Niyə məhz
"Qıtqılda?"
Bu
yaxınlarda dostlarımdan biri, görünür, xalq rəqs
havalarımıza marağımı nəzərə alıb
xahiş etdi ki, "Qıtqılda" rəqs
melodiyasının adının mənası, bu melodiyanın
nə üçün belə adlandırılmasının səbəbləri
barədə məlumat verim. Həmin melodiyanı ilk dəfə
ifa edib paylaşarkən bilavasitə bu məsələ ilə
əlaqədar etdiyim qeydləri xatırladım, onun məzmununu
dostumun diqqətinə çatdırıb əlavə etdim
ki, mən musiqişünas deyiləm, fikirlərim də mənim
şəxsi gümanlarımın, ehtimallarımın ifadəsidir
və nə vaxtsa suallarınıza bir qədər əhatəli
cavab verməyə çalışacam.
Nəhayət,
hiss elədim ki, həmin məqam yetişib.
Doğrudan
da, niyə məhz "Qıtqılda?" Nə məna
bildirir bu söz və onun həmin melodiyanın məzmunu ilə
nə əlaqəsi?
Ondan
başlayım ki, rəqs havalarımızla əlaqəli
heç bir mənbədə mən bu sözün izahı,
etimologiyası ilə bağlı hansısa bir fikrə rast gəlmədim.
Halbuki yazılanlara görə "Qıtqılda" qədim
melodiya deyil, nisbətən çox yaxın dövrün məhsuludur
- onu 1910-cu ildə doğulmuş məşhur qarmonçalan
Teyyub Dəmirov yaradıb. Görəsən, melodiyaya bu
adı da o özü veribmi?! Suala birmənalı şəkildə
qəti cavab vermək olmur. Əvvəla, ona görə ki, belə
olsaydı, o bu qəribə adın
açıqlamasını da verərdi. Digər tərəfdən,
olsun ki, bu, Teyyub Dəmirovun yaratdığı orijinal melodiya
yox, sadəcə, ikinci həyat verib diriltdiyi diringə, yaxud qədim
rəqs havasıdır və uzun fasilədən sonra ilk dəfə
onun ifasında səsləndiyinə görə elə onun
adına da yazılıb. Nəhayət, rəqsin
adının yazılışında da konkretlik yoxdur - bəzi
mənbələrdə o, "Qıtqılda", bəzilərində
"Qıtqılıda", bəzilərində isə
"Qıtqılı" kimi verilir.
Bu
girişdən sonra soruşa bilərsiniz ki, bəs sənin
versiyan nədir və onu necə arqumentlədirə bilərsən?
Cavablandırım.
Fikirləşirəm
ki, bu ad ilk vaxtlar adı olmayan diringəyə o rəqsə
çevrildikdən, yəni ona xoreoqrafik etüd qurulduqdan sonra
verilib və ilk variantda onun adı "Qıtqılda (yaxud
"Qıtqılıda") yox, elə həmin o
etüdün xarakterindən, süjetindən, məzmunundan irəli
gələn "Qıtqılıqda" olub.
Nə
üçün belə fikirləşirəm?
İş
ondadır ki, bu rəqs vikipediyada göstərildiyi kimi, məişət
xarakterli məzəli, yumoristik rəqslər qrupuna aiddir, gəlin-qayınana
münasibətlərinin bəzi gülməli, məzəli
nüanslarını əks etdirir və melodiya hələ
plastika ilə ifa olunan rəqsə çevrilməmiş ona
Teyyib müəllim tərəfindən belə bir adın
verilməsi az inandırıcı görünür. Fikrimcə,
rəqsə bu adın verilməsində onun səhnədə
konkretləşdirilməsindən sonra o konkretlikdən irəli
gələn diktənin həlledici rolu olub: yəni artıq
dinləyici yox, tamaşaçı olan insanlar gördüklərinin
təsiri altında bu rəqsə
"Qıtqılıqda" adı veriblər.
Yaxşı,
onda niyə məhz "Qıtqılıqda?"
Dilimizdə
"qıt" sözünün az, kəm,
"qılıq" sözünün isə xoş rəftar,
xasiyyət kimi mənaları var. Bu iki sözün birləşməsi
isə xoş rəftarın az, qıt olduğu vəziyyət
mənası verir. Gəlin-qayınana münasibətlərində
qılığın kəmliyi, azlığı isə həm
də saysız-hesabsız lətifələrin, məzəli
situasiyaların mövzusu olub (Təkcə
"Qayınana" filmini, tamaşasını xatırlamaq
kifayətdir).
Bu mənim
birinci versiyam.
İkinci
versiyam isə, "qılıq" yox, "qıdıq"
sözü ilə bağlıdır. Qıdıq xoş bir təsirdən
yaranan və insanda xoş əhval yaradan qıcıq hissidir.
Sonradan danışıqda "Qıtqılıda" şəklinə
düşən "Qıtqıdıqla" (yəni az
qıdıqla) ifadəsinin isə rəqs edənin
sümüyə düşən, adamı dingildədən, qıdıqlayan
bu melodiyaya zarafatla "məni az qıdıqla" müraciəti
kimi başa düşülməsi, məncə, məntiqidir.
Bu mənim
ehtimallarım və arqumentlərimdir. Amma təbii ki, mən səhv
də edə bilərəm. Çox istərdim ki,
musiqişünaslar, musiqiçilər öz münasibətlərini
bildirsinlər.
P.S. Yeri gəlmişkən,
bu rəqs havasının vikipediyasında çox qəribə,
hətta mən deyərdim ki, əcaib bir fakta rast gəldim. Məsələn,
əvvəlcə qeyd olunur ki, rəqsin yaranma tarixi 1870-1880-ci
illərə təsadüf edir. Ardınca isə onun qarmon
ifaçısı Teyyub Dəmirov tərəfindən
yaradıldığı və ilk dəfə ifa olunduğu
qeyd edilir(?). Və nəhayət, məlumata belə yekun
vurulur ki, Ü.Hacıbəyov bu rəqsi 1911-ci ildə
yazdığı "O olmasın, bu olsun" operettasına
daxil edib. (Əslində söhbət operettadan yox, 1956-cı
ildə çəkilmiş eyniadlı filmdən gedir).
Görünür, mətni yazan şəxs T.Dəmirovun
1910-cu ildə anadan olduğunu və onun 1 yaşına kimi
imkan tapıb bu melodiyanı yaratmasının
qeyri-mümkün olduğunu unudub.
Əlisəfdər
HÜSEYNOV
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.21.