Adamın gərək ağlı olsun...
Hekayələr
Düz deyirəm, vallah! Ağlın olmadı ha, bu dünyada adam kimi yaşayammazsan.
Gərək ağlın
olsun, düşünəsən
ki, ayə, necə olur, sənin də iki əlin-ayağın,
bir başın, iki qulağın və s. var, o birilərinin
də. Necə olur, o birilər cah-cəlal içində
yaşayır, sən
həmişə lüt-üryansan,
qəpiyə güllə
atırsan? Belə çıxır ki, o birilərinin
ağlı var, yəni
sənin kimi ağılsız deyillər.
A kişilər, heç
ola bilməz ki, ağıllı
adamın pulu-parası
olmasın! Ağıl
deyilən şey ki,
var, gərək o mütləq
adamda olsun. Olmadı ha, batdın!
Lap uşaqlıqdan əlimə
pul düşən kimi, gedib verirdim
axmaq-axmaq şeylərə.
Ürəyinizə pis
fikirlər gəlməsin,
uşaq siz düşündüyünüz şeylərə pul xərcləməz. Deməyim
odur ki, gedib xırda-xuruş alırdım,
o biri gün də xoşuma gəlmirdi, atırdım bir kənara. Bu xasiyyətlə böyüdüm,
gözümə yaxşı
nə göründüsə,
lazım oldu-olmadı,
aldım. Yekə kişi oldum, ağlım başıma gəlmədi ki, gəlmədi.
Nəyə görə?
Deyin görüm, adam da nəğd pulunu əlindən verər? Deməli, verməz. Ölənləriniz oldu rəhmətlik! Amma mən
nəğd pulumu aparıb qoymuşam özəl bir banka. Özü də nə qədər olsa yaxşıdır? Altmış
min manat! İllər keçib, oturub sevinə-sevinə gözləmişəm
ki, başqa ölkələrdə
olduğu kimi banka qoyduğum pulun faizi də
üstünə gələcək,
gedib maşın alacağam, villa tikdirəcəyəm,
dünyanı gəzəcəyəm.
"Sən saydığını
say, gör fələk
nə sayır".
Bir gün xəbər çıxdı ki, pullar
dəyişir. Getdim banka ki, altmış min manatı, üstəlik, faizini də alım. Götürüb
mənə nə versələr yaxşıdır:
altı min manat! Elə orada iki əlimi ilişdirdim təpəmə,
öz-özümə dedim:
"Kül sənin ağılsız başına,
adam da banka pul qoyar?! Pulun
var, qoy evə, yavaş-yavaş xərclə
də!"
Elə bilirsiniz, bu əhvalatdan sonra ağlım başıma gəldi? Ay gəldi ha!
"Quyuya su tökməklə sulu olmaz
ki!" Zəmanə dəyişdi,
özəl banklar çoxaldı. Aparıb olan-olmazımı qoydum həmin özəl banklardan birinə. Mənim hesabımla bir neçə ildən sonra milyoner olmalıydım.
Bir də eşitdim bankı bağladılar, bankiri də tutdular basdılar içəri. Heç demə, fırıldaqçının
biri imiş.
"İt də getdi,
ip də". Qaldım "lüt-madərzad".
İndi özünüz deyin, ağıllı adam da nəğd pulunu əlindən verər?
Misralar kimindir?
Qəzet
redaktoru Salman Mütrif
oğlu redaksiyada lövbər salıb yazı-pozu ilə məşğul idi. Qapı döyüldü,
ədəbiyyat şöbəsinin
müdiri kabinetə daxil oldu. Masanın
üstünə bir hekayə qoyub dilləndi:
- Salman müəllim, istedadlı
gənc yazıçılardan
birinin əsəridir.
Oxumuşam, pis deyil, məsləhət bilsəniz, çapa verərik.
- Yaxşı, biz də oxuyarıq, görək nə yazır?! - deyə redaktor Mütrif oğlu təşəxxüslə bildirdi.
Şöbə müdiri otaqdan
çıxan kimi,
Salman müəllim hekayəni
oxumağa başladı.
Gördü paho, şöbə müdirinin
gənc yazıçı
adlandırdığı Naşükür
bəy ölkədə
nə qədər vəzifə sahibi var, hamısını biabır-rüsvay
edib. Axırda da iki misra ilə
fikirlərini belə tamamlayıb:
"Vicdanı sönük başçıların qəfləti
ancaq,
Etmiş,
edəcək milləti
əllərdə oyuncaq".
Birinci misradakı "başçıların"
sözü Mütrif oğlunu əsəbiləşdirdi,
düşündü ki, "bu gədə lap ağ edib! Yəqin
icra başçılarını
nəzərdə tutur.
Hamını özümlə
düşmən edə
bilmərəm ki!" Odur
ki, birinci misradakı
"başçıların" sözünü pozub, belə yazdı: "Vicdanı sönüklərin
qəfləti ancaq..."
Səhəri gün qəzeti
oxuyan bir ədəbiyyatşünas alim, redaktor Salman Mütrif oğluna zəng vurub təəccübünü
bildirdi:
- A kişi, siz nə etmisiniz, o boyda yazıçının
misrasını niyə
dəyişdirib bu günə salmısınız?
Redaktor Mütrif oğlu cavab verdi:
- Əşi, Naşükür
bəy cavan yazıçılardandır. Adından
da məlum olduğu kimi, naşükürün
biridir! Ölkədə
vəzifə sahibi qalmayıb, hamısına
sataşıb. Hələ
onun hekayəsini çap eləmişəm,
gərək sevinsin...
Professor əsəbiləşdi:
- Ay Salman
müəllim, Naşükür
bəy kimdir? Həmin misralar Hüseyn Cavidindir ey, başa düşdün?!
Gün ərzində redaktora yüzlərlə belə
zəng vuruldu. Zəng vuranlar bilmirdilər ki, Mütrif oğlu ömründə Hüseyn Cavidi oxumayıb. "Yazıq"
haradan biləydi ki, misralar kimindir?
Yorğan-döşəkdə qaldı...
Qayınanamdan yaman qorxurdum. Arvadın boz sifətini görəndə
canıma üşütmə
düşürdü. Niyə?
Ailə işimə qarışırdı, gündə
qızını qızışdırıb
evimizə dava-dalaş
salırdı, dözürdüm,
bu bir. Anamı,
xalalarımı, bibilərimi
qatırdı bir-birinə,
ondan-buna, bundan-ona deməklə ara qarışdırırdı, bu
iki. "Xalqın kürəkənləri qaz
vurub, qazan doldurur, mənim kürəkənim quruca maaşa baxır, acından ölür"
deməklə məni
qohum-qonşu yanında
hörmətdən salır,
abrımı tökürdü,
bu üç. Saymaqla qurtaran deyil. Balalarımın xatirinə ailəmi dağıtmaq istəmirdim,
"qayınanam bu gün-sabahlıqdır" düşüncəsi
ilə birtəhər
dözürdüm. Belə-belə
ömrümün yarısı
ah-vayla keçdi...
Bir gün eşitdim qayınanam düşüb
yorğan-döşəyə. Dedilər, vəziyyəti
ağırdır, "o tərəflikdir".
Sevincimdən nəzir-niyaz
payladım. Amma büruzə
vermədim, qayınanamın
yanına gedib, başladım yaltaqlanmağa:
- Ay arvad, qorxma, xəstəlikdir də, keçib gedər. Nə lazımdır de, yerin deşiyindən tapım, gətirim. Hələ ki, sağam, qoymaram sənə bir şey ola.
Qayınanam çənəsi əsə-əsə
dilləndi:
- Sənin heç nəyin mənə lazım deyil! Get, qohum-qardaşı yanıma
çağır.
Ağzım nə idi onun əmrini yerinə yetirməyəydim!
Hamıya xəbər
verib yığdım
qayınanamgilə. Elə
ki, qohumlar cəm oldu, qayınanam dilləndi:
- Mən ölürəm. Kimə nə vermişəm, gedin gətirin.
O, yastığın altından
bir siyahı çıxarıb, "verdiklərimi
bax, bura yazmışam, gizlədib-eləməyin",
- deyə gözlərini
qıydı.
Hamı
mat-məəttəl bir-birinə
baxdı. Əlacları
ona qaldı ki, qayınanamın göstərişinə
əməl eləsinlər.
Elədilər də.
Kimi qayınanamın pay verdiyi
paltarlıq parçaları
gətirdi, kimi xrustal qab-qacağı, kimi də borc
pulları geri qaytardı. Qayınanam bununla kifayətlənməyib
özünün geyim
paltarlarını da üst-üstə
yığdırdı. Sonra iki yekə xrustalı
bir-birinə vurub sındırdı. Baldızım
qışqırdı:
- Ay arvad, neynirsən, dəli olmusan?
Qayınanam onun sözünə
məhəl qoymadı,
geyim paltarlarını
da cırıq-cırıq eləyib yanan peçə atdı.
Qayınım dözə bilmədi:
- Paltarlarını niyə yandırırsan, ay arvad?
Qayınanam qışqırdı:
- Mən öləndən sonra nəyimə lazımdır?!
Bacanağım başladı dil
tökməyə:
- Ay ana, elə hər xəstələnən ölür
ki? Allah qoysa bu gün-sabah sağalıb durarsan ayağa. Paltarsız gəzəcəksən?
Bu sözlər qayınanamın
qulağına girmirdi.
Elə hey sındırıb-yandırırdı.
O, son kibrit çöplərini
də yandırıb dilləndi:
- Vəssalam! İndi o dünyaya
rahat köçə
bilərəm!..
Bədbəxtlikdən düz bir həftədən sonra qayınanam sağaldı. Amma yorğan-döşəkdən
qalxa bilmədi. Çünki əyninə
geyməyə bircə
paltarı da qalmamışdı...
Qorxuram
Heç
nədən qorxmuram. Qəzetdən, tənqiddən,
dedi-qodudan, söz-bezdən
qorxmuram. Yuxusuzluqdan, əziyyətdən, kasıblıqdan
qorxmuram. Vəzifəsizlikdən,
vəzifədən çıxmaqdan
qorxmuram. Bircə şeydən - müsəlmanların
öz dillərini unutmalarından qorxuram.
O gün həyətə çıxmışam, qonşuluqda
yaşayan müsəlman
uşağı məni
görüb deyir:
- Zdravstvuyte!
Soruşuram ki, bala, sən russan?
Cavab verir:
- Net.
Deyirəm, bəs mənə
niyə rusca salam verirsən?
Deyir:
- Otets, mat po russki qovoryat...
Heç
kimdən qorxmuram, heç nədən qorxmuram. Xəstəlikdən,
həkimlərdən, yıxılıb
qolumu-qıçımı sındırmaqdan, yalançılardan,
rüşvətxorlardan, yaltaqlardan,
ikiüzlülərdən qorxmuram.
Bircə şeydən
qorxuram: müsəlmançılığı
itirməkdən. Bəzi
müsəlman müğənnilər
gül kimi mahnılarımızı qoyub
başqa ölkələrin
mahnılarını oxuyurlar,
eybəcər şəkildə
"rəqs" edirlər,
ilan kimi qıvrılıb-açılırlar. Adama deyərlər bala, sən müsəlmansan, yoxsa, moltanı? Hər ölkənin, hər millətin mahnıları
gözəldir, buna sözüm
yox. Sənə nə düşüb ki, onların mahnılarını
oxuyursan, özü də, necə deyərlər, qolunu-qıçını
sındıra-sındıra? Belə mahnılara daha çox qulaq asırlar, kasetlər çox satılır, eləmi? Bəs bilmirsən ki, bu da bir siyasətdir?
İstəyirlər ki, müsəlmançılığa
bu tərəfdən də zərbə vursunlar? Yəni müsəlman olduğunu sənə unutdursunlar! Bax, mən də
elə ondan qorxuram. Qorxuram ki, bir tikə müsəlmançılığımız
qalıb, onu da unudaq!
Heç
nədən qorxmuram. Ölümdən, o dünyada
qurulacaq mizan-tərəzidən,
cənnət-cəhənnəmdən, Qıl körpüdən qorxmuram. Amma bir şeydən qorxuram: müsəlmanların vətəni,
torpağı unutmalarından.
Kimi dindirirsən, deyir:
"xaricdə yaşamaq
istəyirəm". Nə
var axı, bu xaricdə? Xaricdə yel əsib, qoz tökülüb? Adam
da vətənini, ana dilini,
ana laylasını unudar?
Xülasə, mən heç nədən, heç kimdən qorxmuram. Bircə müsəlmanların dilimizi bərbad hala salmalarından, ana laylası kimi mahnılarımıza yad xallar qatmalarından, Vətəni, torpağı unutmalarından qorxuram. Vallah-billah, qorxuram!
Xeyrəddin QOCA
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.13.