Ozan sənətinin mahir bilicisi
və ya 30 ilə
söykənən dostluq
2025-ci ilin mart ayında, yurdumuzda Novruz bayramının böyük sevinc və
təntənəylə keçirildiyi günlərdə
eşitdiyimiz acı
bir xəbər çoxları kimi məni də
olduqca sarsıtdı.
Bu xəbər
aşıq sənətinin mahir bilicisi, AMEA Folklor
İnstitutunda Aşıq yaradıcılığı
şöbəsinin müdiri, Əməkdar mədəniyyət
işçisi, Azərbaycan Yazıçılar və
Aşıqlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə
doktoru, cəfakeş folklorşünas-alim Elxan Məmmədlinin
vəfatı xəbəri idi.
Elxan Məmmədli el dilinə yaxın, iti qələmə malik
peşəkar jurnalist, xalqımızın yaşı qədər
ulu tarixi olan folklorumuzun görkəmli tədqiqatçısı
və təbliğatçısı idi. Alimlərə
görə, folklor - insanlara xeyirxahlıq, mərhəmət
duyğuları aşılayan bir sahədir. Bu baxımdan
yanaşsaq, Elxan Məmmədlini yaxından tanıyanlar təsdiq
edərlər ki, folklor tədqiqatçısı olması
heç də təsadüfi deyildi...
Elxan Məmmədli 1 yanvar
1946-cı ildə Borçalı mahalının Faxralı kəndində,
filoloq-qorqudşünas Hüseynqulu kişinin ocağında
dünyaya gəlib. Azərbaycan SSR-nin Qabaqcıl maarif xadimi, əsl
müəllim, folkloru, aşıq-ozan sənətini dərindən
bilən Hüseynqulu kişi uzun illər Faxralıda məktəb
direktoru, 1962-ci ildən paytaxtda, Maarif Nazirliyində məsul vəzifədə,
təqaüdə çıxdıqdan sonra isə "Dədə
Qorqud Ensiklopediyası"nda məsul katib vəzifəsində
işləyib. Belə ocaqda böyüyüb, boya-başa
çatması, uşaqlıq illərindən Aşıq
Əmrah, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar
kimi sənətkarları dinləməsi onun gələcəkdə
təhsilini filoloji sahəyə, həyatını və
peşəsini isə ozan sənətinə
bağlamağında təbii ki, təsirsiz ötüşə
bilməzdi. Beləliklə, Elxan Məmmədli 1966-cı ildə
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olaraq, 1971-ci ildə
oranı uğurla başa vurub.
Əmək fəaliyyətinə fəhləlikdən başlayan
Elxan Məmmədli bir müddət pedaqoji sahədə
çalışdıqdan sonra, 1976-1979-cu illərdə Azərbaycan
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi
işləmiş, 1979-cu ildən etibarən müsabiqə
yolu ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Folklor şöbəsinə kiçik elmi
işçi vəzifəsinə təyin edilmişdir. O,
1994-cü ilə kimi Folklor şöbəsində
çalışaraq, həmin ildən böyük elmi
işçi kimi Folklor Elmi-Mədəni Mərkəzinə
keçirilmişdir.
2 monoqrafiya, folklor materialları əsasında toplanmış
10-dan çox kitabın müəllifi, 50-dən çox
kitabın redaktoru, rəyçisi və ya Ön söz müəllifi
olan Elxan Məmmədli 1998-ci ildə "Azərbaycan
aşıq yaradıcılığında təcnis"
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir.
Bildiyimiz
kimi, aşıq yaradıcılığı Azərbaycan xalq
musiqisinin çox çətin sahələrindəndir. Bu sahənin
mahir bilicisi, cəfakeşi, tədqiqatçısı və
təbliğatçısı olan tədqiqatçı-alim
1999-cu ildən AMEA Folklor İnstitutunda Aşıq
yaradıcılığı şöbəsinin müdiri idi.
Onun həyatının böyük
bir səhifəsi Azərbaycan Televiziya və
Radiosu ilə bağlıdır. 1969-cu ildən Azərbaycan
Televiziya və Radiosu ilə əməkdaşlıq edən
alim "Bulaq", "Ustadnamə",
"Sazın-sözün sehrində", "Gözəlləmə"
və "Sarıtel" verilişlərinin müəllifi və
aparıcısı olub. Sirr deyil ki, folklorumuzun, aşıq sənətimizin
tədqiqi və təbliğində bu verilişlərin
çox böyük xidməti var və mən çox
böyük qürur duyuram ki, düz 30 il əvvəl
(1995-1996-cı illərdə) bu verilişlərin hər
birinin studiya yazılışında, ya da montaj prosesində
bilavasitə iştirak etmişəm. Elə Elxan müəllimlə
şəxsi tanışlığım da bu proseslərdə
yaranmışdı...
...1995-ci
il idi. Mərhum atam, uzun illər Azərbaycan
Televiziya və Radio Verilişləri Komitəsində (indiki
QSC) müxtəlif məsul vəzifələrdə
çalışmış Əməkdar jurnalist Tofiq Məmmədov
(elə Elxan müəllimin də əziz dostu) məni radioda
çox kiçik vəzifəyə - radionun səsyazma sexinə
səs operatoru vəzifəsinə işə düzəltdi. Vəzifə
kiçik adlansa da, məsuliyyəti böyük
idi. O vaxtlar radioda hazırlanan bütün verilişlər
öncə səsyazma studiyasında lentə
alınırdı (əslində indi də elədir, sadəcə
o vaxtlar lent sistemi idi, indi isə müasir kompüter
texnologiyaları sistemidir). Veriliş üçün isə
ya aparıcının səsi, ya da qonaqla müsahibə
yazılarkən bütün məsuliyyət səs operatorunun
üzərinə düşür. Ən əsası ona
görə ki, radionun studiya mikrofonları o qədər həssasdır
ki, hansısa əlavə səsi aparıcı eşitməyə
bilər. O baxımdan səs yazılışı zamanı səs
operatoru son dərəcə diqqətli olmalıdır.
Onunla
ilk tanışlığım heç zaman yaddaşımdan silinən deyil.
Bir dəfə o, bir aşıq qonaqla "Sarıtel"
verilişi üçün müsahibəyə gəlmişdi.
Qonaq da son dərəcə
emosional olduğundan, gah ağzını mikrofona
yaxınlaşdıraraq ucadan danışır, gah da
mikrofondan uzaqlaşırdı. Məlum ki, belə olduqda səsin
səviyyəsinin qalxıb-enməsi kəskin hiss olunur və
montajda bunu tənzimləmək heç də asan başa gəlmir.
Bunun da məsuliyyəti çıxışı studiyada
yazan operatorun üzərinə düşdüyündən, mən
o qonağın səsinin normal alınması
üçün həqiqətən, çox
çalışdım. Elxan müəllim bunu ilk andan hiss
etdi və studiyadan çıxanda təşəkkür edərək:
"Qardaş oğlu, sabah tanınmış bir aşıq
qonağım olacaq. Deyəsən, yerim o biri studiyadadır. Sən
hansı studiyada olacaqsan? Mən də orada yazım", -
dedi.
Radioda o
vaxtlar 5 səsyazma otağı fəaliyyət
göstərirdi. Beş studiya nahara qədər Respublika
radiosunun verilişlərinə, üçü isə nahardan
sonra Beynəlxalq Radionun verilişləri üçün nəzərdə
tutulurdu. Səs operatorlarının hansı studiyaya təhkim
olunmağını isə sexin rəisi müəyyən
edirdi. Mən, sabahı günü siyahı üzrə
başqa studiyada olduğumdan, Elxan müəllim həmin
studiyaya təhkim olunmağımı sexin o vaxtkı rəisi
Tofiq müəllimdən xahış etmişdi. Növbəti
dəfələrdə isə o, səsini yazdırmaq
üçün yer götürəndə (hər həftə
onun bir neçə verilişi efirə gedirdi), məhz mənim
olduğum studiyanı seçirdi. Kimin oğlu olduğumu biləndən
sonra isə, hər dəfə atamı xəbər alıb,
"salam" göndərməyi də unutmurdu.
Elə oldu ki, 1 ildən bir az artıq vaxt keçəndən
sonra məni rejissor qrupuna səs rejissoru vəzifəsinə
keçirtdilər. 15 il "Səhər" musiqi-informasiya
proqramının rejissoru oldum. Günboyu baş verən hadisələri
səhər 07.00-da dinləyiciyə çatdırmaq
üçün verilişin yığılmasına, adətən
axşamlar başlanılırdı. Amma gün boyu kollektivlə,
xüsusən, Elxan müəllimin əməkdaşı
olduğu "Musiqi verilişləri" baş redaksiyası
ilə sıx təmasda olduğumdan, vaxtaşırı onunla
yenə görüşürdük. Beləliklə, Elxan
müəllimlə bir il ərzində yaranan yaradıcı
münasibətimiz səmimi dostluğa çevrildi. Hər dəfə
də görüşəndə
yaradıcılığımla maraqlanar, atamı xəbər
alar, "salam"ını göndərərdi. Bundan
savayı, sözlərimə yazılan yeni mahnılar olanda,
adətim üzrə ilk olaraq radionun "Musiqi verilişləri"
baş redaksiyasının baş redaktoru Hacı Məmmədova
(ruhu şad olsun) təqdim edirdim. Çox vaxt Hacı müəllimin
yanında olduğundan, o görüşlərdə, səslənmələrdə
Elxan müəllim də iştirak edirdi. Onun hər dəfə
təqdim etdiyim mahnının sözləri haqqında
yüksək fikirlər bildirərək mənə dəstək
olması, həm mahnının Hacı müəllim tərəfindən
qəbul edilərək radionun "Fond fonotekası"na daxil
olmasına kömək edir, həm də məni yeni
uğurlara ruhlandırırdı.
Elxan müəllim çox səliqəli redaktor, işini dəqiq bilən
cəfakeş mütəxəssis idi. Onun verilişlərində
Azərbaycanın tarixi-mədəniyyət abidələri,
ağız ədəbiyyatı nümunələri,
bayatılar, mərasim folkloru, onun janrları, aşıq sənəti,
xalq mahnıları və xalq rəqsləri geniş təhlil
olunurdu. Bu yerdə qeyd etməliyəm ki, bu sahələri dərindən
bildiyindən, onun folklorla bağlı verilişləri
maraqlı və orijinal alınırdı.
Elxan müəllim ozan-aşıq
sənəti, Anadolu, Təbriz, Şirvan,
Gədəbəy, Göyçə və Borçalı
aşıq məktəbləri haqqında yetərincə məlumatlı
idi. O, nəinki Azərbaycanda fəaliyyət göstərən
saz ustadlarının, hətta Anadolu, Təbriz, Qaradağ,
Borçalı aşıqlarının ifalarını
çox gözəl bilir və tanıyırdı. Radioda
aşıqlarla, aşıq havaları ilə bağlı
kiminsə sualı yarananda, ilk növbədə,
folklorşünas Elxan Məmmədli müraciət edirdi. Bəzən
lent yazısını istifadə etdikdən sonra (indikindən
fərqli olaraq o vaxtlar radionun fondu ancaq lentlərdə və
disklərdə olurdu), kiminsə səhlənkarlığı
ucbatından hansısa aşıq havasının yeri qutusunda
səhv düşürdü. Elxan müəllim hansı
havanı hansı aşığın ifa etdiyini əzbər
bildiyindən, həmin havanı ilk notlarından
tanıyırdı və heç kimin həll edə bilmədiyi
məsələ asanlıqla həllini tapırdı.
Elxan müəllimlə bir çox tədbirlərdə (xüsusən, əməkdar
məşqçi-müəllim, Ağır Atletika üzrə
Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, Azərbaycan
Ağır Atletika federasiyasının sabiq birinci
vitse-prezidenti, Əməkdar bədən tərbiyəsi və
idman xadimi Vahid Nəzərovun yubiley tədbirlərində)
yanbayan oturmuşuq.
Onun tədbir aparıcılığı
tamamilə başqa bir aləm idi. Elxan
müəllim tədbirdə iştirak edən hər kəsə
sinədəftər tərzdə, folklor nümunələrindən
yerindəcə istifadə etməklə məxsusi sözlər
ünvanlayar, şirin, qəlbə yatımlı kəlmələrini
əsirgəmirdi. Coşqun, ehtiraslı, emosional səmimiyyətlə
söhbət aparırdı.
Əsl yaradıcı insan, zəhmətkeş müəllif-redaktor,
yorulmaz tədqiqatçı idi. Bəzən saatlarla
otağında oturar (təbii ki, radiodakı otağını
nəzərdə tuturam), nəsə yazardı.
Yazdığı da ya yeni verilişin ssenarisi olurdu, ya da yeni
bir poeziya nümunəsi. Onun şeirləri isə klassik Azərbaycan
poeziyasının, xalq şeirinin, aşıq sənətinin
gözəl ənənələrinə söykənərdi.
Bəzən şeirlərinin ilk oxucusu da biz - radiodakı həmkarları
olardıq. O, həmin şeirləri özünəməxsus
tərzdə, şirin ləhcəylə, emosional zərifliklə,
cazibəli ahənglə səsləndirərdi, sonda da
"qardaş oğlu, necə idi?" - deyərdi.
Onun, əziz müəllimi olmuş görkəmli ədəbiyyatçı-alim,
professor Şəmistan Mikayılovun başdaşı
üçün yazdığı 3 bənddən ibarət
bir qoşması var:
Dünyaya
vəfasız demədim əsla,
Vəfalı, vəfasız insanlar
gördüm.
Saxta təbəssümlər, saxta
gülüşlər,
Bir də dost yolunda yananlar
gördüm.
Çalışdım, vuruşdum, mənsəbə çatdım,
Kitablar həmdəmim oldu həmişə.
Şəxsi qayğıları bir
yana atdım,
Təhsili, maarifi eylədim
peşə.
Ömrümü
şərəflə vurdum mən başa,
Həqiqət carçısı çağrıldı
adım.
Hər vaxt dayaq oldum
qohum-qardaşa,
Məni
unutmasın yaxınım,
yadım.
Şəmistan
müəllimi mən də şəxsən
tanıyırdım. Bu baxımdan mənim kimi onu tanıyanlar
təsdiq edə bilərlər ki, bu qoşma, həm insan, həm
də elm adamı kimi Şəmistan müəllimin şəxsiyyətini
- canlı portretini tam reallıqla təcəssüm etdirir.
Amma Elxan müəllimin ilk cüməsi günündə onun
2021-ci ildə işıq üzü görən "Sevmə
səni sevməyəni" kitabını əlimə alanda və
ilk qabağıma çıxan bu səhifə olanda mən
bir anlıq düşündüm ki, müəllif bu
qoşmada, bəlkə də öz həyatını təsvir
edibmiş. Çünki bu qoşma, sanki Elxan müəllimin
şəxsiyyətinin, başqa sözlə, mənəvi-əxlaqi
düşüncəsinin parlaq ifadəsidir; həm insan, həm
də bir ziyalı, elm adamı kimi düşüncəsinin
aynasıdır...
Mən,
Elxan Məmmədlinin
ölüm xəbərini onun dəfni
günü eşitdiyimdən, hər ikimizin dostu Vahid Nəzərovdan
xahiş etdim ki, məni onun birinci cümə axşamı mərasiminə
aparsın. O da sağ olsun, məni və digər müştərək
dostumuz, uzun illər "Spartak" cəmiyyətinin sədri
vəzifəsində çalışmış Yavər
müəllim Hacıyevi Elxan müəllimin birinci cüməsinə
apardı. Orada Elxan müəllimin oğlu Elnur bəylə,
qardaşı Eldar müəllimlə və diğər
qohumları ilə tanışlığımız, çox
səmimi münasibətimiz yarandı və mən Elxan müəllim
haqqında yazacağım xatirə yazımda istifadə etməyim
üçün onun məndə olmayan kitablarını
bağışlamağını Eldar müəllimdən
xahiş etdim.
...Tanış olduğumuz gündən Elxan müəllim
mənə həmişə "qardaş oğlu", deyə
müraciət edib. Bu səbəbdənmi, yaxud diğər
doğmalıq tellərindənmi, bilmirəm, amma Eldar müəllimin
ilk telefon zəngində mən telefonu açıb biixtiyar
"Bəli, Eldar əmi, dedim"...
Yazımın əvvəlində qeyd
etdim ki, Elxan müəllimin itkisi məni
çox sarsıtdı. Və mən, əziz həmkarımız,
yoxluğu qəlbimizi hələ çox yandıracaq Elxan Məmmədli
haqqında çox söz deyə bilərdim, çünki
ürəyim doludur. Amma istərdim ki, o böyük alim
haqqında bu kiçik yazımı onun 3 mərasimi
günü qələmə aldığım bir şeirlə
yekunlaşdırım.
Ürəkdən
bağlıydı doğma elinə,
Ulu torpağına, ana dilinə.
Nə qədər aşığı
xalqa tanıdıb,
Qonaq çağıranda "Sarıtel"inə,
Dostluq dünyasıydı Elxan Məmmədli.
Yol gedirdi
"Sazın-sözün sehrində",
Dünya
bambaşqaydı onun şeirində.
Açıq sözlü idi,
düz sözlü idi,
Sözünü deyirdi haqlı,
yerində,
Haqqın
sədasıydı Elxan
Məmmədli.
Ekrandan,
efirdən gələrdi
səsi,
Zəngin
xəzinəydi - səs
xəzinəsi.
Ustadtək baxırdı "Ustadnamə"yə,
Gözəl səslənirdi "Gözəlləmə"si,
Ozan dühasıydı Elxan Məmmədli.
"Bulaq"ı
bulaqtək süzülən idi,
Sözləri muncuqtək düzülən
idi.
Yoldaşlardan kimsə dara düşəndə,
Məsələ onunla çözülən
idi,
Ərkin
qalasıydı Elxan Məmmədli.
O, sahibi
idi böyük hörmətin,
Savadın, kamalın, şanın,
şöhrətin.
Həyatdan adi bir alim getmədi,
Getdi bilicisi qədim sənətin,
Sənət dəryasıydı Elxan
Məmmədli.
Zaman
keçəcək, günlər ayları, aylar da illəri əvəzləyəcək.
Lakin mən əminəm ki, Elxan Məmmədlinin uzun tarixə
söykənən milli folklorumuzun tədqiqi və təbliği
sahəsindəki yorulmaz fəaliyyəti qədirbilən
xalqımızın, doğma münasibəti isə mənim
yaddaşımdan silinməyəcək.
Ruhu şad olsun!
Anar
MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.10-11.