Vətən
dilimiz
İstər sosial tərəqqidə, istərsə də
milli şüur hadisəsi kimi üstündə "Ana
dili" yazılan kitablar daha böyük iş görüb.
Bəlkə buna görə XIX əsrin sonunda maarifçi
dalğa şüur, kimlik hərəkatına "Vətən
dili" dərsliyini hasilə gətirməkdən
başladı. O dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanda
milli məfkurənin, dövlət müstəqilliyinin
qurucuları oldular. Bu gün ən vacib faktorlardan biri etnomədəni
sistem sayılır ki, onu qoruyan amil ilk növbədə, ana
dilidir. Bura etnomədəni yaddaş amilini də əlavə
etməliyik. Və bu etnomədəni yaddaş, hər şeydən
əvvəl dil saflığına borcludur. Onu zədələmək
millətin bütövlüyünü, milli kimliyini zədələyə
bilər. Bu gün etnomədəni sistemi qorumaq xüsusən,
qloballaşmanın milli dil üzərindəki təhdidlərini
dəf etməkdə də yardımçı olar.
Azərbaycanda milli birlik və həmrəylik
ideyasının uğurla həyata keçirilməsi azərbaycançılıq
idealına xidmətin ifadəsidir. Azərbaycan xalqı
anlayışı ilə yanaşı, Azərbaycan dili
anlayışının da var olması milli mövqenin qorunub
saxlanılması ilə yanaşı, müstəqil dövlətin
daxili sabitliyinin təmin edilməsinə, ölkədə
yaşayan xalqlar və etnik qruplar arasında tolerantlıq
mühitinin formalaşdırılmasına xidmət edir.
Ulu öndər lider Heydər Əliyev hakimiyyətdə
olduğu hər iki dönəmdə dil məsələsinə
xalqın milli kimliyini təyin edən ümummilli amil kimi
yanaşdı. Yaxşı bilirdi ki, yalnız yaddaşı
olan xalq azadlığının qədrini bilər, ləyaqətini
qoruyar. Heydər Əliyev üçün
"yaddaş-dil-birlik" eyni məna yuvasına daxil olan
anlayışlar idi. Ona görə əksər
çıxışlarında refren olaraq
vurğulayırdı: "Azərbaycan dilinin bundan sonra da
inkişaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir.
Çünki millətin dilini əlindən alsan, onu öz
dilindən məhrum etsən, o millət çox şey itirər.
Amma millətin öz doğma dili, ana dili olanda, onu heç nə
dəyişdirə bilməz... Bizim gənclərə deyirəm
ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb,
fransız dillərini də yaxşı bilin. Amma bunların
hamısından yaxşı öz Azərbaycan dilinizi öyrənin.
Əgər bunu bilməsən, sən tam azərbaycanlı
olmursan".
Heydər Əliyev həmişə Azərbaycan dilinə,
onun siyasi-hüquqi təminatlarına geniş yer vermiş, fərman,
qərar və sərəncamlar imzalamış, praktik həlli
istiqamətində ciddi fəaliyyət göstərmişdir.
O, bəyan etmişdir: "Bu gün müstəqil bir dövlət
kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan
dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf
etməsində, bugünki səviyyəyə
çatmasında yazıçılarımızın,
şairlərimizin, ədəbiyyatşünasların,
dilçi alimlərin böyük xidməti var".
Təsadüfi deyil ki, böyük rəhbər ilk
"İstiqlal" ordenini Bəxtiyar Vahabzadə, Xəlil Rza
və Məmməd Araza verərkən, bu barədə 16 aprel
1995-ci il tarixli çıxışında bu şairlərin
dil məsələsinə həssaslıqlarını önə
çəkmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə, konkret olaraq 1978-ci ildə Azərbaycan
dilinin ölkəmizin konstitusiyasına dövlət dili kimi
daxil etdirməyə nail olması çağın
reallıqları prizmasından yanaşdıqda misilsiz tarixi
nailiyyət sayılır. Sovetlər İttifaqında vahid
beynəlmiləlçilik prinsiplərinin həyata
keçirildiyi bir zamanda Azərbaycan dilinin rəsmi olaraq
dövlət dili kimi qəbul olunması çoxəsrlik
dövlətçilik tariximizin nadir hadisəsi olmaqla
yanaşı gələcək müstəqilliyimizin
mühüm təminatlarından birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan dilinin dövlət dili kimi tanınması
milli kimliyin və mədəniyyətin qorunması istiqamətində
atılmış mühüm addımlardan biri olmuşdur. Bu
təşəbbüsün konkret nəticəsi 27 aprel 1978-ci
il tarixində qəbul olunan Azərbaycan SSR Konstitusiyasında
Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması
oldu. Aydındır ki, 1970-ci illərdə Sovet
İttifaqında rus dilinin dominantlığı güclənməkdə
idi və ittifaq miqyasında rus dilinin "ümumxalq ünsiyyət
vasitəsi" kimi tanınması təşviq olunurdu. Bu
şəraitdə respublikaların milli dillərinin arxa plana
keçmək təhlükəsi yaranmışdı. Lakin
Heydər Əliyev bu təhlükəni vaxtında dərk edərək,
Azərbaycan xalqının milli kimliyinin əsas
dayaqlarından biri olan ana dilinin qorunması və rəsmi
status qazanması istiqamətində qətiyyətli mövqe
nümayiş etdirdi.
Bu, Sovet İttifaqı çərçivəsində
nadir hallardan biri, milli dəyərlərin qorunmasında
mühüm addım idi. Bu təşəbbüsün nəticəsi
olaraq Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə
və rəsmi sənədləşmədə daha geniş
istifadə edilməyə başladı. Dilin hüquqi status
alması onun gələcəkdə müstəqil Azərbaycan
Respublikasında əsas dövlət dili kimi möhkəmlənməsinə
zəmin yaratdı. Milli özünüdərk və mədəni
dirçəliş proseslərinə təkan verdi.
Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə
gəlişinin birinci dövründə, XX əsrin 70-80-ci illərində
Azərbaycan ədəbi-ictimai mühitində ana dili məsələləri
geniş yer tutmuşdur. Xalq şairləri Rəsul Rza, Bəxtiyar
Vahabzadə, Xəlil Rza, Məmməd Araz, bir qədər
sonra Anar, Elçin və Sabir Rüstəmxanlı kimi sənətkarların
ana dili uğrunda apardıqları milli mücadiləyə
dövlət səviyyəsində müəyyən
üsullarla meydan açılmış və bu, mahiyyət
etibarilə xalq arasında və Mərkəzi hökumətdə
Azərbaycan dilinin dövlət dili səviyyəsinə
qaldırılması üçün ictimai rəyi
hazırlamışdır. Dilçi alimlər belə qənaətlərində
haqlıdırlar ki, "Heydər Əliyev… Moskva ilə ən
uğurlu kompromis şəraitində özünəməxsus
"dil siyasəti" yürüdürdü ki, həmin
siyasətin başlıca məqsədi ana dilini daha da
inkişaf etdirmək, … müstəqil dövlət dilinə
çevirmək idi (Nizami Xudiyev)".
Doğrudan da, cəmiyyətdə ana dili uğrunda gedən
prosesləri zaman-zaman Mərkəzi hökumətin diqqətinə
çatdırmaqla və məsələyə Siyasi Büro səviyyəsində
aydınlıq gətirməyi bacarmaqla, Heydər Əliyev hələ
sovet hakimiyyəti illərində, 1978-ci ildə Azərbaycan
dilinin dövlət dili kimi ölkənin Konstitusiyasına
ayrıca maddə kimi daxil edilməsinə nail olmuşdur.
Keçən əsrin 70-ci illərində Heydər
Əliyevin Azərbaycanın bir qrup tanınmış
dilçi alimlərini - Muxtar Hüseynzadəni, Əlövsət
Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu
çoxcildlik "Müasir Azərbaycan dili" dərsliyinə
görə respublikanın Dövlət Mükafatı ilə
təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni
mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə
xidmət sayılmalıdır. Bununla Heydər Əliyev hələ
XVI əsrdə Şah İsmayıl Xətai ilə
başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti
məsələsini ilk dəfə tam rəsmi olaraq
böyük qətiyyətlə dövlət siyasəti səviyyəsində
həyata keçirməklə tamamlamışdır. Ana dili
uğrunda aparılan mübarizə öz növbəsində,
Azərbaycan cəmiyyətində və ədəbiyyatında
millilik məsələsini diqqət mərkəzinə
çəkmək, geniş mənada milli azadlıq
mövzusunu dəstəkləmək demək idi. Bu proses Azərbaycan
ədəbiyyatında ölkənin və xalqın taleyi,
milli-mənəvi dəyərlərin əhəmiyyəti kimi
mövzuların meydanının genişlənməsinə
şərait yaratmışdır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Heydər
Əliyevin ana dili uğrunda apardığı siyasətin
miqyası daha da genişlənmiş, bir çox ümummilli
məsələlərin dövlət siyasəti səviyyəsində
həll edilməsi ilə başa
çatdırılmışdır. Bu zaman da Heydər
Əliyevin istinad etdiyi əsas qüvvə yazıçı,
ədəbiyyat faktoru və şairlər, yaradıcı
ziyalılar olmuşdur. Bu baxımdan böyük
yazıçı Cəlil Məmmədquluzadənin
1994-cü ildə keçirilmiş 125 illik yubileyində ana
dili məsələlərinə göstərilən
xüsusi diqqət həmin sahədəki digər
böyük tədbirlərin başlanğıcına
çevrilmişdir. Heydər Əliyev görkəmli
yazıçı haqqındakı nitqində ədəbiyyatımızın
klassiki kimi çox yüksək qiymətləndirdiyi Cəlil
Məmmədquluzadənin ana dili uğrunda mübarizəsini
müasir dövr üçün də zəruri hesab
etmişdir: "Cəlil Məmmədquluzadənin fəaliyyətində
ən dəyərli cəhətlərdən biri də Azərbaycan
xalqının dilinin inkişafı üçün göstərdiyi
xidmətlərdir. Onun daim işlətdiyi "Vətən, Vətən,
Vətən! Millət, millət, millət! Dil, dil, dil!"
sözləri xalqımızın, millətimizin fikirlərini,
arzularını ifadə edir. Ədibin ana dilinə - Azərbaycan
dilinə böyük diqqəti, ana dilini bilməyə səsləməsi
və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm
sürməsi zəruriliyinə dair fikirləri,
yazıları o vaxt üçün vacib idi, bu gün
üçün də çox aktualdır. "Anamın
kitabı" Azərbaycan üçün çox dahiyanə
əsərdir. Çünki … əsrlər boyu
ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər
olmuşdur… Ancaq xalqımızın dahi simaları Azərbaycan
dilini, Azərbaycan milliliyini yaşadıb, milli şüurunu,
milli məfkurəsini daim yaşatmışdır".
1995-ci ildə Azərbaycan Respublikasının
Konstitusiyası hazırlanarkən dövlət dilinin necə
adlandırılması ilə bağlı müxtəlif təkliflər
irəli sürülmüşdür. Təkliflərin
çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan
dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən
sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul
olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan
Respublikasının dövlət dilinin Azərbaycan dili
olması öz əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyevin
xalqımızın ana dilinin necə adlandırılması
uğrunda apardığı mübarizə dövlətimizin
maraqlarına, respublikamızın reallıqlarına tamamilə
uyğun idi. Bu sahədə də qəti fikrə, yekun qənaətə
gəlmək üçün Heydər Əliyev Azərbaycan
ziyalılarının, o cümlədən ədəbiyyat
xadimlərinin dəstəyindən istifadə etməyi zəruri
saymışdır. Onun 31 oktyabr 1995-ci ildə Azərbaycan
Elmlər Akademiyasında ziyalılarla görüşü
zamanı irəli sürdüyü Azərbaycan
Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin təsbit
edilməsi geniş mənada cəmiyyətin marağına,
ölkəmizdə yaşayan bütün xalqların və
etnik qrupların maraqlarına uyğundur. Azərbaycan dili
ideyası Azərbaycanda yaşayan bütün etnik qrupları
öz ətrafında birləşdirən bir faktor kimi Azərbaycan
yazıçıları tərəfindən müdafiə
olunmuşdur.
Müzakirələrdə çıxış edən
Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Qabil,
Ağamusa Axundov, Hüseyn Abbaszadə, Sabir Rüstəmxanlı
və başqaları müxtəlif fikirlər bildirsələr
də, son nəticədə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin meydana qoyduğu Azərbaycan dili
anlayışına üstünlük vermiş, haqq
qazandırmışlar. Heydər Əliyev ölkə
miqyasında ictimai rəyin formalaşdırılmasında
yazıçı, ziyalı mövqeyinin əhəmiyyətini
əsas götürməklə, müzakirələrdə həmin
faktordan geniş istifadə ilə ən məqbul azərbaycançı
qərarı formalaşdırmağa nail olmuşdur. Azərbaycan
dili ölkə coğrafiyasında yaşayan bütün
xalqların vahid danışıq və ünsiyyət vasitəsi,
müstəqillik qazanmış Respublikanın dövlət
dilinin adı kimi qəbul edilmişdir. Bütün bunlar cəmiyyətdə
və ədəbiyyatda Azərbaycançılıq amilinin,
ümummilli düşüncənin daha da qüvvətləndirilməsinə
səbəb olmuşdur.
Ulu Öndərin "Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi
haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən
hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası
və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan
dilinin qloballaşma dövrünün mənfi təsirlərindən
qorunması və inkişaf etdirilməsi istiqamətində
Ulu Öndərin səyləri xalqımız
üçün əvəzedilməz töhfələrdir.
"Heydər Əliyevin Azərbaycan dili siyasəti
çox geniş mənası, elmi-konseptual əsasları ilə,
əslində Azərbaycanı xilasetmə yolunun mühüm
tərkib hissəsi idi" (Timuçin Əfəndiyev). Onun
müasiri olduğu şair və yazıçılara verdiyi
dəyərin zəminində həm də dil amilinin
dayandığını görmək çətin deyil. Bu
istiqamətdə atdığı bütün
addımların - "Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il
tarixli və "Azərbaycan Respublikasında dövlət
dili haqqında" 30 sentyabr 2002-ci il tarixli fərmanların əsasında
dayanan səbəb xalqın milli varlığını müəyyən
edən başlıca amilin ana dili olmasını rəhbər
kimi dərk etməsi idi.
"Ədəbi dilə vətəndaşlıq
borcu" məqaləsində professor Teymur Əhmədov Heydər
Əliyevin fikir və məfkurəni dil siyasətinə
doğru yönəltməsindən söz açır.
Göstərir ki, Ulu Öndər yüzlərlə şagirdi
xarici ölkələrdə ali təhsil almağa göndərirdi.
Əmin idi ki, onlar mükəmməl təhsilli mütəxəssislər
kimi doğma ölkəsinin inkişafına namusla xidmət edəcəklər.
1997-ci il avqustun 29-da Prezident sarayında daxildə və xaricdə
ali məktəblərə qəbul olunmuş tələbələrlə
görüş keçirilmiş, Heydər Əliyev doğma
ana dilimizi, dövlət dilimizi yaxşı bilməyi
tövsiyə etmişdir. Ulu Öndər bildirirdi: "Hər
bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq,
inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə
qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik
xadiminin fəaliyyəti nəticəsində mümkün
olur".
Əlbəttə ki, Heydər Əliyevin
2001-2003-cü illərdə "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi", "Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi", "Azərbaycan Respublikasında dövlət
dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq
edilməsi haqqında" fərmanları bircə mərama
xidmət edirdi: hər bir gənc öz ana dilini incəliklərinə
qədər bilsin və bu dildən istifadə etsin. "Biz
müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət
dili etdiyimiz kimi, cəmiyyətimizdə də,
xalqımızın içində də Azərbaycan dilini
mütləq hakim dil etməliyik", - deyirdi Ulu Öndər!
Dil siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin
də siyasi fəaliyyətinin əsas qayəsini təşkil
edir. Onun "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına
əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə
çap olunacaq əsərlərin siyahısı
hazırlanmışdır. Yaxud 2004-cü il 14 yanvar tarixli
"Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında", eləcə də 2007-ci il 30 dekabr tarixli
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin Azərbaycan dilində nəşri
nəzərdə tutulan əsərlərinin
siyahısının təsdiq edilməsi haqqında" sərəncamları
ilə ana dilinin həyatımızın bütün sahələrində
müfəssəl tətbiqi gerçəkləşib.
Çıxışlarının birində Prezident İlham
Əliyev qeyd edib: "Azərbaycan dili o qədər zəngindir
ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. ... biz əsrlər
boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan
dilinin saflığını təmin etməliyik".
Bütün bunlar göstərir ki, ölkə
başçısı Azərbaycan ədəbi dilinə
ayrıca diqqət yetirmiş, dilin taleyini diqqət mərkəzində
saxlamış, bu istiqamətdə ardıcıl, məqsədyönlü
siyasət aparmışdır. Xüsusilə Azərbaycan
klassiklərinin, ana dilinin saflığı uğrunda məramla
çalışan yaradıcı ziyalıların irsinin
qorunması və təbliği yönündə
gördüyü işlər Prezidentin Azərbaycan milli ruhuna
göstərdiyi ən önəmli xidmət olaraq dəyərləndirilməlidir.
Martin Haydegger dili "varlıq evi"
adlandırırdı. Bu, doğrudan da belədir. Xalqın,
millətin varoluşunun başlıca şərti,
gücü onun dilini qorumaqdır. Bütün yaradıcı
resurslar məhz bu amilin yaşarılığına - dilin
işığını qorumağa xidmət etməlidir. Səsimizi
və sözümüzü gələcək nəsillərə
aydın eşitdirmək üçün!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (¹27).- S.2-3.