"Süleyman Dəmirəlin alicənablığı
ilə ilk dəfə ata səsini eşitdim"
Oqtay Altunbayın atası Məmməd Altunbay
haqqında
1939-cu ildə üç azərbaycanlı pilot - Məmməd
Altunbay, Həsən Zeynallı və Cəlal Məmmədzadə
tarixdə misli-bərabəri görülməmiş bir hadisəyə
imza atırlar. Onlar özlərinin ifadələri ilə desək,
təyyarə ilə azadlığa doğru uçurlar...
Sovet təyyarəsini qaçıran bu şəxslər
İran hüdudundan keçərkən sərhəd
mühafizlərinin atəşinə məruz qalırlar və
məcburi yerə eniş edirlər. Xoşbəxtlikdən
sağ qalan pilotlar həbs edilir, 9 ay zindanda
saxlanılırlar. Rus qoşunlarının İrana girdiyi bu
müddətdə pilotlardan Cəlal küçədə
güllələnərək öldürülür.
Başlarına müxtəlif hadisələr gələn digər
iki pilot isə Türkiyə səfirliyinin yardımı ilə
qardaş ölkəyə keçə bilirlər.
Məmməd Altunbayın mühacirlik
kağızında Türkiyəyə gəliş tarixi dəqiq
göstərilib: 20 oktyabr 1941-ci il. Sənəddə Gəncədə
doğulduğu, təyyarə müəllimi olduğu qeyd
edilib. Eləcə də ailəli, irqinin türk, dininin
İslam olduğu da yazılıb.
Məmməd Altunbay 1911-ci ildə Gəncədə
doğulub. Atası Gəncənin Qaramusalı kəndindən
olub, el arasında Dərvişoğlu Qaçaq İbrahim kimi
tanınıb. Orta məktəbi Gəncədə bitirdikdən
sonra 1926-cı ildə qardaşı ilə bərabər
Bakıya gəlib, bir müddət mətbuatda
çalışdıqdan sonra, paytaxtdakı təyyarə məktəbinə
girib. Ardınca Odessa Ali Hərbi Hava Məktəbinə daxil
olub, 1933-cü ildə buranı bitirib. SSRİ-nin bir sıra
bölgələrində pilot kimi fəaliyyət göstərib.
Lakin ona edilən haqsızlıq səbəbindən pilot
yoldaşları ilə birlikdə mühacirətə gedib.
Türkiyəyə gəldikdən sonra xatirələrini
qələmə alıb, 1942-1943-cü illərdə
"Gök Börü" jurnalında "Rusiyadan necə
qaçdım?" başlığı ilə dərc etdirib.
Xatirələrini sonrakı illərdə müxtəlif qəzetlərdə
daha geniş şəkildə yazıb. II Dünya müharibəsinin
şiddətlə davam etdiyi bir dövrdə Altunbay 1943-cü
ildə "Tasvir" qəzetində "Rus təyyarəçiliyi"
adlı maraqlı məlumatların olduğu məqalə qələmə
alıb.
Altunbay Türkiyəyə gələn kimi pilot kimi fəaliyyətinə
davam etməyə qərar verib. 1943-cü ildə bu məqsədlə
baş qərargahın sədrinə müraciət edib.
Əskişəhər təyyarəçilik məktəbinə
göndərilib. İmtahanlardan uğurla keçərək
pilotluq sənədini alıb. 1945-1960-cı illər ərzində
Türkiyə Hava Yollarında işləyib. Eyni zamanda Azərbaycan
istiqlal mübarizəsinə qoşulub, 1949-cu ildə Ankarada təsis
edilən Azərbaycan Kültür Dərnəyinin qurucu
üzvlərindən olub.
"Mücahid", "Türk izi", "Kür
Şad", "Yeni bozqurd", "Davran",
"Qızıl alma" kimi jurnallarda məqalələr qələmə
alıb, 1960-1963-cü illərdə "Azadlıq"
radiostansiyasının Azərbaycan şöbəsi ilə əməkdaşlıq
edib
1967-ci ildə həyatı haqqında "501 nömrəli
hücrə" adlı bədii film çəkilib. Filmin
girişində Azərbaycan himni səsləndirilib,
üçrəngli bayrağımız göstərilib.
1974-cü ildə onun "Düşmən gəlir. Tarixdə
hürriyyətə uçan ilk adam" adlı
kitabçası işıq üzü görüb. Altunbay
mühacirətdə olan tanınmış azərbaycanlılarla
- Ceyhun bəy Hacıbəyli, Əkbər ağa
Şeyxülislamzadə, Əbdürrəhman Fətəlibəyli
ilə yaxın münasibətdə olub. 1961-ci ildə
Amerikaya gedib, səfər təəssüratlarını
"Amerikadan gəlirəm" adlı məqaləsində
geniş şəkildə qələmə alıb.
Altunbayın Azərbaycanda özü kimi pilot olan
Gülsüm Rüstəmova ilə evliliyindən Oqtay adlı
övladı dünyaya gəlib. Türkiyədə ikinci dəfə
ailə həyatı quran Altunbayın orada doğulan
övladının da adı Oqtaydır.
Məmməd Altunbay 27 dekabr 1987-ci ildə vəfat
edib, Ankarada Karşıyaka məzarlığında dəfn
olunub.
Altunbayın Türkiyədə doğulan oğlu ilə
bir neçə il əvvəl sosial media vasitəsilə əlaqə
yaratmış, ondan maraqlı bilgilər və materiallar
toplamışdım. Amma Azərbaycanda doğulan böyük
oğlu, yazıçı-dramaturq, şair Oqtay Altunbayla ilk dəfə
17 noyabr 2023-cü ildə Milli Aviasiya Akademiyasında
atasının xatirəsinə həsr olunmuş tədbirdə
tanış olmuşdum. Ötən həftələrdə isə
Oqtay bəylə geniş söhbət etmək imkanı əldə
etdik və o, bizə atasının mühacirətə getməsindən
sonra ailənin başına gələn faciələrdən,
uzun illərdən sonra atası ilə İstanbulda
görüşməsindən, 9 ay Türkiyədə yaşamasından,
Bakıya qayıtdıqdan sonra üzləşdiyi olaylardan bəhs
etdi. Oqtay bəyin danışdıqları Altunbay ailəsinin
həyat hekayətinin daha dəqiq şəkildə bilinməsinə
səbəb olacaqdır.
Dosye:
Oqtay bəy 1939-cu ildə Bakıda təyyarəçi
ailəsində doğulub. Atasının mühacirətə
getməsindən sonra ailəsi ilə birlikdə sürgün
olunub. Gənclik illərindən etibarən ədəbiyyata
böyük marağı olan Oqtay bəy müxtəlif pyeslər,
şeirlər, hekayələr qələmə alıb.
Onun müəllifi olduğu "Şeyx Nizami"
tamaşası Türkiyənin "Samanyolu", "TRT1"
və Azərbaycanın müxtəlif telekanallarında
yayımlanıb, "Kərbəlada doğan Günəş"
əsəri Azərbaycan Dövlət Gənclər
Teatrında, "Mehrişah" əsəri isə 1979-cu ildə
Azərbaycan Akademik Milli Dram Teatrında səhnələşdirilib.
"Bir alov ki, haqdan yanar" adlı əsəri
Naxçıvan Dövlət Musiqili Dram Teatrında
nümayiş etdirilib. "Şeyx Nizami" əsəri Gəncə
Dövlət Dram Teatrında da səhnəyə qoyulub.
Eyni zamanda publisistik fəaliyyətlə məşğul
olan Oqtay bəy uzun illər ərzində "Azərbaycan",
"Bakinski Raboçi", "Respublika" və digər mətbu
orqanlarda yüzlərlə məqalə ilə
çıxış edib.
O.Altunbayın bir neçə bədii və publisistik
kitabı nəşr olunub. Bunlara "Heykəllər fəryad
edir", "Gözümdə yüksələn dağ"
(şeirlər və poemalar, 1979), "Dəmirüz"
(Türkiyə, 1988), "Sahildə duran gəmi"
(Türkiyə, 1988), "Tomris" (roman və hekayələr
toplusu, "Gənclik", 1992) və "Tufanlarda keçən
ömür" ("Gənclik", 1994) kimi əsərlər
daxildir. Yazıçının son illərdə qələmə
aldığı "Zülmətdə doğan Günəş"
bədii-siyasi əsəri mərhum prezident Heydər
Əliyevin ikinci hakimiyyət dövrünü və bu
dövrdə Azərbaycanın müstəqillik yolunda
atdığı addımları əks etdirən
publisistik-tarixi nümunədir.
O, Cəlal Bərgüşadın "Qaçaq Nəbi"
əsərini də Türkiyə türkcəsinə çevirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
***
Oqtay bəydən əvvəlcə ailə şəcərəsini
soruşuruq. Bizə Gəncənin tanınmış kişilərindən
biri olan babası haqqında danışır:
"Mənim ata babam gəncəli Bala Seyid Məhəmmədbəyli
əsilzadə, Gəncənin sevimlisi, zəngin, şan-şərəf
sahibi idi, hörmət-izzətə malikdi. Ticarətlə məşğul
olan adamdı. Oğlu İbrahim Məhəmmədbəyli Gəncənin
göz bəbəyi idi. Cavanlığından çar
Rusiyasına qarşı mübarizə aparan dəstənin
başçısı idi. Oğlu Məmməd Məhəmmədbəylini
də - sonrakı adı Mehmet Altunbay - o ruhda
böyütmüşdü. Ana babam Tahir ağa Rüstəmzadə
1890-cı illərdə Həmədan şəhərindən
köçüb Bakının Əmircan kəndinə yerləşmişdi.
Babam Həmədanda var-dövlət sahibi idi və mənə
bəlli olmayan səbəblərdən İrandakı
mülkünü satıb Bakıya köç etmişdi.
Bakıda Hacı Zeynalabdin Tağıyevlə
görüşüb dostlaşmış və onun məsləhəti
ilə Ramanada və Naftalanda torpaq sahələri
almışdı. Aldığı torpaqlar neft ilə zəngindi
və qısa bir müddət ərzində babam var-dövlət
sahibi olmuşdu. Tahir ağa Zeynalabdin Tağıyevlə Mərdəkan
bağlarında can bir, qan bir qonşu idilər.
Bütün bu hadisələri mənə ana nənəm
Səlimə xanım Rüstəmova danışardı. Mən
o zaman 13-14 yaşlarında idim. Nənəmdən soruşanda
ki, "bəs babamın neft buruqlarının taleyi necə
oldu?" dünyagörmüş nənəm belə cavab
verdi: "Baban Tahir ağa dərrakəli, çox
ağıllı adam idi. "İşğal"
sözünü dilə gətirmirdi. Bolşeviklər Bakını alanda
baban özü hökumət böyükləri ilə
görüşüb buruqlarını hökumətə təhvil
verdi. Sənədlərlə bir yerdə. Ona görə
bolşevik hökuməti bizim mülklərimizə
toxunmadı".
Atam Mehmet Altunbay Ukraynanın Odessa şəhərində
Aviasiya Akademiyasını bitirdikdən sonra Bakı Binə
aeroportunda mülki, Zabrat aeroportunda hərbi hissədə fəaliyyətə
başlayır. 1929-1939-cu illərdə on il ərzində
yüzlərlə pilot yetişdirir. Dövlət tərəfindən
təqdirəlayiq mükafatlara layiq görülür.
Medallarla təltif olunur. Amma sən saydığını say,
gör, fələk nə sayır".
Oqtay bəy atasının Bakıdan necə getməsini
onun dilindən bizə danışır:
"Hərbi zavodlardan Zaqafqaziyaya göndərilən
qırıcı təyyarələri sınaqdan keçirməyi
mənə həvalə etmişdilər. 1938-ci ilin
ortalarında Zabrat aeroportunda bir-birinin ardınca iki dəhşətli
faciə baş verir. İki hərbi təyyarə göydə
alovlanır, yerə enəndə partlayış qopur. Pilotlar
həlak olurlar. Fəlakəti dərindən araşdırmadan
məsuliyyəti mənim üstümə yıxırlar, vəzifədən
uzaqlaşdırırlar. Sonralar bəlli oldu ki, günah zavod
mühəndislərində imiş. 1937-1938-ci illər idi.
Repressiyalar şiddətlənmişdi. Yüzlərcə
yetişdirdiyim pilotlara qiymət verilmədi. Bu
haqsızlığa dözmədim. Ölüm mələyi
qanadlarını başımın üzərinə gərmişdi.
Gec-tez məni də ölümə məhkum edəcəkdilər.
Mənim sizləri tərk etməyim, baş götürüb
yad ölkələrə getməyim də ölümdən
qaçış idi".
Bu yerdə Oqtay bəydən soruşuram:
"Atanız Vətəni tərk edəndən sonra nələrlə
üzləşdiniz?"
"Bir dövlətin təyyarəsini xarici ölkələrə
qaçırmaq Stalin rejimində amansız bir cinayətdi!
Dövlət cinayəti! Mən o zaman anamın
qucağında Bayıl həbsxanasında bir aylıq südəmər
körpə idim. Həbsxana həyatı iki il davam etdi. Yəni
istintaq iki il sürdü. Anamın da, atamın da istər
Bakıda, istər Gəncədə olsun, bütün qohum-əqrəbalarını,
hətta qoca analarını da, yəni nənələrimi həbs
edib istintaqa cəlb etdilər. İstintaq zamanı anamı - yəni
Mehmet Altunbayın həyat yoldaşı Gülsüm
xanımı olmazın əzablara məhkum etdilər.
Anamın əllərini dəmir xətkeşlərlə
döyə-döyə istintaq aparırdılar. Anam həbsxanada
ömrünün ən acı günlərini yaşadı.
İstintaq bitdikdən sonra məni anamın qucağında
Sibirə, İrkutsk şəhərinə sürgün etdilər.
Sürgündə məni anamın qucağından qoparıb
körpələr evinə, anamı həbsxana düşərgəsinə
təslim etdilər. Bu zülm, işgəncə 7 il davam etdi.
Körpəlik həyatım anasız, atasız, doğmalara həsrət
içində keçdi, bir qətrə sevgiyə, bir damla nəvazişə
möhtac ac-yalavac şəkildə 7 yaşıma qədəm
qoydum".
Bir şeir oxuyur:
Nə zülmlər gördüm, nə müsibətlər,
Dərdlər zindanında keçdisə
ömrüm,
Həyatın ən böyük acılarını,
Ən böyük zülmünü vətəndə
gördüm...
Söhbətinə davam edir:
"Nənələrimə gəlincə... Ata nənəm
Seyid Bəyimi, yəni Mehmet Altunbayın anasını və
ana nənəmi - Səlimə xanımı Qazaxıstanın
Semipalatinsk şəhərinə qoyun-quzu otarmağa məhkum
etdilər. Altmış yaşlı qoca qadınların
günahları nə idi, bəlli olmadı. Stalinlər, Mircəfər
Bağırovlar Mehmet Altunbaydan belə intiqam alırdılar.
Bəs yeni doğulan körpənin, mənim günahım nə
idi? Bütün ömür boyu bu suala cavab tapa bilmədim".
Mehmet Altunbayın həyat yoldaşı Gülsüm
xanım da pilot olub. O dövrdə bir qadının bu sahəni
seçməsi necə mümkün idi? Oqtay bəy
"Kommunist" qəzetində anasının dərc
edilmiş şəklini göstərərək deyir:
"Mən də bu sualı zarafatla rəhmətlik
anamdan soruşmuşdum: Yer üzünə
sığmırdın? Göylərdə nə işin
vardı? Anamın cavabı bu oldu ki, o zamanlar gənc
qızların pilot olmaları haqqında güclü təbliğat
aparırdılar. Mən qəzetlərdə elanları oxuyurdum.
Birdən-birə məndə həvəs oyandı.
Qardaşım Rüstəmlə danışdım, o məndən
beş yaş böyükdü. "Təyyarəçi
olmaq istəyirəm" dedim. O da mənə etiraz etmədi,
icazə verdi. Yadımdadır ki, o gecə səhərəcən
göylərdə uçmaq xəyalı ilə
yaşadım. Səhər pilot məktəbinə gedib
adımı yazdırdım".
Müsahibə boyunca Oqtay bəyə ünvanlamaq istədiyim
əsas sualın həyəcanı içində idim. Nəhayət,
o məqamın gəldiyini hiss edirəm. Mövzunu uzatmadan
açıq şəkildə soruşuram: "Atanızla ilk
dəfə necə görüşdünüz?" O anı
təsvir etməyin mümkünsüzlüyünü deyən
Oqtay bəy, nəhayət, gücünü toplayıb
görüş anını mənə danışır.
Amma bu detalları yazmamağımı istəyir, eyni zamanda
görüşün necə baş tutmasını geniş
şəkildə izah edir:
"1967-ci ilin ilk baharı idi. Türkiyə
Cümhuriyyəti dövlətinin Baş naziri Süleyman Dəmirəlin
SSRİ hökumətinin dəvəti ilə Moskvaya rəsmi
dövlət səfəri gerçəkləşməli idi.
Amma Süleyman Dəmirəl tələb edirdi ki, Moskvaya səfər
Bakı üzərindən həyata keçsin. Yəni
Türkiyənin Baş naziri Bakıya gəlsin. Süleyman Dəmirəlin
Bakı səfəri Azərbaycanda böyük bir bayram əhval-ruhiyyəsi
yaratdı. Bu ab-hava Moskvadakı danışıqlara, sonralar
da Moskva ilə Ankara arasındakı siyasi münasibətlərə
də müsbət sirayət etdi. O zaman siyasi dairələrdə
bəlli olmadı ki, Moskvamı Heydər Əliyevin avtoritetindən
istifadə etmişdi, yoxsa ulu öndər iki böyük
dövlətin dostluğundan Vətəni Azərbaycan
üçün faydalar qazandırmağa
çalışırdı?! Bu, o zaman bir sirr olaraq
açılmadı. Çünki Heydər Əliyev illər
boyu ürəyinin dərin guşələrində müqəddəs
bir sirr kimi qoruduğu arzunu, yəni böyük türk
sevgisini ruslara büruzə verə bilməzdi. Keçək, əsas
mətləbə. Süleyman Dəmirəli müşayiət
edən heyətin tərkibində məşhur bir türk
jurnalisti vardı. Jurnalist Dəmirəldən xahiş edir ki,
onu Oqtay Altunbay ismində qəzetə yazarı ilə
görüşdürsünlər. Süleyman Dəmirəl
jurnalistin ricasını qəbul edir və Azərbaycan
Kommunist Partiyasının birinci katibi Vəli Axundovdan xahiş
edir ki, qəzetə yazarı Oqtay Altunbayla türk jurnalisti
görüşdürsünlər. Mən doğulduğum
gündən bəri atamın dostu olan bu türk qonağın
vasitəsi və Türkiyə hökumətinin Baş naziri
Süleyman Dəmirəlin alicənablığı ilə ilk
dəfə ata səsini eşitdim... O zaman telefonda
hıçqırsam da, dünyalar mənim oldu... Amma bu hadisələrdən
sonra mənim Azərbaycan Dövlət Təhlükəsizlik
orqanları ilə "mübarizəm" başlandı. Bu
"mübarizə" mənim Türkiyədə - İstanbulda yaşayan atamla
görüşmək tələbimdən və təhlükəsizlik
orqanlarının mənə rədd cavabları üzündən
baş verdi. Azərbaycan çekistləri "sən ata
üzü görməyəcəksən" deyə mənə
meydan oxuyurdular. Bu "mübarizə" iki il davam etdi.
1969-cu il idi. Nəhayət, mən "on iki imama yalvarınca,
bir peyğəmbərə üz tutum", deyə Dövlət
Təhlükəsizlik Komitəsinin sədri Heydər
Əliyevə teleqram vurdum. Vətəndə dövlət məmurlarından
çəkdiyim zülmləri teleqramda qeyd etdim və "cənab
general, nə üçün dövlətə və Vətənə
sədaqət yalnız KQB binasında fəaliyyət göstərənlərlə
ölçülür?" deyə teleqramı bitirdim.
İki gündən sonra evimizə DTK-dan məktub gəldi. Mən
ulu öndər Heydər Əliyevlə görüşməli
idim. Mənə 5 dəqiqəlik reqlament müəyyən
etmişdilər. 5 dəqiqəlik reqlament 45 dəqiqə
sürdü. Bir çox sorğu-sualdan sonra Heydər
Əliyev ayağa qalxanda dedi: "Sən atanla
görüşəcəksən bir gün. Ümidvaram ki,
atanızı görmək xoşbəxtliyi körpəlik və
gənclik illərinizin iztirab dolu həyatınızı sizə
unutduracaq. Amma sən atanla nə zaman görüşəcəksən,
mən belə müəyyən edə bilmərəm".
Amma bu görüşdən sonra ulu öndər otuz il Azərbaycanın
rəhbəri olacaqdı. Ulu öndərin dediyi kimi, atamla
görüşüm səkkiz ildən sonra - 1976-cı il mart
ayının 22-də İstanbulun hava limanında gerçəkləşəcəkdi.
Amma o zaman ulu öndərlə görüşəndə məni
acı bir hıçqırıq boğurdu. Bu
hıçqırıq illər boyu içimdə gəzdirdiyim
ağrılar idi, həsrət iztirabları idi. Mən ulu
öndəri bağrıma basmaq, başımı onun sinəsinə
qoyub hönkür-hönkür ağlamaq, qəlbimə axan
göz yaşları ilə ürəyimdəki dərd və
atama olan həsrət ocaqlarını söndürmək istəyirdim.
Mən Dövlət Təhlükəsizlik Komitəsindən
çıxanda axşam düşmüşdü. Bir az
getdikdən sonra geri dönüb binaya xeyli baxdım.
Ömrümdə ilk dəfə olaraq bu binadan ehtiram və minnət
dolu duyğularla ayrıldım. Çünki bu həmin Heydər
Əlirza oğlu Əliyev idi ki, sonralar 70 ildə Rusiyanın əzəməti
və ehtişamı üçün dərisi soyulan Azərbaycan
1990-cı ilin 19-dan 20-nə keçən Yanvar gecəsində
sovet ordusu tərəfindən qana boyandığı zaman Moskvada
Kremlin qarşısında bütün zamanların ən qəddar,
ən qanlı və ən yırtıcı imperiyasına
meydan oxuyacaqdı. Bütün dünya dövlətləri
qarşısında bu imperiyanı rüsvayi-cahan edəcəkdi.
Və öz əli ilə öz başına
ölümsüz şərəf taclarından birini
qoyacaqdı. Çünki Heydər Əliyev 1969-1982-ci illərdə
Azərbaycana, sonralar sovet dövlətinə SSRİ-nin
Baş nazirinin birinci müavini olaraq rəhbərlik etdiyi illərdə
bilirdi ki, bir azdan, beş ilə, on ilə dünyanı
sarsıdan ictimai fırtınalar qopacaq. Xalqların dövlətlərin,
bəşəriyyətin taleyi dəyişəcək.
Dünyamız ona doğru gedir. Yəni bəşəriyyət
hər yüz ildən bir, əsri başa vurmamış
qorxunc təlatümlər qopararaq dərkedilməz
ölüm və fəlakət tufanları ilə öz
qanlı-qadalı tarixini yenidən yaradır. İnsanlıq
yüz ildən bir böyük, möhtəşəm, amma
saxta tanrıcıqlar yaradaraq onlara səcdə edir. Sonra da
onları Allah kimi yüksəklərə ucaldanları tarixin
qaranlıqlarına gömərək əbədiyyətə
doğru yolunu davam edir. Bəşəriyyətin son yüz ildə,
yəni XX əsrdə yaratdığı
"tanrıcıq"lara baxın: Lenin, Stalin, Hitler...
İllərcə yüksəklərdə parlayan bu
"tanrıcıq"lar, vücudlarından qan buğlanan bu
yaratıqlar nə oldu? Onlar insanlığı qan dənizlərində
boğdular. Sonra da yüz milyonların qanı bahasına bəşəriyyətə
miskin bir həyat bəxş etdilər. Millətlərin baş bəlası Mixail
Qorbaçov hakimiyyətə gələndə ulu öndəri
ermənilərin təhrikiylə yüksək hakimiyyət
zirvələrindən endirsələr də, şərəf
və yüksək ləyaqət zirvələrindən endirə
bilmədilər. Nə üçün? Çünki ulu
öndər həyatda mühüm və ən dəyərli
bir şeyi əxz etmişdi. Vicdan və şərəf dahilərin
tacıdır. Vicdan və şərəf ləkələnsə,
göylərin bütün ulduzlarını yaxana taxsalar da,
özünü parlada bilməyəcəksən. Hakimiyyət
ehtirasları vicdanları tari-mar etdiyi bir zamanda şöhrət
və hakimiyyətin gözqamaşdıran parıltısı
onu şərəf və ləyaqət zirvəsindən endirə
bilmədi. Bu misilsiz keyfiyyət oğlu cənab İlham
Əliyevə də keçdi".
Oqtay bəy atasının yanına getdiyi ilk dövrdə
9 ay Türkiyədə qalır. Bu aylarda nə işlə məşğul
olduğunu, kimlərlə görüşdüyünü
soruşuram:
"1976-cı ilin martında - Türkiyəyə ayaq
basdığım onuncu gündə Başbakanlıqda
Türkiyənin Baş nazirinin müavini Alparslan
Türkeşlə görüşdük. O zaman Türkiyənin
Baş naziri Süleyman Dəmirəl idi. Türkeş
atamın dostu və Azərbaycan sevdalısı idi. Onun
möhtəşəm bir görkəmi vardı. Alicənablığı
ilə ruhoxşayıcı idi. Bir saatlıq görüş
Azərbaycan üzərində qurulmuşdu və
ruhoxşayıcı təbəssümlə ayağa qalxanda
Türkeş atama üz tutaraq "Mehmet bəy, bu dəliqanlıyı
sevdim, yenidən sovetlərə dönməməlidir.
Yazıq olar. Həmən Türkiyə vətəndaşlığına
qəbul edəlim. Üç odalı lojman və
Başbakanlıqda vəzifə ayarlayalım", - dedi. Mən
də: "Türkeş bəy, hələ bir qərara gələlim",
- dedim. Alparslan Türkeş məni bağrına basdı,
ayrıldıq. Türkiyədə ikinci görüş
"Tərcüman" qəzetinin baş yazarı Əhməd
bəy Kabaklının evində oldu. Bu görüş
dostluğa çevrildi. Baş redaktoru olduğu "Türk ədəbiyyatı"
jurnalında Əhməd bəy hekayə və şeirlərimi
nəşr etdirdi. Onu da qeyd edim ki, "Tomris"
tamaşasının hekayə variantı ilk dəfə
Əhməd Kabaklının "Türk ədəbiyyatı"
dərgisində və Ankarada Azərbaycan Kültür Dərnəyinin
nəşri olan "Azərbaycan" jurnalında çap
olunub. Tez-tez görüşdüyüm Türkiyə
Kültür Bakanlığının müşaviri Yavuz
Bülənd Bakilər məşhur şair və
yazıçı idi. Ankara Dövlət Teatrının
baş rejissoru İsmət Hürmüzlü mənim Ankara
radiosunda "Mehrişah" və "Tomris xan" radio pyeslərimin
rejissoru olmuşdur. Amma əsasən atamın
"Qafqazfilm" şirkətini idarə edirdim. Şirkət
həm Ankarada, həm İstanbulda fəaliyyət göstərirdi.
Eləcə də Türkiyənin bir çox şəhərlərində
"Qafqazfilm"in filmləri yayımlanırdı. Türkiyə
ali məktəblərində, universitetlərdə tələbələrlə,
professor heyəti ilə görüşürdüm.
İstanbulun, Ankaranın ali məktəblərinin tələbələri
elə zənn edirdilər ki, SSRİ dövləti bir cənnətdir.
Tələbələrin əksəriyyəti kommunist idi.
Leninin, Stalinin, Marksın, Engelsin əsərləri,
kitabları marketlərdə, küçələrdə
satılırdı. İstanbulda, Ankarada kommunist tələbələrlə
millətçi tələbələr arasında tez-tez
qırğınlar, çaxnaşmalar baş verirdi. Mən
kommunizm sevdalısı xocalara, tələbələrə
dönə-dönə başa salırdım ki, siz vətəninizi,
Türkiyəni uçuruma sürükləyirsiniz. Mən
onlara öncə siz Sovet İttifaqına gəlin, həyatı
görün, öyrənin, sonra qərar verin. Kommunist xocalar və
onların tələbələri "xeyr, əfəndim, biz
sovetlərə getməyəcəyik, biz kommunizmi Türkiyəyə
gətirəcəyik" deyirdilər. Nəhayət,
Türkiyə ordusunun qərargah rəisi Kənan Evren 1982-ci
ilin sentyabrında dövlət çevrilişi ilə
Türkiyəni kommunizm bəlasından xilas etdi".
Mehmet Altunbay Türkiyədə bir sıra Azərbaycan
və Orta Asiya filmlərinin Türkiyədə
yayımlanmasına səbəb olub. Bütün bu işləri
isə oğlu Oqtay bəy təşkil edibmiş:
"Atamın "Qafqazfilm" şirkətinin
işçiləri şirkəti iflasa doğru sürükləyirdilər.
Ankara və İstanbulda kinoteatrların sahibləri ilə
görüşdüm. Ultimatum verdim ki, bundan belə mənimlə
münasibət quracaqsınız. İstanbulda SSRİ-nin
"Soveteksportfilm"in nümayəndəliyi ilə əlaqə
yaratdım. Dostlaşdıq. Hədiyyələrlə
könlünü aldım. Bir ay ərzində
"Qafqazfilm" ilə "Soveteksportfilm" arasında on
bir filmin Moskvadan İstanbula ixrac olunması barədə
müqavilə imzalandı. Amma Türkiyə ilə Sovetlər
arasındakı gərginlik işlərimizə mane olurdu.
Moskvada "Soveteksportfilm"in rəhbərliyinin şərti
bu idi ki, "Mosfilm"in filmləri də Türkiyədə
nümayiş etdiriləcəyi təqdirdə, tərəflər
arasında müqavilə qüvvəyə minəcək.
Türkiyə tərəfinin də şərti bu idi ki, Sovetlərdən
yalnız türkdilli xalqların istehsal etdikləri filmlər
Türkiyəyə ixrac oluna bilər. Bu, çox mürəkkəb
bir proses idi, həm də aylarla vaxt aparan idi. Moskvaya uçmaq
məcburiyyətində qaldım. "Soveteksportfilm"in
baş direktoru ilə görüşdüm.
Razılığa gəldik. Daşkənd, Aşqabad, Alma-Ata,
Bişkekə - o zamanlar Frunze adlanırdı - uçdum. Bu
respublikaların kinostudiyaları və bu ölkələrin
dövlət kinematoqrafiyalarının komitələrinin rəhbərləri
ilə üz-üzə gəldim. Bu ölkələrin
hamısı Türkiyə ilə mədəni əlaqələr
qurmaq istəyirdi. Mən bu qardaşlar üçün
göydən düşmüş qızıl alma idim. Nəhayət,
Azərbaycandan "Dədə Qorqud", "Nəsimi",
"Babək" filmlərini, Daşkənddən
"Özbəkfilm"in "Uluğ bəy" filmi,
qırğızların "Ağ liman" filmi və s.
filmlər İstanbula çatdı. Mən yüz əlli ədəd
kino lentlərin qutusunu Moskvanın "Vnukova" aeroportundan
İstanbula nəql etdirdim. Filmlər türkcəyə dublyaj
olundu, "Qafqazfilm" şirkəti tərəfindən
atamla Türkiyə Kültür və Turizm
Bakanlığına təhvil verdik, 220 milyon türk lirəsi
qarşılığında. O zamanlar bu məbləğ 220
min dollara bərabərdi. Ankaradakı Sovet səfirliyində məni
qınayırdılar ki, sən atanı milyonçu
etdin".
Şübhəsiz ki, Sovet dövründə
mühacir atanın yanında 9 ay qalmaq DTK məmurlarının
xoşuna gəlməzdi. Mülayimləşmə
dövrü olsa da, xaricə, xüsusən, Türkiyəyə
gedənlər nəzarətdə saxlanılırdılar. Bəs,
9 aydan sonra qayıdan Oqtay bəyin başına nələr gəldi?
"Mən Vətənə qayıtdıqdan sonra
öncə başımı sığalladılar. Xalq
şairimiz Nəbi Xəzri "Xarici Ölkələrlə Mədəni
Əlaqələr" cəmiyyətinin sədri vəzifəsində
çalışırdı. Evimizə zəng edib iş
yerində görüşmək arzusunda olduğunu bildirdi.
Görüşdük. Xoş-beş, on beş, nəhayət,
mətləb üstünə gəldi. "Oqtay
qardaşım, dedi, - səninlə illər boyu dost-aşna
olmasaq da, bir-birimizə hörmətimiz var. Sənə məsləhət
görürəm ki, yazıçılığın,
şairliyin öz yerində, Türkiyə səfərindən
silsilə məqalələr yazıb "Kommunist" qəzetində
çap elətdirəsən. Artıq qəzetin redaktoru ilə
danışılıb". Bu sifarişin kimdən və
haradan olduğunu dərk etdim. Bu, Dövlət Təhlükəsizlik
Komitəsinin sifarişi idi. "Nəbi müəllim, məni
siyasətə qarışdırma, mən siyasət adamı
deyiləm", dedim. Nəbi Xəzri "Bu, bir az da sənin
gələcəyinlə bağlıdır, yaxşı
düşün, hələ çox gəncsən", dedi.
"Mən Türkiyədə sevgi və hörmətdən
başqa bir şey görmədim, Nəbi müəllim, bu
sifariş nə mahiyyətdə olacaq?" Nəbi Xəzri
"sənin publisist qələmin Türkiyəni göylərə
qaldıracaq mahiyyətdə olmaz hər halda", dedi. "Fikirləşərəm",
dedim və ayrıldıq.
Bir həftədən sonra Nəbi Xəzri bir daha zəng
etdi, nə qərara gəldiyimi soruşdu. Mən də "Nəbi
müəllim, mən heç vaxt Türkiyə əleyhində
yazmadım və bundan belə də yazmayacağam", dedim.
Bu telefon zəngindən sonra mən bir daha ömür boyu Nəbi
Xəzrinin üzünü görmədim.
Bu zəngdən sonra mənim əleyhimə kampaniya
başlandı. Gah DTK tərəfindən, gah da Daxili
İşlər Nazirliyinin mənə bəlli olmayan
şöbəsindən dəvət edirdilər. Məni
Türkiyədə üç ay qalmaq əvəzinə, bir
il qalmağımla günahlandırırdılar. Hədə-qorxu
gəlirdilər, izahat tələb edirdilər. Mən də
Türkiyədə bu qədər qalmağım barədə
yazdığımdan əlavə heç bir şey
yazmayacağımı deyirdim. Hətta DTK sədrinin
müavini Bahadur Hüseynov
çığır-bağırla "Mı s toboy ehe
razberemsə" ("Səninlə sonra
danışacağıq"), deyə mənə hədə-qorxu
gəlirdi.
Məni heç yerdə işə
götürmürdülər. Səkkiz ay işsiz qaldım.
Vətənə qayıtmağıma peşman oldum. Nəhayət,
Azərbaycan SSR-nin Ali Sovetinə teleqramla müraciət etdim:
"Əgər vətənimdə əmək hüququmdan məhrum
olmuşamsa, Azərbaycan dövləti vətəndaşlığından
imtina edirəm. Teleqram yazdım ki, Moskvaya gedib SSRİ Ali
Sovetindən tələb edəcəyəm ki, mən Azərbaycanda
əmək hüququmdan məhrum olmuşamsa, Avropa ölkələrinin
birində yaşamaq istəyirəm.
Bu teleqramdan sonra ortalıq qarışdı. Məni
DTK-ya dəvət etdilər. DTK-nın rəhbəri Vitali
Krasilnikov məni qəbul etdi. Vəziyyətimi izah etdikdən
sonra, "yoldaş general" dedim, "mənim Türkiyədə
on ay müddətində qalmağım dövlətimə bir
zərər vurdumu? Dövlət məndən
narazıdırmı?" General cavab verdi ki, "qətiyyən!
Bizdə olan məlumata görə siz Türkiyədə
özünüzü layiqincə idarə etmisiniz. Amma sizin Azərbaycan
SSR Ali Sovetinə vurduğunuz teleqram nədir?"
"Cənab general, səkkiz aydır, daşqəlbli
məmurların əlində əsir-yesir qalmışam",
dedim.
Krasilnikov telefona əl atdı və dedi: "Oqtay
Altunbay mənim yanımdadır. 24 saat ərzində
kinostudiyadakı vəzifəsinə təyin edilsin". Sonda
üzünü mənə tutdu: "Siz Türkiyədən
gələn kimi niyə bizə müraciət etmədiniz?"
Mən heyrət içində generala baxırdım:
"Yoldaş general, heç ağlıma gəlməzdi ki, mənim
millətimdən olanlar mənim başıma bu oyunları
açacaq".
General gülərüzlə mənimlə
vidalaşdı".
Ötənlərdə Oqtay bəy mənə
"Tarixə nur saçan ömürlər" adlı bir
kitabını hədiyyə etmişdi. Orada "Şah və
sultan və ya Çaldıran fəlakəti" adlı
maraqlı bir pyesi də vardı. Bu əsər Avropa dövlətlərinin
türk birliyini pozmaq üçün hansı oyunları
oynadıqları ilə bağlı idi. Bu əsər bu
gün Türkiyə və Azərbaycanın liderliyində
aparılan Türk Dövlətləri Təşkilatı
üçün də keçmişin səhvlərindən nəticə
çıxarmaq baxımından əhəmiyyətlidir. Oqtay
bəy Türkiyəyə olduqca heyrandır. 1976-cı ildən
sonra da bu ölkəyə dəfələrlə səfər
edib, ölüm anında atasının yanında olub.
Müstəqillik illərindən bu yana da mütəmadi
qardaş ölkədə səfərdə olur. Ona görə
də 2025-ci ilin Türkiyəsi ilə 1976-cı ilin Türkiyəsini
müqayisə etməsini istəyirəm:
"Sovet dövrü zamanındakı Türkiyə
ilə XXI əsrin birinci rübünün Türkiyəsi ilə
müqayisədə heç bir ölçüyəsığmaz
qədər fərq var. Mən 1991-ci ilə qədər, yəni
SSRİ-nin süqutuna qədər Türkiyədə dəfələrlə
(1976, 1985, 1987, 1989, 1991-ci illər) olmuşam və hər
gedişimdə aylarla İstanbulda qalmışam.
Bugünkü Türkiyə bütün parametrləri ilə
1976-cı ildəkindən də, Osmanlı dövründəkindən
də daha qüdrətli və ehtişamlıdır. Terrorsuz
Türkiyə haqqın zülm üzərində, xeyirin şər
üzərindəki qalibiyyətidir".
Sonda Oqtay bəydən atası ilə fotoşəkli
olub-olmamasını soruşdum. Fotoşəkil çəkdiribmiş,
amma özündə yox idi. Türkiyədəki
qardaşı ilə danışıb həmin fotoşəkli
əldə etdik...
Dilqəm ƏHMƏD
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.4-6.