Səsi Təbrizdən gələsi...
Şair, yazıçı, televiziya jurnalisti Həmid Herisçinin aprelin 30-da qeyd edəcəyi 65 illik yubileyindən yazmağı özümə borc bilmirəm, çünki "borc" sözünün rəhnində "təmənna prinsipi" gizli şəkildə yuva salıb. Dediyim budur ki, "təmənna" sözü hamıya yaraşır, təkcə şairdən başqa.
Şairlik ən azı - təb, ilham, sirri-Xudalıq, vergi, cizgi, mövzu, süjet, portret qavramları ilə qoşa səslənir, ən çoxunu isə uca Yaradan bilir.
Həmid Herisçi portreti də mənim üçün maraqlı, gizəmli və sirlidir. Bu şair portretini, bu yazıçı sirrini çözmək, bəlkə də hardasa günahdır, bəlkə də ona uzaqdan-uzağa baxmaq da kafidir. Amma bir məsələ də məni rahat buraxmazdı ki, Həmid ağadan bu təbrik yazımı yazmayım. AzTV dəhlizlərində yanpörtü, çəpəki addımlarla mənə sarı gələndə 100 adamın arasından seçdiyim həmşərimin portreti də bəndəniz üçün açılmış olur. Onu da vurğulayım ki, biz həmşərilər rentgen gözü ilə uzaqdan-uzağa olsa belə, bir-birimizi görməkdə mahirik. Bəlkə Vətən içində qürbət havasından bir udum alanların gözləri zamanla uzaqgörən olur?! Bəlkə "Bir yuxuyam yozulmayan, bir düyünəm çözülməyən, bir şeirəm yazılmayan, səsim Təbrizdən gələsi" - deyən şair Zülfüqar Rüfətoğlunun gözüyaşlı misralarının qanadlarında o taya pərvazlana bilməyənlər bu tayda uzaqgörən olurlar?!
Bəlkə "Əvvəl, lap əvvəl əllərində tüstülü məşəl, Seyid Cəfərlə Mir Cəfər girdilər Azərbaycan tarixinə" - deyən Həmid Herisçinin məşum sətirlərinin bütün enerjisi bizim gözlərimizə ötürülüb?! Bəlkə "İki sahilin balaları"nın dizindəki təpər, qolundakı qüvvət gözlərimizlə müttəfiqliyə girib ki, heç olmasa, doğma Güneyimizə göz təmasımız yadırğamasın?!
Bəlkə bir əsrdə 4 inqilab edən fədailərin hər bir cəsarəti, hər bir şücaəti təkcə uzaqgörənlikdən xali qalıb?!
Ancaq "Bəlkə"lərsiz havadan, sudan torpağa keçmək zamanıdır.
Əvvəla, hər ikimizin əsli Təbrizdəndir - birimiz Herisdən, birimiz Dəryandan. Heris Təbrizin quzey şərqində, Dəryan Təbrizin quzey qərbindədir. İnqilab rüzgarı hər ikimizin atalarını Vətənin o tayından bu tayına sovurub. 46-nın dəlisov yelləri öncə Vətən arzularımızı kürüyüb atdı, sonra Herisçi - Paydar və minlərlə Güneyli nəslinin nümayəndələrini. Onların hər biri mənim üçün doğmadır, əzizdir.
İndi heç rəvamıdır ki, Həmid ağanın (Öz aramızda Həmid bəyə o cür xitab edirik) 65 illik münasibətilə yazdığım "Səsi Təbrizdən gələsi..." essesini "Ədəbiyyat qəzeti"nə təqdim etməyim?!
Bu esseni Herisçi ailəsinə və onun timsalında bütün həmşərilərimə, fədailərimizə böyük ərməğan kimi paylaşıram.
Səsi Təbrizdən gələsi...
Həmid Herisçi çağdaş şeirlərinin birində dediyi kimi:
O vaxt birinci real atom
bombası Yaponiyaya atılmışdı, ikinci virtual bomba isə
Azərbaycanın taleyinə.
"Mənim taleyimə də atıldı" -
deyir o bombadan.
İki sahilin balası olan Həmid Herisçi üçün tale
ikilikdən keçmirmi?! Amma bu ikilik, bu ayrıcalıq
sindromu onun mövzu palitrasını sonralar daha rəngli edəcəkdi.
Bu, sonralar olacaqdı. Hardan gəlir Herisçinin
çağdaş zamanla səsləşən
şeiriyyatı? Və nədən yazıma ilk növbədə
Həmid Herisçinin şeiriyyatı ilə
başlayıram?
Aprelin
15-də Həmid ağa
ilə AzTV-nin dəhlizində görüşəndə mənə
sualı da eynən bu cür olmuşdu:
- Turan, sən məni ilk növbədə necə
tanıyırsan?
- Şair kimi - dedim, Həmid
ağa.
- Düz tutmusan.
Bir az dilxoşluq edirik. Dostumuz, jurnalist həmkarımız, həmşərimiz
Günay Ardanı xatırladıram.
- Güneylimizdir, əslən
Kəleybərdəndir Günay,
yaxşı qızdır, yadınızdadır?
Herisçinin üzündə təbəssüm
yaranır, nəyə vurğu elədiyimi
göydə tutur ahbabım, deyir:
- Mən sənə ciddi deyirəm, onlar indi də mal-qara ilə
yatıb, mal-qara ilə dururlar.
Gülüşürük...
- Sən bizə, təbrizlilərə baxma, Turan.
Biz çox müasir camaat olmuşuq.
Məzəli, başqa söhbətləri
də yada salırıq, bir qədər
eynimiz açılır.
Əvvəllər də Həmid ağa ilə bu sayaq söhbətlər
çox eləmişəm. Müəllifi olduğum "Xudafərin"
verilişinin müsahibi də olub vaxtilə. Təbriz əbədi
mühiti barəsində xeyli söhbətlərimizi də
yada salıram. Atası - professor, Xaqanişünas-alim, 21 Azər
Hərəkatının həmmüəlliflərindən
olan
Qafar Kəndli Herisçi haqqında "Fədailərimizi
tanıyaq" rubrikasında "Yoldaş Kəndli"
adlı məqalə də yazmışam.
Yeri gəlmişkən, hər
nəsnədə şeir arayan,
danışığı ilə, prozası ilə şeirləşən
Həmid Herisçi bizim Təbriz ulularımızın xasiyyətinə
sadiq qalır. Təbriz əhli kəndlisi ilə, sənətkarı,
taciri ilə, alimi, həkimi, hakimi ilə şairanədir. Həmid
Herisçinin şeirləşən mövzuları da məncə,
ilk növbədə, bununla izah olunmalıdır: ikiləşmək
və şeirləşmək vərdişi ilə. Sirr deyil
ki, vərdiş hərəkətdən törəyir, xasiyyət
vərdişdən, tale isə xasiyyətdən, xarakterdən.
Xarakter məsələsində bir hovur dayanaq, zira, şair
xarakterindən gələn əlvan mövzular bizi gözləyir.
"Avtoş" şeiri...
Əvvəla, Həmid Herisçinin çox sevdiyi şairdən
- Vladimir Mayakovskidən iqtibas edim bu məqamda.
"Poeziya gərək o yerə getsin ki, ora hələ heç bir
şairin ayağı dəyməmiş olsun". Bu işi
poeziyamızda ilk bacaran şairlər az olmayıb - Mikayıl
Müşfiqdən Rəsul Rzaya kimi.
Onlar diapozonları ilə şeirin varmadığı yerlərə qədər
gedib çıxa biliblər. Sonra onların getdikləri yerdən
qayıtmaq missiyasını özündən sonrakı nəsillər
gördü. Həmid Herisçi bu mənada, əlvan
mövzulara "girişmək" baxımından əvəzolunmazdır.
Hə, onu deyirdim axı...
"Avtoş" şeiri yeni şeirlərindəndir
şairin. Bu modern şeir Herisçinin əksər şeirləri
kimi süjetlidir. Süjet dedim, "25-ci kinokadr" şeiri də
olsun onlardan biri. Azərbaycan taleyinə yağan atom
bombasının şüalarını hamımız qəbul
etmişik. Radiasiya qurbanlarının aqibəti qul olmaqdan,
qulam olmaqdan keçirsə, "25-ci kinokadr" şeirinin də
mövzusu büsbütün aktuallaşır. Şeirin son
görüntüsü daha məşumdur, deyilmi?!
Bir ananın sənə sarı gəlibən, bəyaz tellərini Təbrizin
uçuq divarlarına tərəf daraması qədər məşum
mənzərə çətin olsun. Dərdlərdən və
yüklərdən ibarət şair qəlbinin dadına hər
zaman "validol" çatar. Əslində, şairin həyatdan
istədiyi, əyyamdan arzuladığı şey çox sadədir:
kaş əzabları onu soyuducuda saxlanan "validol"a qədər
aparmasın. Çünki həmin soyuducunun bomboş
olması bir ağrıdırsa, orda "validol"un sahibini
gözləməsi ayrı bir müsibətdir. Bu əzabın
ən gözəl ifadəsini məhz şair özü
tapıb - "Fələk qırmancı". Necə də
dəqiqdir! Necə də səhihdir! Qırmanc....qırmanc...
Bu sözə mən Herisçi
yaradıcılığında çox rast gəlmişəm.
"Əli və Nino" - dekonstruksiya şəklində
yazdığı əsəri də belə adlanır.
"Fələk qırmancı"
- Bir də fələyin bizi qırmancladığı var. Biz
güneylilərin qırmanclandığı 1946-cı ilin 21
Azər günü - yəni 12 dekabr günü. Demokratik Firqənin
yaranmasının düz bir illiyində qırmanclar,
süngülər, tüfənglər, dar ağacları həm
işə düşdü, həm də içimizə.
Qaçan-qaçdı, Firidun İbrahimi kimiləri isə,
görk olsun deyə, Gülüstan bağında
asıldı. Əla saatsaz olan Pişəvərinin saatı
bizi yarıyolda qoydu, elə özünü də.
Herisçinin poeziyasında Pişəvəriyə aid
şeirlər də maraqlıdır. Saatsaz Pişəvərinin
ömrünün sonunda saatının işə düşməməsi
bizi çox mətləblərdən agah edir. Ümumiyyətlə,
Seyid Cəfər Pişəvəri bizim həssas,
ağrılı ünvanımızdır. Elə Herisçinin
də həmişə qəlbində qövr eləyən
acılardandır Pişəvəri ünvanı.
Doktor Pişəvərinin ölümünə
bais olmuşların cavabını Həmid
ağa bu şəkildə verir. Şeirində nifrət
kükrəyir onlara.
1947-ci il
yenidən dirildi...
Eh, Pişəvəri, sənin
ruhunu
sonuncu dəfə öldürdü
Maştağalı bir avara usta...
Bəli,
səni öldürmüşdü
İngilis, amerikalı,
Kremldəki rus da!!!
Ələlxüsus da,
Yol kənarında bitən bir tikan kolu...
O tikan
kollarını çox görmüşdü Herisçi, Təbrizdə
ailə qəbiristanlığında, Vadeyi-rəhmətdə
uyuyan doğmalarının acısı da tikan kolu idi, amma
düzünə qalsa, o xar, ilk növbədə,
Həmid
Herisçinin ürəyinə
sancılmışdı, ayaqlarına yox.
Həəə, indi öz ayaqlarımla gəldim çıxdım
Herisçinin nəsrinə,
prozasına.
Yazıçının mövzu palitrasını rəngli,
zəngin edən romanları, hekayələri modern və
postmodern ədəbiyyatın nümunələridir. İstər
"Nekroloq"u olsun, istər "Əli və Nino"
dekonstruksiyalı romanı, istər "Portretlər"i, istərsə
də "Solaxay"ı - hər birinin süjeti həyatdan
başlayır, elmi izahlar aranır. Ambidesktriya - əsərdə
təkcə sağ əllə sol əlin yox, həm də
sağ təfəkkürlə sol təfəkkürün
qovuşması üçün həll yolları verilir.
Herisçi əsərlərində elm və fantastika bir cəbhədə
"döyüşürlər". Bəzən də bu
arayış romanlarda bitmir, müəllifin hekayələr
toplusuna qədər uzanır. İlk hekayələr
toplusundakı Zerkalo Klara fenomeninin məlum pasportu həmin
arayış yollarına dikilən işıqforlarda
işıldayır. Pasportunda Ağababa qızı əvəzinə,
Ağababa oğlu (oğru) yazdırması Zerkalo Klaranın
bir məharətidirsə, onun Herisçi tərəfindən
üzə çıxarılması, gerçəklik
pasportuna qovuşması başqa bir qabiliyyətdir. Ümumiyyətlə,
Herisçidə Zerkalo Klara obrazına, Güney lövhələri,
Bakı zərgərləri, şəhər avtoşları,
qırmızı "Limuzin", Novruz bayramı
obrazlarına intensiv şəkildə rast gəlirik. Novruz
bayramı kimi əzəmətli bayrama Herisçinin
yanaşması da orijinaldır. Bu yanaşma Həmid
ağanın Novruz bayramına olan sevgisindən, tutqusundan irəli
gəlir. Bizim üçün Novruz toxunulmazlıq
mandatını məhz Tanrının özündən
alır. Bu bayramın adını tərsinə oxunan
variantı - "Zervan" Ədəbiyyat
Tanrısının adı ilə yozulur yazıçı
yozumunda. Novruz şifrəsinin açılması, bu bayram ərəfəsində,
məhz elə Çocuq Mərcanlıda bu parolun
çözülməsi ayrı bir qanunauyğunluqdur.
Novruz
Novruzu tərsinə
oxusan,
"Zervan", yəni əbədiyyət tanrısının
adını eşidərsən.
Deşifrəni düz vaxtında,
düz bayram ərəfəsində
azad edilmiş ərazilərdə
eşitdim.
Çocuq Mərcanlı məktəbinin
"Novruz" lövhəsini
bu cür oxuyub bərk həyəcanlandım.
Ağlıma gətirəmməzdim qədim
Zərdüşt tanrısı Zervan,
mənlə görüşünü Qarabağda,
xarabalıqlar arasında təyin
edəcək.
Nə vəd edir mənə
bu görüş?
Yaxşı sualdı.
Azərbaycanda son 2000 min ildə
kimsə
Zervanla bu cür görüşməmişdi.
Tonqal ətrafında, paxlava-filan
yeyəndə, həəə...
görüşdüm
bu qədim kölgələrlə.
Ancaq çox gücsüzdü,
uduzmuşdu bu qədim tanrı.
Novruz ərəfəsində
Həmid ağanın bu milli bayramımızı televiziya
ekranlarında içdən savunması da bu missiyanın
davamıdır. Televiziya və Həmid Herisçi...
Hələ SPACE kanalında həyat
yoldaşı, jurnalist İlhamiyyə Rza ilə canlı efir
apardıqları "Gecə kanalı" proqramını
xatırlayıram. Lazımi və zamanında olan veriliş
idi. Ordakı mövzular da, təqdimat da cəmiyyət
üçün maraqlı görünürdü. 2000-ci illərin
əvvəllərində həmin layihə bir daha
canlılıq gətirdi televiziya ekranlarına. Həmid
Herisçinin bəzən "reklam fasiləsi"nə məhəl
qoymayıb, söhbəti elə hey davam etdirməsi də
canlı, təbii idi, İlhamiyyə xanımın yerindəcə
qonaqlarının söhbətinə müdaxilələri də.
Orada bütün ictimai mövzuların çözələnməsi
ilə yanaşı, həm də sənət və ədəbiyyat
söhbəti şövqlə izlənilirdi. Heç unutmuram
ulu türk şairi Nazim Hikmətlə bağlı proqramı.
Şair Vaqif Nəsibin, şair Çingiz Əlioğlunun da
iştirak etdikləri proqramda Nazim Hikmətin Türkiyə vətəndaşlığını
dübarə qazanmalı olması haqqında fikirlər səsləndirildi.
Çox
keçmədi ki, pak
ədəbiyyat kirli tarixi öz yedəyində apardı.
Qısa müddət sonra Nazim Hikmətə Türkiyə vətəndaşlığı
verildi. 1951-ci ilin 25 iyul tarixində Türkiyə vətəndaşlığından
çıxarılan Nazim Hikmətə 2009-cu ildə
Türkiyə vətəndaşlığı hüququ geri
qaytarıldı. 58 il sonra şair öz Vətəninin vətəndaşı
kimi yenidən türk oxucusunun görüşünə gəldi.
Ondan öncə "Gecə kanalı"nda Həmid
Herisçinin və İlhamiyyə xanımın bu məsələni
körüklədiyini, Nazim Hikmətə qahmar
çıxdıqlarını yaxşı xatırlayıram.
Görüşümüzdə bu nüansı Həmid
ağanın yadına salıram.
Fikrə
gedir:
- "Düzdür, məndə
belə məqamlar çox olub. Çox
hadisəni qabaqlamışam, sənə bir söz deyim,
"voobşe" mənim ağzım faldı" - deyibən
qımışır.
Yollanırıq AzTV-nin əsas yeməkxanasına, çay və şirniyyat
sifariş veririk. Həmid bəy ən küncdəki
masanı seçir və orada əyləşirik. Sakit bir
guşəni seçməsi lap ürəyimcə olur.
Təamlardan nuş edərək
ötənlərə
qayıdırıq. Həm də televiziya jurnalistikasına.
İlhamiyyə xanımla birgə bu gün Mədəniyyət
kanalı ilə yayımlanan "Mədəni tənqid"
verilişinin müəllifi və aparıcısıdır.
Əslində, "Mədəni tənqid"in
ilk variantı olan "Gecə kanalı"nın
funksiyasını bihudə yada salmamışdım.
Yazıçının belə layihələri çox olub,
gizlinləri aşkara çıxaran
"Gizli Azərbaycan"da
paranormal aləmlərin sirrini
açmağa cəhdlər vardı.
Bir sual verirəm:
- Hansı pirdə idi, bulağın bir gözündən isti su,
digərindən soyuq su axırdı?
- Xaçmazdaydı, həəəəə.
Qəribə bulaq idi, lap nağıllardakı kimi...
Sovet dönəmində mistik dünyamıza, mənəvi aləmimizə
elə zərbələr vurulub ki, Herisçinin belə layihələrinə
bu gün zərurət yaranır. 70 il hakim olan materialist fəlsəfənin,
ateist dünyagörüşünün pirlərimizə,
qutsal ocaqlarımıza, folklorumuza, təsəvvüf
dünyamıza, irfan ədəbiyyatımıza, növhə
və mərsiyyələrimizə xor baxması bizi çox
gerçəklərdən yoxsun edib. Elə mərsiyyələrimizə
də yeni baxış gətirib yazıçı.
Janr etibarilə Herisçinin əsərlərinin fakturası realdır - bəlli
bir süjeti var, mövzusu var, obrazları, personajları var,
amma janrı mistikadır. Folklorumuzun, mifologiyamızın
lay-lay qatları yazıçının əsərlərində
yeni forma alır, yeni baxışla yeni məna
çalarları üzə
çıxır.Yazıçının əsərlərindəki
intertekstuallıq qəsdən hazırlanmış strategiya
kimi təzahür edir. Başqa bir mətnlərlə bəzən
gizli, bəzən aşkar əlaqələr
yazıçının mahir qələmində ideyasına
qovuşur. Bu, çox mütaliəli olmağın və
müşahidəçiliyin mövzuya diktəsi kimi ortaya
çıxır. Əslində, televiziyadakı verilişlərinin
maraqlı olması Həmid Herisçinin bu platformalardakı
peşəkarlığından irəli gəlir. Onun
müşahidə qabiliyyəti cəmiyyətdəki
tendensiyaları təqib etməsi, siyasi məsələləri
sərvaxt şəkildə təqib etməsi ilə şərtlənir.
İndi hər həftənin cümə günü "Mədəniyyət
TV"də yayımlanan "Mədəni tənqid"
verilişi də bu siyasi və ictimai şüurumuzun diri
qalması baxımından önəm kəsb edir...
Yeməkxanadan qalxırıq, qapıdan
çıxanda gördüm ki, Həmid
ağanı "itirmişəm". Əvvəlcə bir qədər
karıxdım, sonra foyedə qanrılıb arxaya baxdım.
Gözdən itmişdi Həmid ağa.
Qəfildən Həmid Herisçinin
çay içməyə gedərkən
söylədiyi bir fikri duruxdurdu məni.
"- Biz
hərdən "itirik",
amma bu, o demək deyil, yox oluruq, yox, bu, o deməkdir ki, həmin
adam var, sadəcə, onu başqaları görmür. Bax, fədailik
institutunun təməlində də bu düstur
dayanır".
Gerçəkdən də, Həmid ağa
"itmişdi", gördüm ki, yanpörtü, çəpəki
addımlarla mənə sarı gəlir. Demə, WC-yə
yollanıbmış, fərqində olmamışam. Birgə
Radionun binasına sarı yol alırıq. İkimiz də Mədəniyyət
kanalının dəhlizi boyu gəldiyimiz yerə gedirik.
"Hələlik!" deyib, ayrılırıq bir-birimizdən.
Mən arxadan diqqətlə baxıram, Həmid Herisçi
becid gedirdi, özü də gəldiyi yerə - üzü Təbrizə
tərəf...
O, bu becid yerişi
ilə hələ çox dolanbaclı yoldan keçəsi...
Hələ fədailərin əbədi
zəfərlərini görəsi...
Bir gün isə səsi mütləq Təbrizdən gələsi...
17 aprel
2025-ci il,
Bakı
Turan UĞUR
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.8-9.