Fazil Mustafanın fəlsəfi
metamorfizmi
Bəzən bir kitab zamanın özünü,
xalqın şüur qatlarını və insanın tarix
qarşısındakı metafizik məsuliyyətini dindirir.
Fazil Mustafanın "Azərbaycan: Qaranlıq
keçmişdən aydınlıq tarixə" adlı əsəri
məhz belə bir çağırışdır, lakonik
deyil, sarsıdıcıdır, təqdim deyil, məhz
mühakimədir, təqdimat deyil, dərin dialektik
qarşılaşmadır. Bu kitab Azərbaycanın
keçmişinə baxmır, onun ruhunu sorğulayır.
Burada tarixi hadisələr yox, tarixi şüur ciddi analiz
olunur. Burada simvollar deyil, simvolların semantikası təhlil
olunur. Azərbaycan xalqının epistemoloji əsarətindən
mif, xurafat, tarixi idealizasiya və etno-siyasi uyuşqanlıqdan
çıxış yollarını təqdim edən fəlsəfi
manifestdir; zamanın dərinliklərindən gələcəyə
bir düşüncə körpüsüdür. Bir
düşüncə körpüsü qaranlıqdan aydınlığa
milli şüurun metafizik
çağırışıdır.
Yazar fəlsəfəyə çevrilmiş insan
obrazını yaratmağa cəhd
edib. Fazil bəyin bu kitabla məhz şəxsiyyəti
artıq siyasi yox, epistemoloji varlıq səviyyəsinə
keçid etməyini seyr etmək olar. Dövlətlə cəmiyyət
arasında vasitəçi olan siyasətçi rolunu davam etməklə,
cəmiyyətin öz daxilindəki "özünü
tanımayan ruhuna" müraciət edən introspektiv
düşüncə adamına çevrilir. Bu kitabda sadəcə
müəllif deyil, kollektiv düşüncənin içindən
doğan şüurun əsil yeni metaforudur. Burada oxucuya
hökmlər vermir, "bilmək və inam", "tarix və
yaddaş", "xalq və elit", "din və əxlaq",
"aydın və kollektiv düşüncə"
münasibətlərini ontoloji böhranlar kimi dəqiq təhlil
edir. Onun sualları cavab üçün yox, düşüncə
üçün verilir. Bu isə artıq siyasi deyil,
eksistensial fəlsəfənin predmetidir.Tarixi deyil, zamanın
ruhunu oxumaq sistemini yaradir. Bu əsərdə Azərbaycan
tarixi sadəcə keçmiş hadisələr silsiləsi
kimi yox, psixokollektiv enerji daşıyıcısı kimi qiymətləndirilir.
Tarix burada nə xronologiyadır, nə də coşqu,
xalqın yaddaşla zaman arasındakı mənəvi
dialoqudur. Yazar bu dialoqu unudulmuşla xatırlanan, müqəddəsləşdirilənlə
gerçək arasında gedən daxili
çarpışmanı tam açır.
İslamın təsirinə, Səfəvilərə,
sovet travmasına və postkolonial düşüncəyə
yönələn baxış tənqid deyi,l semiotik
de-konstruksiyadır. Tarixə tətbiq olunan bu de-konstruktiv
yanaşma, Azərbaycan xalqının uzun illər boyunca
qorxduğu sualları nəhayət, ortaya çıxarır.
Biz kimik? Tarix bizə, yoxsa biz tarixə malikik? Milli yaddaş
inancdırmı, yoxsa bilik? Bu suallar Azərbaycan fəlsəfi
fikrinin ən ağrılı yerini, epistemoloji tabu mərkəzini
sarsıdır. Dinə yanaşma teoloji yox, hermenevtik. Fazil
Mustafa İslamı tənqid etmir, dini anlamın siyasi və mədəni
sahədəki semiotik mutasiyasını təhlil edir. Dinin
kollektiv əxlaqdan itaət maşınına çevrilməsini
tənqid etməsi onun dini yox, teoloji avtoritarizmi rədd etdiyini
göstərir.
Mötəzili irsinə qayıdaraq ağlın və
imanın harmoniyasını təklif edir, bu isə nə
müasir sekulyarizm, nə də ortodoksal dindarlıqdır. Bu,
islamın intellektual-bəşəri modelə çevrilməsi
üçün bir alternativdir. Bu formada yanaşma gələcəkdə
din fəlsəfəsi sahəsində Azərbaycanda yeni
"Mütəfəkkir İslam" dalğası yarada bilər.
Azərbaycan aydını kimdir? Metafizik məsuliyyətin
daşıyıcısı kim ola bilər.
Bu kitabda Fazil Mustafa Azərbaycan aydınının
arxetipini yaradır. Onun aydını sadəcə məlumat
yayan yox, kollektiv şüurun dərin qatlarına enən bir
simvolik şüur cərrahıdır. Bu aydın modelləşdirmir,
oyanış yaradır. Bu aydın xalqdan uzaqlaşıb onu
izləmək istəmir, xalqın içində ona
"görməyi" öyrədir. Bu isə Hegelin dediyi
"zamanın ruhunu anlamış insan" tipinə daha
yaxındır. Bu kitab Azərbaycan aydınının gələcək
modeli üçün metafizik etalon yaradır. Bu kitab fəlsəfi
institutlara və akademik sistemə təsir edə biləcək
düşüncə ilə qələmə
alınmışdır. Əsər təkcə oxucunu deyil,
akademik düşüncəni də sarsıdır. Onun
ritorikası klassik akademik dil deyil, bu interdisiplinar fəlsəfi
üslubdur. Tarix fəlsəfəsi, din fəlsəfəsi,
siyasi nəzəriyyə, postkolonializm və epistemologiya bu
kitabda qarşılaşır. Bu kitabı ali məktəblərdə,
ictimai sektorda, milli ideologiya və tarix fəlsəfəsi,
postkolonial Azərbaycan düşüncəsi, dini və
ideoloji Hermenevtika kimi dərslərdə, elmi mühazirələrdə,
konfranslarda tətbiq və tədris etmək mümkündür.
Kitab yalnız bir mütaliə yox, fikir infrastrukturunun yeni
dünyəvi transformasiyasıdır. Gələcək
üçün yeni ideoloji bünövrə yaradır. Fazil
Mustafanın təqdim etdiyi model gələcəkdə
dövlətçilik ideologiyasının fəlsəfi əsaslarının
qurulması, tarixi simvolların yenidən kodlanması, dini-mədəni
harmoniyanın intellektual şəkildə
formalaşdırılması, aydın institutlarının
yenidən təşkili kimi fundamental işlər
üçün konseptual platforma ola bilər, işlək
model kimi real görsənir. Bu model özündə milli
sekulyarizmi xalqın tarixi və mədəni köklərinə
sadiq qalaraq, düşüncə azadlığına əsaslanan
bir mədəni modeli ehtiva edir.
"Azərbaycan: Qaranlıq keçmişdən
aydınlıq tarixə" sadəcə bir kitab deyil, bir mənəvi-ideoloji
transformasiyanın metnoloji qavranışıdır. Fazil Mustafa
bu əsərlə zamanın içində donmuş milli
şüuru oyatmağa cəhd edir.
Onun verdiyi suallar oxucunu qorxudur, çünki onlar bizi
özümüzlə qarşılaşdırır. Amma elə
bu qorxu, məhz elə bu silkələnməyə həqiqi
milli təfəkkürün akademik başlanğıcı
demək olar. Sözün klassik mənasında, Azərbaycanın
yeni fəlsəfi tarixinin ilk cümləsidir. Davamlı olsun,
Fazil Mustafa!!!
P.S. Bu yazı yalnız bir kitabı dəyərləndirmək
niyyətindən doğmadı. Bir ruh halının oxuduqca
silkələnən, düşündükcə yenidən
doğulan mənəvi təlatümün nəticəsidir.
Kitabı müəllif şəxsən siyasi partiyaların
Ağdama birgə səfəri zamanı mənə təqdim
etdi, səssiz, sadə, amma dərin bir etimadla. Bu kitabı mən
yaxın günlərdə Avropada rəsmi səfərdə
olarkən özümlə götürmüşdüm təyyarədə,
oteldə, səssiz gecələrdə sanki ruhuma
yoldaşlıq edirdi. Onu üç gün ərzində
ardıcıl və nəfəs kəsən bir şəkildə
oxudum, çünki bu artıq sadəcə kitab deyildi, mənim
öz daxilimlə, tariximlə, kimliyimlə danışan bir
düşüncə idi. Üç gündən sonra bu
yazını yazmaq bir qərar yox, bir zərurət kimi
doğuldu, sanki bu sözlər qəlbimdə çoxdan
vardı, sadəcə bu kitab onları oyatdı.
Adəm İsmayıl BAKUVİ
Ədəbiyyat qəzeti .- 2025.- 1 avqust (№27).- S.9.