Sartr. Varlıq və
heçlik arasında
...Jan-Pol
Sartrın karyerasının ilk dövrü əsasən,
"Varlıq və heçlik" (1943) əsəri ilə
müəyyən edilir, lakin sonradan o, kommunist və kapitalist
bloklara parçalanmış bir dünya anlayışına
keçmiş və geniş şəkildə reklam edilən
siyasi fəaliyyətə başlamışdır. Sartr, alman
faşist işğalı zamanı passiv qalan hər kəsi sərt
şəkildə tənqid etmişdir.
Sartr bir
müddət marksizmi və sovet quruluşunu müdafiə
etmişdir. 1952-ci ildə Sülhün Müdafiəsi üzrə
Vyana Xalq Konqresində sülh tərəfdarı kimi
çıxış etmiş, 1953-cü ildə Dünya
Sülh Şurasının üzvü seçilmişdir. Həmin
dövrdə Sartr, Şərq Blokunun mənəvi
üstünlüyünə inanırdı və bunun
"ümidləri qorumaq" üçün zəruri
olduğunu iddia edirdi.
1956-cı
ildə Sartr və "Yeni Zəmanə" jurnalının
redaksiyası (Kamyudan fərqli olaraq) "fransız Əlcəzairi"
ideyasını qəbul etməkdən uzaqlaşdı və
Əlcəzair xalqının müstəqillik
arzularını dəstəklədi. Sartr işgəncələrə
qarşı çıxır, xalqların öz talelərini
müəyyən etmək azadlığını müdafiə
edir və zorakılığı kolonializmin təhlükəli
nəticəsi kimi təhlil edirdi.
Fransız
millətçilərindən dəfələrlə təhdidlər
alan Sartrın Parisin mərkəzindəki mənzili iki dəfə
partladılmışdı. 1960-cı ildə onun "Dialektik
zəkanın tənqidi" əsəri nəşr olundu. Bu əsərdə
Sartr marksizmə daha güclü intellektual dəstək vermək
istəyirdi; lakin nəticədə Marksın "sinif"
anlayışını obyektiv bir mahiyyət kimi təqdim etməsinin
səhv olduğu qənaətinə gəldi.
Sartr
Üçüncü Dünya ölkələrinin
intellektualları kimi, 1959-cu il Kuba inqilabını fəal
şəkildə dəstəkləyirdi. 1960-cı ilin iyun
ayında o, Fransada "Şəkər üzərində
Qasırğa" başlıqlı 16 məqalə yazdı.
Sartr həmin dövrdə Kuba xəbər agentliyi - "Prensa
Latina" ilə əməkdaşlıq edirdi.
Sartr
Vyetnamda törədilmiş hərbi cinayətləri
araşdıran Russell Tribunalında da fəal iştirak edirdi.
1967-ci ildə hərbi cinayətləri araşdıran Beynəlxalq
Tribunal Stokholm və Roskilde şəhərlərində iki
iclas keçirdi. Bu iclaslarda Sartr, "fransız Əlcəzairindəki"
soyqırımı da daxil olmaqla qalmaqallı
çıxışlar etdi.
Sartr,
1968-ci il Fransız inqilabında fəal iştirak etmişdir.
Onu, hətta inqilabın simvolu adlandırmaq olar.
Həyatı
boyunca Sartrın siyasi mövqeyi kifayət qədər dəyişkən
olsa da, hər zaman solçu ideologiyaya sadiq qalmış və
həmişə məzlumların, o cümlədən,
"Ürəkbulanma" romanında təsvir olunan "təlimsiz"
insanın hüquqlarını müdafiə etmişdir.
1964-cü
ildə Sartr Xruşşovun Stalin repressiyalarını və təmizləmələrini
ifşa edən "Gizli məruzə"ni tənqidlə
qarşılamışdır. O, "kütlələrin həqiqəti
qəbul etməyə hazır olmadığını"
iddia etmişdir. 1973-cü ildə Sartr "inqilabi hakimiyyətin
həmişə ona təhlükə yaradan bəzi insanlardan
qurtulmalı olduğunu və onların ölməsinin yeganə
yol olduğunu" iddia etmişdir.
Sartr,
Polşa lideri Vladislav Qomulkaya heyranlıq bəsləyirdi.
Qomulka "sosializmə Polşa yolu" ideyasını dəstəkləyən
və Polşanın daha müstəqil olmasını istəyən
bir şəxs idi.
1968-ci ildə
Parisdə tələbə etirazları zamanı Jan-Pol Sartr,
Sorbonnada onun şərəfinə tələbə
mükafatı təsis etməkdən imtina etdi. Mükafat
azadlıq, ekzistensial seçim və ümumilikdə humanizm
anlayışlarının izahı ilə bağlı ən
yaxşı tələbə essesi üçün nəzərdə
tutulmuşdu. Növbəti etiraz aksiyası iğtişaşa
çevrildikdə, Sartr saxlanıldı və bu, tələbələr
arasında böyük narazılıq yaratdı. Şarl de
Qoll bu hadisədən xəbər tutduqda Sartrın azad
olunmasını əmr edərək demişdi: "Fransa
Volterləri həbs etmir".
1980-ci il
aprelin 15-də Sartr Parisdə vəfat etdi. O, vəsiyyət
etmişdi ki, dəbdəbəli dəfn mərasimi
keçirilməsin. Lakin buna baxmayaraq, onun vida mərasiminə
50 min insan qatılmışdı.
Dediyimiz
kimi, Sartrın fəlsəfəsində mərkəzi
konsepsiyalardan biri azadlıq anlayışıdır. Sartr
azadlığı mütləq, birdəfəlik verilmiş
bir nəsnə kimi təsəvvür edirdi ("İnsan azad
olmağa məhkumdur"). Yəni azadlıq, insanın mahiyyətindən
əvvəl gəlir. Sartr azadlığı hərəkətsizliyə
aparan ruhun azadlığı kimi deyil, insanın heç kimin əlindən
ala bilməyəcəyi seçim azadlığı kimi
başa düşürdü. Məsələn, məhbus qərar
verməkdə azaddır - onun təslim olmaq və ya
azadlığı uğrunda mübarizə aparmaq hüququ
var, bundan sonra nə olacağı isə filosofun səlahiyyətindən
kənarda olan şəraitlə bağlıdır.
Azad iradə
konsepsiyası Sartrın "proyekt" (layihə) nəzəriyyəsində
genişlənir. Bu nəzəriyyəyə görə, fərd
özünü özünə verilmiş bir hadisə kimi
deyil, "proyektləşdirərək"
formalaşdırır. Bununla o, özünə və əməllərinə
görə tam cavabdehdir. Sartrın mövqeyini təsvir etmək
üçün "Ekzistensializm - bu, humanizmdir" adlı əsərində
gətirdiyi Ponjun sitatı daha uyğun gəlir: "İnsan
- insanın gələcəyidir".
Sartr
azadlıq və məsuliyyət haqqında nə deyir?
İnsan
azad olduğu müddətcə şəxsiyyət olaraq
qalır, hər şeyi sərbəst mühakimə edir, sərbəst
qərar verir. Amma Sartr (və eləcə də Kamyu) iddia edir
ki, azadlıq insanı məsuliyyətdən azad etmir.
İnsan öz hərəkətlərinə və əməllərinə
görə məsuliyyət daşıyır. Amma bu,
hüquqi deyil, mənəvi məsuliyyətdir.
Sartrın
toxunduğu əsas paradiqmalardan biri dialektika idi və onun
mahiyyəti tamlığı "sintezlə birləşdirməkdə",
yəni totalizasiyada ifadə olunur.
Sartr
öz əsərlərində (təxminən, Kant kimi)
"özündə" və "özü
üçün" konsepsiyasını inkişaf etdirir. O,
belə hesab edir ki, insan şüuru iki hissəyə
bölünür: obyektiv reallığı (və ya xarici
dünyanı) əks etdirən "şüursuz" hissə
və bu reallığın subyektiv interpretasiyası olan
"şüurlu" hissə.
Xarici
dünyanın qavranılması və onun təsirinin əks
olunması (inikası) bizim təsəvvürlərimizdən
asılı deyildir. Dünya necədirsə, beyində də
elə o cür əks olunur. Amma dünya mənzərəsinin
interpretasiyaları həyat təcrübəsi, dəyərlər,
təsəvvürlər və biliklər əsasında
formalaşır. Sartra görə, insan həmişə ətraf
aləmlə qarşılıqlı əlaqədədir və
o, bu dünyadan təsirlənir. Lakin filosof hesab edir ki,
dünya insanı əvvəlcədən müəyyənləşdirmir,
əksinə, ona seçim və özünü təyin etmək
imkanlarını təqdim edir.
Sartr
üçün digər vacib bir məsələ həyatın
mənası problemidir. O iddia edir ki, insan həyatı
absurddur, yəni mənasız və məqsədsizdir,
çünki həyatın əvvəlcədən müəyyən
edilməsi haqqında deyilənlər, başqa sözlə, qəzavü-qədər
haqqında söylənilən metafizik fikirlər doğru
hesab oluna bilməz.
Sartrın
etikası, yəni insanın etik fəaliyyəti ilə
bağlı fikirləri də Kantın kateqorik imperativinə
bənzəyir. Filosof deyir ki, hər birimiz xeyirə can
atmalıyıq ki, bəşəriyyət də xeyirxah olsun.
Əgər biz pislik edəriksə, bəşəriyyət də
pis olacaq.
Jan-Polun
qeyri-adi ədəbi istedadı və qabiliyyəti çox erkən
üzə çıxmışdır. Belə ki, ədəbiyyatda
ilk addımlarını səkkiz yaşında
atmışdır. Bu yaşda artıq o, "Banan ticarətçisi"
("Le Marchand de bananes") və "Kəpənək
uğrunda" ("Pour un papillon") romanlarını
yazmışdı.
Jan-Pol
Sartr dünyada bir yazıçı kimi daha çox məşhurdur.
Lakin o, hər oxucunun müəllifi deyil. Onun kitabları fəlsəfi
dərinliyi, kəskin həyat problemləri və siyasi
baxışları ilə fərqlənir.
"Ürəkbulanma"da
Antuan Roquenti adlı birisinin gündəliyi ilə
tanışlıq əsərin əsas açarı hesab
oluna bilər. Süjetə görə, romanın qəhrəmanı
Fransanın qondarma Buvil şəhərində yaşayır.
Antuan insanları, izdihamı diqqətlə müşahidə
edir, lakin onun bu müşahidələrini heyvanların
müşahidələri ilə müqayisə etmək olar.
Əslində Antuan, sanki heç özünü də insan
hesab etmir. O, insanların varlığına mərhəmətlə
baxır. Qəhrəman praktiki olaraq insanlarla ünsiyyət
qurmur və bu barədə heç kimə danışa bilməməkdən
çox əziyyət çəkir. Antuan daim öz
varlığının absurdluğu, mənasızlığı
haqqında fikirləşir. Personaj nə baş verdiyini
başa düşmək üçün hadisələrin
"dibinə varmaq" istəyir. Ürəkbulanma ona
vaxtaşırı təsir edir. Antuan dərk edir ki,
keçmiş çoxdan geridə qalıb, gələcək
isə mənasızdır və onda mühüm heç nə
olmayacaq.
Yazıçının
"Divar" hekayəsi də fəlsəfi mahiyyəti ilə
seçilir. Hekayənin qəhrəmanı edama məhkum
edilir. Ona bir seçim təklif olunur: yoldaşının
harada olduğunu desə, həyatda qala bilər. Qəhrəman
son ana qədər əməkdaşlıqdan imtina edir. Hekayədə
onun düşüncələri və yaşadığı
hisslər təsvir olunur.
"Azadlıq
yolları" trilogiyası Sartrın çoxsaylı fəlsəfi
fikirlərini, siyasi və yaradıcılıq
baxışlarını özündə birləşdirir.
Azadlıq
nədir və insan həqiqətən, azad ola bilərmi?
"Olmaq, ya olmamaq" - bu sual əsrlərdir insan zehnini məşğul
edir. Əsərin qəhrəmanlarının hekayələri
və süjetlər olduqca müxtəlifdir. Sanki
yazıçı öz oxucularına sual verir: siz
"azadlıq yolları"ndan qəhrəmanlarla birlikdə
keçməyə hazırsınızmı?
"Varlıq
və heçlik" adlı əsərində Sartr, iradə
azadlığının mövcud olduğunu sübut etməyə
və göstərməyə çalışır.
"Sözlər"
avtobioqrafik povesti Sartrın erkən uşaqlıq
dövrünə həsr olunub. Müəllif bu əsərdə
kitablarla ilk tanışlığı və
yazıçı olmaq istəyinin necə yaranıb möhkəmləndiyini
təsvir edir.
Jan-Pol
Sartr səkkiz pyesin müəllifidir. Bu əsərlər
("Bağlı qapılar arxasında", "Milçəklər",
"Nekrasov" ("Yalnız həqiqət"), "Dəfn
edilməmiş ölülər", "Şeytan və
Tanrı", "Altonanın məhbusları" ,
"Çirkli əllər", "Namuslu fahişə")
dünyanın bir çox teatrlarında tamaşaya
qoyulmuşdur (İndi xatırlayıram ki, "Nekrasov"
pyesi ötən əsrin ikinci yarısında Xalq şairi
S.Rüstəm tərəfindən tərcümə edilib
"Azərbaycan" jurnalında dərc olunmuşdu - F.M.).
Bu əsərlərdən biri -"Milçəklər"
daha məşhurdur.
"Bağlı
qapılar arxasında" əsəri isə üç
günahkarın - bir kişinin və iki qadının cəhənnəmdə
qapanmış həyatından bəhs edir. Cəhənnəm
burada otel otağı kimi təsvir olunur. Əsər, məşhur
"Cəhənnəm - başqalarıdır" aforizmi ilə
sona çatır.
Sartrın
bütün pyesləri kəskin intellektual və fəlsəfi
xarakter daşıyır, amma onların hər biri
tamaşaçıları sərt həqiqətlərlə
üz-üzə qoyur. Bu, Sartrın teatr sənətinə gətirdiyi
yeni bir yanaşma idi.
Sartrın
nisbətən az tanınan əsərlərindən biri
"Daha təklif yoxdur" pyes- romanıdır.
Əsərdə
göstərilir ki, o biri dünyada çoxdan ölmüş
iki insan qarşılaşdı: onlardan biri tərəfindən
öldürülən inqilabçı Pyer Dümen və
miras uğrunda əri tərəfindən zəhərlənən
Həvvadır.
1964-cü
ildə Jan-Pol Sartr "azadlıq ruhu və həqiqət
axtarışları ilə zəngin, dövrümüzə
böyük təsir göstərmiş
yaradıcılığına görə" ədəbiyyat
üzrə Nobel mükafatına layiq görüldü. Lakin
o, bu mükafatı qəbul etməkdən imtina etdi və
heç bir ictimai instituta borclu olmaq istəmədiyini, müstəqilliyinə
kölgə salmaq istəmədiyini bəyan etdi. Təbii ki,
Nobel mükafatına layiq görülməsi, onun təkcə
elmi və bədii yaradıcılığı ilə deyil, həm
də siyasi baxışları ilə bağlı idi.
Bütün
ziddiyyətli fəaliyyət və baxışlarına
baxmayaraq, Jan-Pol Sartr 20-ci əsrin ən parlaq fikir
adamlarından biri hesab olunur.
Firuz MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, №14.- S.24.