulan göz qapaqlarını qaldırıb mürgüyə
getməsin, mümkün
olmadı.
Sonra qaranlıqda şəffaf varlıqlar peyda oldu, ardınca qəribə səslər eşidildi. Bu səslər hardansa uzaqlardan - qeybdən gəlirdi və o, bu səslərin nə dediyini anlaya bilmirdi. Qəfildən həmin şəffaf varlıqlardan biri onun sağ çiyninə qondu və həmin o andaca sanki kimsə onun sağ tərəfində dayanıb qulağına pıçıldamağa başladı:
- "Rast"... "Rast"...
Diksinib mürgüdən ayılanda nə o şəffaf varlıqlar vardı, nə də o qarmaqarışıq səslər. Amma artıq bütün ruhu, vücudu, hətta başının tükləri də "Rast"la nəfəs alırdı.
- "Rast"... "Rast"
Ayağa qalxıb ürəyində "Rast" muğamını çala-çala səkiyə çıxdı...
O, tələsirdi. Təkcə not kağızlarının və qələmin onu gözlədiyi evə yox, həm də "Rast" simfonik muğamını - bədxahlara verəcəyi cavabı yazmağa tələsirdi...
Müəllifdən:
Niyazinin bu əhvalatdan bir il sonra -1949-cu ildə tamamladığı şedevri - "Rast" simfonik muğamı Fikrət Əmirovun yazdığı simfonik muğamlarla bir yerdə tezliklə bütün dünyaya səs saldı və bu gün də dünya simfonik musiqisinin inciləri kimi adlı-sanlı orkestrlərin repertuarını bəzəyir.
Əlisəfdər
HÜSEYNOV
Ədəbiyyat
qəzeti.- 2025.- 18 aprel, №13.- S.30-31.