Mətbuat tarixi və
publisistika şöbəsinin
yaranması,
keçdiyi yol və nəşrləri
Azərbaycan milli mətbuatı-150, AMEA-80
80 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun inkişaf yolunun müəyyənləşməsi, mühüm elmi nailiyyətlərin əldə edilməsi, böyük uğurlara imza atılması akademik İsa Həbibbəylinin düzgün, prinsipial mövqeyi və uğurlu fəaliyyəti ilə həyata keçirilir. Son illərdə institutun bir çox uğurlara imza atması da akademik İsa Həbibbəylinin yüksək təşkilatçılığı və böyük yaradıcı potensiala malik olması ilə bilavasitə bağlıdır.
İnstitutun Mətbuat tarixi və publisistika şöbəsi əvvəllər "Dövri mətbuat və biblioqrafiya" adlandırılmışdır. Şöbə Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Məmmədağa Şirəliyevin 1 iyul 1961-ci il tarixli əmri ilə yaradılmış və 1971-ci ilə qədər fəaliyyət göstərmişdir. Şöbənin ilk müdiri filologiya elmləri doktoru, professor Nazim Axundov olmuşdur. 15 il sonra - 1986-cı ildə professor Yaşar Qarayevin təşəbbüsü və əmri ilə "İnformasiya və biblioqrafiya" şöbəsi yaradılmış, müdir filologiya elmləri doktoru, professor İslam Ağayev təyin edilmişdir. Təəssüf ki, bu şöbə də 6 ildən sonra, 1992-ci ildə fəaliyyətini dayandırmışdır. AMEA-nın vitse-prezidenti, hal-hazırda (AMEA-nın
prezidenti - V.Ə.) Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 24 iyun
2014-cü il tarixli əmri ilə Mətbuat tarixi və
publisistika şöbəsi yaradılmış və
müdiri filologiya üzrə fəlsəfə doktoru Şərəf
Cəlilli (iyul-oktyabr 2014) təyin olunmuşdur.
Mətbuat
tarixi və publisistika şöbəsində vaxtilə
AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov,
Nazim Axundov, Ağarəfi Zeynalov, Rasim Tağıyev, İslam
Ağayev, Nadir Məmmədov, Ofeliya Bayramova, Mirəli Mənafi,
Müxlisə Əbilova, Turan Həsənzadə, Alxan Məmmədov,
Asif Rüstəmli kimi alim və tədqiqatçılar
çalışıblar.
Mətbuat
tarixi və publisistika şöbəsinin uğurlarından
biri də akademik İsa Həbibbəylinin ideya müəllifi
olduğu, satirik mətbuatımızın zirvəsi hesab edilən
"Molla Nəsrəddin" ensiklopediyasının ilk dəfə
nəşrə hazırlanaraq çap olunmasıdır. Milli
və bəşəri dəyərləri özündə
yaşadan "Molla Nəsrəddin" jurnalının
yürütdüyü ideoloji xətt çağdaş
dövrümüzdə də olduqca aktual görünür.
Əbədiyaşarlıq qazanan "Molla Nəsrəddin"
jurnalı xalqımızın zəngin söz xəzinəsidir.
Elə bir xəzinə ki, biz bütün dövrlərdə
ondan yaradıcılıqla bəhrələnə bilirik. Məhz
elə bu yüksək məziyyətlərinə görə
də "Molla Nəsrəddin" jurnalı həmişə
çoxsaylı oxucuların və ziyalıların diqqət
mərkəzində qərar tutur. Xüsusilə də, Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu və onun rəhbərliyi
"Molla Nəsrəddin" ədəbi abidəsinə həmişə
diqqət və qayğı ilə yanaşır. 2020-ci ildə
akademik İsa Həbibbəylinin redaktorluğu ilə
işıq üzü görən "Molla Nəsrəddin"
ensiklopediyası da bu ölməz, zəngin irsimizə
böyük məhəbbətin bariz nümunəsidir.
İnstitutun Mətbuat tarixi və publisistika şöbəsində
hazırlanan ensiklopediya şərəfli və məsuliyyətli
bir işin nəticəsi kimi olduqca qiymətli və dəyərlidir.
Ensiklopediyanın ideya rəhbəri və baş redaktoru
AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib
edən və çapa hazırlayan filologiya elmləri doktoru,
professor Vüqar Əhməd, məsul redaktoru filologiya elmləri
doktoru, dosent Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə
fəlsəfə doktoru Mehman Həsənlidir.
Ensiklopediyanın korrektorları Təhminə Vəliyeva və
Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.
Ensiklopediya
akademik İsa Həbibbəylinin "Molla Nəsrəddin"
ədəbi məktəbinin ensiklopediyası" adlı
Ön sözü ilə başlanır. Görkəmli tədqiqatçı
Azərbaycan satirik mətbuatının əsasını
qoyan, 25 illik fəaliyyəti boyunca milli mətbuatımızın
və ədəbiyyatımızın salnaməsini yaradan
"Molla Nəsrəddin" jurnalının cahanşümul
rolundan bəhs edərək yazır: "Cəlil Məmmədquluzadə
və "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərinin
ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi
missiyasını uğurla həyata keçirmişdir...
"Molla Nəsrəddin" jurnalı məktəb
hazırlayıb meydana çıxaran nadir mətbuat
orqanıdır... "Molla Nəsrəddin" jurnalı
dövrün ən tanınmış, istedadlı, milli
düşüncəyə malik ziyalılarını öz ətrafında
birləşdirməyi bacarmışdır. C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi,
M.S.Ordubadi, Ə.Qəmküsar, M.Möcüz (Şəbüstəri),
B.Abbaszadə, Ə.R.Şamçızadə, M.Sidqi, Ə.Məhzun
və başqa görkəmli yazıçı, şair və
publisistlər "Molla Nəsrəddin" ordusunun mübariz əsgərləri
kimi həm milli istiqlal uğrunda, həm də realist-demokratik ədəbiyyat
yollarında dönmədən mübarizə aparmaqda davam
etmişlər".
Filologiya
elmləri doktoru, dosent Gülbəniz Babayevanın 2020-ci ildə
çapdan çıxan "Molla Nəsrəddin və milli ədəbi
dəyərlər" adlı monoqrafiyası da böyük
realist sənətkarın - Cəlil Məmmədquluzadənin
150 illik yubileyinə həsr edilmişdir. Şöbədə
"Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Bəhlul"
kimi mətbuat orqanları latın qrafikalı əlifbaya
transfoneliterasiya edilmişdir. "İstiqlal" qəzeti və
gizli istiqlalçılar", "Ədəbiyyat qəzeti"
və ədəbi-mədəni mühit", "Azərbaycan"
jurnalında publisistika məsələləri",
"Hacı İbrahim Qasımov və "Bəsirət"
qəzeti", "Əhməd bəy Ağaoğlu və
Türkiyə mətbuatı", "Gənclik"
jurnalında publisistika məsələləri"
mövzularında tədqiqat işləri
aparılmışdır. "Mətbuat tarixi və publisistika
məsələləri" (I, 2016; II, 2020) toplusu tərtib
edilmişdir. Həmçinin Vüqar Əhmədin "Azərbaycan
uşaq mətbuatında (1906-1920) rus ədəbiyyatı məsələləri",
Rauf Sadıxovun "Sənətin izi ilə", Elçin
Mehrəliyevin "Multikultural mühit və ədəbiyyat",
Dilbər Rzayeva ilə Vüqar Əhmədin birgə
hazırladıqları "Arı", "Mirat", "Məşəl",
"Kəlniyyət" jurnallarının
transfoneliterasiyası, zəngin məlumat bazası olan
biblioqrafiyası tərtib edilərək ilk dəfə nəşr
olunmuşdur. "Arı" və "Mirat" satirik
jurnallarının komplektləri Ədəbiyyat İnstitutunun
Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli 6 saylı
iclasının qərarı ilə işıq üzü
görüb. Toplunun elmi redaktoru AMEA-nın prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli,
jurnalları transfoneliterasiya edən, lüğət, qeydlər,
izahların müəllifləri, çapa hazırlayanlar həmin
şöbənin böyük elmi işçisi Dilbər
Rzayevadır. Həmçinin "XX əsrin əvvəllərində
ictimai-siyasi şərait və satirik mətbuat" adlı
Ön sözün müəllifi Vüqar Əhməd,
"Arı" və "Mirat" satirik jurnallarının
nəşri tarixi və ədəbi-ictimai mənzərə"
adlı araşdırmanın müəllifi Dilbər
Rzayevadır. Azərbaycan mətbuatının 145 illiyi
münasibətilə "Bəhlul" satirik jurnalı kitab
halında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin
böyük elmi işçisi Dilbər Rzayeva tərəfindən
transfonelitersiya edilərək nəşr olunmuşdur.
Şöbə
əməkdaşları tərəfindən "Azərbaycan
mətbuatının salnaməsi" üzərində iş
aparılmış, "Həqiqəti-əfkar" qəzetinin
tam dəsti Sankt-Peterburq arxivindən Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutuna gətirilmiş və tədqiqata
cəlb edilmişdir. Bütün bunlardan əlavə,
"Yaşıl yapraklar" dərgisi nəşrə
hazırlanmış, "Ədəbiyyat qəzeti" və
ədəbi-mədəni mühit", "İstiqlal" qəzeti
və gizli istiqlalçılar", "Hacı İbrahim
Qasımovun publisistikası", "Multikultural mühitin
sınaq dövrü həqiqətləri publisistikada",
"Azərbaycan" jurnalında publisistika məsələləri"
və s. monoqrafiyalar nəşr edilmişdir. AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və
publisistika şöbəsində hazırlanan
"Ziyayi-Qafqaziyyə" (1880-1884) qəzeti transliterasiya edilərək
ilk dəfə kitab halında çap olunub. "Ziyayi-Qafqaziyyə"nin
bütün nömrələri şöbənin mərhum əməkdaşı
Müştəba Əliyev tərəfindən
transfoneliterasiya edilərək lüğət, izah və
şərhlərlə kitab halına salınıb. Kitab
Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı
ilə nəşr edilib. Akademik İsa Həbibbəyli
"Ziyayi-Qafqaziyyə" qəzetinin Ədəbiyyat
İnstitutunun nəşri adlı məqaləsində
yazır: "Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda 11 iyun 2014-cü il tarixində
yaradılmış "Mətbuat tarixi və publisistika"
şöbəsinin çoxcəhətli və ardıcıl
fəaliyyəti ilə nəinki mövcud boşluq aradan
qaldırılmış, hətta mətbuatşünaslıq
sahəsi mühüm addımlarla daha da irəliləmişdir.
Mətbuat
tarixi və publisistika şöbəsinin təşkilatçılığı
ilə "Ziya" qəzetinin müasir əlifbaya
transfoneliterasiyasının və nəşrinin təqdimat mərasimi
(mart, 2015), "Mirzə Cəlal Yusifzadə" və "Həqiqəti-əfkar"
qəzeti" (iyul, 2015), "Molla Nəsrəddin"
jurnalının 110 illiyi münasibətilə "Sizi deyib gəlmişəm..."
(aprel, 2016), "Heydər Əliyev və Azərbaycan mədəniyyəti"
(may, 2016), "Qulam Məmmədli - 125" (2022), "Məhəmməd
Əmin Rəsulzadə - 140" (2024), Mətbuat
Şurasının sədri Rəşad Məcidin təşkilatçılığı
ilə "Ziyayi-Qafqaziyyə" (2024) və başqa
mövzularda elmi konfranslar keçirilmişdir (Məruzəçi:
tədqiqatçı-jurnalist Ülkər Hüseynova).
Şöbənin fəaliyyəti dövründə filologiya
elmləri doktoru, professor Asif Rüstəmlinin "Zirədən
başlanan yol", "Mirzə Bala Məmmədzadənin həyatı,
yaradıcılığı və mühiti" (2018), "Cəfər
Cabbarlı və milli istiqlal hərəkatı" (2018),
"Ədəbiyyatşünaslıq elminin məbədi"
(akad. İsa Həbibbəyli ilə müştərək)
(2018), Gülnar Səmanın "Müstəqillik
dövrü Azərbaycan poemaları" (rus dilində) (2018),
"Sözümüz sözdür" (2019), Təhminə Vəliyevanın
"Nitq etiketləri Azərbaycan dilində və Azərbaycan
dili tədrisində" (ingilis dilində) (2018), Dilbər
Rzayevanın "Gəncəli Səbahi" (biblioqrafik
göstərici-2020) kitabları çap olunmuşdur.
Şöbənin
əməkdaşı Gülbəniz Babayeva 2017-2021-ci illərdə
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
doktorantı olmuş, 2024-cü ildə akademik İsa Həbibbəylinin
rəhbərliyi ilə "Molla Nəsrəddin" və
türk satirik mətbuatı" adlı doktorluq
dissertasiyası müdafiə edərək filologiya elmləri
doktoru adı almışdır. O, elmi fəaliyyətinə
görə Azərbaycan Respublikası Prezidenti yanında
AAK-ın 13.05.2022-ci il tarixli qərarı ilə dosent
adına layiq görülmüşdür. Gülbəniz
Babayevanın respublikada 100-dən artıq, Türkiyə,
Ukrayna, Özbəkistan, Qazaxıstan, Polşa, İsveçrə,
Kuba və digər xarici ölkələrin nüfuzlu
jurnallarında 10-dan çox elmi məqaləsi (Web of sciences və
copernicus indeksi ilə) dərc edilmişdir. Eləcə də
respublikada və xaricdə 20-dən artıq elmi konfransda
iştirak etmiş, məruzələri konfrans
materiallarında çap olunmuşdur. 2020-ci ildə akademik
İsa Həbibbəylinin təşəbbüsü,
redaktorluğu və Ön sözü ilə nəşr edilən
"Molla Nəsrəddin" ensiklopediyası"nın məsul
redaktoru və orada əksini tapan 73 məqalənin müəllifidir.
2020-ci ildə
Gülbəniz Babayevanın "Molla Nəsrəddin"
jurnalı və milli ədəbi dəyərlər"(Bakı,
"Elm və təhsil" nəşriyyatı, 2020, 416 s.)
adlı monoqrafiyası çapdan çıxıb. O,
2023-cü ildə işıq üzü görən, Mətbuat
tarixi və publisistika şöbəsi əməkdaşlarının
ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr
etdikləri "Heydər Əliyev və Azərbaycan milli mətbuatı"
adlı monoqrafiyanın "Heydər Əliyev və "Molla
Nəsrəddin" ədəbi məktəbi" adlı
3-cü fəslinin (85 s.) müəllifidir. AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun dərc etdiyi on cildlik ədəbiyyat
tarixi üçün 20-30-cu illər, 40-50-ci illər, 60-80-ci
illər və müstəqillik dövrü
publisistikasının (250 s.), eləcə də Şirməmməd
Hüseynov, Kamran Məmmədov, Fərman Kərimzadə,
Tofiq Abdin, Mahirə Nağıqızı, Bahar Bərdəli
və başqaları haqqında oçerklər də
Gülbəniz Babayevaya məxsusdur.
Şöbə
əməkdaşlarının yüzlərlə elmi məqalələri
həm ölkə daxilində, həm də onun
hüdudlarından kənarda nəşr edilmiş və bu
gün də bu proses davam etməkdədir. Mətbuat tarixi və
publisistika şöbəsi tərəfindən "Mətbuat
tarixi və publisistika məsələləri"
kitabının ikinci cildi nəşr edilib.
Filologiya
üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov Cəfər
Bünyadzadənin seçilmiş əsərlərini
çapa hazırlayıb. Kitab 2025-ci ildə işıq
üzü görəcək. Eyni zamanda tədqiqatçı
Cəfər Bünyadzadənin həyat və
yaradıcılığı haqqında monoqrafiya
hazırlayıb çapa təqdim edib. Kitabın redaktoru:
professor Vüqar Əhməd, rəyçiləri: filologiya
elmləri doktoru Gülbəniz Babayeva və filologiya üzrə
fəlsəfə doktoru Səadət Vahabova, korrektoru: Kəminə
Dadaşovadır.
2023-cü
ildən şöbənin elmi işçisi kimi fəaliyyətə
başlayan Şahanə Məmmədova "Zənbur"
jurnalının transfoneliterasiyası ilə məşğuldur
və bu ilin birinci yarımilində işini başa
çatdırıb kitab halında çap etdirəcək.
Bununla yanaşı, Şahanə Məmmədova "Zənbur"
jurnalının tənqid hədəfləri və üslub
xüsusiyyətləri", "XX əsrin əvvəllərində
satirik mətbuatda qadın azadlığı problemi",
"Zənbur" jurnalının problematikası",
"Satirik mətbuatda cəhalətin tənqidi",
"Arı" jurnalında cəhalətin tənqidi və
fanatizmin ifşası", "Bəhlul" satirik
jurnalının tənqid hədəfləri", "Məşəl"
satirik jurnalında ictimai-siyasi və sosial məsələlərin
bədii inikası" və s. məqalələrin müəllifidir.
2024-cü ildən şöbəmizdə
kiçik elmi işçi kimi çalışan Leyla Məmmədova
"İkinci Qarabağ savaşı bədii publisistikada"
adlı plan işi üzərində işləyir. Onun
"Müasir Azərbaycanda nəşriyyat işi"
adlı monoqrafiyası bu yaxınlarda işıq üzü
görəcəkdir. Leyla Məmmədovanın "44
günlük Vətən savaşına publisistik nəzər"
("Ədəbiyyat qəzeti"nin materialları əsasında",
"44 günlük İkinci Qarabağ savaşını tərənnüm
edən poeziya nümunələri" ("525-ci qəzet"in
materialları əsasında) adlı məqalələri
çap olunmuşdur.
Şöbənin
elmi işçisi Samirə Kərimovanın "XX əsrin əvvəllərində
Azərbaycan bədii ədəbiyyatı və
publisistikasında soyqırım problemi" mövzusunda tədqiqat
işinin elmi müzakirəsi keçirilmişdir. Samirə Kərimovanın
"XX əsrin əvvəllərində azərbaycanlıların
soyqırımının poeziyada bədii əksi", "Azərbaycan
elmi tədqiqatlarında 1918-ci il 31 Mart
soyqırımı", "31 Mart soyqırımı milli mətbuatın
gözü ilə", "XX əsrin əvvəllərində
Cənubi Qafqazda azərbaycanlılara qarşı törədilmiş
soyqırımı mövzusu ədəbi şəxsiyyətlərin
yaradıcılığında" və başqa məqalələri
çap olunmuşdur.
AMEA-nın Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun "Mətbuat tarixi və
publisistika" şöbəsinin hazırladığı
"Heydər Əliyev və milli mətbuat" adlı
kitabı 2023-cü ildə işıq üzü
görüb. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə
həsr olunmuş kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin
"Heydər Əliyevin dövlətçilik siyasətində
mətbuat" başlıqlı Ön söz ilə
açılır. Kitabda Heydər Əliyev şəxsiyyətinin
üstün keyfiyyətlərinə və onun uzaqgörən
siyasəti sayəsində əldə olunan inkişafa nəzər
salınır. Akademik görkəmli dövlət xadimi Heydər
Əliyevin milli mətbuatın inkişafına verdiyi
böyük diqqət və qayğını, milli mətbuatın
inkişafındakı rolunu yüksək dəyərləndirir,
eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin
hazırladığı məqalələr toplusunu "Heydər
Əliyev ili"nə elmi töhfə adlandırır. Kitabda
Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları
Elçin Mehrəliyev, Gülbəniz Babayeva və Gülnar Səmanın
(Qasımlı) ulu öndər Heydər Əliyevin çoxcəhətli
fəaliyyətindən, onun Azərbaycan xalqı
qarşısındakı əvəzsiz xidmətlərindən
bəhs edən elmi məqalələri toplanıb. Məqalələrdə
dünya şöhrətli siyasətçi və dövlət
xadimi, ümummilli lider Heydər Əliyevin mətbuatla dövlətçilik
siyasətinin qarşılıqlı əlaqələrindən
bəhs olunur. Heydər Əliyev siyasi kursunun ölkəyə
qazandırdığı nailiyyətlər diqqət mərkəzinə
çəkilir. Ulu öndərin mətbuatın cəmiyyətin
inkişafındakı əvəzsiz gücündən məharətlə
istifadə etməsi, fəaliyyətinin Azərbaycançılıq
ideologiyasının təbliğinə yönəldilməsində
cəsarətli mövqe tutması maraqlı faktlarla
açıqlanır. Ulu öndərin uzaqgörən siyasəti,
Azərbaycan xalqı və milli mətbuatımızın
qarşısındakı əvəzsiz xidmətləri, gərgin
ictimai-siyasi fəaliyyəti haqqında zəngin təsəvvür
yaradılır. Məqalələrdə Heydər Əliyevin
milli mətbuatımızın müstəqil dövlətçiliyimizlə
bağlılığı, mətbuatın dövlət idarəetmə
sistemindəki yeri və rolu haqqında dəyərli fikirlərinin
şərhinə geniş yer verilir. Akademik İsa Həbibbəylinin
şöbə haqqında söylədiyi bu xoş sözlərlə
fikrimizi tamamlamaq istəyirik: "Əminliklə vurğulamaq
olar ki, Mətbuat tarixi və publisistika şöbəsini
yaratmaqla yanlışlığa yol verilməyib, yeni qurum zərurət
baxımından artıq özünütəsdiq mərhələsinə
qədəm qoyub. Şöbənin əməkdaşlarının
fəaliyyətini təqdir edir, gələcəyinə
böyük ümidlər bəsləyir və onlara elmi
araşdırmalarında uğurlar arzulayıram!"
Şöbə
əməkdaşları bundan sonrakı fəaliyyətlərində
də bizə verilən dəyər və qiymətdən
ruhlanaraq Azərbaycan milli mətbuatının və
publisistikanın açılmamış səhifələrinin
öyrənilməsində, nəşrində əvvəlki əzmkarlıqla
çalışacaqlar.
Vüqar
ƏHMƏD,
Gülbəniz
BABAYEVA
Ədəbiyyat
qəzeti.- 2025.- 25 aprel, ¹14.- S.28-29.